Zelenski də Əliyevə zəng etdi

Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti özünün sosial şəbəkə hesabında yazıb. Telefon danışığı zamanı Vladimir Zelenski Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Qroznıda 25 dekabrda vurulan AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatına görə başsağlığı verib və qəza haqda fikirlərini bölüşüb.

Putin Əliyevə zəng etdi, üzr istədi

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib. Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyasının hava məkanında olan zaman kənar fiziki-texniki müdaxiləyə məruz qaldığını və idarəetməsini tam itirdiyini, Qazaxıstanın Aktau şəhərinə doğru yönləndirildiyini və yalnız pilotların şücaəti və peşəkarlığı sayəsində qəza enişi edə bildiyini qeyd edib. Dövlətimizin başçısı təyyarənin gövdəsində çoxsaylı dəliklərin olmasının, hələ havada olarkən sərnişin və heyət üzvlərinin təyyarənin göyərtəsini dəlib içəri daxil olan yad hissəciklərlə yaralanmasının və bu xüsusda sağ qalan təyyarə bələdçiləri və sərnişinlərin ifadələrinin kənar fiziki-texniki müdaxilə faktını təsbit etdiyini vurğulayıb. Söhbət zamanı dövlət başçıları bu faciənin bütün təfərrüatlarının ciddi və hərtərəfli araşdırılması və günahkarların məsuliyyətə cəlb edilməsini müzakirə ediblər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfinin təklifi ilə bu qəzanın səbəblərinin hərtərəfli araşdırılması üçün beynəlxalq ekspertlərdən ibarət heyət təşkil edilib və bu heyət artıq fəaliyyətə başlayıb. Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Özbəkistandan çağırış: Rusiyaya uçuşları dayandırın!

Özbəkistanda Milli Dirəniş (Milli Tiklaniş) Partiyasının lideri Əlişir Kadırov Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğramasından sonra Özbəkistan Hava Yollarına məxsus təyyarələrin Rusiyaya uçuşlarını niyə davam etdirdiyini sorğulayıb. Sozcu.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb. “Rusiya hava məkanı təhlükəsizdirmi? Özbəkistan Hava Yolları ilk növbədə vətəndaşlarımızın təhlükəsizliyini düşünməlidir. “Milli Tiklaniş” vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirilən tədbirlərə aydınlıq gətirmək məqsədilə Nəqliyyat Nazirliyinə və “UzAirways”ə rəsmi sorğu göndərmək niyyətindədir”, - o bildirib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsinin Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub qəzaya uğramasından sonra bir neçə ölkənin hava yolları Rusiyaya uçuşlarını müvəqqəti dayandırıb.

Rusiyanın itkiləri 785 minə yaxınlaşır

Ukrayna müharibənin 1039-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 784 200 hərbçi, 9 651 ədəd tank, 19 970 ədəd zirehli döyüş maşını, 21 408 ədəd artilleriya sistemi, 1 256 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1032 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 32 338 ədəd avtomobil texnikası, 21 013 ədəd PUA, 3003 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 668 xüsusi avadanlıq itirib.

#Rusiyaüzristə həştəqi ilə kampaniya başladıldı

Sosial şəbəkələrdə “#Rusiyaüzristə” həştəqi ilə kampaniya başladılıb. İstifadəçilər Rusiyadan Aktau yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsinin ölkənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmasına görə üzr istəməsini tələb edirlər. Sözügedən həştəqlə əsas olaraq feysbuk və “X” sosial şəbəkələrində paylaşımlar edilib. Bu paylaşımlara bir sıra tanınmış şəxslər də qoşulub. Qeyd edək ki, “Caliber.Az” Azərbaycan hakimiyyət orqanlarından əldə etdiyi məlumata əsasən, Rəsmi Bakının Rusiyadan üzr gözləməsini bildirib: “Rəsmi Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurmasını etiraf etməsini, Azərbaycan xalqından rəsmi üzr istəməsini və hərtərəfli araşdırma aparmasını, nəticədə bütün təqsirkarların məsuliyyətə cəlb ediləcəyini gözləyir”. Xatırladaq ki, dekabrın 26-da “Euronews” “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raketin olduğunu yazıb. 

