İnstaqramda paylaşım üçün milyonlar alırlar - Siyahı

Türkiyəli aktrisaların sosial media paylaşımlarına görə aldıqları məbləğlər ortaya çıxıb. Sozcu.az axşam.az-a istinadən bildirir ki, ən çox ödənişi aktrisa Hande Erçəl alır. Belə ki, instaqramda 30 milyondan çox izləyicisi olan aktrisaya paylaşıma görə 350 min lirə (22 min 071 manat) ödəmək lazımdır. Sosial media hesablarında ən çox ödəniş alan 10 türk aktrisanın sıralaması belədir: 2. Beren Saat (5 milyondan çox izləyici) 300 min lirə (18 min 920 manat) 3. Serenay Sarıkaya (10 milyondan çox izləyici) 275 min lirə (17 min 343 manat) 4. Afra Saraçoğlu (8 milyondan çox izləyici) 250 min lirə (15 min 767 manat) 5. Fahriyə Evcən (13 milyondan çox izləyici) 250 min lirə (15 min 767 manat) 6. Eda Ece (7 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 7. Demet Özdemir (16 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 8. Neslihan Atagül (14 milyondan çox izləyici) 200 min lirə (12 min 613 manat) 9. Hazar Ergüçlü (3 milyondan çox izləyici) 150 min lirə (9 min 460 manat) 10. Pınar Deniz (2 milyondan çox izləyici) 150 min lirə (9 min 460 manat)

Bu səhər yeməyi insanı arıqladır

Dietoloq Mike Mosley arıqlamağa kömək edən səhər yeməyini açıqlayıb. Sozcu.az lent.az-a istinadən bildirir ki, mütəxəssisin fikrincə, yumurta ən yaxşı səhər yeməyi seçimidir. Onun sözlərinə görə, yumurta zülalla zəngindir və demək olar ki, heç bir karbohidrat ehtiva etmir: "Yumurta qan şəkərinin səviyyəsini yüksəltməməklə yanaşı, uzun müddət toxluq və enerji verir. Yumurtaya həmçinin göbələk və ya ispanaq əlavə etsəniz, orqanizm üçün ikiqat faydalı olacaq. Bundan əlavə karbohidrat səviyyəsi gündə 50 qramdan aşağı olmalıdır. Zülalın, tərəvəzlərin, meyvələrin miqdarını artırsanız, eyni zamanda karbohidratların miqdarını azaldacaqsınız".

Messinin debüt oyunu rekord qırdı

Lionel Messinin "İnter Mayami"də debüt oyunu Amerika televiziyasında rekorda imza atıb. Sozcu.az "TyC Sports"a istinadən yaydığı xəbərə görə, komandanın Liqa Kubokunda "Kruz Azul"a (2:1) qarşı oyununu 12,5 milyon insan izləyib. Bu, Amerika televiziyası tarixində ən çox baxılan futbol oyunudur. Bu oyuna 2022-ci ildəki NBA finallarından daha çox tələbat olduğu qeyd edilir. "Boston" və "Qolden Steyt" oyunlarına orta hesabla 12,4 milyon tamaşaçı baxıb. Qeyd edək ki, Messi “Kruz Azul”la oyunun (2:1) 54-cü dəqiqəsində ehtiyatdan meydana daxil olub və 90+4-cü dəqiqədə cərimə zərbəsində qələbə qolunu vurub.

Vətən müharibəsi iştirakçısı su kanalında batdı

Bərdədə Vətən müharibəsi iştirakçısı su kanalında batıb. Sozcu.az xəbər verir ki, Bərdədə 21 yaşlı gənc su kanalında batıb. Qarabağ Su kanalının Rayonun Mirzalıbəyli kəndindən keçən hissəsində 2002-ci il təvəllüdlü Kənan Eyvazov su kanalında batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar davam etdirilir.

