Prezident yeni icra başçısı təyn etdi

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İmran Xan barədə qərar: 3 il həbs

Pakistanın devrilmiş baş naziri maliyyə mənimsəmə işi ilə əlaqədar 3 il həbs və 5 il siyasi və hüquqi vəzifə tutma hüququndan məhrum edilib. Sozcu.az Geo TV-yə istinadla xəbər verir ki, İslamabadın antikorrupsiya məhkəməsinin hakimi bu gün “Təhrik-i-İnsaf” lideri İmran Xana qarşı hökm çıxarıb. Məhkəmə, həmçinin, İmran Xanın dərhal həbsinə qərar verib.

Sənədsiz evlərdə yaşayanların nəzərinə

Sənədsiz evlərə sənədlərin verilməsi ilə bağlı məsələ daim müzakirə obyektidir. Sənədlərin verilməsi ilə bağlı qərarın qəbulundan iki ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də Azərbaycanda sənədləşmə prosesi başa çatmayıb. Məsələ ilə bağlı deputat Vahid Əhmədov Referans.az-a bildirib ki, sənədləşmə ilə əlaqədar müəyyən işlər görülüb, lakin bəzi proseslər var ki, bunlar uzun zaman tələb edir: "Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən təxminən 55 minə yaxın evə sənəd verilib. Amma yenidən bu məsələ gündəmə gəlməlidir. Dövlət başçısının da bununla əlaqədar xüsusi göstərişləri var. Həm Bakı Şəhər İcra Hakimiyyəti, həm də Dövlət Əmlak Xidməti bu məsələdə daha ciddi fəaliyyət göstərməlidirlər. Çünki elə evlər var ki, onlar qaz, neft borularının üzərində, elektrik xətlərinin altında tikilib. Əldə olan məlumata görə, sənədsiz evlərin sayı olduqca çoxdur. Təxminən 250-300 min əmlakdan söhbət gedir. Təbii ki, bu əmlaklara sənəd verilməlidi. Bu qısa müddətdə həyata keçirilə biləcək bir proses deyil. Çünki hər bir ev yoxlanışdan keçirilir. Elə ərazilər var ki, orada ev tikməyə icazə yoxdur. Ola bilər ki, qanunsuzluq olunub, belə torpaqlarda ev tikmək üçün müəyyən qurumlar tərəfindən icazə verilib. Bu cür evlərlə bağlı araşdırmalar aparılır və bu vaxt tələb edir”. Deputat əlavə olaraq qeyd edib ki, qanunsuz ərazilərdə tikilən evlərə sənəd verilməsində çətinliklər də yarana bilər. Böyük ehtimal, belə hallar dövlət tərəfindən nəzərə alınacaq və müəyyən tədbirlər görüləcək.

Urmu gölü ilə bağlı aksiyalar davam edir

Güney Azərbaycanın müxtəlif bölgələrindən olan fəallar diqqəti qurumaqda olan Urmu gölünə və hakimiyyətin ekoloji fəlakətə laqeydliynə çəkmək üçün maraqlı aksiya keçiriblər. Avqustun 5-də Ərdəbil əyalətinin Muğan (Parsabad) bölgəsindən olan bir qrup alpinist və ekofəal Savalan zirvəsinə qalxıblar. Azərbaycanın ən hündür dağı olan Savalan zirvəsinə qalxan dağçılar üzərinə  "Save Urmia Lake!" (Urmu gölünü xilas edin!) yazılan plakat nümayiş etdirərək , sosial mediada paylaşıblar. Bununla yanaşı,  Urmu gölünün qurumuş yatağında da aksiya keçirilib. Orada da gölün acınacaqlı durumunu əks etdirən plakatlar qaldırılıb. Qeyd edək ki, hazırda 90%-dən çoxu quruyan Urmu gölü Şərqi və Qərbi Azərbaycan əyalətləri arasında, Zaqros dağlarından şərqdə 1275 metr dəniz səviyyəsindən yüksəkdə, tektonik çökəklik ərazisində yerləşir.  Gölün meydana gəlməsi 30-40 min il öncəyə aid edilir. Göl qurumamamışdan öncə səthinin sahəsi 5,822 km², uzunluğu şimaldan cənuba 140, maksimal eni isə şərqdən qərbə 55 kilometr olub. Ən dərin nöqtəsi  16 m, orta dərinliyi isə 5 m təşkil edib.

