Alman müxalifəti çağırış etdi: Bu raketləri Kiyevə verin...

Siyasətçilər və diplomatlar Almaniya hakimiyyətini Ukraynaya “Taurus”raketlərini verməyə çağırırlar. Sozcu.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. Bundestaqın müxalif Xristian Demokratik İttifaqından deputat Roderix Kizevetter bildirib ki, Berlin təcili olaraq Ukraynaya daha çox “Leopard 2” tankı, minatəmizləmə avadanlığı, zenit sistemləri, sursatlar və “Taurus” qanadlı raketləri verməlidir. Onun sözlərinə görə, hazırda alman ordusunun arsenalında 600 “Taurus” raketləri var. Qeyd edək ki, Almaniya Müdafiə Nazirliyi Kiyevə “Taurus” uzaqmənzilli qanadlı raketlər verməkdən imtina etmişdi.

Putin artıq qlobal proseslərə təsir edən şəxs deyil

Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarının qlobal proseslərə təsir etmədiyini beynəlxalq ictimaiyyətin dərk etməsinin vaxtı çatıb. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. “Etiraf etməyin vaxtıdır ki, Putin artıq qlobal proseslərə təsir edən və hadisələrin gedişatını müəyyən edən şəxs deyil. Rusiya diktatoru yalnız yalnız heç olmasa kiminləsə Ukrayna ilə bağlı danışıqlar aparmaq üçün yalvara və işğalçıların "xahişlə" Kiyev vilayətindən çıxarıldığı haqqında hekayələr danışa bilər. Sadəcə Putinin yalanlarına məhəl qoymayın, onda çox şey tez həll olunacaq”, - Podolyak qeyd edib.

Rusiyanın itkiləri 246 minə yaxınlaşır

Ukrayna müharibənin 522-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 245 700 hərbçi, 4205 ədəd tank, 8178 ədəd zirehli döyüş maşını, 4795 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 459 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7275 ədəd avtomobil texnikası, 4011 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 711 xüsusi avadanlıq itirib.

Türkiyədə dəhşətli qəza: ölü və yaralılar var

Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda sərnişin avtobusu yoldan çıxaraq aşıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hadisə yerinə jandarma qüvvələri və təcili tibbi yardımı briqadaları cəlb olunub. Qeyd edək ki, hazırda 50 metr dərəyə yuvarlanan avtobusdan sərnişinlərin çıxarılması davam edir. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yəməndə aclıq təhlükəsi: 2.5 milyon insan...

BMT-nin Ümumdünya Ərzaq Proqramı maliyyə çatışmazlığı səbəbindən Yəməndəki işini dayandırmaq qərarına gəlib. Buna səbəb kimi mövcud resursların azalması və maliyyə çatışmazlığı göstərilib. Növbəti 6 aylıq plan üçün 1 milyard dollar vəsait tələb olunsa da, bu məbləğin 28 faizi toplanıb. Sozcu.az xəbər verir ki, Ümumdünya Ərzaq Proqramının müvafiq qərarı Yəməndə ərzaq çatışmazlığından əziyyət çəkən 2,5 milyona yaxın insana mənfi təsir edəcək. Beynəlxalq yardımın azalması həm də Yəməndə aclıq təhlükəsinin qapısını açır. Mərib şəhərində aclıq ola biləcəyi gözlənilir.

“Xaçaturyan Qarabağdan qaçmağa çalışıb” - Hikmət Hacıyev

“Ermənistanın ictimai xadimləri və media qurumları hərbi cinayətkarın əməllərinə dövlət səviyyəsində haqq qazandırmağa çalışır”. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında yazıb. Hikmət Hacıyev bildirib ki, hazırda Ermənistanın bir sıra rəsmi, ictimai, media qurumları 25 mülki azərbaycanlını qətlə yetirmiş hərbi cinayətkar Vaqif Xaçaturyanın saxlanmasına “etiraz etməklə” hərbi cinayətlərə dövlət səviyyəsində dəstək verir və onların bu fəaliyyəti cinayətkarın əməllərinə haqq qazandırmaqdan başqa bir şey deyil. Həmçinin əlavə olunub ki, Xaçaturyan BQXK-nın xətti ilə tibbi evakuasiyadan istifadə edərək Qarabağdan qaçmağa çalışıb.

