Daha iki taekvondoçumuz dünya çempionatında medalsız qaldı

Bu gün Azərbaycanın iki taekvondoçusu Bakıda keçirilən dünya çempionatında mübarizəyə başlayıb. Sozcu.az xəbər verir ki, 54 kq çəki dərəcəsində çıxış edən Səyyad Dadaşov 1/16 finalda Omonjon Otajonova uduzub. Qadınların yarışında 46 kq-dakı Minayə Əkbərova 1/16 finalda Ruka Okamotoya (Yaponiya) məğlub olub. Qeyd edək ki, dünya çempionatı iyunun 4-də başa çatacaq. Daha əvvəl Azərbaycanın 7 taekvondoçusu medal qazana bilməyib.

Sus və Zabuğa köç nə vaxt başlayır?

Sus və Zabuğa qayıdışla bağlı tapşırıqların avqust ayında həyata keçiriləcəyi ehtimal edilir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Dünya Bankı ilə Dövlət Komitəsi arasında olan müqaviləyə əsasən ayrılan maddi vəsait yalnız məcburi köçkünlərin məşğulluğu ilə bağlı layihələrə sərf olunacaq: “Dövlət Komitəsi bütün imkanlarından istifadə edəcək ki, həqiqətən də sözün əsl mənasında məcburi köçkünlərə tutarlı yardımlar göstərilsin”. R.Rzayev söyləyib ki, hazırda Laçına növbəti köçlə bağlı hazırlıq işləri gedir: “Cənab Prezident tərəfindən tapşırıq verilən kimi dərhal icra ediləcək”. Prezident İlham Əliyevin sentyabr ayında Sus və Zabuğa qayıdışla bağlı verdiyi tapşırıqlardan danışan qurum sədri əlavə edib ki, bu gün həmin tapşırıqlar icra olunur: “Ehtimal ki, qayıdışla bağlı tapşırıqlar avqust ayında həyata keçiriləcək”. R.Rzayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məcburi köçkünlər üçün evlər inşa edilir, yenidən kəndlər, rayonlar tikilir: “Bu yerlərin hər biri öz sakinlərini gözləyir. Böyük məmnuniyyətlə deyə bilərəm ki, insanların böyük faizi könüllü olaraq öz doğma rayonlarına, kəndlərinə köçmək istəyirlər. Dövlət Komitəsi I Dövlət Proqramında verilən tapşırıqların hamısını əlindən gəldiyi qədər icra etməyə hazırdır. Qayıdış könüllü, təhlükəsiz və ləqayətli şəkildə həyat şəraitinin yaradılması prinsipləri ilə həyata keçirilir və keçiriləcək”.

Salyanda qəbirlərdə dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlayan dəstə üzvləri saxlanılıb

Salyan Rayon Polis Şöbəsinə (RPŞ) Arbatan və Kürqaraqaşlı kəndlərində yerləşən qəbiristanlıqlarda iki qəbrin naməlum şəxs və ya şəxslər tərəfindən qazılması, eləcə də dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlanması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, daxil olan məlumatla əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və hadisəni törədənlərin müəyyən edilərək saxlanılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Aparılan tədbirlər nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən şəxslərin Abşeron rayon sakinləri - Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov olduqları müəyyən edilib və onlar saxlanılaraq Salyan RPŞ-nə gətiriliblər. İlkin dindirilmə zamanı hər üç şəxs törətdikləri əməli etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Abasov, X.Mustafayev və R.Elyasov mayın 7-də gündüz saatlarında Arbatan kəndində yerləşən qəbiristanlığa gələrək sonuncunun vəfat edən bibisinin məzarını qazıb, onun iki qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə adı çəkilən şəxslər rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək bu dəfə başqa məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər. Hadisədən sonra rayonu tərk edən dəstə üzvləri qızıl dişləri sataraq əldə etdikləri pulları öz aralarında bölüblər. Saxlanılan zaman A.Abasovdan və R.Elyasovdan narkotik maddə olan heroin də aşkarlanaraq götürülüb. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Rusiyanın Kalujsk vilayətinə naməlum uçan obyekt düşüb

Rusiyanın Kalujsk vilayətinin Dzerjinsk rayonunun Tovarkovo qəsəbəsi yaxınlığına naməlum uçan obyekt düşüb. Bu barədə vilayətin rəsmi saytı məlumat yayıb. Naməlum obyekt düşən yerdə çuxur yaranıb, quru ot yanıb. Xəsarət alan və dağıntı yoxdur.

