Vətəndaş maaş və pensiyasını istədiyi bankdan ala biləcək

Mərkəzi Bank bank sektorunda təmərküzləşmənin qarşısını almaq məqsədilə ciddi addımlar atmağa qərarlıdır. Sozcu.az xəbər verir ki, bunu iqtisadçı Əkrəm Həsənov dünən Mərkəzi Bankın sədri ilə 9 iqtisadçı-ekspert arasında keçirilən ənənəvi görüşlə bağlı deyib. “Artıq məmurların maaşlarının və pensiyaların yalnız iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaş və pensiyasını ala biləcək. Əslində, qanunla bu hüquq mövcuddur, lakin ona əməl olunmurdu. Bununla yanaşı, Mərkəzi Bank islam bankçılığı institutlarını da mərhələli şəkildə tətbiq etməyi planlaşdırır”, - ekspert bildirib.axar)

Ukrayna atəşkəsə gedə bilməz - Makron

Rusiya Silahlı Qüvvələrinin Kiyevə endirdiyi zərbədən sonra Ukrayna atəşkəsə razılaşa bilməz. Sozcu.az BFMTV telekanalına istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron deyib. Onun fikrincə, ABŞ prezidenti Donald Trampın “qəzəbi” Rusiyaya yönəlməlidir. Bundan əvvəl Tramp Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazı olduğunu bildirmişdi. Rusiya ordusu gecə saatlarında Kiyevə birləşmiş raket hücumu həyata keçirib.

Trampdan Putinə çağırış: "Vladimir, dayan!"

ABŞ prezidenti Donald Tramp Rusiyanın ötən gecə Kiyevə hücumu barədə açıqlama verib.  Sozcu.az xəbər verir ki, bu barədə Tramp özünün "Truth" sosial səhifəsində yazıb.  "Buna ehtiyac yoxdur. Vladimir, dayan. Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Hər həftə 5000 əsgər ölür. Gəlin sülh sazişi imzalayaq", - deyə ABŞ prezidenti qeyd edib.  Qeyd edək ki, hücum nəticəsində 9 nəfər həlak olub.

10 gün iş olmayacaq

İyun ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb. Sozcu.az konkret.az-a istinadla xəbər verir ki, iyun ayının 15-də qeyd olunan Milli Qurtuluş Günü bazar gününə düşdüyü üçün, iyunun 16-ı qeyri-iş günü sayılacaq. Eyni zamanda, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. Bu il iyunun 26-sı həftənin 4-cü gününə təsadüf edib. Beləliklə, 5 günlük işləyənlər üçün şənbə və bazar günlərini də nəzərə alsaq, həmin şəxslər üçün iyun ayında 10 gün qeyri-iş günü olacaq.

Uşaqları, böyükləri diri-diri basdırıblar - Zelenski

Rusiya atəşkəsə hazır olduğunu deyirsə, Ukraynaya kütləvi zərbələrini dayandırmalıdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CAR Prezidenti Siril Ramafosa ilə keçirdiyi mətbuat konfransında deyib. “Kiminsə daxilində nə baş verdiyini bilmirəm, amma ukraynalıların səbri davam gətirməyəcək. Başa düşürsünüz? Çünki biz hücuma məruz qalmışıq. Və başqa heç kim. Bunu heç kimə arzulamazdım, amma biz Rusiya raketlərinin hücumu altındayıq. Ukraynanın terrorçularla danışıqlar masasına oturmağa hazır olması artıq böyük kompromisdir. Bizə hücum ediblər, ərazilərimizi işğal ediblər, uşaqları, böyükləri diri-diri basdırıblar”, - Zelenski bildirib.

Müdafiə Nazirliyi toplanışlarla bağlı məlumat yaydı

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tədris proqramına müvafiq olaraq, toplanışa cəlb edilmiş heyətlə xüsusi təyinatlı hərbi hissələrdən birində nəzəri və praktiki məşğələlər keçirilib, hərbi vəzifəlilərin sıra hazırlığı təkmilləşdirilib. Müxtəlif təlim sahələrində baş tutmuş məşğələlər zamanı əvvəlcə hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib, eləcə də Azərbaycan Ordusunun mühəndis bölmələrinin silahlanmasında olan müasir xüsusi vasitələr barədə geniş məlumat verilib. Məşğələlər zaman hərbi vəzifəlilər bölmələrimizin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması üzrə praktiki vərdişlərini sınayıblar, həmçinin fərdi kimyəvi mühafizə vasitələrindən istifadə qaydalarını öyrəniblər. Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparıldıqdan və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra onlar müxtəlif atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra ediblər. Plana uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ordumuzun arsenalına yeni daxil edilmiş silahlarla tanış olmaq, onların döyüş tətbiqini öyrənmək məqsədilə keçirilən təlim toplanışı davam edir.

