“Bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki müəllimlərə”

“Müəllim peşəsini seçən adam “mən gedib ölkənin harasında olsa, azərbaycanlı uşaqlara dərs keçəcəyəm” düşüncəsində olmalıdır. Evimin yanında işləyəcəyəm deyə düşünməməlidir”. Sozcu.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin  Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşdə bildirib. Nazir qeyd edib ki, sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər üçün təlimlər keçilsə də, bəzi müəllimlər bu təlimlərə qoşulmurlar: “Çalışırıq ki sertifikasiyadan keçə bilməyən müəllimlər üçün təlimlər keçək və həmin müəllimləri də lazımi səviyyəyə qaldıra bilək. Lakin təəssüf ki elə müəllimlər var ki, təlimlərə də qoşulmurlar. Savadsız müəllim bütün cəmiyyətin problemidir. Savadsız adamın məktəbdə işi yoxdur, onların məsələsinə sonra baxmaq olar. Ola bilər ki, sertifikasiyadan keçə bilməyən nüəllimlər qeyri-tədris sahəsində işləyə bilsinlər. Mənim bu məsələdə uşaqlara daha çox yazığım gəlir, nəinki həmin adamlara”.

Deputat AZAL-ı tənqid etdi: "Səbəbi birbaşa korrupsiya ilə bağlıdır"

"AZAL Naxçıvana təyyarə məsələsi ilə bağlı illərdir açıqlama verir. Amma həll olunmur. Bunun səbəbi birbaşa korrupsiya ilə bağlıdır". Sozcu.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.  Deputat bildirib ki, Gürcüstandan İstanbula təyyarə ilə getmək 100, Bakıdan isə 700 manatdır: "Bunun üstündə pul tuturlar. Naxçıvana gedəndə 20 manat qazanırsan. Fikirləşir ki, reyslərin çoxunu başqa yerə yönəldim, 300-400 manat qazanım. Biz bu məsələni elə həll etməliyik ki, yoxsulluq içində yaşayan əhali sıxıntı çəkməsin".

Elm və təhsil naziri: “Bəzi riyaziyyat müəllimləri çubuqlu bölməni edə bilmir”

“Bizim iki məqsədimiz var, birincisi keyfiyyəti qaldırmaq, ikincisi həmin keyfiyyəti bərabər paylamaq”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” adlı tədbirdə deyib. Onun sözlərinə görə, son 3-4 ildə riyaziyyatla məşğul olan insanın bu fənnlə problemi ola bilməz: “Lakin elə müəllim var ki, çubuqlu bölməni edə bilmir. Belə şəxslərin sayı çox olmasa da var”. Nazir hesab edir ki, rəqəmsal öyrənmə tədris prosesində bərabər bölünməyə öz töhfəsini verə bilər: “Müəllimlər üçün bu gün yeni rəqiblər var və bu hal qaçılmazdır”. E.Əmrullayev vurğulayıb ki, telefonlar və planşetlərə düzgün və lazımi məzmunu əlavə edə bilsək, tədris prosesinin düzgün bölünməsinə nail ola bilərik: “Bununla bizim kəndlərdə və şəhərlərdə oxuyan uşaqlarımız eyni səviyyədə təhsil ala biləcək. Koronavirus pandemiyası dövrü də bizə bunun gec-tez olacağını göstərdi”.

