Prezident onu vəzifədən azad etdi

Ceyhun Əkbər oğlu Həsənov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar Xidmətin rəisi vəzifəsindən azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Toyda zəhərlənənlərdən birinin vəziyyəti ağırdır - TƏBİB

Ağcabədi rayonunda qida zəhərlənməsi şübhəsi ilə TƏBİB-in tabeliyindəki Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 09.07.2023-cü il saat 15:33 radələrindən başlayaraq ümumilikdə 34 nəfər (11-i uşaq olmaqla) yerləşdirilib.  TƏBİB-dən Sozcu.az-a verilən məlumata görə, onlara qida toksiki infeksiyası diaqnozu qoyulub və hər birinə zəruri tibbi xidmətlər göstərilib. 09.07.2023-cü il tarixində aparılmış zəruri tibbi müayinə və müalicə tədbirlərindən sonra xəstəxana şəraitində müalicəyə ehtiyac qalmadığından müraciət edənlərdən 33 nəfər ambulator müalicə üçün evə buraxılıb.  Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində 1 nəfərin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağırdır. 

Təbrizdə milli fəalların məhkəməsi olub

Təbrizin Ümumi və İnqilab Məhləməsinin 15-ci bölməsində 5 milli fəalın məhkəməsi olub.  Davud Şiri, Cavad Əhmədzadə, Əlirza Səbri, Məhəmmədəli Rzayi və Hüseyn Amaniyə qarşı "hökumət əleyhinə təbliğat" və "toplaşmaq və əlbir olmaq" ittihamları irəli sürülüb. Keçirilən məhkəmə iclasında onlar birinci ittiham görə bəraət alıb və ikinci ittihama görə özlərini müdafiə ediblər. Fəalların barəsində çıxarılan qəti hökmün yaxın günlərdə onlara bildiriləcəyi deyilib. Hüseyn Amani, Əlirza Səbri, Cavad Əhmədzadə və Davud Şiri may ayının 18-də təhlükəsizlik məmurları tərəfindən saxlanılmışdılar. Onlar bir neçə gün dindirildikdən sonra girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.

"Hər kim zalımın zülmünə mane ola bildiyi halda bunu etməsə, zülmdə şərikdir..."

«Əgər bir evə od düşsə, oradan başqa evlərə də keçər və bütün evləri bürüyər. Yalnız od düşən birinci evi dağıtsalar, alov kəsiləcək. Həmçinin, zülm edən ilk zalımın da qarşısını alsalar, ardınca başqası cəsarət edib zülm etməz»- Həzrət İsa Məsih «İnsanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirməyi tərk etməyin! Əks halda pis adamlar sizə hakim olarlar. O zaman xilas olmaq üçün dua edərsiniz, amma Allah dualarınızı müstəcab etməz!».- İmam Əli(ə.s.) Əmr be-məruf və nəhy əz-münkər – xeyir və bəlaların mənbəyi... Əmr be-məruf və nəhy əz-münkər -ərəb dilindən tərcüməsi «yaxşı (bəyənilən) işlərə çağırmaq və pis işlərdən çəkindirmək» mənasını verir. Bu xüsusiyyətlər müsəlman əxlaqının ən mühüm tərkib hissələrindən sayılır. Hər hansı cəmiyyətdə qrup, yaxud fərd tərəfindən günah iş görülürsə, cəmiyyətin bütün üzvləri onu pis yoldan döndərməli və lazım gələrsə, hətta zərərsizləşdirməlidirlər. Pis əməllə qarşılaşan, amma onu islah etmək imkanı olduğu halda laqeydliklə seyr edən şəxs həmin pisliyi törədənlərlə şərik kimidir. İslam dini insandan imkanları çərçivəsində haqq uğrunda daim mübarizə və təbliğat aparmağı tələb edir. Cəmiyyətin saflığı bu təbliğat və səylərdən asılıdır. Qurani-kərimdə bu barədə buyurulur: «İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir cəmiyyət olun! Bunlar (bu camaat), həqiqətən, nicat tapmış şəxslərdir» («Ali-İmran», 104). İmam Əli ibn Əbu Talib isə ömrünün son saatlarında söylədiyi vəsiyyətdə əmr be-məruf və nəhy əz-münkəri müsəlmanlara təkidlə tövsiyə edirdi: «İnsanları yaxşı əməllərə doğru çağırıb, pis işlərdən çəkindirməyi tərk etməyin! Əks halda pis adamlar sizə hakim olarlar. O zaman xilas olmaq üçün dua edərsiniz, amma Allah dualarınızı müstəcab etməz!». Həzrət İsa Məsih isə pis əməl sahibinin qarşısını vaxtında almağın zərurətini bildirmək üçün bu cür təsvir üsullarından istifadə edirdi: «Əgər bir evə od düşsə, oradan başqa evlərə də keçər və bütün evləri bürüyər. Yalnız od düşən birinci evi dağıtsalar, alov kəsiləcək. Həmçinin, zülm edən ilk zalımın da qarşısını alsalar, ardınca başqası cəsarət edib zülm etməz». «Hər kəs qardaşını ilan sancacağını görsə və xəbərdarlıq etməsə, ilan sancandan sonra o adamın qətlində şərik olar. Eləcə də, hər kim qardaşının günah etdiyini görüb onu çəkindirməsə, həmin günahda şərikdir. Hər kim zalımın zülmünə mane ola bildiyi halda, bunu etməsə, zülmdə şərikdir».İslam.az

