İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev 17 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda dəyişiklik edib. Sozcu.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, bundan sonra müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçılardan tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya iddiaçılar tərəfindən təmin ediləcək.

Vilayət Eyvazov deputatın oğlunu bu bölməyə rəis təyin etdi - FOTO

Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə yeni rəis təyin edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, rəis vəzifəsinə polis polkovnik-leytenantı Tuncay Abbasov təyinat alıb. Qeyd edək ki, Tuncay Abbasov deputat Aqil Abbasın oğludur. O bu təyinatadək Binəqədi RPİ-nin 7-ci polis bölməsinin rəisi olub.

Xaçmaz rayonunda yük qatarının vaqonundan oğurluq edilib

Xaçmaz rayonunda yük qatarının vaqonundan oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, rayonun Ləcət dəmir yolu stansiyası ərazisində yük qatarının vaqonlarından birində içərisində şirkətlərdən birinə məxsus avtomobil ehtiyat hissələri və mühərrik yağları olan konteynerin qapısının plombsuz və açıq olmasının aşkar edilməsi barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və oradan 30 ədəd yağ filtirinin, 20 ədəd yağ qutularının oğurlanması məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Sergey Atamanenko müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Pirallahıda evdən 10 450 manatlıq oğurluq edilib

Paytaxtın Pirallahı rayonunda evdən 10 450 manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 2-də Gürgan qəsəbəsindəki evlərin birindən 450 manat pul və 10 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri K.Əliyev, N.Bayramlı və M.İsmayılov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Tehranda dindirilməyə çağırılan 2 jurnalist həbs edildi

Tehranda saxlanılan Hoda Tohidi və Zəhra Tohidi adlı iki jurnalist Evin həbsxanasına köçürülüblər. Bu barədə onların qardaşı Əli Tohidi məlumat yayıb. Onun sözlərinə görə, jurnalistlər ümumxalq etirazları zamanı məlumat dərc etdikləri üçün saxlanılıb. Əli Tohidi bildirib ki, bacıları bir neçə gün öncə Tehranın Evin həbsxanası prokurorluğunun hökmlərin icrası bölməsinə çağırılıb. Onlar mühakimə olunmadan və barələrində irəli sürülən ittihamlar sübuta yetirilmədən cəzaçəkmə müəssisəsinə köçürülüb. Vəkilləri də bildirib ki, dindirilmə zaman jurnalist xanımların müdafiəsinə icazə verilməyib. Onlar bacıların mühakimə olunmadan həbsxanaya köçürülməsini qanunsuz adlandırıblar. Qeyd edək ki,  İran məhkəməsi jurnalistlər "ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və hökumətə qarşı təbliğat aparmaq"da ittiham edilir.

AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Ağdama səfər ediblər

Azərbaycanda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Bu barədə Sozcu.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən erməni vandalizmi, minalanmış ərazilər barədə məlumat verilib. Bildirilib ki, Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Burada sənaye və kənd təsərrüfatı inkişaf etmişdi. Erməni işğalçıları 1993-cü il iyulun 23-də Ağdamı işğal etdikdən sonra Ağdam şəhərində və rayonun kəndlərində evləri, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb. Ağdam şəhər Cümə məscidinə gələn AŞPA-nın həmməruzəçilərinə ermənilərin müharibə cinayətləri, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri barədə məlumat verilib. Qeyd edilib ki, Ağdam şəhəri işğaldan azad olunduqdan sonra Heydər Əliyev Fondu tərəfindən Cümə məscidində bərpa-restavrasiya işlərinə başlanılıb. Qonaqlar Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına da baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir. Onlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib. AŞPA-nın həmməruzəçiləri sonra Ağdam şəhərindəki Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olan qəhrəman Vətən övladları, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar. Prezidentin xüsusi nümayəndəliyinin Ağdamdakı qərargahında olan qonaqlara Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçiriləcək quruculuq işləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Qafqazın Xirosiması kimi tanınan Ağdam Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 30 il ayrı qalmış insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək. AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri sonda Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.

