Trampdan İlon Mask zarafatı: “Onu qova bilmərəm”

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Floridada yerələşən iqamətgahında keçirilən mərasimdə dünyanın ən zəngin adamı İlon Mask haqqında maraqlı açıqlamalar verib.  Sozcu.az xəbər verir ki, Tramp Maskın yüksək intellekrini və nailiyyətlərini tərifləyib, onun “həqiqətən də yaxşı oğlan” olduğunu bildirib. “Burada çox yüksək IQ-ya malik bir adam var. Mən yüksək IQ-ya inanan adamam... O, buranı bəyənir. Mən onu buradan qova bilmərəm,” – Tramp zarafatla qeyd edib. Qeyd edək ki, Maskın Trampın iqamətgahına tez-tez gəlməsi müzakirələrə səbəb olub.

Hava kəskin soyuyacaq, leysan yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 17-si günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Noyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq 17-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qazax-Gəncə, Quba-Qusar, Balakən-Şəki, Dağlıq Şirvan, Mərkəzi-Aran, Qarabağ, Şərqi-Zəngəzur və Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

AB tarixində ilk: Şərikli silah alınıb, Ukraynaya veriləcək

Avropa Komissiyası ilk dəfə olaraq AB-yə üzv dövlətlər tərəfindən silahların, xüsusilə də raket və sursatların birgə tədarükü üçün maliyyə ayrılmasını təsdiqləyib. Onlardan bəziləri Ukraynaya kömək kimi göndəriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Birgə Satınalmalar vasitəsilə Avropa Müdafiə Sənayesinin Gücləndirilməsi (EDİRPA) çərçivəsində həyata keçirilən beş layihə AB-nin maliyyə dəstəyini alacaq: “AB üzvü olan 20 ölkənin iştirak edəcəyi layihələrin ümumi dəyəri 11 milyard avrodan çoxdur. İki layihə “Mistral” və İRİS-T SLM hava hücumundan müdafiə sistemlərinin, ikisi 155 mm-lik sursatın, digəri isə zirehli transportyorların birgə alınmasına aiddir”.

5 dərəcə şaxta, duman, yağış - FAKTİKİ HAVA

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 15-i saat 9:00-a olan məlumatına əsasən, 14-ü günün birinci yarısında bəzi şərq rayonlarında qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3 mm, Neftçala, Lənkəranda 1 mm-dək olub. Yevlax, Zərdab, Şəmkir, Şamaxı, Qax, Qobustan, Lerikdə duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10, Naxçıvan MR-da 3, Aran rayonlarında 5 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta qeydə alınıb.

Bakıda kişinin laqonda ilə işləyərkən qolu kəsildi, öldü

Bakının Sabunçu rayonunda ehtiyatsızlıq ölümə səbəb olub. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1958-ci il təvəllüdlü Hüseynəli Musa oğlu Əsgərov evində laqonda ilə işləyərkən qolunun bazu sümüyün kəsib. Ailə üzvləri onu xəstəxanaya çatdırsa da, yaralı dünyasını dəyişib. Həkimlərin verdiyi məlumata görə, onun ölümünə səbəb qan itirməsi olub. Fakt araşdırılır.

Tramp söz verib: İsrailə qoyulan bu məhdudiyyət...

Donald Tramp vəzifə səlahiyyətlərinə başlayacağı gün silah və döyüş texnikasının İsrailə ötürülməsinə qoyulan bütün məhdudiyyət və gecikmələri aradan qaldıracağına söz verib. Sozcu.az xəbər verir ki, bu barədə İsrailin “Kanal12” televiziyası məlumat yayıb. Məlumata görə, Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışıqlarının birində bu mövzuya toxunub. Qeyd edək ki, ABŞ-da noyabrın 5-də keçirilən seçkilərin qalibi olan Tramp 2025-ci ilin yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.

Mask iranlı diplomatla gizli görüş keçirdi

İlon Mask İranın BMT-dəki səfiri Əmir Səid İrəvani ilə görüşüb və onunla Tehran və Vaşinqton arasında gərginliyin azaldılması yollarını müzakirə edib. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” adı açıqlanmayan iki İran rəsmisinə istinadla məlumat yayıb. Məlumata görə, İlon Maskın istəyi ilə baş tutan bu görüş bir saatdan çox davam edib və İrəvaninin seçdiyi gizli bir yerdə keçirilib. Nəşrə məlumat verən mənbələr Mask və İrəvani arasında keçirilən görüşü müsbət və xoş xəbər kimi qiymətləndiriblər. Mask nəşrin gizli görüşlə bağlı suallarını cavablandırmaqdan imtina edib.

