Uşaq pulu verilməli deyil, bu tələbi unudun! - Ekspertdən qalmaqallı açıqlama

"Azərbaycanda uşaq pulu o vaxt verilə bilər ki, təbii azalma prosesi baş versin və əhalinin strukturunda yaşlı əhalinin sayı çox olsun. Biz də bu problemlərin heç biri yoxdur, vəziyyət Avropadan daha yaxşıdır”. Sozcu.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspert uşaq pulunun nə üçün verilməməsinin səbəbini belə izah edib:  "Uşaq pulu nədir? Doğum artımını həvəsləndirən, ailələrin daha çox uşağa sahib olması üçün dövlət tərəfindən subsidiya mexanizmidir. Azərbaycanda həm əhalinin strukturunda gənclərin payı 40%-in üzərindədir, həm də təbii artımla bağlı müsbət tendensiya var. Məsələn, Avropada əhali azalanda, əhalinin strukturunda yaşlılar çoxalanda həmin ailələrə pul verirlər ki, uşaq sayı çoxalsın. Həm də miqrasiya qanunlarını yaxşılaşdırırlar ki, yaxşı işçi qüvvəsi cəmiyyətə qayıtsın. Azərbaycanda isə bu problemin heç biri yoxdur. Əhalinin strukturunda  gənclərin sayı kifayət qədərdir. Cəmiyyəti natahat edən işçi çatışmazlığı deyil, məşğulluq problemidir. Bu baxımdan, bizdə uşaq pulu verilməli deyil”.  Ekspert qeyd edib ki, bu gün cəmiyyətdə varlı və kasıb ailələr var:  "İndi uşaq pulu verəndə bunlara baxmadan bütün ailələrə uşaq pulu verirsən. Birincisi, Azərbaycan cəmiyyətində demoqrafik problem yoxdur,  əhalinin artımı baş verir, insanların sayı artır. İkincisi, əhalinin strukturunda yaşlanma problemi Qərb və Abropadakı kimi xüsusi aktuallıq kəsb etmir, gənclərin payı daha çoxdur. Üçüncüsü, uşaq pulunun ağına-bozuna baxmadan verilməsi bir az da ədalətsizlik yaradır. Çünki uşaq var ki, bahalı paltarlar geyinir, uşaq da var nimdaş geyinir. Bunların hər birinə büdcədən pul vermək doğru deyil”.  Ekspert təklif edib ki, uşaq pulunu verməkdənsə, dövlət kasıb ailələrə sosial ödənişlərin həcminin artırılmasına baxsa, daha yaxşı olar:  "Söhbət uşaqdan getmir ki, böyüyün də qarnı tox olmalıdır. Böyük var ki, iş tapa bilmir. Sosial çəhətdən köməyə ehtiyacı olan, ailə gəlirləri aşağı olan insanlara daha çox vəsaitin verilməsindən söhbət gedir. Ehtiyacı olan ailələr düzgün müəyyənləşdirilsin”. 

“İran Ermənistanın tərəfindədir” - İsrail silahla Bakıdan Tehrana mesaj göndərib? - İDDİA

İsrailin “Globes” nəşrində “Israel Aerospace conducts missile trial in Azerbaijan” (İsrailin Aerospace şirkəti Azərbaycanda raket sınaqları keçirib) adlı məqaləsində deyilir. Nəşr yazır ki,  “İsrailin “Barak MX” raket ələ keçirmə sisteminin nümayişi Azərbaycanla münaqişədə Ermənistanı dəstəkləyən İrana mesaj kimi də şərh edilə bilər. “Israel Aerospace Industries” (IAI) “Barak MX” raket ələ keçirmə sisteminin nümayiş etdirmə əməliyyatlarını uğurla başa çatdırıb. Şirkət sınaq təlimlərinin hansı ölkədə keçirildiyini açıqlamasa da, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, sınaq Azərbaycanda keçirilib. Azərbaycanda “Barak MX” “Yıldırım” adlanır. Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bu, ölkənin hava hücumundan müdafiə sisteminin təkmilləşdirilməsi məqsədilə planlaşdırılmış təlimdir. Azərbaycanın beynəlxalq hüquq normalarına görə Ermənistanın işğalı altında olan geniş ərazilərini azad etdiyi II Qarabağ müharibəsində əldə etdiyi uğurlardan təxminən üç il sonra Cənubi Qafqaz regionunda vəziyyət yenidən gərginləşib. Nəşr yazır ki, İran münaqişədə Ermənistanın tərəfindədir və İranın İnqilab Keşikçiləri Azərbaycana hədələyir.  “Barak MX” təyyarə, helikopter, pilotsuz uçuş aparatları və raketlər də daxil olmaqla, geniş çeşiddə hava platformaları və silahlardan yüksək keyfiyyətli müdafiəni təmin edən sistemdir. Sistem gecə-gündüz və istənilən hava şəraitində işləyə bilən dəniz və quru versiyalarına malikdir. O, çoxlu sayda eyni vaxtda təhlükələr də daxil olmaqla, mürəkkəb döyüş meydanı ssenarilərini uğurla idarə edə bilir. IAI-nin baş direktoru Boaz Levi bildirib ki, "Barak” sistemi çox funksiyalıdır və müxtəlif hava təhdidlərinin optimal şəkildə qarşısının alınmasına imkan verir. Elbəyi Həsənli, Sürix

