Nazirlik Müsavat Partiyasını qeydiyyata almaqdan imtina etdi

"Ədliyyə Nazirliyindən partiyanın yenidən qeydiyyatı ilə bağlı mənfi cavab aldıq".  Sozcu.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib. Onun sözlərinə görə, nazirlik Müsavata 30 gün vaxt verib. "Bizə göndərilən məktubda qeyd edilir ki, təqdim olunan 5212 nəfərlik siyahıda 2766 nəfər haqqında məlumatlar düzgün qeyd edilmədiyindən dəqiqləşdirilməlidir, 250 nəfər telefon zənginə cavab olaraq partiya üzvü olmadığını bildirib, 11 nəfər barədə məlumatlar təkralanıb. Bütün bu problemləri həll etmək üçün partiyaya 30 gün vaxt verilir.  Partiya üzvləri haqqında məlumatda hansı qüsurların olması, telefon nömrəsi olmayan və ya şəxsi məlumat kimi şəxsi telefon nömrəsini verməmək hüququndan istifafə edənlərlə bağlı məsələləri hüquq müstəvisində müzakirə edib, həll edəcəyik.  Bu da yetərli olmasa, daha bir neçə min Müsavat üzvünün siyahısı Ədliyyə Nazirliyinə təqdim olunacaq", - deyə Arif Hacılı qeyd edib. 

İsrail rəsmilərində virus aşkarlandı - Baydenlə görüşə bilmədilər

İsrail Prezidenti İsaak Herzoqu ABŞ-a səfəri zamanı müşayiət edən nümayəndə heyətinin bir neçə üzvünün COVID-19 testi müsbət çıxıb. Bu səbəbdən onlar ABŞ lideri Co Baydenlə görüşündə iştirak edə bilməyiblər. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Bildirilib ki, Herzoqun qardaşı, İsrailin ABŞ-dakı səfiri Maykl Herzoq COVID-19 testinin nəticəsi müsbət olduğundan prezidentlərin görüşünə qatılmayıb. Ondan başqa İsrail hökumətinin Mətbuat Ofisinin fotoqrafının koronavirus testinin nəticəsi müsbət olub və fotoqraf görüşdə iştirak etməyib, onu amerikalı fotoqraf əvəzləyib.

Baş Qərargah: “Ukrayna ordusu ölkənin cənub-şərq istiqamətində uğurlar qazanıb”

“Ukrayna ordusu ölkənin cənub-şərq istiqamətində uğurlar qazanıb. Eyni zamanda Baxmut istiqamətində hücum davam edir”. Bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının nümayəndəsi Andrey Kovalyov bildirib. Onun sözlərinə görə, Ukrayna müdafiə qüvvələri Baxmut, Melitopol və Berdaynsk istiqamətində hücum əməliyyatlarını davam etdirirlər: “Həmçinin, Ukrayna qoşunları Bolşaya Novoselka - Staromayorskoe və Novoselka - Staromayorskoe ərazilərində uğur qazanıblar. Onlar azad edilmiş bölgələrdə mövqelərini möhkəmləndiriblər. Müəyyən edilmiş düşmən hədəflərinə artilleriya zərbələri endirir və əks-hücum döyüş tədbirləri həyata keçirirlər”. A.Kovalyov vurğulayıb ki, Ukrayna qoşunları Baxmut şəhərinin şimalında və cənubunda hücum əməliyyatlarını davam etdirir: “Döyüş əməliyyatları zamanı Rusiya işğalçıları Orexovo-Vasilovkanın şimal-şərqindəki mövqelərindən geri çəkilməyə məcbur oldular”. Onun sözlərinə görə, Ukrayna əsgərləri qismən uğur qazanır, əldə olunan xətlərdə möhkəmlənirlər: “Düşmən güclü müqavimət göstərir, ehtiyatlardan fəal istifadə edir və böyük itkilər verir. Şiddətli döyüşlər davam edir”. Məlumata görə, bu gün səhər saatlarında Rusiya kamikadze dronlarla Jitomir vilayətinə hücum edib. İlkin məlumata görə, hücum nəticəsində infrastruktur obyektinə, şəxsi təsərrüfatlara ziyan dəyib. Zərərçəkənlərin olması barədə hələlik informasiya yoxdur.

