"Rusiya Çindən daha çox asılıdır" - Blinken

Şişirtmək istəmirəm, lakin onların müəyyən təsir rıçaqları var. Rusiya Çindən daha çox asılıdır. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Antoni Blinken bildirib. "Ümid edirik ki, Çin Rusiya üzərindəki səsindən və təsir rıçaqlarından istifadə edəcək", - Blinken vurğulayıb.

“Biz İrana qarşı sanksiyalara qoşulmalı, anti-İran koalisiyası yaratmalıyıq”

“İran dayanmayacaq. Biz bütün beynəlxalq təşkilatlara İranın Azərbaycana qarşı təhdidlərini çatdırmalıyıq”. Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail Ağamalı bugünkü plenar iclasda çıxışı zamanı deyib. “Avropa, ABŞ-də və digər ölkələrdə İrana qarşı Azərbaycan diasporunun mitinqləri təşkil edilməlidir. Biz İrana qarşı sanksiyalarda iştirak etməli, anti-İran koalisiyası yaratmalıyıq”, - deyə Fəzail Ağamalı bildirib.

İran diplomatları Azərbaycanı belə tərk etdi - Foto

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar. Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb. Diplomatlarla yanaşı onların ailə üzvləri də Azərbaycanı tərk ediblər. Xatırladaq ki, aprelin 6-da İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı İran səfirinə son zamanlar ölkəsi tərəfindən Azərbaycana münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. İran səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb. Həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb olunub.

Ermənilər Laçını atəşə tutdu

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Azərbaycanda yeni təşkilat yaradıldı - FOTO

Bu gün Azərbaycanda “Müstəqil Həmkarlar” İctimai Birliyinin ictimaiyyətə təqdimat mərasimi keçirilib. Sozcu.az xəbər verir ki, “Müstəqil Həmkarlar” İB İdarə Heyətinin üzvləri, deputatlığa keçmiş namizəd, hüquq müdafiəçisi Xəzər Teyyublu, tanınmış ictimai fəal Əhməd Rəhmanov və prezidentliyə keçmiş namizəd Fuad Əliyev yeni yaradılan ictimai təşkilatın məqsədlərini açıqlayıblar. Əsas məqsəd sosial hüquqları pozulmuş vətəndaşların yanında yer almaq, onların problemlərinin hüquqi müstəvidə həllinə nail olmaq və müxtəlif problemlərin həllində vətəndaşlara ictimai dəstək göstərməkdir. Sonda İctimai Birliyin İdarə Heyətinin üzvləri jurnalistlərin suallarını cavablandırıblar.Musavat.com

Əliyev ilə Qaribaşvili təkbətək görüşdü

Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü başlayıb. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qarşılayıb. Prezident İlham Əliyev və Baş nazir İrakli Qaribaşvili birgə foto çəkdiriblər.

Ana həbsdəki oğluna narkotik keçirmək istəyərkən tutuldu

Bakı istintaq təcridxanası və 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş telefon və psixotrop maddə keçirilməsinin qarşısı alınıb. Penitensiar Xidmətdən Sozcu.az-a verilən məlumata görə, hazırda Bakı istintaq təcridxanasında saxlanılan Dəyanət Süleymanova qardaşı Tacəddin Süleymanov tərəfindən gətirilmiş sovqata baxış zamanı gödəkçənin içəri cibində gizlədilmiş “Samsunq” markalı mobil telefon aparatı aşkar edilib. 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Kamran Mirzəzadə ilə qısamüddətli görüşə gəlmiş anası Sevinc Musayevanın üzərinə baxış keçirilən zaman isə gizlətdiyi kağız bükülüdə ümumi çəkisi 0,042 qram psixotrop maddə - metamfetamin aşkar olunub. Hər iki faktla bağlı araşdırma aparılır.