Şəhid Turan Məhərrəmovun nişanlısı: “Özümə təsəlli verirəm ki, guya toyumuz olub” - VİDEO

Turan şəhid olandan bəri onun evində yaşayan Sayıb deyir ki, onların sevgisi məktəbdən başlayıb: “Mənə sevdiyini deyəndə beşinci sinifdə oxuyurdum. Sevilməyi Turanla öyrəndim, onunla böyüdüm. Əsgərliyə gedəndə məni qucaqladı, göz yaşlarını saxlaya bilmədi. Dedim, üzülmə, mən sənin yolunu gözləyəcəyəm”. Şəhidin nişanlısı Turansız keçən çətin günlərdən danışıb: “Bir ildir, bu evdə qalıram. Özümə təsəlli verirəm ki, guya toyumuz olub. Məni burada qoyub, özü də nə vaxtsa məzuniyyətə gələcək”. Ətraflı Baku TV-nin süjetində:

"Putin Kim Çen İndən yardım dilənir” - Metyu Miller

Vaşinqton hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreya lideri Kim Çen İn hərbi təchizat məsələsini müzakirə etdiyinə inanmağa əsas var. Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib. “Rusiyanın Şimali Koreyadan kömək istəməyə məcbur olması faktı Ukraynaya qarşı müharibənin Kreml üçün necə inkişaf etdiyini göstərir. Vladimir Putin ilyarım əvvəl Rusiya imperiyasının şöhrətini bərpa edəcəyini düşünərək bu müharibəyə başladı və özünün maksimalist, imperialist məqsədlərinə çatmadı. İndi, il yarımdan sonra on minlərlə rus əsgərini itirdikdən və milyardlarla dollar xərclədikdən sonra o, Kim Çen İndən yardım dilənir”, - Miller bildirib.

Bakı şəhərinə dənizdən körpülər atmaqla bir neçə giriş-çıxış yolu inşa etmək olar - TƏKLİF

Dəlinin yadına daş salmaq kimi çıxmasın, amma Bakı şəhərinə dənizdən körpülər atmaqla bir neçə giriş-çıxış yolu inşa etmək olar. Məncə, bu, paytaxta giriş-çıxışda anormal tıxacların qarşısını alacaq. Bu yekəlikdə şəhər Bibiheybət-Azneft yolunun, Sumqayıt-Xırdalan, Biləcəri yolu girişlərinin əlində girinc qalıb elə bil. Mirza Rashad Orbey, İctimai fəal

Müzəffər Tuğsavul paşa: “Bu mövqeyə gəldim, o günlərdəki kimi içdən qarşılanmanı nə gördüm, nə də görə biləcəyimi təxmin edirəm