Biləsuvarda dəhşətli qəza: 3 nəfər öldü

Bu gün səhər saatlarında Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvarın Arazbari kəndi yaxınlığında ağır yol qəzası baş verib. Sozcu.az xəbər verir ki, qəza nəticəsində iki minik avtomobili toqquşub. İlkin məlumata görə, ölən və yaralananlar var. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub və yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Ölümcül oyun yaranıb: 82 uşaq öldü

Sosial mediada ölümcül oyun yayılır, bu, artıq ABŞ-da 82 uşağın ölümünə səbəb olub. Sozcu.az xəbər verir ki, bu barədə “Medical Xpress” məlumat yayıb. Məlumata görə, iştirakçılar eyforiya vəziyyətini yaşamaq üçün beynin oksigenlə təmin olunmasını müvəqqəti olaraq kəsirlər.

Qroznıya hücumlar Kadırovu təşvişə saldı

Rusiyaya uzaqmənzilli raketlərlə zərbə endirməyə icazə verildikdən sonra Çeçenistan rəhbəri Ramzan Kadvrovun şəxsi hava təhlükəsizliyi gücləndirilib. Sozcu.az “VÇK-OQPU” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, Bəşər Əsəd rejiminin devrilməsindən sonra da Suriyadan S-300 də daxil olmaqla, hava hücumundan müdafiə sistemləri daşınıb. Bu hava hücumundan müdafiə sistemləri Qroznıya və onun ətrafına yerləşdirilib: “Kadırovun rəsmi iqamətgahında hava hücumundan müdafiə sistemləri yerləşdirilib. Qroznıdakı məscid kompleksi belə indi ayrı bir heyət tərəfindən qorunur. İqamətgahdan uzaqda yerləşən Baronovski rayonunun sakinləri də hava hücumundan müdafiə vasitələri ilə qorunurlar. Kadırovun ailəsi bu rayonda yaşayır və bütün girişlər Kadırovun adamlarından ibarət silahlı mühafizəçilər tərəfindən ciddi şəkildə mühafizə olunur”. Kanalın məlumatına görə, daha bir S-300 kompleksi Kadırovların ata-baba kəndi Əhməd-Yurdda quraşdırılıb. Qeyd edək ki, son vaxtlar Qroznıya PUA hücumları artıb.

ABŞ İvanişviliyə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi açıqlama yayıb. Sanksiyalara İvanişvilinin ABŞ-dəki bütün aktivlərinin dondurulması, ABŞ fiziki və hüquqi şəxsləri tərəfindən ona tranzaksiyaların qadağan edilməsi daxildir. 

Lənkəranda qadın dəm qazından boğularaq öldü

Lənkəranda qadın dəm qazından boğularaq ölüb. "Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonunun Səpnəkəran kəndində baş verib. Belə ki, kənd sakini, 1983-cü il təvəllüdlü Xanım Səfər qızı Səfərova hamam otağını qızdırmaq üçün kömürdən istifadə edib. Nəticədə dəm qazından boğulub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

“Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın” - Təyyarə qəzasında həlak olan pilotun qızı

Aktauda baş verən təyyarə qəzasında həyatını itirən AZAL-a məxsus sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atasına həsr olunmuş emosional paylaşım edib. Sozcu.az xəbər verir ki, kapitanın qızı sosial şəbəkə hesabında atasına olan hisslərini belə ifadə edib: "Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan. Onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, günahkarı tapdın, öz həyatını qurban verdin. Həmişə mənim yanımda çox güclü idin. Sənin kimi atam olduğu üçün hər zaman fəxr edəcəyəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi edirdin, xoşbəxtliyimizi istəyirdin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmət eləsin!" Qeyd edək ki, İqor Kşnyakin böyük təcrübəyə malik kapitan idi. O, 15 min saatdan çox uçuş həyata keçirmiş, bunlardan təxminən 11 200 saatını kapitan kimi idarəetmə məsuliyyəti daşıyaraq yerinə yetirmişdi. Dəhşətli qəzada 29 nəfərin sağ qalması, təyyarəni idarə edən kapitanın peşəkarlığı və qəhrəmanlığı sayəsində mümkün olub.

ABŞ təsdiqlədi: Təyyarəni Rusiya HHM vurub!