Hava bu gündən sabitləşir - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a bildirilib ki, avqustun 5-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə leysan xarakterli yağış yağıb, şimşək çaxıb, şimal və qərb rayonlarında intensiv və güclü olub. Avqustun 4-ü gün ərzində yağan yağıntı 5-i səhər saatlarından kəsilib. Düşən yağıntının miqdarı: Qaxda 80 mm (aylıq normanın 143%-i), Zaqatalada 51 mm (aylıq normanın 69%-i), Balakəndə 47 mm (aylıq normanın 64%-i), Şəkidə 46 mm (aylıq normanın 82%-i), Şəmkirdə 34 mm (aylıq normanın 128%-i), Culfada 10 mm (aylıq normanın 172%-i), Gədəbəy, Lerik, Göygöl, Gəncə, Tovuz, Ceyrançöl, Şahdağ, Mingəçevir, İmişli, Sabirabad, Biləsuvar, Astara, Naxçıvan, Salyan, Daşkəsən, Ağstafadada 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Külək: Avqustun 04-də şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Ağdamda 26 m/s, Göyçay, Tərtərdə 20 m/s, Beyləqan, Altıağac, Culfa, Naxçıvanda 18 m/s, Cocuqmərcanlıda 16 m/s, Kəlvəz, Qaxda 15 m/s, Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.8 metrə çatıb. Avqustun 05-i gündüzdən ölkə ərazisində hava şəraiti sabitləşəcək, əsasən yağmursuz keçəcək. Lakin 06-07-də bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələcək.

560 manatlıq lotereya oğurlayan şəxs SAXLANILDI

Bakıda lotereya oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 25-də Bakı şəhər sakini A.Şahmurovun 560 manat dəyərində lotereyasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vüsal Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Bu avadanlıqlar gömrük rüsmundan azad edildi

Azərbaycanda bir sıra avadanlıqlar və materiallar gömrük rüsumlarından azad edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumlarından azad edilib.

12 il sonra barışdılar

Türkiyəli müğənni Mustafa Sandal həmkarı Gülbən Ərgənlə arasındakı küslüyə son qoyub. Sozcu.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlar 12 ildən sonra barışıblar.  Sandal "Barışmaq üçün sənə böyük bir qutu göndərdim. Onun içində bir daş, daşın içində isə sənə hədiyyə etdiyim mahnı sözləri var. O daşın mənası odur ki, mənimlə küsülü qalsan başını daşdan-daşa vurarsan", - deyərək Gülbən Ərgənlə barışıq yolunda addım atıb. Xatırladaq ki, M.Sandal müğənnidən "Başrolde Aşk" filmində rol almasını istəyib, o isə rədd cavabı verdiyi üçün münasibətləri pozulub.

“Instagram”dan çoxdan gözlənilən yenilik - Çılpaq şəkilləri...

"İnstagram" istifadəçilərini yad adamlardan gələn şəxsi mesajlardakı arzuolunmaz şəkil və videolardan qorumaq üçün yeni funksiya işə salınıb. Sozcu.az oxu.az-a istinadən bildirir ki, bu barədə "TechCrunch" məlumat verib. İndi izləyiciniz olmayanlara limitsiz sayda sorğu göndərmək əvəzinə onlara yalnız bir mesaj göndərmək mümkün olacaq. Və yalnız həmin şəxs söhbətə dəvəti qəbul etdikdən sonra mesaj göndərməyə davam etmək olacaq. Bundan əlavə, sorğular indi yalnız mətnlə məhdudlaşır və bu o deməkdir ki, sizi izləyiciniz olmayan birinə yalnız söhbət dəvətini qəbul etdikdən sonra şəkillər, videolar və ya səsli mesajlar göndərə bilərsiniz. "İnstagram"dan qeyd edilib ki, bu yeni məhdudiyyətlər sayəsində insanlar izləmədikləri istifadəçilərdən artıq arzuolunmaz şəkillər və ya videolar almayacaq və yad insanlar onlara təkrar mesajlar göndərə bilməyəcəklər. "Biz istəyirik ki, insanlar mesajlarını açarkən əminlik və nəzarət altında olduqlarını hiss etsinlər", - deyə "Meta"nın Qadın təhlükəsizliyi şöbəsinin rəhbəri Sindi Sautvort bildirib.

