Gömrük əməkdaşı 640 manat rüşvətə görə həbs olunub - İTTİHAM

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Məlumata görə, Cavid Məmmədov postda yoxlamaların səthi və sürətli aparılması müqabilində qanunsuzluqlara yol verib. Cavid Məmmədov 240 manat rüşvət alıb, 400 manat isə rüşvət qismində almağa cəhd edib. Gömrük əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib. İş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə araşdırılacaq.(apa)

Bakıda qaçırılan maşınla qəza törədilib

Bakıda qaçırılan avtomobil əzilmiş halda tapılıb. DİN-dən verilən məlumata görə, martın 29-da Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Abbasov bir gün əvvəl A.Məhərrəmov küçəsində yerləşən avtomobillərin təmiri sexindən “Hyundai” markalı avtomobilinin qaçırıldığını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Bak-Sumqayıt yolunda əzilmiş vəziyyətdə aşkar olunub. Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Səfərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Rəsmi Bakı: "Azərbaycanlılar Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb"

"Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və dözümsüzlük siyasətinin ayrılmaz tərkib hissəsi olan etnik təmizləmə, soyqırımı və digər insanlıq əleyhinə cinayətlər Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz siyasəti, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı da davam etdirildi". Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatında əksini tapıb. Bildirilib ki, Ermənistanda yaşayan azərbaycanlıların deportasiyası, o cümlədən Azərbaycan ərazilərinin işğalı nəticəsində öz yurdlarından didərgin düşən həmvətənlərimiz Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalıb, dinc əhali Xocalı soyqırımı da daxil olmaqla, soyqırımı aktları, çoxsaylı hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərin qurbanına çevrilib. "44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın cəbhə bölgəsindən kənarda yerləşən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərinin dinc sakinlərinə qarşı törədilən raket hücumları Ermənistanın dövlət səviyyəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini davam etdirdiyini bir daha sübuta yetirdi", - bəyanatda qeyd olunub.

Lənkəranda 8 ədəd tank əleyhinə mina tapılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb. Bu barədə DİN-dən məlumat verilib. Həmin minalar Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Neftin bu günə olan qiyməti

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, “Brent” markalı neftin bir barreli 79,08 dollara, yüngül neftin bir barreli isə 74,32 dollara təklif edilir.

401-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 401-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 173 360 hərbçi, 3615 ədəd tank, 6977 ədəd zirehli döyüş maşını, 2675 ədəd artilleriya sistemi, 526 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 278 hava hücumundan müdafiə sistemi, 306 ədəd hərbi təyyarə, 291 ədəd helikopter, 5521 ədəd avtomobil texnikası, 2248 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 294 xüsusi avadanlıq itirib.

Artilleriya bölmələrimiz hədəfləri məhv etdi - Video

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib. Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

İranla sərhəddə əməliyyat: saxlanılanlar var

Mart ayının 31-də saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Aruz kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən nəfər saxlanılıblar. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Araşdırma zamanı saxlanılan şəxslərin, 1992-ci il təvəllüdlü İran vətəndaşı Rəcəbi Cavad Rəcəb oğlu və 1994-cü il təvəllüdlü Əfqanıstan vətəndaşı Elmiddin Əhmədşah Nurullah oğlu olmaları müəyyən edilib. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İmsakda yemədən oruc tutmaq olarmı?

Dinimizə görə sahura (obaşdanlıq) qalxmaq vacib deyil. Ancaq Ramazanda sahur yeməyini yemək dinimizdə tövsiyə edilən əməllərdəndir. Sozcu.az xəbər verir ki, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, millət vəkili Ceyhun Məmmədov qeyd edib. O bildirib ki, dinimizə görə sahura qalxmaq orucu bərəkətli edir: “Məhəmməd Peyğəmbər (s) bu barədə “Sahur yeməyini yeyin!” deyə buyurub. Bəzən insanlar sahur etmədən oruc tuturlar. Dinimiz bu əməli bəyənmir. Əslində Ramazan öz ənənələri və ibadətləri ilə seçilən aylardandır. Gəlin özümüzdə sahura qalxmaq vərdişi yaradaq. Ramazan orucunu təkmil formada yerinə yetirək”.

