Vaşinqton və Kiyev rəsmiləri ABŞ-ın Ukraynaya F-16 qırıcıları göndərməsini müzakirə edib

Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermakla ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı olub. Bu barədə Ukrayna Prezident Ofisindən bildirilib. Tərəflər F-16-ların Ukraynaya tədarükünü, həmçinin bu qırıcıları idarə edəcək pilotların təlimini müzakirə ediblər. A.Yermak həmsöhbətini döyüş meydanındakı son durum barədə də məlumatlandırıb. O, verdiyi dəstəyə görə Ağ Evə minnətdarlığını bildirib.

Almaniya Putinin Cənubi Afrikada həbsi edilməsini qanuni hesab etdi: “Beynəlxalq hüquqa əməl edilsin”

“Rusiya Prezidenti Vladimir Putinin avqustda BRİKS sammitində iştirak üçün gedəcəyi Cənubi Afrikada həbsi qanunidir”. Bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib. Berbok Cənubi Afrikada keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putinin mümkün həbsi ilə bağlı beynəlxalq hüquqa əməl edilməsinə çağırıb.  “Hazırda beynəlxalq hüquq aydın şəkildə bəyan edir ki, təcavüzkar müharibələrə görə cavabdehlik daşıyan hərbi cinayətkarlar nə vaxtsa məsuliyyətə cəlb olunacaqlar”, - deyə nazir Almaniyanın Vismar şəhərində Baltik Dənizi Dövlətləri Şurasının iclasından sonra çıxışında qeyd edib. Annalena Berbokun sözlərinə görə, BRİKS sammiti açıq şəkildə göstərir ki, amansız təcavüzkar müharibə və beynəlxalq nizamın pozulmasına görə məsuliyyət daşıyan hər bir təcavüzkar və hərbi cinayətkar bunun müəyyən nəticələrini görəcək. “Bu halda beynəlxalq konfranslarda iştirak etmək o qədər də asan olmazdı”, - deyə Almaniya xarici işlər naziri bildirib. O əlavə edib ki, Cənubi Afrika artıq Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olduğunu nümayiş etdirib. “Bu, Rusiyanın işğalçılıq müharibəsinin sırf Avropanın məsələsi olmadığını və bütün dünyanı təsir altına aldığını daha da aydın şəkildə göstərir”, - deyə Burbok vurğulayıb. /oxu.az/ Mənbə: “Zeit”

“Qarabağ”dan ilk transfer: Fransızı heyətinə qatdı

“Qarabağ” ilk yay transferini reallaşdırıb. Ağdam klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, fransalı futbolçu Hamidu Keyta ilə 2026-cı il iyunun 30-dək müqavilə imzalanıb. Keyta “atlılar”da 17 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, 28 yaşlı vinger son olaraq “Zirə”də oynayıb.

Dövlət xidməti əməkdaşlarının maaşları ilə bağlı qərar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları” yeni redaksiyada təsdiq olunub. Sozcu.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Rusiyanın itkiləri 210 minə yaxınlaşır

Ukrayna müharibənin 465-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 209 470 hərbçi, 3829 ədəd tank, 7502 ədəd zirehli döyüş maşını, 3533 ədəd artilleriya sistemi, 582 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 342 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6289 ədəd avtomobil texnikası, 3165 ədəd PUA, 1132 qanadlı raket, 18 gəmi/qayıq, 475 xüsusi avadanlıq itirib.

Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq öldü

Bakıda 85 yaşlı kişi eyvandan yıxılaraq ölüb. Sozcu.az xəbər verir ki, paytaxt sakini, 1938-ci il təvəllüdlü Kamil Cəbiyev ötən gün yaşadığı binanın 2-ci mərtəbəsində yerləşən mənzilinin eyvanından ehtiyatsızlıqdan yerə yıxılıb. Nəticədə aldığı xəsarətlərdən Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində ölüb. Hazırda fakt üzrə araşdırma aparılır.

Türkiyə ATAK-ları qaldırdı: terrorçular məhv edildi

Türkiyə təhlükəsizlik qüvvələri Diyarbəkirin Lice çölündə terrorçulara qarşı əməliyyat keçirib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu Tvitterdə yazıb. “Anka-S” PUA-sı və ATAK helikopterlərinin dəstəyi ilə keçirilən əməliyyat çərçivəsində 3 PKK terrorçusu məhv edilib. Məhv edilən terrorçulardan 1 M-16, 2 ədəd isə “Kalaşnikov” avtomatı götürülüb”, - nazir bildirib.