Şuşa döyüşlərindən şok detal: Hərbçimiz 150 nəfər ermənini tək başına öldürüb şəhid oldu

Təkbaşına düşmənin 150-dən çox canlı qüvvəsini və bir neçə texnikasını məhv edən xüsusi təyinatlı qüvvələrin hərbçisi Şəhriyar Quliyev Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O, yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhadət zirvəsinə yüksəlib. İndi onu sevindirən əsas məqam isə şəhidin qanının yerdə qalmamasıdır. Şəhriyar hələ 2 yaşında valideynlərinin qucağında doğma Ağdamdan çıxmışdı. Vətən müharibəsində əsl qəhrəmanlıq nümayiş etdirərək torpaqların geri qaytarılmasında əvəzsiz rol oynadı. Xüsusi Təyinatlı Qüvvələrin giziri Şəhriyar Quliyev savaşın ilk günlərindən seçildi. Düşmənin çoxsaylı hərbçisini və texnikasını məhv etməklə. Şəhriyar Füzuli, Cəbrayıl, Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib. Şuşa uğrunda gedən döyüşlərdə isə yaralı hərbçi yoldaşlarını döyüş meydanından çıxararkən özü də şəhid olub. İndi onun ailəsini sevindirən yeganə məqam torpaqlarımızin düşmən tapdağından azad edilməsi və bütün şəhidlərimizin qisasının alınmasıdır. İndi igid şəhidimizdən bu xalqa əmanət ailəsi və atalarının dünyadan köçməsindən xəbərsiz olan 2 oğul övladı qalıb.Bir də Şəhriyarın canı və qanı bahasına yazdiğı qəhrəmanliq dastanı.

Masallıda 15 yaşlı oğlan suda boğularaq ölüb

Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb. Hadisə rayonun Qəriblər kəndində qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su tutumunda çimərkən boğulub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Türkiyə ordusu İraqda PKK-nın "rəhbər şəxs"ini məhv edib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının “rəhbər şəxsi” məhv edilib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, “Batman Serzan Mava” kod adlı Ferit Yüksel zərərsizləşdirilib.

Azərbaycanda toyda 35 nəfər zəhərləndi

Ağcabədidə toyda kütləvi zəhərlənmə olub. Rəncbərlər kəndində yerləşən toy mərasimində 34 nəfər, o cümlədən 16 yetkinlik yaşına çatmayan şəxs qidadan zəhərlənib. Onlar xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin bir çoxuna ilkin tibbi yardım göstərilib və evə buraxılıb./APA

Dənizə getməyin, təhlükəlidir

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib. FHN-dən daxil olan müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün və sabah Bakı şəhəri və Abşeron yarımadasında külək əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladır. Həmçinin, güclü külək baş verən yanğınların söndürülməsi əməliyyatını çətinləşdirdiyindən küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

Rus ordusunda üsyan: döyüşdən imtina edildi...