ÜST-dən yoluxucu xəstəliklə bağlı qorxunc açıqlama

İlin əvvəlindən vəba xəstəliyinə yoluxma halları 25 ölkədə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9 ölkə artıb. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Vəba xəstəliyinin gələcəkdə yayılma riskinin çox yüksək olduğunu bildirən ÜST informasiya bülletenində qeyd edib ki, ilin əvvəlindən iyulun 15-dək ən azı 25 dövlət vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Ötən ilin müvafiq dövrü ərzində vəba xəstəliyinə yoluxma halları 16 ölkədə qeydə alınmışdı. "Yoluxma hallarının sayının artmasını və coğrafi yayılmasını, vaksin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riskin çox yüksək olduğunu qiymətləndirməkdə davam edir", - deyə Təşkilatın Cenevrə mənzil-qərargahından bildirilib. Qeyd edək ki, vəba vibrionların (vəba törədicisi) səbəb olduğu xüsusilə təhlükəli yoluxucu xəstəlikdir. Bağırsaq infeksiyası, sərt və şiddətli ishal ilə müşahidə edilir. Bu xəstəlik üçün güclü zəhərlənmə, qusma, ishal, orqanizmin kəskin susuzlaşması və nazik bağırsağın zədələnməsi xarakterik cəhətlərdir. Vəba xəstəliyində ölüm halları yüksəkdir. Günəş işığı bu törədicilərə məhvedici təsir göstərir. Vibrion qaynadıldıqda, habelə xlorlu əhəng və xloramin məhlulunun təsirindən tez məhv olur.

Oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb

Gəncədə oğurladığı kartla alış-veriş edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sozcu.az-a verilən xəbərə görə, avqustun 3-də Gəncə şəhərində “Mercedes” markalı bir avtomobildən bank kartının oğurlanması və alış-veriş etməklə həmin kartla 99 manat dəyərində ödəniş edilməsi barədə polisə məlumat daxil olub. Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Elcan Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Ərdoğan Körfəz ölkələrinə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqust ayında Körfəz ölkələrinə səfərə çıxmağı planlaşdırır. Sozcu.az xəbər verir ki, bu barədə “CNN Turk” məlumat yayıb. Bildirilib ki, Rəcəb Tayyib Ərdoğanın avqust ayında Bəhreyn, Oman, Küveyt və İraqa səfər edəcəyi gözlənilir. İnfomasiyaya əsasən, Rəcəb Tayyib Ərdoğan “Böyük-20”liyin (“G-20”) sentyabrın 9-10-da Hindistanda keçiriləcək sammitində, sentyabrın 18-19-da isə ABŞ-a səfər edərək BMT Baş Assambeyasının sessiyasında iştirak edəcək. Məlumata görə, sentyabr ayında onun Almaniyaya səfəri də planlaşdırılıb. Xatırladaq ki, o, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edib. BƏƏ-də 50,7 milyard dollar dəyərində 13 müqavilə imzalanıb.

