Ukrayna kəşfiyyatı: "Moskva sakinləri dron hücumlarına hələ çox şahidlik edəcəklər"

“Moskva sakinləri dron hücumlarına hələ çox şahidlik edəcəklər. Çünki Rusiya paytaxtının hava hücumundan müdafiəsi sistemləri effektiv işləyə bilmir”. Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov “Kiyev Post”a müsahibəsində deyib. O, Moskva əhalisinin artıq təhlükəsiz olmadığını söyləyib: “Bu anlayış onlardan uzaqdır. Bütün dünya Rusiyanın müdafiə sisteminin müasir çağırışlara cavab vermədiyini görür. Halbuki Rusiya silah bazarında lider olduğunu iddia edir”. A.Yusovun sözlərinə görə, bu tendensiya nəticəsində Rusiya əhalisi Kremlin təbliğatına inanmağa davam etməyə bilər. O əlavə edib ki, Rusiya şəhərlərinə gündəlik hücumların sayı arta bilər: “Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində təyyarələr və hava limanlarımız işləmir və ya dağıdılır. Bu gün qarşı tərəf də oxşar hadisələri yaşayır”. Qeyd edək ki, bundan əvvəl Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Rusiyada partlayışların daha tez-tez olacağı barədə xəbərdarlıq edib. Xatırladaq ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada yanğın və partlayışlar baş verir.

“Rusca danışanlar Ana dilində danışanlara üstdən aşağı baxır” – “Onlara “taxtabaş” deyirəm”

“Mən şəhərin mərkəzində doğulub böyümüşəm və Bülbül adına məktəbdə oxumuşam. O məktəbdə oxuyanda Bakının köklü “Sovetski”, “Dağlı”, İçərişəhər məhəllərindən olanların heç biri rus dili bilmirdi. Əksinə, orada yaşayan rusların özləri Bakı ləhcəsi ilə tər-təmiz Azərbaycan dilində danışırdılar. Özləri rusca danışanda elə bilirdik ki, azərbaycanlı danışır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış şoumen Kamran Həsənli deyib. Müsahibimiz bir sıra məşhurların sosial şəbəkə hesablarında rusdilli paylaşımlar etməsinin sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulmasının səbəblərini izah edib. Xatırladaq ki, tanınmış KVN aktyoru, Əməkdar artist Bəhram Bağırzadə rusdilli paylaşım edən sənətçilər sırasında ilk yerdədir. K. Həsənliyə görə isə əsasən, bölgələrdən gələnlər daha çox rus dilinə meylli idilər və bununla şəhərə mənsubiyyətini göstərirdilər: “İndi rusca danışanlar isə başqadır. Doğrudur, dil bilmək, rus dili bilmək yaxşıdır, ingilis dilini bilmək daha gözəldir, eləcə də digər dilləri bilmək əladır. Amma öz dilini qoyub başqa dildə danışmaq mənə görə, sadəcə öz millətini, irqini və valideynlərini aşağılamaq deməkdir. Bu gün rusca danışanların çoxu Ana dilində danışanlara üstdən aşağı baxmağa çalışırlar. Ona görə də elə adamların adını mən “taxtabaş” qoymuşam”. “O ki qaldı məşhurların rusca danışmasına, mən nə Bəhram Bağırzadənin, nə də digərlərinin videolarını izləməmişəm. Bu gün Bakıda əyri bir stereotip var. Hətta mən rusdilli verilişlərdə də olmuşam, çıxışlar etmişəm. Bir şeyin şahidi olmuşam ki, bu tip adamların düşüncəsinə görə, əgər şəhər internasionaldırsa, deməli, orada ünsiyyət dili rus dili olmalıdır. Bunlar başa düşmürlər ki, sən işğalçıya baş əyib nökərlik edirsən” – o, əlavə edib. “Məsələn, London dünyanın ən çoxmillətli şəhərlərindən biridir, amma hər kəs ingiliscə danışır. Yaxud Moskva da eynilə çoxmillətli şəhərdir, amma orada bir özbək, yaxud tacik öz dilində danışa bilməz. Çünki sənə “çerno natsiya” deyə bilərlər, ona görə də rusca danışmalısan. Bakı da Azərbaycanın paytaxtıdır. Şəhərimiz nə qədər beynəlmiləl olsa yaxşıdır, amma nə olursa olsun, Azərbaycan dilində danışmalısan. Bütün millətlər burada dilimizdə danışmağa məcburdurlar, nəinki rusca. Ona görə də mən belə adamlara “taxtabaş” deyirəm”, – K. Həsənli fikirlərini tamamalayıb.