Rusiyanın Su-25 təyyarəsi vuruldu

Ukrayna ordusu Donbasda Rusiyaya məxsus Su-25 təyyarəsini vurub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna ordusu məlumat yayıb. Məlumata görə, təyyarə Marinka yaxınlığında vurulub.

Rusiya qoşunları Donetsk vilayətində geri çəkilir...

"Rusiyalıların lokal uğurları onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək..." "Rusiya ordusu bundan sonra hücum etmək qabiliyyətinə malik deyil..." "Heç bir geriyə çəkilməkdən söhbət getmir, Rusiya MN-nin Hərbi-Desant Qoşunları Baxmuta daxil olur..." Rusiyanın Kremlə müxalif  "Novaya qazeta Yevropa" nəşri Rusiya qoşunlarının Donetsk vilayətində əvvəllər tutduqları mövqelərdən geri çəkilməsi haqqında məlumat verib. Sozcu.az xəbər verir ki, bu barədə "charter97.org" nəşri məlumat yayıb. Jurnalistlərin məlumatına görə, Rusiya ordusu Avdeyevka yaxınlığında "şimal çıxışı"ndan bölmələrini geri çəkir.  "Vodyanoye kəndi yaxınlığında cənub çıxışında hələ ki, tab gətirir, lakin oradan da yaxın iki gündə geri çəkilə bilər. Uqledardakı mövqelər tərk edilib. Orada hazırda on km dərinlikdə olan boz zona yaranıb. Rusiya Silahlı Qüvvələri Volnovaxaya çəkilir. Marinkada hələ ki, cəbhəni saxlaya bilir, lakin orada qoşunların sayı azdır. Baxmutda USQ gecədən əvvəllər "vaqnerçilər"in mərkəzdə ələ keçirdikləri məhəllələri geri almağa başlayıb. Yavaş da olsa, uğurla irəliləyir. Hər şeydən göründüyü kimi, Rusiya SQ Baxmutdan şimala və cənuba geri çəkilməyə hazırlaşır", - həmsöhbət müxbirlərə deyib. Jurnalistlər həmçinin "Volya"  "Telegram-kanal"a istinad edir. Orada "Novaya qazeta"nın mənbəyinin məlumatı təsdiqlənir. Bu zaman qeyd edilir ki, söhbət o mövqelərdən gedir ki, onların uğrunda döyüşlər müharibənin əvvəlindən aparılıb, rusiyalı "hərbi müxbirlər" həlledici hesab edib və hələ payızda əmin ediblər ki, məhz oradan Rusiya SQ  Avdeyevkanı uğurla mühasirəyə ala biləcək". "Volya"nın müəllifləri hesab edir ki, " hazırda Rusiya SQ bütün lokal uğurları, böyük ehtimalla, onların səxavətlə qan tökdükləri mövqelərdən geri çəkilməsilə nəticələnəcək". "Novaya qazeta"nın sorğu keçirdiyi mütəxəssislər Rusiyanın geri çəkilməsinin iki səbəbini açıqlayıb. Birincisi, Rusiya SQ bölmələri bundan sonra hücum etmək qabiliyyətində deyil, çünki insani və maddi resursları tükənib. İkincisi, USQ-nin fəal hərəkətləri rusiyalı generallara göstərib ki, cəbhə eyni zamanda bir neçə yerdən yarıla bilər.  Ona görə Donetsk, Yasinovataya və Qorlovka ətrafında möhkəm müdafiə yaratmaq, habelə Volnovaxa ətrafında müdafiəni möhkəmləndirmək məqsədilə təmas xəttini qısaltmaq qərarı verilib. Hərbi-hüquqi araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musiyenko da təxminən eyni fikirdədir. O, hesab edir ki, Rusiya qoşunları hücum potensialını tükəndirərək, əvvəlcədən hazırlanmış müdafiə mövqelərinə geri çəkilir. Mütəxəssis qeyd edir ki, Rusiya qoşunlarının hücumu və müdafiə xətləri və möhkəmləndirilən rayonların hazırlığı paralel olaraq aparılıb. "Belə təəssürat yaranıb ki, hücuma keçərkən, rusiyalılar müdafiəyə çəkiləcəklərinin labüdlüyünü artıq anlayıb. Hazırda, hər şeydən göründüyü kimi, bu məqam yetişib.  Düşünürəm ki, biz indi Rusiyanın diqqətinin USQ-nin çəkindirilməsi üçün artilleriyadan istifadə etməyə yönələcəyini görəcəyik. Rusiyanın hələ hansısa sayda mərmiləri qalıb", - Alekdandr Musiyenko qeyd edib. "Novaya qazeta Yevropa" alternativ fikirlərə də yer ayırıb. Belə ki, ukraynalı hərbi ekspert Oleq Jdanov adıçəkilən rayonlarda döyüşlərin intensivliyinin aşağı düşməsini başqa amillərlə əlaqələndirir. "Baxmuta Rusiya MN Hərbi-Desant Qoşunları daxil olur. Rusiya MN Baş Qərargah rəisi Valeri Gerasimov köhnə komandanı toplayır və əvvəllər vəzifələrdən azad edilmiş generalları, o cümlədən Aleksandr Lapini geri qaytarır. Heç bir geriyə çəkilmədən söhbət getmir. Döyüş əməliyyatlarının intensivliyi yolların palçıqlı olması ilə bağlıdır", - Jdanov hesab edir.