İsrail ordusu Hizbullahın qalasına hücum etdi

İsrail qırıcıları Hizbullahın qalası sayılan Dahiyanın rayonlarından biri olan Əl-Gbeyridəki hədəflərə hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Məlumata görə, hücumdan əvvəl İsrail ordusunun sözçüsü polkovnik Avihaem Edrai ərəb dilində təxliyə xəbərdarlığı edib.

Azərbaycanda istilik mövsümü BAŞLAYIR

Azərbaycanda sabahdan istilik mövsümü başlayır. Sozcu.az xəbər verir ki, “Azəristiliktəchizat” ASC noyabrın 15-dən Bakıda və bir sıra bölgələrdə yerləşən mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istilik verəcək. İstilik mövsümünə hazırlıq çərçivəsində 557 qazanxana, 88 istilik məntəqəsi tam hazır vəziyyətə gətirilib. Qeyd edək ki, istilik mövsümü aprelin 15-nə qədər davam edəcək.

Zərdabda dəhşətli QƏZA: ölü və yaralılar var

Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə axşam saatlarında Ucar-Zərdab avtomobil yolunda baş verib. İlkin məlumata görə hərəkətdə olan yük avtomobili, minik avtomobili və motosikletin toqquşması nəticəsində bir nəfər ölüb, dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!

Müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Sozcu.az xəbər verir ki, bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Bu və növbəti şənbə tam iş GÜNÜDÜR

Azərbaycanda noyabrın 16-sı və 23-ü iş günü hesab edilir. Sozcu.az-ın məlumatına görə, Nazirlər Kabineti 2024-cü ilin 12 və 13 noyabr iş günlərinin müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilməsi barədə qərar qəbul edib. Bu dəyişiklik iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədini güdürdü. 9 noyabr qeyri-iş günü olduğu üçün, həmin günə uyğun olaraq 11 noyabr da qeyri-iş günü kimi müəyyən edilib. Beləliklə 8, 9, 10, 11, 12 və 13 noyabr tarixləri ardıcıl qeyri-iş günləri hesab edilib. Nəticədə bu şənbə - 16 noyabr və növbəti şənbə - 23 noyabr iş günü hesab edilir.

Maşın arabaya çırpıldı: azyaşlı öldü

Ağstafada minik maşını arabaya çırpılıb. Sozcu.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Belə ki, “Mercedes” markalı avtomobil at arabası ilə hərəkətdə olan baba və nəvəsini vurub. Hadisə nəticəsində baba, 1972-ci il təvəllüdlü İsmayılov Ələmdar Haqverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Nəvə, 2018-ci il təvəllüldü Tağıyev Əziz Əvəz oğlunun isə həyatını xilas etmək mümkün olmayıb.

Bakıda FACİƏ: boğazında noxud qalan uşaq öldü

Bakıda uşaq faciəvi şəkildə ölüb. Hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib. 5 yaşlı Ü. Nuriyevin boğazında qalan noxud onun ölümünə səbəb olub. Araşdırma aparılır.//Lent.az

İstanbul metrosunda yanğın: Qatarların hərəkəti dayandırıldı

Türkiyənin İstanbul şəhərində metronun "Yenikapı" stansiyasında səhər saatlarında naməlum səbəbdən yanğın baş verib. Bu barədə İstanbul metrosunun rəhbərliyi açıqlama yayıb. Yanğının dayanacaqdakı eskalatorda başlandığı deyilib. Məlumata görə, qəfil hər yeri tüstü bürüyüb və qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb. "M2 Yenikapı-Hacıosman metro xəttinin Yenikapı stansiyası müvəqqəti olaraq fəaliyyətə bağlanıb. Səfərlər Vezneciler-Hacıosman stansiyaları arasında həyata keçirilir", - deyə məlumatda bildirilib. Həmçinin səfərlərin Yenikapı-Vezneciler stansiyaları arasında pulsuz avtobuslar vasitəsilə həyata keçiriləcəyi qeyd edilib.//Oxu.az

