Rusiya - Ukrayna müharibəsi üçüncü dünya müharibəsinə səbəb ola bilər?

 Rusiya-Ukrayna müharibəsinin Üçüncü dünya müharibəsinə səbəb olub-olmayacağı sualına tam dəqiq cavab vermək mümkün olmasa da, bu riski qiymətləndirmək üçün aşağıdakı əsas amilləri nəzərdən keçirmək lazımdır: 1. Müharibənin xarakteri və genişlənmə potensialı Müharibə lokal münaqişə kimi başlayıb və hələ də əsasən Rusiya və Ukrayna arasında davam edir. Lakin NATO ölkələrinin Ukraynaya verdiyi dəstək (silah, maliyyə, təlimatçılar və s.) bu münaqişəni böyük güclərin dolayı qarşıdurması halına gətirib. Əgər Rusiya ilə NATO ölkələri arasında birbaşa hərbi toqquşma baş verərsə, bu, vəziyyəti kəskin şəkildə dəyişə və daha genişmiqyaslı müharibəyə yol aça bilər. 2. Nüvə silahı riski Rusiya nüvə dövlətidir və münaqişədə “taktiki nüvə silahı”nın istifadəsi ilə hədələdiyi hallar olub. Əgər belə bir silah istifadə edilərsə, bu, NATO və ABŞ-ın daha ciddi şəkildə müdaxiləsinə səbəb ola bilər və beynəlxalq gərginlik kəskin şəkildə artar. Bu isə Üçüncü dünya müharibəsi riskini reallaşdıra bilər. 3. Qərbin ehtiyatlı siyasəti ABŞ və Avropa ölkələri Rusiya ilə birbaşa qarşıdurmadan qaçmağa çalışır. Silah yardımları və sanksiyalar olsa da, Qərb dövlətləri açıq şəkildə Rusiya ilə müharibəyə girmək istəmir. Bu da münaqişənin nəzarət altında saxlanılmasına kömək edir və riskləri azaldır. 4. Çin və digər ölkələrin mövqeyi Çin bu müharibədə neytral görünməyə çalışır, lakin Qərblə qarşı-qarşıya gəlmək istəmir. Çin və Hindistan kimi ölkələrin münaqişəyə birbaşa qarışmaması dünya miqyasında hərbi toqquşma ehtimalını azaldır. Nəticə: ➡️ Hazırkı vəziyyətdə Rusiya-Ukrayna müharibəsi Üçüncü dünya müharibəsinə çevrilməyib və birbaşa səbəb olması ehtimalı hələlik aşağıdır. Amma: NATO və Rusiya arasında birbaşa toqquşma, Nüvə silahlarının istifadəsi və Konfliktin digər regionlara yayılması kimi hallar baş verərsə, bu, dünya miqyasında böyük bir hərbi münaqişəyə – hətta Üçüncü dünya müharibəsinə – gətirib çıxara bilər. İndi üçün beynəlxalq səviyyədə risklərin idarə olunması və diplomatik yolların açıq qalması çox vacibdir.