Azərbaycana hərbi təlimlər keçmək üçün gəlmiş ilk 3 türk zabitindən biri, Nuri Paşanın hərbi heyətində təmsil olunan, Qafqaz İslam Ordusu zabitlərindən, keçmiş İzmir valisi Müzəffər Tuğsavul paşa "Sovetlərlə üz-üzə" adlı kitabımdan:  Azərbaycanlı siyasi mühacir Əsgər Aras onun vəfatı ilə bağlı yazmış olduğu “İtirdiyimiz böyük adam” məqaləsi Müzəffər Tuğsavul paşa haqqında təsəvvür yaratmaq üçün böyük əhəmiyyət kəsb edir. Həmin kiçik məqaləni tam olaraq burada verirəm :      “ Orgeneral Tuğsavul hərtərəfli mükəmməl bir insandı. Mən burada bu böyük insanın yaxından tanıdığım türkçülük vəsfini anlatmaq istəyirəm. Möhtərəm orgeneral, hələ çiçəyi burnunda təzə bir əsgər ikən, tale ona özü kimi üç gənc dostu ilə Azərbaycanın acı günlərində bu ölkəni başdan-başa qət edərək tətkiklərdə olmaq imkanını bəxş etmişdir. Söhbətlərimizdə daima mənə “İştə Türklük bütün şahlanışı ilə bu səyahətimdə mənim mənliyimə işlədi” – deyər və Allaha şükür edərdi. Azərbaycanda ikən günü gününə yazdığı 3 ədəd böyük not dəftərini daima çalışma masasının gözündə diqqətlə saxlar və özünü hər ziyarət etdiyimdə bunlardan parçalar oxumaqla özünü həyəcana gətirər, gözlərini yaşardardı: “Bu mövqeyə gəldim, o günlərdəki kimi içdən qarşılanmanı nə gördüm, nə də görə biləcəyimi təxmin edirəm” deyirdi. “Bizə kəsilən saysız qurbanlarımı, Türk əsgərlərini gördükləri üçün üzlərini qibləyə çevirib səcdəyə qapananlarımı, yoxsa yeddisindən yetmişinə qədər qatıldıqları möhtəşəm alaylarla əl üstündə daşınmamızımı anladım” deyər və bütün bunları təsvir edən not dəftərini həyəcanla oxuyardı. İştə Bərdə qəsəbəsinə girərkən ayaq izlərimizə üz sürtmək istəyən ixtiyar nənənin qırışlı əlini necə alıb öpdüyünü oxumağa başladı. Heç unutmaram, vali olaraq İzmirə gedəcəyi günlərin ərəfəsində idi. Bir gün mənə küçədə rast gəlmiş və düşüncəli olduğumu təxmin edərək “Nə düşünürsən Aras, mən Aras çayını 4 dəfə keçdim, beşinci dəfə keçəcəyim mütləqdir” – deyib mənə təsəlli vermişdi. Müzəffər Tuğsavul 1894-cü ildə Binqazidə doğul­muşdu. Atası Əhməd Vəqif bəy, anası Sidiqə xanımdır. 1912-ci ilin sentyabr ayında hərbi məktəbə girmiş, 1914-cü ilin iyul ayında həmin məktəbi bitirmişdi. 1915-ci ildə Teğmən, 1916-cı ilə üstteğmən olmuşdu.  Həmin zamanlarda Azərbaycanda vəziyyət çox gərgin idi. Daşnaklar bir tərəfdən, bir tərəfdəndə Bolşeviklər Azərbaycanı çıxılmaz vəziyyətə salmış¬dılar. Gəncə Milli Komitəsi bu təhlükələri önləmək üçün tədbirlər görürdü. Bu işdə Osmanlı Ordusu zabitlərindən, əslən Azərbaycan türklərindən olan Hüsaməddin Tuğaç xüsusi yardımlarda bulundu. Azərbaycanda milli kadrların, hərbiçilərin hazırlan¬ması üçün Osmanlıdan zabitlərin dəvət edilməsi istiqamətində işlər görürdülər. Hüsaməddin Tuğaç bununla bağlı xatirələrində qeyd edir :     “Gəncəyə gəldiyim günlərdən bu yana 3-cü ordumuzla əlaqə qurmaq üçün bir çarə tapmamışdıq. Ancaq Sarı Ələkbər İmamquluoğlunun İran üzərindən göndərdiyi adamlar müsbət nəticəyə vardılar. 6-cı ordu ilə əlaqə quruldu. Bir müddət sonra bu ordudan Topçu teğmeni Müzəffər Tuğsavul ilə Teğmən Midhət bəy Gəncəyə gəldilər”.     