"Hunday" yolun kənarında dayanmış UAZ-a çırpıldı: ölən var

Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası olub. Sozcu.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Cavidan Güləli oğlu Əliyevin idarə etdiyi "Hunday" markalı avtomobillə Xəzər rayonu, Qala qəsəbəsində hərəkətdə olarkən yolun kənarında dayanmış UAZ markalı avtomobilə çırpılaraq aşıb. Hadisə nəticəsində C.Əliyev ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Bakıda maşın qadını vurub öldürdü

Bakıda avtomobil qadını vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Səlim Etibar oğlu Əliyevin idarə etdiyi "Mersedes Benz e400" markalı avtomobillə Sabunçu rayonu, Böyükşor yolunda hərəkətdə olarkən 1958-ci il təvəllüdlü Afaq Fikrət qızı Rəsulovanı vurub. Piyada Sabunçu Tibb Mərkəzinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, A.Rəsulova ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Bakıdan Ermənistana növbəti neft partiyası göndərilir

Güzdək dəmiryol stansiyası və Bakı yük stansiyasından 8 yanvar 2026-cı il tarixində Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçiriləcək. Sozcu.az xəbər verir ki, daşınması nəzərdə tutulan neft məhsullarına 1 000 ton Aİ-92 markalı benzin, 1 000 ton dizel yanacağı və 1 800 ton Aİ-95 markalı benzin daxildir. Qeyd edək ki, Azərbaycanın 1 300 ton Aİ-95 markalı benzinini daşıyan ilk yük qatarı ötən ay Bakıdan Ermənistana yola salınıb.

10 yeni stansiya harada tikiləcək? - RƏSMİ CAVAB

Prezidentin yerli telekanallara müsahibəsində yaxın illərdə yeni 10 metro stansiyalarının tikintisinin nəzərdə tutulduğunu və bununla bağlı müvafiq proqramın qəbul edildiyini qeyd etməsi ictimai maraq doğurub. Modern.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq, 10 stansiya ilə bağlı hazırda mərhələli işlər aparılır.  “Ümumən, Yaşıl xəttin üzərində Ağ şəhər, NZS, Nargilə adlanan ərazilərdə və “Həzi Aslanov-2” olmaqla 4 stansiya tikilməlidir. Bənövşəyi xətt üzrə “B-04” stansyasından sonra “Nizami”, “Sahil”, “Xətai” stansiyalarına keçid funksiyalı, “Neftçilər” xəstəxanası yaxınlığında və Ağ şəhər layihəsini əhatə edən ərazilərdə 6 yeni stansiya inşa edilməlidir. 2026-2030-cu illərdə Bənövşəyi xəttin “Xocəsən” elektrik deposunun inşasının ikinci mərhələsinin başa çatdırılması nəzərdə tutulub”. Qeyd edilib ki, hazırda Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir. Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair avadanlıq və sistemlərin, o cümlədən havalandırma, eskalator, lift və digər qurğuların quraşdırılması istiqamətində tədbirlər davam edir. İnşaat işlərinin 2026-cı il ərzində yekunlaşdırılması nəzərdə tutulur. “2025-ci ildə həmçinin Qırmızı və Yaşıl xətlərin ayrılması üzrə mərhələli işlərə başlanılıb. Dövlət proqramına əsasən tikintisinə başlanılan “Dərnəgül” elektrik deposunda da işlər plan üzrə icra edilir. Hazırda təmir-baxış sahələrinin inşası, tunellərdə yolların qurulması işləri davam etdirilir. Qeyd edilənlərlə yanaşı, xətlərin ayrılması layihəsi çərçivəsində “İçərişəhər” stansiyasının arxasında dönmə kamerasının inşasının tamamlanması, 2 yeni elektrik yarımstansiyasının inşası, habelə elektrik təchizatı sisteminin optimallaşdırılması nəzərdə tutulub”- açıqlamada bildirilib. 

Tarixi qərar verildi: Rusiya Ukraynanı tam itirdi

Dünən Ukrayna, Fransa və Böyük Britaniya atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə bəyannamə imzalayıblar. Məsələ artıq rəsmiləşib və söhbət atəşkəsdən sonra Ukrayna ərazisində NATO ölkələrinin (ABŞ daxil) bilavasitə iştirakı ilə hərbi bazaların və hərbi kontingentin yerləşdirilməsindən gedir. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib. Onun fikrincə, bu, tarixi qərar və tarixi məqamdır: “Rusiyanın niyə görə müharibəni başlatdığını və müharibənin bitməsində əsas şərt kimi “müharibənin ilkin səbəblərinin aradan qaldırılması” şərtini qoyduğunu xatırlayaq: Ukraynanı öz təsir dairəsinə qaytarmaq. Nəticə etibarı ilə Rusiya HƏMİŞƏLİK Ukraynanı itirdi. Dünən bir simvolik hadisə də baş vermişdi. Uitkoff ilk dəfə avropalı müttəfiqlərlə birgə mətbuat konfransda iştirak edib, bu günə qədər Uitkoff avropalılarla toplantılarda iştirak edirdisə, mətbuat konfranslarına qatılmırdı, bu, bir növ Ağ Evin “sizdən ayrıyıq” siqnalı kimi qarşılanırdı”, - o bildirib.

