Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib. Bankın ümumi depozitlərin həcmi 108 milyon 566 min manat təşkil edib.
Sığortalanmış əmanətlərin həcmi isə 38.5 milyon manat olduğuna görə geriyə qalan 70 milyon manat vəsaitin aqibəti hələ ki, bəlli deyil. Bu isə insanları narahat edən məqamdır.
Bəs görəsən, bu digər banklarda olan əmanətçilərin öz pullarını geri çəkməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan İqtisadçı ekspert Nazim Bəydəmirli bildirib ki, mövcud qaydalara əsasən, sığortalanmış əmanətlər tam olaraq kompensasiya olunaraq sahiblərinə geri qaytarılacaq:
“Əmanətlərin sığortalanması qaydası mövcuddur və sığorta olunmayan əmanətlərin qaytarılması Mərkəzi Bank tərəfindən həmin kommersiya bankına kənar idarəçi təyin olunur, onlar gələcəkdə həmin borcların qaytarılması ilə bağlı aktivləri (bu bankın daşınmaz əmlakı, yaxud digər aktivlər ola bilər) sataraq, yaxud kredit verərək ödənilməlidir. Bu məsələ belə tənzimlənir, əlavə tənzimlənmə metodu yoxdur. Bankın öhdəliyi var, vətəndaşlardan əmanətlər cəlb edir, bu əmanətlərin sığortalanmasını təmin etməli idi, ancaq bildiyiniz kimi qaydalarda müəyyən məbləğdən yuxarısı sığortalanmır. Faiz dəhlizi də elə qoyulub ki, bu, bəzən insanları şirnikləndirir”.
Ekspert vətəndaşları bundan sonra daha ehtiyatlı olmağa səsləyib:
“Bu vətəndaşlarımıza xəbərdarlıqdır ki, onlar böyük faizlər müqabilində vəsaitlərini banklara qoymasınlar. Azərbaycanda təəssüf ki, belə hadisələr tez-tez baş verir və hökumət nümayəndələri, Mərkəzi Bankın nümayəndələri camaatı sakitləşdirsə də, pozitiv mesajlar versə də, məlum olur ki, banklarda olan əmanətlərin heç 30 faizi sığortalanmayıb. Bu "Royalbank"da da, “NBC Bank”, “Ata Bank”, “Standart Bank”da da belə idi. Bütün banklarda vəziyyət məhz bu cür idi”.