Primorsk diyarından, Kamçatkadan və Saxalindən səfərbər edilmiş rusların qohumları Rusiya Müdafiə Nazirliyi, eləcə də rayon rəhbərlərinə şikayət ərizəsi ilə müraciət ediblər. Ərizədə bildirilir ki, onların qohumları, yəni 60-cı əlahiddə motoatıcı briqadanın hərbçiləri ön cəbhədə döyüşməkdən imtina etdiklərinə görə əvvəlcə bir neçə gün yeməksiz və susuz həbsdə saxlanılıb, sonra isə naməlum istiqamətə aparılıblar. Sozcu.az xəbər verir ki, bu barədə “Sibir.Realii” məlumat yayıb. Məlumata görə, hazırda onlarla əlaqə yoxdur. Sübut kimi əsgərlərin yaxınları zirzəmidə bir neçə nəfərin olduğu video yayıblar. Şikayətçilər iddia edirlər ki, komandanlıq səfərbər olunanları “geri dönməyəcəkləri bir hücum”a apardacağını vəd edib. Hərbçilərin yaxınlarının sözlərinə görə, əsgərlər hərbi hissədə olduqları on ay ərzində lazımi hazırlıq keçməyiblər.

Bergüzarın tərəf müqabili onlar oldu

Türkiyəli aktyor Serkan Altunorakın yeni layihəsi bəlli olub. Sozcu.az Axşam.az-a istinadən xəbər verir ki, aktyor "Kanlı yayın" serialında rol alacaq. O, layihədə "Vural" obrazına həyat verəcək. Serialda aktyor Caner Cindoruk isə "Nejat" obrazını ifa edəcək. Qeyd edək ki, ekran işinin digər baş rolunu Bergüzar Korel canlandıracaq. Serkan və Caner "Maviye sürgün" serialında da birgə rol alıblar.

Siqaret qadağası olan ölkələrdə HANSI XƏSTƏLİKLƏR azalıb?

Alimlər müəyyən ediblər ki, dünyanın bir çox region və ölkələrində nəqliyyatda və ictimai yerlərdə siqaret çəkməyə qanuni qadağaların tətbiqi ürək-damar xəstəliklərinə yoluxma hallarının təxminən 10 faiz, həmçinin ağ ciyər xəstəlikləri hallarının da 17 faiz azalmasına səbəb olub. Sozcu.az lent.az-a istinadən bildirir ki, tədqiqatçıların nəticələri "JAMA Network Open" jurnalındakı məqalədə dərc olunub. "Biz ilk dəfə olaraq siqaret qadağalarının qlobal ictimai sağlamlığa təsirini sistematik şəkildə öyrəndik. Təhlillərimiz göstərdi ki, siqaret çəkmə qadağasının tətbiqi bütün növ ürək və damar xəstəliklərinə tutulma hallarını 10 faiz, ağ ciyər xəstəliklərini isə 17 faiz azaldıb. Həmçinin bu xəstəliklərlə insanların xəstəxanaya yerləşdirilmə nisbəti 9 faiz aşağı düşüb", - tədqiqatçılar yazır. Bundan əlavə, siqaret çəkmə qadağaları vaxtından əvvəl doğuşların 6 faiz azalmasına, həmçinin siqaret çəkməyənlərdə ölü doğum və digər hamiləlik fəsadlarının ehtimalının da aşağı düşməsinə gətirib çıxarıb. 2005-ci ildə qüvvəyə minmiş Tütünlə Mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyasının əsas bəndlərindən biri ölkələrin hakimiyyət orqanlarına "nəqliyyatda, ictimai yerlərdə və qapalı məkanlarda əhalini tütün tüstüsünün təsirindən qorumaq üçün bütün lazımi tədbirləri görməyi" tövsiyə edir.