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra edir. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Hərbi pilotların ən müasir trenajorlarda uçuş vərdişləri məşq etdirildikdən, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra praktiki uçuşlar həyata keçirilir. Ssenariyə əsasən Su-25ML, Su-25 və MiQ-29 tipli təyyarələr müəyyən edilmiş marşrutlar üzrə gecə məhdud görmə şəraitində və gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra edirlər. Həmçinin, təlim-məşq uçuşlarında gənc hərbi pilotlar L-39 təyyarələrində uçuş vərdişlərini təkmilləşdirirlər. Hərbi pilotların döyüş hazırlığının inkişaf etdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

Litva Ukraynaya NASAMS raket sistemləri verəcək

Litva Ukraynaya NASAMS hava hücumundan müdafiə sistemləri verəcək. Sozcu.az xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bundan əlavə yardım paketinə andidron ləvazimatları, çarpayılar və digər ləvazimatlar daxil olacaq. Qeyd edək ki, daha əvvəl Almaniya da Ukraynaya yeni hərbi texnika tədarük edib. Siyahıya əsasən, Ukraynaya son bir həftə ərzində iki minatəmizləmə tankı təhvil verilib. Həmçinin T-72 tankları üçün 11 mina əleyhinə avadanlıq gətirilib.

Ukrayna dronları Kerç boğazında Rusiyanın daha bir gəmisini vurdu

Avqustun 5-nə keçən gecə pilotsuz təyyarələr Rusiya bayrağı altında üzən tankerə hücum edib.  Sozcu.az xəbər verir ki, Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzindən TASS-a verilən məlumata görə, tankerin yanacağı dağılmayıb. Tankerin özünə zərər dəydiyi dəqiqləşdirilir - maşın otağı zədələnib. Gəmidə 11 nəfər var. İtki olmayıb, ekipaj gəmidən çıxarılmayıb. Hadisə yerinə iki yedək gəmisi gəlib, lakin yedəkləmə məsələsi hələ də həllini tapmayıb. Telegram kanallarında və sosial şəbəkələrdə buna qədər partlayışlar barədə məlumat verilib. Onların Krım körpüsü yaxınlığında baş verdiyi iddia edilsə də, Krım səlahiyyətliləri körpüyə hücum edilmədiyini bildiriblər. Sonradan məlum olub ki, zədələnən Rusiya tankeri "Sig”dir. Novorossiysk Dəniz Xilasetmə Koordinasiya Mərkəzi gəminin adını dəqiqləşdirməyib.

Müsavatın yeni başqanı kim olacaq? - Qurultaya hazırlıq başladı

Müsavat Partiyasının Qurultayı yaxın zamanlarda keçiriləcək. Partiyanın Nizamnaməsinə uyğun olaraq növbəti qurultay keçirilməlidir.  Bu sözləri Yenisabah.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib. G. Aslanlı bildirib ki, partiyanın ötən məclisində Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb və rayon təşkilatlarının nümayəndəlikləri seçildikdən sonra Qurultayın vaxtı haqqında Müsavat Partiyanın Məclisi, yaxud Divanı qərar verə bilər. Müsavat funksioneri partiyanın hazırkı başqanı Arif Hacılının növbəti qurultayda yenidən başqanlığa namizədliyini irəli sürmək hüququnun olmadığını qeyd edib: “Nizamnaməyə uyğun olaraq Arif Hacılı artıq üçüncü dəfə namizədliyini irəli sürə bilməz. Amma kimlərin namizəd ola biləcəyi haqqında indidən fikri söyləmək xeyli çətindir, lakin Arif Hacılıdan başqa Müsavat Partiyasının istənilən üzvünün yeni qurultayda öz namizədliyini irəli sürmək hüququ var”.  G. Aslanlı İsa Qəmbərin yenidən Müsavat başqanlığına namizəd olacağı haqda xəbərləri şərh edərək bildirib ki, kimin namizəd olacağını indidən söyləmək mümkün deyil: “Rayon təşkilatlarında yığıncaqlar keçirildikdən sonra qurultay olacaq. Partiya üzvlərinə vaxt verilir ki, onlar öz namizədlərini irəli sürə bilsinlər. Onda artıq kimlərin namizəd olacağını deyə bilərik”. Xatırladaq ki, mediada gedən məlumatlara görə, 28 sentyabr 2014-cü ildən partiyaya rəhbərlik edən Arif Hacılının sədr vəzifəsindən getməsindən sonra Müsavatın başına yenidən İsa Qəmbərin keçəcəyi iddia olunur. Müsavat liderinin aktiv siyasətə qayıdacağı ilə bağlı son zamanlar bir sıra siqnallar da partiya rəsmiləri tərəfindən verilib.