Bərdədə ər arvadını bıçaqladı

Bərdə rayonunda ailə münaqişəsi zəminində kişi həyat yoldaşına bıçaq xəsarətləri yetirib.  Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, iyunun 2-si saat 09 radələrində 1987-ci il təvəllüdlü Zöhrab Həşimov 1990-cı il təvəllüdlü həyat yoldaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs polis tərəfindən saxlanılıb, cinayət işi başlanılıb. Bərdə Rayon Polis Şöbəsində stintaq hərəkətləri aparılır. 

Zabratda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq etdi

Bakıda yeniyetmələr dəmir yolu dayanacağından oğurluq edib. Sozcu.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, Zabrat-1 dəmir yolu dayanacağının pilləkənlərinə quraşdırılan məhəccərlərin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən iki yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Pentaqon: “Tanklar Ukraynanın Rusiyaya qarşı əks-hücumlarında həlledici rol oynayacaq”

“Tanklar Ukraynanın Rusiyaya qarşı əks-hücum əməliyyatlarında həlledici rol oynayacaq”. Bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi Mark Milli deyib. O bildirib ki, tanklar həm müdafiə, həm də hücum üçün çox vacibdir: “Təkmilləşdirilmiş müasir tanklar və texnikalardan istifadə üçün keçirilən təlimlər Ukraynanın uğurunun əsasını təşkil edəcək. Təxminən 400 Ukrayna əsgəri bu yaxınlarda ABŞ istehsalı olan M1A1 modifikasiyalı “Abrams” tankları ilə təlimlərə başlayıb. Bu təlimlər 12 həftə davam edəcək. Ukrayna qoşunlarının təxminən yarısı bu tankları idarə etməyi öyrənir”. M.Millinin sözlərinə görə, ABŞ Ukraynaya ümumilikdə 31 “Abrams” tankı verməyi öhdəsinə götürüb: “Digər ölkələr artıq Böyük Britaniya istehsalı olan “Challenger 2” və Almaniya istehsalı olan “Leopard 2” tanklarını göndərib”. Pentaqon rəsmisi həmçinin qeyd edib ki, F-16 qırıcı təyyarələrinin Ukraynaya tədarükü vaxt alacaq. Qeyd edək ki, rəsmi Kiyev daha əvvəl əks-hücum əməliyyatlarının başlandığını elan etmişdi. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Nazirlik: "Quduzluq virusuna yoluxma şübhəsi yarandıqda, dərhal vaksini vurulmalıdır"

"Quduzluq virusuna yoluxma şübhəsi olduqdan sonra dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət etməli, quduzluq əleyhinə antirabik vaksini vurulmalıdır". Bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova deyib. O qeyd edib ki, quduzluq virusu insanlar üçün həyati təhlükəsi olduğundan zədələnmənin lokalizasiyasından asılı olaraq, antirabik vaksin ilə yanaşı quduzluq əleyhinə antirabik immunoqlobulin də vurulur. "Həmçinin, əlavə olaraq tetanus əleyhinə anatoksin vurulur. Heyvan tərəfindən zədələnməyə məruz qalmış şəxsin müalicə kursu müalicə-profilaktika müəssisəsinin cərrahı tərəfindən təyin edilir. Belə ki, əgər dişləyən heyvan məlumdursa və 10 gün müddətində sağ qalmışsa, o zaman şərti müalicə kursu təyin edilir. Şərti müalicə zərərçəkənin müraciət etdiyi gün, həmçinin 7, 21 və ya 28-ci günləri antirabik vaksin vurulur. Dişləyən heyvanın naməlum olduğu təqdirdə və ya məlum olan halda belə 10 gün müddətində ölmüşdürsə, o zaman qeyri-şərti müalicə kursu təyin olunur. Qeyri-şərti zədələnmənin müraciət edilən gün, həmçinin 3, 7, 14 və 28-ci günləri antirabik vaksin vurulur. Bu peyvəndlərin hər biri əzələdaxilinə yeridilir", - şöbə müdiri vurğulayıb.

