Türk millətinin xoşbəxtliyi Avropa ilə yaxınlaşmaqdan ibarətdir. Əgər kimlərsə Türk millətinin yaddaşında Avropaya nifrət, düşmənçilik toxumları səpirsə bilin ki, onların bizi zərrə qədər düşündüyü yoxdur. Bizim birinci fikri atamız İsmayıl bəy Qaspıralı deyirdi ki, Avropa bir ixtiyardır, təcrübəsi çoxdur. İxtiyarlığına hörmət edək. Təcrübəsindən bəhrələnək, xətalarını təkrar etməyək: məktəblərini, universitetlərini bizlər də təsis edək, elmlə ağlımızı ziyalandırdığımız qədər haqq və ədalətlə ürəklərimizi doldurmağa çalışaq. Avropada pis-yaxşı nə varsa, uşaq kimi çapmayaq, bir insan kimi götür-qoy edək: nədir, nəyə yarar, vicdan və haqq-ədalət xaricində deyil ki?!.
Türkün həqiqi düşmənlərini tanımaq üçün dağa-daşa düşməyə ehtiyac yoxdur.
Başlayaq yüz illərdi türkü qəflətdə, əsarətdə saxlayan Rusiyadan. Rusiyadan çox türkə pislik edən olubmu ?
Gələk İrana. Qardaşlarımızı, canlarımızı, özümüzü diri-diri asanları burda qoyub, başqalarına daş atmağı özünüzə necə rəva görürsünüz ?
Hələ insanlıq canisi Çin. Uyğur türklərinə yaşatdığı vəhşəti ömrü boyu canımızda yaşadırıq. Görünür ki, qərib türklərin başına gətirilən dəhşətlər sizə heç maraqlı deyil.
Türkün həqiqi düşmənlərini yaddaşında gizlədib, qeyd olunan türk düşmənlərinin oyunları ilə özlərinə Avropanı düşmən seçənlər zəlil və rəzili-rüsva olacaqlar.
Ceyhun Nəbi- Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri