Dünyanın ən güclü orduları: Neçənci yerdəyik?

Dünyanın ən güclü ordularının reytinqində Azərbaycan Ordusu 60-cı yeri tutub. Sozcu.az xəbər verir ki, bu barədə "Global Firepower" portalının dərc etdiyi siyahıda bildirilir. İran 16-cı, Ermənistan 91-cı, Gürcüstan 94-cü yeri tutur. Qeyd edək ki, birinci yerdə yenə ABŞ ordusu qərarlaşıb. İkinci və üçüncü yerləri isə Rusiya və Çin bölüşür. Türkiyə 9-cu yerdədir.

Türkiyə səfirliyi təkzib etdi: Yeni səfir Bakıda deyil

17:51 Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün Bakıya gəldiyi barədə xəbəri Türkiyə səfirliyi təkzib edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfirliyinin sosial şəbəkə hesabında məlumat yayılıb Bildirilib ki, Akgün fevral ayında vəzifəsinin icrasına başlayacaq.

Ərinin qətlinə görə tutulan qadın sərbəst buraxıldı

Salyan rayonunun Yeni Uluxanlı kəndində ərini qətlə yetirməkdə şübhəli bilinən 39 yaşlı Mətanət Hüseynova sərbəst buraxılıb. Sozcu.az Oxu.Az-a istinadən xəbər verir ki, ötən il dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürülməsi ilə bağlı başqa şəxs saxlanılıb. Qeyd edək ki, polis və prokurorluğun birgə fəaliyyəti nəticəsində ötən ilin dekabrın 18-də itkin düşmüş Salyan rayon sakini, 1984-cü il təvəllüdlü Röyal Hüseynovun qəsdən öldürüldüyü müəyyən edilib. 1986-cı il təvəllüdlü Mətanət Hüseynovanın Salyan rayonunun Yeni Uluxanlı kəndində işlədikləri fermada aralarında yaranmış mübahisə zamanı əri Röyal Hüseynova ov tüfəngi ilə atəş açaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün meyiti hissələrə bölərək kənd ərazisindəki kollektora atmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanılıb, Mətanət Hüseynova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmiş və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulmuşdu. Mətanət Hüseynova Neftçala Rayon Xəstəxanasının cərrahı, bölgədə tanınmış həkim Fədail Salmanovun qızıdır, iki yeniyetmə övladı var.

Abşeronda iki pakistanlının üzərinə hasar aşdı, biri öldü

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az Report-a istinadla xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb. Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb. Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Avtomobildə meyiti tapılan şəxs maşını özü yandırıbmış

Sumqayıtda avtomobilin içərisində yanaraq, ölən şəxs narkotik istifadəçisi imiş. Sozcu.az TNS-ə istinadla xəbər verir ki, avtomobili yandıran şəxs 1985-ci il təvəllüdlü Fikrət Həsənli narkotik aludəçisi olub və tüfeyli həyat tərzi keçirib. Bir ay əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki mənzillərdən birinə kirayə köçən F.Həsənli əsasən, gecə saatlarında yaşadığı evi tərk edib, küçələrdə gəzirmiş. Yanvarın 12-də saat 04:00 radələrində otaq yoldaşlarının birinin mobil telefonunu da götürüb evdən çıxıb. Saat 06:00 radələrində küçədə Rusif Nəzərova məxsus avtomobilin şüşəsini qıraraq maşına daxil olub. O, avtomobilin ön oturacağına od vuraraq maşının içərisində oturub. Nəticədə F.Həsənli avtomobillə birlikdə yanıb. Avtomobildəki yanğın söndürülərkən onun yanmış meyiti aşkarlanıb. Xatırladaq ki, yanvarın 12-də səhər saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində, qəsəbə sakini Rusif Nəzərova məxsus “KİA Sorento” markalı avtomobildə yanğın baş verib. Avtomobildə F.Həsənlinin yanmış meyiti tapılıb.

Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Goranboyda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Faxralı kəndində qeydə alınıb. Kənd sakinləri - 1983-cü il təvəllüdlü Ş.Əsgərov, 1987-ci il təvəllüdlü H.Qocayeva, 2014-cü il təvəllüdlü Ç.Əsgərov və 2016-cı il təvəllüdlü Ə.Əsgərov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, vəziyyətlərinin orta ağır olduğu bildirilib. Məlumata görə, ailə üzvləri yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər isə bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşama doğru bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 2-7° isti olacaq.

İranda partlayış baş verdi

İranın Qum şəhərində partlayış olub. Sozcu.az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, kimyəvi maddələr fabrikində partlayışdan baş verən yanğın nəticəsində 5 nəfərin yaralandığı bildirilir. Partlayışın hansı səbəbdən baş verdiyi açıqlanmır.

Qubada ağır qəza: sürücü öldü

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib. Sozcu.az xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ-2107 markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Bağbanlı kənd sakini Taleh Malik oğlu Rüstəmov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Mel Gibsondan şok: Buna görə şəhəri yandırdılar!

Yeni düzən üçün bütün şəhəri (Los-Ancelesdəki yanğınlar nəzərdə tutulur – red.) yox etdilər. Hollivud onsuz da gözdən düşmüş sektor idi. Sozcu.az xəbər verir ki, bu sözləri məşhur Hollivud aktyoru, Los-Ancelesdə malikanəsi yanmış Mel Gibson deyib. O, film sektorunda etika problemlərinin olduğunu, artıq təhlükəsizliyini və etibarını itirdiyini bildirib. Qeyd edək ki, aktyorun bu açıqlaması sosial mediada geniş-əks səda doğurub.

Daha 85 min sakin Los-Ancelesdən təxliyə edilir

Los-Ancelesdə meşə yanğınları səbəbindən daha 85 min sakinə təxliyə xəbərdarlığı edilib. Sozcu.az xəbər verir ki, bu barədə regionun şerifi Robert Luna deyib. Həmçinin Los-Anceles vilayəti Yanğınsöndürmə İdarəsinin rəisi Entoni Maron bölgədə yanğın təhlükəsinin yüksək olaraq qaldığını açıqlayıb. Qeyd edək ki, bundan öncə 330 min sakinə təxliyə barədə xəbərdarlıq edilmişdi.

İtaliyada qar uçqunu: ölənlər var

Alp dağlarının İtaliyanın şimalındakı Piemont regionundan keçən hissəsində 5 nəfər qar uçqunu altında qalıb. Sozcu.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Qar uçqunundan sonra bölgədə axtarış-xilasetmə işləri başlayıb. Qeyd edilir ki, təbii hadisə nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər xilas edilib. Zərəçəkənlər xəstəxanaya aparılıb. Onların xizəkçi və ya turist olduqları hələ məlum deyil.

Yollarda görmə məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında vəziyyət açıqlanıb. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yanvarın 13-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 700-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Türkiyə ordusundan əməliyyat: 9 PKK-çı öldürüldü

Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimalında həyata keçirdiyi əməliyyat nəticəsində 9 terrorçu öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, əməliyyat nəticəsində İraqın şimalındakı "Pençe-Kilit" və Metine bölgələrində PKK terror qruplaşmasının üç üzvünün məhv edildiyini açıqlayıb. Suriyanın şimalındakı "Fərat qalxanı" və "Sülh çeşməsi" əməliyyat bölgələrində isə daha altı terrorçu zərərsizləşdirilib.

Almaniya Suriyaya 50 milyon avro yardım göndərir

Almaniya Suriyaya 50 milyon avro məbləğində əlavə humanitar yardım ayıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin məlumatında deyilir. "Biz keçid dövründə mülki əhaliyə əlavə 50 milyon avro humanitar yardım təqdim edirik. “Bu, Suriyadakı vəziyyəti sabitləşdirmək, Almaniyada və Avropada öz təhlükəsizliyimizi təmin etmək məqsədinə xidmət edir”, - deyə bildirilib.