Kadırova qarşı "Maduro əməliyyatı" olarsa... - Zelenski

Maduro. Onlar əməliyyatı tez keçirdilər? Bəli, tez. Bütün dünya gördü. Elə bir şeyi Kadırovla etmək olardı. Ola bilsin, Putin bunu görüb düşünər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Venesueladakı əməliyyatını şərh edərkən deyib. Zelenski qeyd edib ki, belə bir əməliyyat Rusiya Prezidenti Vladimir Putinə Ukrayna variantı üzrə sülh razılaşmasına getmək üçün ciddi mesaj ola bilər. Qeyd edək ki, ABŞ ordusu 3 yanvarda Karakasa zərbələr endirib, xüsusi təyinatlılar isə Prezident Maduronu ələ keçirərək, ABŞ-a aparıb.

“Nərimanov”da qatar yoluna düşən sərnişin öldü

Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb. Bu barədə Sozcu.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Bildirilib ki, qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. "Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Allah rəhmət eləsin!", - məlumatda vurğulanıb.

İranda 8 yanvar milli etiraz günü ELAN EDİLDİ

İranın bir çox şəhərində 10 gündən çoxdur ki, milli valyutanın (rial) devalvasiyası və yüksək inflyasiya səbəbindən kütləvi etirazlar davam edir. Sozcu.az xəbər verir ki, müxalifət mediasının məlumatına görə, təxminən 25 000 əhalisi olan İlam vilayətinin Abdanan şəhəri küçə etirazları ilə tam əhatə olunub. Etirazçılar ölkənin ali rəhbərliyinə qarşı şüarlar səsləndirirlər: “Xameneiyə ölüm! Diktatora ölüm!” Buna cavab olaraq təhlükəsizlik qüvvələri şəhərin elektrik enerjisini kəsib. Ötən axşam etirazçılar şəhərdə bir sıra ticarət müəssisələrinə hücum ediblər. Xüsusilə etirazçıların İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəsi olan şəbəkəyə məxsus mağazaları yandırdığı və talan etdiyi bildirilir. ABŞ-da yerləşən Human Rights Watch təşkilatının məlumatına görə, İrandakı etirazlarda ən azı 36 nəfər həlak olub, sahibkarların tətilləri və küçə nümayişləri İranın 92 şəhərindəki 285 rayona yayılıb. Öz növbəsində, HRANA insan haqları xəbər agentliyi 28 dekabrda başlayan etirazlardan bəri ən azı 34 etirazçının və 2 təhlükəsizlik işçisinin öldürüldüyünü bildirib. Onlarla etirazçı yaralanıb. Təhlükəsizlik qüvvələrinin 2000-dən çox insanı həbs etdiyi qeyd edilir. Müxalifət xəbər saytı olan Iran International-ın məlumatına görə, İranın sürgündəki vəliəhd şahzadəsi Rza Pəhləvi ölkə miqyasında etirazlara çağırış edib. Həmçinin, İrandakı yeddi kürd müxalifət partiyası və vətəndaş cəmiyyəti təşkilatının 8 yanvar tarixini milli etiraz günü elan edərək birgə bəyanat yaydığı bildirilib. Buruc, Məşhəd, Cask, Həmədan, Səbzvar, Kermanşah, Lahican və digər yerlərdə küçə etirazları keçirilib. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndirərək küçələrə çıxıblar. İnsan resurslarının çatışmazlığı səbəbindən hakimiyyət orqanlarının etirazlara cavab vermək üçün quru qüvvələri və sərhədçiləri göndərdiyi bildirilir. Nümayişləri dağıtmaq üçün göz yaşartıcı qaz, rezin güllələr və bəzən odlu silahlardan istifadə edildiyi bildirilir.

Sabah hava necə olacaq?

Yanvarın 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şimal-qərb küləyi səhər mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Havanın temperaturu gecə 2-4, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 65-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə  isti,  dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Deputatın Dubayda toy edən qardaşını niyə döydülər?