Ukrayna Futbol Federasiyası “Neftçi”yə etiraz edir

Ukrayna Futbol Federasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən "PARI Premyer Kuboku"nun iştirakçılarına etirazını bildirib. Sozcu.az xəbər verir ki, federasiya bununla bağlı bəyanat yayıb. Bəyanatda Azərbaycan klubu “Neftçi”, eləcə də “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) Rusiyada təşkil olunan turnirdə iştirakına görə qınanıb: "Ukrayna Futbol Assosiasiyası “Neftçi” (Bakı), “Srvena Zvezda” (Serbiya) və “Fənərbaxça” (Türkiyə) komandalarının Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində iştirakını qətiyyətlə pisləyir. Bir daha Avropanın və bütün dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli kriminal rejimin təbliğat vasitəsi kimi istifadə olunub. Uzun illərdir ki, bu təbliğat və futbol onun ayrılmaz atributu kimi Ukraynaya qarşı işləyir və Ukraynada hər şeyi məhv etmək məqsədi daşıyır. Rusiya Futbol İttifaqı nə rus qoşunlarının Ukrayna ərazisinə ilk dəfə hücum etdiyi 2014-cü ildən, nə də genişmiqyaslı işğalın başladığı 24 fevral 2022-ci ildən sonra Rusiyanın kriminal avtoritetlərinin hərəkətlərini pisləmir. Bu da yalnız belə şərh edilə bilər: Rusiya Federasiyasının Ukraynaya qarşı bütün cinayətlərə səssiz dəstəyi". Xatırladaq ki, iyulun 1-də start götürən turnirdə sözügedən klublarla yanaşı Rusiya "Zeni"i də iştirak edir. Yarışa iyulun 15-də yekun vurulacaq.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft qiymətləri yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 78,01 dollara, yüngül neftin bir barreli isə 73,36 dollara satılır.

Bakıda insident: bibisi oğlunu bıçaqladı

Bakıda 37 yaşlı şəxs bibisi oğlunu bıçaqlayıb. Sozcu.az xəbər verir ki, hadisə iyulun 10-u saat 03 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Rahib Niyyətov onunla birgə yaşayan, 1993-cü il təvəllüdlü Orxan Hümbətova aralarında yaranan mübahisə zəminində bıçaq xəsarəti yetirib. Daha sonra yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Rusiyanın itkiləri 235 minə yaxınlaşır

Ukrayna müharibənin 502-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 234 440 hərbçi, 4085 ədəd tank, 7966 ədəd zirehli döyüş maşını, 4371 ədəd artilleriya sistemi, 668 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 414 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6937 ədəd avtomobil texnikası, 3686 ədəd PUA, 1271 qanadlı raket, 18 gəmi/qayıq, 632 xüsusi avadanlıq itirib.

Gəncədə MKTİB-in əməkdaşı faciəvi şəkildə öldü

Gəncədə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti ilə S.Vurğun küçəsinin kəsişməsində qeydə alınıb. Samux rayon sakini E.İlyasov idarə etdiyi "Mersedes" markalı avtomobil ilə yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Gəncə şəhər sakini Rahilə Hüseynovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb. R.Hüseynova Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin işçisi olub. Faktla bağlı araşdırma aparılır.

Bayden müharibəni beş dəqiqəyə bitirə bilər – Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinə yardımı davam etdirməyi lazım bilməyən amerikalılara müraciət edib. Sozcu.az xəbər verir ki, o, bu barədə ABC Nyus telekanalına müsahibəsində qeyd edib. “Əgər müharibəni Ukraynanın bahasına başa vurmaqdan, yəni ərazilərimizdən imtina etməyimizdən danışırıqsa, düşünürəm ki, Bayden bu şəkildə müharibəni beş dəqiqəyə də bitirə bilər”, - o bildirib. Onun sözlərinə görə, Kiyev buna razı olmazdı.

Saakaşvili həbsxanadan məktub yazdı: "Putin mənim məhvimlə məşğuldur" - FOTO

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ukraynalı jurnalist Yekaterina Solyara məktub yazaraq Rusiya prezidenti Vladimir Putini onu məhv etmək cəhdində ittiham edib. Sozcu.az xəbər verir ki, məktub 6 iyul 2023-cü il tarixində yazılıb. “Xeyirxahlığınıza və dəstəyinizə görə təşəkkür edirəm. Mən həmişə sənə baxıram və sən mənə enerji verirsən. Mən Putinin şəxsi məhbusuyam və o mənim məhvimlə şəxsən məşğuldur”, – deyə Saakaşvili qeyd edib.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. İyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən bu istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb. Eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

Müharibədə 233 mindən çox rus əsgəri ölüb

Ukrayna tərəfi müharibə başlayandan bəri 233 mindən çox rus əsgərinin öldürüldüyünü açıqlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunları Komandanlığı məlumat yayıb. "Bu, çətin 500 gündür, lakin azadlığımız və birliyimiz üçün əbədi mübarizəmizin simvoludur. Müharibə başlayandan bəri qarşı tərəfin 233 mindən çox şəxsi öldürülüb, qarşı tərəfə aid 4000-dən çox tank, 8000-ə yaxın zirehli texnika, 4346 artilleriya sistemi, 315 təyyarə və 309 helikopter, 410 hava hücumundan müdafiə sistemi və 3000 hava hücumundan müdafiə sistemi, 666 pilotsuz uçuş aparatı, 1271 qanadlı raket, 6 min 914 texnika, 619 xüsusi texnika və 18 gəmi məhv edilib”, - rəsmi məlumatda deyilir. Rusiya Müdafiə Nazirliyi isə itkilərlə bağlı məlumatları təsdiqləməyib.