Gəncədə olduğu müddətdə Müzəffər paşa xüsusi hörmət qazanmış, xalqın yaddaşında özünəməxsus yer tutmuşdu. Azərbaycan Cümhuriyyəti Əksinqlabla Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyxza-manlı Müzəffər bəyin mübarək simasını unutmamış, hətta onu Türkiyədə gördükdə aralarında köhnə xatirələrlə bağlı çox maraqlı bir söhbət olmuşdu. Nağı bəy xatirələrində qeyd edir :     “Müzəffər bəyə 1936-cı ildə İstanbulda rast gəldim. Bu necə olmuşdu. Maraqlandığım bu hadisə xatirimdən asan-asan silinməz. Bir də, bir dəfə gördüyüm və maraqlandığm bir şəxsi aradan nə qədər zaman keçsədə, təsadüfən gördüyüm zaman tanıya-ram. Bir gün İstanbul Sirkəçidən keçirdim. Qarşıdan gənc və yaraşıqlı bir Genral gəlirdi. Generalı seyr edən zövq alır və çox diqqətlə baxırdım. Göz-gözə gəldik və geçdik. Fəqət mən yanılmadığıma əmin idim. Dərhal geri dönərək “Paşam bağışlayın, sizin adınız Müzəf-fərmi?” soruşdum. Mənə diqqətlə baxdıqdan sonra “Bəli” dedi. Mən “Paşam, 20 ildir bir-birimizi görmə-dik, məni tanıya bildinizmi ?” soruşdum. Paşa məni tanımamışdı. Bunun üzərinə “Mən Gəncəli Nağıyam paşam” dedim. O vaxt mənə “Biradər, bığsız da Nağı olarmı?” dedi. Birbirimizə sarıldıq, öpüşdük.     Müzəffər Tuğsavul həmin zamanlarda Azərbay-canı yaxşı tanıyır və Azərbaycana qarşı böyük sevgisi yaranmışdı. Əvvəlcə qeyd etdiyim kimi O Qafqaz İslam Ordusu Komandanı Nuri Paşanı müşayət edən dəstənin tərkibində Azərbaycana gəlmişdi. Nuri Paşanın qərargahında Müzzəfər Tuğsavulda var idi. Onunla birlikdə Qərargahda qərargah minbaşı Nazim bəy (Kütahyada şəhid olmuş), Tofiq bəy (cumhur-başkanının əski ümumi katibi), qərargah minbaşı qərargah minbaşı Naim bəy, topçu komandanı minbaşı Kamal Doğan (əski Kirklareli məbusu), Ordu yavəri leytenant Asif Əfəndi (Qılınc Əli bəy), süvari yüzbaşı Ədirnəli Sami (Atatürkün yavərlərindən minbaşı Sami Yanardağ), Əhməd Ağaoğlu (Siyasi müşavir).     Müzəffər Tuğsavul Qafqaz İslam Ordusu tərkibin-də Azərbaycanda olarkən xidmətləri ilədə fərqlən-mişdi. O, 1918-ci il sentyabr ayının 3-də təltif edilən Omanlı ordusu zabitlərindən biri olaraq 5-ci qılınclı Məcidiyyə ordeni ilə təltif edilmişdi.      Müzəffər Tuğsavul 1920-ci ilin may ayında Anadoluya keçmiş və milli orduya qatılmışdı. O həmin zaman Hərbi Məktəbdə təhsil alırdı. Bu səbəbdən hərbi təhsili yarımçıq qalmışdı. 1923-cü ilin oktyabr ayının 11-də yenidən Hərbi Məktəbə qayıtdı və həmin məktəbi 1925-ci ilin avqust ayının 8-də bitirərək qərargah zabiti olmuşdu. Müzəffər Paşa 1939-cu ilə qədər müxtəfil vəzifələrdə çalışaraq, hərbi məktəblər-də dərslər verərək 1939-cu ildə Tuğgeneral, 1941-ci ildə Tümgeneral, 1944-cü ildə Korgeneral, 1948-ci ildə Orgenerallığa qədər yüksəlmişdi. 1952-ci ilin yanvar ayının 27-dən may ayının 15-ə qədər İzmir Valisi vəzifəsində bulunmuşdu.    Müzəffər Tuğsavul paşa 1952-ci ilin may ayında bizlərdən ayrıldı (Məzarı Ankara Cəbəci şəhitliyin-dədir, C.N). Onun vəfat xəbəri həm türkiyəli qardaşlarımızı, həmçinin onu tanıyan azərbaycanlı siyasi mühacirləri kədərləndirmişdi. Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Yaxşı yaşamaq üçün ya popçu, ya topçu, ya da gopçu olmalısan...