2010-cu ildə Sankt-Peterburqdakı “Usadba” restoranının parkinqində Rusiya vətəndaşı olan bir nəfər azərbaycanlı digər 3 nəfər tərəfindən beysbol dəyənəkləri ilə vəhşicəsinə döyülür. Təsadüf nəticəsində orada olan milis əməkdaşları onu ölümdən xilas edir. Həmin şəxs deputat Razi Nurullayevin qardaşı, bu günlərdə Dubayda oğluna dəbdəbəli toy edən Hasil Nurullayev idi. Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Cavanşir Həsənli bölüşüb. “İstintaqın versiyasına görə, Hasil Nurullayevin onun qətlini sifariş edən İlham Oruc oğlu Əliyevə böyük məbləğdə borcu olub. Hadisə ilə bağlı “Qrup halında əvvəlcədən əlbir olaraq qətlə cəhd” maddəsi ilə cinayət işi qaldırılır. Hadisədən sonra Hasil Nurullayev xaricə qaçır. Dövlət orqanlarına məktublar yazaraq, “İlham Oruc oğlundan qorunmasını” xahiş edir. Kimdir İlham Oruc oğlu Əliyev? Hasil Nurullayevin həyat yoldaşının əmisidir. Sonradan onlar barışırlar və cinayət işi illərlə bağlı qalır. Lakin son illərdə Razi Nurullayevin qardaşını qətlə yetirmək cəhdində şübhəli bilinən icraçılardan biri tutulur. O, sifarişçi kimi İlham Oruc oğlu Əliyevin adını çəkir. Bundan sonra Nurullayev şahid və zərərçəkən qismində istintaqa cəlb edilir. İllərlə davam edən istintaq və məhkəmə işi ötən ilin avqustunda başa çatır və Hasil Nurullayevin həyat yoldaşının əmisi “adam öldürməyə cəhd” maddəsi ilə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 19 il yarım müddətinə azadlıqdan məhrum edilir. Razi Nurullayevin qardaşları Hüseyn və Hasil Nurullayevlər və Dubayda toyu olan qardaşı oğlu Şahin Nurullayev 20 ildən bəridir ki, Sankt-Peterburqda əmlak və tikinti biznesilə məşğuldurlar, “Perspektiva”, “Alternativa”, “Yelizaveta”, “Orion”, “Munir”, “Olimp-Finans”, “Asset", “Yabloko”, “Avrora”, “Merkuri”, “Şans”, “Rik” kimi çoxsaylı şirkətlərə sahibdirlər”, - o bildirib.

Xameneini hədələdilər: Səni də öldürəcəyik

“Rejim etirazçılara qarşı repressiyasını davam etdirsə, ABŞ Prezidenti Donald Tramp İranın Ali rəhbəri Əli Xameneinin öldürülməsi barədə göstəriş verəcək”. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bunu ABŞ Konqresinin respublikaçı üzvü Lindsi Qrem deyib. “Fox News” telekanalında çıxış edən Qrem Trampı “bütün dövrlərin ən böyük prezidenti” adlandırıb. Konqresmen İranda baş verən ümumxalq etirazlarına toxunaraq, etirazçılara müraciətlə bildirib: “Biz sizi dəstəkləyirik. Donald Tramp Barak Obama deyil. O, sizi dəstəkləyir”. Lindsi Qrem İranın ali rəhbərinə də xitab edib: “Bilməlisən ki, daha yaxşı həyat istəyən insanları öldürməyə davam etsən, Donald Tramp da səni öldürəcək. İranda dəyişiklik yoldadır. Bu nasist rejimindən qurtulmaq Yaxın Şərq tarixində ən böyük dəyişiklik olacaq. İran xalqı üçün yardım yoldadır”.

Baba, nənə və nəvə dəm qazından zəhərləndi, biri öldü

Qusarda kişi, arvadı və nəvəsi dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Əniğ kəndində qeydə alınıb. Kənd sakini 1962-ci il təvəllüdlü Riman Soltanmurad oğlu Əlisultanov, arvadı 1965-ci il təvəllüdlü Əntiqə Qasım qızı Qasımova və nəvəsi 2025-ci il təvəllüdlü Emin Ələkbər oğlu Əlisultanov yaşadıqları Əniğ kəndindəki evdə dəm qazından zəhərlənib. R.Əlsultanov hadisə yerində ölmüş, xəstəxanaya yerləşdirilmiş Ə.Qasımovanın və E.Əlisultanovun vəziyyətləri orta-ağırdır. Araşdırmalar aparılır.

