Ukrayna MN: “Qalib gəlmək üçün uzaqmənzilli silahlara ehtiyacımız var”

“Qalib gəlmək üçün uzaqmənzilli silahlara ehtiyacımız var”. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib. O bildirib ki, Ukrayna Silahlı Qüvvələri artıq döyüş meydanında təşəbbüsü ələ alıb: “Amma qələbə üçün düşmənə uzaqdan zərbələr endirməliyik. Bunun üçün isə uzaqmənzilli silahlara ehtiyacımız var”. V.Qavrilovun sözlərinə görə, Ukraynanın bütün hərbi planları hesablamalara uyğun gedir. Nazir müavini həmçinin vurğulayıb ki, F-16 qırıcı təyyarələrinin yaxın zamanlarda Ukraynaya təhvil veriləcəyinə inanır.

Lənkəranda traktor avtomobillə toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Sozcu.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistralının Lənkəran rayonun Qurumba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun Cil kənd sakini 2002-ci il təvəllüdlü Sübhan Salam oğlu Həbibzadənin idarə etdiyi traktor Astara rayonunun Şümrüd kənd sakini, 1990-cı il təvəllüdlü Nahid Şadoğlan oğlu​ Məmmədovun​ idarə etdiyi ​“Mitsubishi” pikap markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən traktor aşıb. Traktorun sürücüsü, eləcə də pikapda olan sərnişinlər,​ Astara rayonunun Pəlikeş ​kənd sakinləri, sürücünün qardaşı​ 1986-​cı il təvəllüdlü Mövlud​ Şadoğlan oğlu Məmmədov və həmkəndlisi 1978-​ci il təvəllüdlü Araz Qulamhüseyn oğlu Əzimov​ müxtəlif dərəcəli ​bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.report

Bakı sakininin bank kartı oğurlanıb

Bakı şəhər sakininin bank kartı oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, paytaxt sakini olan bir nəfər iyunun 9-da Binəqədi rayonu ərazisindəki kafelərin birində cüzdanından 90 manat pulunun və bank kartının oğurlanması, sonradan həmin kartından 493 manat dəyərində alış-veriş edilməsi barədə polisə müraciət edib. Binəqədi RPİ 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mehdi Cəlilov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ukrayna müharibədə təşəbbüsü ələ keçirir

Ukrayna müharibədə təşəbbüsü ələ keçirir, Rusiya isə özünü müdafiə edir. Lakin qalibiyyət üçün 200 km-ə qədər uzaqmənzilli dəqiq silahlar lazımdır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Vladimir Qavrilov deyib. “Bütün hərbi planlarımız qiymətləndirmələrə uyğun həyata keçirilir. Müasir döyüşlərdə əsas məsələ düşmənin mövqeyini bilmək, eləcə də uzaq məsafələrə yüksək dəqiqliklə zərbələr endirmək üçün situasiyaya yiyələnməkdir”, - Qavrilov bildirib.

Biri 3 gün əvvəl məzun olmuşdu - Kürdə batan yeniyetmələr...

Neftçalada Kürdə batan üç yeniyetmə barədə bəzi məqamlar məlum olub. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onların hər biri rayonun Beşdəli kənd sakinləridir. 18 yaşlı Elşən Əhmədov və 16 yaşlı Siyasət Əhmədov qardaşdır. S.Əhmədov orta məktəbi bu il bitirib, o, üç gün əvvəl məzun gününü qeyd edib. Çayda boğulan Teymur Məlikov isə Dövlət Sərhəd Xidmətinə (DSX) daxil olan təhsil müəsisələrindən birinin kursantıdır. Yeniyetmələr ötən gün Kür çayının Neftçala rayonu, Cəngən kəndindən keçən hissəsində çimərkən boğulublar. Onların cəsədləri FHN tərəfindən tapılaraq ailələrinə təhvil verilib. 

Əli Əliyev işdən çıxarıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri olmuş Əli Əliyev işdən çıxarılıb. Bu barədə Sozcuaz-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib. Rəsmi məlumata görə, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb. “Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, - QMİ-nin məlumatında vurğulanıb.

