- Mən heç bilmirdim...
- Nəyi?
- Onu necə yaraladığımı.
- Qanaxmadan öldü?
- Yəqin ki...
- Biz özümüzü necə idarə edə bilərik?
- Bu mümkünsüzdür...
- Ah.h.h.h!
- Hə, insanlar biri-birilərini öldürmək üçün nə desən edirlər.
- Bizi icad etdikləri kimi...
O, sağ əlinin barmaqları arasında tutduğu gülləyə qəzəblə baxıb, sonra sol əlinin barmaqları arasındakı gülləyə gözucu nəzər saldı. Bir az əvvəl eşitdiyiniz dialoqu səsləndirən o özü idi. İki gülləni biri-biri ilə danışdıran əsgərin, bir saat əvvəl döyüş yoldaşı ağır yaralanmışdı. O davam edərək sağ əlindəki güllədən soruşdu:
- Sən heç görmüsən ki, düşmən torpağının ilanı, ayısı, iti, pişiyi əlinə silah alıb, bizim torpaqdakı öz həmcinsləri ilə müharibə edə?
- ...
- Niyə susursan ay oğraş? Cavab ver! Yox, mən hələ dəli olmamışam...
***
Hərbi xidmətimi sovet ordusu sıralarında Ukraynada keçirmişəm. Əsgərlikdən sonra anamın razılığı ilə orada qalıb ali təhsil də aldım. Lyudmila adlı bir qızla evləndim və Ukraynada yaşamağa qərar verdim. Hər şey qaydasında idi. İşləyirdim, oğlumuz dünyaya gəlmişdi, bir sözlə, xoşbəxt idim.
Günlərin bir günü anamdan gələn məktub vəziyyəti dəyişdi. O yazırdı: “ Oğul, ermənilər burada yaman baş qaldırıblar. Hökümətimiz sovet əsgərləri ilə birlikdə camaatda olan silahları yığıblar, ov tüfənglərinə qədər alıblar əlimizdən, qalmışıq əliyalın. Elə bir axşam olmur ki, kəndi atəşə tutmasınlar. Evdə iki bacın var, qorxuram əsir düşərlər, el içinə çıxa bilmərik. Qayıt geriyə, oğul! Qayıt, vətənini, ailəni qoru!”
Məktubu Lyudmilaya oxudum vətəkidləgedəcəyimi bildirdim. Onun qoca anasından başqa heç kimi yox idi. Təbii ki, anasını qoyub heç yerə getməyəcəyini, dedi. Ana və vətən sevgisi uğrunda öz xoşbəxtliyimizi qurban verməli olduq.
Vətənə qayıtdım. Burada vəziyyət düşündüyümdən də gərgin idi. Min bir əzab-əziyyətlə özünümüdafiə dəstələri yaradıb kəndi qoruyurduq. Hava qaralan kimi ermənilər kəndi atəşə tuturdular. Cavab atəşi açanda isə sovet əsgərləri kəndi mühasirəyə alır, silahları yığmamış əl çəkmirdilər. Bütün bunlara baxmayaraq Milli Ordu yaradıldı və bütün könüllülər kimi biz də Müdafiə Nazirliyinin tərkibinə keçdik. Amma artıq ermənilər rus ordusunun köməyi ilə bizim kəndlərimizi boşaltdırmışdılar.Canımızı götürüb güclə kənddən çıxmışdıq. Bununla belə yenə döyüşərək bir neçə kəndi geri almışdıq. Döyüşlərin birində yaralandım. Üç aylıq0 müalicə kursundan sonra yenidən döyüş bölgəsinə qayıtdım.
***
- Göydə ulduzlar da bomba kimi partlayır. Külək güllə kimi saçlarımı sığallayıb, qaçır açıq qalmış qapıdan. Ağaclarda yarpaqlar da qalmayıb, bu yaz günündə. Yarpaqlar da ölüb Lyudmila! Mənim qışqırmaq istədiyim sözləri top mərmiləri qışqırır. Bir dəfə bir zabit dedi ki, bu müharibənin səmalarında Allah yoxdur! Olsaydı, o özü də ölərdi...Mən ölmək istəmirəm Lyudmila!Bilirsən nə istəyirəm? Gecə səmada partlayan mərmilərin əvəzinə fişəngləri görmək istəyirəm. Görüb uşaq kimi sevinərək səni qucaqlamaq istəyirəm. Bu açıq qalmış qapıdan saçlarımı sığallayan külək yox, əllərin çıxmalı idi, mətbəxə gedib mənə çay gətirməli idi əllərin. Bu yaz günündə ağaclardakı yarpaqlar ölməməli idi, sənin adını pıçıldamalı idi qulaqlarıma! Hardasan Lyudmila? İndi nə edirsən? Necəsən? Bax, mən beləyəm...
O yazdığı məktubu səliqə ilə qatlayıb, zərfə qoydu.