Şabranda ağır yol qəzası: Ölən və yaralananlar var

Şabran rayonunda ağır yol qəzasında 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonundan keçən hissəsində qeydə alınıb. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Səfərov Əli Sərvan oğlu və 1980-ci il təvəllüdlü Talışınski Kamil Davud oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəza zamanı ölmüş daha 3 nəfərin kimliyi müəyyənləşdirilir. Onların meyitləri müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ermənilər səngər qazmaq istədi, Ordumuz dərhal dayandırdı

Erməni silahlılarının ərazilərimizdə səngərlər qazması, sığınacaqlar hazırlaması bölmələrimiz tərəfindən dayandırılıb. Bu barədə Sozcu.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilir ki, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

Rusiyanın “təhsil işğalı”: Bu Azərbaycana nə vəd edir?

Rusiya Dövlət Dumasına təqdim olunmuş qanun layihəsində postsovet ölkələrdə Rusiya təhsil sistemi və təhsil proqramları üzrə, həmçinin Rusiyada hazırlanmış müəllimlərin tədris etməsi ilə fəaliyyət göstərən məktəblərin açılması nəzərdə tutulur. Rusiya rəsmiləri bildiriblər ki, belə məktəblər artıq Qazaxıstanda açılıb, Tacikistanda və Qırğızıstanda artıq açılmasına hazırlıq gedir, növbəti məktəblərin isə Azərbaycanda və Ermənistanda açılması nəzərdə tutulur.  Təhsil eksperti Kamran Əsədov Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycan orta məktəblərində tədrisin Rusiya təhsil sistemi və təhsil proqramına uyğun keçirilməsi mümkün deyil:  "Azərbaycanda 4432 orta məktəb fəaliyyət göstərir. Onların da 340-da dərslər rus bölməsi üzrə keçirilir. Azərbaycan Konstitusiyası və "Təhsil haqqında" qanuna görə ölkə ərazisində istər rus, istərsə Azərbaycan dili bölməsi olsun, vahid tədris proqramından istifadə olunur. Yalnız təsisçilərin Pedoqoji Şurasının birbaşa qərarı əsasında tədris proqramının müəyyən faizi həmin ölkənin tədris proqramı əsasında keçirilə bilər. Məsələn, İstanbul Liseyi, Dəyanət Liseyində vəziyyət belədir. Onların ibtidai sinif proqramlarında həmçinin Türkiyənin tədris proqramı da tədris edilir. Amma əsas proqram Azərbaycanın proqramıdır. Hər hansı bir məktəbdə fərqli proqram üzrə tədris həyata keçirilsə, bu zaman onların biliklərinin yoxlanılması, qiymətləndirilməsi ölkəmizin vahid standartlarına uyğun olmayacaq. Azərbaycanda tamamilə rus təhsilinə keçməyə ehtiyac yoxdur. Bu, ölkəmizin qanunvericilik aktlarına ziddir”.  Həmsöhbətimiz Rusiyanın bu addımında siyasi məqsədlər olduğunu bildirir:  "Bu gün müasir dünyada yeni işğal metodlarından istifadə edirlər. Müasir dövrdə başqa dövlətləri işğal etmək istəyənlər onu özlərinin yüksək iqtisadiyyatı, təhsili və mədəniyyətilə işğal etməyə çalışırlar. Bu mənada Rusiyada yaxın qonşu ölkələrdə sözügedən məktəbləri açmaqla, gələcəkdə oranı bitirəcək şəxslərdən öz kadrları kimi istifadə etməyi düşünür. Bununla özləri kimi düşünən və yaxud onları müdafiə edəcək kontingentin formalaşdırılmasına çalışırlar. Azərbaycanda buna ehtiyac yoxdur. Azərbaycan öz təhsil sistemini qurub”.