Ermənilər son anda razılaşmanı pozdu - XİN

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiyanın “Kommersant” qəzetində dərc edilmiş məqalədə əksini tapmış fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, son günlər ərzində beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq mövcud idi: "Bununla yanaşı, Azərbaycan tərəfinin təklifi əsasında Yevlaxda Azərbaycan tərəfinin nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmış və bütün logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozub". "Onların və bu mövzunu siyasi manipulyasiya alətinə çevirən Ermənistanın pozucu fəaliyyəti qarşı tərəfin sülh və sabitlikdə, habelə bu istiqamətdə dialoqda maraqlı olmadıqlarını bir daha nümayiş etdirib. Bununla yanaşı, qeyd edilən addımlar humanitar əsasda iddiaların əsassız olduğunu bir daha sübut edərək bölgədə vəziyyətin gərginləşdirilməsinə xidmət edir", - deyə A.Hacızadə vurğulayıb.

Elvin Mahmudzadə azadlığa buraxıldı

“Azərbaycan Vətənpərvərlər” İctimai Birliyinin sədri Elvin Mahmudzadə azadlığa buraxılıb. Qafqazinfo xəbər verir ki, o, zərərçəkmiş şəxslərə dəymiş 72 min manat məbləğində ziyanı tam ödəyib, barışıq əldə olunub. Qeyd edək ki, E. Mahmudzadə qazilər üçün ayrılmış 72 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilirdi. Ötən ay birlik sədrinə qarşı qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Moskvaya PUA hücumu: “Vnukovo” hava limanı bağlandı

Moskvaya yenidən PUA hücumu olub. Sozcu.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, PUA hücumu səbəbindən “Vnukovo” hava limanı müvəqqəti bağlanıb.

Nənə 2 yaşlı nəvəsinə işgəncə veribmiş...

Sumqayıtda 2 yaşlı uşağın nənəsi tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. Onun sözlərinə görə, 2 yaşlı uşaq nənəsinin fiziki işgəncələrinə məruz qalıb: "Uşaq Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Körpə bir həftə xəstəxanada nəzarətdə qalıb”. Hüquq müdafiəçisinin sözlərinə görə, uşaqların anası bir müddət öncə dünyasını dəyişib: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi, həmin nənədə daha iki uşaq var”.

Şərurda TIR aşıb, xəsarət alanlar var

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Siyaqut kənd yaxınlığında qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində yüklə dolu TIR aşıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir. Əraziyə dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şərur Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Nazirlik günvurma ilə bağlı əhaliyə MÜRACİƏT ETDİ