Güneyli fəalın məhkəmə iclası keçirilib

İyulun 24-də Tehranda yaşayan ictimai fəal və hüquq müdafiəçisi Yaşar Təbrizinin (Əkbər Quluzadə) məhkəmə iclası keçirilib. Tehranın Şəhriyar şəhərinin İnqilab Məhkəməsində keçirilən iclasda ondan "hökumətə qarşı təbliğat" və "yalan məlumatlar yaymaq" ittihamları barədə müdafiəsi istənilib. Fəalın barəsində çıxarılacaq son qərarın bir neçə gün içiundə elan ediləcəyi bildirilib. İyunun 10-da Tehranda özünün şəxsi mənzilində təhlükəsizlik məmurları tərəfindən həbs edilən tanınmış ictimai fəal və insan haqları müdafiəçisi Yaşar Təbrizi, iyunun 18-də Evin həbsxanasının 209 nömrəli təhlükəsizlik bölməsinə köçürülüb. Yaşar Təbrizi bundan öncə də dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs edilib və uzun müddət məhkumluq dövrü yaşayıb. O, xüsusilə SEPAH tərəfindən vurulan Ukrayna təyyarəsinin qurbanları ilə bağlı apardığı fəaliyyətlərə və bu barədə məlumatları ictimailəşdirdiyinə görə təzyiqlərə məruz qalıb. Yaşar Təbrizi yanvar ayının 8-də SEPAH-ın Ukrayna təyyarəsini vurduğu yerdə çəkdiyi, terror qurbanlarının xatirəsinə həsr etdiyi videonu sosial mediada yaydığı üçün təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Ukrayna Krıma zərbələr endirməyə davam edəcək

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın işğal etdiyi Krıma və Krım körpüsünə zərbələr endirməyə davam edəcək. Sozcu.az xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib. “Bu zərbələr rusların bizə qarşı mübarizə qabiliyyətini azaldacaq və ukraynalıların həyatını xilas etməyə kömək edəcək. Daha çox sursat, yanacaq, qida və s. almaq imkanlarını dayandırmaq üçün düşmənin logistik marşrutlarını məhv etmək normal bir taktikadır. Buna görə də bu taktikadan istifadə edəcəyik”, - nazir qeyd edib.

Türkiyədə güclü zəlzələ baş verdi

Türkiyənin Adana əyalətinin Kozan rayonunda 5,5 bal gücündə zəlzələ olub. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Yeraltı təkanlar Türkiyənin Osmaniyyə və Qaziantep bölgələrində də hiss edilib. Zəlzələ zamanı dağıntı və itki qeydə alınmayıb.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, Balakən-Şəki zonasında intensiv olub. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 36 mm, Şəmkirdə 13 mm, Ağstafada 9 mm, Gədəbəy, Balakən, Tovuz, Şahdağ, Zaqatala, Şəki, Qusar, Şahbuz, Daşkəsən, Gəncə, Ceyrançöl, Oğuz, Mingəçevir, Yevlax, Cəfərxan, Qəbələ, Biləsuvar, Naftalanda 8 mm-dək olub. Gecə saatlarında isə Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağıb. Şimal-qərb küləyi arabir Naftalanda 22 m/s, Tərtər, Neftçala, Gəncədə 20 m/s, Ağdamda 18 m/s, Mingəçevirdə 17 m/s, Şəmkir, Bərdədə 16 m/s, dək, Bakıda və Abşeron yarımadasında 28-30 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb. Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti iyulun 26-sı gündüzədək davam edəcək. Əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. İyulun 26-sı gündüzdən yağıntıların tədricən kəsiləcəyi, 27-si əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Pirşağıda bir nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 200 metr aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. Bu barədə Sozcu.az-a nazirlikdən məlumat verilib. Qeyd olunub ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Zuğulba" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Rusiyanın itkiləri 243 mini ötdü

Ukrayna müharibənin 517-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 243 220 hərbçi, 4174 ədəd tank, 8131 ədəd zirehli döyüş maşını, 4705 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 454 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 310 ədəd helikopter, 7194 ədəd avtomobil texnikası, 3977 ədəd PUA, 1307 qanadlı raket, 18 gəmi/qayıq, 703 xüsusi avadanlıq itirib.