USQ Ukraynanın cənubu ilə Krımı birləşdirən körpüyə zərbə endirdiyini açıqlayıb

Materik Ukraynanı işğal altındakı Krım yarımadasına birləşdirən Çonqar körpüsünə zərbə endirilib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aparatının Strateji Kommunikasiyalar İdarəsi teleqramda açıqlayıb. “Müdafiə qüvvələri iyulun 29-da səhər saatlarında Çonqar körpüsünə uğurla hücum edib”, - məlumatda qeyd olunub. Lakin hərbçilər nə hücumun, nə də onun fəsadlarının təfərrüatlarını paylaşıblar. Xatırladaq ki, Rusiya tərəfindən Xerson vilayətinin qondarma administrasiyasının rəhbəri təyin edilmiş Vladimir Saldo iyulun 29-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayəti ilə Krım arasındakı dəmir yolu istiqamətində 12 uzaqmənzilli “Storm Shadow” raketi buraxdığını bildirib. Saldonun sözlərinə görə, raketlər zərərsizləşdirilib və onların qalıqlarının düşməsi cüzi ziyana səbəb olub. Eyni zamanda, Ukrayna mətbuatı Çonqar boğazından keçən körpü yaxınlığından uzanan tıxacların fotolarını yayıb. Qeyd edək ki, Çonqar üzərindən keçən yol Krımdan Melitopola və daha sonra Ukrayna ordusunun hazırda irəliləməyə çalışdığı cənub cəbhəsinə gedən ən qısa yoldur.

Xaçatryanın 32 il öncə Xocalıdakı amansızlığının - Fotosu

Vaqif Xaçaturyanın Birinci Qarabağ Müharibəsində qeydə alınan görüntüsü yayılıb. Sozcu.az xəbər verir ki, azərbaycanlılara işgəncə verib amansızlıqla öldürən bu cani bu gün saxlanıldı. Qeyd edək ki, keçirilmiş axtarış tədbirləri nəticəsində 29 iyul 2023-cü il tarixdə Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə almaq adı altında Ermənistan Respublikasına getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın sərhəd-keçid məntəqəsində saxlanılmışdır. Vaqif Xaçaturyanın Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, zəruri tibbi yardımın göstərilməsi, həmçinin BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə şəraitin yaradılması təmin ediləcəkdir. Hazırda cinayət işi üzrə digər təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb edilməsi üçün zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

