Paşinyan: Üçtərəfli bəyanatı buna görə imzaladım

Şuşanın itirilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib. “Niyə mən noyabrın 10-da Üçtərəfli bəyanatı imzaladım? Burada, təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Burada şəhərin təkcə simvolik mənası deyil, həm də strateji əhəmiyyəti var idi. Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşə bilərdi”, - o bildirib.

Ukrayna bir gecədə 28 “Şahid” vurdu

Hava hücumundan müdafiə qüvvələri iyunun 20-nə keçən gecə Ukrayna ərazisinə hücum edən 30 “Şahid” PUA-sından 28-ni məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Rusiya hərbçiləri Zaporojye və onun ətrafında 7 ədəd S-300 raketi atıb: “Raket zərbəsinin nəticələri barədə məlumatlar dəqiqləşdirilir”.

Ukrayna üç istiqamətdə uğurlu əməliyyat keçirdi

Ötən gün Ukrayna qoşunları cəbhənin ən azı üç istiqamətində uğurlu əks-hücum əməliyyatları həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. “Ruslar Ukrayna ordusunun Baxmutun şimal-qərb, şimal-şərq və cənub-qərb istiqamətində hücumlarını davam etdirdiyini bildirib. Ukrayna Krasnopolovka yaxınlığında (Baxmutdan təxminən 12 km şimal-şərqdə) irəliləyib. Kiyev rəsmiləri isə son bir həftə ərzində ordunun Zaporojye istiqamətində 7 km-ə qədər irəlilədiyini və 113 kvadratmetr ərazini azad etdiyini vurğulayıb. O cümlədən Donetsk və Zaporojye vilayətlərinin qərbində 8 yaşayış məntəqəsi də azad edilib. Ötən günün geolokasiya görüntüləri isə təsdiq edir ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində, Orexovdan təxminən 25 kilometr cənub-qərbdə yerləşən Pyatixatkini azad edib”, - məlumatda deyilib.

Rusların qorxulu yuxusu olacağıq - Budanov

Ölkədə “Ölməz komandirlərin xüsusi dəstəsi” yaradılır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. “Bu dəstəyə Valeri Zalujnı (Ukrayna Silahlı Qüvvələrinin baş komandanı), Stepan Bandera (Ukrayna Millətçilər Təşkilatının lideri), Simon Petlyura (1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Direktoriyasının rəhbəri) daxil olacaq. “Ölməzlər dəstəsi” Ukraynanı ələ keçirmək istəyən rusların qorxulu yuxusu olacaq”, - o bildirib.

482-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 482-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 221 460 hərbçi, 3997 ədəd tank, 7750 ədəd zirehli döyüş maşını, 3888 ədəd artilleriya sistemi, 614 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 372 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 306 ədəd helikopter, 6645 ədəd avtomobil texnikası, 3393 ədəd PUA, 1214 qanadlı raket, 18 gəmi/qayıq, 531 xüsusi avadanlıq itirib.

Türkiyədə ağır yol qəzası: ölü və yaralılar var

Türkiyədə Mersin vilayətinin Tarsus rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Qəza nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb. Xəsarət alan TIR sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarına gəlincə, ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,94 dollara, yüngül neftin bir barreli isə 70,88 dollaradır.

Ukrayna müdafiəni yardı, ruslar mühasirəyə düşə bilər

Ukrayna qoşunları daim müxtəlif istiqamətlərdə irəliləyir. Novodarovka-Ravnopol rayonunda ruslar mühasirəyə düşə bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib. O, Ukrayna SQ-nin rusların ilk müdafiə xəttini yardığını xatırladıb: “Əgər biz Novodarovka-Ravnopol rayonlarını nəzarətə götürsək, rusları mühasirə gözləyir. Düşünürəm ki, Ukrayna qoşunlarının təzyiqi ilə onlar ərazidən çıxacaqlar”.