İrəvan və Bakı arasında açıq dialoq vacibdir – ABŞ

Açıq dialoq baxışların tam başa düşülməsi və irəliləyiş üçün vacibdir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən adının açıqlanmasını istəməyən rəsmi şəxs deyib. O bildirib ki, ABŞ Dövlət Departamenti İrəvanla Bakı arasında irəliləyişə nail olmaq üçün açıq dialoqu yüksək qiymətləndirir: “Tərəflər arasında sülh sazişi üzrə danışıqları, o cümlədən liderlərin Kişinyovda görüşü və davam edən irəliləyiş bizi ruhlandırır. Açıq dialoq baxışların tam başa düşülməsi və tərəqqi üçün vacibdir. Biz dialoqu təşviq etməyə, davamlı və layiqli sülh yolunda tərəfləri dəstəkləməyə davam edəcəyik”.

Rusiya Baxmutda 60 min hərbçi itirib - Şok

Rusiya Baxmutun işğalı uğrunda döyüşlərdə 60 mindən çox hərbçi itirib. Sozcu.az xəbər verir ki, bu barədə Qərbdən olan adı açıqlanmayan yüksək çinli məmur “Skay Nyus”a açıqlamasında deyib. “Biz hesab edirik ki, Baxmutun tutulması Rusiyaya ən azı 60 min itkiyə başa gəlib”, - deyə o bildirib. Vurğulanıb ki, sözügedən rəqəmə həm yaralılar, həm də ölənlər daxildir.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri yenidən bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 74,80 dollara, yüngül neftin bir barreli isə 70,56 dollara təklif edilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 464-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 208 910 hərbçi, 3819 ədəd tank, 7490 ədəd zirehli döyüş maşını, 3501 ədəd artilleriya sistemi, 575 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 335 hava hücumundan müdafiə sistemi, 313 ədəd hərbi təyyarə, 298 ədəd helikopter, 6267 ədəd avtomobil texnikası, 3137 ədəd PUA, 1117 qanadlı raket, 18 gəmi/qayıq, 465 xüsusi avadanlıq itirib.

8 gün öncə itkin düşən şəxsin yanmış meyiti tapıldı

Qaxda 8 gün öncə itkin düşən şəxsin yanmış meyiti tapılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, mayın 25-də itkin düşən Qax şəhər sakini, 1953-cü il təvəllüdlü Davud Yusifovun yanmış meyiti rayon ərazisində aşkar edilib. Onun özünü yandıraraq intihar etdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda qardaşlar bıçaqlandı: saxlanılan var

Hacıqabulda qardaşlar bıçaqlanıb, saxlanılan var. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 1-i saat 23 radələrində Hacıqabul şəhərində şəhər sakinləri Elşən Quliyevin və qardaşı Amidin xəsarət almaları barədə polisə məlumat daxil olub. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla şəhər sakini Mehman Rzayevin münaqişə zəminində E.Quliyevə və qardaşına xəsarət yetirməsi müəyyən edilib. Əməliyyat tədbirləri ilə M.Rzayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Türkiyə lirəsi sürətlə çökür

Türkiyədə prezident seçkilərinin ikinci turundan dərhal sonra ucuzlaşmağa başlayan lirə hər gün tarixi minimumunu təkrarlayır. Sozcu.az xəbər verir ki. bu gün qardaş ölkədə bir dollar 20,87 lirəyə qalxıb. Ötən gün dollar 20,4 lirə idi. Avro isə 22,54 lirəyə qalxıb.

Rəsmi Bakıdan Makrona cavab

Məlum olduğu kimi, Kişinyovda Avropa Siyasi İcması sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın Baş naziri arasında Aİ Şurasının Prezidenti Şarl Mişelin, Fransa Prezidentinin və Almaniya kanslerinin iştirakı ilə görüşün yekunları üzrə mətbuata açıqlama ənənəyə uyğun olaraq Brüssel formatının təşkilatçısı kimi Şarl Mişel tərəfindən verilib. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. “Daha sonra Fransa Prezidenti tərəfindən birtərəfli qaydada görüş barədə verilmiş açıqlama tərəflərin mövqeyini əks etdirmir və təhrif edir. Əfsuslar olsun ki, Fransa tərəfindən belə davranışın sərgilənməsi ilk hal deyil və bu, Azərbaycanla Ermənistan arasında sülh prosesinə, bölgədə sülh və sabitliyə heç də müsbət töhfə vermir”, - XİN rəsmisi qeyd edib.