Venesuela Baş Konsulluğuna partlayıcı atıldı

Portuqaliyanın paytaxtı Lissabonda Venesuela Baş Konsulluğunun binasına naməlum şəxslər tərəfindən partlayıcı atılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb. Bildirilib ki, hadisə zamanı xəsarət alan olmasa da, binaya zərər dəyib. Portuqaliya rəsmiləri hücumu pisləyib və təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verib.

Aİ-dən Bakı və İrəvana: Dəstək verməyə hazırıq!

Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə dəstəyini gücləndirməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono X sosial şəbəkəsində yazıb. O qeyd edib ki, Aİ hər iki ölkənin rəsmiləri ilə sülhə nail olmağın, vəziyyətin normallaşdırılmasının və regional əməkdaşlığın inkişafının ən səmərəli yolları ilə bağlı dərin fikir mübadiləsini yüksək qiymətləndirir. "Aİ bu prosesdə geniş dəstək verməyə hazırdır. Bundan əlavə, biz regional əməkdaşlığı gücləndirmək üçün təşəbbüsləri irəli sürməyə çalışırıq”, - Qrono vurğulayıb.

ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi yandı

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles dairəsində baş verən fəlakətli yanğınlar nəticəsində əslən Gəncədən olan azərbaycanlı iş adamı da zərər çəkib. Sozcu.az Yeni Sabah-a istinadla xəbər verir ki, iş adamı Frank Solmanın da evinin və maşınlarının yanıb kül olduğu deyilir. Qeyd edək ki, Frank Solman Bakıda anadan olub. 2000-ci ildə ABŞ-a köçüb. Hal-hazırda o, SOCAL ENERGY Inc və Leadsack Inc şirkətinin baş direktorudur.

Yəməndə qaz anbarında partlayış: 8 ölü, 50 yaralı

Yəməndə qaz anbarında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Hadisə Əl-Bayda əyalətində qeydə alınıb. Partlayış nəticəsində 8 nəfər ölüb, 50-ə yaxın şəxs yaralanıb. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

Bu ərazilərdə 8 dərəcəyədək şaxta oldu – Faktiki hava

Yanvarın 12-si saat 9:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Qərb küləyi əsib, arabir Qobustanda 16 metr/saniyəyədək güclənib. Sumqayıt, Pirallahı, Yevlax, İmişli, Sabirabad, Cəfərxan, Naxçıvan, Quba, Şabranda duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 5 dərəcəyədək isti, Naxçıvan Muxtar Respublikasında və dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb.

Sumqayıtda kişi avtomobildə yandı

Sumqayıt şəhərində "Kia" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Fövqəladə Hallar Nazirliyindən Sozcu.az-a verilən xəbərə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

3 prioritetim var: Sülh prosesi, Real Ermənistan…

Mən sülh prosesini, rəqəmsallaşmanı və korrupsiyaya qarşı mübarizəni özüm üçün prioritet, lokomotiv proqram hesab edirəm. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İcevanda keçirilən müşavirədə deyib. “Və mən yenidən Real Ermənistanın ideologiyasına və konsepsiyasına qayıtmaq istəyirəm. Bizim Təhsil və Elm Nazirliyi ilə müzakirələr aparmağa imkanımız oldu və mən əsasən Real Ermənistanın mədəni ideologiyasının nədən ibarət olması məsələsini qaldırdım. Amma biz bu sualı bütün sahələrə verməliyik: Real Ermənistanın iqtisadi siyasəti, Real Ermənistanın sosial siyasəti, xarici siyasəti nədir? Təhsil və Elm Nazirliyi sferasında bizim nə etməli olduğumuz artıq bəllidir, müdafiə sahəsində Real Ermənistanın ideologiyası da görünür. Biz bütün sahələrə baxmalı və bütün siyasətimizdə bu sualı verməliyik. Bu müddət ərzində Real Ermənistan ideologiyasını inkişaf etdirmək və onu daha sistemli siyasi ideologiya kimi formalaşdırmaq lazımdır”, - o bildirib.