Qubada qısqanc ər arvadını öldürdü

İyulun 25-də saat 06 radələrində Quba rayonunun Mahmudqışlaq kəndində yerləşən evlərdən birində 1999-cu il təvəllüdlü Rəvanə Güliyevanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Quba rayon Prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı 1997-ci il təvəllüdlü Elşad Güliyevin qısqanclıq zəminində arvadı Rəvanə Güliyevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Elşad Güliyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Laçında postun təsis edilməsi... - XİN-dən Nikola cavab

Ermənistanın Baş naziri Nikol Paşinyan “Le Monde” qəzetinə müsahibəsində bölgədə vəziyyətə dair növbəti dəfə heç bir əsası olmayan fikirlər səsləndirib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın Fransanın Le Monde qəzetinə müsahibəsi zamanı səsləndirdiyi iddialara dair şərhində deyilir. Bildirilir ki, Ermənistan baş nazirinin bölgənin azərbaycanlı əhalisinə etnik təmizləmə və soyqırım da daxil olmaqla, ən ağır müharibə və insanlıq əleyhinə cinayatlərin törədilməsi yolu ilə Ermənistan tərəfindən yaradılmış qondarma rejimi “demokratik yolla seçilmiş hakimiyyət” adlandırması Ermənistan rəsmilərinin 30 ilə yaxın davam edən işğalçı siyasət və əməllərdən əl çəkmədiyinin bariz nümunəsidir. Ermənistan aş naziri Paşinyanın bu fikirləri həmçinin onun “Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanındığına” dair bəyanatına tamamilə ziddir. "Azərbaycana qarşı bölgədə qeyri-qanuni fəaliyyət aparılmasını çətinləşdirən Laçın sərhəd-buraxılış məntəqəsinin aradan qaldırılmasını tələb edən, təcavüzkar siyasəti və separatizmi dəstəkləyən Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycanın Laçında məntəqə təsis etməsi tamamilə beynəlxalq hüquq çərçivəsindədir. Bu addım Ermənistanın pozucu fəaliyyətinin qarşısını almaq məqdədilə atılıb və bu məntəqənin mövcudluğu müzakirə mövzusu deyil. Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın məlum tələbini 6 iyul tarixli qərarı ilə yekdilliklə rədd edərək, bir daha təsdiq edib ki, Azərbaycanın sərhəddə buraxılış məntəqəsi təsis etməsi tamamilə suveren və legitim bir qərardır. Bununla yanaşı, Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq aktorlar, o cümlədən, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən müsbət qarşılanmış Qarabağ bölgəsinin erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi təklifindən Ermənistan tərəfinin imtina etməsi bölgədə “gərgin humanitar vəziyyət” iddiasının reallığı əks etdirmədiyini göstərir. Bu, həmçinin, Ermənistanın əsl niyyətinin vəziyyətdən siyasi şantaj məqsədilə sui-istifadə etmək olduğunu nümayiş etdirir, Ermənistanın Azərbaycan ərazisində qeyri-qanuni fəaliyyətlərini davam etdirmək məqsədi güdür. Ermənistan baş nazirinin bölgədə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyətini, hər gün onlarla erməni sakinlərin məntəqədən hər iki istiqamətdə keçməsini və Azərbaycanın Ağdam-Xankəndi marşrutu daxil olmaqla, alternativlər irəli sürməsini gözardı edərək, “blokada” barədə məlumatlar yayması beynəlxalq ictimai rəyi manipulyasiya etmək cəhdidir. 30 il müddətində beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı davam etdirdiyi təcavüzə, etnik təmizləmə siyasətinə qarşı beynəlxalq təşkilatların xəbərdarlıqlarını, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini heçə sayan Ermənistanın Azərbaycana qarşı beynəlxalq səviyyədə tədbirlər görməyə çağırış etməsi absurddur və riyakarlıqdır. Azərbaycanın öz suveren ərazilərində yaşayan ermənilərin reinteqrasiyası tədbirlərinə Ermənistan rəsmilərinin müdaxilə cəhdlərinə son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün sözdə və əməldə Ermənistan tərəfindən qeyd-şərtsiz təsdiqlənməsi bölgədə sülhün təmin edilməsi üçün ən zəruri şərtdir", - məlumatda qeyd edilib. Vurğulanıb ki, Ermənistan rəhbərliyinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hər hansı bir bəhanə ilə şərtləndirməsi qətiyyən qəbuledilməzdir, iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlmiş səylərə zərbədir və bölgədə gərginliyin saxlanmasına xidmət edir: "Ermənistan tərəfi nəhayət anlamalıdır ki, bölgədə sülh və sabitliyin bərpa edilməsinə törətdiyi maneçilik səyləri heç bir nəticə verməyəcək. Ermənistan tərəfini təxribatçı addım və bəyanatlara son verməyə, beynəlxalq öhdəliklərinə əməl etməyə çağırırıq".

