Öldürülüb quyuya atılan 4 yaşlı Məryəmin atası HƏBS OLUNDU

Xəzər rayonunda öldürülüb quyuya atılan 4 yaşlı Məryəm Allahyarovaya əzab verməkdə ittiham olunan atası Taleh Allahyarovun cinayət işi üzrə məhkəmə araşdırması tamamlanıb. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən Taleh Allahyarov 3 il 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə araşdırması zamanı məlum olub ki, T.Allahyarov Məryəmi mütəmadi olaraq döyməklə, ona qarşı sair zorakı hərəkətlər edərək, dəfələrlə çimdikləyib, siqareti bədəninin müxtəlif nahiyələrinə basıb, hətta boynuna uzatma kabeli dolayaraq həmin kabeli də tavana bağlayıb boğucu hərəkətlər edib. O, qeyd olunan işgəncələrlə Məryəmə yüngül dərəcəli bədən xəsarəti yetirməklə ona əzab verib. T.Allahyarov məhkəmədə özünü təqsirli bilib, əməlindən peşman olduğunu deyib. O, həyat yoldaşının ondan ayrılmasına görə bu yola əl atdığını bildirib. Hesab edib ki, həyat yoldaşı övladına əzab verdiyini eşidərsə geri qayıdacaq. Qeyd edək ki, ötən il fevralında 4 yaşlı Məryəmi qonşusu 32 yaşlı Mehman Mansurov qətlə yetirib. O, azyaşlını öldürüb quyuya atdıqdan sonra üzərinə torpaq və daş ataraq izi itirməyə çalışıb. Hadisədən sonra azyaşlının atası da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə) və 133.2.6-cı (işgəncə verməklə törədildikdə)maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Mansurov 11 il azadlıqdan məhrum edilib.

Sərxan Sərxan Bakı yollarından narazıdır

"Bakı dəyişib gözəlləşib, amma mənfi tərəfləri var. 1990-cı illər çətin idi, zirzəmiləri açdılar, yollar dar oldu. İndi isə yolla gedirsən görürsən ki, dardır. Niyə görə? Çünki əvvəllər zirzəmilərə giriş həyət tərəfdən idi. İndi isə girişi küçə tərəfdən ediblər. Adını da qoyublar obyekt". Sozcu.az xəbər verir ki, bu sözləri Xalq artisti Sərxan Sərxan "Şənbə axşamı" proqramında deyib. Müğənni Bakı küçələrindən gileylənib. O bildirib ki, piyadalar üçün yol yoxdur: "Bu obyektlərə görə isə məcbursan avtomobillərin yoluna çıxmağa. Avtomobil də səni vura bilər. Piyadalar üçün şərait yaradılsa, yaxşı olar. Mənfi tərəflər budur. Əsas məsələ isə qanundur. Qanunlara hamımız gərək tabe olaq. Qanun məni də, səni də qoruyur". Sərxan paytaxtdakı evindən danışıb: "Bakıda üç ən sevdiyim yerlərdən biri doğulduğum "İçərişəhər" metrosunun ətrafıdır. 34 nömrəli məktəbdə təhsil almışam. İki tin yuxarıda yaşayıram, evi oradan aldım. Hiss edirəm ki, doğma yerdəyəm. Məhləyə çıxıram hamını görürəm. Oradan ləzzət alıram. Bizim gözəl bulvarı, parkları və Xəzər dənizini, həmçinin Bakı ətrafını, Mərdəkan, Bigəh və Nardaranı çox sevirəm".