Dünya Bankı iqlim üçün 150 ​​milyard ayıracaq

Dünya Bankı yaxın 10 il ərzində iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları resurs ayırmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bunu Dünya Bankının davamlı inkişaf üzrə vitse-prezidenti Yurgen Voegele (Juergen Voegele) COP29 çərçivəsində keçirilən "Qlobal maliyyə sistemi: İqlim fəaliyyəti üçün maliyyələşmənin genişləndirilməsi" adlı tədbirdə deyib. O bildirib ki, inkişaf etməkdə olan ölkələrin karbon emissiyalarını azaltmaq və gələcək risklərə hazır olmaq üçün 2030-cu ilə qədər ildə 2,4 trilyon ABŞ dollara ehtiyacı olacaq: "Ölkələr, insanlar, iqtisadiyyatlar, şirkətlər çətin günlər yaşayır. Ona görə də hərəkətə keçməliyik. Bu, Dünya Bankını adından mənim mesajım ola bilər. Keçən il biz inkişaf etməkdə olan ölkələrə 43 milyard ABŞ dolları maliyyə ayırdıq. Bu, iqlimin maliyyələşdirilməsi baxımından digər fondlarla müqayisədə inkişaf etməkdə olan ölkələr üçün ən böyük dəstəklərdən biridir". Vitse-prezident qeyd edib ki, Dünya Bankı iqlimə davamlı borc müddəaları kimi yeni alətlər təqdim edib: "Ölkələr, xüsusən də kiçik ada dövlətləri fəlakətlərlə üzləşdikdə həqiqətən köməyə ehtiyac duyurlar. Hazırda 14 ölkə ilə müqavilələrimiz var. Bu ölkələr fəlakətlə üzləşdikdə borc ödəmələrini təxirə sala və ya azalda biləcəklər. Bu, çox böyük kömək edir".

Sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq - Paşinyan

Ermənistan Bakının sülh müqaviləsi layihəsi ilə bağlı son təkliflərinə artıq cavab verib. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. “Biz bazar ertəsi sülh müqaviləsinin 2 maddəsi ilə bağlı təklifimizi Azərbaycana çatdırdıq”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan isə bildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi layihəsi üzərində daha konstruktiv şəraitdə işləyirlər və bu məsələyə dair nikbindir.  “Sülh müqaviləsi layihəsində hələ də bir-iki ifadə, maddə var ki, onun ətrafında iş əvvəlki dövrlə müqayisədə intensiv şəkildə, hətta deyərdim ki, daha konstruktiv atmosferdə davam edir. Biz həqiqətən də, sülh müqaviləsinin nəhayət razılaşdırılmış mətninə çox yaxınıq”, - deyə Ararat Mirzoyan bildirib.

Tramp Putinə “başkəsən” deyən senatoru dövlət katibi edir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Trampın keçid komandası məlumat yayıb. “Marko xalqımızın güclü müdafiəçisi, tərəfdaşlarımıza sadiq müttəfiq və heç vaxt düşmənlərimizə boyun əyməyən cəsur döyüşçü olacaq”, - bəyanatda deyilir. Rubio özü də göstərilən etimada görə minnətdarlığını bildirərək təyinatını təsdiqləyib. Qeyd edək ki, Rubio 2014 və 2022-ci illərdə Rusiyanı SWİFT sistemindən ayırmaqda israrlı olan senatorlar arasında olub. O, həmçinin Vladimir Putini “başkəsən” və “quldur” adlandırıb. Rubio Kiyevə apreldə qəbul edilmiş 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçıdan biridir. Sentyabrda Ukraynadakı müharibənin gedişatını şərh edərkən qeyd edib ki, o, Rusiyanı dəstəkləmir, lakin hərbi əməliyyatların danışıqlarla yekunlaşacağını güman edir. Rubio HƏMAS-ı terrorçu kimi tanıyır və İsrailin onları sonadək məhv etməsinin, İran, Şimali Koreya və Suriyaya sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır. O, erməni diasporu ilə “yaxşı əlaqələri” olan senator sayılır.

İlham Əliyev Monteneqronun prezidenti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycanda AES tikilə bilər - MAQATE

Azərbaycan öz gələcəyi üçün enerji həlləri sırasına bir seçim kimi nüvə enerjisini də əlavə etməyi düşünür. Sozcu.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) direktoru Rafael Qrossi BMT-nin İqlim Dəyişikliyi mələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş "Nüvə enerjisi də daxil olmaqla aşağı karbon texnologiyasının maliyyələşdirilməsi" adlı tədbirdə deyib. O bildirib ki, beynəlxalq təşkilat olaraq məqsəd nüvə enerjisinə üz tutmağı hədəfləyən ölkələrin bu prosesi təhlükəsiz və problemsiz şəkildə həyata keçirməsini təmin etməkdir: "Bu məsələ bizdən maliyyələşməni müzakirə etməyi tələb edir. Bütün sahələrdə olduğu kimi, burada da maliyyə çox vacibdir. Keçmişdə nüvə sahəsində bir sıra maneələr və məhdudiyyətlər olub, ancaq bunu müzakirə etmək istəmirəm. Qeyd etməliyəm ki, dünya miqyasında nüvə enerjisinə maraq artır. Bəzi ölkələrdə yeni layihələr var və COP zamanı “Yeni nüvə” dediyimiz məsələlər, xüsusilə də kiçik modul reaktorlar haqqında çoxlu maraqlı görüşlər keçirildi. Bu reaktorlar bu günlərdə hər kəsin diqqətini çəkən innovativ inkişafdır". MAQATE direktoru diqqətə çatdırıb ki, xüsusilə karbonsuzlaşmaya və böyük miqdarda enerjiyə ehtiyacı olan sənaye sektorları indi nüvə sənayesindən bu tələbləri qarşılamaq üçün həll yolları gözləyir: “Bu müzakirədə vurğulamaq istədiyimiz məqam bazar reallıqlarına uyğunlaşan strukturların maliyyələşdirilməsinin vacibliyidir. Beynəlxalq maliyyə qurumları bazarın tələblərinə cavab verməkdə bir çox cəhətdən geri qalırlar və bu məsələnin həlli barədə imkanlar təqdim edilməlidir".

