"İndi ən təcili məsələ Ukraynanın qələbəsini təmin etməkdir" - Stoltenberq

"Ukraynanın gerçəkdən işlək olan yeganə təhlükəsizlik zəmanəti NATO-dur..."

Stoltenberq Ukraynanın NATO-da üzvlük məsələsinin müzakirə edilməsinin şərtini açıqlayıb, Kallas sürpriz vəd edib

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Alyansa daxil olması məsələsinin müzakirə edilməsinin başlanması üçün şərti açıqlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə o, Brüsseldə Estoniyanın baş naziri Kaya Kallasla birgə mətbuat konfransında bəyan edib.

"İndi ən təcili məsələ Ukraynanın suveren dövlət kimi qələbə qazanması üçün hər şeyi etməkdir. Əsas diqqət Ukraynanın qələbəsini təmin etməkdir. Və bu, Ukraynanın üzvlüyü barəsində istənilən əhəmiyyətli diskusiya üçün ilkin şərtdir", - baş katib deyib.

Avropadan Alyansın baş katibi postuna mümkün namizəd olan Kallas öz növbəsində blokun Vilnüsdə iyul ayında keçiriləcək sammitində Ukraynanın üzvlük məsələsində "sürpriz" vəd edib.

"Mən əminəm ki, Ukraynanın gerçəkdən işlək olan yeganə təhlükəsizlik zəmanəti NATO-dur. Lakin mən Vilnüs sammitindəki sürprizi korlamaq istəmirəm", - Kallas üzünü Stoltenberqə çevirərək bəyan edib.

Estoniya baş nazirinin sözlərini Stoltenberq təkzib etməyib, o, əmin olduğunu bildirib ki, qarşıdakı görüşdə liderlər bu məsələdə "vahid mövqe əldə edəcək". 

Onun sözlərinə görə, sammitdə Ukraynaya uzunmüddətli praktiki dəstək və NATO-nun onunla siyasi əlaqələrinin möhkəmləndirilməsi üzrə qərarlar qəbul ediləcək.

"Biz hamımız açıq qapı siyasətimiz barəsində razılığa gəlmişik, hamımız Ukraynanın bu alyansın üzvü olacağı ilə, həmçinin, Ukraynanın alyansa nə zaman qoşulmağa dəvət olunması qərarının yalnız NATO üzvləri və Ukraynanın həll edəcəkləri barədə razıyıq", - Stoltenberq vurğulayıb.

NATO-nun sammiti 11-12 iyulda Vilnüsdə keçiriləcək. Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin NATO-ya sürətləndirilmə qaydasında daxil olmaq barəsində 30 sentyabr 2022-ci ildə sorğu göndərib.

Ukrayna hakimiyyəri iddia edir ki, Vilnüsdə qarşıdakı sammitdə ölkənin alyansa daxil olmasına NATO üzvü olan 15 dövlət dəstək verməyə hazırdır.

İyunun ortasında "The New York Times" qəzeti ABŞ prezidenti Co Bayden administrasiyasındakı mənbələrə istinadən yazıb ki, ABŞ Ukraynaya "İsrail modeli" üzrə, yəni Şimali Atlantika alyansına üzv olmadan  uzunmüddətli dəstək variantını nəzərdən keçirir.

Share on Facebook