“Günvurma hər yaşda və cinsdə olan insanlara təsir edə bilər, lakin uşaqlar və yaşlılarda risk daha yüksəkdir. Uşaqlarda bədənin fizioloji termorequlyasiyası hələ də tam formalaşmayıb, yaşlılarda isə artıq zəifdir”. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova bildirib. Onun sözlərinə görə, həmçinin, ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzinin patologiyaları, qaraciyər sirrozundan əziyyət çəkən insanlar tez-tez və daha asan günvurmaya məruz qalırlar. Mütəxəssis bildirib ki, vitamin D günəş işığının ultrabənövşəyi şüalarının təsiri altında insan dərisində sintez olunur, buna görə də onu “günəş vitamini” adlandırırlar: “D vitamini orqanizmin həyatında əvəzolunmaz elementdir və sağlamlıq üçün çox faydalıdır. İnsan orqanizmində D vitamininin əsas rolu qidada olan kalsium və fosforun nazik bağırsaqdan sorulmasını təmin etməkdir. Bu elementlər isə sümüklərin normal inkişafını, dişlərin sağlamlığını təmin edirlər. Vitamin D immun, sinir, əzələ, hormonal, reproduktiv sistemlərin fəaliyyətini möhkəmləndirir, metabolizmi sürətləndirir”. G.İsmayılova günvurma zamanı nə etmək lazım olduğunu da açıqlayıb. O bildirib ki, günvurmanın əlamətləri müşahidə olunduqda dərhal ilkin yardım göstərilməlidir: “Eyni zamanda unutmayın ki, bu ilk yardımdır və təcili yardım çağırmaq daha yaxşıdır, çünki zərərçəkənin vəziyyətini düzgün qiymətləndirmək, xüsusən də uşaqlarda və yaşlılarda, adətən çətin olur. Zərərçəkmişi dərhal kölgəli və sərin yerdə horizontal (şaquli düz) vəziyyətdə uzatmaq, başına buz və ya soyuq kompres qoymaq lazımdır. Əgər huşu özündədirsə, ona sərin suyun verilməsi tövsiyə edilir”.

Erməni hərbçi öldü

Avqustun 10-da Ermənistan ordusunun hərbi qulluqçusu Jora Zohrabi Karapetyan naməlum şəraitdə güllə yarası alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı araşdırma başladılıb.

İranın Azərbaycandakı səfirliyi məhkəmə verildi

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi məhkəməyə verilib. Sozcu.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti edib. Hakim Raqib Qurbanovun sədrliyi ilə araşdırılacaq işin mahiyyəti torpaq mübahisələridir.pravda)

“II qrupda 290 baldan yuxarı nəticə göstərənlər ödənişsiz təhsil alacaq” - DİM sədri

"II qrupda 290 baldan yuxarı nəticə göstərən abituriyentlər ödənişsiz təhsil alacaq". Sozcu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. DİM sədri vurğulayıb: "II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir. Dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var. 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb".

Rayonlarda pensiyalar bu tarixdə veriləcək

Respublikanın bölgələri üzrə pensiyaların ödənilməsi avqust ayının 15-i tarixinə nəzərdə tutulub. Bu barədə Sozcu.az-a Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək. Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə avqust ayının pensiyaları bu həftə ödənilib.

2 yaşlı uşağa şiddət göstərildi - FOTO

Sosial şəbəkələrdə Sumqayıt şəhərində azyaşlının qeyri-insani rəftara məruz qalması ilə bağlı yayılan informasiyalar Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb. Bu barədə Sozcu.az-a DİN-in Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib. Məlumata görə, Sumqayıt şəhəri ərazisində yaşayan Abdullayeva Ülviyyə Rəsul qızının himayəsində olan 3 yaşlı uşağı baxımsız şəraitdə saxlaması barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Məlumat əsasında polis əməkdaşları həmin ünvanda Ü.Abdullayevanın himayəsində olan 3 azyaşlıdan biri - 2021-ci il təvəllüdlünün bədənində müxtəlif xəsarətlər aşkar ediblər. Azyaşlı himayəsində olan nənəsi ilə birlikdə Təcili Tibbi Yardım Şöbəsinə gətirilib. İlkin müayinə zamanı azyaşlının fiziki va psixoloji cəhətdən öz yaşıdlarından geri qalması və sağ qulağında xəsarətlər aşkar edilib. Azyaşlı tibbi yardım göstərilməsi və müvəqqəti olaraq qalması üçün polis əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda faktla bağlı Sumqayit ŞPİ-nin Təhqiqat Şöbəsində araşdırma aparılır. Müvafiq ekspertizalar təyin edilib.