Tədris üçün dərsliklər yetərlidirmi? – Sorğu

Dərslik təkcə bir tədris vəsaiti deyil, həm də şagirdin taleyinə yön verən yol xəritəsidir. Təhsil prosesində həm müəllim, həm də şagirdlər üçün ən vacib vasitələrdən biri olan dərsliklər  biliklərin sistemləşdirilmiş şəkildə təqdim edilməsinə, dərsin planlı da imkan verir. Müəllimlər dərsliklər vasitəsilə şagirdlərə mövzuları daha aydın öyrədir, şagirdlər isə əsas anlayışları mənimsəyərək biliklərini daha da möhkəmləndirirlər. Lakin bu gün tədris zamanı yalnız dərsliklərdən istifadə yetərlidirmi? Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin müəllimləri öz təcrübə və müşahidələrinə əsaslanmış fikirlərini “Azərbaycan müəllimi” ilə bölüşüblər.  "Dinləmə materiallarının və söz ehtiyatını zənginləşdirmək üçün müxtəlif tapşırıqların əlavə edilməsi sevindiricidir” Şamaxı şəhəri M.Hadi adına 9 nömrəli tam orta məktəbin “Tərəqqi” medallı Azərbaycan dili və ədəbiyyat müəllimi Sənubər Şükürova dərsliklərə dair fikirlərini belə ifadə etdi: “Bu il beşinci sinif “Azərbaycan dili” dərsliyi yenilənib və iki hissədən ibarət hazırlanıb. Bu, şagirdlərin yükünü bir qədər azaldır. Buraya dinləmə materiallarının və söz ehtiyatını zənginləşdirmək üçün müxtəlif tapşırıqların əlavə edilməsi sevindiricidir”. Lakin təcrübəli müəllim dərs saatlarının azlığını və bəzi yuxarı sinif mövzularının aşağı siniflərə salınmasını təəssüflə qeyd etdi. Onun sözlərinə görə, dərslikdən əlavə iş dəftərləri, Dövlət İmtahan Mərkəzinin tapşırıqlar toplusu və internet resurslarının istifadəsi mövzuların dərindən mənimsənilməsində mühüm rol oynayır. Müasir təhsil mühitində müəllim yalnız dərsliklə kifayətlənə bilməz. Sənubər Şükürova istifadə etdiyi resurslarla bağlı da bunları bildirib: “Əvvəlcədən hazırladığım iş vərəqləri, tapşırıqlar, interaktiv proqramlar və şagirdlərlə hazırladığımız əyani vəsaitlər dərsləri daha maraqlı edir”.  O, əlavə resurslardan istifadə üçün məktəblərin texniki imkanlarının vacibliyini də vurğulayır.  “Qrammatik qaydaların izahına, praktik tapşırıqlarına daha geniş yer verilsə, yaxşı olar” Ağsu rayonu Muradlı kənd tam orta məktəbin ingilis dili müəllimi İbrahim Cavadovun fikrincə, ibtidai sinif dərslikləri iş dəftərləri ilə birlikdə bir-birini tamamlayır. Ancaq orta sinif dərsliklərində qrammatik qaydaların izahına, praktik tapşırıqlarına daha geniş yer verilsə, yaxşı olar. İbrahim müəllim əlavə vəsaitlərdən istifadənin də vacibliyini qeyd edir: “İmtahan suallarına əvvəlki illərin mövzuları da salındığından biz mütləq əlavə materiallardan istifadə etməliyik”.  Onun dərs prosesinə daxil etdiyi resurslara konspektlər, testlər, yaddaş kitabları və sözlüklər daxildir. “Əlavə vəsaitlərdən istifadə qaçılmazdır” Ağsu şəhəri 2 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nigar Kərimova dərsliklərin strukturunun şagird bacarıqlarının formalaşmasına yönəlməsini vacib sayır. Onun sözlərinə görə, təhsil təkcə ali məktəbə qəbul məqsədi daşımamalı, bacarıq yönümlü olmalıdır: “Zəmanə bacarıq əsridir. Dərsliklər şagirdlərdə səriştələr formalaşdırmağa xidmət etməlidir”. Nigar xanım hesab edir ki, dərslik yalnız bilik bazasını təqdim edir, lakin biliklərin möhkəmləndirilməsi üçün əlavə vəsaitlərdən istifadə qaçılmazdır: “Bu, məqsədəuyğun və faydalı seçimdir. Əsas olan odur ki, dərslik şagirdə dayanıqlı bacarıqlar qazandırsın”. İsmayıllı şəhəri Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Südabə Məmmədova isə bu siniflərdəki vəziyyətə diqqət çəkir: “I sinif dərslikləri məktəbəhazırlıq qrupuna getməyən uşaqlar üçün ağırdır. Hüsnxət tapşırıqları azdır". 

Bakıda məktəb direktoru işdən ÇIXARILDI - FOTO

Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib. Sozcu.az Modern.az-a istinadla xəbər verir ki, onunla imzalanan əmək müqaviləsinə xitam verilib. Məlumat Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) təsdiqlənib. "Bakı şəhərindəki 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova ilə bağlanmış əmək müqaviləsinə 23 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib", - deyə BŞTİ-dən verilən cavabda qeyd edilib. Qeyd edək ki, Əmək Məcəlləsinin sözügedən maddəsinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazisində kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti kinematoqrafiya əsərlərinin və digər audiovizual əsərlərin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi qaydalarını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, kinematoqrafiya sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Eyni zamanda bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Kəlbəcərdə minaya düşən hərbiçi ilə bağlı yeni xəbər

Azərbaycan Ordusunun hərbçisinin Kəlbəcərdə minaya düşməsi faktı üzrə cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan bildirilib. Məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun piyada əleyhina minanın partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda ibtidai istintaq aparılır.

