Rusiyanın itkiləri 256 mini ötdü

Ukrayna müharibənin 540-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 256 050 hərbçi, 4329 ədəd tank, 8398 ədəd zirehli döyüş maşını, 5169 ədəd artilleriya sistemi, 714 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 486 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 314 ədəd helikopter, 7641 ədəd avtomobil texnikası, 4272 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 773 xüsusi avadanlıq itirib.

Ermənilər Kəlbəcəri yenidən atəşə tutdu

Avqustun 16-sı saat 23:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Avropa Liqası: "Qarabağ" bu gün cavab oyununa çıxacaq

"Qarabağ" bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirəcək. Sozcu.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Finlandiyada HİK-in qonağı olacaq. "Bolt Arena"da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajod idarə edəcək. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. UEFA Avropa Liqası, III təsnifat mərhələsi Cavab oyunu 20:00. HİK - "Qarabağ" Baş hakim. Villi Delajod (Fransa) Helsinki. "Bolt Arena" Qeyd edək ki, cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

Neft yenə ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 83,36 dollara, yüngül neftin bir barreli isə 79,20 dollara satılır.

Moskvaya yeni hücum olacaq - Ekspert

Moskvada “Vaqner” üsyanına bənzər yeni bir hücum mütləq baş verəcək. Sozcu.az xəbər verir ki, bunu ukraynalı siyasi ekspert Taras Zaqorodnı deyib. “Priqojin presedent yaratdı. O, əslində Putin hakimiyyətinin gücünün çürük olduğunu və onu dörd-beş min adamın ələ keçirə biləcəyini göstərdi. Bu o deməkdir ki, Priqojin basqınının mütləq təkrarı olacaq. Putin Priqojini aradan götürsə belə, bu, heç nəyi həll etmir. Çünki Kremldə lazım olduğu kritik anda Putin orada deyildi”, - Zaqorodnı bildirib.

Ermənistan Azərbaycanla bazarlıq etmək istəyir

Əlverişsiz hava şəraitində itkin düşən Azərbaycan Ordusunun əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanda tutularaq mühakimə edilməsi tamamilə qanuna zidd şəkildə həyata keçirilib. Bu sözləri Axar.az-a Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Hüseyn Axundova ömürlük həbs cəzası veriləcəyi ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. O bildirib ki, əsgərlərə qarşı irəli sürülən ittihamlar və qəbul edilən qərarlar çox qərəzlidir: “Naxçıvanın Şahbuz rayonu ərazisində əlverişsiz hava şəraitində azıb sərhədi keçən azərbaycanlı hərbçilər bir qrup şəxslə əvvəlcədən əlbir olaraq Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, qanunsuz odlu silah və döyüş sursatı daşımaqda ittiham olunaraq barələrində həbs qərarı verilib. Bununla yanaşı, sonradan Hüseyn Axundov barəsində daha bir cinayət işi başlanılıb və o, Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə təqsirləndirilib. Azərbaycan Ordusunun əsgərlərinin mühakimə edilməsi tamamilə qanunsuzdur. Onlarla beynəlxalq hüququn müəyyən etdiyi normalara uyğun şəkildə davranmayıblar. Hətta əsgərlərimizə işgəncə verərək sosial şəbəkələrdə yayıblar. Bu isə hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına ziddir. Sözügedən konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir. Ermənilər həmişə olduğu kimi, gülünc iddialar irəli sürərək, guya bizim əsgərin hansısa zavodun gözətçisini öldürdüyünü və buna görə mühakimə olunduğunu bəyan edirlər. Təcrübə onu göstərir ki, indiyə kimi Azərbaycandan ələ keçirilmiş bir neçə şəxs barəsində də belə məhkəmə qərarları olub. Lakin onlar sonunda həmin şəxsləri Azərbaycan tərəfinə vermək məcburiyyətində qalıb”. Səməd Vəkilov bildirib ki, haqsız yerə mühakimə olunan əsgərlərimiz də Azərbaycana qaytarılacaq: “Ermənilər bizim əsgərlərə belə yüksək cəza verməklə Azərbaycanda olan hərbi cinayətkarların geri alınması ilə bağlı bazarlıq etmək istəyirlər. Lakin bu, real görsənmir. Ermənistan tərəfi hərbçilərimizi vermək məcburiyyətində qalacaqlar. Buna Azərbaycan dövlətinin gücü imkan verir”.