Bakıda 2 maşın toqquşdu: ölən var

Bakı şəhərinin Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, qəza yerinə FHN-in xilasetmə qüvvələri cəlb olunub. Müəyyən olunub ki, "Hunday" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb. Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

İran etirazları yatırmaq üçün bu ölkədən qüvvələr gətirir

Etiraz aksiyalarının genişlənməsi ilə eyni vaxtda İran hökuməti İraqdan özünə bağlı silahlı qüvvələrin ölkəyə gətirilməsini sürətləndirib. Sozcu.az xəbər verir ki, bu haqda "İran İnternational" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, "Kətaib Hizbullah", "Hərəkət-i Əlnücəba", "Seyydi əl-Şühəda" və "Bədr" silalı qeuplaşmalarının 800 üzvü İrana keçib. "Bu qüvvələrin köçürülməsi prosesi Şələmçə, Çəzabə və Xosrəvi sərhəd keçid məntəqələri vasitəsilə həyata keçirilir və rəsmi olaraq Məşhəddəki İmam Rzanın məzarının ziyarətçiləri kimi kimi qələmə verilir. Ancaq bu qüvvələr Əhvazdakı Xamenei bazasında toplanır və sonra etirazların yatırılmasında iştirak etmək üçün müxtəlif bölgələrə göndərilir",- məlumatda qeyd olunub.

İranın Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirildi

İranın Abdanan şəhəri etirazçılar tərəfindən ələ keçirilib. Sozcu.az xəbər verir ki, İlam əyalətinin Abdanan şəhərində hiddətlənmiş xalq kütlələri hökumət qüvvələrini qovub meydanlardan çıxarıb və hökumət binalarına girməyi bacarıb. Qeyd edək ki, dolların kəskin bahalaşması və inflyasiya səbəbindən İranda kütləvi etirazlar onlarla şəhəri əhatə edib.

Hələbdə toqquşmalar: ölənlər var

Suriyanın Hələb şəhərində hökumət qüvvələri ilə SDQ qruplaşması arasında silahlı qarşıdurma baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyinin məlumatında deyilir. Toqquşmalar zamanı 3 nəfər ölüb ki, onlardan biri Suriya ordusunun hərbçisidir. Ölənlərlə yanaşı, yaralananların da olduğu bildirilib.

Salyanda azyaşlı qızdırmadan öldü

Azərbaycanda azyaşlı qızdırmadan ölüb. Hadisə Salyan rayonunda qeydə alınıb. Salyan şəhər sakini, 2015-ci il təvəllüdlü Elcan Səfər oğlu Nəcəfov yaşadığı evdən yüksək qızdırma səbəbindən xəstəxanaya gətirilib və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır./Lent.az

Aparıcı bankları tənqid etdi

"Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə iqtisadiyyat ixtisası üzrə 43 min nəfər məzun olub. Buna baxmayaraq, əmək bazarında ciddi uyğunsuzluq mövcuddur: bir tərəfdə boş vakansiyalar, digər tərəfdə isə iş tapmaqda çətinlik çəkən minlərlə gənc". Sozcu.az xəbər verir ki, bunu Aytən Səfərova deyib. Aparıcı bu sahədə təhsil alan şəxslərin iş tapa bilməməsidən gileylənib: “Valideynlər övladlarını maliyyə-kredit sektorunda oxutdurur, bank sahəsində təhsil aldırırlar ki, gələcəkdə banklarda işləsinlər. Banklar isə mütəmadi olaraq vakansiyalar elan edir və işçi axtardıqlarını bildirirlər. Maraqlı və eyni zamanda paradoksal vəziyyət yaranır: bank sektorunda işləmək üçün diplomu olan 40 mindən çox məzun var, lakin banklarda vakansiyalar dolmur. Sual yaranır: bu elanlar sadəcə elan xatirinə verilirmi? Əgər gəncin əlində ixtisas diplomu varsa, niyə həmin vakansiyalar yenə də açıq qalır və eyni zamanda, bu qədər gənc işsizdir?”

Tehranda gərginlik artır: etirazçılar parlamentə doğru irəliləyir

Bu gün Tehranın 15 Xordad küçəsində etiraz aksiyası keçirilib. Sozcu.az "Azad İran"a istinadən xəbər verir ki, aksiyada iştirak edən insanlar İran parlamentinin binası istiqamətində hərəkət edir. Hadisə ilə bağlı paylaşılan xəritədə izdihamın olduğu ərazi qırmızı, parlament binasının yerləşdiyi nöqtə isə mavi rənglə işarələnib. Məlumata görə, təhlükəsizlik qüvvələri “15 Xordad” metro stansiyası ərazisində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bölgədə vəziyyət gərgin olaraq qalır.

