Son illər yeniyetmələr arasında aqressiyanın, anormal hərəkətlərin, məsuliyyətsiz, destruktiv davranışların artdığını və zərərli trendlərin yayıldığını müşahidə edirik.
Bu, yeniyetmələrdə davranış pozuntusu faktlarının çoxalması barədə şübhələr yaradıb.
Bəs görəsən, yeniyetmələrdə davranış pozuntusu ilə bağlı statistika nə yerdədir? Bu sindromun qarşısını almaq və fəsadlarını azaltmaq üçün nə etmək olar? Sayt yaratmaq
Sozcu.az xəbər verir ki, həkim-nevroloq Qalib Əsədov mövzu ilə bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, uşaqların tərbiyə prosesində edilən yanlışlar bu məsələdə buraxılan ən böyük boşluqdur:
"Günümüzdə uşaqlar heç bir əziyyət görmürlər. Ata-anaları onların hər istədiklərini yerinə yetirirlər. Hətta bu məsələ o həddə çatıb ki, uşaq gecəyarısı ayağını yerə döyüb nəsə istəsə, valideynləri dərhal gedib onun arzusunu yerinə yetirirlər. Nəticədə uşaqda belə bir fikir formalaşır ki, problemini həll etmək və istədiyinə nail olmaq üçün qışqırmaq, haray-həşir salmaq lazımdır. Məhz onların ərköyün böyüdülməsi, hər istədiklərinin yerinə yetirilməsi gələcəkdə ciddi problemlərə yol açır.
İkinci olaraq, məktəblərdə təlim-tərbiyə işlərinin düzgün təşkil olunmamasını qeyd edə bilərik. Bütün məktəblərdə psixoloq var. Bəs onlar vəzifələrini düzgün yerinə yetirirlərmi? Müxtəlif konfranslar, tədbirlər, tematik işlərin keçirilməsi, çətin tərbiyə olunan uşaqlarla, onların valideynləri ilə fərdi söhbətlər nə dərəcədə aparılır? Keçmişdə pionerlər, komsomol təşkilatları var idi. Uşaqlarla iş aparılırdı. Amma indi bu iş aparılmır və hər kəs öz eqosuna xidmət edir.
İndiki gənc nəsildə "Rembo"lar, "Rokki Balboa"lar, "Bryus Li"lər, "Polad Alemdar"lar və "Memati"lər yetişir. Onların idealları məhz bu personajlardır. Yeniyetmələr nəticə etibarilə problemi ancaq öldürməklə, döyməklə və müxtəlif aqressiv üsullarla həll edirlər. Doğrudur, keçmişdə də döyüş filmləri var idi. Amma o filmlərdə düşüncə, məntiq, intellekt ön plana keçirdi. Artıq yeniyetmələr özlərini kriminal aləmin avtoritetlərinə bənzədir və bununla fəxr edirlər".
Ekspert əlavə edib ki, bu gün idmanın döyüş növləri daha çox reklam olunur, nəinki elmlə bağlı olan intellektual verilişlər:
"Ölkəmizdə 700 bal yığan və ya Oksford, Kembric, Harvard kimi universitetlərdə təhsil alan tələbələr var. İdmançılardan fərqli olaraq, bu savadlı gənclər heç kimə məlum deyil. Amma mən deyərdim ki, həmin gənclər hansısa olimpiya çempionundan daha üstündürlər. Savadlı adam heç vaxt aqressiv ola bilməz.
Aqressiyanı yaradan səbəblərdən biri də dinin radikal qoludur. Hansı din olmasından asılı olmayaraq, radikalizm aqressiya ilə əks qardaşdır.
Psixi travmalar, çətinliklər insanı müdrikləşdirir. İnsan həyatda nə qədər çətinlik görsə, bir o qədər də müdrikləşir. Aqressiv gənclər, adətən, tam təmin olmuş ailələrdən çıxırlar. Uşaq evlərində böyüyənlər bir çox hallarda sakit olurlar və güzəştə getməyi bacarırlar".
Q.Əsədov problemin çıxış yolu ilə bağlı bu fikirləri səsləndirib:
"İlk növbədə insanlar maarifləndirilməlidirlər. Elm insanları təbliğ olunmalıdırlar. Azərbaycan telekanallarında ancaq ailə-məişət verilişləri göstərilir. Sosial verilişlər lazımdır, amma elmi unutmamaq şərti ilə. Gəncləri oxumağa, təhsilə həvəsləndirmək lazımdır. Valideynlər uşaqlara qarşı daha diqqətli davranmalıdırlar. Onlar heç bir halda uşağa nəzarəti itirməməlidirlər. Aqressiv fikirlər aşılayan verilişlərdən imtina olunmalıdır".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, davranış pozğunluğu ilə bağlı statistika gözləniləndən fərqli olaraq azalıb:
"Əvvəlcə bunu qeyd edək ki, açıqlanan statistika bütün ölkə üzrə tibb müəssisələrinin statistik rəqəmləri deyil. Yalnız TƏBİB tabeli tibb müəssisələrində yanvar-iyul ayları ərzində uşaq və yeniyetmə yaşında başlayan digər emosional pozuntular və davranış pozuntusu xəstəliyi ilə bağlı 2023-cü ildə 3 785, 2024-cü ildə isə 3 311 müraciət qeydə alınıb. Ümumilikdə 12.5% azalma müşahidə olunub".