“Erməni təbliğatına qarşı yalnız rəsmi təkzib yetərli deyil, əks tələblərlə çıxış etməliyik...”

“Rus general hay-küylə “blokada”dan şikayət edən sərxoş ermənilərə baxıb dedi ki, bunlar heç aclıq çəkənə oxşamırlar...” “Çox əzablara düçar olmuş”, “genosid”ə, “etnik təmizləmə”yə məruz qalmış ermənilər indi də “acından ölürük” şüarı ilə dünyaya ismarışlar göndərirlər. Axırıncı dəfə Araik Arutunyanın kabinetdən çıxıb komforlu çadırda oturaq aksiyaya qoşulduğu kadrlarına baxanda, baş separatçının son vaxtlar xeyli kökəldiyi aydın görünürdü. Görünür, tamahından şişib. “Acından humanitar fəlakət” yaşayan separatçıların video-görüntülərinə baxanda 1990-cı ilin martın əvvəllərində olmuş bir hadisə yadıma düşdü. Keçmiş Xanlar rayonunun ermənilər yaşadığı Kamo və Azad kəndləri könüllü olaraq müraciət edib onların köçürülmələrini xahiş edirdilər. Danışıqları mən aparırdım. Köçmənin reallaşması üçün zəruri olan işlər görülməyə başlayanda xəbər gəldi ki, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkov( ermənilərə xüsusi dəstək verdiyinə görə, həm də erməni yaltaqlığının nümunəsi olaraq Rıjkov rəsmən Ermənistanın milli qəhrəmanıdır)  bu kəndlərə xüsusi komissiya göndərib və komissiyaya general-mayor Şirinkin rəhbərlik edir. Komissiya rayon ərazisində yerləşən Sovet ordusu briqadasına gəlib və rayon rəhbərliyi ilə görüşdən imtina edir. Yerli strukturlardan heç kimi heyətin tərkibinə almırlar. Generalın otağına keçib özümü təqdim etdim və mənim iştirakımın mütləq olduğunu bildirdim. General razılaşdı və komissiyanın gəlişinin səbəbinin ermənilərin aclıq çəkməsi ilə əsaslandırdı, dedi ki, sizlər onları blokadada saxlayırsınız, onlar da şikayət ediblər, çörək istəyirlər. İrəvandan SSRİ Ali Sovetinin deputatı general Surkov da vertolyotla gəlir. Qısası, getdik, kənd klubunda ermənilər toplaşdılar. Klubdakıların əksəriyyəti qonşu Çaykənddən gələnlər idi. Demək olar ki, hamısı spirtli içkinin təsiri altında, faktiki sərxoş vəziyyətdə idilər. Xislətlərinə uyğun olaraq ermənilər qışqırır, ağlayır, hədələyirdilər. Sərxoş ermənilər elə hay-küy saldılar ki, general Şirinkin məcbur olub dedi: Bunlar heç aclıq çəkənə oxşamırlar”. O biri general da məclisi yarımçıq tərk etdi, komissiya üzvləri isə ermənilərin yalanını etiraf etdilər...  İndi də Ağdam -Əsgəran yoluna blok plitələr qoyanda əllərində aclıq şüarı tutan erməni qızlarının yanaqları elə əvvəlki kimi qırmızı, gədələrinin də sağlamsifətli olduğu açıq görünürdü. Şirinkinin sözü olmasın,  bunlar heç aclıq çəkənə oxşamırlar…  Araik də kökəlib…  Bizi düşmən kimi görüb təklif etdiyimiz humanitar yardımdan imtina edən separatçı rejim və Qarabağ erməniləri (bunların da böyük əksəriyyəti elə Araik kimi, Vardanyan kimi düşünür, özümüzü yalandan inandırmayaq ki, yerli ermənilər bizi istəyir) ac deyillər, Rusiya hərbçiləri helikopterlərlə ərzaq daşıyır, minlərlə erməni silahlı qüvvələrinin, yerli əhalinin təminatı ilə məşğuldurlar. Sadəcə olaraq biz beynəlxalq ictimaiyyətin qınağına, təzyiqinə tuş gəlməmək üçün Ağdam istiqamətində real ərzaq depoları yaratmalı və dünyaya nümayiş etdirməliyik ki, heç bir blokada yoxdu. “Ac qılıca çapırsa”, niyə gəlib bizim ərzaq depolarından mal almırlar? Bu sualla elə dünyaya yayılan dezinformasiyanın qarşısını almış olarıq. Acdırlarsa, 2 km yol qət edib Əsgərandan Qarağacı qəbristanlığının üstünə tərəf gəlib zəruri olan malları alsınlar. Niyə 300 km İrəvana gedirlər. Gəlmirlərsə, deməli ac deyillər…  Bir də, əks tədbirlər, tələblərlə çıxış etməliyik ki, düşmən bizim tələbləri yerinə yetirmək haqqında düşünsün, yalançı aclıq şüvəni ilə yox. Tələblərimiz isə çoxdur. Şuşa-Xankəndi yolunda keçmiş Dağlıq Qarabağ qaçqınlarının “evimizə qayıdırıq” tələbi ilə aksiya keçirmək və etnik təmizlənməyə kimin məruz qaldığını dünyaya sübut etmək lazımdır. Bir də, həmişə təkrar etdiyimiz məsələ-erməni silahlı qüvvələrinin çıxarılmasına vaxt qoyub xəbərdarlıq etmək. Laçın yolundan istifadənin şərti də açıqlanmalıdır: Yalnız Azərbaycan sənədini qəbul edən şəxsin gediş-gəlişinə icazə veriləcək…  Xülasə, erməni təbliğatının qarşısını almaq üçün çox tədbirlər görmək olar, yalnız rəsmi təkzib yetərli deyil. İlham İsmayıl

