Ukrayna bu əraziləri geri qaytardı - Britaniya

Ukrayna ordusu bu yaxınlarda ölkənin şərqində 2014-cü ildən işğal altında olan ərazini geri qaytarıb. Sozcu.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb. Bildirilir ki, ukraynalı paraşütçülər Donetsk yaxınlığındakı Krasnoqorovkanın şərqinə kiçik irəliləyiş ediblər. Bu kənd isə köhnə demarkasiya xəttində yerləşir.

Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb

Ermənistan baş naziri Nikol Paşinyan 44 günlük müharibədəki məğlubiyyətə görə ordunu günahlandırıb. Sozcu.az xəbər verir ki, o, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb. Baş nazir bildirib ki, Ermənistan Silahlı Qüvvələri vəzifələrinin öhdəsindən gələcəyini bildirmişdi: “Mənə hansı texnikaların, silahların lazım olması barədə məlumat vermişdilər. Demişdim ki, nə lazımdırsa, təmin edəcəm. Müharibə ərzində bu prinsipə daim əməl etdim, ordunun ehtiyaclarını ödədim”.

ABŞ Dövlət Departamenti: “İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”

“İnanırıq ki, Azərbaycanla Ermənistan arasında sülh yaxındadır”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O, ABŞ-ın birbaşa dialoqu dəstəklədiyini bildirib: “Bu, sülhü və problemləri həll etməyin ən yaxşı yoludur”. Qeyd edək ki, bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə erməni həmkarı Ararat Mirzoyan arasında görüş keçiriləcək. Müzakirələrin 3 gün davam edəcəyi gözlənilir.

Ukrayna DSX: “Rusiya ordusu təzyiqlərə tab gətirə bilmir, könüllü təslim olur"

“Rusiya ordusu təzyiqlərə tab gətirə bilmir və onların bir hissəsi artıq könüllü təslim olub”. Bu barədə Ukraynanın Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib. Qeyd edilib ki, Ukraynalı hərbçilər Donetsk vilayətinin Baxmut bölgəsində Rusiya ordusunun piyada qoşunlarını məhv etməkdə davam edir: “İndi əsas vəzifəmiz məhz Rusiya Silahlı Qüvvələrinin piyada qoşunlarını məhv etməkdir. Bunun üçün müxtəlif vasitələrdən, o cümlədən PUA-lardan, minaatanlardan, qumbaraatanlardan istifadə edilir”. Qeyd edək ki, Rusiya KİV-i daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarının ikinci mərhələsinə başladığını elan edib. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Rusiyanın itkiləri 226 mini ötdü

Ukrayna müharibənin 489-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 226 170 hərbçi, 4036 ədəd tank, 7834 ədəd zirehli döyüş maşını, 4083 ədəd artilleriya sistemi, 626 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 386 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6772 ədəd avtomobil texnikası, 3492 ədəd PUA, 1261 qanadlı raket, 18 gəmi/qayıq, 563 xüsusi avadanlıq itirib.

Zelenski döyüşlərin getdiyi ən qaynar bölgəyə gəldi

Ukrayna Prezidenti Vladimir Zelenski ən intensiv döyüşlərin getdiyi istiqamətlərdən birinə - Berdyanska gəlib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna lideri Teleqram kanalında yazıb. Müdafiə xəttinə baxış keçirən prezident cəbhə xəttində döyüşən hərbçiləri də təltif edib.

Ukrayna ordusu Melitopolda irəliləyir

Ukrayna ordusu Melitopol istiqamətində 1,5 kilometr irəliləyə bilib.  Sozcu.az xəbər verir ki, bunu Tavriya istiqamətində Müdafiə Qüvvələrinin birgə mətbuat mərkəzinin sözçüsü Valeri Şerşnya deyib. Onun sözlərinə görə, Ukrayna hərbçiləri ərazinin minalardan təmizlənməsi və havadan kəşfiyyatını aparır. "Ruslar bu yaxınlarda azad edilmiş Novodarivka bölgəsində itirilmiş mövqelərini bərpa etməyə çalışırlar. Ötən gün cənubda 146 işğalçı məhv edilib, 229-u yaralanıb, 4-ü əsir götürülüb", - məlumatda deyilir.