Qızıl cüzi ucuzlaşıb

Dünya əmtəə bazarında qızılın qiyməti cüzi düşüb. Sozcu.az xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 1,35 ABŞ dolları (0,07 %) ucuzlaşaraq 1 unsiyası 1 979,45 ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 0,09 % düşərək 1 unsiyası 25,238 ABŞ dolları olub.

Aysun biznesinə aid avadanlıqları satışa çıxardı: 150 manat...

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova bir müddət əvvəl qurduğu biznes məkanlarındakı bütün əşyaları satışa çıxarıb. Yenisabah.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında məlumat verib. Aysun həm gözəllik salonuna, həm də geyim dükanına aid olan əşyaları satışa çıxarıb. Aysun biznesinin iflasa uğradığını deyənlərə də cavab verib. İfaçı daha geniş obyekt açacağı üçün bütün əşyaları satdığını bildirib: "Biz salonu bağlamırıq, sadəcə məkan olaraq buranı bağlayıb daha böyük yerə keçirik. Ona görə buradakı hər şeyi satırıq. Çünki yeni salonda hər şeyi yeniləyəcəyik. Əgər yeni salon açırsınızsa, bizim salonda olan bütün avadanlıqları əldə edə bilərsiniz, çünki aldığımız qiymətdən iki dəfə ucuz qiymətə satırıq. Bizdə olan mebellər heç bir salonda yoxdur, hamısı öz dizaynımla, mənə özəl hazırlanıb. Qiymətlərimiz də çox münasibdir. Məsələn, tibbi-kosmetoloji çarpayı dəstlərimiz 350, kreslolarımız 150, divan dəstimiz 1000 manatdır. Hamısı da heç istifadə olunmamış kimidir, təptəzədirlər. Hazır biznes kimi də buranı satırıq". Qeyd edək ki, A.İsmayılova "Aysun_İsmayilova_Beauty Center" gözəllik salonunun və "By Aysun İsmayılova" adlı geyim mağazasının sahibidir.