Ermənilər 4 rayonumuzu atəşə tutdu

İyunun 3-ü saat 00:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Bundan başqa, iyunun 2-si axşam saat 20:40-dan iyunun 3-ü saat 00:30-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı, Şuşa, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Pentaqondan Tayvan boğazı ilə bağlı açıqlama

Tayvan boğazında münaqişə baş versə, əsl fəlakət olar. ABŞ bölgədə sülhü qorumağa qərarlıdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib. “Səhv etməyin, Tayvan boğazında münaqişə fəlakətə səbəb ola bilər. Ona görə də biz oradakı sülh və sabitliyin qorunmasına sadiqik”, - Ostin bildirib.

XİN Azərbaycan vətəndaşlarına çağırış etdi: İrana getməyin!

Cari ilin yanvar ayında Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktı və bunun nəticəsində İrandakı məhdud diplomatik təmsilçiliyimiz nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri kəskin şəkildə tövsiyə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Bildirilib ki, hazırda İran İslam Respublikasında olan Azərbaycan Respublikası vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tələb olunur. İran İslam Respublikasındakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur: ÜNVAN: Təbriz, Vəliəsr, Arif küçəsi 9 TEL: (+98413) 333 48 03 FAKS: (+98413) 331 53 80 E-MAIL: [email protected] WEBSITE: tabriz.mfa.gov.az

MM-in növbədənkənar sessiyasının ilk iclasının tarixi...

Milli Məclisin iyunun 6-da keçiriləcək növbədənkənar sessiyasının ilk iclasının gündəliyi açıqlanıb. Sozcu.az xəbər verir ki, iclasın gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 4. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (ikinci oxunuş) 5. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 6. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 7. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) 8. “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) 9. “İstehsalat və məişət tullantıları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 10. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 11. Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 12. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 13. Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) 14. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş).

Şəmkirdə kütləvi dava: 2 qardaş döyüldü

Şəmkir rayonunun Kür qəsəbəsində bir neçə nəfər arasında mübahisə yaranıb, 2 nəfər xəsarət alıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, rayon sakinləri, 1987-ci il təvəllüdlü Nazim Mirzayev, qardaşı, 1992-ci il təvəllüdlü Natiq Mirzəli ilə 1988-ci il təvəllüdlü Elmin Kazımov, 1997-ci il təvəllüdlü Xətai Kazımlı və Ayxan Məmmədov arasında mübahisə düşüb. Mübahisə daha sonra əlbəyaxa davaya çevrilib. Nəticədə N.Mirzəyev və N.Mirzəli qardaşları müxtəlif bədən xəsarətləri alıblar. Onların xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Əliyev və Paşinyan bu gün Türkiyəyə gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Ankarada baş tutacaq andiçmə mərasiminə 21 dövlət başçısı və 13 baş nazir, o cümlədən çox sayda nazir və TDT, NATO və İƏT də daxil olmaqla, beynəlxalq təşkilatların rəhbərləri qatılacaq. Sozcu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Ərdoğan Böyük Millət Məclisində saat 14:00-da and içəcək, öz mandatını isə TBMM-nə müvəqqəti rəhbərlik edən MHP lideri Dövlət Baxçalıdan alacaq. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Venesuela Prezidenti Nikolas Maduro, Bolqarıstan Prezidenti Rumen Radev, Qabon Prezidenti Əli Bonqo Ondimba, CAR Prezidenti Siril Ramafosa, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Kosova lideri Osmani, Kuzey Kıprıs Prezidenti Ərsin Tatar, Çimali makedoniya Prezidenti Stevo Pendarovski, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Ruanda Prezidenti Pol Kaqame, Seneqal Prezidenti Maki Sall, Somali Prezidenti Həsən Şeyx Mahmud, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, o cümlədən, Banqladeş, Qvineya, Montenoqra və s. ölkələrin prezidentləri iştirak edəcək. Həmçinin Pakistan Baş naziri Şahbaz Şərif, Macarıstan Baş naziri Viktor Orban, Ermənistan Baş naziri Nikol Paşinyan, Liviya baş naziri Əbdülhəmid Dibeybə və s. hökumət başçıları mərasiə qatılacaq. TDT Baş katibi Omuraliyev, NATO Baş katibi Stoltenberq, İƏT Baş katibi İbrahim Tahanın da mərasimdə iştirakı gözlənilir. 12 ölkə, o cümlədən Rusiya parlament sədri səviyyəsində təmsil olunacaq. Həmçinin Almaniyanın sabiq kansleri Şröder, Kuzey Kıprısın sabiq prezidenti Dərviş Əroğlu və sair tanınmış simalar da tədbirə dəvət edilib.

