Qazi məhkəmə zalında həbs olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, daşıma) maddəsi ilə təqsirli bilinən Əziz Eldar oğlu Səfixanovun sonuncu məhkəmə prosesi keçirilib.

Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, ötən prosesdə dövlət ittihamçısı Ə. Səfixanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Səfixanovun vəkili çıxış edərək müvəkkilinin 44 günlük Vətən Müharibəsi iştirakçısı olduğunu, narkotik vasitələrdən istifadə etdiyini, satışı ilə məşğul olmadığını bildirib. Sonra son sözlə çıxış edən Əziz Səfixanov müharibədən qayıtdıqdan sonra cərrahiyə əməliyyatı olduğunu, bu səbəbdən də ağrılarına görə narkotik vasitə istifadə etdiyini qeyd etdi.

Xatırladaq ki, külli miqdarda narkotik maddə ittihamı ilə təqsirləndirilən Əziz Səfixanov barəsində ibtidai istintaq dövründə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hakim müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Əziz Səfixanov barəsində həbs-qətimkan tədbiri dəyişdirilməklə onun barəsində 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Qeyd edək ki, Əziz Səfixanov 44 günlük Vətən müharibəsində 2 dəfə yaralanıb.

Share on Facebook