Qocalmanı necə dayandırmaq və ömrü necə uzatmaq olar? – ARAŞDIRMA

San-Dieqodakı Kaliforniya Universitetinin tədqiqatçıları qocalmanın hüceyrələrə təsir edərək aşkar oluna biləcəyini müəyyən ediblər. Sozcu.az lent.az-a istinadən bildirir ki, tədqiqatçılar deyirlər ki, onların maya hüceyrələrində kəşfi insan qocalmasını necə yavaşlatacağını anlamaq üçün yol aça bilər. "Bu, daha mürəkkəb orqanizmlərin uzunömürlülüyünü effektiv şəkildə təşviq etmək üçün sintetik gen sxemlərinin inkişafı üçün zəmin yarada bilər", - professor Nan Hao deyib. Yeni bir araşdırmada mütəxəssislər qocalmanı hüceyrə səviyyəsində necə yavaşlatmağı tapıblar. Komanda genləri yenidən başlamaq və ya dayandırmaq üçün yenidən birləşdirilə biləcəyini tapıb. Onlar maya hüceyrələrinin degenerasiyasını ləngidən, iki fərqli vəziyyət arasında keçid etmək üçün sxemləri proqramlaşdırıblar. Bu, hüceyrələrin ömrünü əhəmiyyətli dərəcədə artırmağa imkan verib, genetik və kimyəvi müdaxilələr vasitəsilə ömrün uzadılması üzrə yeni rekorda imza atılıb. Hüceyrələr dəyişdirilməyən nəzarət qrupundan orta hesabla 82 faiz daha uzun yaşayıb. "Bu, ilk dəfədir ki, sintetik biologiya və hesablama ilə idarə olunan mühəndislik prinsipləri qocalmanı yenidən proqramlaşdırmaq üçün istifadə olunur", - professor Hao deyib. Daha sonra komanda nəticələrin insan hüceyrələrinə, o cümlədən kök hüceyrələrə və neyronlara necə tətbiq oluna biləcəyini öyrənəcək.

Bu qan qrupu olan insanlar daha çox yaşayır

Tədqiqatçılar hansı qan qrupu insanların digərlərindən daha çox yaşadığını müəyyən ediblər.  Sozcu.az lent.az-a istinadən bildirir ki, tədqiqatın nəticələrinə baxmayaraq, həkimlər insanın həyat tərzindən, vərdişlərindən və yaşayış mühitindən çox şeyin asılı olduğunu da xüsusi qeyd ediblər. Bir sıra tədqiqatlar zamanı alimlər müəyyən ediblər ki, I qan qruplarından birinə sahib olan insanlar çox vaxt daha uzun yaşayır və müxtəlif xəstəliklərə qarşı daha davamlı olurlar. Onlar nəinki daha az xəstələnirlər, həm də hər hansı bir xəstəliyə tutulsalar, daha tez sağalırlar. Xüsusilə, alimlər I(0) qrupunun ən güclü hesab edildiyini müəyyən ediblər. Onun nümayəndələrinin ürək-damar xəstəliklərindən, yaddaş xəstəliklərindən, hətta mədə və mədəaltı vəzi xərçənginin müəyyən növlərindən əziyyət çəkmə ehtimalı azdır. Məhz bu müqavimət 1 qan qrupu olan insanların daha uzun yaşamasına imkan verir. Araşdırmalara görə, I qrupda qan laxtalanmasına səbəb olan daha az molekul var. Alimlərin fikrincə, bu, ürək və beyin üçün faydalıdır. Həmçinin, ürək-damar xəstəlikləri çox vaxt ruhi xəstəliklərə gətirib çıxarır. Buna görə də, birinci qrup olan insanlar onlardan daha az əziyyət çəkirlər. Maraqlıdır ki, ikinci qan qrupu olan insanlar viral xəstəliklərə daha az meyllidirlər.

Ronaldo: "Əl-Nəsr"də oynamağım millidəki mövqeyimə təsir etmir"

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında oynamasının Portuqaliya milli komandasındakı mövqeyinə təsir etmədiyini bildirib. Qol.az "O Jogo"ya istinadən xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu deyib: “Mən Səudiyyə Ərəbistanında oynayıram, amma milli komandada da  çıxış edirəm.  Səudiyyə Ərəbistanına getdikdən sonra millidə üç oyun keçirmişəm. Buna görə də bu, mənim millidəki mövqeyimə təsir etmir. Məşqçiyə sual verə bilərsiniz. Səudiyyə Ərəbistanında liqa yaxşıdır. İndi isə transferlər öz sözünü deyir. Mən xoşbəxtəm və ümid edirəm ki, daha çox qol vuracağam”.