Kəlbəcərdə erməni diversantın dövlət sərhədini pozması ilə bağlı cinayət işi başlanıldı

Kəlbəcərdə erməni diversantın dövlət sərhədini pozması ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Sozcu.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma aparılıb. Araşdırma zamanı Ermənistan silahlı birləşmələrinin üzvü və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib avqustun 16-da, saat 11 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib daşıdıqları odlu silah və döyüş sursatları ilə birgə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçməklə ölkəmizdə ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstisu kəndi ərazisində yerləşən N saylı hərbi hissənin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən təxribat-diversiya qrupunun üzvü saxlanılmaqla ondan cinayətin alət və vasitələri götürülüb. Qeyd edilən faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Hazırda cinayət işi üzrə yaradılmış istintaq qrupu tərəfindən təxirəsalınmaz zəruri istintaq tədbirləri davam edir. İstintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.

"İsa Qəmbər başqanlıqdan gedəndən sonra hakimiyyətin Müsavatı dağıtmaq üçün çoxlu cəhdləri oldu, amma bunu bacarmadılar"

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlının “Yeni Sabah”a müsahibəsi:  - Sentyabrda Müsavat Partiyasının növbəti qurultayının olacağı və yeni başqanın seçiləcəyi bildirilir. Başqanlığa namizədlərin sırasında sizin də adınız hallanır. Bu barədə nə deyə bilərsiniz?  - Müsavat Partiyası demokratik bir təşkilatdır. Müsavat Partiyasında yaşlı, orta və gənc nəsil təmsilçilərindən başqanlığa namizəd olacaq kifayət qədər adam var. Bizim Divan üzvlərimizin hər biri Müsavat başqanlığına namizəd olmağa layiq insanlardır.  Müsavat Partiyası ağır bir dönəmdən keçdi. İsa Qəmbər başqanlıqdan gedəndən sonra hakimiyyətin Müsavatı dağıtmaq üçün çoxlu cəhdləri oldu, amma bunu bacarmadılar. Bu da yalnız Arif Hacılının başqanlığının sayəsində mümkün oldu. Arif bəy bu illər ərzində Müsavat Partiyasını ayaqda saxlaya bildi. Müsavat Partiyası bütün işlək strukturları ilə demək olar ki, həmişə Ana Müxalifətin önündə gedən siyasi partiyalardan biri olub. - Qurultaya hazırlıq işləri necə gedir?  - Hər 3 aydan bir Müsavat Məclisi keçirilir, hər həftə Divan iclası və Sədrlər Şurasının iclası olur. Bütün bu strukturlar Müsavatın işlək bir siyasi partiya formasına gətirdi. Müsavat Partiyası bütün zamanlarda dövlətin – hakimiyyətin yox – yanında olan bir siyasi partiyadır. Dövlətimizə xeyirli nə olacaqsa, təbii ki, Müsavat onu dəstəkləyəcək. Xatırladım ki, 44 günlük İkinci Qarabağ müharibəsində Müsavat Partiyası siyasi fəaliyyətini dondurdu və bu ərəfədə heç bir siyasi fəaliyyətlə məşğul olmayıb dövlətin yanında oldu. - Perspektivdə ən güclü namizəd, sizcə, kimdir? Siz, yoxsa İsa Qəmbər?  - Müsavat Partiyası demokratik bir partiya olduğu və Azərbaycan cəmiyyətinə demokratik bir ab-hava gətirdiyi üçün İsa bəy başqanlıqdan getdi. Müsavat Partiyasının başqanının isə 2 dəfə seçilmək hüququ var. Arif bəy 2 dəfə seçiləndən sonra növbəti dəfə başqanlığa namizədliyini irəli sürməyəcək. Başda özüm olmaqla bilirəm ki, bütün müsavatçıların ən böyük arzusu İsa Qəmbərin yenidən Müsavat başqanlığına qayıtmasıdır. Bunu hamımızın arzusu kimi qəbul edirəm və məncə, İsa bəyin verəcəyi bu qərar ən önəmli, önəmli və ən vacib qərarlardan biri olub. Lakin İsa bəy hələ bu qərarı verəcək, ya yox, bu da sual altındadır. - Müsavat Partiyası parlamentə daxil olsa, hakimiyyətin siyasi kursunu dəstəkləyən müxalifət partiyalarının sıralarına qoşula bilərmi?  - Parlamentə seçkilərə gəldikdə, Müsavar Partiyası ana müxalifət olduğu üçün ölkənin bütün bölgələrində bizim strukturlarımız var. Lakin parlament seçkiləri zamanı baxmayaraq ki, müsavatçılar ən yüksək səs alırdılar, amma sonda qutudan ən aşağı səslə çıxırdılar. Ona görə ki, hakimiyyət müsavatçıları parlamentə buraxmırdı. Amma bu səfər, əgər proporsional seçkilər obyektiv olarsa, mən əminəm ki, Müsavat Partiyası parlamentə düşəcək. Mən niyə “obyektiv olarsa” söylədim? Yadınızdadırsa, biz Ədliyyə Nazirliyinə siyahı vermişdik, məni – Müsavat Partiyasının Məclisinin sədrini eyniləşməyən kimi göstərmişdilər. Əgər yenə də bu oyunlar davam edəcəksə, müxalifətə bu münasibətlər olacaqlarsa, təbii ki, parlamentdə olmağımız sual altında olacaq. Mənə elə gəlir ki, demokratik seçkilərin olması hakimiyyət üçün də maraqlı olmalıdır. Əgər demokratik seçkilər olarsa, Müsavat Partiyası mütləq şəkildə Azərbaycan xalqının səsinin böyük əksəriyyətini alacaq. - Belə bir iddialar da səslənir ki, Müsavat parlamentə daxil olandan sonra konstruktiv müxalifət olacaq və hakimiyyətlə anlaşacaq. Çünki iqtidar AXCP ilə uzlaşa bilmir, lakin parlamentdə real müxalifətə də ehtiyac var...  - Belə olacağını düşünmürəm. Çünki Müsavat Partiyası parlamentdə daha fərqli mövqedən çıxış edəcək. Müsavat Partiyası hər şeyə əl çalan, yalanı doğru kimi təqdim edən bir siyasi partiya deyil. Təbii ki, doğru dəstəklənəcək, yalan ifşa olunacaq. Müsavat Partiyasının əvvəldən tutduğu mövqe və xətt budur. Bu, Rəsulzadə-Elçibəy yoludur. Qısası, Müsavat Partiyası ömründə bir dəfə də olsun nə hakimiyyətə, nə də parlamentə gəlmək üçün heç kəslə sövdələşməyib, bundan sonra da elə bir şey ola bilməz. 

On gün əvvəl ermənilər razılaşmanı pozmasaydı... - XİN

Hər gün Laçın sərhəd buraxılış məntəqəsindən hər iki istiqamətdə Azərbaycanın onlarla erməni sakini keçir. Sozcu.az xəbər verir ki, bunu Azərvaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə “X”də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin regiona səfərinə münasibət bildirərkən yazıb. Onun sözlərinə görə, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da sərhəddən buraxılış prosesi tənzimlənir: "Əgər on gün əvvəl ermənilər tərəfindən razılaşma pozulmasaydı, Ağdam-Xankəndi yolundan istifadə oluna bilərdi". Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmaninin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan-Azərbaycan şərti sərhədindəkii vəziyyətlə tanış olmaq məqsədilə sərhədə gələcək. Bu barədə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bildirib.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 16-sı saat 17:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Adanada zəlzələ baş verdi

Türkiyənin Adana vilayətinin Aladağ ilçəsində yerli vaxtla saat 17:36-da 4,5 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Yerin 7,3 km dərinliyində meydana gələn zəlzələ şəhər mərkəzində ciddi şəkildə hiss edilməyib, bəzi ilçələrdə yeraltı təkanlar bəlli olub.