Beyləqanın yolları 437 min “yeyəcək” - Vegri borcu olan şirkətlə müqavilə

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi "Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə maliyyə dəyəri 437.175,6 AZN olan satınalma müqaviləsi imzalayıb. Sozcu.az xəbər verir ki, müqavilə Beyləqan şəhərində yolların əsaslı təmiri işləri ilə bağlıdır.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.  "Aztimont” ASC yarananda adı "Sabirabad Tikinti-23” ASC olub. Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət bir müddət "Azərtikinti-Quraşdırma-Servis-23” ASC adı altında fəaliyyət göstərib. Şirkətin ilk qanuni təmsilçisi Bağırov Xosrov Məhəmməd olub. Daha sonra onu Şirinov Şöhrət Ağaşirin oğlu əvəzləyib. Ağaşirin Şirinovdan sonra qanuni təmsilçi Allahverdiyev Emin Allahverdi oğlu olub. Emin Allahverdiyevi hazırki qanuni təmsilçi Nəriman Veysəlov əvəzləyib. Şirkətin hazırda 1137.02 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. (qaynarinfo)

Hər uşaqlı ailəyə 500 manat veriləcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet informasiya ehtiyatına (www.president.az) oxşar saxta veb səhifələr yaradılaraq ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara yeni qanunun qüvvəyə minməsi və uşaqlı hər bir ailəyə 500 manat məbləğində müavinət verilməsi ilə bağlı saxta mesajlar göndərilir. Sozcu.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Vətəndaşlardan qeyd olunan müavinəti əldə etmək üçün göndərilən saxta keçidə daxil olaraq özünün və övladının tam adını, növbəti mərhələdə isə bank kartı məlumatlarını yazmaları tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, əlaqədar qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir. Müxtəlif vasitələrlə sizə göndərilən şübhəli keçidlər vasitəsilə bank və digər fərdi məlumatlarınızı daxil etməyin.

Avropalı deputatlar Azərbaycan-Ermənistan sərhədinə GƏLİR

Avropa Parlamentinin deputatları Azərbaycanla sərhəddə təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün Ermənistana səfər edəcəklər. Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər iyunun 19-22-də baş tutacaq. Səfər zamanı Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndə heyəti İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ilə tanış olmaq niyyətindədir. Həmçinin hökumətdə və parlamentdə görüşlər keçirmək nəzərdə tutulub.

“Vizanın ləğv olunması quru sərhədinin açılmasına hazırlıqdır” — NATİQ CƏFƏRLİ

“Son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya ASAN VİZA, ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi  quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir”. Azpost.info bildirir ki, bu sözləri iqtisadçı -ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycanda nəhayət ki, Operativ qərargah ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq koronavirus məsələsi tarixə qovuşacaq. Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var. “Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək – artıq bu məsələnin rəsmi olaraq “pandemiya” ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək”. N.Cəfərli deyib ki,  bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti “pandemiya” dövründə qadağalarla bağlı  indiyədək cəriməsi olanların borcu ləğv edilsin, pandemiya dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın: “Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər”.

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar etdi

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Ukrayna Prezident Ofisi: "Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyətdir"

"Rusiya ilə danışıqlar, hansısa orta yol bizim üçün məğlubiyyət deməkdir". Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib. Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq: “Çünki belə olsa, qarşı tərəf növbəti hücuma hazırlaşa bilər”. M.Podolyak bildirib ki, Rusiya bu müharibədə məqsədini açıq göstərib: “Onlar ölkəmizi dağıtmaq istəyirlər. Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl söyləmişdi ki, Rusiya Ukraynadakı vəziyyəti tənzimləmək üçün bütün ideyalara hazırdır.