Sükan arxasında ürəyi tutdu: maşını avtobusa çırpıldı

Bakıda sürücünün ürəktutması səbəbindən qəza olub. Bu barədə Sozcu.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, hadisə paytaxtın Tiflis prospekti ilə Əbdülvahab küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilində sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çırpılıb. Qəza nəticəsində Tiflis prospektindən mərkəz istiqamətinə sıxlıq müşahidə olunur.

Azərbaycana kəndləri qaytarmağa hazırıq - Paşinyan

Biz deyirik ki, Azərbaycana kəndləri qaytarmağa hazırıq. Bəs siz Ermənistana torpaqları qaytarmağa hazırsınızmı? Razısınızsa, onda elə bu dəqiqə mübadilə edək. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Moldovada erməni icması ilə görüşündə deyib. "Bizim hər zaman nəsə vermək haqda arzulamağımız doğru deyil. Biz verməyə və almağa hazırıq. Ermənistanın maraqlarından vaz keçmirik: bütün sərhəd boyu hərbsizləşdirilmiş zona yaratmağı təklif edirik; eskalasiya və aqressiv siyasət üçün bütün mümkün səbəbləri aradan qaldırmağa çalışırıq”, - o bildirib. O iddia edib ki, Ermənistanın 29,8 min kv.km ərazisinə Başkənd, eləcə də 1990-cı illərdən Bakının nəzarətində olan “Berkaber”, “Parvakar”, “Ayqeovit”, “Vazaşen” kəndlərinin əraziləri daxildir: “1975-ci il xəritəsində 28,8 min kv.km əraziyə Sotk-Xoznavar kəndinin ərazisi də daxildir (Zod/Söyüdlü Azərbaycan ərazisidir, o yatağın yalnız 24 faizi Ermənistana düşür, Paşinyan ənənəvi olaraq yalan danışır – red.), ora 44 günlük savaşdan sonra zəbt edilib”. Paşinyan deyib ki, Azərbaycan Ermənistanın nəzarəti altında olan kəndləri haqda məlumat verib (Qazaxın 7 və Naxçıvanın 1 kəndi nəzərdə tutulur – red.): “Mən eyni şeyi həm şəxsi danışıqlarda, həm də açıq şəkildə deyirəm”. Qeyd: Berbaker kəndi - əsl adı Bibişdir, 1988-89-cu illərə qədər azərbaycanlılar yaşayıb, Qarabağda erməni separatizmi başlayanda soydaşlarımız oradan qovulub; Vazaşen – əsl adı Lələkənd: Azərbaycan torpağı olan bu kəndin adı 1978-ci ildə Ermənistan SSR-nin qərarı ilə dəyişdirilərək, Vazaşen qoyulub; Ayqeovit - əsl adı Uzuntala, yaxud Hönüt: kənd 1967-ci ilə qədər Uzuntala, 1969-cu ilə qədər Hönüt adlanıb, daha sonra ermənilər öz qondarma adlarını veriblər; Parvakar - əsl adı Tatlı: kənd Ermənistan SSR yaranandan sonra tədricən ermənilərin məskunlaşdığı əraziyə çevrilib.

Biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik - Paşinyan

Bu, heç vaxt açıq şəkildə deyilməyib, mən belə fikirləşirəm ki, biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik. Və bizim bu müharibədən, bu münaqişədən duyduğumuz hiss narahatlıqdır, çünki bütün münasibətlərimizə birbaşa təsir edir. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Qərbdə bizim Rusiyanın müttəfiqi olduğumuzu fikirləşirlər. Rusiyada isə görürlər ki, biz Ukrayna müharibəsində onların müttəfiqi deyilik. Və belə çıxır ki, biz bu vəziyyətdə heç kimlə müttəfiq deyilik, deməli, biz həssasıq. Görünür, bütün bu toqquşmalardan yayınmağın bir yolu var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətinləşsə, qaçmaq imkanları da bir o qədər daralır. Vəziyyətlə bağlı heç bir fikrimiz olmadığı üçün deyil, narahatlığımız digər narahatlıqların həllində iştiraka imkan verəndən daha böyük olduğuna görə bundan qaçırıq", - Paşinyan qeyd edib.