Nicatın qabırğaları da sınıb - TƏBİB

Avqustun 15-i qəzaya düşən bloger Nicat Mütəllimovda müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Mütəllimovun vəziyyəti stabil olaraq qalır. Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir.

İranda yanacaq çatışmazlığı yarandı

İranın bütün bölgələrinin yanacaqdoldurma məntəqələrində yanacaq çatışmazlığına görə uzun növbələr yaranıb. Sozcu.az xəbər verir ki, bu barədə yerli sosial media istifadəçiləri və sürücülər paylaşım ediblər. Dövlət mediası yanacaq çatışmazlığını vətəndaşların yay səfərləri ilə bağlı daha çox yanacaq əldə etmələri ilə əlaqələndirib. SEPAH-a bağlı olan media orqanları isə problemin yanacaqdoldurma məntəqələrində texniki nasazlıqlarla bağlı olduğunu iddia edirlər. Qeyd edək ki, bir neçə aydır İranda yanacaq qiymətlərinin artırılacağı ilə bağlı məlumatlar dərc olunur.

Hikmət Hacıyev: “Qarabağın erməni sakinlərinin hansısa təchizata ehtiyacı olsa, Ağdam-Xankəndi yolu işləkdir”

“Azərbaycan yol blokları, maneə divarları qurmur. Azərbaycan yol inşa edir”. “Report”un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu xarici diplomatların Ağdama səfəri çərçivəsində onlara Ağdam-Xankəndi yolu barədə məlumat verən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. “Qarabağın erməni sakinlərinin hər hansı təchizata ehtiyacı olsa, bu yol işləkdir”, - deyə o bildirib.

PKK-nın daha bir “rəhbər şəxs”i zərərsizləşdirildi

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) xüsusi əməliyyat keçirib.  Sozcu.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İraqın şimalındakı Qare bölgəsində gerçəkləşdirilib.  Əməliyyat çərçivəsində PKK terror təşkilatının "rəhbər şəxs"lərindən biri - "mətbuat və arxiv üzrə məsul şəxs" Sidar Serhat Kod Celal Birdalı zərərsizləşdirilib.  Hazırda araşdırmalar davam etdirilir. Bildirilib ki, bundan sonra da oxşar əməliyyatlar keçiriləcək. 

Nüsrətin həyatı film olur

Türkiyəli tanınmış qəssab Nüsrət Gökçənin həyatı film olacaq. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, ekran işinin "Disney Plus"da yayımlanacağı bildirilib. Sənədli film kimi təqdim ediləcək layihəni amerikalı rejissor çəkəcək. Filmdə Nüsrəti  hansı aktyorun canlandıracağı hələlik məlum deyil. 