Sumqayıtda havaya atəş açıldı: saxlanılan var

Sumqayıtda odlu silahdan havaya atəş açılıb, saxlanılan var. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, şəhər ərazisində odlu silahdan havaya atəş açılması barədə polisə məlumat daxil olub. Araşdırmalarla Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Süleyman Süleymanovun ov tüfəngindən havaya atəş açması müəyyən edilib. Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Süleymanovun evinə baxış zamanı oradan qanunsuz saxladığı 2 ədəd nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.

Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın həyata keçirilməsinə başlanılıb. Mart qırğınları zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıblar. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur. Bu münasibətlə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçirilir.

Rusiyadan əsər-əlamət qalmayacaq - Zelenski

Ukrayna artıq qarşıdakı qələbə üçün hazırlıqlara başlayıb. Ölkə ərazisində bir dənə də olsun rus izi qalmayacaq və dəhşətli cinayətlərdə günahkar olanların hamısı cəzalandırılacaq. Sozcu.az xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində söyləyib. O qeyd edib ki, Ukrayna cəbhədə və ədalətin bərpasında qalib gələcək: “Biz öz torpağımızda Rusiyadan əsər-əlamət qoymayacağıq. Və heç bir düşmən də cəzasız qalmayacaq”.

Ceyhun Bayramov Fələstin Prezidenti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fələstin Prezidenti Mahmud Abbasla görüşüb. Sozcu.az xəbər verir ki, Ceyhun Bayramov bu barədə tviterdəki hesabında yazıb. “Fələstinə rəsmi səfərim çərçivəsində Fələstin Prezidenti Mahmud Abbas tərəfindən qəbul olunmaqdan məmnunam. Azərbaycanla Fələstin arasında ikitərəfli və çoxtərəfli münasibətlərin perspektivləri, regional və beynəlxalq vəziyyət, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Qonaqpərvərliyə və səmərəli görüşə görə minnətdarlığımı bildirdim”, - Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

ABŞ SEPAH-la əlaqəli 8 döyüşçünü məhv etdi

ABŞ-ın Suriyaya son zərbələrində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli 8 döyüşçü öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayder deyib. “Hesablamara görə, SEPAH-ın “Əl-Qüds” qüvvələrinin iki obyektinə endirdiyimiz zərbələr zamanı 8 döyüşçü öldürülüb. Öldürülən döyüşçülərin SEPAH-la sıx əlaqələrinə baxmayaraq, onlar İran vətəndaşları olmayıblar”, - deyə Rayder bildirib.

Ukraynalılar Zelenskidən ölkədə nüvə silahlarının yerləşdirilməsini tələb etdilər

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında ölkədə ABŞ-nin nüvə silahlarının yerləşdirilməsi tələbi ilə petisiya dərc olunub. Müvafiq petisiya dövlət başçısının saytında yerləşdirilib. “ABŞ-nin nüvə silahını Ukrayna ərazisinə yerləşdirin və ya Ukraynanı öz nüvə silahına malik dövlətə çevirin”, - deyə təşəbbüs müəllifi təklif edib. Hazırda petisiyanı 100 nəfər dəstəkləyib. Zelenskinin bunu rəsmi şəkildə nəzərdən keçirməsi üçün petisiya üç ay ərzində 25 min səs toplamalıdır. Mənbə: Ura.ru

FHN Kəlbəcərdə baş verən yanğına niyə müdaxilə etmir?

Kəlbəcər rayonu ərazisində bir neçə saatdır güclü yanğın başlayıb. Turkustan.az-a verilən xəbər və göndərilən videolardan görünür ki, yanğın Kəlbəcər şəhərini əhatə edən dağlıq meşə sahələrini və açıq sahəlıri əhatə edir. Külək yanğın sahəsini daha da genişləndirir. Əraziyə gəlmiş FHN-nin yanğınsöndürən maşını hər hansı tədbir görmək sadəcə mümkün deyil. Yanğın bölgəsinə təcili olaraq FHN-nin havadan yanğınsöndürmə müdaxiləsi lazımdır. Əks halda, yanğın daha çox əraziləri, meşə sahələrini, xüsusilə, yaz fəsli ilə bağlı çiçəkləyən ağacları məhv edəcək. Sozcu.az

Ermənistan və Azərbaycanın yeni mövqeləri arasında 15 metr məsafə var - Erməni nəşri

Azərbaycan tərəfi ötən gecədən etibarən əlverişli mövqelər tutaraq mühəndislik işlərinə başlayıb. Sozcu.az bu barədə “Hetq.am”a istinadən xəbər verir. Nəşr qeyd edib ki, yeni mövqelər Tex-Stepanakert yolundakı keçmiş Ermənistan keçid məntəqəsinin yaxınlığında yerləşir. “Biz yolun bir tərəfindəyik, azərbaycanlılar digər tərəfində, hər iki istiqamətə texnika gətirilib, mövqelərin təchiz olunması istiqamətində işlər aparılır, mövqelər bir-birindən 10-15 metr aralıdadır”, – mənbə bildirib.konkret

Erməni Rusiya üçün silah alveri edirmiş – ABŞ açıqladı

ABŞ erməni millətindən olan Slovakiya vətəndaşı, 56 yaşlı Aşot Mkrtıçevə sanksiya tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Aşot Mkrtıçev 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində Rusiya və Şimali Koreya arasında iyirmi növdən çox silah və sursatın satışı və barterinin təşkilində iştirak edib. ABŞ Maliyyə Nazirliyi aydınlaşdırıb ki, silah müqabilində Şimali Koreya müxtəlif əşyalar – sərnişin təyyarələrindən tutmuş xammal və mallara qədər - alıb.

Hansı avtomobillərin qiymətində bahalaşma olacaq?

Nazirlər Kabineti “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” Qərar qəbul edib. Qərarda qeyd edilir ki, “Zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılsın”. Maraqlıdır, yeni qaydanın tətbiqi avtomobil idxalında gömrük rüsumlarının azalmasına səbəb ola bilərmi? Ümumiyyətlə, bu məhdudiyyət avtomobil bazarına hansı formada təsir edəcək? Mövzu ilə bağlı açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərin sözlərinə görə, yay fəslində bəzi avtomobillər bahalaşa bilər: “Nazirlər Kabinetinin yeni qərarı ölkədə avtomobil parkının yenilənməsinə və ekeoloji vəziyyətin yaxşılaşdırılmasına yönlənib. Belə ki, yaşı 10-dan çox olan avtomobillərin sayı ölkəmizdə həddindən çoxdur. Son illər ərzində Gürcüstandan Azərbaycana ömrünü başa vurmuş, yararsız, metallom daşınıb. Bunun qarşısı qismən alınacaq. Həmçinin, ola bilər ki, bu qərarın verilməsi yeni bir qərarı şərtləndirir. Yəni mümkündür ki, Azərbaycan Avro-4 standartlarından Avro-5 standartına keçid etsin. Onu da qeyd edim ki, bu qərardan sonra yay mövsümündə ikinci əl avotomobil bazarında köhnə maşınların qiyməti 2 faiz yüksələ bilər. Bununla yanaşı, qeyd etmək istərdim ki, qərarın qüvvəyə minmə tarixi 30 gün sonra üçün nəzərdə tutulub. Hazırda vətəndaşlarımızın xarici ölkələrdən aldığı minlərlə avtomobil Yaponiya, Cənubi Koreya, ABŞ kimi ölkələrdən gətirildiyi üçün yoldadır. Oradan da avtomobillərin gəmi ilə gətirilməsi minimum 2-3 ay vaxt aparır. Bəlkə də dövlət sosialyönümlü siyasətini nəzərə alaraq 30 gün müddətini 60 günədək uzatsa, yaxşı olar. Əks təqdirdə həmin avtomobillər Gürcüstan limanında qala, vətəndaşlarımıza maddi ziyam dəyə bilər”. Ekspert mühərrik həcmi kiçik olan avtomobillər üçün gömrük rüsumlarının azaldılmasının uyğun olduğunu da vurğulayıb: “Yeni qaydanın tətbiqindən sonra ölkəmizə idxal olunan yeni avtomobillərin gömrük rüsumlarının azaldılması yaxşı olardı. Dövlət artıq bu istiqamətdə müəyyən addımlar atıb. Belə ki, ölkəmizə idxal olunan hibrid avtomobillər və elektromobillər üçün güzəştlər tətbiq edilib. Elektromobillər ümumiyyətlə bütün gömrük rüsumlarından azaddır, hibrid  avotomobillər isə idxal zamanı ƏDV-dən azad edilib. Düşünürəm ki, gələcəkdə yeni və mühərrik həcmi kiçik olan avotomobillər üçün müəyyən güzəştlərin tətbiq edilməsi avtomobil bazarına müsbət təsir edərdi”. //Sfera.az

"Alman "vəhşi pişikləri" Rusiya tanklarından 95 faiz üstündür..." - Putin "X" günü qorxusu...