Çingiz Əlləzov erməni idmançıya qalib gəldi

Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə "One Championship" Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov "ONE Fight Night 13"də növbəti qələbəsini qazanıb. Sozcu.az report-a istinadən xəbər verir ki, 30 yaşlı döyüşçü Tailandın paytaxtı Banqkokda ermənistanlı Marat Qriqoryana qalib gəlib. Əlləzov kəməri müdafiə döyüşündə 5 raundluq mübarizənin sonunda qalib elan olunaraq, rəqibindən 2013-cü ildəki məğlubiyyətin əvəzini çıxıb. Qeyd edək ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı "One Championship"in çempionu olub. O, "ONE Fight Night-6" turniri çərçivəsində keçmiş yüngül çəki çempionu olan Tailand döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.

Gəncədə maşın elektrik dirəyinə çırpıldı: ölən var

Gəncədə avtomobil elektrik dirəyinə çırpılıb, ölən və xəsarət alanlar var. Sozcu.az Report-a istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb. "Toyota" markalı avtomobilin idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılması nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Rusiyanın itkiləri 250 minə yaxınlaşır

Ukrayna müharibənin 528-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 249 110 hərbçi, 4232 ədəd tank, 8251 ədəd zirehli döyüş maşını, 4943 ədəd artilleriya sistemi, 704 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 466 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 311 ədəd helikopter, 7422 ədəd avtomobil texnikası, 4116 ədəd PUA, 1347 qanadlı raket, 18 gəmi/qayıq, 730 xüsusi avadanlıq itirib.

Bakı nefti 90 dolları keçdi

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 86,24 dollara, yüngül neftin bir barreli isə 82,82 dollara, "Azəri Layt" markalı Azərbaycan neftinin 1 barreli isə 90,11 satılır.

Zərdabda ağacları kəsən şəxslər saxlanıldı

Zərdab rayonunda ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Siləyli və Yuxarı Seyidlər kəndləri arasında yerləşən torpaq sahəsində qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən Bıçaqçı kənd sakinləri Şəmistan Rəsulov və Ramiz Mirzəyev saxlanılıblar. Aparılan tədbirlərlə məlum olub ki, həmin şəxslər qeyd edilən ərazidə 6 ədəd yaş gövdəli qovaq ağacını kəsərək təbiətə 10 min manatdan çox ziyan vurublar. Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

İsmayıllıda 19 yaşlı qız və oğlan itkin düşdü

İsmayıllı rayonunda 19 yaşlı qız və oğlan itkin düşüb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, İsmayıllı şəhər sakini, 2004-cü il təvəllüdlü Aytac Hikmət qızı Mayılova və həmyaşıdı, rayonun Kürdmaşı kənd sakini Ağaverdi Tofiq oğlu Xəlilov iyulun 8-dən 9-na keçən gecə yaşadıqları ünvanlardan çıxıb, bir daha geri qayıtmayıblar. Şəkillərdəki şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Xəyanətin ortağı və şahidi tikili