Bu həkimlərə əlavələrin ödənilməsi dayandırılacaq

Həkim və tibb mütəxəssislərinin əmək fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinq komissiyasının yaradılması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bunu TƏBİB İdarə Heyətinin sədri Vüqar Qurbanov Bakıda Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumun açılış mərasimində deyib. Qurum rəsmisi qeyd edib ki, komissiya tərəfindən həkim mütəxəssislərə 6 ay ərzində monitorinq keçiriləcək: “Monitorinqdən müvəffəqiyyətlə keçən həkimlərə həvəsləndirici əlavələrin ödənilməsi 2024-cü ilədək uzadılacaq. Monitorinqdən keçə bilməyən həkimlərə əlavələrin ödənilməsi dayandırılacaq”. V.Qurbanov vurğulayıb ki, monitorinqlər zamanı həkimlərin peşəkarlığı və şəxsi keyfiyyətləri əsas götürüləcək.

Nikol: Bir də xəbər tutduq ki, Azərbaycan müdafiəni yardı

Şuşa ciddi əhəmiyyət kəsb edirdi və Şuşanın müdafiəsinin möhkəmləndirilməsi, təşkili ilə bağlı idi. Sonda lazım olan hər şeyin görüldüyü bildirildi. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı parlamentdə çıxışı zamanı deyib. “Həmin hazırlıq işlərindən qısa müddət sonra xəbər gəldi ki, bir qrup azərbaycanlı hərbçi Zarıslı kəndi ərazisində müdafiəmizi yararaq, Laçın-Xankəndi yolunu kəsib. Yəni faktiki olaraq Şuşa yolu bağlandı. Bu xəbəri mənə Qarabağın “prezidenti” çatdırdı, lakin Silahlı Qüvvələrin Baş Qərargahı bu məlumatı təsdiqləmədi. Yeri gəlmişkən, bu, müharibə illərində təxminən on dəfə təkrarlanan vəziyyət idi, Arutyunyan (Qarabağdakı separatçı-terrorçuların lideri – red.) xəbər verəndə baş katib xəbəri təsdiqləmədi, hətta təkzib etdi və bir müddət sonra etiraf etməli oldu ki, Arutyunyan düz deyirdi. Mahiyyət etibarı ilə Şuşanın tənəzzülü də bu andan başladı”, - o bildirib.

Keçmiş deputat vəfat etdi

Milli Məclisin keçmiş deputatı Akif Şahbazov vəfat edib. Sozcu.az Report-a istinadən xəbər verir ki, o, 65 yaşında Bakı şəhərində dünyasını dəyişib. Mərhum doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib. Qeyd edək ki, Akif Rəhim oğlu Şahbazov 15 dekabr 1957-ci ildə anadan olub. O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Paşinyan: Üçtərəfli bəyanatı buna görə imzaladım

Şuşanın itirilməsi 10 noyabr 2020-ci il tarixli bəyanatın imzalanmasının əsas səbəblərindən biri olub. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibəni araşdıran parlament komissiyasının iclasında çıxışı zamanı deyib. “Niyə mən noyabrın 10-da Üçtərəfli bəyanatı imzaladım? Burada, təbii ki, Şuşanın itirilməsi dönüş nöqtəsi oldu. Burada şəhərin təkcə simvolik mənası deyil, həm də strateji əhəmiyyəti var idi. Şuşadan sonra Xankəndi hücuma məruz qalacaq, Xocavəndə təzyiqlər artacaqdı. Ən əsası isə 25 minə yaxın əsgər mühasirəyə düşə bilərdi”, - o bildirib.

Ukrayna bir gecədə 28 “Şahid” vurdu

Hava hücumundan müdafiə qüvvələri iyunun 20-nə keçən gecə Ukrayna ərazisinə hücum edən 30 “Şahid” PUA-sından 28-ni məhv edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, Rusiya hərbçiləri Zaporojye və onun ətrafında 7 ədəd S-300 raketi atıb: “Raket zərbəsinin nəticələri barədə məlumatlar dəqiqləşdirilir”.

