"Budur "rus dünyası...Yatdığın yerdə səhər saat 4-də oyanırsan və budur...Nə mənzil var, nə də maşın, insanlar həlak olur..."
Çoxmərtəbəli binanın yarısı dağıdılıb, Rusiyanın raketi yaşayış binasına düşüb, çoxlu sayda həlak olanlar var, insanlar dağıntılar altında qalıb
Ötən gecə saat 03:17-də Rusiya ordusu Krivoy Roqda beşmərtəbəli binaya raket zərbələri endirib.
Sozcu.az xəbər verir ki, bu barədə Krivoy Roqun Müdafiə Şurasının sədri Aleksandr Vilkul məlumat verib. Məlumatı "moscowtimes.ru" nəşri yayıb.
Raket zərbələri nəticəsində yanğın baş verib, dinc sakinlər öz mənzillərinin dağıntıları altında qalıb.
"Yüksək dəqiqli" nacinslər şəhərin müxtəlif hissələrində tamamilə dinc obyektləri, o cümlədən beşmərtəbəli binanı nişan alıb", - Vilkul "Telegram-kanal"ında yazıb. Onun sözlərinə görə, son dərəcə ağır vəziyyətdə olan zərərçəkənlər var.
Vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısak dəqiqləşdirib ki, çoxmərtəbəli binanın raket atəşinə tutulması nəticəsində 6 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Sosial şəbəkələrdə şahidlər hadisə yerindən kadrlar dərc edib. Fotolardan göründüyü kimi, çoxmərtəbəli yaşayış binasının ən azı bir girişində bütün mənzillər yanıb.
Şahidlərin sözlərinə görə, insanların mənzillərində və maşınlarında pəncərələr dağılıb. Bəzi yerlərdə yanğınlar qeydə alınıb.
"Hər şey çox pisdir, raket beşmərtəbəli binaya düşüb, xeyli dağıntılar var", "Binanın yarısı, sadəcə, darmadağın olub", - istifadəçilər yazıb.
Sakinlərdən biri öz mənzilini telefona çəkib, orada zərbə dalğası pəncərələri sındırıb, mebeli dağıdıb, əşyaları ətrafa səpələyib.
"Budur "rus dünyası"... Yatdığın yerdə səhər saat 4-də oyanırsan və budur...Nə mənzil var, nə də maşın, insanlar həlak olur", - qadın dağıntıları nümayiş etdirərək hisslərini bölüşüb.
Yerli mətbuatın məlumatlarına görə, hazırda dağıntılar altında qalanlar var. Birinci mərtəbədən beçinci mərtəbəyədək mənzillər yanır, yanğın təxminən 700 kv metr ərazini əhatə edib. Xilasedicilər yanğını söndürməyə çalışır.
İlkin məlumata görə, Rusiya ordusu X-101/555 raketləri ilə zərbələr endirib.
Səhər tezdən Ukrayna prezidenti Vladimir Zelenski faciə yerindən kadrları göstərib.
"Terrorçuların növbəti raketləri, rusiyalı qatillər yaşayış evləri, adi yerlər və dinc insanlara qarşı savaşını davam etdirir...Terrorçular heç vaxt bağışlanılmayacaq və hər bir raketə görə cavab verməli olacaqlar", - Zelenski əmin edib.