"Bu, Qərbin müasir silah sistemləri ilə təchiz olunduğu ən güclü Ukrayna ordusunun öz ölkəsinin rusiyalı işğalçılardan azad etməyə başlayacağı tarixi gün olacaq..." Alman KİV-ləri Ukraynanıni əldə etdiyi  NATO-nun ən müasir texnikasını təsvir edib Rusiya hakimi Vladimir Putin Ukraynanın Qərb müttəfiqlərinin vəd etdiyi bütün zirehli texnikasının alacağı "X" günündən qorxur. Bu, "Ukrayna üçün tarixi gün olacaq". Sozcu.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb. Nəşrin məlumatına görə, ötən bazar günü Ukraynaya onlarla alman döyüş tankları, o cümlədən 20-dən artıq ən müasir "Leopard-2A6" və 40-dək "Marder" maşınları gətirilib. İlkin olaraq Ukrayna ekipajı altı həftə ərzində Almaniyada alman və portuqal ordularının ehtiyatında olan silah sistemləri üzərində məşq edib. "Lakin Ukraynaya öz ölkəsini rusiyalı qəsbkarlardan azad etmək üçün lazım olanları Almaniya, nəhayət, tədarük edən tək ölkə deyil", - məlumatda deyilir. Son bir neçə gündə həmçinin Böyük Britaniya Ukraynaya vəd edilən 14 "Çellencer-2" döyüş tanklarını tədarük edib. Bundan başqa, Amerikanın vəd edilən ilk 90 ədəd "Strayker" döyüş maşınları və bir çox digər ağır silah gətirilib. Daha sonra 100 ədəd "Bredli" zirehli transportyorları və İsveçin 50 ədəd CV90 döyüş maşınları gətiriləcək. Bundan başqa, USQ 40 ədəd fransız AMX-10RS kəşfiyyat tanklarını əldə edəcək. "Beləliklə, "X" gününə geriyə hesablama başlanır. Bu, Qərbin müasir silah sistemləri ilə təchiz olunduğu ən güclü Ukrayna ordusunun öz ölkəsinin rusiyalı işğalçılardan azad etməyə başlayacağı gün olacaq", - nəşr yazır. Münhen Təhlükəsizlik üzrə Konfransının elmi əməkdaşı, hərbi ekspert Niko Lanqe güman edib ki, USQ mayın əvvəli və ya ortasında güclü əkshücuma keçəcək. Bu zamanadək ukraynalılar üçün onların əldə etdiyi silah sistemlərindən istifadə edilməsi üzrə təlimin iki mühüm mərhələsini başa çatdıracaq. "Tanklar və zirehli transportyorlar digər silah sistemləri ilə birgə istifadə edilməlidir", - Lanqe izah edib və dəqiqləşdirib ki, o, artilleriya, pilotsuz uçuş aparatları, minalardan təmizləmə sistemləri və aviasiyanı nəzərdə tutur,  onlar Qərbin hərbi maşınları ilə birgə USQ tərəfindən Rusiya qüvvələrinin maksimal olaraq məhv edilməsi üçün istifadə etməlidir. Lanqe deyib ki, Almaniyanın "Leopard-2A6" tankı Rusiya tanklarından 95 faiz üstündür. O, düşməni hətta hərəkətdə olarkən və ya gecə vaxtı 5 km-dək məsafədə məhv edə bilər. Rusiyanın əksəriyyət tankları isə yalnız dayandığı yerdən və yalnız 1-2 km məsafəyə dəqiq atəş aça bilir. "Sadə dildə desək, əgər ukraynalılar alman "vəhşi pişiklərindən" maksimal olaraq istifadə edəcəksə, o zaman "Leopard-2A6" Amerikanın "Abrams"larının 1991-ci ildə Fars körfəzində əldə etdiyi uğuru təkrarlaya bilər. O zaman amerikalılar Rusiyanın bu gün də istifadə eydiyi analoji sovet tanklarına qarşı bütün tank döyüşlərində qalib gəlib. Təkcə Basra yaxınlığında 27 fevral 1991-ci ildə döyüş zamanı Amerika bölmələri İraqın 186 tankını məhv edib, özləri isə cəmi 4 "Abrams" tankı itirib", - Lanqe qeyd edib.