İranda ölüm hökmünün ləğvi üçün kampaniya başladı - FOTO

İranda ölüm hökmünün ləğvi üçün kampaniya keçirilir. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.   Kampaniya çərçivəsində “Dini hökumətə yox, xalqın hakimiyyətinə hə”, “Məcburi dinə, məcburi hicaba, məcburi hakimiyyətə yox!” şüarları əks olunub.

ABŞ-a uçan Çin təyyarələri Rusiya hava məkanından yan keçməyə başladı - "Reuters"

ABŞ-a uçan Çin aviaşirkətləri Rusiya hava məkanı üzərindən uçuşlardan yayınmağa başlayıb.  Sozcu.az xəbər verir ki, bu barədə Reuters agentliyi FlightAware uçuş izləmə xidmətinin və sənaye mənbələrinin məlumatlarına istinadən yazır. Söhbət bu yaxınlarda ABŞ səlahiyyətliləri tərəfindən təsdiqlənmiş uçuşlardan gedir. Belə ki, may ayında ABŞ Nəqliyyat Nazirliyi Rusiyanın hava məkanına təsir etməyən həftəlik yeni reysləri təsdiqləyib: Air China (Pekin – Nyu York), China Eastern (Şanxay - Los Anceles), Xiamen Airlines (Xiamen - Los Angeles) və China Southern (Quançjou - Los Anceles). ABŞ həmçinin Çin aviaşirkətlərinə həftədə 12 gediş-dönüş uçuşu həyata keçirməyə icazə verib. Bundan əvvəl senatorlar Robert Menendez və Ceyms Riş ABŞ-a uçan Çin aviaşirkətlərinin Rusiya ərazisi üzərindən uçuşlarını qadağan etmək çağırışı ilə çıxış ediblər. Daha sonra ABŞ Nəqliyyat Departamenti müvafiq əmr layihəsi hazırlayıb, - "The New York Times" yazır. Xatırladaq ki, 2022-ci ildə Rusiya bəzi ölkələr üçün hava məkanını Rusiya təyyarələri üçün bağlamasına cavab olaraq hava məkanını bağlamışdı.qaynarinfo)

Zelenski əks-hücumdan danışdı

Bizim üçün vacib olan odur ki, Rusiya əks-hücumu görsün və nəticələrini hiss etsin. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərə açıqlamasında deyib. “Bu, film deyil, sizin əks-hücumu necə gördüyünüzü demək mənim üçün çətindir. Əsas odur ki, Rusiya bunu görsün, nəinki görsün, həm də hiss etsin. Əks-hücumun hədəfi Ukrayna torpaqlarının işğaldan azad edilməsidir. O zaman cəmiyyət anlayacaq ki, əks-hücum əməliyyatı başlayıb”, - deyə dövlət başçısı bildirib.

Paşinyan Ərdoğanın andiçməsinə gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılmaq üçün Ankaraya gedə bilər. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı mənbələrinə istinadən məlumat yayıb. Faktı Ermənistanın Nazirlər Kabineti təsdiqləyib. Qeyd edək ki, bundan öncə Paşinyanın Ərdoğanın iyunun 3-də keçiriləcək andiçməsinə dəvət olunmadığı deyilirdi.