“Yemək nəcisə qarışırdı, Hikmət Həsənova dedim ki...” — TÜKÜRPƏDƏN DETALLAR

Bakı Hərbi Məhkəməsində “Tərtər işi” üzrə təqsirləndirilən Sənan Maşıyev, Cabir Qəhrəmanov, Elçin Əliyev və Ruslan Mikayılovun məhkəməsi davam edib. Sənan Maşıyev və digərləri yüzlərlə hərbçiyə işgəncə verməkdə, nəticədə onlardan bir neçəsinin ölümünə səbəb olmaqda ittiham olunur. 2019-cu ilin martında Tərtər Hərbi Məhkəməsində onlar haqqında hökm çıxarılıb, hər biri 5 il 6 ay - 6 il azadlıqdan məhrum ediliblər. 2020-ci il oktyabrın 1-də azadlığa buraxılıblar, oktyabrın 2-də həmin vaxt yenicə başlamış müharibəyə göndəriliblər. Qüsursuz xidmətlərinə görə medallarla təltif olunublar. Hətta onlardan biri Ruslan Mikayılov döyüşlərdən birində yaralanıb. Ancaq il yarım əvvəl “Tərtər işi” üzrə istintaq təzələnəndə bu şəxslər yenə həbs olunub. Sənan Maşıyev və digərləri hərbçilərin bədəninə cərəyan verməkdə, onları günlərlə ac-susuz saxlamaqda, başlarını su ilə dolu çəlləklərə salıb boğmaqda, zorlamaqda təqsirləndirilirlər. İttiham aktında qeyd olunub ki, bu işgəncələrdən həyatını itirənlər də olub. Musavat.com xəbər verir ki, hazırda məhkəmədə zərərçəkmişlər dindirilir. Sonuncu məhkəmə iclasında yenə zərərçəkmişlərdən İzzət Cəfərov ifadə verib. O, başına gələnlərə baxmayaraq, indi də orduda tabor komandirinin müavini vəzifəsində xidmət edir. İzzət Cəfərov deyib ki, 2017-ci ilin may ayının 5-də hərbi hissə komandiri Vüsal Ələsgərov (digər qrupun tərkibində mühakiməsi davam edir) onun xidmət etdiyi posta gəlib. Postdakı 4 əsgərlə bağlı maraqlanıb, gedəndə əsgərləri də özü ilə aparıb. Sabahı gün ona hərbi hissədən zəng vuraraq bildiriblər ki, hərbi hissəyə gəlib, buraxılış vərəqəsi götürüb, evə gedə bilər. Bütün bunları edib və evə yola düşüb. Yolda olanda hərbi hissədən zəng vuraraq geri qayıtmasını tapşırıblar: “Məni Cəmilliyə çağırdılar, hər şey də orda baş verdi. Vüsal dedi, bizdə məlumat var ki, sən erməniyə işləyirsən. Mən etiraz etdikcə, onlar daha da üstümə gəldi. Başıma torba keçirib, yerə yıxmışdılar, biri də üstümdə oturmuşdu. Vüsal dedi ki, al boynuna. Tapşırdı ki, aparın bunu otağa, ordakıları görsün, ağıllansın. Məni bir otağa apardılar, içəri girəndə dəhşətə gəldim. Yerdə qan içində qolları arxasına qandallı iki nəfər uzanmışdı, demək olar ki, meyit idilər. İşgəncədən elə vəziyyətdə idilər ki, demək olar ikisi də ölmüşdü. Dedilər istəyirsən, səni də bu günə qoyaq? Məni elə günə saldılar ki... Papaninə aparılanda özümdən xəbərim olmayıb. İzzət Cəfərovun sözlərinə görə, Mərkəzi Hərbi Hospitalda da ona münasibət yaxşı olmayıb: “Hospitalın rəisi gəldi, məni gördü, işçilərə dedi, bu oğraş erməniyə satılıb. Mənə ancaq kofe verirdilər ki, yatmayım”. Zərərçəkən orada bir neçə gün qalandan sonra Biləcəri haupvaxtına etap edilib. Orda da işgəncəyə məruz qalıb: “Deyiləsi, danışılası deyil, qollarım arxaya qandallı, gözüm bağlı şəkildə saatlarla qışqıra-qışqıra qalırdım, gəlib ayaqyoluna aparmırdılar, elə altıma batırırdım. Nəcisimin üstündə yatırdım. Əynimə pampers geyindirmişdilər, dolub daşırdı, ayağımdan aşağı nəcis axırdı. Gəlib, araya qoyub, aşağılayıb, gülürdülər. Yeməyə də elə o vəziyyətdə aparırdılar. Öz qabaqlarından qalmış yemək “otxodlarını” qabağımıza tökürdülər, sonra da sayırdılar, tutaq ki, 10 deyəndə gərək yeməyi bitirəydik. Halbuki qollarımız arxaya qandallı, gözlərimiz bağlı, əlbəttə ki, yeyə bilmirdik. Su istəyəndə gətirib ağzımıza çöp qoyurdular, suya çatanda çöpü çəkirdilər, gülüşürdülər. İnsanlığa sığmayan belə işgəncələr...” Zərərçəkən danışdıqca sözləri boğazında düyünlənirdi, özünü ağlamaqdan zorla saxlayırdı. O deyirdi ki, üzünə 41 hərbçi yoldaşı qoyulub. Toka verilib, suda boğulmalara məruz qalıb və sair: “Mənim arxamı müayinə etmək üçün 26 dəfə stola çıxarıblar. Hər dəfəsində də aşağılanmışam. 40 gün batırıb, nəcisimin üstündə yatmışam”. Sonra məhkəmə digər zərərçəkmiş Tural Qocayevi dindirib. O da başına gələnlərə baxmayaraq, hazırda Müdafiə Nazirliyinin hərbi hissələrindən birində komandirin tərbiyəvi işlər üzrə müavini işləyir. Tural Qocayev əvvəlcə bildirdi ki, 17 ildir orduda xidmət edir, bunun 15 ili cəbhə xəttində keçib. Aprel döyüşlərində iştirak edib. Şəxsən general Hikmət Həsənov həmin döyüşlərdəki iştirakına görə ona qol saatı hədiyyə edib. 44 günlük müharibədəki iştirakına görə isə Prezidentin sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalıyla təltif olunub. Tural Qocayev özü barədə məlumatları verdikdən sonra 2017-ci ilin may ayına qayıdır. Deyir ki, mayın 4-də məzuniyyətə buraxılıb, Qazaxa – evinə gedib. Bir neçə gün sonra azyaşlı övladlarının müalicəsinə görə ailəsi ilə Bakıya gəlib, bu zaman ona hərbi hissədən zəng olub, bildirilib ki, xaricə kurs keçməyə göndərilir, təcili toparlanıb hərbi hissəyə qayıtmalıdır. Yola düşüb, yolda olarkən hərbçi qardaşı ona zəng vurub, ailənin başını aşağı edəcək hər hansı əməli olub-olmadığını soruşub. Elə yolda ikən onunla danışan hərbi hissə yoldaşı ilə əlaqəsi kəsilib. Öyrənib ki, onu hərbi polisə aparıblar. Dalıyca gedib, özünü də saxlayıblar: “Məni ordan hərbi hissəyə gətirdilər. Hikmət Həsənov da orda idi. Hərbi hissənin binasından gələn insan uğultusundan qulaq tutulurdu. İlahi, qışqırtılar, yalvarmalar, sanki eyni vaxtda yüzlərlə insana işgəncə verilirdi. Vahimədən az qalırdı adamın ürəyi partlasın. Hərbi hissənin qarşısında dayanmışdım. Hər yer qan idi. İnsanları lüt soyundurub qan içərisində uzandırmışdılar, əl-qolları qandallı, gözləri bağlıydı. Nə baş verdiyini hələ də dərk edə bilmirdim. İnanmazsız, adamları “Kamaz”larla gətirirdilər, “Kamaz”ların kuzasından yerə - asfaltın üstünə kartof kisəsi kimi götürüb atırdılar. Kimsə qışqırırdı ki, bu vətəni satanları da yığın içəri. Gözümün qabağında lüt soyundurulmuş və işgəncə görmüş bir zabiti çamadan kimi qatladılar, dörd tərəfə skoçladılar, maşının baqajına yerləşdirə bilmirdilər, basırdılar ki, baqaj bağlansın. Mənə yaxınlaşan yox idi. Məni gətirən sürücü dedi, burdan uzaqlaşaq. Elə maşını işə salıb yerindən tərpənəndə arxadan fit çaldılar. Sonra da hər şey iki dəqiqənin içərisində baş verdi”. Zərərçəkən danışır ki, onu da lüt soyundurublar, gözlərini bağlayıblar, qollarını arxadan qandallayıblar. Hərbi hissənin içərisində isə işgəncələr başlayıb: “Allah heç kəsə göstərməsin. 22 gün mən orda nələr yaşadım... Xayalarıma tok verdilər, bütün qap-qara idim (aşağı ətraflarını göstərir), başıma əski atıb, suda boğurdular... Zərərçəkən işgəncələrdən danışdıqca sözlər boğazında düyünlənirdi: “SAT-ın uşaqları idi bizə işgəncə verənlər... Heç itlə elə davranmazlar, necə ki, bizimlə davranırdılar. Hər gün işgəncə, hər yer qan gölməçəsi... Bizi yeməyə aparanda da, tualetə aparanda da aşağılayırdılar. Baxırdın ki, özündən rütbəcə, yaşca kiçik birisi sənin arxana təpik vura-vura tualetə aparıb-gətirir, dözülməz idi... Qollarımız arxamıza qandallı, gözümüz bağlı, başımızdan basırdılar ki, yeyin. Yeməklər də öz qabaqlarından qalmış “otxodlar” olurdu. Elə vaxt olurdu ki, gətirib elə işgəncə yerində yerə tökürdülər yeməyi... Elə bil it qabağına tökürlər. Yemək palçığa, nəcisə qarışırdı, yeyə bilmirdik”. Tural Qocayev işgəncə yerində general Hikmət Həsənovu, Babək Səmidlini gördüyünü deyir: “General Hikmət Həsənov birbaşa işgəncələrə nəzarət edirdi. 1-ci Korpusun komandir müavini Babək Səmidli də ora gəlirdi. (44 günlük müharibədən bir neçə gün sonra minaya düşərək həlak olub). Qara, yekə CİP-də gəlirdi, gözündə qara eynək... Nə qədər qışqırdımsa Hikmət Həsənov, mənim günahım yoxdur, üzünü o tərəfə çevirdi”. Mayın 29-da vətən xaini söhbətindən “təmiz çıxanların siyahısı elan olunanda Tural Qocayevin də adı çəkilib. Daha bir neçə gün orda qaldıqdan sonra evə buraxılıb: “Mənə çox çətin idi. Hələ də bilmirdim ki, ailəmin baş verənlərdən nə qədər xəbəri var. Düşünürdüm, bəlkə də elə bilirlər xaricdə kursdayam. Bədənimdə qaradan, göydən başqa rəng yox idi. Bilmirdim ki, işgəncə izlərini necə gizlədim. Oğlum dedi, ata, qonşular uşaqları mənimlə oynamağa qoymurlar, deyirlər, onun atası erməniyə satılıb. Atamsa məni görüb, infarkt keçirdi”. Sonradan Tərtər Hərbi Prokurorluğunda Tural Qocayevə qondarma cinayət işi açmaq istəyiblər. Guya 2015-ci ildə işlədiyi hərbi hissədə generator almaq adıyla pul yığıb və mənimsəyib. Deməsinə görə, buna görə hərbi hissədən saxta şahidlər də tapılıb. Ancaq o, İlham Əliyevə, Mehriban Əliyevaya müraciət edəndən sonra işə xitam verilib. Məhkəmə iclası zərərçəkənlərin ifadələri ilə davam edir.