Döyülən azyaşlının atası: “Evimə gəlib pul təklif etdilər”

Lənkəran şəhərində yerləşən “Kaspi Kids” məktəbəqədər hazırlıq kursunda müəllimə tərəfindən döyülən uşağın atası açıqlama verib. Azyaşlının atası Fuad Hüseynov bildirib ki, uşağın müəlliməsi özü təsdiqləyib ki, o, uşağı vurub. Belə ki, bağça işçiləri uşağın üzərindəki paltarı dəyişib hadisəni gizlətməyə çalışıblar. Uşaq 2-3 saat ərzində bu vəziyyətdə qalaraq ağlayıb. “Onlar hadisədən sonra evimə gəliblər. 950 manat gətiriblər. Təklif ediblər ki, uşağın aylıq ödənişidir və onu geri qaytarırıq. Sonra yalan məlumat yaydılar ki, guya mən uşağı pulsuz oxutdurmuşam. Mən istəyirəm ki, hadisəyə hüquqi qiymət verilsin,” — deyə Fuad Hüseynov bildirib.Cenublu.az)

Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan edib. Sozcu.az xəbər verir ki, mayın 30-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Naxçıvan MR, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Naftalan, Goranboy, Mingəçevir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Şirvan, Hacıqabul, Qobustan, Sabirabad, Salyan, Neftçala, Göyçay, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Quba, Şabran, Şamaxı, Oğuz və Şəkidə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Hüquqşünasdan SƏRT SÖZLƏR: “Məmurun villası yox, vətəndaşın alış-verişi şübhəli sayılır!”

Son günlər ƏDV geri al (Əlavə Dəyər Vergisinin geri qaytarılması) sistemi ilə bağlı vətəndaşların üzləşdiyi məhdudiyyətlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Belə ki, kuryer xidməti göstərən bir şəxs sosial mediada paylaşım edərək bildirib ki, əvvəllər ayda orta hesabla 40-50 manatlıq ƏDV geri qaytara bilirdisə, son vaxtlar artıq qəbzləri sistemə yükləmək mümkün deyil. Onun sözlərinə görə, hesabı şübhəli əməliyyat kimi tanınıb və bu səbəbdən istifadə hüququ məhdudlaşdırılıb. Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən verilən açıqlamada bildirilib ki, vətəndaşın təqdim etdiyi ƏDV qəbzləri onun aylıq gəlirinə uyğun gəlmədiyindən əməliyyatlar şübhəli hesab olunub. Mövzuya hüquqşünas Əkrəm Həsənov da münasibət bildirib. O, Yenisabah.az-a açıqlamasında qeyd edib ki, bu cür yanaşma qanunvericiliyə ziddir: "Bu, tamamilə qanunsuzdur. Qanunvericilikdə heç bir yerdə şəxsin aylıq xərclərinin mütləq şəkildə onun rəsmi gəlirlərinə uyğun gəlməsi barədə tələb yoxdur. Ola bilər ki, vətəndaşın əvvəlki illərdən yığdığı vəsaiti var, yaxud ona hər hansı bir şəxs tərəfindən maliyyə dəstəyi göstərilib. Bu halları istisna etmək olmaz." Əkrəm Həsənovun fikrincə, əgər dövlət şəffaflıq və qanunçuluq tələb edirsə, ilk növbədə məmurların gəlir və əmlak bəyannamələrinə əməl olunmalıdır: "Azərbaycanda məmurların gəlir bəyannaməsi haqqında qanun 2005-ci ildə qəbul olunub, lakin indiyədək ona əməl olunmur. O zaman sual yaranır: məmurlar aldığı rəsmi maaşla necə milyonlarla manatlıq evlər, avtomobillər, villalar əldə ediblər? Bu vəsaitin mənşəyi araşdırılmırsa, sadə vətəndaşın alış-veriş qəbzlərinin mənbəyi niyə şübhəli hesab olunur?" Hüquqşünas hesab edir ki, vergi orqanlarının bu cür tətbiqi vətəndaşların hüquqlarının pozulması ilə nəticələnə bilər və qanunvericiliyin düzgün tətbiq olunmamasına dəlalət edir.