“Dodağını şişirtdirənlərin heç birinin mənəviyyatı yoxdur!” - Əməkdar artist

Hazırda estetik əməliyyatlar və prosedurlar dünyada olduğu kimi ölkəmizdə də olduqca geniş yayılıb. Bu cür müdaxilələrin bir neçə səbəbi olsa da, bu əksər hallarda insanların komplekslərindən qaynaqlanır. Təəssüf ki, dünyanın hər yerində, eləcə də ölkəmizdə istər məşhur, istərsə də adi insanlar arasında estetik əməliyyat qurbanı olmuş yüzlərlə şəxs var. Mütəxəssislər isə estetik prosedurların həm müsbət, həm də mənfi tərəfləri olduğunu söyləyirlər. Son zamanlar müzakirə mövzusuna çevrilən digər məsələ isə gənc qızların getdikcə bir-birinə bənzəməsidir. Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Gülşad Baxşiyeva son zamanlar müğənniləri efirdə gördükdə tanımadığını etiraf edib: "Mən düşünürəm ki, insanların bir qismi bədbəxt hadisə zamanı, qəzadan sonra xəsarət aldıqlarından üzlərində və bədənlərində yaranmış fiziki qüsurları aradan qaldırmaq üçün əməliyyat etdirir. Bu, məcburiyyətdən irəli gəlir. Lakin bir qismi isə heç bir ehtiyac olmadığı halda bıçaq altına yatır və ya üzlərinə lazımsız prosedurlar etdirirlər. Mən artıq son vaxtlar efirlərə baxanda müğənnilərin heç birini tanımıram. Müğənnilər bir kənara, artıq sadə insanların da hamısının görünüşü eyniləşib. Yəqin biz artıq elə bir dövrə gəlib çıxmışıq ki, zamanla insanlar robot kimi bir-birinə oxşayacaq, fərdilik itəcək, hamı eyni sifətdə, eyni qiyafədə olacaq. Allah betərindən saxlasın!" Aktrisa bu cür hədsiz estetik prosedur keçirənlərə haqq qazandırmadığını deyib: "Mən buna qətiyyən haqq qazandırmıram. Bu, xoşuma gəlmir. Adam çalışıb özlüyündən çıxmamalıdır. Çünki hər kəs bir fərddir. Elə hamı şir olmaz ki... Hər kəs şirsifət olmalıdır deyə bir şey yoxdur, canavar da, tülkü də, zürafə də, at da var. Hərənin öz gözəlliyi var. Xarici gözəlliyə bu qədər üstünlük verməkdənsə, bir az daxili gözəlliklərini artırsalar daha yaxşı olar. Mənən qidalanan adamlar belə şeylərə getməz, mənasız prosedurlara can atmazlar. Düzdür, bu gün bəziləri çox qışqırır, ağızdolusu mənəviyyatdan danışırlar, amma görünən odur ki, vəziyyət heç də deyildiyi kimi deyil. Kimin nəyi yoxdursa, ondan danışır. Bar-bar bağıranların, dodağını şişirtdirənlərin, bu mövzuda danışanların heç birinin mənəviyyatı yoxdur! Düşünürəm ki, belə şeylər lazımsızdır".

Kılıçdaroğlu yeni millət vəkilləri ilə görüşdü

CHP sədri Kamal Kılıçdaroğlu partiyasının Türkiyə Böyük Millət Məclisində (TBMM) vəzifəyə başlayacaq yeni millət vəkilləri ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, CHP Ümumi Qərargahında keçirilən toplantıya Kılıçdaroğlu ilə yanaşı qrup sədr müavinləri Özgür Özəl və Engin Altay da qatılıb. Qeyd edək ki, yeni dövrdə CHP-dən 169 deputat TBMM-ə seçilib, onlardan 62-si ilk dəfə deputat sıralarında yer alacaq.

Şəmkirdə ət kəsim məntəqəsi yaradılıb.

Qəssabların verdiyi məlumata görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları onlara xəbərdarlıq edib ki, bütün heyvanların kəsim işi orada həyata keçirilməlidir. İri buynuzlu heyvanlar üçün 20 manat, xırdabuynuzlu heyvanlar isə 8 manat olmaqla ödəniş edilməlidir(ümumiyyətlə bunun qanunvericiliyə nə dərəcədə uyğun olması haqqında heç bir izahatları mövcud deyil). Əgər Qəssabxananın mövcud olduğu ərazidə kəsim işi təşkil edilərsə birinci 500 manat, ikinci xəbərdarlıqda 1000 manat, 3-cüdə isə 1500 manat cərimə olunacaqları bildirilib. Ümumiyyətlə Azərbaycanda "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il "199" nömrəli sərəncamı mövcuddur. Həmin sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi: 1.1. yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görsün; 1.2. bu Sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görsün; 1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları müvafiq olaraq bu Sərəncamın 1.1-ci və 1.3-cü bəndlərində nəzərdə tutulmuş işlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə zəruri köməkliyin göstərilməsini təmin etsinlər. Sözcü.az

İmran Xan: Nüfuzum üçün mübarizə aparacam!