Paşinyan Bakının tələbini qəbul etdi: Rəsmi müraciət olacaq

“Ermənistan Mins qrupunun ləğvi ilə bağlı ATƏT-ə mürcət etməyi nəzərdən keçirir”. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş nazir administrasiyasının mətbuat katibi Nazeli Baqdasaryan açıqlayıb. O, Baş nazir Nikol Paşinyanın Mins qrupunun ləğvini daha məqsədəuyğun hesab etdiyini bildirib: “Baş nazir ötən il dekabrın 19-da “Armepress”ə müsahibəsində deyib ki, əgər münaqişə yoxdursa, onun həlli üçün formatın mövcudluğuna da ehtiyac qalmır. Lakin İrəvan Bakının da məsələyə eyni məntiqlə yanaşıb-yanaşmadığından əmin olmaq istəyir. Ermənistan Azərbaycanın ərazi bütövlüyün birmənalı şəkildə tanıyır”. Xatırladaq ki, Nikol Paşinyan daha öncə Mins qrupunun ləğvi ilə bağlı təklif irəli sürdüyünü açıqlayıb. Qeyd edək ki, Azərbaycan dəfələrlə sülh müqaviləsinin imzalanması üçün əsas şərtlərindən birinin ATƏT-in Mins qrupunun ləğv edilməsi olduğunu vurğulayıb.