Yayın sevimli qidası olan dondurmanın zərərləri

Xüsusilə yay aylarında demək olar ki, hamımızın sevimli qidasına çevrilən dondurma dadlı olması ilə yanaşı, zülal, kalsium, A vitamini, B12 vitamini, C vitamini və maqnezium kimi bir çox vitamin və minerallarla da zəngindir.  Sozcu.az bizim.media-ya istinadən bildriir ki, dondurmanın bir porsiyası şərbətdən 55 faiz, südlü desertdən isə 23 faiz az enerji və ya kalori ehtiva edir. Məsələn, 2 qaşıq dondurma istehlak etdikdə təxminən 2,5 xörək qaşığı şəkərə bərabər karbohidratlar alırıq. Təravətləndirici ləzzətli dadı ilə yay aylarında vazkeçilməz olan dondurmanın orqanizmə təsiri necədir?  Sağlam sümüklərə sahib ola bilərsiniz  Kalsium sümük sağlamlığını dəstəkləyən vacib elementdir. Yarım stəkan dondurma 80 milliqramdan çox kalsium ehtiva edir və bədəninizin bu vacib mineralla təmin edilməsinə kömək edir. Dondurmanın tərkibində sümük sağlamlığını dəstəkləyən digər iki qida maddəsi olan maqnezium və sink də var. Lakin dondurmanın zərərləri də olduqca çoxdur.  Diş çürükləri inkişaf edə bilər. Dondurmanı istehlak etdikdən dərhal sonra dişlərinizi fırçalamırsınızsa bu, çürüklərin əmələ gəlməsi şansınızı artıra bilər. Yuxu rejiminiz pozula bilər. Bəzi insanlar inanır ki, dondurma onların zehnini sakitləşdirməyə kömək edir ki, onlar daha tez yuxuya gedə bilsinlər. Bununla belə, "Journal of Sleep Medicine" jurnalında əsas araşdırma göstərdi ki, az lifli, yüksək doymuş yağlı qidalar yemək daha yüngül yuxu və daha çox gecə oyanmasına səbəb olur. Xüsusilə gecələr daha çox şəkər istehlak etmək, vücudunuzun faydalana biləcəyi dərin, yavaş dalğalı, canlandırıcı yuxu vaxtını azaldır. Çəkini artırır. Dondurma yüksək miqdarda kalori ehtiva edə bilər və bu, arıqlamağa çalışan insanlara məqsədlərinə çatmaqda mane olacaq amildir. Dondurma yemək bədəninizin ehtiyacından daha çox kalori istehlak etməsinə səbəb ola bilər. Ona görə də bu məhsuldan normasında istehlak etmək şərtdir.  Qaraciyər xəstəlikləri riskiniz arta bilər.  Bəzi dondurmalar fruktoza ilə hazırlanır. Və hər gün ən azı bir porsiya fruktoza ilə hazırlanmış qidalar, alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskinin artması və ya bədəninizdə artıq yağ yığılmasına səbəb ola bilər. Ürək sağlamlığına mənfi təsir göstərir.  Həddindən artıq şəkər qəbul etmək ürək sağlamlığınıza mənfi təsir göstərə bilər.  Şişkinlik hiss edə bilərsiniz.  Əgər siz laktoza dözümsüzlüyünüz varsa, dondurma istehlak etmək mədə ağrısı, ishal, şişkinlik və ya digər xoşagəlməz mədə-bağırsaq simptomları yaşamağınıza səbəb ola bilər. 

Neymar: "Əl-Hilal"a keçməklə düzgün qərar verdim"

Braziliya millisinin hücumçusu Neymar “Əl-Hilal”a keçidini şərh edib. Sozcu.az xəbər verir ki, o, klubun saytına açıqlamasında deyib: "Mən yeni bir hekayə yazmaq istəyirəm. Səudiyyə liqasında heyrətamiz enerji və bacarıqlı oyunçular var. Liqa hazırda sürətlə böyüyür və tələbat var. "Əl Hilal" böyük azarkeşləri olan nəhəng klubdur, Asiyanın ən yaxşısıdır. Bu, mənə belə hiss edir, doğru zamanda düzgün qərar verdiyimi və düzgün kluba keçdiyimi düşünürəm. Mən qalib gəlməyi və qol vurmağı xoşlayıram. Bunu Səudiyyə Ərəbistanında və "Əl-Hilal"da davam etdirməyi planlaşdırıram”. Qeyd edək ki, 31 yaşlı oyunçu dünən "Əl-Hilal"la 2 illik müqavilə imzalayıb.

Qəzaya düşən blogerin son durumu açıqlandı

Avqustun 15-i qəzaya düşən bloger Nicat Mütəllimovda müayinələr zamanı sağ və solda birinci qabırğanın sınığı aşkarlanıb. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diqanozu ilə ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilən pasiyent Nicat Mütəllimovun vəziyyəti stabil olaraq qalır. Müayinələr zamanı pasiyentdə sağ və solda birinci qabırğanın sınığı da aşkar olunub. Hazırda dinamiki müşahidə və müalicəsi davam etdirilir.