Şəmkir stansiyasından(Şamxor st) keçən hər kəs bu tikiliyə şahid ola bilər. 1931-ci ildə Şəmkirin sonuncu qaçağı Ramazanoğlu Təhməz bu dəmiryolu vağzalında çalışan kirvəsi Kəsəmənli Orucun planladığı plan əsasında İran pasportu ilə qatarla Türkiyə getməli idi. Amma Ramazanoğlu Təhməzin xəbəri yox imiş ki, kirvəsi Kəsəmənli Oruc Sovet NKVD-sinin təlimatı ilə hərəkət edir. Gecə ilə doğulduğu Qaracaəmirli kəndindən gizli şəkildə bu stansiya gətirilən Qaçaq Təhməz bu gördüyünüz tikilidə gizlədilir. Qatar gəldiyi məqamda qatara mindirilən Təhməz qatarın vaqonunda özündən başqa heç kəsin olmadığını görüb duyuq düşür və hiss edir ki, xəyanətlə üzləşdi. Kirvəsi NKVD ilə əlibir olub, onun ələ keçməsinə yardımçı olub. O qatara mindiyi məqamda qatar əsgərlərlə əhatələnir, qaçaq kimi 10 ildən artıq qanlı döyüşlərdə iştirak etmiş əfsanəvi fədai tələdə idi. Atışmaya girir və öldürüləcəyini görüb, son gülləsi ilə özünü vurur. Bununlada Şəmkirdə qaçaq hərəkatının fəaliyyəti tamamilə susduruldu. Təhməzdən əvvəl Şəmkir qaçaqlarının başçıları Hacı Axund, Quruluqlu Əbdüləli, Ramazanoğlu Rüstəm öldürülmüş, sadəcə Samuxlu Qaçaq Məmmədqasım İrana keçə bilmişdi. Ceyhun Nəbi 

Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olmasının 108-ci ili tamam olur

Bu gün aktyor Məmmədrza Şeyxzamanovun anadan olduğu gündür.  O 1915-ci ildə Gəncə şəhərində dünyaya gəlib. İmamzadənin keşikçisi olan atası Hacı İsa bəy bir neçə dəfə ailə qurmuşdu. Sonuncu dəfə Böyükxanım adlı ikiuşaqlı, dul qadınla evlənən Hacı İsa bəyin bu evlilikdən biri Məmmədrza olmaqla daha üç övladı dünyaya gəldi. Aktyorluq həvəsi onu Gəncə Dram Teatrına gətirmişdi. Gənclik illərində bu teatrın səhnəsində fasilələrlə çalışmışdı. Tezliklə aktyorluq sənətinin sirlərini mənimsəyən aktyor məşhurlaşdı. Ona daha mürəkkəb xarakterli rollar həvalə etdilər. Sonralar 30 ilə yaxın Azərbaycan Dövlət Dram Teatrında çalışan aktyor Məmmədrza Şeyxzamanov Azərbaycan və dünya klassiklərinin əsərlərində uğurlu rolların ifaçısı olmuşdur. Qacar, Xosrov ("Vaqif", "Fərhad və Şirin"), İmamyar, Aydın ("Yaşar, "Aydın"), Edqar ("Antoni və Kleopatra"), Hacı Həsən ("Ölülər"), İxtiyar ("İblis") və başqa onlarla rolları ona teatr sahəsində böyük şöhrət qazandırmışdı.  Məmmədrza Şeyxzamanov hansı rolda çəkilməsindən asılı olmayaraq onu özününküləşdirirdi. Elə bilirdin ki, rol onun üçün yazılıb. Rola girməzdi, rol onun daxilində kök salardı və tamaşaçının da ona rəğbəti məhz bu müsbət qəhrəmanların yaratdığı işıqlı auradan mənbə alardı.  M.Şeyxzamanov böyük ekrana ilk dəfə 1955-ci ildə -"Bəxtiyar" filmində Rəcəbov rolu ilə çıxır. Bununla da kino yolunda ilk uğurlu cığır açır. Daha sonra C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin çoxunda çəkilir. "Qızmar günəş altında" Alı kişi, "Leyli və Məcnun"da Dərviş, "Bir qalanın sirri"ndə həkim Eldostu, "Onu bağışlamaq olarmı"da polkovnik Qurbanov, "Qatır Məmməd"də Gəncə qubernatoru, "Nəsimi"də Şeyx Əzəm kimi obrazlar yaradır. Olduqca həssas, nəcib qəlbə malik bu mehriban insanın ekran taleyi hər birimiz üçün əziz və doğmadır. O 25 yanvar 1984-cü ildə dünyaya göz yummuşdur.  Sözcü. az