Ukrayna üç istiqamətdə uğurlu əməliyyat keçirdi

Ötən gün Ukrayna qoşunları cəbhənin ən azı üç istiqamətində uğurlu əks-hücum əməliyyatları həyata keçirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibəni Öyrənilməsi İnstitutu məlumat yayıb. “Ruslar Ukrayna ordusunun Baxmutun şimal-qərb, şimal-şərq və cənub-qərb istiqamətində hücumlarını davam etdirdiyini bildirib. Ukrayna Krasnopolovka yaxınlığında (Baxmutdan təxminən 12 km şimal-şərqdə) irəliləyib. Kiyev rəsmiləri isə son bir həftə ərzində ordunun Zaporojye istiqamətində 7 km-ə qədər irəlilədiyini və 113 kvadratmetr ərazini azad etdiyini vurğulayıb. O cümlədən Donetsk və Zaporojye vilayətlərinin qərbində 8 yaşayış məntəqəsi də azad edilib. Ötən günün geolokasiya görüntüləri isə təsdiq edir ki, Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində, Orexovdan təxminən 25 kilometr cənub-qərbdə yerləşən Pyatixatkini azad edib”, - məlumatda deyilib.

Rusların qorxulu yuxusu olacağıq - Budanov

Ölkədə “Ölməz komandirlərin xüsusi dəstəsi” yaradılır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. “Bu dəstəyə Valeri Zalujnı (Ukrayna Silahlı Qüvvələrinin baş komandanı), Stepan Bandera (Ukrayna Millətçilər Təşkilatının lideri), Simon Petlyura (1919-1920-ci illərdə Ukrayna Xalq Respublikasının Direktoriyasının rəhbəri) daxil olacaq. “Ölməzlər dəstəsi” Ukraynanı ələ keçirmək istəyən rusların qorxulu yuxusu olacaq”, - o bildirib.

482-ci gün: Rusiyanın itkiləri açıqlandı

Ukrayna müharibənin 482-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 221 460 hərbçi, 3997 ədəd tank, 7750 ədəd zirehli döyüş maşını, 3888 ədəd artilleriya sistemi, 614 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 372 hava hücumundan müdafiə sistemi, 314 ədəd hərbi təyyarə, 306 ədəd helikopter, 6645 ədəd avtomobil texnikası, 3393 ədəd PUA, 1214 qanadlı raket, 18 gəmi/qayıq, 531 xüsusi avadanlıq itirib.

Türkiyədə ağır yol qəzası: ölü və yaralılar var

Türkiyədə Mersin vilayətinin Tarsus rayonunda sərnişin avtobusu yük maşını ilə toqquşub. Sozcu.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Qəza nəticəsində 1 nəfər ölüb, 28 nəfər yaralanıb. Xəsarət alan TIR sürücüsü və avtobusda olan 27 sərnişin təcili tibbi yardım maşınları ilə ətrafdakı xəstəxanalara aparılıb.

Qeyri-sabit hava nə vaxta kimi davam edəcək?

Bakıda və Abşeron yarımadasında iyunun 20-si gündüzdən 21-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarına gəlincə, ölkə ərazisində qeyri-sabit hava şəraiti iyunun 24-dək davam edəcək. Bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı gözlənilir. Əsasən Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran rayonlarında yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.

Neft yenidən bahalaşdı

Dünya birjalarında neft qiymətləri cüzi bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 75,94 dollara, yüngül neftin bir barreli isə 70,88 dollaradır.

Ukrayna müdafiəni yardı, ruslar mühasirəyə düşə bilər

Ukrayna qoşunları daim müxtəlif istiqamətlərdə irəliləyir. Novodarovka-Ravnopol rayonunda ruslar mühasirəyə düşə bilər. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko deyib. O, Ukrayna SQ-nin rusların ilk müdafiə xəttini yardığını xatırladıb: “Əgər biz Novodarovka-Ravnopol rayonlarını nəzarətə götürsək, rusları mühasirə gözləyir. Düşünürəm ki, Ukrayna qoşunlarının təzyiqi ilə onlar ərazidən çıxacaqlar”.