Ukrayna MN: "İtkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır"

"Ötən həftənin yekunlarına əsasən, itkilərimiz Rusiya ordusunun itkilərindən 8 dəfə azdır". Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb. Son həftədə Ukrayna Silahlı Qüvvələrinin cəbhənin cənub və şərq istiqamətlərində irəlilədiyini qeyd edən nazir müavini bu müddət ərzində Rusiyanın 17 zenit-raket kompleksinin məhv edildiyini bildirib. O, bundan başqa düşmənin 11 komanda məntəqəsinin və 7 sursat anbarının vurulduğunu, eləcə də yüzlərlə texnikasının, tank, helikopter və artilleriya sistemlərinin məhv edildiyini açıqlayıb. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Türkiyə MN: "Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik"

"Azərbaycan türkü qardaşlarımzın hüzur və təhlükəsizliyi üçün fədakarlıqla xidmət edən Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik". Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter hesabında yazıb. Türkiyə Müdafiə Nazirliyi 26 iyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib: "Azərbaycan Silahlı Qüvvələrinin 105-ci ili mübarək olsun".

“Vaqner” qiyamı və Qarabağ şərtləri...- “Yaranmış situasiyadan yararlanmalıyıq...”

“Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir...” “Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır...”   Bütün dünyanın diqqəti bu iki gündə Özəl Hərbi Kompaniya “Vaqner”in bir sutkalıq qiyamına yönəlib. Təsadüfi deyil, bir sutkada 23 illik Putin hakimiyyətinin sarsılmazlığı haqqında formalaşmış fikir sarsıdıcı zərbə aldı. Ukrayna müharibəsi başlanandan beynəlxalq aləmdə Rusiya təcrid dövlətə çevrilmişdisə, qısamüddətli “Vaqner” qiyamı onun lideri Putinin də ölkə daxilində nüfuzuna ən böyük zərbə vurdu. Qiyamın zərərsizləşdirilməsi Putini müvəqqəti xilas edə bilər, amma onun komandası arasında, generalların da qatılacağı siyasi hakimiyyət uğrunda daxili mübarizə şiddətlənəcək. Rusiyada baş verən qiyam 1991-ci il avqust putçunu xatırladır. Putç uğursuz oldu, amma Krımdan hakimiyyət kreslosuna qayıdan Qorbaçovun da cəmi dörd aydan sonra siyasi karyerasının sonunun qarşısı alınmaz oldu. Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Putin erasının da sonu “Vaqner” qiyamından sonra sürətlənəcək...  “ Vaqner” qiyamının Qarabağ ətrafında baş verənlərə təsiri ola bilərmi? Təsir öz-özünə yaranmır, onu yaratmaq lazımdır və bu təsiri nə Moskva, nə İrəvan, nə də Xankəndi yaradası deyil, maraqlarımıza xidmət edən təsiri biz yaratmalıyıq. Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti bərpa edilib və bu, doğru addımdır. Rusiya hərbiçiləri yol bağlı olduğu müddətdə helikopterlərlə onsuz da kritik uçuşlar həyata keçirirdilər. Nəzarət yoxlaması keçirilməklə keçid məntəqəsinin fəaliyyətinin davam etməsi üçün isə Azərbaycan tərəfi yaxın günlərdə Rusiya Federasiyasına, bəli, bəli, məhz Rusiya dövlətinə xəbərdarlıq etməlidir. Xəbərdarlıq erməni silahlı qüvvələrinin 10 gün ərzində Azərbaycan ərazisini tərk etməsi ilə bağlı olmalıdır. Vaxt təyin edib, həmin zaman çərçivəsində qanunsuz erməni silahlı qüvvələrin bütün arsenalı ilə Azərbaycan ərazisini tərk etməsi şərti irəli sürülməli, əks halda, yolun açılmayacağı bildirilməli və qanunsuz silahlı dəstələrə hərbi güc tətbiq ediləcəyi qarşı tərəflərə bəyan edilməlidir. Rusiyanın Ukrayna cəbhəsində hərbiçilərə ehtiyacı var və erməni silahlı qüvvələri bölgəni tərk edəcəyi halda Qarabağda sülhməramlıların sayının minimuma endirilməsi şübhə yaratmır. Rusiyanın daxili gərginlik yaşadığı situasiyadan yararlanmaq lazımdır. Hətta, bu xəbərdarlığın Vaşinqton görüşündən əvvəl elan olunması daha məqsədəuyğundur. RF-yə olunan xəbərdarlıq Vaşinqtonda sükutla qarşılanacaq və Rusiya bunu Vaşinqton görüşünün nəticəsi kimi qəbul etməyəcək. Qarabağ ermənilərinin “hüquq və təhlükəsizliyi” adı altında səsləndirilən abstrakt şərtlər də səslənməyəcək...  