İranın ittihamı əsassızdır, gülüncdür - MN

Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması haqqında İran tərəfinin ittihamı əsassızdır və tamamilə qəbuledilməzdir. Ümumiyyətlə, Azərbaycan ərazisində kənar elementlər mövcud deyildir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) açıqlamasında deyilir. "İran İslam Respublikası ordusunun Quru Qoşunlarının Komandanı Kiyumərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilmişdir. K.Heydəri öz cəfəng fikirlərində Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Azərbaycanın Suriyadan gətirilən İŞİD terrorçularından istifadə etdiyini və onların hələ də ölkə ərazisində olduğunu iddia edir. O eyni zamanda İran tərəfindən Ermənistan ilə sərhəddə dəyişikliklərə icazə verilməyəcəyini deyir. K.Heydəriyə xatırlatmaq istərdik ki, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamışdır. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 137 kilometrlik hissəsi də işğal edilmişdi. Lakin İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməmişdir. Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənmişdir. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır", - MN bəyan edib. Açıqlamada deyilir ki, Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləyir və dövlətlərin daxili işlərinə qarışmır: "44 günlük Vətən müharibəsində Azərbaycanın guya İŞİD terrorçularından istifadə etməsinə dair ittihama cavab olaraq bildiririk ki, şanlı Azərbaycan ordusu təkbaşına torpaqlarımızı işğaldan azad edərək zəfər salnaməsi yazmışdır. Bu iddia cəfəng ittiham və iftiradan başqa bir şey deyildir. Bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur".

Ukrayna rusların 47 hücumunu dəf etdi

Ukrayna ordusu gün ərzində Kupyansk, Liman, Baxmut, Adveyev və Marinsk istiqamətlərində Rusiya ordusunun 47 hücumunu dəf edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Ukrayna müdafiəçiləri əzmlə Baxmutun müdafiəsini təmin edirlər.

Türkiyə təyyarəsinin heyətinə hücum edildi

İstanbul-Sinqapur reysini həyata keçirən Türk Hava Yollarına (THY) məxsus “Boinq” sərnişin təyyarəsinin kabin heyətinə hücum edilib. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib. Belə ki, təyyarə Hindistan hava məkanına çatdığı zaman sərxoş olduğu aşkarlanan sərnişinlərdən biri kabin heyəti ilə mübahisə etməyə başlayıb. O, heyətə hücum edib, sonra isə özünə xəsarət yetirməyə başlayıb. Təyyarənin kapitan pilotu Çennai hava limanı ilə əlaqə saxlayıb və vəziyyətlə bağlı məlumat verib. Polis qruplarından dəstək istəyib. Nəticədə təyyarə Hindistanın Çennai hava limanına məcburi eniş edib. Təyyarədə insident törədən sərxoş sərnişin isə nəzarətə götürülüb.

Blinkendən çağırış: Dərhal Rusiyanı tərk edin!

ABŞ Dövlət katibi Entoni Blinken “Voll Strit Jurnal”ın əməkdaşı Evan Qerşkoviçin həbsi fonunda Rusiyada qalan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Sozcu.az xəbər verir ki, bu barədə dövlət katibinin bəyanatında deyilir. "Dövlət Departamentinin ən yüksək prioriteti ABŞ vətəndaşlarının xaricdəki təhlükəsizliyidir. Biz Rusiyada ABŞ vətəndaşlarını təhdid edən təhlükə ilə bağlı ciddi xəbərdarlıqlarımızı bir daha təkrar edirik. Rusiyada yaşayan və ya oraya səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər”, - deyə bəyanatda bildirilir.