Pakistanın keçmiş Baş naziri İmran Xan Milli Hesabat Bürosuna bildirib ki, korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə qanunsuz həbslə əlaqədar böhtan və reputasiyaya dəymiş ziyana görə 5,8 milyon dollarlıq iddia qaldırmaq niyyətindədir. Sozcu.az xəbər verir ki, o, bu barədə Tvitter səhifəsində yazıb. “Mən Milli Hesabat Bürosunun rəhbərinə hüquqi xəbərdarlıq etdim. Həbsimlə bağlı order konstitusiyaya və qanuna zidd olaraq verilib. Ali Məhkəmənin binasında zorakılıqla həyata keçirilən qanunsuz və əsassız həbs böhtan atmaq məqsədi daşıyıb. Bu, mənim reputasiyama mənfi təsir etdi. Beləliklə, mənim diffamasiya işi qaldırmağa tam haqqım var”, - o qeyd edib.

Yazıb ki, sən özün də bar qızının tayısan...

Rusiya Ukraynaya təcavüz edəndə, qəhrəman ukraynalılar Zelenskinin rəhbərliyi altında düşmənə müqavimət göstərəndə bir məqalə yazmışdım. Nə olsun ki, üstündən 15 ay keçib? Axı biz internet əsrində yaşayırıq. İnformasiya texnologiyalarının köməyilə həmin yazını axtarıb tapdım. Başlıq belə idi: “Zelenski rus tanklarının lüləsindən öpməliydi?..”  Həmin yazıda rus işğalını pisləmiş, ukraynalıların müqavimətini dəstəkləmişdim.  Üstündən 1 il 3 ay vaxt keçməsinə baxmayın, yaxşı xatırlayıram. Bu məqalə sosial şəbəkələrdə geniş müzakirə olunmuşdu. Ən böyük səhifələrdə, qruplarda yüzlərlə rəy yazılmışdı. Çoxluq mövqeyimi bölüşürdü, yazını təqdir edirdi. Amma mətni deyil, məqalənin başlığını oxuyub şərh yazanlar da az deyildi. Hətta çoxu sərlövhədəki sual işarəsinin də fərqinə varmamışdı. Məni o qədər söyən, kin, nifrət püskürən vardı ki... Bir şərh indiyə kimi yadımdadır: "Zelenski niyə rus tanklarının lüləsindən öpməlidir? Sən get, Putinin yumşaq yerindən öp".  Hələ bu ən "mədəni” şərh idi... Biz jurnalistlər bu cür vəziyyətlə tez-tez qarşılaşırıq. Başlığı oxuyub klaviaturaya güc verirlər. Söyüşün, təhqirin biri bir qəpik olur. Yaşlı atasına bir cüt corab almayanlar kompüter qarşısında ata təəssübkeşinə, qoca anasının pensiyasını arağa xərcləyənlər qədirbilən oğula çevrilirlər. "Keçi" şeirinin iki misrasını bilməyənlər isə 40 ilin jurnalistinə "dərs" keçirlər... Dünən yenə söyülən günümüz idi... Günümüzə bax də!  Oxumayanlar üçün qısa izahat vermək istəyirəm: Dünən azərbaycanlı iş adamının Razi Əliyeva adlı modelə 230 min manatlıq maşın, şəhərin mərkəzində bahalı ev almasından yazmışdım. Sabirin, Mirzə Cəlilin bulağından bir-iki qurtum su içdiyim üçün guya maarifçiliklə məşğul olmaq istəmişdim. Məqalənin sərlövhəsi belə idi: "Bar qızları evdar qızlardan hörmətli olub..." Başlıqdakı ironiyanı tutmamaq üçün insan gərək debil olsun. Bu ölkədə o qədər debil var ki!.  Yenə yüzlərlə şərh yazıldı. Yenə beyinsiz adamlar ağzını açıb, gözünü yumdu. Yenə söyüşün biri bir qəpik idi.. Əlbəttə, hamı söymürdü, çoxu öyürdü. Amma bu cür ədalətli mövqeyə görə müəllifi hətta bir nəfər söyürsə, bunun özü də faciədir.  Onların sayı isə bir deyil, daha çox idi...  Biz məsciddə qabırğası sındırılan Seyid Əzimdən artıq deyilik. Heç Mirzə Cəlilin, böyük Sabirin əlinə su tökməyə də layiq deyilik. Öz yağımızda qovurulub gedirik. Nə qədər ağır olsa da, qulağımız bu cür təhqirləri çox eşidib... Başlığa görə dünənki məqaləmə yazılan şərhlərin birini paylaşım, söhbətə nöqtə qoyaq: "Bar qızına hörmət edən jurnalistin özü də elə o səviyyənin sahibidir. Ay ..., sən bar qızı alarsan? Sən özün də bar qızının tayısan..."  İndi bildinizmi, Sabir niyə 49 yaşında ölüb?  Sabiri çərlədib öldürənlərin nəvə-nəticəsi bu gün də bizim ömrümüzə qənim kəsilib. Nəinki yazmağa, hətta yaşamağa da imkan vermirlər...  Seymur VERDİZADƏ 

