Xarici ölkələrin təcrübəsinə baxan zaman görürük ki, insanlar üç ildən bir iş yerinin dəyişmənin tərəfdarıdırlar. Üç ildən bir iş yerlərini dəyişməyəndə, karyera inkişafı olmayacağı qənaətinə gəlirlər. Maddi cəhətdən də belə fikir formalaşır ki, iş yerini dəyişməyən zaman maaş artımı daha az olur. Bəs Azərbaycanda neçə ildən bir iş yerimizi dəyişməliyik? Azərbaycanda 3 ildən bir iş yerini dəyişməyə şərait varmı?
Bu barədə Moderator.az-a danışan İnsan resursları meneceri, şəxsi inkişaf kouçu Aytən Şıxaliyeva deyir ki, iş yerində uzun müddət qalmaq insanın öz bacarıqlarını tam inkişaf etdirməsinə mane ola bilər:
“Yeni iş yerləri yeni məsuliyyətlər və fərqli bacarıqlar tələb edir ki, bu da karyera inkişafına təkan verir. Həmçinin, işçilərin iş yerlərini dəyişməsi zamanı maaşlarının artırılması daha asan olur. İş yerləri dəyişən zaman yeni iş yerləri daha yüksək əmək haqqı təklif edə bilər. Eyni zamanda fərqli iş yerlərində çalışmaq daha geniş və zəngin professional şəbəkələr yaratmağa da kömək edir”.
A.Şıxaliyeva bildirdi ki, Azərbaycanda iş yerini dəyişməklə bağlı vəziyyət xarici ölkələrə nisbətdə müəyyən dərəcədə fərqlənir:
“Azərbaycan iqtisadiyyatı son illərdə müxtəlif sahələrdə inkişaf edir. Xüsusilə, informasiya texnologiyaları, maliyyə və mühəndislik, rəqəmsal xidmətlər sahələrində iş yerlərini dəyişmək daha asandır. Bu sahələrdə ixtisaslı işçilər üçün tələbat yüksəkdir və iş yerlərini dəyişmək üçün kifayət qədər imkanlar da olur. Belə halda üç ildən bir iş yerini dəyişmək karyera inkişafı üçün müsbət ola bilər. Amma bəzi sektorlarda iş yerlərinin sabit olmaması və məhdud imkanlar insanların tez-tez iş yerlərini dəyişməsini çətinləşdirir. İş bazarı, iqtisadi şərtlər və karyera perspektivləri bu təcrübənin ölkədə nə dərəcədə uyğun olduğunu müəyyən edir”.
Menecerin sözlərinə görə, Azərbaycanda iş yerinə bağlılıq və sabitlik də çox vaxt üstünlük hesab edilir:
“İnsanlar uzun müddət eyni iş yerində işləməyi təhlükəsizlik və etibarlılıq kimi qəbul edirlər. Azərbaycanda 3 ildən bir iş yerini dəyişmək tam olaraq mümkün olmasa da, bu təcrübənin bəzi aspektləri karyera inkişafına və maddi rifaha töhfə verə bilər. İşçilər öz sahələrində və ya oxşar sahələrdə yeni imkanları dəyərləndirməli və davamlı olaraq öz bacarıqlarını inkişaf etdirməlidirlər. Bu yolla, həm karyera inkişafı, həm də maddi rifah səviyyəsini artırmaq mümkündür”.