Xəzər Universitetində dava: tələbə bıçaqlandı

Xəzər Universitetində tələbəni bıçaqlayan şəxs saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib. O qeyd edib ki, mayın 29-da Nizami rayonu ərazisində 20 yaşlı şəxsə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub. "Əməli törətməkdə şübhəli bilinən həmyaşıdı F.Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır", - qurum rəsmisi deyib.

Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü QƏBUL ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İlon Mask Tramp Administrasiyasından istefa verdi

Dünyanın ən zəngin adamı - milyarder İlon Mask özünün X sosial şəbəkəsində ABŞ Hökumətinin Effektivliyi İdarəsinin rəhbəri vəzifəsindən getdiyini açıqlayıb. Sozcu.az xəbər verir ki, “Associated Press”in məlumatına görə, milyarder Vaşinqtonda tanış olmayan mühitə uyğunlaşmaq üçün mübarizə aparıb və gözlədiyindən qat-qat az nailiyyət əldə edib. Ağ Evdəki anonim mənbə Maskın vəzifəsindən getdiyini təsdiqləyib. Mask sosial mediada yazıb ki, onun “xüsusi dövlət işçisi kimi” müddəti başa çatıb. İlon Mask ABŞ Prezidenti Donald Trampa "israf xərclərini  azaltmaq səylərinə görə" təşəkkür edib. “Forbes”in reytinqinə əsasən, İlon Maskın sərvəti hazırda 428,6 milyard dollara çatıb.

I və IV qruplar bu tarixdə imtahan verəcək

İyunun 1-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək. İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İştirakçılar mayın 21-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. Abituriyentlərin bir daha nəzərinə çatdırırıq ki, imtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli. a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 187 imtahan binası, 3381 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 187 ümumi imtahan rəhbəri, 537 imtahan rəhbəri, 4236 nəzarətçi, 597 buraxılış rejimi əməkdaşı, 187 bina nümayəndəsi cəlb olunub. İmtahanda I ixtisas qrupu üzrə 31167, IV ixtisas qrupu üzrə 6526, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 7986 nəfər olmaqla, ümumilikdə 45679 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanda 53 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 31-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.

Azərbaycanda müəllimlər avtobusda saçyolduya çıxdılar

Göygöl rayonunda qadın müəllimlər dalaşıblar. Sozcu.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qızılca kəndinə sərnişin daşıyan marşrut avtobusunda baş verib. Qızılca kənd orta məktəbinin müəllimi işləyən Səbinə Quliyeva (soyad şərtidir) vəzifəsindən azad edilir. Hadisədən bir müddət sonra o, kənd marşrutunda keçmiş həmkarı Tacirə ilə rastlaşır və onu işdən çıxmasına Tacirənin səbəb olduğunu deyir. Avtobusda müəllimlər arasında mübahisə davaya çevrilir və onlar saçyolduya çıxırlar. Hadisə nəticəsində Səbinə Tacirəni saçından tutaraq avtobusda sürüyür. Sürücü hadisəyə müdaxilə edərək onları ayırsa da, müəllimlər küçədə yenidən davaya başlayırlar. Hadisə nəticəsində Tacirə müxtəlif bədən xəsarətləri alır. Faktla bağlı cinayət işi başlanır və iş məhkəməyə göndərilir. Göygöl Rayon Məhkəməsinin hökmü ilə S.Quliyeva Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilib.

“Azərbaycan ordusu atəş açmayıb” – MN

Azərbaycan Ordusu Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, mayın 29-da gecə saat 01:00-dan 01:15-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açılması və yaşayış binasının ziyan görməsi barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir: “Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiya və yalan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlarına zəmin yaratmağa cəhd edir. Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri heç vaxt mülki əhaliyə və mülki obyektlərə atəş açmır”.

Azərbaycanada 33 dərəcə isti qeydə alındı

Azərbaycanın Aran rayonlarında 33, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Mayın 29-u saat 10:00-a olan məlumatına görə, hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarında qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Beylaqanda 5, Lerik, Cəfərxan, Şahbuz, Daşkəsən, Gəncə, Gədəbəy, Ceyrançöl, Ağstafa, Tovuz, Tərtər, Zərdab, İmişli, Sabirabad, Cəlilabad, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 2 mm-dir. Bir sıra ərazilərdə şərq küləyi əsib, küləyin maksimal sürəti Gəncədə 28, Culfada 26, Sabirabadda 20, Goranboyda 19, Naftalan və Şahbuzda 18, Şəki və Kürdəmirdə 15 m/s-dək güclənib. Mayın 28-i saat 21:30-21:32 radələrində Yardımlı rayonuna diametri 11 mm olan dolu düşüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30 dərəcə isti qeydə alınıb.