Rusiyanın itkiləri 245 mini ötdü

Ukrayna müharibənin 521-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 245 220 hərbçi, 4191 ədəd tank, 8167 ədəd zirehli döyüş maşını, 4786 ədəd artilleriya sistemi, 698 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 458 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7247 ədəd avtomobil texnikası, 4007 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 710 xüsusi avadanlıq itirib.

Bakıda bir ailənin 3 üzvünü qətlə yetirən şəxsin istintaqı başa çatdı

Ötən il Buzovnada bir ailənin 3 üzvünü qətlə yetirməkdə təqsirləndirən Səfərov Nofəl Səfər oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Sozcu.az APA-ya istinadla xəbər verir ki, cinayət işi materialları məhkəməyə göndərilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədova sədrliyi ilə araşdırılacaq. Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda bildirilib ki, polis və prokurorluq orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin açılması təmin edilib. Belə ki, ötən il noyabrın 29-da saat 20 radələrində Buzovna qəsəbəsində 1939-cu il təvəllüdlü Elbrus Muradov, oğlu 1971-ci il təvəllüdlü Rahil Muradov, həyat yoldaşı 1945-ci il təvəllüdlü Şahirə Muradova naməlum şəxs tərəfindən kəsici alətlə qətlə yetirilib, nəvəsi 1997-ci il təvəllüdlü Elbrus Ağalarov isə bədən xəsarəti alıb. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madələri ilə cinayət işi başlanılıb. Araşdırmalarla ailənin keçmiş kürəkəni, 1976-cı il təvəllüdlü Nofəl Səfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İcra başçısının qardaşı oğlu atasını niyə öldürüb?