Təbrizdə içməli su çatışmazlığı yaşanır

İyunun 20-dən başlayaraq Təbrizin bir neçə məhəlləsində içməli suyun verilişi dayandırılıb və bu günə kimi problemin həlli ilə bağlı heç bir tədbir görülməyib. Sozcu.az xəbər verir ki, bu barədə məlumat yayan yerli media və sosial media fəalları əlaqədar qurumların qəzəbinə tuş gəliblər. Şərqi Azərbaycan əyalətinin Su və Kabalizasiya Şirkətinin başçısı Məhəmməd Xaninin problemlə bağlı verdiyi açıqlama təbrizlilərin etirazları ilə qarşılaşıb. O, mediaya verdiyi açıqlamada bildirib ki, şəhərin yüksək yerlərdə yerləşən məhəllələri və çox mərtəbəli binalara içməli su verilməsi ilə bağlı başçılıq etdiyi qurumun heç bir öhdəliyi yoxdur. "Yüksək yerlərdə yerləşən, habelə 9 mərtəbəli və daha çox mərtəbəsi olan binalara su verməyə borclu deyilik. Bu günə kimi etdiklərimizə görə isə bizə minnətdar olmalıdırlar",- Xani qeyd edib. O, bununla yanaşı Təbrizin əsas içməli su təminatçısı olan Nəhənd su bəndində suyun tükənmək üzrə olduğunu və 25 gündən sonra ciddi su qıtlığı yaşanacağı barədə xəbərdarlıq edib. Qeyd edək ki, isti havaların başlaması ilə eyni vaxtda Təbrizlə yanaşı başqa bölgələrdə də su qıtlığı yaranıb. Ümumilikdə hazırda Şərqi Azərbaycan əyalətinin 700 kəndində su qıtlığı yaşanır. Təbriz Universitetinin Planlaşdırma və Çevrə Elmləri Fakültəsinin rəhbəri Behruz Sari bildirib ki, susuzluqdan Şərqi Azərbaycanın 360 kəndi tamamilə boşalıb. 

Salyan xəstəxanasında bir gündə iki ölüm hadisəsi

Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilən hamilə qadın ölü uşaq dünyaya gətirib. Sozcu.az xəbər verir ki, rayonun Kürqaraqaşlı kənd sakini olan 26 yaşlı A.A. 22 həftəlik hamiləliklə xəstəxanaya daxil olub. Bir qədər sonra o, ölü uşaq doğub. Bundan başqa, Salyan RMX-yə böyrək çatışmazlığı diaqnozu ilə daxil olan 40 yaşlı C.Abbasova da tibbi müdaxiləyə baxmayaraq, vəfat edib. Hər iki faktla bağlı araşdırma aparılır.Qafqazinfo

Qızını öldürən ataya 9 il HƏBS CƏZASI

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Abşeron rayonunda qızını qətlə yetirməkdə təqsirləndirilən İftixar Davudovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Sozcu.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd: Ötən il iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib. Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.pravda

Naxçıvan aeroportunda biabırçılıq: "Pilot "uçamayacam" dedi..." — Türk jurnalist video paylaşdı

Dünən Naxçıvandan Bakıya təyyarə reysi təxirə salınıb və onlarla insan hava limanında gecələmili olub.  Sozcu.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə türk jurnalist Cabbar Şıktaş məlumat verib.  O, hava limanındakı vəziyyətdən yazıb: "Belə rəzalət heç vaxt görməmişdim. Bakıya getmək üçün saat 23:45-də Naxçıvan Hava Limanında təyyarəyə mindim və həmin vaxt uçmalı idik. Təyyarə boş yer olduğundan bir saata yaxın gözləməli olduq. Yəni bu saat ərzində sərnişinlərin gəlişini izlədik. Biz türk sərnişin olduğumuz üçün etiraz etmədik, lakin Naxçıvandan Bakıya uçan sərnişinlər bu vəziyyətə etiraz etdilər.  Sərnişinlərin etirazını görən pilot anons verərək, "Uçmayacağam, təyyarədən enib evinizə gedin” dediyi üçün saatlarla təyyarədə gözləməli olduq. Məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilmədi. Nə rəsmi şəxs qarşımıza çıxıb nəsə dedi, nə də vətəndaşa başa salan olmadı ki, reys niyə təxirə salındı? Körpələr, uşaqlar, qadınlar, qocalar acınacaqlı şəkildə taleyin ümidinə buraxılıb, hava limanında gecələməli oldular. Hazırda hava limanının gözləmə zonasındayıq. Nə gələn var, nə də gedən”. "Azərbaycan Hava Yolları” QSC-də İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Nərmin Xəlilova Qaynarinfo-ya bildirib ki, məsələ ilə bağlı açıqlama verə bilməyəcəklər:  "Çünki Naxçıvan Hava Limanı bizim tabeçiliyimizdə deyil. Ona görə də, sözügedən limanla əlaqə saxlamağınız tövsiyyə edilir”.