Ağ Ev: ABŞ mümkün qədər çox bitkoin ehtiyatı toplamaq niyyətindədir

ABŞ mümkün qədər çox bitkoin ehtiyatı toplamaq niyyətindədir. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Rəqəmsal Valyutalar üzrə Məşvərət Şurasının icraçı direktoru Bo Hayns bildirib. “Birincisi, məqsədimiz daha çox bitkoin toplamaq. İkincisi, ABŞ hökumətinin sahib olacağı heç bir bitkoini satmaq niyyətində deyilik” – deyə Hayns vurğulayıb.

Merts: Putin sülh yolu ilə nizamlanmada maraqlı deyil, uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır

Rusiya Vatikanın Ukrayna ilə danışıqlarda vasitəçilik təşəbbüsünü, eləcə də ABŞ və Avropanın atəşkəslə bağlı çağırışlarını rədd edib. Bu isə onu göstərir ki, Rusiya lideri Vladimir Putin sülh yolu ilə nizamlanmada maraqlı deyil və buna görə də daha uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır. Sozcu.az "Sky News"a istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Fridrix Merts Finlandiyanın Baş naziri Petteri Orpo ilə keçirdiyi birgə mətbuat konfransında bildirib. “Müharibələr adətən tərəflərdən birinin və ya hər ikisinin iqtisadi və ya hərbi cəhətdən tükənməsi ilə bitir. Bu müharibədə isə biz hələ bu mərhələdən uzağıq", - kansler qeyd edib.

Rusiyada yeniyetmə dörd həmyaşıdını bıçaqlayaraq öldürüb, daha sonra yanğında həlak olub

Rusiyanın İrkutsk vilayətinin Baykalsk şəhərində yeniyetmə bıçaqla dörd həmyaşıdını qətlə yetirib, daha sonra baş verən yanğın nəticəsində özü də ölüb. Sozcu.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi "Telegram" kanalında məlumat yayıb. İstintaq versiyasına görə, hadisə “Qornıy Baykal” bağçılıq kooperativində yerləşən fərdi evdə baş verib. Eyni evdə olan yeniyetmələrdən biri digərlərinə bıçaqla hücum edib. Dörd nəfər hadisə yerində ölüb, daha dörd yeniyetmə isə müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb. “Hücum edən şəxs daha sonra evi yandırıb və baş verən yanğın nəticəsində ölüb”, - İstintaq Komitəsi bildirib. Hadisə yerində beş yeniyetmənin meyiti aşkarlanıb. Faktla bağlı qətl maddəsi ilə cinayət işi açılıb. Hadisənin bütün detalları araşdırılır.apa

Kanada iyulun 1-də Avropanın silahlanma planına qoşula bilər

Kanada iyulun 1-də Avropanı yenidən silahlandırmaq planına qoşulacağını gözləyir. Sozcu.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Mark Karni “CBC” telekanalına bildirib. “Biz bu istiqamətdə çox irəliləyiş əldə etmişik, ona görə də 1 iyul - Kanada gününə qədər biz konkret bir şey görmək istərdik”, - o, müvafiq məsələyə toxunaraq deyib.

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Bu gün Azərbaycanın milli bayramı - Müstəqillik Günü qeyd olunur. Sozcu.az xəbər verir ki, 28 may 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür. 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Çar imperiyası devrilib. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlanıb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılıb. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub. Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə – Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib. Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə). 1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Cümhuriyyətinin üç rəngli bayrağı qəbul edilib. O zamana qədər Azərbaycan Demokratik Cümhuriyyətinin bayrağı qırmızı rəngdəydi. Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bilib. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil edib. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilməyib və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan edib.