Paşinyan bayrağımızı yandıranları təxribatçı adlandırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gecə İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasını pisləyib və bunu təxribat adlandırıb. Sozcu.az xəbər verir ki, bunu Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan deyib. “Baş nazir Paşinyan bunu məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən qonşu dövlətlərin bayraqlarının yandırılması dövlət başçısı tərəfindən başqa cür qəbul edilə bilməz. Bu təxribatçı və təhrikedici bir təcrübədir”, - o bildirib.

Əvəz Zeynallı və Ələsgər Məmmədli azad ediləcək?

Bu gün jurnalist Əvəz Zeynallı və media eksperti Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün məhkəməyə edilmiş müraciətlərə baxılacaq. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hər iki media nümayəndəsinin xəstəliyi ilə bağlı həbsdən azad edilməsi istənilir. İlk proses Bakı Ağır Cinayətlər Məhkəməsində saat 10:30-a təyin edilib. Hakim Azər Tağıyevin sədrlik etdiyi məhkəmə heyəti “Toplum Tv” işi üzrə ittiham olunan Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması vəsatəti üzrə qərarını açıqlayacaq. Vəsatətə əsas kimi təqsirləndirilən şəxsin ağır xəstəlikdən əziyyət çəkməsi göstərilib. Saat 15:30-da isə Nizami Rayon Məhkəməsində Əvəz Zeynallının cəzasının çəkilməmiş hissəsindən azad edilməsi məsələsi müzakirə ediləcək. Burada qərarı hakim Nigar Qədirli qəbul edəcək. Bu yaxınlarda Əvəz Zeynallıda xərçəng xəstəliyi aşkar edilib. Ərizənin təmin edilməsi üçün də əsas olaraq bu göstərilib. Qanuna görə, məhkum ağır xəstəliyə tutularsa, cəzaçəkmədən azad edilə bilər. Qeyd edək ki, Ələsgər Məmmədli ötən il həbs edilib. Onun cinayət işi üzrə məhkəmə araşdırması indi başlayıb. Əvəz Zeynallı isə ötən il 8 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Zavodda bədbəxt hadisə – Qadının barmaqları amputasiya olundu

Qaradağ rayonu Sahil qəsəbəsində yerləşən “Norm Sement” zavodunda bədbəxt hadisə baş verib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, zavodda işləyən qəsəbə sakini 1972-ci il təvəllüdlü Mahilə Malik qızı Pəsərəkovanın əli ehtiyatsızlıqdan avadanlığın içində qalıb. Xəsarət alan qadının 2 barmağı amputasiya olunub. Xəstəxanaya yerləşdirilmiş M.Pəsərəkovanın vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.

Mikroavtobus aşdı: 1 ölü, 4 yaralı

Lerikdə mikroavtobus aşıb, ölən və yaralananlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib. Belə ki, ilkin məlumata görə "Ford" markalı mikroavtobusu yoldan çıxaraq aşıb. Nəticədə bir nəfər Yardımlı rayon sakini ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza Yardımlı rayonuna daha yaxın ərazidə olduğu üçün yaralıların Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparıldığı bildirilir.

Şamaxıda kişi dağdan yıxılaraq öldü

Şamaxıda kişi dağdan yıxılaraq ölüb. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində qeydə alınıb. Abşeron rayon sakini, 1953-cü il təvəllüdlü Sabir Səfər oğlu Xəlilov dağda çaşır yığan zaman yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