Bəzi ilkin əlamətlər göstərir ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurula bilər. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Biz bəzi ilkin əlamətlər müşahidə etdik ki, bunlar həmin təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulması ehtimalını göstərir. Bu hadisənin araşdırılması ilə bağlı Azərbaycan və Qazaxıstana kömək təklif etmişik", – deyə Con Kirbi bildirib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Rusiya indiyə qədər Azərbaycandan üzr istəməyib və təyyarənin enişinə icazə verməyən şəxsləri məsuliyyətə cəlb etməyib.

Həyatında ilk dəfə təyyarəyə mindi, onda da qəzaya düşdü

Təyyarə qəzasından sağ çıxan azərbaycanlı Ayhan Bayramzadə qəza anı yaşadıqlarından danışıb. Axar.az-ın məlumatına görə, o bildirib ki, təyyarə 3-cü dəfə Qroznıya enişə cəhd edən zaman artıq sərnişinlər təhlükədə olduqlarını hiss ediblər. "İşləmək üçün Qroznıya əmimin yanına gedirdim. İlk dəfə idi ki, təyyarədə səfər edirdim. Belə tam xatırlaya bilmirəm. Əvvəl bizə dedilər ki, Qroznıya enirik. Pilot birinci dəfə enməyə çalışdı, amma alınmadı. Səmaya qalxdı. Eyni şeyi ikinci dəfə təkrar etdi. Bu dəfə də alınmadı. Artıq üçüncü enişdə biz təhlükəni hiss etdik. Ondan sonra təyyarə 1-2 saat ətrafında Qroznı ətrafında fırlandı. Sonra Aktauda qəza enişi etdik. Artıq hər şeydən əlimizi üzdük", - o deyib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

"Mən Prezident vəzifəsində qalıram" - Zurabişvili

Gürcüstan Prezidentinin inaqurasiyasının hüquqi qüvvəsi yoxdur, ona görə də mən Prezident vəzifəsində qalıram və işləməyə davam edəcəm. Sozcu.az verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Böyük Britaniyanın “Rest is politics” adlı podkast buraxılışında deyib. Zurabişvili təfərrüatların bazar günü açıqlanacağını qeyd edib. Qeyd edək ki, 29 dekabrın saat 11:00-da Gürcüstanın yeni prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək.

Ukrayna XİN rəhbəri: Rusiya sübutları gizlətməyə çalışır

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Azərbaycan Hava Yollarına məxsus təyyarə qəzasını şərh edib. Sozcu.az xəbər verir ki, o, bu barədə X sosial hesabında yazıb. “Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması dəhşətli faciədir. Azərbaycana başsağlığı veririk. Rusiya mediası qəzanın səbəbi barədə yalan danışıb və Rusiya böyük ehtimalla cinayətinin sübutunu gizlətmək məqsədilə zədələnmiş təyyarəni dənizdən keçməyə məcbur edib”, - o bildirib. Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Rusiya təyyarənin vurulduğu faktını necə gizlətmək istəyir?

Peskov təyyarənin vurulmasına görə Azərbaycandan üzr istəməklə bağlı məsələyə münasibət bildirərkən deyib ki, istintaqın nəticəsi məlum olmayana qədər bunu etməyəcəklər. Lakin Rusiyanın istintaqın nəticəsindən sonra da üzr istəmək və günahkarları cəzalandırmaq istəmədiyi görünür. Bunu Peskovun açıqlamasındakı bir detal da deməyə əsas verir. Kremlin sözçüsü fikrinin davamında bildirir ki, “bunu edə biləcək (yəni istintaqı apara biləcək) aviasiya səlahiyyətlilərimiz var və bu məlumatlar yalnız onlarda ola bilər”. Bu o deməkdir ki, Rusiya tərəfi “yalnız öz mütəxəssislərinin fikrini əsas götürmək” niyyətindədir. Moskvadanın üzr istəməkdən yayınmaq üçün istintaqı nəticələrinə təsir etmək cəhdləri də müşahidə edilir. Bu kontekstdə üç məqam xüsusilə diqqət çəkir. - Kadırov Bakıya yaralılara və həlak olanların ailələrinə kömək təklifi edib: bu, Rusiya rəhbərliyinin göstərişi ola bilər və məqsəd məsələnin ciddiliyini Bakı-Qroznı marşrutuna endirmək, məsuliyyəti Kadırovun üzərinə qoyaraq, həll etməkdir; baş verənlərə görə Kadırov məsuliyyət daşıyır, çeçen liderin qardaşı oğlunu təltif etməsi həm də təyyarənin vurulduğunun dolayısı ilə etirafı hesab oluna bilər, lakin Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir; - Rusiya və Qazaxıstanın hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılma təklifi reallığın gizlədilməsi və Moskvanın istədiyi nəticənin çıxarılması məqsədi daşıyır; - Və nəhayət, hökumətdəki mənbələrin təyyarənin vurulduğu faktını mediada təsdiq etməsi, eləcə də Azərbaycanın hər iki təklifdən – Kadırovun yardım və məsələnin MDB müstəvisinə çıxarılması – imtina etməsi o deməkdir ki, rəsmi Bakıda baş verənlərin Rusiya tərəfindən gizlətmək cəhdinə dair məlumatlar var; Bu məqamlar fonunda “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrovun açıqladığı “duman” iddiasını təkrarlaması Moskvanın gerçək niyyətinin rəsmi şəkildə elan edilməsidir. Lakin Bakının hadisənin və “qara qutu”nun beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılması tələbi Moskvanı fakt qarşısında qoyacaq. Rusiya üçün bu məsələdən yeganə çıxış yolu etiraf etmək və Azərbaycandan üzr istəməkdir. Asif Nərimanlı