KÖZDƏ YANDIM

Çınqılardan köz düzəldib, Közdə yandırdım özümü. Yalanlardan söz düzəldib, Sözdə yandırdım özümü. Ümidimi yenə tikdim, Səbr sapım, dərdə naxış. Gözlərimdə donub qalan Arzularım — yüz min baxış. Yuxularda qanadlanıb, Ayın belin ölçüb, susdum. Səhər erkəndən oyanıb, Xəyalları bir-bir qusdum. Qəbrin daşına dönməmiş, Ümidlərim döndü daşa. Yaşamaq eşqim sönməmiş, Tale dedi: “Çatdın başa”. Zakir doğma ölkəsində, Boynu bükük, yetim qaldı. Sözləriylə, səssizliyi Bu yurda bir yetim saldı. Dərd əlimdən su içsə də, Əlim suya möhtac qaldı. İçim kədər, qəm, qüssədə, Bir ömürü göz suladı. Yanan közdə bir ovuc kül, Və bu külün içində mən. Arzularım açmadı gül, Və bu gülün içində mən... Zakir İsmayil 

Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ

Mayın 28-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bu BÜRCLƏR mayın sonuna kimi hamını TƏƏCCÜBLƏNDİRƏCƏK

Bürcün bir neçə əlaməti üçün dəyişikliklərin və inanılmaz nailiyyətlərin vaxtı gəldi. May ayının sonuna qədər ulduz falı uğur və əziz arzuların yerinə yetirilməsini proqnozlaşdırır. Siz şanslılar arasındasınız? Əkizlər Yayın əvvəlinə çoxdan arzuladığınız biznesə başlaya biləcəksiniz. Ancaq əvvəlcə potensialınızı geridə qoyan hər şeydən qurtulmalısınız. Kainat sizi ləngidən vərdişlərə və əlaqələrə yenidən baxmağa sövq edəcək. Keçmişi və insanları buraxmaqdan qorxmayın. Bu vaxt qətiyyətli fəaliyyət üçün nəzərdə tutulub, ona görə də şübhələri və məhdudiyyətləri bir kənara qoyun və arzularınızı gerçəkləşdirməyə tələsin. Şir Mayın sonuna qədər çoxdankı, bəlkə də heç kimə demədiyiniz arzularınızı həyata keçirmək üçün hər cür şansınız var. Ancaq bunun üçün istedadlarınızı məhdudlaşdıran amillərdən xilas olmaq lazımdır. Qabiliyyətlərinizi nümayiş etdirməkdən və diqqət mərkəzində olmaqdan qorxmayın. Kainat sizin tərəfinizdə olacaq, ona görə də istənilən iş uğurlu olacaq. Qoy dünya sizin parlaq, iddialı tərəflərinizi görsün! Qız bürcü Həyatınızı yenidən düşünmək imkanınız olacaq. İllərdir ki, təmin edə biləcək peşələrə üstünlük verdiniz. Özünüzü yalnız cüzdanı deyil, həqiqətən də ruhu istiləşdirən şeyə həsr etməyin vaxtı gəldi. May ayının sonuna qədər uşaqlıqda yarana biləcək xəyalları həyata keçirməyə qərar verməyə dəyər. Uğurlar sizin tərəfinizdə olacaq, ona görə də cəsarətlə yeni heyrətamiz səyahətə çıxın. Əqrəb Ola bilsin ki, siz həyatda təlimat və qaydalara güvənməyə alışmısınız, amma indi tale sizi bu vərdişi dəyişməyə məcbur edəcək. İntuisiya uğurun açarıdır. Daxili istəklərinizə və hisslərinizə diqqət yetirin - onlar sizə hansı istiqamətdə hərəkət edəcəyinizi söyləyəcəklər. Özünüzə güvənərək, ən əziz arzularınızı həyata keçirə biləcəksiniz. Daha cəsarətli olun və Kainat sizə təşəkkür edəcək. /Lent.az/

Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi mayın 27-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub. Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Zərərçəkmiş şəxsin hüquqi varisi Tahir Əliyev övladı Səbuhi Əliyevin Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən öldürüldüyünü bildirib. Zərərçəkmiş şəxs Seymur Teymurov dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavabında bildirib ki, Ağdərədə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan “Kornet” tipli raket mərmisinin onun ibarət etdiyi avtomobilə düşməsi nəticəsində iki nəfər həlak olub, özü isə yaralanıb. Digər zərərçəkmiş şəxs Rafiq Əhmədov Ağdam rayonunda düşmən tərəfindən basdırılmış minaya düşməsi nəticəsində xəsarət aldığını bildirib. Zərərçəkmiş Ramil Ələkbərov Xankəndidə düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində yaralandığını söyləyib. Mehman Quliyev Kəlbəcərdə düşmən tərəfindən ağır artilleriya atəşinin açılması zamanı qəlpə dəyməsi nəticəsində sağ gözünü itirdiyini deyib. Rəşad Abdullayev Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən tank əleyhinə raketin atılması nəticəsində xəsarət aldığını bildirib. Digər zərərçəkmiş şəxslər - Elsevər Nəzərov Ağdərədə, Fəqan Haqverdiyev Ağdam rayonunda, Sirac Niftalıyev Xocalı rayonunda, Nadir Balayev, Rauf Yusifov və Orxan Fərzəliyev isə Xocavənd rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər. Mirsaleh Heydərzadə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Şuşada düşmən tərəfinin atəşi nəticəsində yaralandığını söyləyib. O deyib ki, avtomobillə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən meşəlik istiqamətindən açılan atəş nəticəsində özü və avtomobildə olan digər şəxs yaralanıb. Zərərçəkmiş şəxs Rahim İbrahimov Ağdərədə düşmən tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib. Aqil İspərzadə Xocavənd rayonu ərazisində düşmən tərəfindən mərmi atılması nəticəsində xəsarət alıb. Hadisə zamanı iki nəfər həlak olub, daha üç nəfər xəsarət alıb. Zərərçəkmiş Ramil Xankişiyev bildirib ki, Ağdərədə kolların arasında düşmənin basdırdığı minanın partlaması nəticəsində özü və Xası Verdiyev yaralanıb. Hadisə zamanı Mirmusa Mehdizadə həlak olub. Digər zərərçəkmiş şəxs Nemət Rüstəmov Xocavənddə düşmənin açdığı snayper atəşi və atdığı minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib. Ərzulla Tağıyev Xocavənd rayonunda ermənilər tərəfindən minaatandan açılan atəş nəticəsində yaralandığını deyib. Zərərçəkmiş şəxs Abdulla Əsgərzadə dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabında bildirib ki, Xocavənddə tibb xidməti avtomobili ilə gedərkən Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin düşərək partlaması nəticəsində özü və Ərzulla Tağıyev yaralanıb. “Həmin vaxt avtomobilin üzərində tibb xidməti maşını olmasını bildirən nişanın olmasına baxmayaraq, onlar bizi atəşə tutdular”, - deyə o qeyd edib. Zərərçəkmiş digər şəxs Vaqif Xeyrullayev bildirib ki, Laçın rayonunda düşmənin açdığı atəş nəticəsində yaralanıb. Həmin vaxt onunla birlikdə olan Mirtalıb Ağayev həlak olub, Oruc Rzayev və adını xatırlamadığı bir neçə nəfər xəsarətlər alıb. Mirhüseyn Dostuyev Xocavənddə düşmən tərəfindən açılmış snayper atəşi nəticəsində sağ ayağından güllə yarası aldığını deyib. Zərərçəkmiş şəxslər - Pərviz İskəndərli və Samir Fərzəliyev Xocalı rayonunda yaralanıqlarını söyləyiblər. Samiq Əliyev Şuşa şəhəri yaxınlığında düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində xəsarət aldığını vurğulayıb. Emil Cəfərov Xocavənddə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandığını bildirib. Zərərçəkmiş şəxs Tural Dadaşov Kəlbəcərdə Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində xəsarət aldığını deyib. O qeyd edib ki, həmin vaxt adını xatırlamadığı bir neçə nəfər həlak olub. Nüsrət Kərimov Ağdam rayonunda düşmən tərəfinin atəşi nəticəsində xəsarət alıb. Zərərçəkmiş şəxs onunla birlikdə yaralanan şəxslərdən birinin hələ də xəstəxanada müalicəsinin davam etdiyini bildirib. Aslan Əzizov isə diqqətə çatdırıb ki, Ağdam rayonunda düşmən tərəfindən açılan atəş nəticəsində özü, Namiq Zöhrabov və Nüsrət Kərimov müxtəlif növ bədən xəsarətləri alıblar. Məhəmməd Qəyyumlu və Murad Hüseynov Ağdam rayonunda Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılan atəş nəticəsində yaralandıqlarını söyləyib. Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib. Məhkəmənin növbəti iclası iyunun 3-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.