Laçın yolunun tam açılması üçün bizim digər maraqlarımıza uyğun başqa şərtlər də irəli sürülməlidir. Qarabağda daxili yollardakı maneələrin aradan qaldırılması artıq zəruri həddə çatıb. Ağdam-Əsgəran- Xocalı-Şuşa yolu niyə açılmasın ki? Eyni zamanda Tərtər-Ağdərə-Kəlbəcər yolunun açılması da şərtlər paketinə salınmalıdır.  Reinteqrasiyaya xidmət edən bəzi məsələləri qarşılıqlı şərtlərlə müzakirəyə çıxarmağın da zamanıdır. Məsələn, Sərsəng su anbarına nəzarətin də Azərbaycana verildiyi təqdirdə Ermənistandan gələn elektrik xəttinin istifadəyə verilməsi, fasiləsiz qaz təminatı da qarşılıqlı razılaşmaların predmeti ola bilər. Ümumiyyətlə, qarşı tərəflərə Azərbaycanın siyasi şərtlərinin yerinə yetirildiyi halda humanitar məsələlərin də müzakirə olunacağını öncədən bildirmək lazımdır. Ermənilər imtina etdikdə (bu daha çox ehtimal olunur) yolun açılmayacağı və erməni silahlı qüvvələrin hərbi güc tətbiq etməklə ərazilərimizdən çıxarılacağı sərt şəkildə həm Rusiyaya, həm də Ermənistana çatdırılmalıdır... Rusiya həm xaricdən, həm də daxildən gərginlik yaşayır. Türkiyənin də bu vəziyyətdə Qarabağla əlaqədar artıq Rusiya ilə təmaslara keçməsi çox yerinə, zamanına uyğun ola bilər. Putin çətin günündə Türkiyə prezidentindən daha dəqiq dəstək aldı. Bu situasiyanı dəyərləndirmək və ondan yararlanmaq maraqlarımıza xidmət etmiş olar...  Qarşıda Vaşinqton və Brüssel görüşləri dayanır. May ayında keçirilən birinci Vaşinqton görüşündə bəzi “prinsipial məsələlərdə razılığın olmaması” bu dəfəki görüşdə həllini tapa bilər, ən azı müəyyən bir hissəsində. Əlbəttə, bu bizim nəyəsə güzəşt edəcəyimiz demək deyil, əksinə, yersiz şərtlər qaldıran Ermənistana aiddir. Azərbaycan bu görüşlərdə yalnız iki ölkə arasında münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması prinsiplərini müzakirə edəcək. Qarabağ bizim daxili işimizdir və yuxarıda qeyd etdiyimiz şərtlər birbaşa Qarabağa aiddir və bir daha vurğulayırıq ki, Rusiyada yaranmış daxili böhranı nəzərə alıb şərtlərimizi irəli sürməliyik...(moderaor) İlham İsmayıl

Naxçıvanda ağır qəza: 6 nəfər öldü

01:59 Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 4 nəfər dünyasını dəyişib. Qəza zamanı habelə avtomobillərdə olan bir neçə sərnişin ağır xəsarətlər alıb. Yaralılar Naxçıvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzanın səbəbi, ölən və yaralıların kimliyi müəyyənləşdirilir. *** Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Yeni Kərki kəndində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb. Qəza nəticəsində xəsarət almış daha 4 nəfərin isə vəziyyəti ağır olaraq qalır. Hazırda onların müalicəsi Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında davam etdirilir. Qeyd edək ki, faktla bağlı Naxçıvan Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi açılıb.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 488-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 225 580 hərbçi, 4031 ədəd tank, 7820 ədəd zirehli döyüş maşını, 4055 ədəd artilleriya sistemi, 624 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 385 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 308 ədəd helikopter, 6751 ədəd avtomobil texnikası, 3482 ədəd PUA, 1259 qanadlı raket, 18 gəmi/qayıq, 557 xüsusi avadanlıq itirib.