Araz Elsəsin Bakıda ilk solo konserti olacaq

Türk dünyasının böyük ozanı, əslən Güney Azərbaycandan olan sənətçi Araz Elsəsin Bakıda konserti planlaşdırılır. Konsertin sentyabrın 30-da Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulur. Bu, dünya şöhrətli azərbaycanlı ozan Araz Elsəsin ilk solo konserti olacaq. Türk dünyasının sevilən siması, Azərbaycan musiqisinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının vurğunu və aşiqi ozan Araz Elsəsin konserti “Sevgili yurdum” adlanır. Kulis.az xəbər verir ki, türk dünyasının böyük ozanı konsertdə sevilən ifaları ilə yanaşı, türkçülüyü, vətənpərvərliyi tərənnüm edən yeni əsərlərini təqdim edəcək. Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

Stoltenberq daha bir il vəzifədə qala bilər

NATO-nun Baş katibi Yens Stoltenberqin daha bir il vəzifədə qalması istənilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə "Röyters" mənbəyə istinadən məlumat yayıb. Adının açıqlanmasını istəməyən ABŞ rəsmisinin sözlərinə görə, Bayden administrasiyası da belə bir təklifi nəzərdən keçirir: "Hazırda onu əvəz etmək üçün Alyans daxilində konsensus yoxdur".

“Sözümü deməyi bacarıram, niyə də millət vəkili olmayım?”

Müğənni Nura Suri ilə müsahibəni təqdim edirik:  - Sosial şəbəkələrdə statuslarınız çox cəsarətlidir. Qorxduğunuz, çəkindiyiniz hallar yoxdur? - Tək statuslarım yox, özüm də cəsarətliyəm... Heç vaxt sözümü deməkdən çəkinmirəm. Haqsız nəsə görəndə susmuram. Nədənsə xoşum gəlməzsə, onu deyərəm. İnsanlar söz deməkdən çəkinirlər, arxada danışmağı sevirlər. Mənə başqalarının şəxsi həyatı heç vaxt maraqlı olmayıb. Özümə qarşı nəsə olanda anında insanın üzünə qarşı deyirəm, ya münasibəti bitirərəm, ya da davam edərəm. Düzdür, heç kim mələk deyil. Səhvsiz insan yoxdur, hamımızın müəyyən qədər səhvi var. Sadəcə insanların yaxşı və pis xüsusiyyətlərini tərəziyə qoyuram və fikirləşirəm ki, bu insanı ya olduğu kimi qəbul etməli, ya da ondan uzaqlaşmalıyam. Fikir versəm ki, mənimlə bir, başqasıyla ərqli davranır, elə insandan qaçıram. Ümumiyyətlə, çox insan olan yerdə panikaya düşürəm. Enerjiyə önəm verirəm. Əhatə dairəm o qədər də böyük deyil. - Nə vaxtsa statusunuza görə problem yaşamısınızmı? - Xeyr. Kimlərsə deyə bilər ki, niyə status yazmısan, başın ağrıya bilər və sair. Yenə də deyirəm ki, haqsızlığa dözən insan deyiləm. Mənim dövlət, hakimiyyət, müxalifət və siyasətlə onsuz da işim yoxdur. Mən sadəcə olaraq tanınmış insan olduğuma görə sözüm daha tez çatacaq, saytlar yazacaqlar deyə fikrimi deməkdən çəkinmirəm. Kimlərinsə problemi olanda görməzdən gələ bilmirəm. Belə hal ola bilməz. Yaxşını deyəndə onu qabartmıram. - Sanki şou-biznesdə sizdən çəkinirlər. - Bunu hiss etməmişəm, çəkinirlərsə nə xoş mənə. - Yaxın günlərdə millət vəkilliyinə namizəd olacağınızı açıqladınız. - Bəli, iki ildən sonra seçkilər olmalıdır. - Müğənni və millət vəkili olmaq... - Niyə də olmasın, əslində, bütün dünyada bu hal var. Mən həm aparıcı, həm də müğənniyəm. Sözümü deməyi bacarıram, insanların probleminə biganə yamaşmıram. Düşünürəm ki, mənim Milli Məclisdə həm mədəniyyət sahəsində, həm də ümumilikdə bir çox problemləri işıqlandırıb, onların həllini tapmasına yol aça bilərəm. - Sizi incidənləri bağışlaya bilirsiniz? - Məni heç kim incidə, xətrimə dəyə bilməz. Kim nə edirsə, öz daxilindəkini göstərir. O mən deyiləm. Ümumiyyətlə, heç nəyi özümə problem edən adam deyiləm. İnsanları başa düşməyə çalışıram. Hər şeyə fikir vermirəm və elə olsaydım, bu vəziyyətdə qalmazdım. - Gözəl və baxımlı xanımsınız. Özünü sizə bənzədənlərə münasibətiniz necədir? - Özümü heç vaxt gözəl hesab etməmişəm. O qədər gözəl olsaydım, bu gün gözəl olmaq üçün bu qədər əziyyət çəkməzdim. Formada qalmaq və gözəl görünmək üçün daim idmanla məşğul olmaq kimi üsullara əl atmazdım. Bunlara vaxtım çox gedir. - Yorulduğunuz hallar olurmu? - Əlbəttə, olur. İnsanıq... - Onda nə edirsiniz? - Mən özümə qapanmağı çox sevirəm. Günlərlə evdən çıxmaya bilərəm. Dənizkənarı parka çıxa və ancaq kitablar oxuya bilərəm. Məndə özünə qapanmaq və kitab oxumaq kimi xüsusiyyətlər uşaqlıqdan var. Yəni real həyatdan uzaqlaşmağı bacarıram. Buna meditasiya deyə bilərsiniz. (teleqraf.com) 

“Dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox” - Xalq artistinin fiqura söhbətinə cavab

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan ailələrində 5 uşaq olması ilə bağlı çağırışı geniş müzakirələrə səbəb oldu. Bəziləri çoxuşaqlılığın tərəfini tutdu, bəziləri bunun qadını robot olaraq görmək olduğunu iddia etdi.  Xalq artisti Afaq Bəşirqızı da açıqlamasında  çoxuşaqlı ailələrin tərəfdarı olduğunu qeyd etdi və bəzi qadınları sərt şəkildə qınadı: "Fiqura qorumaqla ailə olmur. Onlara "ailə” deməzlər. Onlar həftəlikdirlər. O adam ki ərə gedib, istəyir fiqurası yaxşı olsun, uşaq da doğmur, onun ailə həyatı ancaq həftəlik ola bilər". Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, ailələrin çoxuşaqlı olmasındansa, az uşaqla daha yaxşı tərbiyə və təhsilin verilməsinin tərəfdarıdır: "Ailə quruculuğu deyə bir şey var. Əgər ailə 5 uşağı saxlaya biləcəksə, onda bu qədər uşaq dünyaya gətirə bilər. 1-2 uşağı dünyaya gətirib ona mükəmməl tərbiyə, təhsil verib, mükəmməl şəkildə cəmiyyətə qazandırmaq daha vacibdir. Yoxsa dünyaya 5 uşaq birdən gətirib işsiz vəziyyətdə onları yetim kimi saxlamaq hesab edirəm ki, düzgün deyil.  Bu məsələyə fiqura söhbətinin isə aidiyyatı yoxdur. Azərbaycan cəmiyyəti onsuz da hər zaman çoxuşaqlı olmağı sevib. Əvvəllər hətta ziyalı ailələrdə də minimum 4 uşaq olub. Sadəcə olaraq bu gün 4-5 uşağa baxmaq çətindir.  Biz ayağımızı öz yorğanımıza görə uzatmalıyıq ki, sabah cəmiyyətə yiyəsiz uşaqlar verməyək. Onlara yaxşı təhsil, yaxşı tərbiyə verə bilməyəcəyiksə, o uşaqlar onsuz da Vətənə fayda verməyəcək. İndi isə belə uşaq böyütmək həm də maddi baxımdan çətindir. Rəcəb Tayyib Ərdoğan tövsiyə  verə bilər. Amma kimin imkanı varsa, 5 uşağı saxlaya biləcəksə, onlar uşaq sahibi olmalıdır. Əgər baxa biləcəksənsə, əlbəttə ki, çoxuşaqlı olmaq gözəldir. Yenə qeyd edirəm ki, bunu bacaran etməlidir". Ekspert uşaqpulu məsələsinə də toxunub: "Uşağına təhsil verib  yolunu açıq edə biləcək olan valideynlərin dünyaya çox uşaq gətirməsində heç bir problem yoxdur.  Əgər dövlət də uşaqpulu verəcəksə, bu da gənc ailələrə dəstək olub onları çoxuşaqlı etməyə təşviq edə bilər. Amma dövlət normal uşaqpulu verməlidir, 80-120 manat yox. Əgər uşağa baxmaq üçün normal uşaqpulu veriləcəksə, sözsüz ki, bu ailələrin çoxalmasına dəstək verə bilər".