Qəzzada ölənlərin sayı 43 mini keçdi

İsrailin Qəzzaya 404 gündür davam edən hücumlar nəticəsində ölənlərin sayı 43 min 712-ə çatıb. Sozcu.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində həyata keçirilən 7 hücumda 47 fələstinli həyatını itirib, 182 fələstinli isə yaralanıb. 7 oktyabr 2023-cü ildə İsrailin Qəzza zolağına hücumlara başladığı gündən etibarən isə ümumilikdə 43 712 nəfər həlak olub, 103 258nəfər yaralanıb.

Bölgələrdə yağış yağır - FAKTİKİ HAVA

Noyabrın 13-ü saat 16:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur. Balakən, Zaqatala, Şəki, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Göyçay, Neftçala, Yardımlı, Lənkəran, Astarada arabir yağış yağır. Şərur, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Qobustan, Lerikdə duman müşhidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan MR-da 12, Aran rayonlarında 12, dağlıq rayonlarda 6 dərəcə isti qeydə alınıb.

Türkiyədə 1 polis həlak oldu

Türkiyənin Tunceli vilayətində polis əməkdaşlarının atəş poliqonunda təlim zamanı 1 polis əməkdaşı həlak olub. Hadisə atış prosesində baş verən səhlənkarlıq uzbatından meydana gəlib. Sozcu.az xəbər verir ki, ölən polis Can Yiğit torpağa tapşırılıb. Faktla bağlı araşdırma başlanıb. Hadisəyə tapança silahında baş verən tutulmanın səbəb olduğu deyilir. Polis əməkdaşı nasazlığı aradan qaldırarkən yanlışlıqla özünü vurub.

Həkimdən vacib xəbərdarlıq: Bunu etməyənlərin xəstəlikləri çoxalacaq

Dərman vasitələrini həkim məsləhəti olmadan, özbaşına qəbul etmək insan həyatı üçün bir sıra fəsadlar yaradır. Ancaq vitamin və qida əlavələrini insanlar reseptsiz alıb istifadə edə bilirlər. Həm də dozasız və müddətsiz bir formada. Bəs sözügedən maddələrin orqanizmə hər hansı əks təsiri ola bilər? Məsələni “Yeni Sabah”a şərh edən professor, həkim Adil Qeybulla bir sıra məqamlara aydınlıq gətirib: “Biz vitaminləri, müxtəlif mineral maddələri, yağları, karbohidratları imkan daxilində qida vasitələri ilə qəbul etməyə önəm verməliyik. Çünki bu həm də mədə-bağırsaq traktının normal işini təmin edir. Amma bununla yanaşı, mədə-bağırsaq xəstəliyi olan, müxtəlif əməliyyat keçirənlər və orqanizmdə xəstəlik ucbatından yaranan defsitlər olan şəxslər mütləq dərman maddələri ilə təmin edilməlidir. Son olaraq, əgər qana, bədənə həmin mineral və vitaminlər lazımı miqdarda çatmırsa, kənardan sözügedən maddələri qəbul etmək olar. Vitaminlərin defsiti orqanizmdə həyati vacib, mühüm proseslərin ləngiməsinə, müxtəlif xəstəliklərin inkişafına gətirib çıxara bilər. Buna görə də həmin maddələrin orqanizmdə normal konsenterasiyasına nəzarət edilməlidir. Bu olsa, yetərlidir”. Həkim həmçinin qeyd edib ki, deyilənlərlə yanaşı, fiziki aktivliyi də artırmaq lazımdır: “Hazırda bütün dünyada vitamin D əskikliyi geniş yayılıb. Xeyli vitaminlərin defisiti geniş yayılıb. Bundan əlavə, bədəndə əvəz olunmayan amin turşular var ki, onlar da mütləq kənardan qəbul edilməlidir. Bu baxımdan normal və sağlam qidalanma vacibdir. Hər hansı bir xəstəlik ucbatından orqanizmdə yaranan defisitin bərpası onun normal çalışması üçün lazımdır. Ona görə hər bir şəxsdə bu məsələlər fərdi həll olunmalıdır”.