İranda casusluqda ittiham olunan şəxsin anası: “Bu, absurddur”

İranda cəsusluqda ittiham olunan 27 yaşlı azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova Prezindent İlham Əliyevə və Birinci-vitse prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb. Sozcu.az xəbər verir ki, D.Əsgərova oğlunun İranda müdafiəsiz ittiham olduğunu bildirib. “Üç aydır ki , İrana dostunu görməyə getmiş oğlum Səfərli Fəriddən xəbər ala bilmirəm. Dünən Azərbaycan Xarici İşlər Nazirliyinin mənə ünvanladığı məktubda oğlumun İranda casusluq maddəsi ilə saxlanıldığı bildirilir. Mən bu ittihamı rədd edirəm. Fərid öz üzərində daim çalışan, ana dilindən başqa 3 dildə sərbəst danışa bilən, kifayət qədər dünyagorüşü olan bir gəncdir. Onu tanıyan hər kəs - dostları, qonşular, qohumlar bunu təsdiq edə bilərlər. Almaniyada “Data Analizi” sahəsində ixtisaslaşmışdı və Leypsiq şəhərində bir şirkətdən iş təklifi almışdı. Bu ilin aprel ayından həmin şirkətdə işə başlayacaqdı. Belə bir insanın kiminsə təsiri altına düşüb casusluq etməsi absurddur. O, İrana, sadəcə, dostunu görməyə getmişdi. İranda casusluqda ittiham olunanların necə ağır cəzalandırıldıqlarını Fərid yaxşı bilir və onun indi nələr düşündüyünü təsəvvür edəndə içim yanır. Bir qarışqanı belə incitməyə ürəyi gəlməyən balamın saxta ittihamla, təmamilə təcrid olunmuş halda zindanda nələr yaşadığını ağlıma belə gətirmək istəmirəm. Fərid İranda müdafiəsiz ittiham olunur. Sizdən çox xahiş edirəm, Fəridin vəkillə təmin olunmasına, mənim onunla görüşməyimə imkan yaradılmasına tapşırıq verəsiniz. Mən onun üçün çox darıxıam, onu görmək, bağrıma basmaq istəyirəm, ona mudafiə olunacağını, hər şeyin yaxşı olacağını demək istəyirəm. Mən inanıram ki, Siz Azərbaycan dövləti adına Fəridi müdafiə edəcəksiniz və ailəsinə qovuşmasına nail olacaqsınız”, - D.Əsgərova bildirib.

“Baku Electronics” müştərini partlayış səsi ilə oyadan nasaz məhsulu yenisi ilə əvəzləməkdən BOYUN QAÇIRIR