Kosmosda yeni yaşayış yeri tapıldı - Həyat üçün lazım olan hər şey var

NASA-nın (ABŞ-ın Milli Kosmos İdarəsi) "Kassini" zondonun əldə etdiyi məlumatların yeni təhlili Saturnun peyki Enseladın həyat üçün zəruri olduğunu bildiyimiz 6 əsas maddənin hamısına malik olduğunu təsdiqləyir. Sozcu.az teleqraf.com-a istinadən bildirir ki, nəticələr xarici Günəş sistemindəki digər oxşar peyklərin də yaşayış üçün yararlı ola biləcəklərini göstərir. Yeni tapıntılar təsdiqləyir ki, Enseladın yeraltı okeanında çoxlu fosfor var, bu, elm adamlarının Saturnun peyki üzərində hələ aşkar etmədiyi son kritik həyat inqrediyentidir. Kəşf Yerdən kənarda həyatın tapılması və ya olması perspektivini əhəmiyyətli dərəcədə artırır. Yerdəki bütün həyat altı vacib elementdən asılıdır: karbon, hidrogen, azot, oksigen, kükürd və fosfor. Fosfor bu günə qədər tədqiqatçıların Yerdən kənarda heç vaxt tapmadığı yeganə element idi. Saturnun altıncı ən böyük peykindən götürülən nümunələr altı elementin hamısının mövcud olduğunu təsdiqləyir. Nümunələr Saturnun halqalarından birindən götürülüb. NASA-nın "Kassini" missiyası 2017-ci ildə sona çatmazdan əvvəl həmin halqadan nümunələr toplayıb, amma ilkin tədqiqatda çox az və ya heç bir fosfor aşkar edilməmişdi. Yeni araşdırma isə Enseladda fosforun bol olduğunu və konsentrasiyaların Yerdəki okeanlardan azı 100 dəfə yüksək olduğunu göstərir. Tapıntılar göstərir ki, Enselad yaşayış üçün əlverişli ola bilər. Bura eyni xüsusiyyətlərə malik Pluton və Neptunun peyki Triton da daxildir. Planetoloq Frank Postberq deyir ki, bu cür mühitlərin gün işığı ala bilməyəcək qədər Günəşdən uzaqda olmasına baxmayaraq, həyatı dəstəkləyə bilər. Həyat üçün əsas istilik dərin okeanlarda bol olan hidrotermal ventilyasiyalardan gəlməsi də mümkündür.