Trend mahnılarının çoxundan İran qoxusu gəlir - Müğənni

Son illər bir çox məşhurlarımızın oxuduğu mahnıların plagiat olduğu üzə çıxır. Yeni bəstəkarlar hər mahnıdan bir hissə “qoparıb” “yeni” mahnı təqdim edir.  Bəs, bu cür mahnılara yol verməmək üçün nə etmək lazımdır?  Mövzu ilə bağlı müğənni Sevinc Musayeva Bakupost.az -a açıqlamasında deyib ki, musiqi aləmində plagiatlıq ciddi problemə çevrilib: “Yerindən qalxan özünü yazıçı, bəstəkar elan edir. Əvvəllər mənim repertuarımda bir mahnı var idi. Türklərdən oğurlanmışdı. Yaxşı da dinlənib. Amma mən həmin mahnıdan imtina etdim. Çünki o mahnıda əziyyət yox idi. Məsələn, bəstəkar Emin Sabitoğlu, Elza İbrahimovanın mahnılarını böyükdən-kiçiyə hamı sevir. Çünki onların bəstələri beyin məhsulu olub. Zəhmət çəkiblər. Amma indikilər studiyalarda oturub 2 dəqiqəyə mahnı yazırlar. Bir-birindən oğurlayırlar”. S.Musayeva, bu cür mahnıların yazılması və ifa edilməsində dinləyicilərin də rolunun olduğunu qeyd edib. Müğənninin fikrincə, plagiatlığı aradan qaldırmaq üçün monitorinq keçirilməlidir: “Trend olan mahnıların çoxu İran qoxusu gəlir. Mərsiyə tipli, yaxud meyxana formasındadır. Bir mahnı trend olubsa, demək ki, onu dinləyən kütlə var. Bunların aradan qaldırılması üçün monitorinq təşkil edilməsinin tərəfdarıyam. Musiqinin bu kimi sahələrində də yoxlamalar keçirilsə, yaxşı olar”. 

PKK-nın “komandan“ı gizləndiyi mağarada öldürüldü

PKK terror təşkilatının "komandan"ı Türkiyə tərəfindən məhv edilib.  Sozcu.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu tviter səhifəsində məlumat verib.  Bildirilib ki, terrorçu gizləndiyi mağarada zərərsizləşdirilib. Nazir qeyd edib ki, Hakkari vilayətinin Aslandüz rayonu terrordan tamamilə təmizlənib.  Qəhrəmanlarımızın əlinə sağlıq", - nazir qeyd edib. 