Mərkəzi Bank yoxlamalar aparacaq - DETALLAR

Azərbaycan Mərkəzi Bankı yoxlamalar aparacaq. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, yoxlamalar dövriliyinə görə planlı və plandankənar, əhatə dairəsinə görə hərtərəfli və ya tematik olaraq bu qanuna və Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi qaydalara uyğun olaraq aparılır. Bu zaman yoxlamaların müddəti 45 (qırx beş) iş günündən çox olmayaraq müəyyən edilir. Yoxlamanın aparılması məqsədilə müəyyən edilmiş müddət yoxlamanın başa çatdırılması üçün kifayət etmədikdə Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxsin müvafiq qərarı əsasında yoxlama ən çoxu növbəti 45 (qırx beş) iş günü müddətinə qədər uzadıla bilər. Planlı yoxlamalar nəzarət subyektinin risk profilinə uyğun olaraq Mərkəzi Bank tərəfindən müəyyən edilən yoxlamalar planı üzrə aparılır. Planlı yoxlamalar hərtərəfli və ya tematik olmaqla eyni nəzarət subyektinə münasibətdə ildə bir dəfədən çox olmayaraq aparıla bilər. Plandankənar yoxlamalar hərtərəfli və ya tematik olmaqla aşağıdakı hallarda aparıla bilər: - Mərkəzi Banka təqdim edilən hesabatların təhlili və digər mənbəyi məlum olan məlumatlar əsasında nəzarət subyektində: - kapital adekvatlılığı, likvidlik və ya ödəmə qabiliyyəti göstəricilərinin pisləşdiyi müşahidə edildikdə, o cümlədən aktivlərin itirilməsi təhlükəsi yarandıqda; - aktivlərin keyfiyyəti və maliyyə vəziyyətini xarakterizə edən göstəricilər kəskin və ya davamlı olaraq pisləşdikdə, yaxud dəyişdikdə; - aktivlərin fiziki mövcudluğuna dair əsaslı şübhə yarandıqda; - öhdəliklərin və ya ödənişlərin icra edilməsi üçün zəruri olan likvid vəsaitlər əhəmiyyətli səviyyədə, yaxud davamlı olaraq azaldıqda; - idarəetmə sistemində onun prudensial idarə edilməsinə təhlükə yarada bilən halların meydana çıxdığı müəyyən edildikdə; - qanunvericiliyin pozulması faktının və ya buna səbəb olan halların yerində araşdırılması tələb olunduqda; - təqdim edilmiş hesabatlardakı göstəricilərlə müvafiq əməliyyatların real xüsusiyyəti və ya mövcud vəziyyəti, həmçinin əldə edilmiş digər məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə; - maliyyə bazarlarına nəzarət sahəsində qarşılıqlı əməkdaşlıq çərçivəsində xarici maliyyə bazarlarının tənzimlənməsi və nəzarət orqanlarının sorğuları daxil olduqda; - müvafiq nəzarət subyekti barəsində yoxlamanın aparılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda; - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri və halları ilə bağlı əsaslı şübhələr olduqda; - istehlakçıların və investorların hüquqlarının pozulması ilə bağlı şikayətlərin araşdırılması zamanı məsələlərin yerində yoxlanılması tələb olunduqda; - nəzarət subyektinə tətbiq edilmiş təsir, təshih tədbirlərinin, sanksiyaların və icrası məcburi olan digər göstərişlərin icra vəziyyəti yoxlanıldıqda, habelə həmin göstərişlərin icrası barədə Mərkəzi Banka müəyyən edilmiş müddət ərzində məlumat verilmədikdə və ya verilmiş məlumatın yanlış olduğu aşkar edildikdə; - maliyyə bazarlarını tənzimləyən qanunlarda nəzərdə tutulan digər hallarda. Yoxlama planı və yoxlama barədə qərar Mərkəzi Bankın sədri və ya onun səlahiyyət verdiyi şəxs tərəfindən təsdiq edilir. Yoxlama barədə qərarda nəzarət subyektinin adı və ünvanı, yoxlamanın başlanma tarixi və müddəti, növü, əhatə dairəsi, yoxlama plandankənar olduqda onun təyin edilməsinə əsas verən hal, yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi, habelə yoxlamanın dövrü qeyd edilir. Yoxlamalar Mərkəzi Bankın əməkdaşları və (və ya) Mərkəzi Bank tərəfindən təyin edilən kənar auditorlar (yoxlayıcılar) tərəfindən həyata keçirilir. Yoxlayıcıların tərkibinə qarşılıqlı fəaliyyət prinsipi əsasında Mərkəzi Bankın yoxlamalar sahəsində əməkdaşlıq haqqında saziş bağladığı xarici ölkənin nəzarət orqanının əməkdaşları və digər şəxslər (ekspertlər, mütəxəssislər) də daxil edilə bilərlər. Nəzarət subyektinə planlı yoxlamanın başlanmasına azı 7 (yeddi) iş günü qalmış, plandankənar yoxlama zamanı isə azı 2 (iki) iş günü qalmış yazılı bildiriş təqdim edilir. Bildirişdə yoxlama barədə qərara müvafiq olaraq yoxlamanın başlanma tarixi, növü, əhatə dairəsi, habelə yoxlamanın dövrü və müddəti qeyd edilir. Qanunda nəzərdə tutulmuş hallarda nəzarət subyektində əvvəlcədən məlumatlandırmadan yoxlama aparıla bilər. Yoxlama bu barədə qərar təqdim edilməklə həyata keçirilir. Nəzarət subyekti yoxlayıcının işinin təmin edilməsi üçün şərait yaradır, o cümlədən ayrıca yer ayırır və yoxlayıcını lazımi texniki avadanlıqlarla (kommunikasiya vasitələri, surətçıxarma aparatları, çap avadanlıqları və s.) təmin edir. Yoxlamanın nəticələri yoxlama başa çatdıqdan sonra 30 (otuz) təqvim günü ərzində iki nüsxədə (yoxlama məhkəmənin qərarı əsasında aparıldıqda, üç nüsxədə) tərtib olunan yoxlama haqqında hesabatla rəsmiləşdirilir.