Günəşdə ardıcıl şiddətli partlayışlar baş verib

Günəşin səthində iki ardıcıl partlayışlar geomaqnit qasırğası yaradıb. Sozcu.az Trend-ə istinadən bildirir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozları Mərkəzi (SWPC) və Kosmik Agentliyi (NASA) məlumat yayıb. Məlumata görə, qeydə alınan partlayışlar ən ağır səviyyə kateqoriyasına daxil edilib. Partlayışlar Günəşdən iki böyük kütlənin ayrılmasına və nəticədə geomaqnit qasırğasının yaranmasına səbəb olub. Yerə çatan geomaqnit qasırğasının mənfi təsirləri bir sıra ölkələrdə hiss olunur. Bundan başqa, qasırğanın Şimali Amerikanın bəzi bölgələrində kommunikasiyalara mənfi təsir göstərəcəyi proqnozlaşdırılır. NASA-nın açıqlamasına görə, Günəşin səthindəki püskürmələr kosmik gəmilər və astronavtlar üçün təhlükəli olan güclü enerji dalğaları yaradır.

"Telefonu şalvarın cibinə qoymayın" - Uroloqdan kişilərə XƏBƏRDARLIQ

Şalvarın cibində mobil telefon gəzdirmək sperma keyfiyyətini və kişilərin ata olma şansını azalda bilər. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə uroloq-androloq Vladlen Petrişşov Gazeta.ru-ya müsahibəsində deyib. "Zərərli təsir istilik effekti ilə bağlı ola bilər. Mobil telefonlar tez-tez şalvarın cibində gəzdirilir, cinsi orqanların temperaturu yüksəlir və bu, kişilərin sağlamlığı üçün zərərlidir. Həmçinin təhlükə sperma DNT-sini zədələyə bilən reaktiv oksigen növlərinin (sərbəst radikallar) istehsalının artması ilə bağlı ola bilər", - həkim izah edib. Petrişov həmçinin kişilərə noutbuku dizlərinin üstünə qoymamağı tövsiyə edib. Onun sözlərinə görə, bu, mikrob hüceyrələrinin hərəkətliliyinin azalmasına və spermatozoidlərin DNT-sinin zədələnməsinə də kömək edə bilər.

İngiltərə Premyer Liqasını Azərbaycanda bu kanal yayımlayacaq

2023/24 mövsümü İngiltərə Premyer Liqasını Azərbaycanda yayımlayacaq kanal müəyyənləşib. Sozcu.az xəbər verir ki, oyunlar "İdman TV" vasitəsi ilə nümayiş etdiriləcək. Məlumatı telekanalın direktoru Rövşən Binnətli təsdiq edib. Xatırladaq ki, yeni mövsüm İngiltərə Premyer Liqası bu gün start götütür. Turnirin açılış matçında "Bernli" "Mançester Siti"ni qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Ukrayna Prezident Ofisi: “Rusiyada partlayışlar daha tez-tez olacaq”

“Rusiyada partlayışlar daha tez-tez baş verəcək və belə hadisələrin nəticəsi də olacaq”. Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak xarici KİV-ə müsahibəsində deyib. O bildirib ki, Ukrayna kəşfiyyatının Rusiyada kifayət qədər effektiv şəbəkəsi mövcuddur. Ukraynanın baş ölkənin ərazisində döyüşmədiyini vurğulayan M.Podolyakın sözlərinə görə, Rusiya özü-özünü məhv edəcək. Qeyd edək ki, son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində, o cümlədən paytaxt Moskvada yanğın və partlayışlar baş verir.

Almaniyadan çağırış: Rus kəşfiyyatına qarşı mübarizə...