Xərçəng növlərinin riskini azaldan VƏRDİŞLƏR

Nyukasl Universitetinin alimləri təsdiq ediblər ki, sağlam həyat tərzinə riayət etmək, o cümlədən sağlam bədən çəkisini saxlamaq, qırmızı və işlənmiş ətləri məhdudlaşdırmaq xərçəng riskini azaldır. Sozcu.az lent.az-a istinadən bildirir ki, tədqiqatçılar 2018-ci ildə Ümumdünya Xərçəng Tədqiqatları Fondu və Amerika Xərçəng Tədqiqatları İnstitutunun təlimatlarına riayət edilməsi ilə müxtəlif xərçəng növlərinin tezliyi arasında əlaqəni araşdıran 18 araşdırmanı təhlil ediblər. Onlar müəyyən ediblər ki, bu qaydalara riayət olunmasını qiymətləndirmək üçün istifadə edilən sorğuda hər 1 ballıq artım bağırsaq xərçəngi riskinin 12%, döş xərçəngi riskinin 11 faiz və ağciyər xərçəngi riskinin 8 faiz azalması ilə nəticələnib. Tövsiyələrə sağlam çəki saxlamaq, fiziki cəhətdən aktiv olmaq, siqaret çəkməmək, alkoqol, fast food, qırmızı ət və şəkərin məhdudlaşdırılması daxildir. Mütəxəssislər qida rasionuna daha çox tərəvəz, meyvə, tam taxıl və paxlalılar əlavə etməyi də məsləhət görüblər. Ancaq xərçəngin qarşısını almaq üçün heç bir əlavə istifadə etməyin. Əmizdirmə körpələr üçün faydalıdır. Əvvəlki araşdırmalar göstərib ki, çox miqdarda qırmızı və işlənmiş ət yemək bağırsaq xərçəngi riskini artırır, spirt içmək isə döş, kolon və yemək borusu xərçəngi riskini artırır. Məlumatlara görə, bütün xərçənglərin təxminən 40 faizi dəyişdirilə bilən həyat tərzi faktorları ilə əlaqələndirilir: fiziki fəaliyyətin olmaması, tütün istifadəsi, piylənmə, pis pəhriz və spirt istifadəsi.

Biçilmiş sahələri yandıran şəxslərə xəbərdarlıq

Məsuliyyətsiz biçənək sahiblərinə qarşı cəza tədbirləri sərtləşdirilə bilər. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, son illərin statistikasına əsasən, Azərbaycanda biçənək sahəsinin istifadəçiləri yanlış təsəvvürlə həmin əraziləri yandırmaqla oradakı zərərvericiləri məhv etməyi düşünürlər: “Halbuki onlar bu addımla torpağın münbit qatını məhv edirlər. Bu kimi yanğınlar sonradan meşə yanğınları ilə nəticələnir. Onsuz da ölkəmiz az meşəsi olan ölkədir”. H.Əlizadə vurğulayıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib: “Belə hallara yol verən biçənək sahiblərinə münasibətdə sərt cəza tədbirləri görüləcək. Onlara verilən subsidiyalar geri alına, müvəqqəti sahələrlə əlaqəli icarə müqavilələri ləğv edilə bilər. Hətta onların məsuliyyətsizliyi meşə yanğınlarına səbəb olsa, onlarla bağlı cinayət işinin başlanılması da planda var”. Qurum rəsmisi həmçinin əlavə edib ki, Azərbaycanda tullantıların idarəolunması səviyyəsi çox da yüksək deyil: “Hər bir insan tullantılarla davranışda böyük məsuliyyət hiss etməlidir. Ətraf mühitin tullantılardan təmizlənməsi həm də yay mövsümündə baş verən yanğınlardan mühafizə üçün çox vacibdir. Ötən illər baş verən yanğın hadisələrinin 90-95 %-i bilərəkdən ya da ehtiyatsızlıq səbəbindən baş verib”.

Qvardiolanın köməkçisi bu klubun baş məşqçisi təyin olundu

"Lester"in yeni baş məşqçisi müəyyənləşib. Sozcu.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə  Enzo Mareska təyin edilib. 43 yaşlı italiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.  Qeyd edək ki, E.Mareska bu təyinatadək "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın köməkçisi idi. Xatırladaq ki, "Lester" ötən mövsüm İngiltərə Premyer Liqasında 18-ci pilləni tutub və elitanı tərk edib. Komanda 2022/2023 mövsümündə İngiltərə Çempionşipdə mübarizə aparacaq.