“Samsung” un rəsmi distribütoru olan “Baku Electronics” ticarət mərkəzindən olunan müştəri şikayətini dərc etmişdik. Bakı sakininin 6 ay əvvəl “Baku Electronics”dən aldığı qaz plitəsinin keyfiyyətsiz və nasaz çıxması, müştəri, eləcə də onun yaşadığı bina sakinləri üçün ciddi problemə çevrildiyini qeyd etmişdik.  Müştərinin dediyinə görə, məişət cihazı alınan gündən normal işləməyib. Evə gətirilib quraşdırılandan sonra ailə demək olar ki, hər gün partlayış səsindən dik atılır. Qaz plitəsindən çıxan partlayışın zərbəsi vətəndaşın yaşadığı binadakı işıq sistemini də sıradan çıxarır. Analoji hal isə hər dəfə plitə işə salınarkən baş verir. Keyfiyyətsiz malı dəyişmək, yaxud qaytarmaq müşkül məsələyə çevrilib. Ev sahibi qorxulu yuxuya çevrilən bu məsələnin çözülməməsindən və şirkətə şikayət etməkdən artıq təngə gəlib. Baxmayaraq ki, “Bakı  Elektronics” iki aydan çoxdur ki, qaz plitəsini yenisi ilə əvəzləyəcəklərini vəd edir. Nə müştəri məmnuniyyəti təmin olunur, nə də yararsız və nasaz məhsul yenisi ilə əvəzlənir.  Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir Növbəti dəfə saytımıza müraciət edən müştərinin dediyinə görə, şirkət servisindən qaz plitəsini təmir etmək üçün hər on gündən bir yeni əməkdaş göndərilir. Servis əməkdaşlarının işi isə sadəcə məişət cihazına baxış keçirməkdən ibarət olur. Nə cihaz təmir olunur, nə də yenisi ilə dəyişdirilir: “6 aydır nasaz qaz plitəsini işlədirik. Aylardır gözlətdilər ki, anbarda məhsulumuz yoxdur, xaricdən gətirilsin, yenisi ilə dəyişərik. İndi də verdikləri vədi yerinə yetirmirlər. Nasaz detalı dəyişdirməyəcəklərini bildirirlər. 3 il zəmanətlə aldığım məhsul niyə yenisi ilə dəyişilməməlidir ki? Halbuki plitə aldığımız gündən normal işləmir. Anlamıram, bunların müştəri məmnuniyyəti, xidmətləri budur?”, - deyə müştəri əlavə edib. “Bakı Electronics”ə aylar öncə ünvanladığımız sorğuya iaə cavab yoxdur. Baxmayaraq ki, Bizim.Media-ya araşdırma aparılandan sonra açıqlama verəcəkləri bildirilmişdi. Yəni, şirkətdən aylardır səs-səmir çıxmır. “İstənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var” Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza bildirib ki, “Bakı Elektronics”dən onlara da yağış kimi şikayətlər yağır: “Dəfələrlə bu işlərə nəzarət edən İqtisadiyyat Nazirliyinin rəhbərliyinə bildirmişəm ki, bu şirkətləri toplayıb, onlarla konkret danışmaq lazımdır. Məsələ burasındadır ki, bu şirkətin işi məhsulu satana kimidir. Hansısa problem yarananda vətəndaşı qəbul etmirlər. Azərbaycanda hələ “Bakı Elektronics”in rəhbərinin qəbuluna düşən bir nəfər belə olsun istehlakçı olmayıb. Bu şirkət “malını götür, itil cəhənnəmə” prinsipi ilə işləyir. Həftədə bizə 3-4 şikayət daxil olur. Bu şirkətin məhsullarının zavod qüsuru var. Qaldı ki, konkret o müştərinin şikayətinə, tək o deyil, istənilən istehlakçının malını geri qaytarmaq, yaxud yenisi ilə əvəzləmək hüququ var”. Eyyub Hüseynovun sözlərinə görə, xoşagəlməz hallar ona görə artır ki, dövlətin istehlakçı hüququnu qoruyan qurum heç bir iş görmür: “Aidiyyəti qurumun bu günədək müstəqil ekspertiza aparmasını görməmişik. Bu səbəbdən də biznes qurumları istehlakçıların başına istənilən oyunu aça bilirlər. Get-gedə ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar da zəifləyir. Adını çəkdiyim qanun 1995-ci ildə qəbul olunub. Necə dəfə dəyişiklik aparılıb və hamısı da istehlakçıların zərərinə olub. Üstəlik, Nazirlər Kabinetinin 343-cü qərarı (təhlükəsizliyi təmin olunan malların sertifikatlaşdırılması) ləğv olunub. Yəni ölkəyə daxil olan bütün mallar əvvəlcədən yoxlanmalı, sonra qəbul olunmalıdır. Ona görə ölkənin əmtəə bazarında hər cür təhlükəli mallar tüğyan edir. Aldadılan istehlakçılara tövsiyəm budur ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etsinlər”. Xatırladaq ki, bəhs etdiyimiz alıcı dekabrın 14-də “Baku Electronics”in Nərimanov rayonundakı mağazasından 950 manat məbləğində 3 il zəmanətlə qaz plitəsi alıb. Evə gətirib quraşdırandan bir neçə gün sonra cihazdan partlayış səsi gəlib və bu, hər istifadə zamanı təkrarlanıb. Dərhal şirkət servisinə məlumat verilib. Servis əməkdaşı plitəni yoxlayandan sonra məhsulun istifadəyə yararsız  və dəyişdirilməli olduğunu bildirib. Şirkət isə məhsulu yenisi ilə əvəzləməkdən boyun qaçırır.