Cavanşir Məmmədovla Lalə Azərtaş arasında gərgin anlar

Əməkdar artist Cavanşir Məmmədovla aparıcı Lalə Azərtaş arasında gərgin anlar yaşanıb.  Sozcu.az xəbər verir ki, buna səbəb müğənninin aparıcının ünvanına ittihamlar səsləndirməsi olub. Belə ki, C.Məmmədov keçmiş kürəkəni Kemal Mustafanın "Təsir dairəsi" verilişinə kiminsə tapşırığı ilə çıxdığını deyib.  İfaçının "Mən bilirəm sizə kim deyib onu efirə çıxardın" sözləri aparıcını özündən çıxardıb. C.Məmmədov bildirib ki, L.Azərtaş Mustafanı efirə çıxartmaq üçün rüşvət alıb: "Bura aylarla gələn var efirə çıxa bilmir, Kamal 15 dəqiqənin içində efirə çıxıb? Yazıqlar gəlib oturur. Qapıdan girəndə nə qədər adam üstümə qaçır ki, Lalə xanıma deyin məni efirə çıxartsın". Aparıcı isə ona "Mədəniyyətimi qoruyuramsa, bu çərçivədə danışacağıq. Elə edəcəksiniz ki, otaqda dediklərinizin səs yazısını yayımlayım. Qızını və siz verilişdən sonra otağa gəlib dediniz ki, mövzu bağlansın. Allah bilir ki, heç kimin sözü ilə insanlara qapı açmıram. Heç kimin zəngi ilə də mövzu bağlamıram. Bizim verilişdə kim gəlib çıxa bilməyib? Adam 2 ay içində məktub yazıb. Kim olduğunu bilmirdim. Bilsəydim də çağırardım" cavabını verib. C.Məmmədov "Otaqda olanları yayımlayın" deməsinə Lalə "Bilirsiniz yayımlasam nələr olacaq? Siz ona cinayətkar deyə bilməzsiniz, məhkəmə qərarı yoxdur" reaksiyasını verib. Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. 

Boğaz ağrıyanda dondurma yemək olar? - CAVAB

Dondurma yay günlərində sizi istidən xilas edən əla desertdir. Uşaqlar və böyüklər onu sevirlər. Bəziləri hətta xəstələndikləri dövrdə belə sevimli qidadan imtina edə bilmirlər. Sozcu.az Lent.az-a istinadən xəbər verir ki, hətta belə bir fikir var ki, dondurma boğaz ağrısına faydalıdır. Həqiqətən belədirmi? Bu sualın cavabını otorinolarinqoloq Vladimir Zaytsev verib. Həkim qeyd edib ki, isti yay dövründə bir insan xəstələnirsə, soyuq desertdən imtina edilməlidir. Temperatur fərqi yalnız vəziyyəti daha da pisləşdirəcək, hipotermiyaya, daha çox iltihaba səbəb olacaq. O, həmçinin əlavə edib ki, xəstəlik zamanı digər süd məhsullarından imtina etmək daha yaxşıdır. Siz şəkər, maya məhsulları və turşu qidalarını da rasiondan çıxarmalısınız. Bütün bunlar bakteriyaların böyüməsinə səbəb olur. Nəticədə sağalma prosesi gecikəcək. Ağır və yağlı qidalar da istisna edilməlidir.