Zəlzələ İstanbulu təşvişə saldı - Məktəblər və universitetlər bağlandı

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra məktəblərdə və universitetlərdə tədrisə ara verilib. Sozcu.az xəbər verir ki, Türkiyənin milli təhsil naziri Yusuf Tekin İstanbulda zəlzələ ilə əlaqədar məktəblərin və universitetlərin 2 gün müddətinə bağlandığını açıqlayıb. Həmçinin bildirilib ki, dövlət müəssisələrində işləyən əlil, hamilə, əlil veteran və 10 yaşınadək uşağı olan analar da inzibati məzuniyyətə çıxacaqlar.  Xatırladaq ki, İstanbulda güclü zəlzələ baş verib. Saat 12.49-da Mərmərə dənizinin Silivri sahillərində 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyinin 6,92 kilometr olduğu açıqlanıb və şiddətli təkan İstanbulun bütün rayonları ilə yanaşı ətraf vilayətlərdə də hiss olunub. Zəlzələ nəticəsində 150-dən çox insan xəsarət alıb. 

Şəhid atası vəfat etdi - FOTO

2021-ci ildə Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində həlak olmuş şəhid Elçin Əliyevin atası vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin atası Əliqardaş Əliyev yaşadığı Şirvan şəhərində dünyasını dəyişib. Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elçin Əliyev dövlət sərhədi istiqamətində törədilən təxribat zamanı həlak olub və ölümündən sonra bir neçə medalla təltif edilib.

Türkiyədə mobil operatorlar “çökdü”

Xəbər verdiyimiz kimi, İstanbulda ardıcıl 8 zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, zəlzələdən sonra mobil operatorların işində çətinlik yaranıb. Məlumata görə, “Türk Telekom”, “Vodafone”, “Turkcell” operatorlarının normal fəaliyyəti pozulub.

İstanbulda 6,2 bal gücündə zəlzələ: ardıcıl 9-cu dəfə...

13:56 İstanbulda Silivri sahillərində ard-arda zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. İlk olaraq 3,9 bal gücündə zəlzələ meydana gəlib. Daha sonra yerli vaxtla saat 12:49-da 6,2 bal gücündə zəlzələ olub. Yerin 6,92 kilometr dərinliyində baş verən zəlzələ ətraf vilayətlərdə, xüsusilə Bursa, Yalova və Təkirdağda hiss olunub. *** Mərmərə dənizində yerli vaxtla saat 13:02-də ard-arda - 4,5 və 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. *** İstanbulda yerli vaxtla saat 12:19-da baş verən 3,9 bal gücündə zəlzələdən sonra daha 7 təkan baş verib. Bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələlərin ən zəifi İstanbulun Böyükçəkməcə rayonu sahillərində - 3,4 bal gücündə, ən güclüsü isə Silivri sahillərində - 6,2 bal gücündə olub. - 6,2 bal gücündə baş verən zəlzələ yerli vaxtla saat 12:49, - 5,9 və 4,4 bal gücündə olan zəlzələlər saat 12:51, - 4,8 bal gücündə olan zəlzələ saat 13:01, - 4,5 və 4,9 bal gücündə olan zəlzələlər saat 13:02, - 3,4 bal gücündə yeraltı təkanlar isə saat 13:07-də ​​qeydə alınıb. *** İstanbulda daha bir zəlzələ baş verib. Bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli vaxtla saat 15:12-də baş verən zəlzələ 4,9 bal gücündə olub. Yeraltı təkanlar hiss edilib.

Qubada qəza: Sürücünün oğlu öldü

Qubada avtomobil qəzası olub. Sozcu.az xəbər verir ki, rayon sakini Bayaz Ədilov Susay kəndi ərazisində idarə etdiyi “VAZ-21010” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən Nahid Ədilov aldığı xəsarətlərdən hadisə yerində ölüb, daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Daha bir ana doğuş zamanı ÖLDÜ

Masallıda doğuş zamanı ana ölümü baş verib. Sozcu.az-ın xəbərinə görə, Masallı sakini 40 həftəlik hamilə Nərmin Mehbalıyeva doğuş zamanı ölüb. Faktla bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.

AQTA -da ŞOK istefa - Zaur Kərimov vəzifəsindən getdi

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib. Sozcu.az Manset.az-a istinadən xəbər verir ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib. Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib. Onun vəzifəsi Qida Təhlükəsizlik Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Məlumat AQTA-dan təsdiq edilib. Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil. Qeyd edək ki, Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsi qurumun ən mühüm strukturlarından hesab edilir.

İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

İki yaşlı Asunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var. Bu barədə onun anası Maisa Katibova məlumat verib. O bildirib ki, övladı Asu ağır xəstəlikdən əziyyət çəkir. "2024-cü ilin iyul ayında qızım Asu Əsgərovanın ayaqlarında zəifləmə müşahidə edilməyə başladı. İlk olaraq Gəncədəki xəstəxanalara müraciət etdik və həkimlər uşağımın vəziyyətini ciddi hesab etməyərək, əzələ dartılmasından bəhs etdilər. Lakin vəziyyət pisləşərək, şişin onurğa bölgəsinə yayıldığı aşkarlandı. Şişin müalicə edilməməsi ciddi nəticələrə səbəb oldu. Təcili olaraq Ankaradakı "Memorial" xəstəxanasına müraciət etdik və burada həyata keçirilən müayinələr nəticəsində qızımda nadir və irəliləmiş onurğa xərçəngi olduğu müəyyən edildi. Müalicə olaraq kimyaterapiya başlanıldı, bu müddət ərzində xərclərimiz 150 min manat oldu. Həkimlər şişin böyüməsinin qarşısını almaq üçün radioterapiya və əlavə kimyaterapiya təyin etdilər. Ankaradakı müalicə xərcləri çox yüksək olduğu üçün mən maddi cəhətdən çətinlik yaşayıram və qızımın müalicəsinin davam etməsi üçün yardımsevər şəxslərdən dəstək istəyirəm. Hər hansı bir yardım, dəstək bizim üçün çox önəmlidir. Müalicənin davamı üçün 1 aylıq radioterapiya üçün 12 min manat, 2 seans kimyaterapiya üçün 50 min manat, əməliyyat üçün 40 min manat, cəmi 102 min manat vəsaitə ehtiyacımız var". Ailə ilə əlaqə: +90 543-678-33-20 (WhatsApp) Bank Respublika: 4628 1671 4100 6685.

Şərurda dəhşətli qətl: 75 yaşlı qadının meyiti 35 metrlik quyudan tapıldı

Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılması üçün müraciət daxil olub. Sozcu.az FHN-ə istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlərlə meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Teleqraf.az-ın məlumatına görə, quyudan meyiti tapılan qadının qətlə yetirildiyi məlum olub. Belə ki, ölən şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır. Onun qətlində şübhəli bilinən həmkəndlisi, 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərova saxlanılıb. Bildirilib ki, qətl hadisəsi aprelin 20-si baş verib. 75 yaşlı qadın qətlə yetirilib və cinayət izini itirmək məqsədilə meyit quyuya atılıb. Hadisənin pul üstündə törədildiyi iddia olunur.

Dövlətə xəyanətdə təqsirləndirilən şəxsə hökm oxundu: 16 il

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ifşa olunaraq həbs edilmiş Svetliçnıy İvan Nikolayeviç barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, İvan Svetliçnı 16 il 1 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, o, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. Azərbaycan vətəndaşı olan İvan Svetliçnıy Azərbaycanın dövlət təhlükəsizliyi, suverenliyi və müdafiə qabiliyyəti zərərinə qəsdən casusluq formasında və xarici xüsusi xidmət orqanlarının tapşırığını yerinə yetirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinir.Report.az