Meyxanaçı Baləli 255 min manata özünə lüks avtomobil alıb.  Xeyir işlərə sürsün!  Allah olmayanlara da qismət eləsin!  Başqa nə deyim? Gözümü açandan belə eşitmişəm, belə öyrənmişəm... Futbolçu Messi isə özünə malikanə alıb. Mayami sahillərində olan malikanənin qiyməti nə az, nə çox, düz 10.8 milyon dollardır.  İki-üç gün əvvəl müxbirimiz bu barədə xəbər hazırlamışdı. Həmin yazını saytda yerləşdirəndə malikanənin dəbdəbəli görüntüsü gözlərimi qamaşdırdı. Əminəm ki, həmin xəbəri oxumusunuzsa, siz də mənimlə eyni hissləri keçirmisiniz. Yazmaqla, danışmaqla olmur, görmək lazımdır. Mən görəndən sonra bu sözlərə dedim: "Sağlığına qismət! Allah olmayanlara da yetirsin!"  Bu yaxınlarda Xalq artisti Brilliant Dadaşova, Əməkdar artist Könül Kərimova da dəbdəbəli villalarından paylaşım etmişdi. Müğənni Manaf Ağayev isə ehtişamlı evində klip çəkdirmişdi. Tamaşaçıları klipdən çox Manafın evinin parıltısı cəlb etmişdi.  Sağlıqlarına qismət!  Qapıları həmişə dost üzünə açılsın! Şou müxbirimiz deyir ki, müğənni Nəfəs, Afət, Türkan, Şəbnəm ölkənin adlı-sanlı alimlərindən 10 dəfə yaxşı yaşayır, lüks avtobil sürür, dünyanın ən cazibədar istirahət mərkəzlərində dincəlirlər...  Nə deyim? Allah o xoş gündən hamıya nəsib eləsin... Ölkənin ən vicdanlı alimlərindən biri, ixtisasca jurnalist olan istedadlı qələm adamı Mübariz Əhmədov ötən gecə qəfildən dünyasını dəyişib. Mübariz müəllimi ürəyi yarı yolda qoydu. Tələbələrin sevimlisi olan, həmişə yalan və talandan uzaq duran, heç vaxt əlini haram tikəyə uzatmayan jurnalist dostumuz sadə bir həyat yaşayırdı. O da bütün vicdanlı insanların taleyini yaşadı... Azərbaycanlıların yüz illərin sınağından çıxmış məşhur bir atalar sözü var: Ağ gün adamı ağardar, qara gün qaraldar...  Bu ölkədə ağ günə çıxanlar təkcə topçular və popçular deyil. Günəşli Vətənimzidə gopçular, yəni xalqın gözünün içinə baxa-baxa yalan danışanlar, zəli kimi büdcə vəsaitinə daraşanlar topçular və popçulardan da yaxşı yaşayır...  Dost-tanış bilir, mən Türkiyədə təhsil almışam. Universitetdə Kazım Yaşar Kopraman adlı savadlı bir müəllimimiz vardı. Kazım hoca tez-tez belə deyirdi: "Türkiyədə yaxşı yaşamaq üçün ya popçu, ya da topçu olmalısan".  Əminəm ki, Kazım Yaşar Kopraman Bakıda müəllimlik etsəydi, belə deyərdi: "Azərbaycanda yaxşı yaşamaq üçün ya popçu, ya topçu, ya da gopçu olmalısan..."  Seymur VERDİZADƏ 