Ukrayna ordusu 130 kvadrat kilometr ərazini azad etdi

Ukrayna ordusu ölkənin cənubunda 130 kvadrat kilometr ərazini işğaldan azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. Nazir müavini ordunun ölkənin şərqində də irəliləməyə davam etdiyini bildirib.

Bayramov ABŞ-a yola düşdü - XİN

İyunun 26-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibi Entoni Blinkenin dəvəti əsasında Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində dövlət katibi E.Blinken ilə ikitərəfli görüşün, eləcə də Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundunun keçirilməsi nəzərdə tutulub.

Putin üçün təhlükə aradan qalxmayıb - Blinken

ABŞ Rusiya Prezidenti Vladimir Putin üçün potensial təhlükənin aradan qalxmayacağını düşünür. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken CBS telekanalına müsahibəsində deyib. O qeyd edib ki, bu, inkişaf edən bir prosesdir və son pərdə hələ olmayıb: "Prosesi yaxından izləyirik". Blinken onu da bildirib ki, 16 ay əvvəl Rusiya ordusu Kiyevin astanasında idi və şəhəri bir neçə günə alacaqlarını və Ukraynanı müstəqil ölkə kimi xəritədən siləcəklərini düşünürdülər. "Ancaq bu həftəsonu onlar Rusiyanın paytaxtı Moskvanı özlərinin hazırladığı muzdlu əsgərlərdən müdafiə etməli olublar", - deyə o vurğulayıb.

"Sülhməramlıları burdan iti qovan kimi qovmaq lazımdır!"

Hərbi ekspert Üzeyir Cəfərov TV Müsavat-ın canlı efirinin qonağı olub. Sozcu.az xəbər verir ki, Üzeyir Cəfərov verilişdə mühüm məqamlara toxunub.  Ətraflı videoda:

“Həm Laçın, həm də Arazdəyən istiqamətində gərginliyi Rusiya yaradır...”

“Xüsusilə də Vaşinqtonun bu prosesə aktiv şəkildə  qoşulması onu göstərir ki, Rusiya daim hansısa addımlar atmalıdır ki, danışıqlar prosesini pozsun...” Son təxminən 10 gündə Azərbaycan-Ermənistan sərhədində iki məntəqənin adı çox aktualdır; iyunun 15-də snayper atəşinə məruz qalan və Rusiya(!) “sülhməramlı”larının da olduğu Laçın keçid məntəqəsi və ondan bir neçə gün öncə guya Azərbaycan ordusu tərəfindən atəşə tutulan Ermənistanın Naxçıvanla sərhədində yerləşən Arazdəyən kəndi ərazisindəki ABŞ(!) şirkətinin tikdiyi zavod... Görəsən, bu iki insident arasında hansı əlaqə var?.. Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu  bunları söyləyib: “Zənnimcə, Azərbaycan-Ermənistan sərhədində istər Naxçıvan, istərsə də Şərqi Zəngəzur istiqamətində baş verənlərin hamısı Zəngəzur dəhlizi ətrafındakı proseslərlə bağlıdır. Və yalnız bununla bağlı deyil. Burinci məqsəd dəhliz ətrafında gərginliyi saxlamaqdır. Və bunu birmənalı şəkildə Rusiya edir. İkinci məqsəd isə sülh prosesini əngəlləməkdir. Bu da Rusiyanın planıdır. Digər məsələlər isə xırda detallardır. Biz gördük ki,  son vaxtlar Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın ünvanına müəyyən atmacalar atdı. Azərbaycan tərəfi də Rusiyanın ərazimizdəki “sülhməramlı” deyilən kontingentini bir sıra məsələlərdə ittiham edir. O cümlədən Qarabağdakı separatçılara dəstək verməkdə... Bütün bu hadisələr hamısı birbaşa əlaqəlidir. Zəngəzur dəhlizinin açılmalı olduğu hər iki tərəfdə, həm Şərqi Zəngəzur, Zəngilan, Laçın, həm də Naxçıvan istiqamətində daim gərginlik baş verir. Bunlar, dediyim kimi, həmin o dəhliz məsələsini mübahisə predmeti kimi ortalıqda saxlamağa xidmət edir. Digər tərəfdən isə sülh prosesinə əngəl törədir. Xüsusilə də Vaşinqtonun bu prosesə aktiv şəkildə  qoşulması onu göstərir ki, Rusiya daim hansısa addımlar atmalıdır ki, danışıqlar prosesini pozsun. Bir sözlə, qeyd etdiyiniz hər iki istiqamətdəki gərginlik birbaşa əlaqəlidir və bu Rusiya tərəfindən yaradılır”.