Elektromobil almaq istəyənlər bunlara diqqət etməlidir

Avtomobil mütəxəssisləri elektromobilin almaq istəyənlərin qarşılaşa biləcəyi beş problemi açıqlayıblar. Sozcu.az lent.az-a istinadən həmin problemləri təqdim edir:   1. Batareya çox tez tükənir Bəzən bu, sürücünün gözlədiyindən daha tez baş verir. Məsələn, dəyişən hava şəraitinə görə... Bu problem yaranarsa, enerji istehlakını azaltmaq üçün sürəti azaltmaq, sabit saxlamaq, həmçinin qəfil sürətlənmələr etməmək lazımdır. Bundan əlavə, enerjiyə qənaət rejimini yandırmaq və onun əlavə istehlakçılarını söndürmək tövsiyə olunur. Bunlara media sistemi, kondisioner, soba, qızdırılan oturacaqlar və sükan daxildir. 2. Elektriklə işləyən avtomobillə yolda qalmaq Elektrikli avtomobilin akkumulyatorunun doldurulması 10%-ə düşəndə ​​avtomobil kritik yük səviyyəsi barədə sürücünü xəbərdar edir və tam boşalmadan sürət həddini məhdudlaşdıraraq qənaət rejiminə keçir. Batareyanın doldurulması tamamilə tükəndikdə, elektrik avtomobil dərhal dayanmır. O təxminən 5-8 km daha çox qət edir. Batareyanı mövcud xarici mənbələrdən, məsələn, standart 220V prizlərdən doldurmağın mümkün olub olmadığını yoxlamaq lazımdır. Bunun üçün elektromobilin baqajında ​​saxlanıla bilən xüsusi kabeldən istifadə etmək lazımdır. 3. Elektriklə işləyən avtomobil doldurulmur Əgər doldurmaqda problem yaşayırsınızsa, düzgün kabeldən, rozetkadan və ya doldurma stansiyasından istifadə etdiyinizə əmin olun. Ehtiyat kabeldən istifadə edə və ya maşını başqa stansiyadan doldura bilərsiniz. Elektrikli avtomobil hələ də doldurulmursa, problem batareyada gizlənə bilər. Bu halda mütəxəssislərə müraciət etməlisiniz. 4. Qar və ya palçığa ilişmiş elektrik avtomobili Belə bir vəziyyətdə, adi hərəkət kursuna riayət etmək tövsiyə olunur. Məsələn, bərk əşyalar yerləşdirmək və ya xəndəklər qazmaq. Ancaq yığılmanın köməyi ilə elektrik avtomobilində hərəkət etməyə cəhd edə bilməzsiniz. Avtomobil elektrik mühərrikinin normal və tərs iş rejimləri arasında tez keçə bilməz. Maşının dibinə yerə toxunmamaq vacibdir. Çünki bu, batareyaları zədələyə bilər. Buna görə də, kabeli avtomobilə bağlamaq və onu çəkməyə çalışmaq tövsiyə edilmir. Bu üsul yeganə elektrik avtomobili çıxarmaqdırsa, o zaman bunu mümkün qədər yavaş və diqqətlə etməlisiniz. 5. Elektriklə işləyən avtomobillərin altının su olması Magistral yollarda yağan leysan və dərin gölməçələr elektromobillərin yeni sahibləri üçün ciddi təhlükə kimi görünə bilər. Amma əslində, əlverişsiz havada elektromobilə minmək elə də ciddi risklər daşımır. Yüksək gərginlikli şəbəkənin ağır elementlərinin elektriklə işləyən avtomobillərin dibində olmasına baxmayaraq, onlar yaxşı qorunur. Həm batareya qutusu, həm də bütün kabel çıxışları möhürlənib.

DİQQƏT! Bu balıq növü sağlamlığa zərərlidir

Həkimlər bir çox xəstəliyə səbəb ola bilən məşhur balıq növünü açıqlayıblar. Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, balığın faydaları əsasən onun bişirilmə üsulu ilə müəyyən edilir. Balıq, şübhəsiz ki, ən sağlam protein qidalarından biridir. O, qiymətli iz elementləri ilə zəngindir və bədən tərəfindən tez mənimsənilən "yüngül" protein ehtiva edir. Ancaq bəzi yemək üsulları ilə hətta sağlam qidalar da sağlamlığa mənfi təsir göstərə bilər. Həkimlər duzlu və qurudulmuş balıqları təhlükəli hesab edirlər. Bu cür balıqlar təzyiqin kəskin artmasına səbəb ola bilər. Duzlu balıq bütün dünyada məşhur qəlyanaltıdır. Bu cür balıq məhsullarının əksəriyyətində yağ tərkibini aşağı saxlayan zülalın olduğuna inanılır. Bununla belə, yüksək qan təzyiqi olanlar üçün potensial zərərli tərkibə malikdir. Buna görə də, pəhrizdə bu cür balıqlar məhdudlaşdırılmalıdır.

"Atletiko"nun futbolçusu: "Barselona"ya keçmək istəyirəm"

"Atletiko"nun hücumçusu Joao Feliks arzusunun "Barselona"da oynamaq olduğunu açıqlayıb. Sozcu.az jurnalist Fabrizio Romano "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, portuqaliyalı oyunçu deyib: "Mən "Barselona"da oynamaq istərdim. "Barselona" həmişə ilk seçimim olub və mən bu kluba keçmək istərdim. Bu, mənim uşaqlıqdan bəri həmişə arzum olub. Transfer reallaşsa, mənim üçün bu, gerçəkləşən bir yuxu olacaq". Qeyd edək ki, Feliks ötən mövsümün ikinci yarısı icarə əsasında "Çelsi"də oynayıb.