Rusiyanın 517 hava hücumundan müdafiə sistemi məhv edilib

Ukrayna müharibənin 568-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 270 970 hərbçi, 4599 ədəd tank, 8810 ədəd zirehli döyüş maşını, 5944 ədəd artilleriya sistemi, 769 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 517 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8458 ədəd avtomobil texnikası, 4697 ədəd PUA, 1455 qanadlı raket, 20 gəmi/qayıq, 1sualtı qayıq, 889 xüsusi avadanlıq itirib.

Ermənistan hər an təxribat törədə bilər – Rəsmi Bakı

Azərbaycanın Qarabağ bölgəsinə istinadlarında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin sentyabrın 13-də yaydığı bəyanata dair şərhində bildirib. O qeyd edib ki, bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır.

Həmkəndlisi öldürüb meşədə basdırdı

Sentyanrın 14-ü saat 09 radələrində Oğuz rayonunun Mollalı kəndindəki meşəlik ərazidə 1990-cı il təvəllüdlü Kərimov Toğrul Söhbət oğlunun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Sozcu.az-a bildirilib ki, ilkin araşdırma zamanı T.Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb torpağa basdıran şəxsin 1992-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Məmmədov Pərvin Əlfəddin oğlu olduğu müəyyən edilib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.

İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək - Paşinyan

İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib. Paşinyanın sözlərinə görə, sülh region ölkələrinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə təminat verə biləcək yeganə amildir.

Paşinyan Putini həbslə hədələdi: Putin İrəvana gəlsə, qandallanacaq!

"Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu (Əsasnamə) tam ratifikasiya edir". Sozcu.az erməni mediasına əsasən bildirir ki, bunu baş nazir Nikol Paşinyan Milli Assambleyada hökumət saatı zamanı deyib. “Hökumət Roma Əsasnaməsini Milli Assambleyaya göndərdi və mənim mövqeyimə və fraksiyamızın mövqeyinə görə, o, tam təsdiqlənəcək. Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, bu, Ermənistanın təhlükəsizlik məsələlərinə aiddir”, - Paşinyan bildirib. 2022-ci ilin sonunda Ermənistan Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Əsasnaməsinin ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb. Bundan əvvəl sənədin ratifikasiya olunacağı təqdirdə Rusiya Prezidentinin Ermənistana daxil olarkən həbs ediləcəyi ilə bağlı məlumatlar yayılıb. Bu addımın təkrarən aktuallaşması Paşinyan hokumətinin Putinə şantajı kimi qəbul oluna bilər. Mesaj aydındı: Putin İrəvana gəlsə, qandallanacaq... Bu da o deməkdir ki, Paşinyan hökuməti Rusiya ilə bütün körpüləri yandırmağa hazırdır... Arayış: Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsi (ing. Rome Statute of the International Criminal Court) — 15 iyun 1998–17 iyul 1998 tarixləri arasında Birləşmiş Millətlər Təşkilatı Konfransının, İtaliyanın paytaxtı Romada qəbul etdiyi Beynəlxalq Cinayət Məhkəməsinin Qurulması haqqında statusdur. Beynəlxalq müqavilələrə tez-tez status deyilir və bu sənəd gündəlik istifadədə Roma Əsasnaməsi adlanır. Sazişin qəbuluna 160 səs verilmişdi; 120 lehinə, 21 bitərəf, 7 əleyhinə olmaqla səs çoxluğu ilə qəbul edilmişdi. Roma Statutunun təsir dairəsi dörd əsas beynəlxalq cinayətlə formalaşır: soyqırım, insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və təcavüz cinayətləri. Bu cinayətlərə heç bir məhdudiyyət tətbiq olunmur. Roma Statutuna əsasən, Beynəlxalq Cinayət Məhkəməsi, dövlətlərin özlərinin həll etməkdə çətinlik çəkdiyi və müdaxilə etmək istəmədiyi vəziyyətlərdə yalnız dörd əsas beynəlxalq cinayətin araşdırmasını apara bilər; məhkəmənin yurisdiksiyası yerli məhkəmələrin səlahiyyətləri ilə ziddyyət təşkil etmir. Məhkəmə yalnız cinayətlərin hər hansı iştirakçı dövlətin ərazisində və ya iştirakçı dövlətin vətəndaşı tərəfindən törədildiyi təqdirdə səlahiyyətlərə malikdir; İstisna olaraq, BCM-nin yurisdiksiyası Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən icazə verildiyi təqdirdə, bəzi beynəlxalq cinayətlərə də aid ola bilir.Musavat.com