"Azərbaycan Rusiyadan bu istiqamətdə gözlənilən hər cür təxribata hazır olmalıdır....”

“Şəxsən Putin özü Qarabağ məsələsinə xüsusi diqqət ayırır və yaxın gələcəkdə  öz qoşunlarını həm Qarabağ, həm də Ermənistandan çıxarmamaq üçün hər cür mümkün addımlar atır və bundan sonra da atmaqda davam edəcək...” "Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğu hansısa beynəlxalq qurumun Azərbaycana təzyiqinə əsas verə bilməz…" Son günlər Azərbaycan Respublikasının müvəqqəti olaraq Rusiya “sülhməramlı”larının nəzarətində qalan hissəsində məskunlaşmış ermənilərin separatçı-revanşist qruplarının aksiyaları Azərbaycanın beynəlxalq qanunlara tam uyğun olaraq və haqlı olaraq Ermənistanla dövlət sərhədində- Laçın rayonundakı Həkəri çayı üzərində sərhəd-buraxılış məntəqəsi qurmasına etirazla əlaqələndirisə də, əslində burada əsas məqsəd başqadır. Əsas məqsəd dövlətimizi beynəlxalq ictimaiyyətin gözündən salmaq və onu Qərbin sanksiyaları altında qoymaq cəhdidir.  Və təbii ki,  ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təxribatçı aksiyalarının birbaşa Kreml tərəfindən hazırlanıb idarə olunmasına şübhə yoxdur”. Beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı Moderator.az-a açıqlamasında belə deyib. “Sözsüz ki, Qarabağdakı haykların əsassız etiraz aksiyalarından bəzi Qərb ölkələri də öz məqsədləri üçün istifadə edə bilər. Lakin öncə qeyd etdiyim kimi, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasında və oradan xarici vətəndaş (yəni Ermənistan) pasportuyla keçən ermənilərin və onların avtomobillərinin, yüklərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur. Və bu, o cümlədən Laçın sərhəd-buraxılış məntəqəsinin mövcudluğu hansısa dövlətin və ya beynəlxalq təşkilatın Azərbaycana qarşı hər hansı təzyiqlər etməsinə heç cür əsas verə bilməz”,- deyə siyasi şərhçi əlavə edib. “Sizcə, ordusu Ukraynada bataqlığa düşmüş Putin bu saat birbaşa özü Qarabağ məsələsi ilə maraqlana bilirmi?” sualını isə analitik qısa cavablandırıb: “Bilirsiz, imperiya xislətli Kreml, onun başında duran Putin Ukraynada Rusiya ordusunun doğrudan da çabalamasına rəğmən, Güney Qafqazdan, xüsusən Azərbaycandan əl çəkmək istəməz. Moskva Qərbin Azərbaycanla Ermənisan arasındakı sülh prosesində təşəbbüsü ələ almasından və ümumiyyətlə, Qərbin regionda güclənməsindən bərk narahat olduğundan, hesab edirəm ki, şəxsən Putin özü Qarabağ məsələsinə xüsusi diqqət ayırır və yaxın gələcəkdə  öz qoşunlarını həm Qarabağ, həm də Ermənistandan çıxarmamaq üçün hər cür mümkün addımlar atır və bundan sonra da atmaqda davam edəcək. Azərbaycan da Rusiyadan bu istiqamətdə gözlənilən hər cür təxribata hazır olmalıdır....”