Xarici diplomatların Ağdama səfəri başladı

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvlərinin işğaldan azad edilmiş Ağdama səfəri başlayıb. Sozcu.az xəbər verir ki, xarici diplomatlar Ağdamda həyata keçirilən tikinti-quruculuq işləri, reallaşdırılan layihələrlə tanış olacaqlar.

Ermənilər Hüseynə ömürlük cəza tələb edirlər

Yolu azaraq Ermənistan ərazisinə keçən və saxlanılaraq qondarma qətl ittihamı ilə 20 il müddətinə həbs olunan Azərbaycan hərbçisinin ömürlük azadlıqdan məhrum edilməsi tələb olunur. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Faktİnfo” nəşri məlumat yayıb. Bildirilir ki, Azərbaycan əsgəri Hüseyn Axundovun guya qətlə yetirdiyi Zəngəzur mis-molibden zavodunun gözətçisi Ayrapet Məliksetyanın hüquqi varisləri məhkəmənin hökmündən narazıdırlar. Onlar saxta ittihamlarla həbs edilən Azərbaycan hərbçisinə ömürlük cəza tələb edirlər. Qeyd edək ki, 2023-cü ilin aprelində Azərbaycan ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan ərazisində keçib. Hər iki hərbçi Ermənistan tərəfindən əsir götürülüb və onlara qarşı saxta ittihamlar irəli sürülüb. Aqşin Bəbirov 11,5, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.

Ali təhsil müəssisələrinə ixtisas seçimi başladı

Dövlət İmtahan Mərkəzi Azərbaycanın ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elan edib. Sozcu.az xəbər verir ki, ixtisas seçimi bütün ix­ti­sas qrupları üzrə avqustun 28-dək in­ter­­net vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyent müsabiqə şərtini ödədiyi ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilər. İxtisas seçimi mərhələsində abituriyent qəbul olmaq istədiyi ixtisasların kodlarını eservices.dim.gov.az/erizebak/ixtisas1 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidir İmtahan verdiyi ixtisas qrupu (altqrupu) üzrə müsabiqə şərtini ödəyən abituriyent həmin qrup (altqrup) üzrə ixtisas seçmək hüququ əldə edir. Abituriyent ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən abituriyent həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və birinin qarşısında dövlət sifarişi əsasında, digərinin qarşısında isə ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Dövlət hesabına ali təhsil almış abituriyentlər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Müsabiqə şərtləri barədə ixtisas seçimi haqqında elandan ətraflı məlumat ala bilərsiniz. Subbakalavrlar da ixtisas seçimində iştirak etmək üçün avqustun 28-dək qəbul olmaq istədikləri ixtisasların kodlarını “Elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. Subbakalavrlar yalnız orta ixtisas təhsili pilləsində və ya yüksək texniki peşə təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər. İxtisasların uyğunluğu “Abituriyent” jurnalının “2023/2024-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul üzrə subbakalavrların ixtisas seçimi elanı” adlı xüsusi buraxılışında təqdim olunan “Müvafiq ixtisaslar üzrə subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli”ndə verilib. Qəbul aparılan ixtisasların uyğunluğu Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunub. Subbakalavr ixtisas seçərkən bu ixtisas üzrə dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla təhsil almaq istədiyini qeyd etməlidir. Hər hansı bir ixtisas üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla olan yerlərin müsabiqəsində iştirak etmək istəyən subbakalavr həmin ixtisasın kodunu ərizəyə iki dəfə daxil etməli və ayrılıqda bu ixtisas üzrə təhsilini dövlət sifarişi əsasında və ya ödənişli əsaslarla almaq istədiyini qeyd etməlidir. İxtisas kodlarını, onların sayını və ardıcıllığını subbakalavr özü müəyyənləşdirir. Dövlət hesabına ali təhsil almış şəxslər dövlət sifarişi üzrə ayrılmış yerləri seçə bilməzlər. Subbakalavrların qəbul imtahanlarında işti­rak etmədən aşağıda göstərilən ixtisaslara müsabiqə yolu ilə qəbulu aparılmır: - Xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisaslar; - “ADA” Universitetinin ixtisasları; - Bakı Ali Neft Məktəbinin ixtisasları. Xüsusi qabiliyyət tələb edən ixtisasları yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müvafiq müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulununun proqnozu çərçivəsində (V ixtisas qrupunda qabiliyyət imtahanlarının nəticələri balla qiymətləndirilən ixtisaslar istisna olmaqla) əvvəlcə abituriyentlərin, bundan sonra isə subbaka­lavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir. Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Bakıda yerləşən 6 ali təhsil müəssisəsində, Dövlət İmtahan Mərkəzinin regional bölmələrinin yerləşdiyi şəhərlərdə, həmçinin müəyyən olunmuş tarixlər üzrə 50-dən bölgədə rayon təhsil sektorlarında fəaliyyət göstərirlər.