Ermənistanın davranışları bölgədəki sabitliyə təhdiddir - Ceyhun Bayramov

13 sentyabr 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrə Universitetinin Qlobal Araşdırmalar İnstitutu ilə birgə “Regional təhlükəsizlik və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı” mövzusunda dəyirmi masa müzakirələri təşkil olunub. Bu barədə Sozcu.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.  Müzakirələr zamanı Ceyhun Bayramov ölkəmizin xarici siyasət prioritetləri, qonşu ölkələr ilə əlaqələrin perspektivləri, mövcud regional təhlükəsizlik məsələləri, çağırışlar və imkanlar barədə çıxış edib. Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrinin, o cümlədən baş verən regional proseslərin əlaqəliliyindən bəhs edən nazir son dövrlər ərzində həm ikitərəfli əsasda, o cümlədən çoxtərəfli platformalar çərçivəsində münasibətlərin inkişafında intensivliyin müşahidə olunduğunu bildirib. İqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, bağlantılar və s. sahələr ilə regional əməkdaşlığın perspektivlərinin mövcud olduğu, xüsusilə Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizinin əhəmiyyətinin artdığı bir şəraitdə bu sahədə əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb. Regional təhlükəsizlik məsələlərindən bəhs edən Ceyhun Bayramov, Ermənistanın Azərbaycan və Ermənistan arasında mövcud kövrək normallaşma və sülh gündəliyini təhlükəyə atan davranışlarının bölgədəki sabitliyə təhdid olduğunu bildirib. Bu xüsusda, son olaraq, bir tərəfdən Laçın yolu ətrafında vəziyyətlə bağlı guya bölgədə “gərgin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə əlaqədar əsassız iddiaların səsləndirilməsinin, digər tərəfdən Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin tələbatlarının ödənilməsi üçün Azərbaycanın Ağdam-Xankəndi və Laçın yollarının eyni zamanda istifafə edilməsi təkliflərinin rədd edilməsinin bu ölkənin bir-biri ilə ziddiyyət təşkil edən addımlarının nümunələrindən sadəcə biri olduğu diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov, həmçinin Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı verdiyi bəyanata baxmayaraq, ərazilərimizdə separatizmi təşviq edən ziddiyyətli açıqlamalar səsləndirməsinin anlaşılan olmaması ilə yanaşı, sülh prosesinin gələcəyini sual altında qoyduğunu bildirib.  Bu xüsusda, bölgədə gedən proseslər və regional vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən düzgün anlaşılması, habelə Ermənistanın sülh prosesinə zərbə vuran qeyri-sabit davranışlarının qınanmasının vacibliyi vurğulanıb. Daha sonra, müzakirələr sual-cavab sessiyası ilə davam edib.

Bakıdan yeni təkliflər aldıq - Mirzoyan

Ermənistan sülh müqaviləsi ilə bağlı Bakıdan yeni təkliflər alıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan məlumat verib. XİN rəhbəri prosesin davam etdiyini, bəzi məsələlərdə fikir ayrılığının olduğunu bildirib.

Paşinyan Zəngəzur dəhlizinndən danışdı: “Ermənistan üçün çox vacib layihədir”

Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentindəki çıxışı zamanı Zəngəzur dəhlizindən danışıb. Sozcu.az xəbər verir ki, Paşinyan Ermənistanın Horadiz-Mehri-Ordubad-Arazdəyən dəmir yolunun açılmasının əleyhinə olmadığını bildirib. “Hesab edirəm ki, bu, Ermənistan üçün çox vacib layihədir”. Baş nazir bildirib ki, Ermənistan regionda nəqliyyat yollarının açılmasının əleyhinə deyil: “Biz Azərbaycanla Türkiyə arasında, eləcə də Naxçıvanla Azərbaycanın qərb rayonlarını birləşdirən yolun Ermənistan ərazisindən keçməsinin tərəfdarıyıq. Biz regional qaz kəmərlərinin, neft kəmərlərinin, elektrik ötürücü xətlərinin Ermənistan ərazisindən keçməsinə qarşıyıq? Xeyr, biz buna qarşı deyilik, əksinə, bu layihələrdə maraqlıyıq. Bütün bunlar Ermənistanın, eləcə də digər ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində baş verməlidir”, - Paşinyan vurğulayıb. O, Ermənistan Respublikasının suverenliyini və ya yurisdiksiyasını hər hansı şəkildə şübhə altına alan bəyanatın Ermənistan üçün qəbuledilməz olduğunu bildirib. "Bu, bizim üçün qırmızı xəttdir", - Paşinyan deyib. Bununla yanaşı, Nikol Paşinyan xatırladıb ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yalnız “Laçın dəhlizi” nəzərdə tutulub: “Ermənistan ərazisindən keçən dəhliz nəzərdə tutulmayıb, amma ümumilikdə demək istəyirəm ki, biz beynəlxalq ictimaiyyətin qulağında çaşqınlıq yaratmamalıyıq, çünki bir çox hallarda, məsələn, Avropada dəhliz deyirlər. Amma nəqliyyat yolların deyilməlidir”. "Onlar yol istəyir, biz də istəyirik və biz Ermənistanın suverenliyi və yurisdiksiyası çərçivəsində bu yolları açmağa hazırıq", - Paşinyan əlavə edib. Onun sözlərinə görə, uzun müddətdir ki, Ermənistan hökumətinin gündəliyində Ermənistan-Azərbaycan sərhədində üç keçid məntəqəsinin açılması layihəsi var. 