"Neftçi"nin baş məşqçisi vəzifəsi ilə bağlı yeni iddia

"Neftçi" hazırda baş məşqçi axtarışlarını davam etdirir. Sozcu.az xəbər verir ki, hazırda "Matç TV" turniri üçün Rusiyanın Sankt-Peterburq şəhərində olan "ağ-qaralar" Konfrans Liqasına hazırlığını da orada davam etdirir. Lakin baş məşqçi olmadan. Bu arada Rumıniya mətbuatı yeni iddia ilə çıxış edib. Bu ölkənin gsp.ro saytının yazdığına görə, Laurensio Regekampfla yolları ayıran paytaxt təmsilçisi başqa bir rumın mütəxəssisə təklif göndərmək fikrindədir. Söhbət 44 yaşlı Adrian Mutudan gedir. Sayt iddia edib ki, "Neftçi" Rumıniya millisinin sabiq üzvünə illik 1 milyon avro ödəməyə hazırdır. Bununla belə, qeyd edilir ki, hazırda "Neftçi" üçün əsas namizəd Sərgən Yalçındır. Əgər Mutu Azərbaycana gələrsə, bu halda onun hazırkı klubu "Rapid 1923"ə müəyyən təzminat ödənilməlidir. Qeyd edək ki, bu məlumatla əlaqədar "Neftçi"dən fikir almaq mümkün olmayıb. Ümumiyyətlə, baş məşqçi məsələsi ilə bağlı klubdan indiyədək heç bir açıqlama verilməyib. Ehtimal etmək olar ki, yekun qərar həmişə olduğu kimi bu dəfə də "Neftçi"nin sponsoru SOCAR tərəfdən veriləcək. Odur ki, bu məsələ klub rəhbərliyi faktiki olaraq ofsaydda qalıb.

Nəqliyyat əlaqələrini bərpa etməyə hazırıq - Paşinyan

"İrəvan çoxdan bərabərlik və suverenlik prinsipləri əsasında nəqliyyat əlaqələrini bərpa etməyə hazırdır". Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. "Biz bununla bağlı müvafiq sənədi dövriyyəyə buraxmışıq. O sənəd xüsusilə Ermənistan tərəfdən 3 keçid məntəqəsinin açılmasını nəzərdə tutur", - Paşinyan söyləyib.

Bu müəllimlər 1270 manat maaş alacaq

"35 faiz artım əldə edən müəllimlər 1270, 10 faiz artım əldə edənlər 1030, sertifikasiyada iştirak etməyənlər isə 750 manat əməkhaqqı alacaq".  Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı deyib. O bildirib ki, hazırda Azərbaycanda hər 3 müəllimdən biri 1000 manat maaş alır. Digər 2 nəfər isə 2000 manat maaş alır.

Bu il 56 min insan müəllim olmaq istəyir - Nazir

“Bu il 56 min insan müəllim olmaq istəyir”. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib. Nazir bildirib ki, müəllimlik peşəsi ən rəqabətli sahədir: “Rəqabətin olması sözsüz ki, yaxşıdır. Bu baxımdan sertifikatlaşdırma prosesinin aparılmasının üstün cəhətləri çoxdur. Bir görürük ki, sertifikatlaşdırma prosesi müəllimlərin maaşının artırılmasına da öz töhfəsini verib”. “Biz sertifikatlaşdırma prosesini müəllimlərin həyatını yaxşılaşdırılmasına hesablamışıq. Prosesin birinci hissəsi 2027-ci ildə yekunlaşdıqdan sonra ikinci hissəsi barədə işlər görüləcək”, - o, əlavə edib.

İnsan dua və ibadət vasitəsilə öz taleyini yaxşılığa doğru dəyişə bilərmi?..

"İnsan bəzi müstəhəb əməlləri etməklə qarşıdakı bəlalardan amanda qala, qəfil ölümdən, xəstəlikdən xilas ola bilər..." Alimlərin fikrincə, qəzavü-qədər iki cürdür. Mütləq olan qəzavü-qədər lovhi-məhfuzda yazılmışdır və dəyişməz. Amma qəzavü-qədərin bir qismi də var ki, mütləq deyil və dəyişə bilər. Gələcəyi dəyişmək müxtəlif yollarla mümkündür. Məsələn, insan bəzi müstəhəb əməlləri etməklə qarşıdakı bəlalardan amanda qala, qəfil ölümdən, xəstəlikdən xilas ola bilər. Əksinə, bəzi pis əməlləri etməklə də bəlalara düçar olmaq mümkündür. Dua və qarğış vasitəsilə hər hansı şəxsin aqibətinin yaxşılığa ya pisliyə doğru dəyişməsini buna misal göstərə bilərik. Hədislərdə bu barədə müəyyən məlumatlar verilib. Dini terminologiyada qeyri-mütləq qəzavü-qədərin dəyişməsinə “bəda” deyirlər. Bəziləri bədanı yalnız şiə məzhəbinə aid edirlər, halbuki, həm şiə, həm də sünni mənbələrində bəda barədə hədis və rəvayətlər mövcuddur. Məsələn, hədislərdə buyurulub ki, sədəqə vermək, ata-anaya yaxşilıq etmək, qohumlarla rabitə saxlamaq ömrü uzadar...İslam.az