Belqorodda vəziyyət qızışır: sənədlər yandırılır, ruslar təşviş içində qaçır - Foto

Rusiyanın Belqorod vilayətinin Şebekino şəhərində vəziyyət getdikcə gərginləşir. Şəhərdə inzibati bina yanır, ruslar sənədləri zibil qutularında yandırır və tələsik şəhəri tərk etməyə çalışırlar. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır. Sozcu.az xəbər verir ki, "Rusiya Könüllülər Korpusu”nun üsyançıları Şebekinoda onlarla təhlükəsizlik əməkdaşının olduğu Daxili İşlər Nazirliyinin binasını atəşə tutduqlarını elan ediblər: "Şebekino Daxili İşlər Nazirliyində Qala planı elan edildi. Protokola əməl edən Putin bandasının "igid" müdafiəçiləri nəzarət binasına toplaşdılar. Biz onların bir yerə yığılmağına imkan verdik və onların üstünü "Qrad" paketləri ilə "örtdük". Nəticə artıq məlumdur. Biz yerli əhaliyə vaxtında vacib məlumat üçün təşəkkür edirik”. Xatıaladaq ki, iyunun 1-də səhər saatlarında Rusiya mətbuatı Rusiya Federasiyasının Belqorod vilayətindəki Şebekino keçid məntəqəsinə "hücum” barədə məlumat yayıb. Rusiya Könüllülər Korpusunun və "Rusiyanın Azadlığı" Legionunun əsgərləri video mesajlar dərc edərək, xüsusən Rusiya Federasiyasının ərazisində döyüşdüklərini və "çox yaxında Şebekinonun ətrafında görünəcəklərini" bildiriblər.qaynarinfo)

Əliyevin Paşinyan və Mişellə qeyri-rəsmi görüşü başladı - Foto

İyunun 1-də Kişinyovda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında qeyri-rəsmi görüş olub. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bəzi rayonlara leysan yağıb, dolu düşüb - Faktiki hava

İyunun 1-i saat 18:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Göygöl, Gədəbəy, Füzuli, Laçın, Zəngilan, Ağdam, Şəki, Quba, Lerik, Yardımlı, Lənkaran, Oğuz, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Sozcu.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, Daşkəsən rayonu ərazisinə saat 16:35 radələrində diametri 9, Zəngilan rayonunun dağlıq ərazilərinə diametri 5-6 mm dolu düşüb.

Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs havaya atəş açıb

Şəmkirdə həmkəndlisi ilə mübahisə edən şəxs havaya atəş açıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 31-də saat 19 radələrində Şəmkir rayonunun Seyfəli kəndində odlu silahdan atəş açılması barədə polisə məlumat daxil olub. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla kənd sakini Vüsal Mustafayevin həmkəndlisi ilə mübahisə edib xuliqanlıq zəminində ov tüfəngindən havaya 1 dəfə atəş açması müəyyən edilib. Polis əməkdaşları V.Mustafayevdən “İJ-16” markalı ov tüfəngi götürüblər. Araşdırma aparılır.

Makron ordadırsa, sülh olmayacaq – Metyu Brayza

Bu gün Kişinyovda İlham Əliyev, Nikol Paşinyan, Olaf Şolts, Şarl Mişel və Emmanuel Makronun iştirakı ilə keçiriləcək görüşdə hansısa ciddi addımlar atıla bilər. Ancaq Makron faktorunu unutmaq olmaz. Bu sözləri Axar.az-a Avropa Siyasi Birliyinin Kişinyovdakı Zirvə Toplantısı çərçivəsində keçiriləcək beştərəfli görüş haqqında danışan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib. “Keşkə Prezident Makron özünü prosesə qatmaq məcburiyyətində hiss etməyəydi. Başa düşürəm ki, onun bu addımı daxili siyasət üçündür, lakin o, artıq Azərbaycana qarşı Ermənistanı dəstəklədiyini çoxdan bildirib. Deməli, Makron heç də obyektiv vasitəçi deyil. Yaxşı ki, Şolts orada olacaq. Onun balans yaradacığını və ya balansı qoruyacağını düşünürəm”, - o bildirib. Brayza qeyd edib ki, Makronun görüşdə iştirak edirsə, sülh müqaviləsinin imzalanması barədə razılığa gəlmək mümkün olmayacaq: “Ümumiyyətlə isə Kişinyovdakı görüşün prosesi müəyyən qədər irəli aparmağa kömək edəcəyinə inanıram. Ümid edirəm ki, görüş tərəflər arasında fikir ayrılıqlarının azaldılmasına və sonrakı mərhələdə Co Bayden, Entoni Blinken və Şarl Mişelin iştirakı ilə yekun sülh müqaviləsinin imzalanması haqqında razılığın əldə olunmasına töhfə verəcək”.