Türkiyəyə terrorçuların ekstradisiyası... - Billström

İsveç PKK da daxil olmaqla bütün terror təşkilatlarını qınayır. Sozcu.az xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström jurnalistlərə açıqlamasında deyib. “Türkiyə ilə hədəfimiz eynidir: terrorla mübarizə aparmaq. Bunu memorandum çərçivəsində əl-ələ verib konstruktiv şəkildə edirik. İsveçin PKK ilə bağlı mövqeyi çox açıqdır. Bu səbəbdən biz NATO üzvü olmaq üçün memorandumda yazılanların və qərarların hamısını yerinə yetirmək istəyirik. İsveçdə qəbul edilən yeni qanun layihəsi ölkəmizlə Türkiyə, NATO və Avropa Birliyi (AB) üzvləri arasında terrorla mübarizə sahəsində əməkdaşlığı asanlaşdıracaq”, - XİN başçısı bildirib. Nazir eyni zamanda İsveçdə məskunlaşan terrorçuların Türkiyəyə ekstradisiya məsələsinə də aydınlıq gətirib: “İsveç AB-nin qanunvericiliyi çərçivəsində ekstradisiya həyata keçirir və ekstradisiya qərarları məhkəmə sistemi tərəfindən müstəqil şəkildə qəbul olunur”.

Rusiyanın itkiləri 220 minə yaxınlaşır

Ukrayna müharibənin 479-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 219 170 hərbçi, 3977 ədəd tank, 7706 ədəd zirehli döyüş maşını, 3834 ədəd artilleriya sistemi, 609 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 364 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 302 ədəd helikopter, 6557 ədəd avtomobil texnikası, 3364 ədəd PUA, 1211 qanadlı raket, 18 gəmi/qayıq, 520 xüsusi avadanlıq itirib.

Çinə səfərimin əsas məqsədi... - Blinken

Pekin səfərinin əsas məqsədlərindən biri Çin hakimiyyəti ilə açıq və geniş dialoq qurmaqdır. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken deyib. “Güclü rəqabətin qarşıdurma və ya münaqişəyə çevrilməməsini təmin etmək davamlı diplomatiya tələb edir”, - Blinken bildirib.

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 76,61 dollara, yüngül neftin bir barreli isə 71,78 dollaradır.

Biləsuvarda qardaş qardaşını öldürdü

Biləsuvarda qardaşını öldürməkdə şübhəli bilinən şəxs tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Biləsuvar rayon prokurorluğu məlumat yayıb. Belə ki, iyunun 17-si, saat 02:00 radələrində 1984-cü il təvəllüdlü Amil Şirqasımovun kəsilmiş-deşilmiş xəsarətlərdən Biləsuvar rayon mərkəzi xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun Biləsuvar rayonunun Xırmandalı kəndində yerləşən evlərdən birində aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Abuzər Şirqasımov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Ehtiyatda hərbçilərin təlim toplanışı başa çatdı

2023-cü ilin hazırlıq planına əsasən, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb edilməsi ilə "N" hərbi hissəsində keçirilən təlim toplanışı başa çatıb. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, plana uyğun olaraq, hərbi vəzifəlilər müxtəlif çaplı atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını yerinə yetiriblər. Təlim toplanışı zamanı, həmçinin hərbi vəzifəlilərlə sıra hazırlığı, rabitə hazırlığı məşğələləri keçirilib, onlara silahların taktiki-texniki xüsusiyyətləri, natamam sökülüb-yığılma və düzgün istifadə qaydaları öyrədilib, eləcə də ilkin tibbi yardım göstərilərək yaralıların təxliyə edilməsi üsulları məşq etdirilib. Qeyd edək ki, ehtiyatda olan hərbi vəzifəlilərin döyüş vərdişlərinin təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə keçirilən təlim toplanışında qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Nazirlikdən əhaliyə xəbərdarlıq: Bunlara riayət edin!

Son günlər ölkə ərazisində müşahidə edilən qeyri-sabit, yağıntılı və küləkli hava şəraitinin yaxın günlər ərzində davam edəcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırır. FHN-dən Sozcu.az-a verilən məlumata görə, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Bakıda kafedən çıxan şəxs döyüldü: pulu əlindən alındı

Bakıda kafedən çıxan şəxs döyülərək pulu və sənədləri əlindən alınıb. Sozcu.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “TT” adlanan kafenin yanında baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Salyan rayon sakini Mübariz Əzizov adıçəkilən kafedən çıxan zaman bir nəfər tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək üz nahiyəsindən yumruqla vurması və mobil telefonunu, içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 1500 manat olan pul kisəsini götürüb hadisə yerindən qaçaraq uzaqlaşıb. Faktla bağlı araşdırma aparılır.