Separatçılar bu gün ordumuza hücum edə bilər!

Bu gün BMT Təhlükəsizlik Şurasında Ermənistanın xahişi ilə “Qarabağdakı vəziyyət” müzakirə olunacaq. Sozcu.az xəbər verir ki, Ermənistan iclasda “humanitar fəlakət” iddialarını gündəmə gətirməyə və Laçın sərhəd-keçid məntəqəsinin yüklər üçün açılması üçün Azərbaycana qarşı qərarın qəbul edilməsinə çalışacaq. Siyasi və hüquqi şərtlər Ermənistanın uğursuz olacağını öncədən proqnozlaşdırmağa imkan verir. Lakin Ermənistanın və Qarabağdakı separatçıların öz iddialarını daha da təsirli etmək, eləcə də “arqument”lər göstərmək üçün bu gün müəyyən addımlar ata biləcəyi gözləniləndir. Bu addımları bir neçə istiqamətdə dəyərləndirmək olar. Birincisi, “humanitar fəlakət” iddiasını ispat etməkdir: artıq dünəndən etibarən Qarabağda “aclıqdan ölüm halları”nın olduğuna dair dezinformasiyalar tirajlanmağa başlayıb, hətta bunun üçün xüsusi hazırlanmış fotolardan da istifadə olunur; bununla bağlı yeni feyk-nyusların yayılacağı istisna deyil; İkincisi, Xankəndidə nümayişlərin keçirilməsi ola bilər: dünən axşamdan separatçıların tapşırığı ilə bir qrup erməni Rusiya sülhməramlılarının qərargahı önünə göndərilib; məqsəd beynəlxalq ictimaiyyətə “əhali etiraz edir” görüntüsünü nümayiş etdirməkdir, həmçinin, Təhlükəsizlik Şurasının üzvü olan Rusiyaya bu yolla təzyiq göstərməyi də düşünə bilərlər; Üçüncüsü və ən əsası, separatçıların təxribat hücumu ilə silahlı qarşıdurma yaratması ehtimalıdır: artıq günlərdir qanunsuz hərbi birləşmələrin döyüş mövqeləri hazırladığına dair məlumatlar, görüntülər yayılır, istisna deyil ki, məhz bu gün təxribat törədə, mümkün qarşıdurmada mülki əhalinin zərər görməsinə nail olaraq, BMT TŞ-də “ermənilərə qarşı soyqırımı” iddialarını qaldıra bilərlər, xüsusilə atəş nöqtələrinin mülki evlərin yanında qurulması buna hesablanmış addımdır; BMT TŞ-də ermənilər üçün ürəkaçan nəticənin olacağı gözləntisi azdır, lakin Xankəndidə nələrin baş verəcəyinə də diqqət etməli, informasiya və hərbi müstəvidə edilə biləcək təxribatlara qarşı hazırlıqlı olmalıyıq.

Qəbələdə dağlıq ərazidəki yanğın söndürüldü

Qəbələ rayonu, Solquca kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edək ki, yanğınsöndürmə əməliyyatlarında FHN-in Şimal-qərb Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli sakinlər iştirak edib.