Rusiyanın 57-ci briqadasının taboru məhv edildi

Ukrayna Silahlı Qüvvələrinin 3-cü əlahiddə hücum briqadasının döyüşçüləri Rusiyanın 57-ci briqadasının taborunu məhv ediblər. Sozcu.az xəbər verir ki, bu barədə briqadadan məlumat verilib. “Döyüşçülər nəinki peşəkarlıq, həm də əsl hücumçu xarakteri göstəriblər. Bəzi döyüşlər 1-2 metrlikdən aparılıb”, - məlumatda qeyd olunub. Məlumata görə, Severski Donets kanalının sağ sahili ruslardan tamamilə təmizlənib.

Ukrayna Luqanskı Britaniya raketləri ilə vurdu

Ukraynanın işğal altındakı Luqansk vilayəti Böyük Britaniya istehsallı “Storm Shadow” raketləri ilə vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatında məlumat yayılıb. Hadisənin təfərrüatı barədə məlumat verilməyib.

“Vladimir Putin başda olmaqla, onun komanda üzvləri qaçaraq Rusiya paytaxtından uzaqlaşdılar"

“Rusiyada baş verən qiyam göstərdi ki, o nə qədər biabırçı bir gündədir”.  Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.  O bu fikrdədir ki, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan dövlətin özəl hərbi şirkətin qarşısında acizlik nümayiş etdirib:  “Vladimir Putin başda olmaqla, onun komanda üzvləri qaçaraq Rusiya paytaxtından uzaqlaşdılar. Bir qismi Sankt-Peterburqa, digər bir qismi isə başqa şəhərlərə. Bu, zərrə qədər də oyun deyildi. Çünki belə oyun olmur, əksinə, bu, Rusiyanın zəifliyi idi ki, Yevgeni Priqojin qısa bir müddətdə Rostovu və Voroneji nəzarətə götürdü. Hamı da çaşqın bir vəziyyətdə idi. Priqojinin Sergey Şoyqunun müavini Yunusbek Yevkurov və digər bir generalla qurduğu təmaslar onu göstərdi ki, bu adamın fikri qətidir”. Ekspertin fikrincə, Priqojin öldürüləcək: “Hər şey bundan sonra başlayacaq və Rusiyada vəziyyət daha da xaotik hala gələcək. Aleksandr Lukaşenkodan da Putin xahiş etmişdi, çünki Priqojinlə təmaslara girməyi qüruruna sığışdırmırdı.  Lukaşenko Priqojinə bəzi zəmanətlər verdi. Priqojin və onun silahdaşlarına qarşı cinayət işinin ləğv olunduğunu isə Peskov bildirdi. Bu, sadəcə nonsensdir. Yəni bu ölkədə kefləri necə istəyirlərsə, elə də edirlər”.  Müsahibimizin sözlərinə görə, baş verənlər onu deməyə əsas verir ki, ölkə artıq rüşvət və korrupsiyanın içərisində çabalayır: “Putinin özü də çirkaba batıb. Onun generalları, Şoyqu və Gerasimov da eynilə. Mən sosial şəbəkə hesabımda yazdım ki, 25 minlik hansısa bir silahlı dəstədən qaçan bir dövlət bu gün Qarabağda bizə yol göstərməyə çalışır və orada hoqqalardan çıxır. Düşünürəm ki, bu, Putinin oyunu deyil. Çünki Putin özü-özünü rüsvay etməzdi. O, faktiki olaraq yerlə bir oldu. Rusiya prezidenti vətənə xəyanət ittihamları səsləndirib, “vagner”çilərin məhvi ilə bağlı göstərişlər verirdi. Bu, oyun ola bilərdi, amma gərək bunu fərqli formada oynamalı idilər. Fakt faktlığında qalır ki, Rusiya dövləti bir daha bütün dünyanın gözü qarşısında rüsvayçı bir duruma düşdü.  Putin, əlbəttə, bunu Priqojinə bağışlamayacaq. Hadisələrin yaxın vaxtlarda hansı məcrada inkişaf edəcəyini görəcəyik. Bəlkə, Lukaşenko öz dostunu, eyni zamanda həm də özünü xilas etmək üçün bu yola baş vurdu. Çünki Putin devriləcəyi təqdirdə, Lukaşenkonun əlləri qandallanacaq.  25 minlik dəstənin qarşısında kimsə çıxa bilmədi. Rusiya tarixinin ən rəzil gününü yaşadı. Məncə, Putin bunu asanlıqla həzm etməyəcək. Şoyqu isə müvəqqəti vəzifəsində qalacaq. Gerasimov da yaxın vəzifəsindən uzaqlaşdırılacaq. Öz həyatına görə narahat olan Putin daha böyük problemlərlə qarşılaşmamaq üçün bu addımları atacaq”. 