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun ölümü ilə bağlı bəzi detallar məlum olub. Sozcu.az xəbər verir ki, mərhumun ailə üzvləri Bizim.media-ya açıqlamasında Azər Qaraşovun oğlu 2005-ci il təvəllüdlü Azay Qaraşov tərəfindən qəsdən ov tüfəngi ilə vurulduğunu bildiriblər. Məlumata görə, mərhum Azər Qaraşov evdə həyat yoldaşı ilə mübahisə edib. Bu zaman bunu görən Azay Qaraşov evdəki odlu silahla atasına bir neçə dəfə atəş açıb. Azər Qaraşov aldığı ağır xəsarətdən elə hadisə yerindəcə dünyasını dəyişib. Məlum olub ki, Azay Qaraşov hadisəni törətdikdən sonra əməlini ört-basdır etməyə çalışıb. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Kürdəmir rayon sakini Azər Qaraşovun iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində ölməsi faktı ilə bağlı İstintaq İdarəsində cinayət işi başlanılıb.

Müsəlman ölkələri Quranın yandırılmasına birgə qarşı çıxır

İƏT-in iyulun 31-də keçirilən toplantısından sonra Avropada Quranın təhqir olunmasına qarşı müsəlman ölkələri birgə mesaj ünvanlayacaq. Sozcu.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

MN: "Yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə məlumat əsassızdır"

Müdafiə Nazirliyi bəzi media subyektlərində yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən Sozcu.az-a bildirilib ki, bəzi media subyektləri tərəfindən guya yüksək rütbəli 3 nəfər hərbi qulluqçunun vəzifədən azad edilməsi barədə əsassız məlumatlar paylaşılır. "Bildiririk ki, ictimailəşdirilməsi məqsədəuyğun hesab edilən məlumatlar Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq çatdırılır. Media subyektlərinə və sosial şəbəkə istifadəçilərinə heç bir real əsası olmayan, rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağı tövsiyə edirik", - Nazirlkdən deyiblər.

Prezident SOCAR-a 7 vitse-prezident təyin etdi

Arzu Sahib qızı Cavadova Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.  Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.  Dövlət başçısının digər sərəncamı ilə İsmayıl Fikrət oğlu Zərgərli Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.  Dövlət başçısının digər bir sərəncamı ilə Babək Elbəniz oğlu Hüseynov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.  Prezident həmçinin Əfqan Elçin oğlu İsayevin də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.  Bu gün həmçinin Anar Fərruh oğlu Məmmədov da Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunub.  Dövlət başçısının digər bir sərəncamı ilə Fuad Bəkir oğlu Musayev də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.  Bu gün həmçinin  Ziba Tacəddin qızı Mustafayeva da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

Nizam Osmanovun vəzifəsi ləğv edildi

Bir neçə gün əvvəl Müdafiə nazirinin müavini general-leytenant Nizam Osmanovun vəzifədən azad edilməsi ilə bağlı məlumat yayılmışdı. Onunla birgə nazirliyin Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimovun işdən çıxarıldığı bildirilirdi. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizam Osmanovun rəhbəri olduğu Maddi-Texniki Təminat İdarəsi və general-polkovnik Kərim Vəliyevin daha əvvəl rəisi olduğu Şəxsi Heyət Baş İdarəsi postu ləğv edilib. Onlar, eyni zamanda nazir müavinləri idi və yeni dəyişikliyə əsasən adları nazir müavinləri siyahısından çıxarılıb. Qeyd edək ki, general-polkovnik Kərim Vəliyev Baş Qərargah rəisi vəzifəsinə təyin olunandan sonra nazir müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsi vakant idi. Xatırladaq ki, bir neçə gün əvvəl müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi Aqil Qurbanov yeni yaradılmış müdafiə nazirinin müavini - baş direktor vəzifəsinə təyin olunub.

Rəşad Dağlı 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

11:57 Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elvin Əliyev müdafiə çıxışı edib. Daha sonra R.Dağlı son söz deyib. Sonra məhkəmə müşavirəyə gedib. Qeyd edək ki, prokuror Orxan Səmədov Rəşad Dağlının 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Hadisə ilə bağlı İ.Mehdiyevin tanışı, 1984-cü il təvəllüdlü R.Əmirov istintaqa cəlb edilib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. *** Bakıda qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə məhkəmə prosesi yekublaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib. Qeyd olunub ki, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ukrayna Silahlı Qüvvələri Staromayorskoyeni azad etdi