Rusiya xüsusi xidmət orqanlarına qarşı aktiv mübarizə aparmaq lazımdır. Sozcu.az xəbər verir ki, bunu Almaniya daxili işlər naziri Nensi Fezer deyib. “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi Almaniyada da təhlükəsizlik vəziyyətini dəyişib. Casusluq, dezinformasiya kampaniyaları və kiberhücumlar təhlükəsi daha fərqli forma alıb”, - Fezer bildirib. Qeyd edək ki, bir müddət öncə Almanita ordusunun əməkdaşının Rusiyanın xeyrinə casusluq etdiyi üçün saxlanıldığı barədə məlumat yayılmışdı. Tomas.H adlı şübhəli Müdafiə Nazirliyinin silahlanma, informasiya texnologioyaları departamentində işləyirmiş.

Qazaxda kafe sahibi hesab üstündə bıçaqlandı

Qazaxda kafe sahibi hesab üstündə bıçaqlanıb. Sozcu.az xəbər verir ki, Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarov mübahisə zəminində sinə nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılıb və istintaqa təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi ilə mübahisə edib. Bu zaman müştəri kafe sahibinə bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Türk ordusu şəhid verdi

Türkiyə Silahlı Qüvvələri şəhid verib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyindən bildirilib. Belə ki, çavuş Ege Süleyman Görece iyulun 21-də İraqın şimalında keçirilən “Pəncə- Kilid” əməliyyatında yaralanıb. Yaralı 21 gündən sonra dünyasını dəyişib.

Moskva aeroportlarında bütün reyslər dayandırıldı

Moskvanın 3 böyük hava limanında reyslərin kütləvi şəkildə təxirə salınması və ləğv edilməsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatə məlumat yayıb. Məlumata görə, ümumilikdə 37 təyyarə plan üzrə uçmayıb. “Vnukovo”da 9 təyyarə saxlanılıb. “Domodedovo”da 15 reys təxirə salınıb, 8-i isə ləğv olunub. “Şeremetyevo”da da 5 aviareysin tarixi dəyişdirilib.

Ukrayna ordusu artıq Dneprin sol sahilindədir - General

Qeyri-rəsmi mənbələrdən alınan məlumatlara əsasən, Ukrayna ordusu bir neçə ərazidə Dnepri uğurla keçib və Xerson vilayətində çayın sol sahilində bir sıra pladstarmı ələ keçirə bilib. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib. “Əslində bu, hücumun növbəti addımıdır. Bu problemlərin həllində Xerson istiqaməti perspektivli idi və məhz bizim üçün çox vacib olduğuna görə Rusiya Kaxovka bəndini partlatdı. Buna görə də bir müddət cəbhənin bu sektorunda hücum mümkün deyildi. İndi şərtlər dəyişib. Yayın son ayında torpaq quruyub. Və bu təbii amillər hücum xarakterli məsələlərin həllinə kömək edir. Strateji olmasa da, operativ baxımdan bu istiqamət maraqlıdır”, - general bildirib.

Rusiyanın itkiləri 253 minə yaxınlaşır

Ukrayna müharibənin 534-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 252 780 hərbçi, 4290 ədəd tank, 8318 ədəd zirehli döyüş maşını, 5043 ədəd artilleriya sistemi, 713 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 471 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 313 ədəd helikopter, 7511 ədəd avtomobil texnikası, 4197 ədəd PUA, 1377 qanadlı raket, 18 gəmi/qayıq, 756 xüsusi avadanlıq itirib.

Vüsalə Əlizadə ATV-dən getdi

Aparıcı Vüsalə Əlizadə illərdir çalışdığı ATV kanalından ayrılıb. Sozcu.az xəbər verir ki, aparıcı bu barədə şəxsi İnstaqram hesabında paylaşım edib. "Bu gün 20 illik əməyim olan, ata ocağı qədər doğma, əziz ATV telekanalından öz istəyimlə ayrıldım. Hər şey ölçüdə gözəldir. İşimi, sənətimi, səhnəmi, məni sevib gözləyən, bu iki ay ərzində axtaran tamaşaçımı çox sevirəm. Yeni mövsümdə bütün həmkarlarıma və özümə bol şans arzu edirəm. Tezliklə görüşərik", - deyə aparıcı qeyd edib.