“Mən uşaqlıqdan sevimli, çox hörmət etdiyim Nərgiz Cəlilovaya baxıb, onun kimi diktor olmaq istəmişəm. Çünki Nərgiz xanımın oturuşu, duruşu, özünü aparma qabiliyyəti mənim üçün bir nümunə olub. Onun kimi diktor olmaq istəyirdim, teleaparıcı yox. O vaxt heç teleaparıcılar da nadir hallarda efirdə görünürdülər”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış teleaparıcı Afaq Gəncəli deyib.
Tanınmış teleaparıcı televiziya sahəsinə gəldiyi günü də xatırlayıb.
“25 ildir ki, televiziya sahəsindəyəm. 1998-ci il mart ayının 9-da Azv-də ilk efirim idi. Bir gün idi ki, işə gəlmişdim, efirə çıxdım. Heç hazırlıqlı deyildim. Mənim üçün yeni bir məkan idi, kamera da görməmişdim. Şükürlər olsun ki, bacardım. Mədəniyyət və İncəsənət universitetində Arzu Tağıyeva adlı bir rejissor var idi, ilk məni kamera qarşısına çıxaran insan o olub. Yadımdadır, avtomobil verilişinin ilk qadın aparıcısı oldum” deyə Afaq Gəncəli bildirib.
Teleaparıcı deyir ki, müğənnni dostlarına görə bəzi sənətçilər onu çox incidib.
“Bəzi müğənnilərlə dostluğuma görə mənimlə küsənlər, danışmayanlar da olub. Onlar dolayısı yolla bunu demək istəyirdilər ki, mənimlə dostsansa, onunla dost ola bilməzsən. Bu düzgün yanaşma deyil. Əgər kiməsə qarşı münasibətdə yaxşıyamsa, onun da mənə qarşı münasibəti yaxşı olmalıdır. Yox, əgər mən münasibətlərdə fərq qoyuramsa, o zaman sən nəsə deyə bilərsən. Haqlısan. Hamı ilə ayrı-ayrılıqda münasibətim və onlara hörmətim var. Hansısa tədbirdə, toyda baxmamışam ki, o insan mənimlə danışmır, onu elə gözəl, özünə layiq təqdim etmişəm ki. Çünki bu mənim işimdir. Mən onunla ədavət apara bilmərəm” deyə aparıcı bildirib