“Dağlıq Qarabağ respublikasını” bu ərazidə qursunlar

Bunlar ikili standartlardır və cəmiyyətimiz bunları çox yaxşı anlayır. Həmçinin bilmək vacibdir ki, söhbət təkcə bəzi jurnalistlərin müsahibəsindən getmir. Bu halda hökumətlər də var. Hazırda biz Fransa hökumətinin, əgər belə demək olarsa, çox əsassız hücumları ilə üzləşirik. Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Sozcu.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 20-də Çinin “China Media Group” media korporasiyasına müsahibəsində deyib. "Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı, üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin “öz müqəddəratını təyin etmələrini” təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar “Dağlıq Qarabağ respublikasını” haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, “Dağlıq Qarabağ respublikasını” orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir. Baxın Mayot adasına, Fransanın müstəmləkəsi. Yeni Kaledoniya, Fransanın müstəmləkəsi. Onlar hələ də insan hüquqları haqqında danışır!? Bu, siyasi riyakarlıqdır. İndi söylədiklərimi biz deyəndə isə, siz görürsünüz ki, onlar bütün mətbuatı dərhal işə salır, Azərbaycanı, onun rəhbərlərini və siyasətini təhqir etməyə, hücum çəkməyə, şayiə yaymağa başlayırlar", - Prezident qeyd edib.

İctimai fəal Rəbiyyə Məmmədova Müsavata üzv qəbul olundu

İctimai fəal Rəbiyyə Məmmədova Müsavat Partiyasına üzv qəbul olunub. Partiyadan verilən məlumata görə, Rəbiyyə Məmmədova bu gün Divan iclasında iştirak edib. O, Müsavata üzv qəbul olunmaq qərarını partiyanın ideoloji xətti, Rəsulzadə irsinə sadiqliyi və Ədliyyə Nazirliyinin timsalında hakimiyyətin partiyaya qarşı son təzyiqləri ilə əsaslandırıb. Divan onun üzvlüyünə yekdilliklə səs verib. İxtisasca hüquqşünas olan Rəbiyyə Məmmədova 2020-ci ildə 10 saylı Binəqədi seçki dairəsindən deputatlığa namizəd olub.