Bələdiyyə torpağını satmağa icazə veriləcək

Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə biləcək. Sozcu.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər. Mövcud qanunvericiliyin tələblərinə görə hazırda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları, müəyyən istisnalar olmaqla, yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Qeyd edilib ki, tətbiq ediləcək qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verəcək.

Polis Sabunçuda əməliyyat keçirdi - 50 nəfər tutuldu

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən mart ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 30 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Çavuşoğlu: Türkiyə Azərbaycanla Ermənistanın sülh müqaviləsi imzalamasını zəruri sayır

"Türkiyə Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasını zəruri hesab edir". Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada rusiyalı həmkarı Sergey Lavrovla danışıqların yekununda bildirib. “Biz bu məsələ ilə bağlı, o cümlədən Rusiya ilə məsləhətləşmələri davam etdirəcəyik”, - deyə Çavuşoğlu əlavə edib.

Güneydə müəllimlər etiraz aksiyaları keçirib

Aprilin 6-da Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində müəllimlər etiraz aksiyaları keçiriblər. Bu barədə İran Təhsil İşçiləri Həmkarlar İttifaqı Təşkilatlarının Koordinasiya Şurası məlumat yayıb. Təhsil İdarələrinin binaları qarşısına toplaşan müəllimlər əmək haqlarının verilməməsinə etiraz edib, aprelin 5-də həbs edilən İran Müəllimlər Birliyinin sözçüsü Məhəmməd Həbininin azad edilməsini tələb ediblər. Qeyd edək ki, eyni gündə Kirmanşah, Kərəc, Məlayer və başqa bir neçə şəhərdə də oxşar aksiyalar baş tutub.Günaz.TV

Deputat: “İranda təhsil alan gənclərin zərərli və zəhərli ideologiyaya məruz qalmamaları qeyri-mümkündür”

Azərbaycanın İranda, xüsusən Qum şəhərində təhsil alan dindarların əksəriyyəti artıq kənarlaşdırılır. Lakin belə düşünənlər də var ki, İranda təhsil alan və onların təsiri altına düşməyənlər yerli təhsil alan dindarlarla ortaya birgə iş qoya bilərlər. Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən İlahiyyat İnstitutunun sabiq rektoru, Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib ki, İlahiyyat İnstitutu yeni qurulub. “Artıq bu il ikinci il olacaq ki, İlahiyya İnstitutunun tələbələri məzun olurlar. Amma hesab edirəm, bu İnsitutu bitirən gənclər də, İlahiyyat İnstitutu da proseslərdə daha fəal olmalı, Azərbaycanın dövlət-din münasibətləri modelinin formalaşmasına, ölkəmizdə kənar təsirlərin, müdaxilələrin qarşısının alınmasına öz töhvələrini verməlidirlər. Daha fəal olmadan, daha çox səy göstərmədən məqsədlərimizə nail ola bilməyəcəyik. Çünki İran bu məsələdə daha təcrübəli, daha geniş imkanlara malikdir və bütün gücünü bu prosesə səfərbər edib”, - deputat bildirib. C.Məmmədovun sözlərinə görə, İranın təhsil sistemi elə bir formada qurulub ki, orada təhsil alan gənclərin İranın zərərli və zəhərli ideologiyasına məruz qalmamaları qeyri-mümkündür: “İran orada təhsil alan şəxslərə konkret istiqamət verir. Onların gələcəkdə fəaliyyətləri də İranın müəyyənləşdirdiyi strategiya üzrə həyata keçir və davam etdirilir. Bu baxımdan, İranda təhsil alan gənclərin mütləq əksəriyyəti İranın təbliğatına məruz qalır. Onlar Azərbaycana gələndən sonra dövlət-din modeli münasibətləri, Azərbaycanda İslam dövlətinin qurulması istiqamətində fəaliyyət qururlar. Bu gün İranda oxuyub, təsirə məruz qalmamaq çox çətindir. Amma hamını da bu formada təqdim etmək düzgün deyil. Ola bilər ki, İranda təhsil alan şəxslər arasında iki-üç nəfər öz milli kimliyini qorusun, Azərbaycan dövlətçiliyi baxımından çıxış etsin. Lakin mütləq əksəriyyət təsirə məruz qalıb. Azərbaycan məscidlərində də bu, özünü göstərir. Məscidlərin İranın təsirindən çıxarılması üçün atılan addımları təqdir edirəm”.