Azərbaycanlı millət vəkilinə həbs cəzası verildi

Təbrizin İran parlamentdəki nümayəndəsi Əhməd Əlirzabeygi iyulun 18-də hökumət işçiləri məhkəməsi tərəfindən çıxarılan qərara əsasən 1 il müddətinə azadlıqdan məhrum edilib. Sozcu.az xəbər verir ki, bu barədə İranın "Şərq" qəzeti məlumat yayıb. Məlumatda Əlirzabeyginin keçmiş sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə rüşvət olaraq avtomobillər verməsini ifşa etdiyinə görə "yalan məlumatlar yaymaq"da ittiham edildiyi bildirilib. Qeyd edək ki, bir müddət əvvəl Əhməd Əlirzabeygi impiçmentin qarşısını almaq üçün sənaye, mədən və ticarət naziri Rza Əmini Fatiminin millət vəkillərinə bahalı və lüks avtomobillər payladığını açıqlamışdı. Onun ifşaedici çıxışlarından sonra nazirin və himayəçilərinin bütün səylərinə baxmayaraq, İran parlamentinin deputatları nazirin impiçmentinə razılıq veridlər. Bununla da aprelin sonunda Rza Fatimi Əmini nazir vəzifəsindən istefa verməyə məcbur oldu. Bundan sonra təbrizli millət vəkilinə qarşı təzyiqlər başlayıb və onun parlamentdə çıxışlarına qadağa qoyulub.

Azərbaycanda vəzifəli şəxslər cərimələndi

Kürdəmir və Saatlıda bələdiyyə sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonunun Mollakənd və Şilyan kəndləri ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə adları qeyd olunan kənd bələdiyyələrinin sədrləri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib. Analoji qayda pozuntusu Saatlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı da aşkarlanıb. Rayonun müxtəlif küçə və prospektlərində sənaye və məişət tullantılarının qalaqlanması faktlarına görə rayon bələdiyyəsinin sədri barəsində RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsində müvafiq tədbirlər görülüb və 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.

Japarov bütün qurumlarda qırğız dilini məcburi etdi

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin bütün dövlət qulluqçularını dövlət dili statusuna malik qırğız dilində danışmağa məcbur edən qanunu imzalayıb. Sozcu.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, qanuna əsasən, indi qırğız dili dövlət və yerli özünüidarəetmə orqanlarının, bütün mülkiyyət formalı müəssisə, idarə və təşkilatların fəaliyyətində məcburi istifadə olunmalıdır. Həmçinin, mülkiyyət formasından asılı olmayaraq teleradio şirkətləri verilişlərinin ən azı 60 faizini qırğız dilində yayımlamalıdır. Birgə və xarici təşkilatların adları indi qırğız dilinə transliterasiya edilməlidir. Qanunda bildirilir ki, Qırğızıstanda rus dili rəsmi dil kimi istifadə olunur. Qırğızıstan Konstitusiyasına görə, qırğız dili dövlət dilidir. Rus dili isə dövlət dili statusuna malik deyil.

Bakıda şirkət maşını qəza törətdi: ölən var

Bakıda şirkətə məxsus avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, Elməddin Seyidov Amburan İK MMC-yə məxsus, etibarnamə ilə idarə etdiyi “Qaz A31R32-80” markalı yük maşını ilə hərəkətdə olarkən piyada, 1973-cü il təvəllüdlü Turan Mənafovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Sərxoş qohumlar ərzaq mağazasını yandırdı

Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində yerləşən ərzaq mağazasının gecə saatlarında yandırılması ilə bağlı polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən Sabirabad kənd sakinləri Murad Əmraslanov və onun yeniyetmə qohumu müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər gecə saatlarında spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə həmin mağazanın yerləşdiyi əraziyə gəliblər və benzin tökərək obyekti qəsdən yandırıblar. Nəticədə mağaza sahibinə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