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Baxmut və Avdiivka istiqamətində rusların hücumlarını dəf edib, Donetsk vilayətinin Staromayorskoye kəndini azad edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının "Facebook" səhifəsində məlumat verilib. Qeyd olunur ki, son sutka ərzində 30-dan çox toqquşma olub. "Baxmut istiqamətində müdafiəçilərimiz Donetsk vilayətinin Kleşçievkasının qərb və cənubunda yerləşən ərazilərdə düşmənin hücumlarını uğurla dəf ediblər. Düşmən Donetsk vilayətinin Kurdyumovka, Belaya Qora və Nyu York ərazilərinə aviazərbələr endirib", - Baş Qərargah qeyd edib. Bu istiqamətdə düşmənin artilleriya atəşindən 10-dan çox yaşayış məntəqəsi zərər çəkib. "Avdiivka istiqamətində düşmənin ağır hava və artilleriya atəşi altında müdafiəçilərimiz Avdiivka ərazisində rus qoşunlarının hücumlarını uğurla dəf ediblər. 15-dən çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb", - məlumatda deyilir. Şaxtyorsk istiqamətində aviasiya və artilleriyadan güclü atəş altında Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Staromayorskoye kəndini azad edib. Donetsk vilayətinin Ravnopol və Makarovka rayonlarında ruslar itirilmiş mövqelərini geri qaytarmaq üçün uğursuz cəhd ediblər. "Limanski istiqamətində düşmən ümid bölgəsində uğursuz hücum əməliyyatları keçirib və Luqansk vilayətinin Beloqorovka yaxınlığında hava hücumu təşkil edib", - Baş Qərargah Luqansk və Donetsk vilayətlərində 6 yaşayış məntəqəsinin artilleriya atəşinə məruz qaldığını bildirib.  Marinka istiqamətində Ukrayna müdafiə qüvvələri rus qoşunlarının Marinka şəhəri ərazisində irəliləməsini dayandırmağa davam edir; Kupyansk istiqamətində düşmən Xarkov vilayətinin İzyumski rayonuna hava zərbəsi endirib, Xarkov vilayətinin daha beş yaşayış məntəqəsi artilleriya və minaatanlardan atəşə tutulub. Zaporojye və Xerson istiqamətlərində ruslar əsas səylərini Ukrayna qoşunlarının daha da irəliləməsinin qarşısını almağa cəmləşdirirlər. Onlar Xerson vilayətinin Novoberislav bölgəsinə hava zərbəsi endirib, 15-dən çox yaşayış məntəqəsi artilleriya atəşinə məruz qalıb. "Eyni zamanda, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir və əldə olunan xətlərdə möhkəmlənir", - Baş Qərargah qeyd edib. Severski və Slobojanski istiqamətlərində ruslar 35-dən çox yaşayış məntəqəsinə minaatan və artilleriya hücumu həyata keçirib. Volın və Polesye istiqamətlərində əməliyyat vəziyyəti əhəmiyyətli dəyişiklik olmadan qalır.

Kobaxidze ruslara görə gürcüləri vəhşi adlandırdı

Gürcüstana vəhşi siyasət lazım deyil. Sozcu.az xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze Soçidən Batumi limanına gələn Rusiyanın “Astoriya Qrande” layneri qarşısında keçirilən etiraz aksiyası ilə bağlı deyib. “Bu, sadəcə vəhşilikdir və xatırlatmaq istəyirəm ki, bu vəhşilik müxtəlif vaxtlarda ölkəyə ağır fəsadlar gətirib. Sözsüz ki, biz buna imkan verməyəcəyik. Bizə vəhşi yox, praqmatik, rasional və ölkəmiz üçün düzgün siyasət lazımdır. Bu, Gürcüstanda sülhün saxlanılması və ölkənin inkişafı üçün yeganə reseptdir”, - Kobaxidze bildirib. Qeyd edək ki, dünən Rusiyaya məxsus “Astoria Grande” laynerinin Batumi sahillərinə yaxınlaşmasına etiraz olaraq gürcülər aksiyalar keçiriblər. Gürcüstan Prezidenti Salome Zurabişvili etirazçıları alqışlamışdı.