Müəllim təhsilverəndir, yoxsa jurnalyazan... - TƏNQİD

“Məktəblərin tədris mərkəzi olmaqdan çıxıb, müxtəlif inzibati və formal işlərin icra edildiyi bir yerə çevrilməsi həm təhsil keyfiyyətini, həm də şagird-müəllim münasibətlərini ciddi şəkildə zədələyir. Apardığımız müşahidələr göstərir ki, nazirlik tərəfindən tətbiq edilən inzibati yüklərin və müxtəlif tədbirlərin çoxluğu tədris prosesinin əsas məqsədlərinə kölgə salır. Hər gün, hətta bəzən gündə bir neçə dəfə keçirilən tədbirlər dərslərin keyfiyyətinə və davamlılığına təsir edir, nəticədə şagirdlərdə və müəllimlərdə təhsilə qarşı maraq azalır”. Bu barədə fikirləri təhsil üzrə ekspert Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib.  O qeyd edib ki, müasir dövrdə məktəblərin əsas vəzifəsi şagirdlərə bilik və tərbiyə vermək olsa da, inzibati işlərin artması bu funksiyanı ikinci plana keçirib. Müəllimlər əsas vəzifələrini yerinə yetirmək əvəzinə, vaxtlarının əksər hissəsini jurnal doldurmağa, hesabat hazırlamağa və tədbirlərin təşkili ilə məşğul olmağa sərf edirlər. Bu vəziyyət onların tədris prosesinə yaradıcı yanaşma imkanlarını məhdudlaşdırır və iş motivasiyasını azaldır: “Şagirdlər üçün isə vəziyyət daha mürəkkəbdir. Tədris prosesinin tez-tez tədbirlər və digər kənar fəaliyyətlərlə kəsilməsi onların dərslərə diqqətini dağıdır və təhsilə maraqlarını azaldır. Şagirdlər təhsil aldıqları mühitin sabit və aydın olmasını gözləyirlər. Lakin tədbirlərin çoxluğu və dərs cədvəlinin davamlı pozulması onların həm akademik göstəricilərinə, həm də emosional rifahına mənfi təsir göstərir”. Dünya təcrübəsi ilə Azərbaycan təcrübəsini müqayisə edən ekspert bildirir ki, təhsil səviyyəsinin yüksək olduğu ölkələrdə bu cür vəziyyətlərdə məktəblərin əsas vəzifələrinə fokuslanması üçün ciddi islahatlar aparılmalıdır. “Finlandiyada təhsil sistemi tamamilə şagirdlərin inkişafına yönəlib. Müəllimlərə geniş sərbəstlik verilir və onlar yalnız tədris və tərbiyə işləri ilə məşğul olurlar. İnzibati işlər isə minimum səviyyədədir və rəqəmsal sistemlər vasitəsilə idarə olunur. Bunun nəticəsində Finlandiya məktəbləri təhsil keyfiyyəti üzrə dünyanın liderləri sırasında yer alır. Yaponiyada da oxşar təcrübə mövcuddur. Tədbirlər əsasən dərsdən sonra və könüllülük prinsipi əsasında təşkil edilir. Beləliklə, dərs saatları yalnız tədris məqsədlərinə həsr olunur və şagirdlərin diqqəti əsas bilik və bacarıqların inkişafına yönəldilir. Bu yanaşma şagirdlərin akademik nəticələrinin artmasına və məktəb mühitində ümumi razılığın təmin olunmasına səbəb olub. Azərbaycanda isə vəziyyət fərqlidir. Təhsil Nazirliyi tərəfindən təqdim olunan statistikaya görə, ölkə üzrə məktəblərdə tədbirlərin sayı ildən-ilə artır. 2023-cü ildə orta məktəblərdə keçirilən tədbirlərin sayı əvvəlki illərlə müqayisədə 15% artmışdı. Tədbirlərin çoxu formallıq xarakteri daşıdığı və real təhsil prosesinə dəstək vermədiyi üçün həm müəllimlər, həm də şagirdlər tərəfindən mənfi qarşılanır”. “İlk növbədə, inzibati yükün azaldılması üçün rəqəmsal texnologiyalardan istifadə genişləndirilməlidir. Elektron jurnalların və hesabatların tətbiqi müəllimlərin vaxtını azad edəcək və onların əsas diqqətini dərs prosesinə yönəltməsinə imkan yaradacaq. Müasir texnologiyalar inzibati işləri avtomatlaşdıraraq həm vaxta, həm də resurslara qənaət edir” - bu problemi həll etmək üçün bir neçə əsas istiqamətdə dəyişikliklər təklif irəli sürən Kamran Əsədov bildirib: “Digər bir həll yolu məktəblərdə tədbirlərin sayının və mahiyyətinin təkrar gözdən keçirilməsidir. Tədbirlər yalnız tədris proqramını dəstəkləyən və şagirdlərin şəxsi inkişafına töhfə verən formada təşkil edilməlidir. Məsələn, elmi yarışmalar, debatlar və şagirdlərin praktiki biliklər əldə etməsinə xidmət edən fəaliyyətlər bu baxımdan məqsədəuyğundur. Bunun əksinə olaraq, kütləvi və formal xarakter daşıyan tədbirlər təhsil prosesindən tamamilə kənarlaşdırılmalıdır. Eyni zamanda, məktəblərdə müəllim və şagirdlərin iştirakının qiymətləndirilməsi mexanizmi dəyişdirilməlidir. Hazırda tədbirlərdə iştirak, bəzi hallarda, müəllimlərin və şagirdlərin nailiyyət göstəricilərinə təsir edir ki, bu da onların məcburi şəkildə tədbirlərdə iştirak etməsinə səbəb olur. Təhsil sistemi isə bu yanaşmadan imtina etməli və yalnız dərs prosesində əldə olunan nailiyyətlərə əsaslanmalıdır. Nəhayət, təhsil sahəsində islahatlar aparılarkən müəllimlərin, valideynlərin və hətta şagirdlərin fikirləri nəzərə alınmalıdır. Onların təklifləri və narahatlıqları islahatların daha uğurlu və effektiv həyata keçirilməsinə kömək edəcək”.