"Hacıbala Abutalıbov və İlqar Abbasov Suraxanıda nə qədər torpaq var, satıb, zəbt edib"

“Suraxanıda 20 il ərzində dərəbəylik hökm sürüb. Açıq danışacam, bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra İlqar Abbasov 14 il rayonda nə qədər torpaq varsa satıb, zəbt ediblər”. Bunu Milli Məclisin deputatı Etibar Əliyev bugünkü plenar iclasda çıxışı zamanı deyib. “Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Bu rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pub, restoran, diskoteka var. Bu adamların əlindən gələcəkdə peşə təhsilinin tutumuna uyğun torpaq sahəsi tapmaq olmur. Qaraçuxur və Yeni Günəşlini bu adamlar hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən bələdiyyələr zəlil olub”, - deyə deputat əlavə edib./APA

Saakaşvili RƏSMƏN BƏYAN ETDİ: "Ölürəm"

Saakaşvilinin vəziyyəti kritik həddə çatıb. Sozcu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Bildirilir ki, Gürcüstanda həbsdə olan keçmiş prezident Mixail Saakaşvili vəziyyətinin pisləşdiyini açıqlayıb. 54 yaşlı siyasətçinin sözlərinə görə, 2021-ci ilin oktyabrında “8 il sürgündən sonra” respublikaya qayıdıb. Daha sonra Gürcüstan hakimiyyəti Saakaşvilini saxlayıb və nəzarətə götürüb. “Həbsdə olanda səhhətim sürətlə pisləşdi. İndi isə ölürəm… 20-dən çox ciddi xəstəlikdən əziyyət çəkirəm”, – deyə eks-prezident  hüquqşünas vasitəsilə məlumat çatdırıb. Saakaşvili səhhətinə görə məsuliyyəti Rusiya hakimiyyətinin üzərinə qoyub. Siyasətçinin sözlərinə görə, onun ölümü Rusiyada “qələbə” kimi qeyd olunacaq, Gürcüstanda isə “siyasi xaos” yaradacaq. Daha əvvəl Saakaşvilinin anası bildirib ki, eks-prezident sürətlə arıqlayır, zəhərlənmə səbəbindən siyasətçi yemək yeyə bilmir, əl və ayaqları tutulub.

Tikinti ilə bağlı daha bir yenilik: 6 ay müddətində...

Tikinti işlərinin dayandırılmasına əsas verən hallar dəqiqləşdirilir, pozuntuların aradan qaldırılması üçün verilən müddət 1 ildən 6 aya endirilir. Bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Qüvvədə olan qanuna görə, . tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Layihəyə əsasən, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün müəyyən olunmuş əsas olmadan tikildikdə və bitişik və ya qonşu obyektlərin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda da müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edəcək. Hazırda müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir. Layihəyə əsasən, artıq ən geci 1 il deyil, 6 ay müddətində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular aradan qaldırılmadıqda müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edəcək. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Messinin evini qarət etmək istədilər

2 nəfər şəxs PSJ-nin hücumçusu Lionel Messinin Barselonadakı evinə girməyə cəhd edib. Sozcu.az xəbər verir ki, hadisə aprelin 5-də baş verib. Polis artıq Messinin evinə gələndə cinayətkarlar qaçıblar. Onlar evə girə bilməyiblər. Qeyd edək ki, 35 yaşlı hücumçu 2021-ci ilin yayından Fransa təmsilçisində oynayır. Argentinalı ilə parislilər arasında mövcud müqavilə 2022/23 mövsümünün sonuna kimi hesablanıb. Forvardın PSJ ilə sözləşməsi başa çatdıqdan sonra sabiq kluu "Barselona"ya qayıdacağı bildirilir. Messi bu mövsüm PSJ-nin heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 qolun ötürməsini verib.