Azərbaycanın məşhur aparıcısının vəziyyəti pisləşdi - Durumu ağırdır

Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı Nətavan Babayeva reanimasiyaya yerləşdirilib. Sozcu.az Gununsesi.info-ya istinadla bildirir ki, bir neçə ildir ki, onkoloji xəstəlikdən müalicə alan tanınmış jurnalist müalicə üçün Türkiyəyə gedərkən Bakı Hava Limanında halı pisləşib. Ailəsi onu paytaxtın Bonadea hospitalına yerləşdirib.

“Bakı və İrəvanın təxribatların Moskva tərəfindən törədildiyini isbatlaması üçün...”

“Bilirik ki, hər iki ölkənin siyasi hakimiyyət qurumlarında da yetərincə Rusiya “5-ci kalon” nümayəndəsi var. Ermənistanda o daha çox silahlı qüvvələr və müxalifətdədir... Nə qədər ki, belə bir vəziyyət mövcuddur...” “Hesab edirəm ki, Həm Azərbaycan, həm Ermənistan sülh danışıqları zamanı baş verən təxribatlarla bağlı vahid mövqedən çıxış edərək həmin təxribatların Rusiya tərəfindən törədilməsini isbatlaması üçün iki amil gərəkdir. Yəni bunun baş tutması üçün ən azı iki şərt olmalıdır”. Bu fikri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu “Həm Azərbaycan, həm Ermənistan birgə səylərini ortaya qoysa, məhz sülh danışıqları zamanı baş verən təxribatların Moskva tərəfindən təşkil olunduğunu isbat edə bilərlərmi?” sualını cavablandırarkən ifadə edib. “Birincisi, tərəflərin bununla bağlı siyasi iradəsi  və cəsarəti ortalığa qoyulmalıdır. Digər tərəfdən isə tərəflər arasında qarşılıqlı etimad olmalıdır ki, qarşılıqlı və birgə addım atılsın. Əslində belə bir müştərək addım atılsaydı, əlbəttə, bu, sülh prosesinin özünə ciddi bir töfhə olardı. Bu, dünyaya da, beynəlxalq aləmə də bir ciddi mesaj olardı ki, artıq Azərbaycanla Ermənistan ən azı Rusiya tərəfindən törədilən həmin o təxribatlar məsələsində vahid mövqedən çıxış edirlər. Və artıq ayrı-ayrılıqda deyil, təxribatın  törədilməsində bir-birini ittiham etməkdə deyil, təxribatların 3-cü tərəf vasitəsilə, 3-cü tərəfin təşəbbüsü ilə törədilməsində vahid mövqe nümayiş etdirirlər ki, bu da öz növbəsində sülh prosesinə ciddi bir təkan olardı və həm beynəlxalq aləm, həm də danışıqlarda iştirak edən, vasitəçilik edən ölkələr və qurumlar tərəfindən də bir yeni yanaşma, yeni təşəbbüs kimi qəbul olunardı. Bu olacaqmı?”- deyə davamında analitik sual edib. Ekspert hesab edir ki, həm Azərbaycan, həm Ermənistanda “5-ci kalon”un fəallığı səbəbindən təxribatların Kreml tərəfindən törədilməsinin sübut olunması hazırkı durumda mümkün olmayacaq. “Təəssüf ki, düşünmürəm ki, bu olacaq. Bu olmayacaqdır. Ən azı, ona görə ki, Qarabağ və iki ölkə sərhədlərində həmin təxribatları istər Ermənistan, istərsə də Azərbaycan tərəfindən törədən “5-ci kalon”dur. Həmin “5-ci kalon”  hər iki tərəfdə mövcuddur. Və bunlar yalnız silahlı qüvvələrdə deyil... Təxribatın bilavasitə baş verdiyi ərazilərə silahlı qüvvələr nəzarət edir. Ancaq bu təxribatlar yalnız onlar tərəfindən törədilmir. Biz bilirik ki, hər iki ölkənin siyasi hakimiyyət qurumlarında da yetərincə Rusiya “5-ci kalon” nümayəndəsi var. Ermənistanda o daha çox silahlı qüvvələr və müxalifətdədir...  Nə qədər ki, belə bir vəziyyət mövcuddur, elə bir siyasi bəyanat verilməsi, yəni birgə səylər nəticəsində təxribatların Rusiya tərəfindən törədilməsi faktının  isbat olunması qeyri-mümkündür.  Bir sözlə, bu, nəzəri baxımdan müzakirə oluna biləcək bir məsələdir. Lakin, təəssüf ki, praktiki baxımdan isə hazırkı durumda mümkün deyil”, -deyə Ərəstun Oruclu vurğulayıb.