Zülfüqar Hüseynzadənin oğlu atasının qəfil ölümündən YAZDI

Bir gün bu mövzuda nəsə deyəcəyimi heç gözləmirdim. Sözlərə sığmayan, cümlələrin yetərsiz qaldığı bir acım var. Onun mənə hər fürsətdə verdiyi nəsihətlər bu an belə qulağımda çınlanır. Yaşadığım acının heç bir zaman tərifi olmayacaq. Atam tək mənə ata deyildi o mənim ən yaxın dostum, ən yaxın sirdaşım, bir sözlə hər şeyim idi. Hər imkan olduqda parkda gəzməyə çıxardıq. Onunla qurduğumuz o xoş arzular, o xoş istəklər onunla birlikdə torpağa qarışdı. Atam sadəcə bu dünyadan özünü aparmadı, sevincim, arzularım, hətda gülüşlərim belə onunla birlikdə torpağa gömüldü. Düzdü mən atamı sözlərlə ifadə edilə bilməyəcək şəkildə çox sevirdim. Hər oğul atasın sevər, ancaq mən hər zaman onu fərqli hisslərlə, fərqli duyğularla sevirdim, indi də sevirəm dəyişən tək şey onun olmamasıdır. Belə bir söz var Allah deyr kimi məndən çox sevərsən onu səndən alaram. Hər gecə Allaha dua edirdim atamı, anamı mənə çox görmə deyə öz canımdan al onların canına birləşdir təki olar sağ olsun,təki olar xoşbəxt olsun. Hər insan oğlunun əlbətki, bir böyük arzusu vardır. Mənim ən böyük arzum, diləyim atama anama nəvə bəxş etmək idi. Mən inanıram ki, hər zaman atamın ruhu mənimlə olacaq. Mənə ondan tək qalan sözləri, nəsihətləri deyil, həmçinin bu günə qədər uğraşıb böyük əziyyətlərlə çalışdığı bir saytı mənə miras qoydu. 20 yaşımın olmasına rəğmən sanki çiyinlərimdə 20 ton yük var. Allahın izni ilə bu çətin günləri atlacam. Mən atama söz verirəm ki, onun bu günə kimi uğraşıb, vuruşub bu yerlərə gətirdiyi saytı hər zaman qoruyacam, nəyinki özüm mənim belimdən gələn nəsillərdə onu idarə edəcək. Atam yolun düşsə bu dünyaya birdə gəl…

Postsovet məkanı necə demokratikləşəcək?

Rusiyanın Ukraynaya qarşı müharibəsi Moskvanın Avrasiyanın jandarmı statusunu təsdiq etməyə xidmət etməli idi. On il əvvəl, 2013-cü ilin noyabrında Ukraynada başlayan Avromaydan Hərəkatı (Ləyaqət İnqilabı) Rusiyanın Avrasiyada jandarm roluna qarşı ən qüdrətli çıxış idi. Azadlıqlara, demokratiyaya və insan haqlarına nifrət edən, millətlərin istiqlal, insanların hürriyyət hüququnu tanımaq istəməyən Şər İmperiyası onun 300 illik hökmüranlığını laxladan Avromaydan Hərəkatını qan içində boğmağa çalışsa da, Ukrayna xalqının iradəsi qarşısında məğlub olaraq inqilabın gerçəkləşməsinin qarşısını ala bilmədi. Bundan sonra qanlı Kreml Ukrayna xalqını cəzalandırmaq qərarına gəldi.  Ukraynanın beynəlxalq hüquqla tanınan suvern ərazilərinin Rusiya tərəfindən işğalı, işğal bölgələrində əsarətə qarşı müqavimət göstərənlərin soyqırımı başladı.  Ukraynanı Rusiya əsarətini qəbul etməyə vadar edə bilməyən Moskva ötən ilin fevralında Ukraynaya qarşı geniş miqyaslı müharibəyə başladı. Ukraynanın işğal olunacağı halda Rusiyanın bütün postsovet məkanı üzərində total nəzarətini bərpa edəcəyini anlayan bütün azadlıqsevər qüvvələrin ürəkləri Ukrayna ilə bərabər döyünməyə başladı. Ukrayna xalqının rəşadətli müqaviməti dünyada bütün azadlıq tərəfdarlarını hərəkətə keçirdi. Böyük Britaniyanın təşəbbüsü, ABŞ-ın dəstəyi ilə Ukraynaya dəstək üçün bəşəriyyətin tarixi boyu ən böyük koalisiya quruldu. Rusiya Ukraynanı işğal edə bilmədiyi kimi, sonunu gətirəcək uzunmüddətli müharibə ilə üzləşdi.    Bu müharibənin sonunda hiyləgərcəsinə avrasiyaçılıq adlandırılan üç əsirlik avrorusçuluğa son qoyulacaq. Son üç yüz ildə Avrasiyada gedən bütün siyasi proseslərdə həlledici rol oynayan Rusiya mərkəzli dünya düzənin başa çatması Yaxın Şərqdən Qafqaza, Şərqi Avropadan Uzaq Şərqə kimi çox geniş bir çoğrafiyaya ciddi təsir edərək, geosiyasi sunami doğuracaq. Bu prosesin mərkəzi postsovet məkanına düşəcəyi üçün bu çoğrafiyada nəhəng tarixi hadisələr baş verəcək. Fransa İnqilabından sonra Avrasiyada bütün demokratik prosesləri məhv etmək üçün bu çoğrafiyada jandarm rolunu oynayan Rusiyanın siyasi xəritəsinin dəyişməsi nəhəng demokratikləşmə prosesinə geniş imkanlar yaradacaq.  Lakin xalqlar özlərinin totalitar keçmişlərindən asanlıqla qurtula bilmədikləri üçün Qərbin üzərinə çox böyük vəzifə düşəcək. ABŞ ikinci dünya müharibəsindən sonra Qərbi Almaniya və Yaponiyanı necə demokratikləşdirdisə, postsovet məkanın da eyni üsulla hürriyyətə qovuşdurmalıdır.    İkinci dünya müharibəsidən sonra Qərbi Almaniya və Yaponyada demokratiya əsasən Amerika qoşunları tərəfindən “zorla” həyata keçirildi. Əgər o zaman ABŞ müttəfiqi Böyük Britaniya ilə birlikdə bu missiyanı həyata keçirməsəydi Almaniyanın və Yaponiyanın demokratikləşməsi çox çətin ola bilərdi. Müharibədən sonra keçirilən bir araşdırmada məlum olmuşdu ki, almanların yarısından çoxu hələ də Hitlərə rəğbət bəsləyir. Alman və yapon xalqını totalitar keçmişindən ABŞ məcburi şəkildə qopardı. Bunu o zaman alman və yapon xalqı həzm etməsə də, illər keçdikdən sonra amerikalıların bu xidmətini minətdarlıqla anmağa başladı.  Posstsovet məkanı da eyni qayda ilə demokratikləşdirilməlidir. Çox böyük ehtimalla məhz belə də olacaq. Bunu şərtləndirən səbəblər çoxdur. Ən əsas səbəb isə ondan ibarətdir ki, bölgə xalqları totalitar keçmişlərindən könüllü imtina etməyə hazır deyillər. Xəqani Cəfərli