Təsdiq: Bu nazirliyin məşhur isimlərinə cinayət işi açıldı

Qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən vəzifəli şəxslər ifşa edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, əhalinin sağlamlığının qorunması və tibbi yardımın göstərilməsi sahəsində qanunsuz halların qarşısının alınması, habelə aşkar edilmiş belə faktlara qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Rüstəmova Səidə Nurəddin qızının qabaqcadan əlbir olduğu əvvəllər həmin Nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri vəzifəsində işləmiş Cabbarova Lətafət Kərim qızı və korrupsiya şəbəkəsinin digər üzvləri ilə birgə qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq fəaliyyəti ilə, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına icazələrin verilməsi, saxta məqbul qiymətləndirmə ilə müvafiq sertifikatlarla təmin olunması və digər bu kimi sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında aparılmış axtarışlarla iş üçün əhəmiyyət kəsb edən sübutlar əldə edilərək götürülüb. Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvət alma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarovaya Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

14 yaşlı qız qonaq getdiyi evdə faciəvi şəkildə öldü

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə rayonunun Uzuntəpə kəndində qeydə alınıb. Belə ki, Kazımabad kənd sakini, 14 yaşlı yeniyetmə qız yaxınlarının evinə qonaq gedib. O, yelləncəkdə oynayarkən ip boğazına dolaşıb və bədbəxt hadisə nəticəsində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Hərbi xidmətə çağırış yaşı 30-a endirildi

Milli Məclis "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə təklif olunan dəyişiklikləri qəbul edib. Sozcu.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişiklik edilməsi barədə layihə Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Xatırladaq ki, hazırkı qanunvericiliyə görə həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir. Qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5 yaşdır. Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər. Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Müzakirələrdən sonra layihə səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İlhamə Elşadqızı ağır ittihamla həbs edildi

“TikTok”da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla tutulan şair İlhamə Elşadqızı da cinayət məsuliyyətinə cəlb edilib. Son vaxtlar çıxışları ilə qınaq obyektinə çevrilən tiktokçu Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir. Onun istintaqdan gizlənmək ehtimalı da nəzərə alınaraq azadlıqda qalması əsaslı hesab edilməyib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə İlhamə Elşadqızı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, verilmiş ittihamla təqsirli bilinərsə, 8 ilə kimi azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, “TikTok” əməliyyatı polis tərəfindən keçirilib. Əvvəlki günlərdə aparıcı Azər Zahid və daha bir neçə nəfər cinayət ittihamı ilə həbs edilib. (qafqazinfo)

Qəzada həlak olan Qoşqar Sadıqov dəfn olundu

Təyyarə qəzasında həlak olan 27 yaşlı Cəlilabad rayon sakini Qoşqar Sadıqov dəfn olunub. Sozcu.az xəbər verir ki, Qazaxısranın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsində həlak olan Cəlilabad rayon Mirzəli kənd sakini 1997-ci il təvəllüdlü Qoşqar Furudin oğlu Sadıqovun meyiti ailəsinə təhvil verilib. Vida mərasimindən sonra gecə saat 3 radələrində doğulduğu kənddə dəfn olunub. Bildirək ki, ailədə bir qardaş bir bacı olan Qoşqar subay idi. O, Rusiya Fedetrasiyasının Qroznı şəhərində işləyirdi.