CAR Putini həbs etməyə məcburdur – BCM hakimi

Cənubi Afrika Respublikası Vladimir Putini həbs etmək məcburiyyətindədir. Beynəlxalq hüquq bu məsələdə hər hansı bir boşluğu qəbul etməyəcək. Putin haqqında həbs qərarı ömür boyu keçərlidir. Hərbi cinayətlərdə müddət yoxdur. Sozcu.az xəbər verir ki, bu sözləri Beynəlxalq Cinayət Məhkəməsinin britaniyalı hakimi Kərim Xan deyib. Qeyd edək ki, BCM martın 17-də Vladimir Putinin həbsi ilə bağlı order verib. Avqustda CAR-da keçiriləcək BRİCS sammitində Rusiya prezidentinin də iştirakı gözlənilir. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa isə Putini həbs etməyin Rusiyaya müharibə elan etmək anlamına gəldiyini və bunun mümkün olmadığını vurğulayıb.

Bu tarixdən bağçalara qəbul başlayır

İyulun 25-də məktəbəqədər təhsil müəssisələrinə (bağça) qəbul başlayır. Bu barədə Sozcu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.

Ruslar döyüşmür, bir neçə tağım təslim oldu

Ukraynanın cənubundakı rus qoşunları təchizat, maddi-texniki təminat və rotasiya ilə bağlı problemlər yaşamaqda davam edir. Bu, əsgərlərin döyüşməkdən imtina etməsinə və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təslim olmasına gətirib çıxarır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Kremlə bağlı olan məşhur rusiyalı bloger əks-hücum əməliyyatları ilə Ukrayna ordusunun cənub bölgələrini saxlayan Rusiya qüvvələrini tükəndirdiyini bildirib. O, həmçinin qeyd edib ki, Rusiya hərbi komandanlığı general Popovun işdən çıxarılmazdan əvvəl danışdığı qüvvələrin rotasiyası problemini həll etməyib. Bəzi rusiyalı hərbi müxbirlər Zaporojye istiqamətində bir tağım qədər bir neçə rus hücum qrupunun Ukrayna qüvvələrinə eyni vaxtda təslim olması barədə xəbərlər yayırlar. Rusiyanın Ukraynanın cənubundakı logistikası və əməliyyatları ilə bağlı davamlı problemlər bu qüvvələrin döyüşə bilməməsinə, sonradan isə təslim olmalarına səbəb ola bilər”, - məlumatda deyilir.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 511-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 239 480 hərbçi, 4123 ədəd tank, 8059 ədəd zirehli döyüş maşını, 4573 ədəd artilleriya sistemi, 689 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 430 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7105 ədəd avtomobil texnikası, 3885 ədəd PUA, 1279 qanadlı raket, 18 gəmi/qayıq, 683 xüsusi avadanlıq itirib.

Qaxda insident: qohumunu ov tüfəngi ilə güllələdi

Qax sakini güllələnib, qohumu saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, ötən gün axşam saatlarında rayonun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. İlkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib. C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bu iddialar Ermənistanın siyasi avantürasıdır - XİN

Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Sozcu.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyi Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialarına cavabında bildirib. "Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir", - XİN bəyan edib.

Qarabağdakı separatçılar fortifikasiya qurmaq istədi

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Ermənilər Kəlbəcər və Naxçıvanı yenə atəşə tutdu

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Bundan başqa, iyulun 19-u saat 00:40-dan 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca və Qafan rayonunun Acıbac yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Mollabayramlı və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Boyəhməd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Rus ordusunda itki dəhşətlidir, parçalana bilər - Uolles

Rusiya Moskvanın etiraf etmək istədiyindən daha həssasdır. Sozcu.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Ben Uolles deyib. “Rusiya ordusunun iyerarxiyasında parçalanma olduqca realdır, itkilərin səviyyəsi dəhşətlidir”, - Uolles bildirib. Nazir Rusiya Prezidenti Vladimir Putinin NATO ölkələrinə qarşı olduqca ehtiyatlı yanaşdığını da vurğulayıb: “Ruslar çox ehtiyatlıdırlar və təxribat yaratmamağa çalışırlar. İddia etmək olar ki, alyans özü-özünü idarə edir. Beşinci maddənin çəkindirici amili də qüvvədədir”.