Ağdaşda orta məktəb müəllimi vəfat edib - FOTO

Ağdaşda orta məktəb müəllimi vəfat edib. Sozcu.az xəbər verir ki, rayonun Bəkir Nəbiyev adına 3 saylı tam orta məktəbin müəllimi Həsənova Ləman Nizami qızı dünyasını dəyişib. Onun ölümünün səbəbi hələ məlum deyil.

Vatsap növbəti funksiyasını təqdim etdi

Vatsap növbəti funksiyasını təqdim edib. Sozcu.az axar.az-a istinadən bildirir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Artıq istifadəçilər həmsöhbətlərinə 60 saniyəlik video mesajlar göndərə bilərlər. Bunun üçün mətnlərin daxil edilməsi sahəsinin sağ hissəsindəki video düyməsini sıxıb saxlamaq lazımdır. Göndərilən görüntülər dairəvi şəkildə olacaq. Sözügedən funksiya yaxın zamanda tam istifadəyə veriləcək.

"Uşaq sahibi olmaq istəyirəm, baxaq görək necə olacaq"

Bir müddət öncə vəfat edən məşhur amerikalı ifaçı Tina Törnerin gəlini müğənninin mərhum oğlundan uşaq dünyaya gətirmək niyyətindədir. Sozcu.az oxu.az-a istinadən bildirir ki, o, bu niyyəti barədə "People" jurnalına müsahibəsində açıqlama verib. Afida Törner etiraf edib ki, hələ sağlığında əri və Tina Törnerin oğlu Ronni Törner öz spermasını dondurmağa nail olub. Afidanın sözlərinə görə, bu, 2022-ci ilin dekabrında bağırsaq xərçəngindən vəfat etmədən öncə 62 yaşlı Ronninin onun üçün ayrılıq hədiyyəsi olub. Afida bildirib ki, həkimlərin köməyi ilə hamilə qalmağa çalışacaq və uşağı təkbaşına dünyaya gətirəcək. "Mən Ronnidən uşaq sahibi olmaq istəyirəm. Təbii ki, əgər məndə bu alınsa. İndi 46 yaşım var, amma hələ şans var. Baxaq görək necə olacaq", - deyə o qeyd edib. "Ronninin yanımda olmaması mənə hələ də pis təsir edir. Ancaq nə edə bilərəm... Belə isə heç olmasa, ondan bir uşağım olar", - deyə Afida vurğulayıb.

Baş ağrısının yayılması "Covid 19-un" yeni mutasiya olunmuş variantı ola bilərmi?

Son günlər kəskin baş ağrısı ilə bağlı şikayətlərin sayı artır. Sozcu.az bizim media-ya istinadla xəbər verir ki, başağrısını, kimi havaların isti keçməsi, kimi maqnit qasırğası, kimi də koronavirusun yeni mutasiyası ilə əlaqələndirir. Eyni zamanda bu ağrıların bir neçə saat yox, həttda bir neçə gün çəkdiyindən şikayətlənirlər. Həkim Elnarə Salahovanın sözlərinə görə, son bir həftə ərzində kəskin baş ağrıları ilə bağlı müraciətlərin sayı artıb. Baş ağrılarını hər zaman miqren adlandırmaq olmaz. Ağrılar mütəmadi hal alıbsa, mütləq həkimə müraciət edərək müayinədən keçmək lazımdır. Hazırki müraciətlərin virus xarakterli olmadığına diqqət çəkən Elnarə Salahova qeyd edib ki, baş ağrıları istənilən yolxucu xəstəliklərdən sonra da yaranma xüsusiyyətinə malikdir. Başağrıları üç gündən artıq davam edərtsə mütləq həkimə müraciət edilməlidir. Bundan başqa müvəqqəti ağrıkəsicilər qəbul etmək də xəstəliyi ağırlaşdıra bilər.

Ukraynada daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada davam edən müharibə zamanı daha bir azərbaycanlı həlak olub. Sozcu.az xəbər verir ki, Maksim Məhərrəm oğlu bu gün Odessa vilayətinin Oviodopol rayonunda dəfn edilib. Anası ukraynalı, atası Şəmkir rayonundan olan Maksim 19 yaşında dünyasını dəyişib. O, evin tək oğlu idi.