Beyləqanın yolları 437 min “yeyəcək” - Vegri borcu olan şirkətlə müqavilə

Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi "Aztimont” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə maliyyə dəyəri 437.175,6 AZN olan satınalma müqaviləsi imzalayıb. Sozcu.az xəbər verir ki, müqavilə Beyləqan şəhərində yolların əsaslı təmiri işləri ilə bağlıdır.  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Aztimont” ASC 20 iyul 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 432 AZN olan şirkətin hüquqi ünvanı Sabirabad rayonu Qalağayn kəndində yerləşir. ASC-nin qanuni təmsilçisi Veysəlov Nəriman Mikayıl oğludur.  "Aztimont” ASC yarananda adı "Sabirabad Tikinti-23” ASC olub. Daha sonra ASC-nin adı dəyişdirilib və şirkət bir müddət "Azərtikinti-Quraşdırma-Servis-23” ASC adı altında fəaliyyət göstərib. Şirkətin ilk qanuni təmsilçisi Bağırov Xosrov Məhəmməd olub. Daha sonra onu Şirinov Şöhrət Ağaşirin oğlu əvəzləyib. Ağaşirin Şirinovdan sonra qanuni təmsilçi Allahverdiyev Emin Allahverdi oğlu olub. Emin Allahverdiyevi hazırki qanuni təmsilçi Nəriman Veysəlov əvəzləyib. Şirkətin hazırda 1137.02 AZN vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. (qaynarinfo)

Hər uşaqlı ailəyə 500 manat veriləcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet informasiya ehtiyatına (www.president.az) oxşar saxta veb səhifələr yaradılaraq ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara yeni qanunun qüvvəyə minməsi və uşaqlı hər bir ailəyə 500 manat məbləğində müavinət verilməsi ilə bağlı saxta mesajlar göndərilir. Sozcu.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb. Vətəndaşlardan qeyd olunan müavinəti əldə etmək üçün göndərilən saxta keçidə daxil olaraq özünün və övladının tam adını, növbəti mərhələdə isə bank kartı məlumatlarını yazmaları tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi, bu kimi mesajlar qəbul etdikləri halda, ilk növbədə, əlaqədar qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir. Müxtəlif vasitələrlə sizə göndərilən şübhəli keçidlər vasitəsilə bank və digər fərdi məlumatlarınızı daxil etməyin.

Avropalı deputatlar Azərbaycan-Ermənistan sərhədinə GƏLİR

Avropa Parlamentinin deputatları Azərbaycanla sərhəddə təhlükəsizlik vəziyyətini qiymətləndirmək üçün Ermənistana səfər edəcəklər. Sozcu.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, səfər iyunun 19-22-də baş tutacaq. Səfər zamanı Təhlükəsizlik və Müdafiə Komitəsinin nümayəndə heyəti İrəvanla Bakı arasında münasibətlərin normallaşması prosesi ilə tanış olmaq niyyətindədir. Həmçinin hökumətdə və parlamentdə görüşlər keçirmək nəzərdə tutulub.