“Bir gündə iki oğlumu itirdim” - Vardanyanın məhkəməsindən

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 22-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib. Onların əksəriyyəti bədən əzalarının bir hissəsi amputasiya edilmiş mina qurbanları olub. İfadə verən zərərçəkmiş şəxslərin əksəriyyəti məhkəməyə qoltuqağacı və əsa ilə gəlib. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Zərərçəkmiş şəxs Həsənəli Əliyev ifadəsində 2024-cü il fevralın 4-də Tərtər rayonunun Qızıloba kəndi ərazisində yerləşən sahədə mal-qara otararkən Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını bildirərək deyib: “Nəticədə sol ayağımın aşağı üçdəbir hissəsi amputasiya olunub”. Digər zərərçəkmiş Elnur Əsgərov isə 2023-cü il aprelin 18-də Tərtər rayonunun Borsunlu kəndində mal-qara otaran zaman Ermənistan hərbçilərinin basdırdıqları minanın partlaması nəticəsində xəsarət aldığını deyib. Zərərçəkmiş Akif Hüseynov ifadəsində bildirib ki, yaşadıqları Ağdam rayonunun Yusifcanlı kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra Əfətli kəndində məskunlaşıb. O, oğlanları Anar, Razi və Bayram, nəvəsi Hüseynin işğaldan azad edilmiş ərazilərdə olan əkin sahəsinə baxmağa gedərkən minaya düşdüklərini bildirib. Hadisə barədə xəbər tutan A.Hüseynov özü də əraziyə gedib. Yaralı vəziyyətdə olan şəxslər ərazidən çıxmaq istəyərkən daha bir mina partlayıb. Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq A.Hüseynov deyib ki, mina partlayışları nəticəsində oğlanları Razi və Bayram həlak olub, özü, digər oğlu Anar ağır xəsarətlər alıb, nəvəsi Hüseyn yüngül yaralanıb və güclü psixoloji travma alıb. “Bir gündə iki oğlumu itirdim”, - deyə o qeyd edib. Hadisə zamanı onlarla birlikdə olan qonşusu Bəhruz Abdulov da yaralanıb. Zərərçəkmiş şəxs qismində ifadə verən A.Hüseynovun oğlu Anar Hüseynov və qonşusu Bəhruz Abdulov da ifadə verərək hadisənin necə baş verdiyini danışıblar. Zərərçəkmiş şəxslər Nicat Cabbarov və qohumu Rafael Bayramov isə ifadələrində Tərtər rayonunun işğaldan azad olunmuş hissəsində eyni vaxtda minaya düşdüklərini, ayaqlarının bir hissəsinin amputasiya edildiyini bildiriblər. Alışan Səfərov və Faiq Səfərov isə yol istismarı idarəsinin işçiləri olublar. Onlar Tərtərdə yola basdırılmış minaya düşərək yaralandıqlarını deyiblər. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxs Hikmət Abdullayev isə hərbi xidmətini yerinə yetirərkən yaralandığını bildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab olaraq deyib ki, Vətən müharibəsindən sonra Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərinə mütəmadi olaraq müxtəlif tipli iriçaplı silahlardan atəş açaraq təxribatlar törədib. Azərbaycan Ordusu isə təxribatların qarşısını alaraq düşmənin planlarını darmadağın edib. ANAMA-nın əməkdaşları Yadigar Şükürov, Qəhrəman Rzayev, Nəcməddin Hüseynov, Mahir Mustafayev, Samir Gözəlov, Əli Şükürov, Fərid Cəbrayıllı, Telman Zeynalov, Bəhruz Nəsirov, Ələsgər Quliyev minatəmizləmə işləri zamanı minaya düşdüklərini, müxtəlif bədən xəsarətləri aldıqlarını deyiblər. Ə.Quliyev dövlət ittihamçısının suallarını cavablandırarkən minatəmizləmə zamanı PMN minalarına və tank əleyhinə minalara, habelə “sürpriz mina”lara çox rast gəldiyini deyib. O, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən bildirib: “Bu minaların ən qorxulusu tank əleyhinə və qəlpəli minalardır. OZM-72 minalarını da çox görmüşəm. O, havada qəlpələrə bölünür, ən təhlükəli minalardandır”. Zərərçəkmiş İlham Salmanov da Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığını və ayağının amputasiya olunduğunu qeyd edib. İlknur Əliyev hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman üzərinə atılan əl qumbarasının partlaması nəticəsində yaralandığını deyib. Natiq Mamedov, Elnur Abbaszadə, Vüsal Quliyev, Ramin Babayev və digərləri mina partlaması nəticəsində xəsarət aldıqlarını diqqətə çatdırıblar. Prosesdə, həmçinin zərərçəkmiş şəxslərlə bağlı məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb. Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Kaya Kallas Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Aİ-nin Xarici əlaqələr və təhlükəsizlik siyasəti ofisindən bildirilib. Qeyd edək ki, 2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O bu postda daha əvvəl həmin vəzifəni icra edən Jozep Borreli əvəz edib.

ABŞ İranın 12 şirkətinə sanksiya tətbiq etdi

ABŞ İrana qarşı növbəti sanksiyalar siyahısını elan edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. Qeyd olunub ki, İranın iki vətəndaşı və 12 şirkət, o cümlədən qaz və gəmiçiliklə bağlı şirkətlərə sanksiyalar tərbiq edilib.