Bakıda dənizdə uşaq batdı

Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində dənizdə uşaq batıb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 metr aralı, nəzarətsiz ərazi) 1 nəfər uşağın batması barədə ilkin məlumat daxil olub: “Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”.

Rəsmi Bakı Mirzoyana cavab verdi

İyulun 18-də Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberqlə mətbuat konfransı zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan növbəti dəfə Azərbaycanı bir sıra əsassız iddialarla təqsirləndirərək bölgədə sülh və sabitlikdə maraqlı olmadığını nümayiş etdirib. Sozcu.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyi bildirib. Ermənistan xarici işlər nazirinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə, 30 ilə yaxın müddətdə işğal altında saxladığı, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdiyi Qarabağda yaşayan ermənilərin “hüquq və təhlükəsizliyini” bəhanə gətirərək sülh prosesinə müxtəlif iddialarla maneçilik törətməsi Ermənistan rəsmilərinin əsl niyyətlərindən xəbər verir. “Qarabağ əhalisi” dedikdə yalnız erməni sakinlərin hüquqlarının nəzərdə tutulması və bu torpaqlardan qovulmuş azərbaycanlı sakinlərin “hüquq və təhlükəsizliyinin” gözardı edilməsi qəbuledilməzdir. Azərbaycan erməni sakinlərlə dialoq təşəbbüsü ilə çıxış edən tərəfdir və Azərbaycanın bu xoşniyyətli addımlarına qarşılıq verilməsi vacibdir. Bununla yanaşı, Ermənistan tərəfinə aydın olmalıdır ki, Azərbaycan ölkədə yaşayan bütün etnik azlıqların hüquq və təhlükəsizliyini bərabər şəkildə təmin edir və edəcək. Bölgədə “gərgin humanitar vəziyyət” iddiaları Ermənistanın siyasi avantürası və manipulyasiyasıdır. Azərbaycan tərəfindən təklif olunan Ağdam-Xankəndi yolu vasitəsilə yüklərin daşınmasına qarşı çıxılması da bu iddiaların heç bir əsasının olmadığının nümunəsidir. Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Laçın buraxılış məntəqəsinin aradan qaldırılması tələbinin yekdilliklə rədd edilməsinə dair 6 iyul 2023-cü il tarixli qərarının Ermənistan tərəfindən təhrif olunması, bununla yanaşı, məntəqəyə qarşı hərbi təxribat törədilməsi, qaçaqmalçılıq cəhdlərinin edilməsi Ermənistanın beynəlxalq norma və prinsiplərə riayət etmək niyyətinin olmadığının göstəricisidir. Qeyd edilənlərlə yanaşı, Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxlamaqla bütün sərhədləri pozan, Azərbaycan ərazilərindən hələ də tam olaraq erməni silahlı qüvvələrini çıxarmayan Ermənistan tərəfinin dövlət sərhədində aydınlıq əldə edilməsi şərtini irəli sürməsi və bunun danışıqlar prosesində əsas amil olduğunu bildirməsi heç bir sağlam məntiqə sığmır. Azərbaycanın şərq bölgələrindən Naxçıvana maneəsiz nəqliyyat yollarının açılışı üzrə öhdəliyinə son üç ilə yaxın dönəmdə riayət etməyən Ermənistanın indi də nəqliyyat infrastrukturlarının açılmasını müxtəlif bəhanələrlə yubatması və şərtləndirməsi, bu ölkənin 30 ilə yaxın müddətdə özünütəcrid siyasətinin heç bir xeyir gətirmədiyini hələ də anlamadığını nümayiş etdirir. Ermənistan bölgədə sülh, sabitlik və təhlükəsizlikdə maraqlıdırsa, riyakarlıq və saxta manipulyasiyalara son qoymalı və sülh prosesinin uğurla nəticələnməsi üçün beynəlxalq hüquqi öhdəliklərinə əməl etməlidir.