Messi: "Fərdi mükafatlara görə heç vaxt narahat olmamışam"

"İnter Mayami"nin hücumçusu Lionel Messi karyerası ilə bağlı fikirlərini bölüşüb. Qol.az "Barca Universal"a istinadən xəbər verir ki, o deyib:  “Mən qarşıma qoyduğum ən vacib hədəfə nail oldum. Bu, Argentina ilə dünya çempionatının kubokunu qazanmaq idi. Bu inanılmaz idi. Mən  fərdi mükafatlara görə heç vaxt narahat olmamışam, millidə və oynadığım klublarda uğur həmişə birinci yerdə olub və bu baxımdan karyeramda hər şey əla alınıb. Mən artıq şəxsi rekordlarımı izləmirəm". Qeyd edək ki, PSJ ilə müqaviləsi bu ay başa çatan "Qızıl top"un yeddiqat sahibi Messi azad agent kimi "İnter Mayami"yə keçib.

Rəsmi Bakı: "Ermənistan təhrikçi addımları davam etdirməkdə maraqlıdır"

"Görünür ki, Ermənistan tərəfi buraxılış məntəqəsi təsis edilən gündən yüzlərlə erməni sakinlərin azərbaycanlı sərhədçilərlə qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda hər iki istiqamətdə keçidini həzm etməyərək, bu kimi təhrikçi addımları təkidlə davam etdirməkdə maraqlıdır". Sozcu.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan Xarici İşlər Nazirliyinin 24 iyun tarixli bəyanatına dair şərhində əksini tapıb. Qeyd olunub ki, eyni qaydada, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı “humanitar təhdidlər” olduğu iddialarının heç bir əsası yoxdur. Azərbaycanın zərurət olduğu təqdirdə sakinlərə yardım etmək təkliflərindən özlərini erməni sakinlərin nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən hər vəchlə imtina olunması, erməni tərəfinin bu məsələdən öz dar siyasi məqsədləri üçün istifadə etdiyini göstərir.

Bakıda keçmiş arvadını və oğlunu güllələyən 67 yaşlı kişiyə hökm oxunub

Bakıda keçmiş arvadını və oğlunu öldürməyə cəhddə təqsirləndirilən Eldar Dadaşovun cinayət işi üzrə məhkəmə başa çatıb. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Eldar Dadaşov 9 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə noyabrın 13-ü paytaxtın Suraxanı rayonu ərazisində baş verib. 1955-ci il təvəllüdlü Eldar Dadaşov şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zamanı keçmiş arvadı 1958-ci il təvəllüdlü Nazilə Pirimova və oğlu 1988-ci il təvəllüdlü Ağaəli Dadaşova ov tüfəngi ilə atəş açaraq onlara xəsarət yetirib. E.Dadaşova qarşı Cinayət Məcəlləsinin 29.120.2.4-cü ( öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. Sozcu.az-in məlumatına görə, 2023-cü il iyunun 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, 1 rusiya rublu 0,0201 manat, 1 türk lirəsi 0.0674 manat, 1 avro isə 1,8521 manat təşkil edib.