“Vizanın ləğv olunması quru sərhədinin açılmasına hazırlıqdır” — NATİQ CƏFƏRLİ

“Son günlər Azərbaycan hökumətinin İran vətəndaşlarına sərhəddə (hava limanı və quru sərhədlərdə) viza verilmə prosedurunun ləğv edilməsi, qonşu ölkə vətəndaşlarının ya ASAN VİZA, ya da bizim İrandakı konsulluq vasitəsi ilə viza alaraq ölkəyə gələ bilməsi  quru sərhədlərin açılmasına hazırlıq göstəricisidir”. Azpost.info bildirir ki, bu sözləri iqtisadçı -ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Azərbaycanda nəhayət ki, Operativ qərargah ləğv ediləcək, bununla bizdə də rəsmi olaraq koronavirus məsələsi tarixə qovuşacaq. Rəsmi statistika da buna imkan verir – ölkədə cəmi 14 aktiv xəstə var. “Ehtimal var ki, bu həftə hökumət rəsmən pandemiya ilə bağlı bütün qərarların ləğv edilməsini elan etməklə yanaşı quru sərhədlərin açılması ilə də bağlı qərarını verəcək – artıq bu məsələnin rəsmi olaraq “pandemiya” ilə əlaqələndirilməsi mümkün deyil. Ümid var ki, hökumət insanların çoxdan gözlədiyi və hüquqi olaraq doğru olacaq qərarı bu günlərdə verəcək”. N.Cəfərli deyib ki,  bu səhifənin birdəfəlik qapadılması üçün yaxşı olardı ki, Azərbaycan hökuməti “pandemiya” dövründə qadağalarla bağlı  indiyədək cəriməsi olanların borcu ləğv edilsin, pandemiya dövründə cərimə ödəmiş vətəndaşlara isə həmin vəsait geri qaytarılsın: “Bunun çox asan mexanizmləri var. Məsələn, həmin vəsait cərimə ödəmiş vətəndaşların kommunal xidmət borclarından hər ay kiçik məbləğlərlə 1 il ərzində silinə bilər”.

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar etdi

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Ukrayna Prezident Ofisi: "Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyətdir"

"Rusiya ilə danışıqlar, hansısa orta yol bizim üçün məğlubiyyət deməkdir". Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib. Onun sözlərinə görə, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq: “Çünki belə olsa, qarşı tərəf növbəti hücuma hazırlaşa bilər”. M.Podolyak bildirib ki, Rusiya bu müharibədə məqsədini açıq göstərib: “Onlar ölkəmizi dağıtmaq istəyirlər. Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub”. Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl söyləmişdi ki, Rusiya Ukraynadakı vəziyyəti tənzimləmək üçün bütün ideyalara hazırdır.

Zülfüqar Hüseynzadənin oğlu atasının qəfil ölümündən YAZDI

Bir gün bu mövzuda nəsə deyəcəyimi heç gözləmirdim. Sözlərə sığmayan, cümlələrin yetərsiz qaldığı bir acım var. Onun mənə hər fürsətdə verdiyi nəsihətlər bu an belə qulağımda çınlanır. Yaşadığım acının heç bir zaman tərifi olmayacaq. Atam tək mənə ata deyildi o mənim ən yaxın dostum, ən yaxın sirdaşım, bir sözlə hər şeyim idi. Hər imkan olduqda parkda gəzməyə çıxardıq. Onunla qurduğumuz o xoş arzular, o xoş istəklər onunla birlikdə torpağa qarışdı. Atam sadəcə bu dünyadan özünü aparmadı, sevincim, arzularım, hətda gülüşlərim belə onunla birlikdə torpağa gömüldü. Düzdü mən atamı sözlərlə ifadə edilə bilməyəcək şəkildə çox sevirdim. Hər oğul atasın sevər, ancaq mən hər zaman onu fərqli hisslərlə, fərqli duyğularla sevirdim, indi də sevirəm dəyişən tək şey onun olmamasıdır. Belə bir söz var Allah deyr kimi məndən çox sevərsən onu səndən alaram. Hər gecə Allaha dua edirdim atamı, anamı mənə çox görmə deyə öz canımdan al onların canına birləşdir təki olar sağ olsun,təki olar xoşbəxt olsun. Hər insan oğlunun əlbətki, bir böyük arzusu vardır. Mənim ən böyük arzum, diləyim atama anama nəvə bəxş etmək idi. Mən inanıram ki, hər zaman atamın ruhu mənimlə olacaq. Mənə ondan tək qalan sözləri, nəsihətləri deyil, həmçinin bu günə qədər uğraşıb böyük əziyyətlərlə çalışdığı bir saytı mənə miras qoydu. 20 yaşımın olmasına rəğmən sanki çiyinlərimdə 20 ton yük var. Allahın izni ilə bu çətin günləri atlacam. Mən atama söz verirəm ki, onun bu günə kimi uğraşıb, vuruşub bu yerlərə gətirdiyi saytı hər zaman qoruyacam, nəyinki özüm mənim belimdən gələn nəsillərdə onu idarə edəcək. Atam yolun düşsə bu dünyaya birdə gəl…