Ukraynalılar rus səngərinə girdi: basqın...

Ukrayna ordusu cənub istiqamətində rusların səngərlərinə daxil olaraq 10-a yaxın hərbçini məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb. “Cənubda tapşırıq zamanı xüsusi təyinatlı qüvvələr düşmən xəttinin arxasına keçə biliblər. Müqavimət göstərməyə cəhd edən düşmən əsgərlərinin bir neçəsi məhv edilib”, - məlumatda qeyd olunub.

Azərbaycan əhalisinin borcları artıb

2023-ci ilin I rübündə istehlak və ipoteka kreditlərinə tələb yüksəlib. Sozcu.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib. Hesabata görə, tələbin artımının əsas drayverləri daşınmaz əmlak bazarı ilə bağlı gözləntilər, faiz dərəcələri, habelə, rəqəmsallaşma olub. Bu ilin ilk rübündə əhalinin borclanmasının banklar tərəfindən qiymətləndirilməsinə əsasən əhalinin borclanma səviyyəsində artım müşahidə edilib. Belə ki, sorğuya əsasən 42% bank əhalinin borclanmasında dəyişiklik olmadığını qeyd etsə də, 54% bank əhalinin borclanma səviyyəsinin orta dərəcədə artdığını, 4% bank isə orta dərəcədə azalma olduğunu bildirib.

DİN və DSX birgə əməliyyat keçirib, 102 kq narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində ümumi çəkisi cəmi 102 kiloqramdan artıq narkotik vasitə və 1200 ədəd güclü təsiredici xassəyə malik həb götürülərək qanunsuz dövriyyədən çıxarılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini 46 yaşlı Qorxmaz Hüseynovdan çəkisi 97 kiloqram 338 qramdan artıq marixuana, 5 kiloqram 10 qram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.