Rusiyanın itkiləri 177 mini keçdi

Ukrayna müharibənin 408-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 177 110 hərbçi, 3633 ədəd tank, 7016 ədəd zirehli döyüş maşını, 2722 ədəd artilleriya sistemi, 533 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 281 hava hücumundan müdafiə sistemi, 306 ədəd hərbi təyyarə, 292 ədəd helikopter, 5587 ədəd avtomobil texnikası, 2291 ədəd PUA, 911 qanadlı raket, 18 gəmi/qayıq, 304 xüsusi avadanlıq itirib.

44 yaşlı iş adamı qızına oxşayan gənc xanımla evləndi: Salonunda çalışırmış

ABŞ-ın Arizona ştatından olan 44 yaşlı gözəllik salonu sahibi Kris qızına bənzəyən 28 yaşlı işçisi Savana ilə evlənərək internetdə qınaqla üzləşib. Sozcu.az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb. Kişi onun salonunda bərbər kimi işə düzələn və özündən iki dəfə kiçik olan bir qızla tanış olub. Kris o vaxt boşanıb və depressiyaya düşüb, lakin o, dərhal Savana ilə maraqlanıb və ona yaxınlaşıb. "Boşandıqdan sonra özümə gələn kimi onunla daha çox danışmağa, daha tez-tez yanında olmağa başladım. Hiss etdim ki, aramızda əvvəllər heç vaxt yaşamadığım xüsusi bir şey var", - o deyib. Tezliklə Savana və Kris münasibətə başlayıblar. Yaş fərqi böyük olduğuna görə cütlük əvvəlcə romantikalarını həmkarlarından və qohumlarından gizlədib. Bundan əlavə, Savana Krisin 21 yaşlı qızı Tizziyə bənzəyib ki, bu da başqaları tərəfindən anlaşılmazlığa səbəb ola bilərdi. Sevgililərin münasibəti məlum olanda tənqidlə üzləşiblər. "Tizzi əvvəlcə çaşqın idi", - Savana deyib. Cütlük daha sonra sosial şəbəkədə romantik anlarını paylaşıb və çoxlu mənfi şərhlər alıb. Hamı əmin idi ki, Kris Tizzi ilə zahiri oxşarlığına görə Savana ilə görüşməyə başlayıb. Lakin ittihamlar və qınaqlar cütlüyün münasibətini pozmayıb. Kris nəhayət Savanaya evlilik təklif edib və onların üç övladı olub. Cütlük sosial şəbəkədə birgə videolar yayımlamağa davam edib və mənfi şərhlərə fikir verməyib. "Biz böyük bir ailəyik. Bizim haqqımızda nə dedikləri önəmli deyil. Biz xoşbəxtik və əsas olan da budur", - Savana deyib.milli.az

Bakıda məktəblilər arasında virus yayılıb - Həkimdən XƏBƏRDARLIQ

Məktəblilər arasında suçiçəyi virusu yayılıb. Virusa görə məktəbə getməyənlərin sayında artım müşahidə olunur. Sozcu.az ARB-yə istinadla xəbər evrir ki, suçiçəyi virusuna daha çox paytaxtın Yasamal və Qaradağ rayonlarında, Abşeronun Masazır qəsəbəsi və Xırdalan şəhərində, eləcə də Sumqayıt şəhərində rast gəlinir. Təhlükəli xəstəlik sayılan suçiçəyinə görə həkimlər valideynləri diqqətli olmağa çağırıblar. Vaxtında müalicə prosesinə başlanılmazsa, bu, uşaqların aylarla xəstəxana şəraitində qalması ilə nəticələnə bilər.