***
İşlər gözlədiyimiz kimi getmədi. Rayonlar bir-birinin ardınca işğal olundu və mən bir neçə zabitlə bərabər torpaqların itirilməsində günahkar elan edilərək həbs olundum. Nəticədə ömrümün bir neçə ilini türmədə keçirməli oldum. Doğrudur, sonra bizə bəraət verildi və azad olunduq. Lakin olan olmuşdu. Ömrümün ən gözəl illərini həbsxanada keçirdim. Bu illər ərzində Lyudmila ilə maraqlanmağa imkanım olmadı. Həbsdən çıxdıqdan sonra Ukraynada vaxtilə yaşadığım ünvana məktub yazdım, lakin cavab gəlmədi. Anamın təkidinə baxmayaraq bir daha ailə qurmadım.
Həyatımı yenidən qaydaya salmağa başlayırdım. Dostlarımın köməyi ilə qəzetlərin birində iş də tapmışdım. Nağıllarda deyildiyi kimi illər bir göz qırpımında keçmiş və saçımda silinməz izlərini salmışdı. Uzaq keçmişi demək olar ki, unutmuş və ya unutduğumu zənn etmişdim. Arabir yadıma düşən xatirələrdən başqa demək olar ki, heç nə xatırlaya bilmirdim.
Bir gün redaksiyada olarkən Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə xəbər eşitdim. Şimal qonşumuz bizə olduğu kimi bu ölkəyə də dolayı yolla müdaxilə etmişdi. Orada ağır döyüşlər gedirdi. Yadıma bir anlıq keçmiş vaxtlar, orada yaşadığım gözəl günlər düşdü. Vaxtilə Ukraynada yaşadığımı və oralara bələd olduğumu nəzərə alaraq məni ora ezamiyyətə göndərdilər. Bu mənimçün lap göydəndüşmə oldu. Düşünürdüm ki, həm Lyudmilanı tapar, həm də oradakı vəziyyəti lazımınca işıqlandıraram.
Artıq Kiyevdə idim. Əvvəlcə xəstəxanalara baş çəkdim. Xəstəxanalar yarılarla dolu idi. Onların arasında, əsgərlərlə yanaşı uşaqlar, qocalar, qadınlar da vardı. Sonra qaçqın düşərgələrinə getdim. Bura Krımdan, Donetskdən və Luqanskdan olan qaçqınlarla dolu idi. Onlar var dövlətlərini qoyub Rusiya üsul-idarəsini qəbul etməyib Kiyevə qaçmışdılar. Topladığım məlumatları redaksiyaya ötürdükdən sonra Lyudmilanı axtarmağa başladım. Bizi Ukrayna əsgərlərinin dəfn edildiyi qəbristanlığa ziyarətə apardılar. Ölənlərin əksəriyyəti gənclər idi. Valideynləri, əzizləri qəbirlərini ziyarətə gəlmişdilər. Şəkil-şəkil adamlar baş daşlarından baxırdılar. Kimisi sevdiyinə baxırdı, kimisi anasına, kimsi atasına. Ölülər də danışırmış Lyudmila! Şəkil-şəkil danışırmış... Bura Bakıdakı Şəhidlər Xiyabanına çox bənzəyir. Ölülərin milliyyəti olmurmuş Lyudmila...
O məzarlara baxa-baxa irəliləyib, beynində Lyudmilanı axtarmağa haradan başlamaq barədə düşünürdü. İndi də başqa bir məzarın qarşısında bir qadın ağlayırdı. O bir az yaxınlaşıb dayandı. Yenə içindən keçənləri dodaqları pıçıldamağa başladı:
- Yoxsa sən də şəkil olmusan Lyudmila? Ölü şəkli... Bəs oğlumuz necə, o hardadır? Necə oldu? Nə etdi?
Özü-özü ilə danışan adam, yəni mənim hekayəmin qəhrəmanı, bir az da o qadına tərəf yaxınlaşıb qəfil yerə yıxıldı. O anda mən heç özüm də bilmədim ona nə oldu...Sonradan mən onunla bu barədə də xəstəxanada danışdım. O deyirdi:
- Bilirsən? Həmin məzarın baş daşında ölən şəxsin ata adının mənim adım olduğunu gördüm. Sən sağ əlimdə tutduğum gülləni xatırlayırsan? Mən bu haqda sənə danışmışdım. Bax, həmin güllə elə o andaca mənim ürəyimi deşib, kürəyimin ortasından çıxdı. Mən huşumu itirdim. Əziz Lyudmila sən xatırlayırsan... Əziz Lyudmila indi mən oğul itirmiş bədbəxt bir atayam?
- Əbil, biz onu itirdik, amma sən sağsan...
Əbil, yəni mənim hekayəmin qəhrəmanı, Lyudmilanın kövrək əllərindən tutub, öz saçlarına apardı. Gözlərinin qırağından axan yaş, özünə yol tapıb, ağ yastığa düşdü...