Müsavat Partiyası Qubad İbadoğlunun azadlığa buraxılmasını tələb edir

İyulun 24-də Müsavat Partiyası Divanının iclası keçirilib. İclasda əvvəlcə görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib. İyulun 29-da saat 11:00-da Müsavat Partiyası Məclisinin növbəti sessiyasının keçirilməsi barədə qərar qəbul edilib. İclasda ictimai fəal Rəbiyyə Məmmədovanın müraciətinə baxılıb və o, partiya  sıralarına qəbul edilib. Divan iclasında tanınmış iqtisadçı alim Qubad İbadoğlunun və digərlərin həbsi ilə bağlı məsələ müzakirə olunub. Müsavat Partiyası Qubad İbadoğlunun azadlığa buraxılmasını və bu işlə bağlı istintaqın tam şəffaflığının təmin edilməsini tələb edir. Ötən həftə daha bir Qarabağ qazisinin intihar etməsi faktından narahatlıq ifadə edilib. Qeyd olunub ki, iyulun 22-də intihar edən Qarabağ qazisi Nizaməddin İbadov, ölümündən bir gün əvvəl jurnalistə göndərdiyi səs yazısında, müalicə aldığı xəstəxanada işgəncəyə məruz qaldığını söyləyib. Müsavat Partiyası bu məsələnin araşdırılmasını, qazini intihara vadar edən şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edir. Sonda cari məsələlər müzakirə edilib.

Prezident bu şəxsi general-mayor rütbəsindən məhrum etdi

Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib. Sozcu.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini və Bakı Hərbi Məhkəməsinin təqdimatlarını əsas götürərək qərar verib. Sərəncama əsasən, aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum ediliblər: Sahib Yunus oğlu Ələkbərov; Yasin Seyfulla oğlu Məmmədov. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

“Beynəlxalq Bank” qazinin pulunu mənimsəyib - Fotolar

Şəkildə gördüyünüz 2-ci Qarabağ qazisi, müddətsiz ikinci qrup əlil Əsədov Binnət Təvəkkül oğlu, müharibədə aldığı xəsarət səbəbindən hər iki ayağında çürümə gedir. Binnət iki ildir ki, yataq xəstəsidir. Müalicə üçün müraciət etsə də, müraciəti cavabsız qalıb. Ona verilən 6600 sığorta pulunun 3300 -nü  Azərbaycan Beynəlxalq bankı  borcuna görə  mənimsəyib.  Baxmayaraq ki, müharibə iştirakçılarının Banklara olan borclarının bağışlanması ilə bağlı  prezidentin sərəncamı olmuşdur.  Hal hazırda qazimizin Beynəlxalq bank tərəfindən tutulan sığorta puluna ciddi eytiyyacı var.  Deyir heç olmasa pulu qaytarsalar mən öz hesabıma müalicəyə gedərdim. Əks halda hər iki ayağımın kəsilməsi qaçılmazdır. Tel: 051 979 13 33 İlqar Əli

“Bütün təxribatların arxasında Rusiya dayanır” - Qarabağda nə baş verir?

“Qarabağ separatçılarının hazırkı mitinqləri 90-cı illərin situasiyasını xatırladır. Aşağı-yuxarı bizim həmin dövrdəki vəziyyətimizlə eynidir”.  Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Siyasi Menecment İnstitutun rəhbəri, müstəqil siyasətçi Azər Qasımlı deyib. O, Qarabağ separatçıların iyulun 25-dən etibarən Xankəndinin İntibah meydanında keçirilməsi planlaşdırılan etiraz aksiyalarına münasibət bildirib. Xatırladaq ki, tanınmamış “DQR”in “dövlət naziri” Qurgen Nersisyan bu bəyanatla çıxış edərək bildirib ki, “Artsax xalqı” və ərazisi heç bir zaman Azərbaycanın tərkib hissəsi olmayacaq.  Separatçı rejimin nümayəndəsi, həmçinin əlavə edib ki, Qarabağın öz müqəddəratını təyinetmə hüququna hörmət etmək və vahid mübarizəni bir daha təsdiqləmək üçün erməniləri İrəvan mərkəzində aksiyaya çağırıb.  Öz növbəsində, A.Qasımlı söyləyib ki, o, bu etiraz aksiyalarını əlacsızlıq kimi qiymətləndirir. Onun fikrincə, müharibə şəraiti varsa və əvvəlki dövrlərdə qarşıdurmalar olubsa, burada aksiyalar keçirməklə nəyəsə nail olmaq mümkün deyil.  “Digər tərəfdən, bütün bunların arxasında dayanan Rusiyadır. Rusiya bunu edərək dünyaya mesaj verməyə çalışır ki, guya Qarabağ ermənilərinin hüquqları pozulub və s. Amma Rusiya faktorundan daha çox bu, əlacsızlıqdan irəli gələn bir aksiyadır. Bunun indiki mərhələdə ciddi bir təsirinin olacağını gözləmirəm. Bunun yalnız o halda təsiri ola bilər ki, hazırda Ermənistanla Azərbaycana arasında gedən danışıqlar - hansı ki, Vaşinqton və Brüssel formatlarında həyata keçirilir - uğursuzluğa düçar olacaqsa və Qərb də bu danışıqlardan məmnum olmayıb onun perspektivini görməyəcəksə, onda bu aksiyaların bir mənası ola bilər ki, bizim hüquqlarımız pozulur və s. Lakin indiki mərhələdə bunun ciddi təsirinin olacağına inanmıram”, - müstəqil siyasətçi fikirlərini tamamlayıb.