İqorun uçuş zamanı təkrarladığı söz... - Dostu danışdı

Dekabrın 25-də baş verən təyyarə qəzasında həlak olan pilot İqor Kşnyakinin dostu onunla bağlı maraqlı faktları açıqlayıb. Sozcu.az xəbər verir ki, keçmiş təyyarə komandiri olan Bayram ATV telekanalına müsahibəsində dostu İqorun az danışan adam olduğunu bildirib. “Biz təyyarə məktəbini birgə qurtarmışıq. İmkan olduqca ayda bir-iki dəfə dostlarımızla yığılardıq. Saytlarda yayılan fotoda mən də İqorun yanındayam. Maraqlıdır ki, əslində İqor çox danışan adam deyildi. Amma son görüşümüzdə nədənsə İqor çox danışdı. Hələ zarafatca dedim ki, “İqor, sən nə qədər çox danışdın?”. Dedi, “Bayram, o biri görüşlərimizdə heç danışmamışdım...” Bəlkə bunda da bilmədiyimiz bir hikmət var. Böyük oğlum Fərid də pilotdur və o da İqorla uçur. Həmişə oğlumun necə uçduğu haqda danışardı. Dünən oğlum dedi ki, İqor həmişə uçuşa “Allah, Məhəmməd, ya Əli” sözləri ilə başlayardı. Baxmayaraq ki, rus idi, xristian idi, Azərbaycan dilində də çox yaxşı danışardı. Hamımız öləcəyik, Allahın lütfündəndir ki, ona şərəfli ölüm nəsib oldu. Allah rəhmət eləsin”, - dostu bildirib. Qeyd edək ki, 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysini həyata keçirən AZAL-a məxsus təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarə Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.

Azərbaycan təyyarəsi Rusiya raketi ilə vurulub - Baş Kəşfiyyat İdarəsinin rəisi

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya raketilə vurulduğunu bildirib. Sozcu.az xəbər verir ki, Kirill Budanov bu barədə “The War Zone” nəşrinə açıqlamasında deyib. “Bizim bildiyimizə görə, təyyarə Rusiya ərazisində “Pantsir-S1” zenit-raket kompleksi tərəfindən vurulub”, - Budanov qeyd edib. Dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Aktaudan 3 kilometr aralıda qəzaya uğrayıb. İlkin məlumatlara görə, təyyarə Qroznı səmasında hücuma məruz qalıb və ciddi zədə alıb, yaxın aeroportlara enməyə icazə verilmədiyindən Aktau limanına üz tutub.  “Embraer 190” təyyarəsi Aktau hava limanına çatmağa 3 dəqiqədən az vaxt qalanda pilotlar sükan idarəetməsini itirib və qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, 38 nəfər ölüb. Təyyarənin gövdəsində - quyriq hissəsində qəlpə dəlikləri müşahidə olunur.

Təyyarə qəzası: Putin bu cinayəti ört-basdır etmək üçün isterik şəkildə Tokayevdən yardım istəyəcək

“Kanal 24” Yutub kanalının aparıcısı Oleq Belousov “Monoblog about...” adlı müəllif bloqunda Qazaxıstanda AZAL-ın qəzaya uğranan təyyarəsi ilə bağlı vəziyyəti təhlil edib. Sozcu.az xəbər verir ki, aparıcı sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu qeyd edir. “Xüsusən, Rusiya Prezidenti Vladimir Putinin faciəvi olaya qəribə reaksiyası, həmçinin Çeçenistan liderinin qardaşı oğlunun etirafı... Əslində, Putin nəyi gizlətmək istəyir? Təyyarə ilə bağlı nə baş verib? Putin bu cinayəti ört-basdır etmək üçün isterik şəkildə Tokayevdən yardım istəyəcək. Lakin bir nüans var: Xeyli foto və videolar internetdə yayılıb”, - o bildirib. Daha ətraflı videoda: Xatırladaq ki, AZAL-a məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarədə beşi ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər (42 Azərbaycan, 16 Rusiya, altı Qazaxıstan və üç Qırğızıstan vətəndaşı) olub. Son məlumatlara görə, faciə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.