Paşinyan açıqladı: Brüsseldə Əliyevlə görüşəcəyik

Belçikanın paytaxtı Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Sozcu.az xəbər verir ki, bunu iyulun 6-da hökumətin iclasında N.Paşinyan deyib. O söyləyib ki, görüş Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçiriləcək.

Rusiya cənubu Ukraynaya təslim etməyə hazırdır

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində uğurları səbəbindən cənubda mövqelərini zəiflədə bilər. Sozcu.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Petr Çernik deyib. Çernik qeyd edib ki, Rusiya üçün cənubda qalmaqdansa, Ukraynanın şərqinə nəzarəti saxlamaq daha vacibdir: "Strateji mənada rus işğalçı qoşunları cənubu tərk etməyə hazırdır. Əks halda, Perekopda xətti tutmağa hazırlaşmazdılar". Çernik hesab edir ki, cənubu itirmək, lakin şərqi saxlamaq ruslar üçün Baxmut və Donbasın digər şəhərlərini itirməkdən qat-qat kiçik məğlubiyyət olacaq.

Rusiyanın itkiləri 232 mini ötdü

Ukrayna müharibənin 498-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 232 300 hərbçi, 4068 ədəd tank, 7932 ədəd zirehli döyüş maşını, 4310 ədəd artilleriya sistemi, 657 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 404 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 309 ədəd helikopter, 6888 ədəd avtomobil texnikası, 3635 ədəd PUA, 1264 qanadlı raket, 18 gəmi/qayıq, 605 xüsusi avadanlıq itirib.

Prezident Əhməd Attafı qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 6-da Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attafı qəbul edib. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

NATO generalı Bakıda: Hərbçilərimizlə görüşdü

2023-cü ilin fərdi tərəfdaşlıq üzrə əməkdaşlıq planına əsasən Bakıda NATO nümayəndələri ilə "Ekspert heyətinin işçi görüşü" keçirilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycanda səfərdə olan NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub. İdarədə keçirilən görüşdə polkovnik Mahir Bayramov Azərbaycan-NATO əlaqələrinin uğurlu inkişaf yolu və Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, eləcə də Ordumuzun sülhməramlı əməliyyatlara verdiyi töhfədən danışıb. Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu bildirən general-mayor S.Fiks NATO proqramlarında hərbi qulluqçularımızın fəal iştirakının yüksək qiymətləndirildiyini qeyd edib. Ekspert heyətinin işçi görüşündə növbəti ilin fəaliyyətlər planı barədə ilkin razılıq əldə olunub.

Bakıda bu ərazi yanır

Bakıda boş ərazi yanır. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində boş ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. İlkin məlumata əsasən, ərazidə quru ot və məişət tullantıları yanır.