Tahir Kərimli ağcaqanadla bağlı çıxışından danışdı: “Filmdə deyildiyi kimi, “lənət olsun içimdəki insan sevgisinə...””

“Azərbaycan mediası sanki böyük bir fəlakət yaşayır. Daha nə deyim? Milli Məclisdə ağcaqanad məsələsini problem kimi qaldırmışam, anti-sanitariyadan malyariya yarana biləcəyini demişəm. Ağcaqanadların hədsiz artdığını dilə gətirmişəm. Çünki əvvəllər dezinfeksiya, sanitariya işləri aparılırdı, problemin qarşısı alınırdı. İndi isə on illərdir bunun olmaması, insanların xəstəliyə tutula biləcəyi məsələsini qaldırmışam ki, problem həll edilsin. Yaxud küçə itlərinin dişləməsi nəticəsində yarana biləcək quduzluq, hətta bunun adam ölümünə səbəb olması, şəhər və qəsəbələrdə kütləvi halda sahibsiz itlərin yayılması təhlükəsini ortaya qoymuşam. Təsəvvür edin, bu problemlər kənara qoyulub, çıxışımın içindən təkcə ağcaqanad hissəsini yazıblar. Utanmadan xəbərin başlığına da qoyurlar. Yaxşı, deyək ki, müxalifətdən kimsə bəyənmir, təhqir edir. Amma görürəm ki, iqtidarda da çoxunun xoşu gəlir, rəvac verir ki, xəbər yayılsın. Çünki özlərinin də məsuliyyəti var axı. Nəyə görə sanitariya tədbirləri həyata keçirilmir? Bu qədər dövlət vəsait ayırır və ya ayırmalıdır. Sanki, iqtidarlı-müxalifətli bir cəbhə açıblar”. Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Tahir Kərimli deyib. Deputat bildirib ki, problem həll edilməlidir:  “Sual şəklində demişəm ki, indi nə edək, sahibsiz itləri Koreyaya, Çinə sataq? Yəni tədbir görmək lazımdır. Amma bunlar yazırlar ki, Tahir deyir, itləri Çinə, Koreyaya sataq. Heyvansevərləri üstümə qaldırırlar. Təəssüf edirəm ki, biz bu gündəyik. “Qurani-Kərim”də Allah-Təala bir neçə yerdə “öldür” deyir. Bu gün İslamın əleyhinə olan Qərb və digər ölkələrdə deyirlər ki, İslam necə dindir, adamı öldürməyə təşviq edir. İslam əleyhinə ciddi çıxışlar edirlər, amma heç kim demir ki, Allah nə üçün, hansı halda “Quran”da “öldür” deyir. Mənim də çıxışım ştrix ola bilər. Ancaq heç kim demir ki, Tahir hansı problemləri ortaya qoyub? Bu problemlərdən danışmaq, həll etmək lazımdır. Problemi öz həllindən uzaqlaşdırmaqdan ötrü belə edirlər. İqtidar mənsubları da bunu bilir ki, problemi həll etmək lazımdır, amma həll etmir. Hansı subyektiv səbəblərə görə, bunu bilmirəm, iqtidarın marağı var ki, əleyhimə getsin. Bəs bu müxalifətdəkilər? Onlar arasında qərəzli olanlar da var, lakin sosial şəbəkələrdə əleyhimə yazanlar çoxdur. O qədər bunları cılızlaşdırıblar ki, xəbərin başlığında bir kəlimə görürlər ki, “Tahir Kərimli ağcaqanaddan danışdı”, başlayırlar söyməyə. Axı məsələnin kökünü bilmirlər, xəbəri açıb içini də oxumurlar. Tahir Kərimlinin müsahibəsini də dinləmirlər. Çıxışımın videosu da var. Belə hallar çoxdur, böyük bir dərddir. Məşhur filmdə deyildiyi kimi, “lənət olsun içimdəki insan sevgisinə...” Nə qədər deyirəm ki, xalqın, millətin problemi ilə bağlı danışmayım, hansısa ştrix söz çıxarıb, mənə qarşı hücuma keçəcəklər, yenə də olmur. Ürəyim dözmür, görünür, genetik olaraq belədir ki, xalqın qayğısına qalmaq lazımdır”.

Bakıya eniş edən təyyarənin sərnişini öldü

Bakıda təcili eniş edən təyyarədəki sərnişin Mərkəzi Klinikida vəfat edib.  Sozcu.az xəbər verir ki, bu barədə Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.  Araşdırma zamanı müəyyən edilib ki, Çin Xalq Respublikasının Honkonq şəhərində anadan olmuş, həm Çin Xalq Respublikasının, həm də Böyük Britaniya Krallığının- ikili vətəndaşlığı olan, Tsang Yau Keung mayın 29-da Honkonq şəhərindən Böyük Britaniya Krallığına getmək üçün təyyarə ilə uçuş vaxtı qəflətən vəziyyəti pisləşib. Təyyarə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanına məcburi eniş edib və daha sonra Tsang Yau Keung təcili tibbi yardımın müşayəti ilə Mərkəzi Klinikaya yerləşdirilib.  Xəstəxanada müayinə zamanı 1962-ci il təvəllüdlü Tsang Yau Keungun ürəyindən uzun müddətdir müalicə alması, ürəyinə stend qoyulduğu müəyən edilib və ona Mərkəzin reanimasiya şöbəsində ürəyin arotraxd tubla urtubasiya olunmasına və digər tibbi yardım səylərinə baxmayaraq o, Mərkəzin reanimasiya şöbəsində iyunun 3-ü saat 08:00-da ölüb. 