Qaradağda milyonluq abadlıq və yol təmiri - Süleyman Mikayılovun sevimli şirkətləri yenə qalib oldu

Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) abadlıq və yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderlərə yekun vurub.  Sozcu.az xəbər verir ki, tenderlərin qalibləri "Qara Qaya” MMC və "Təmir-Təchizat-4” MMC-dir. "Qara Qaya” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri 571.962,2 AZN, "Təmir-Təchizat-4” MMC ilə bağlanan satınalma müqaviləsinin maliyyə dəyəri isə 720.131,46 AZN-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Qara Qaya” MMC 2 mart 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, 4-cü uzununa, ev 19B-də yerləşir. MMC-nin qanuni təmsilçisi Əliyarov Aydın Əliyar oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumata rast gəlinmir.  "Təmir-Təchizat-4” MMC isə 4 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, ev 50, mənzil 2-də yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Elburus Məmməd oğludur.  Bu şirkət və qanuni təmsilçisi haqqında da açıq mənbələrdə heç bir məlumat yoxdur.  Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan aydın olur ki, hər iki şirkət əsasən Qaradağ Rayon İcra Hakimiyyəti və ona tabeli qurumların keçirdiyi tenderlərin qalibi olur.  Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, 13 ildir ki, bu rayona rəhbərlik edir. (qaynarinfo)

Nərmin sağdır? - Hüquqşünasdan şok AÇIQLAMA

“İlkin Süleymanovun Nərmin Quliyevanı qətlə yetirməsinə dair “etiraf” videosunu dəfələrlə izlədim. Əminliklə deyirəm ki, bu adamın həmin cinayətlə yaxından-uzaqdan əlaqəsi yoxdur”. Sozcu.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında hüquqşünas Mehman Muradlı deyib. O bildirib ki, ifadənin yerində yoxlanılması deyə bir məsələ var: “İlkinin istifadə etdiyi terminlər var ki, bunlar sadə insanların leksikonunda yoxdur. Görüntülərdən də məlum olur ki, adama əvvəlcədən hazırlanmış mətni əzbərlədiblər. Ali təhsilli fizik olması, yaddaş probleminin olmaması ona əzbərlədiyini rahat şəkildə ifadə etməyə imkan verir”. M.Muradlı deyib ki, peşəkar hüquq psixoloqu hər şey üzə çıxara bilər: “Təəssüf ki, Azərbaycanda hüquq psixologiya dərsi olsa da, onu hüquqla əlaqəsi olmayan şəxslər keçir. Adi ifadənin yoxlanmasında prosesual pozuntular var. Orada kənar adamların iştirakı istintaqın gedişinə müdaxilə kimi qiymətləndirilməli idi. Məhkəmə prosesini vaxtım olmadığı üçün izləməmişəm. Amma yenə də əminliklə deyirəm ki, yayılan həmin video İlkinin günahsız olduğunu deməyə kifayət edir”. Hüquqşünas tapılan cəsədin Nərminə aid olduğuna şübhə edir: “Ortada qətlin olub-olmaması da müəmmalıdır. Ümumiyyətlə, cəsədin Nərminə aid olması da şübhə doğurur. Evin və otağın görüntüsünü verirlər ki, guya Nərmin 40 gün orada qalıb. Bəs qapalı otaqda qalan biri ehtiyaclarını harada ödəyib? Yaxşı, deyək ki, otağa qab gətirib. Sizcə, 40 gün sonra iydən ora daxil olmaq olardı? Çox yox, 1 həftə otaqdan çıxmayan, təbii ehtiyaclarını həmin otaqda ödəyən adamdan da, evdən də üfunət gələrdi. Təmizlənsə də, aylarla o iy otaqdan getməzdi. Lakin prokuror və müstəntiq rahat şəkildə otaqda hərəkət edirdilər. Bunlar çox vacib məsələdir”.