Venesuela 30 günə seçki keçirə bilməz - Tramp

Venesuelada yaxın 30 gün ərzində yeni seçki keçirilməyəcək. Əvvəlcə ölkəni düzəltmək lazımdır. Siz seçki keçirə bilməzsiniz. Xalqın belə səs verməsi mümkün deyil. Əvvəlcə ölkəni sağaltmalıyıq. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “NBC Nyus”a müsahibəsində deyib. “Biz Venesuela ilə müharibədə deyilik, narkotik satan insanlarla müharibə edirik: Həbsxanalarını, narkomanlarını və psixi müəssisələrini ölkəmizə boşaldan insanlarla müharibədəyik”, - o bildirib.

Cinayət işi: Hərbçilərdən pul alaraq, saxta arayış verirmiş...

Müdafiə Nazirliyinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib. Sozcu.az APA-ya istinadla xəbər verir ki, Ruhin Zeyid oğlu Tağıyevin Müdafiə Nazirliyi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivi və həmin Nazirliyin Tibbi Sənədlər Arxivinin rəisi vəzifələrində işlədiyi dövrdə çoxsaylı qanunsuz əməllərə yol verməsi barədə Müdafiə Nazirliyindən daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. İbtidai istintaqla Ruhin Tağıyevin 2021-2023-cü illərdə sözügedən vəzifələrdə işləyərkən ona müraciət etmiş hərbi qulluqçuların adlarının ambulator xəstələrin qeydiyyatı kitabına qanunsuz olaraq daxil edilməsi və bunun əsasında xəsarət almaları haqqında arayışların verilməsi müqabilində bir neçə şəxsdən külli miqdarda pul vəsaitlərini rüşvət qismində təkrarən almasına, habelə hərbi qulluqçuların təkrar şəhadətləndirilmələrinə köməklik göstərilməsi müqabilində isə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini alaraq nüfuz alveri törətməsinə əsaslı şübhələr müəyyən edilib. Toplanmış sübutlar əsasında Ruhin Tağıyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib. Eyni zamanda oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Quterreş İrana çağırış etdi: Vətəndaşlara hörmət edin!

İranda baş verən hadisələri izləyir, etirazçıların öldürülüb və yaralanmasına görə təəssüflənirik. Sozcu.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterrreş deyib. "Vətəndaşların ifadə, toplaşmaq və dinc aksiya keçirmək azadlığı kimi fundamental hüquqlarına hörmət edin", - baş katib bildirib.

Tanınmış şairə - jurnalist Xatirə Rəhimli Prezidentdən kömək istədi...

Prezident cənab İlham Əliyev! Şair-jurnalist kimi sizə müraciət edirəm.  Mənzilim yoxdur, ailə üzvlərimlə birlikdə 39 dəfə kirayə mənzillərə köçmüşük. Ailəmlə birgə soyuq zirzəmidə yaşayıram. Səhhətimdə bəzi problemlər yaranıb.  10 ildir ki, sizə də, həyat yoldaşınız, ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevaya da mənzil problemimlə bağlı yazılı olaraq müraciət edirəm.  Məktublarım müraciətlərim, göndərdyim teleqramlar heç biri sizə çatdırılmır.  Çıxışınızda  belə bir fikir söyləmişdiz ki, vətəndaşlar tərəfindən sizə göndərilən məktubları sizdən gizlədirlər. Qeyd edim ki, 10 ildir mənim də sizə göndərdiyim məktubları, müraciətləri, teleqramları sizdən gizlədirlər, sizə bu haqda heç bir məlumat vermirlər.  Bu ölkənin prezdenti sizsiniz.  Birinci vitse-prezidenti Mehriban Əliyevadı. Sizlərdən xahiş edirəm ki, məni mənzilnən təmin edin. Mənə yaşamaq üçün mənzil verin. Səhhətimdəki problemlə zirzəmidə yaşamaq çox çətindir, çox ağrılıdır, əzablıdı. Mənim kimi mənzili olmayanlar, kirayədə zülümnən yaşayanlar məni başa düşür.  Prezident cənab İlham Əliyev. Ədəbiyyat adamı kimi, şair-jurnalist kimi bir daha sizdən çox-çox xahiş edirəm ki, məni mənzillə təmin edin. Mənə mənzil verin. Sizdən bir daha çox xahiş edirəm. XATİRƏ ƏZİZ Rəhimli Şair-jurnalist

5 milyon manatdan çox qaçaqmal tutuldu

Ötən ay dövlət sərhədində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32,289 min manat оlan qaçaqmal tutulub. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, ötən ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.