Türk lirəsi o qədər ucuzlaşdı ki... - Tarixi rekord

Türkiyədə valyuta məzənnələri yüksəlməyə davam edir.  Sozcu.az xəbər verir ki, yeni həftənin ilk günü sərbəst bazarda dollar 21,15 Türk lirəsinə bərabər olub.  Rəsmi valyuta məzənnələrinə görə, avro 22,99 lirəyə yüksəlib. Azərbaycan Mərkəzi Bankının iyunun 5-də açıqladığı məzənnəyə əsasən 1 TL 0,0805 manata ticarət edilir. 

"Ramo"nun aktyoru evlənir

Sonuncu dəfə "Ramo" serialında rol alan türkiyəli aktyor İlker Aksum evlilik qərarı alıb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, aktyor sevgilisi Dilay Ekmekçioğlu ilə nikah masasına oturmağa hazırlaşır. Qeyd edək ki, cütlük 2 ildir eşq yaşayır.

Ən kinli bürclər

Astroloqlar inadkar və ən davakar 3 bürcün adını açıqlayıblar.  Sozcu.az lent.az-a istinadən bildirir ki, bu bürclər arasında həmişə mehribanlığı ilə bilinən Tərəzi bürcləri də var.  Bürcün nümayəndələri qüsursuz bir xarakterə sahib balanslı insanlar kimi görünə bilər. Amma onların yaxın ətrafındakılar tərəziləri çox gözəl tanıyır. Tərəzilər əsəbiləşərsə, çox gec sakitləşirlər. Kin saxlamağı sevirlər və qəzəblərini heç vaxt gizləmirlər. Onlar təhqirləri heç vaxt bağışlamaz. Qəddarcasına qisas almaq fikri onlardan əskik olmur. Qısacası, onlarla mübahisə etmək baha başa gələ bilər.  Çətin xasiyyətə malik digər bürc isə Oxatanlardır. Oxatanlar mübahisə zamanı nəinki qarşı tərəfə, həmçinin onların tərəfini tutanlara və dostlarına qarşı da kinli olurlar. Onlara xəyanət edənlər bir daha Oxatanların inamını qazana bilməyəcəklər.  Balıqlar da sakit, yumşaq xarakterli insanlar kimi görünür. Onlar çox həssas və ağıllıdırlar. Ancaq onların hissləri ilə oynamaq çox təhlükəlidir. Çünki balıqlar onları incidənlərə qarşı çox sərt şəkildə reaksiya verirlər. Həmin insanları asanlıqla bir göz qırpımında həyatlarından çıxara bilirlər. 

Qocalmanı sürətləndirən ən təhlükəli səhər yeməyi

Qocalmanı sürətləndirən ən təhlükəli səhər yeməyinin adı açıqlanıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssislər səhər yeməyində taxıl tərkibli qidaların istehlak edilməsini məsləhət görmür. Bu cür qidalar sağlamlığın vəziyyətini qeyri-müəyyən şəkildə pisləşdirir və bədənin vaxtından əvvəl qocalmasını sürətləndirir. Fakt budur ki, taxılda çox miqdarda şəkər, zərif un, konservantlar, süni dadlandırıcılar və doymuş yağlardan ibarət maddələr var. Bütün bunlar piylənməyə və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır.

Penaltisiz 70 qol və çempionluq

İspaniya La Liqasında 2022/2023 mövsümünün qalibi olan "Barselona" tarixi uğura imza atıb. Sozcu.az "Opta"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi penaltisiz çempion olub. Bu, La Liqa tarixində indiyədək cəmi 3 dəfə olub. "Barselona"dan əvvəl 1930/1931 mövsümündə "Atletik Bilbao", 1940/1941 mövsümündə "Atletiko Madrid" və 1941/1942 mövsümündə "Valensiya" penalti vurmadan İspaniya çempionu olub. . Xavinin komandası mövsüm ərzində iki dəfə penalti hüququ qazanıb və heç biri qolla nəticələnməyib. Komanda mövsüm ərzində 70 qol vurub. Onlardan 65-i oyun epizodunda, 5-i isə standart vəziyyətdən vurulub.

Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını artıracaq

Türkiyə iyulun 1-dən etibarən ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsinə görə rüsumları 8,3% artıracaq. Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi bildirib ki, İstanbul boğazlarının statusu haqqında Montrö konvensiyasına uyğun olaraq, Türkiyə boğazlarından keçən gəmilərə tətbiq edilən vergi və rüsumların əmsallarında qızıl frankın baza dəyəri 1 iyul 2023-cü il tarixindən etibarən 4,42 ABŞ dolları olacaq. Məlumatda, həmçinin qeyd edilib ki, Türkiyənin boğazlardan keçən gəmilərdən əldə etdiyi gəlir 2023-cü ildə 900 milyon ABŞ dollarına çatacaq. Xatırladaq ki, aprel ayının sonunda Türkiyə Sahil Mühafizəsi Xidməti yük gəmisinin sıradan çıxması səbəbi ilə Bosfor boğazının müvəqqəti bağlandığını elan edib. Mənbə: Aydinlik

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Hadisə mayın 20-də Binəqədi rayonu ərazisində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Qasımov Rasim Əfqan oğlu idarə etdiyi "Toyota Prius" markalı avtomobillə hərəkətdə olan zaman yolu keçən piyadalar - 2002-ci il təvəllüdlü Bayramov Naməd Ceyhun oğlu və 2001-ci il təvəllüdlü Əvəz Hüseynlini vurub. Nəticədə Ə.Hüseynli az ağır bədən xəsarəti alıb, N.Bayramov isə iki həftə sonra müalicə aldığı xəstəxanada ölüb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Bakıda hərbi sursat aşkarlanıb

Bakıda hərbi sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı bir ədəd F-1 əl qumbarası, 136 ədəd 5.45 mm-lik patron olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Ucarda kombaynın təkəri partlayıb: Bir nəfər ölüb

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb. Hadisə bu gün səhər saatlarında rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1977-ci il təvəllüdlü Hakim Hətəm oğlu Əhmədov kombaynın qabaq təkərinə hava vurarkən təkər partlayıb. Ağır xəsarət alan H.Əhmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Legion "qüdrətli Rusiya" mifini darmadağın edir

Rusiyanın Azadlığı Legionu "qüdrətli və güclü" Rusiya haqqında mifləri darmadağın edir. Sozcu.az xəbər verir ki, bu sözləri Mariupol meri Pyotr Andryuşenko deyib. “Putin rejimi yenə də “qırmızı xətlər” haqqında danışa bilər. Lakin reallıq odur ki, Rusiya özünü müdafiə edə bilmir. Bütün bunlara baxdıqda, ötən ilin “Putin hücum edir”, “qırmızı xətlər” və s. yada düşür. Hazırda Rusiyaya münasibətdə mifologiya məhv edilir. Rusiyalı rusiyalını öldürməyə başlayanda bu, yaxşıdır”, - deyə o bildirib. Qeyd edək ki, Rusiyanın Azadlığı Legionu və Rusiya Könüllüləri Korpusu ötən gün Belqoroda növbəti dəfə hücuma keçib.