Azərbaycanda hərbi zavod partladı: Ölən və yaralananlar var

Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.  Bu barədə Sozcu.az-a Nazirlikdən məlumat verilib.  Bildirilib ki, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.  Hazırda hadisə barədə araşdırma aparılır.  Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza bildirilib ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.  Hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur. 

Sabahdan tələbələrin köçürülməsinə BAŞLANILIR

İyulun 25-də saat 11:00-dan tələbələrin köçürülməsi üzrə sənəd qəbulu prosesinə başlanılır. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud ixtisasının dəyişdirilməsi, xarici ölkə ali təhsil müəssisələrindən ölkədaxili ali məktəblərə bərpası, eləcə də ölkəmizdə və xaricdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələrinin köçürülməsi üzrə elektron sənəd qəbulu transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək (bərpa olunmaq) istədikləri təhsil müəssisəsini və ya ixtisası seçmək imkanına malikdirlər. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları elektron müraciətlərinə daxil etməklə sorğu göndərə bilərlər. Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alan şəxslərin köçürülməsinə icazə verilmir. Bununla yanaşı, tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Sənəd qəbulu iyulun 31-i saat 23:59-dək davam edəcək. Proseslə bağlı əlavə məlumat əldə etmək üçün Elm və Təhsil Nazirliyinin 146-6 Çağrı Mərkəzi və ya vatsap xidməti ilə (+994 51 206 78 48) əlaqə saxlamaq mümkündür.

Türkiyə UÇA adlı yeni hərbi texnika istehsal edib

Türkiyə Milli Müdafiə Sənayesi UÇA adlı yeni hərbi texnika istehsal edib. Sozcu.az xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb. Bu hərbi texnika iyulun 25-28 tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2023) nümayiş etdiriləcək. UÇA layihəsi hədəf aşkarlama və mina atış qurğusunun MK-84 tipli ümumi təyinatlı bombalara inteqrasiyasını, hücum dəniz minalarına çevrilməsini əhatə edir. UÇA “F-16”, “F-4”, “Bayraktar AKINCI”, “AKSUNGUR” kimi “MK-84” ümumi təyinatlı təyyarə bombalarını ata, daşıya bilir. Bildirilib ki, bu texnikada sualtı “Akustik IFF” (“Dost-Düşmən Tanıma”) Sistemi, mədəndə təzyiq, vibrasiya, maqnit anomaliyası və akustik sensorları var. UÇA bu qabaqcıl sensor birləşmə texnologiyası ilə hədəf gəmiləri aşkar etmək və məhv etmək qabiliyyətinə malik olacaq. Məlumata görə, UÇA layihəsi Maşınqayırma və Kimya Sənayesi, Qoç Müdafiə və TÜBİTAK SAGE-nin öz qaynaqları və təşəbbüsü ilə həyata keçirilib.

Moskvaya PUA hücumu Ukraynanın xüsusi əməliyyatıdır

PUA-ların Moskvaya gecə hücumu Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı olub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna xüsusi xidmət orqanlarındakı mənbələr məlumat yayıb. Məlumata görə, mənbələr “bütün quşların Moskvaya uçduğuna” eyham vurublar. Qeyd edək ki, bu gecə Moskvaya dron hücumları baş tutub.