Zaurun, Xoşqədəmin, Elçinin reklam etdiyi məhsullar zay çıxdı

Ölkəmizdə ən çox alınan məhsullardan olan bəzi kolbasa və sosiskaların üzərində qeyd edilən məlumatlarla tərkibi uyğun gəlməyib.  Bu faktlar Qida Təhlükəsizliyi Agentlyinin kolbasa və sosiska məhsullarının monitorinqi zamanı üzə çıxıb.  Monitorinq zamanı “Səhliyalı” firmasının “Servelat” kolbasasında mal əti qeyd edildiyi halda tərkibində toyuq DNT-si aşkarlanıb. “Kəndli” adı ilə satılan kolbasanın isə içərisindən bəyan edilmədiyi halda, donuz əti aşkarlanıb. “Köhnə Dad” adlı kolbasada, ”Sevimli Dad” və “Halal 5+” sosisqalarında isə üzərində mal əti bəyan edilsə də, tərkibində mal DNT-si aşkarlanmayıb.  Sözügedən kolbasa məhsullarının reklamını isə vaxtaşırı sosial məzmunlu verilişlərdə görürük. Bu məhsullar teleməkanın ən reytinqli verilişlərində - Zaur Baxşəliyevanın, Elçin Əlibəylinin, Xoşqədəm Hidayətqızının proqramlarında da tez-tez reklam olunur. Bəs görəsən, nöqsan aşkarlanan markaları efirlərdə reklam edən teleaparıcılar bu məsələdə hər hansı məsuliyyət daşıyırmı?  Mövzu ilə bağlı Yenisabah.az-a danışan media üzrə ekspert, hüquqşünas Ələsgər Məhəmmədoğlu bildirib ki, bu məsələdə media nümayəndələri heç bir hüquqi məsuliyyət daşımır:  “Telekanallarda olan reklam əmtəə məhsulunun reklamıdır, məhsulun keyfiyyətinə yönəlik bir reklam deyil. Dolayısıyla media qurumlarına təqdim olunan, hüquqi şəkildə qeydiyyatdan keçmiş, vergisini ödəyən, legitim olan istənilən qurum reklam verə bilir və o reklamı da istənilən media qurumu yaya bilir. Çünki o reklamdan da vergi ödəyəcək. Burada hər hansı formada reklam olunan məhsulun sonradan keyfiyyətinə yönəlik hər hansı problem çıxıbsa, media bunda cavabdehlik daşımır. Bunu düşünmək belə mənasızdır. Çünki medianın elə bir öhdəliyi yoxdur ki, öncə məhsulu keyfiyyət kontrolu etsin, sonra reklam etsin. Məsələ bu aspektdən düşünülə bilməz”.  Ekspert qeyd edib ki, AQTA-nın apardığı bu monitorinq daha çox bəzi markaları gözdən salmaq alətinə bənzəyir:  “Mən Qida Təhlükəsizliyi Agentliyinin yanaşmasına da şübhəli baxdım. Əgər istənilən halda bir monitorinq aparılırsa, məhsullar laboratoriyaya göndərilirsə, birinci bununla bağlı cəmiyyətə daha detallı və aydın informasiya verilməlidir, datalar çox aydın şəkildə göstərilməlidir. Əgər monitorinq aparılırsa, istisnasız olaraq bütün markalar yoxlanılmalıdır, bundan sonra həmin markalar arasında hansında problem olub, hansında olmadığı göstərilməlidir. Əgər AQTA 5 markanın adını çəkirsə, bu, həmin markaları gözdən salmaq üçün alətə daha çox oxşayır, nəinki sistemli monitorinqə. Cəmi 5-6 markanın adını çəkmək markanı etibarsızlaşdırmaqdır və hesab edirəm ki, dövlət qurumu bu məsələdə Konstitusiyanın 25-ci maddəsi (bərabərlik hüququ) baxımından da problem yaradır”.