Rəsmi Bakıdan Armen Qriqoryana cavab

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iyunun 4-də ölkəsinin İctimai Televiziyasına müsahibə zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb. "İlk öncə, delimitasiya prosesinin hansı əsasda aparılması ilə bağlı iddia ilə əlaqədar qeyd edək ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur", - nazirlikdən vurğulanıb. Qeyd olunub ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında həyata keçirilib: "Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır. 30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, əldə edilmiş yazılı və şifahi razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, 8 kəndin Azərbaycana qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, eləcə də hərbi təxribatlarını davam etdirən Ermənistanın Azərbaycanı Ermənistana qarşı təcavüzdə təqsirləndirməsi tamamilə əsassızdır. Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq erməni silahlı qüvvələrinin ötən ilin sentyabr ayında Azərbaycan ərazisindən çıxarılacağını bəyan edən Armen Qriqoryanın, bu bəyanatla Azərbaycana qarşı təcavüz aktlarını necə davam etdirdiklərini təsdiq etməsini də hər kəs yaxşı xatırlayır. Bu çərçivədə, Ermənistanın sülh prosesinə sadiq olduğunu populistcəsinə bəyan etməsi heç bir məntiqə sığmır. Armen Qriqoryanın müsahibə zamanı guya Azərbaycanın saxlanılan ermənilərdən 10 nəfəri azad etməyə söz verdiyini bildirməsi, əslində Ermənistan tərəfinin beynəlxalq humanitar hüquqa və humanizm prinsiplərinə məhəl qoymaması, ölkəmizin erməni əsirlərinin, xüsusilə də yolu azaraq sərhədi keçmiş 10-dan artıq erməni hərbçinin qeyd-şərtsiz dərhal geri qaytarılması üzrə etimad quruculuğu tədbirlərinə Ermənistanın qarşılıq verməməsi kimi əməllərini ört-basdır etmək niyyətini göstərir. Ermənistan tərəfinin Üçtərəfli bəyanatın 9-cu bəndinə zidd olaraq, hələ də Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini bərpa etməməsi, müxtəlif bəhanələrlə prosesi uzatması, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etmək əvəzinə siyasi polemikaya yol açması Ermənistanın prosesə maneçiliyinin bariz nümunəsidir. Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsini həzm edə bilməyən Ermənistan rəsmisinin Laçın yolunun bağlanmasını iddia etməsi gülüncdür. Bununla yanaşı, erməni sakinlərin reinteqrasiyası məsələsinə müdaxiləyə dərhal son qoyulması, Ermənistanın sözdə deyil əməldə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edildiyinin göstəricisi olardı. Bölgədə sülh prosesinin irəlilədilməsi əvəzinə, Ermənistanın rəsmi şəxsinin ölkəsinin yeni silahlanma dövrünə qədəm qoyduğunu bəyan etməsi, bu ölkənin hələ də tarixdən dərs çıxartmadığını nümayiş etdirir. Əldə edilmiş razılıqları yanlış şərh edərək, öz öhdəliklərindən boyun qaçırmaq istəyən Ermənistan tərəfinə xatırladırıq ki, bu destruktiv fəaliyyət bölgədə sülhün bərpasına xidmət etməməklə yanaşı, ilk növbədə Ermənistanın əleyhinədir".

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 77,08 dollara, yüngül neftin bir barreli isə 72,71 dollara təklif edilir.

"8-ci kilometr bazarı"nda yanğın

Bu gün səhər saatlarında Bakının Nizami rayonundakı “8-ci kilometr bazarı”nda güclü yanğın hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti hadisə yerinə cəlb olunub. Hazırda hadisə yerinə yanğınsöndürmə biriqadası işləyir, xəsarət alan barədə məlumat yoxdur.

Bakıda ağır qəza: sürücü öldü, qardaşı yaralandı

Bakıda avtomobilin aşması nəticəsində sürücü ölüb, qardaşı xəsarət alıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Şiriyev Tural Araz oğlu icarəyə götürdüyü “Hunday Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı maneəyə çırpılıb. Nəticədə T.Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı, 2000-ci il təvəllüdlü Turqay Şiriyev isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Rusiyanın itkiləri 211 MİNƏ yaxınlaşır

Ukrayna müharibənin 467-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 210 350 hərbçi, 3848 ədəd tank, 7523 ədəd zirehli döyüş maşını, 3567 ədəd artilleriya sistemi, 584 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 349 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6312 ədəd avtomobil texnikası, 3189 ədəd PUA, 1136 qanadlı raket, 18 gəmi/qayıq, 484 xüsusi avadanlıq itirib.