Eldar Həsənovun ailə üzvləri yenidən Ali Məhkəməyə müraciət etdi

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova, Səbinə Hüseynova və digərləri əmlaklarının geri qaytarılması ilə bağlı qərardan kassasiya şikayəti verilib. Sozcu.az "Pravda"ya istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası iyulun 20-nə təyin edilib. Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib. Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub. Daha sonra o, Apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib. Qeyd edək ki, daha əvvəl Ali Məhkəmə E.Həsənovun 3 övladı - Anar Həsənov, Emilya Qurbanova və Səbinə Hüseynovanın əmlaklarının geri qaytarılması ilə bağlı qərar çıxarmışdı. Qərara əsasən, Emilya Qurbanova tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Ali Məhkəmə tərəfindən geri qaytarılan əmlaklar bunlardır: Abşeron rayonu, Novxanı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5 ha torpaq sahəsi; Abşeronda yerləşən 106 kv.metr sahəsi olan 5 nömrəli mənzil; Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, 1242b ünvanında yerləşən 0,12 ha torpaq sahəsi; Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, F.X.Xoyski küçəsində yerləşən 17,7 kv.metr qeyri-yaşayış sahəsi olan 48 nömrəli və həmin ünvanda yerləşən 35,4 kv.metr qeyri-yaşayış sahəsi olan 13 və 14 nömrəli mağazalar; Bakı şəhəri, Xətai rayonu, Dairəvi-7 küçəsi ünvanında yerləşən 347 kv.metr sahəsi olan 40 nömrəli fərdi yaşayış evi. Qərarda qeyd edilib ki, həmin əmlakların xüsusi müsadirə edilməsi və mülki iddianın ödənilməsinə yönəldilməsinə dair müddəalar Bakı Ağır Cinayətlər Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin qərarından xaric olunsun. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Ombudsman Ermənistanın azərbaycanlılara qarşı nifrət siyasətində uşaqlardan istifadəsinə dair hesabat hazırlayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən Ermənistanın azərbaycanlılara qarşı yürütdüyü nifrət siyasətində uşaqlardan istifadə edilməsinə dair xüsusi hesabat hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara göndərilib. Bu barədə Sozcu.az-a Ombudsman Aparatından məlumat verilib. Məlumatda bildirilib ki, 18 iyun tarixi dünyada Nifrət Nitqinə qarşı Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur və bu hesabatın hazırlanmasında da məqsəd Ermənistanın Azərbaycana qarşı apardığı nifrət siyasətində uşaqlardan istifadə olunmasına dair faktların dünya ictimaiyyətinin, eləcə də aidiyyəti beynəlxalq təşkilatların diqqətinə çatdırmaq və nifrət siyasətinin qarşısının alınması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir. Azərbaycan və ingilis dillərində hazırlanmış hesabatda uzun illər Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən nifrət siyasətinə uşaqların alət edilməsi, münaqişə dövründə,o cümlədən İkinci Qarabağ müharibəsi zamanı uşaqların hərbi əməliyyatlara cəlb edilməsi ilə bağlı faktlardan, mediada bununla bağlı qeyd olunmuş məlumatlardan və digər mənbələrdən istifadə olunub. Qeyd edək ki, Ombudsman Aparatı tərəfindən bundan əvvəl də araşdırmalar nəticəsində əldə edilmiş faktoloji materiallar, sosial şəbəkələrdə və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əsasında azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlanıb və müvafiq beynəlxalq insan hüquqları qurumlarına ünvanlanıb. Hesabatın tam mətni ilə buradan tanış ola bilərsiniz.

Ağdamda kütləvi məzarlıq aşkarlandı

Ağdamın işğaldan azad olunan ərazisində kütləvi məzarlıq aşkarlanıb. Sozcu.az xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində tapılıb. Meyitləri tapılan şəxslərin 1992-ci ildə ermənilər tərəfindən öldürülərək basdırılması ehtimal olunur.

Azərbaycana gələn turist İslam dinini qəbul etdi

Rumıniyadan Azərbaycana gəlmiş turist İslam dinini qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli paylaşım edib. Hacı Surxay bildirib ki, turist müsəlman olduqdan sonra adını dəyişmək qərarına gəlib: “Rumınıyalı turistimiz bütün peyğəmbərlər, onların ailəsi ilə bağlı illərdir araşdırma aparıb sonda İslamı qəbul etmək qənaətinə gəlib. Bu gün İslamı qəbul etdi. Adını da dəyişdi, Təmir adını seçdi. Allah qardaşımıza ömür versin. Təbrik edirəm”. İslamı qəbul edən turist də öz hisslərini ifadə edib: “Məni qəbul etdiyiniz üçün çox sağ olun. Bu gün qardaşlarımızın yanından xoş təəssürat və imanla ayrılıram”.