İmtahanda bu müəllimlər 0-9 bal topladı - Nazir

Sertifikatlaşdırma prosesinin birinci mərhələsi 2022-2027-ci illəri əhatə edəcək. Sozcu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma: Peşəkar müəllim-keyfiyyətli təhsil” tədbirində deyib. Onun sözlərinə görə, bu prosesin əsas məqsədi təhsildə keyfiyyəti artırmaq, həmçinin keçmiş səhvlərdən nəticə çıxarmaqdır: “İbtidai siniflər üzrə 30 min müəllim sertifikatlaşdırma prosesinə cəlb edilib. 2023-cü il üzrə ibtidai sinif müəllimləri üçün statistik nəticələrə görə, yüksək nəticə göstərənlər 10 faiz, qənaətbəxş hesab edilən 53 faiz, təkmilləşdirilməyə ehtiyacı olanlar isə 30 faiz təşkil edib”. Onun sözlərinə görə, sertifikasiya prosesində iştirak edən 30 min ibtidai sinif müəlliminin 0,7 faizi, yəni 223 nəfəri 0-9 bal toplayıb. Nazir qeyd edib ki, müəllimlərdən 10 faizi isə 10-19 bal yığıb. E.Əmrullayev əlavə edib ki, 51 bal həddini keçən müəllimlərin faiz göstəricisi isə 17 faiz təşkil edib.

“Nazim Bəydəmirlini özünün şikayətçi olduğu iş üzrə həbs ediblər” - Vəkil

Xəbər verdiyimiz kimi, Nərimanov Rayon Məhkəməsi keçmiş deputat Nazim Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Sozcu.az xəbər verir ki, onun vəkili Aqil Layıc bu barədə Abzas Media-ya danışıb. Vəkil bildirib ki, o, Cinayət Məcəlləsinin 182-ci maddəsilə (Hədə-qorxu ilə tələb etmə) ittiham olunur. “Uzun müddətdir Bəydəmirlinin də səhmdarı olduğu “Avto-Qarant” ASC-də pay bölgüsü ilə bağlı mübahisələr var idi. Bu iş üzrə Nazim Bəydəmirli özü DİN-ə müraciət etmişdi və araşdırmalar gedirdi. İndi özünün şikayətçi olduğu iş üzrə özünü həbs ediblər. Nazim Bəydəmirli ittihamları rədd etdi və bildirdi ki, onu Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazlarla bağlı həbs ediblər. Sabah qərardan apellyasiya şikayəti verəcəyik” – vəkil bildirib. Bəydəmirli məhkəmədə deyib ki, o, səhmdarı olduğu “Avto-Qarant” ASC-nin iclasında şirkətin xərclərilə bağlı məlumatların ictimailəşdirilməli olduğunu bildirib. Buna görə də “rüsvayedici məlumatların dərc edilməsi hədəsilə” həbs olunduğunu bildirib. İyulun 4-ü iş adamı saxlanılarkən Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov məlumat yayaraq N. Bəydəmirlinin Söyüdlü hadisələri ilə bağlı saxlanıldığını təkzib edib: “Nazim Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib. Belə ki, vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, cari il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib. Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir”, - Z.Hüseynov qeyd edib. Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazların gedişində “Yeni Müsavat” saytı etirazların Rusiya tərəfindən təşkil olunduğu ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunub ki, təşkilatçılar aksiyanın koordinasiyası üçün Nazim Bəydəmirli və Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovla əlaqəyə keçiblər. İddia olunur ki, N. Bəydəmirli hadisələri Bakıdan koordinasiya edib. “Yeni Müsavat”ın bu iddialarını AZTV, daha sonra isə millət vəkili Elman Nəsirov parlamentin iclasında təkrarlayıb. İyunun 26-da Nazim Bəydəmirli “Yeni Müsavat” saytını, AZTV-ni, millət vəkili Elman Nəsirovu məhkəməyə verdiyini açıqlayıb. O, iddiaların əsassız olduğunu və təkzib edilməsini tələb edib.