Ermənistan Putinin əleyhinə olan sənədi təsdiqləyəcək - Paşinyan açıqladı

Ermənistan hökuməti Roma Statunu parlamentə göndərib və sənəd tam ratifikasiya olunacaq. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O, bu sənədin Rusiyaya qarşı olmadığını bildirib. “Bunun Ermənistan-Rusiya münasibətləri ilə heç bir əlaqəsi yoxdur, hər şey Ermənistanın təhlükəsizlik problemi ilə bağlıdır”, - Paşinyan qeyd edib. Ətraflı Xatırladaq ki, Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya üçün parlamentə təqdim edib. Sənəddə Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı maddənin olub-olmadığı məlum deyil. Qanun layihəsi parlamentin saytında dərc olunmayıb. Martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi (BCM) haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Saziş Ermənistan parlamenti tərəfindən ratifikasiya edilməlidir. Bundan əvvəl Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin həbs edilməsi barədə order çıxarıb. BCM-nin qərarına əsasən, Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır. Rəsmi Moskva BCM-nin məlum qərarını tanımadığını, bu qərarın Rusiya Federasiyası üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.

Rusiyanın itkiləri 270 mini ötdü

Ukrayna müharibənin 567-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 270 350 hərbçi, 4584 ədəd tank, 8792 ədəd zirehli döyüş maşını, 5902 ədəd artilleriya sistemi, 766 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 517 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8444 ədəd avtomobil texnikası, 4650 ədəd PUA, 1455 qanadlı raket, 19 gəmi/qayıq, 884 xüsusi avadanlıq itirib.

Putinin antiazərbaycan çıxışının arxasında nə dayanır? – “Azərbaycanın parçalanması planının...”

“Rusiya prezidenti Vladimir Putinin dünənki açıqlamasından öncə də onun Azərbaycanla bağlı qərəzli mövqedə açıqlamaları olmuşdu. Putinin açıqlamalarını ümumi biz məzmuna yığanda görürsən ki, Rusiya həmişə ermənilərin yanında olub”. Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Rusiya prezidenti Vladimir Putinin ötən gün Şərq İqtisadi Forumu (ŞİF) çərçivəsində Azərbaycan və Ermənistanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. Xatırladaq ki, Rusiya lideri açıqlamasında İkinci Qarabağ müharibəsindən öncə Rusiyanın Ermənistana Qarabağın dağlıq hissəsi ilə yanaşı Kəlbəcər və Laçını da təklif etdiyini dilə gətirmiş, lakin İrəvanın Moskvanın bu absurd təklifinə qarşı çıxdığını qeyd etmişdi. Eyni zamanda V. Putin rus sülhməramlılarının mandatı haqqında çıxış edərkən söyləyib ki, guya bölgədə Azərbaycan tərəfindən etnik təmizləmə riski mövcuddur deyə, sülhməramlı kontingentin Qarabağda yerləşməsi davam etməlidir. Öz növbəsində, Q. Hüseynli bildirib ki, Moskva daim işğal siyasətinin həyata keçirilməsində, sonrakı dövrlərdə isə sülh tənzimlənməsinə qədər həmişə Ermənistana məsləhət verməyə, eləcə də sülh danışıqlarında aparıcı rol oynamağa çalışan və çox zaman da buna nail olan bir dövlət olub: “Rusiyanın İkinci Qarabağ müharibəsindən əvvəlki mövqeyi yalnız 5 rayonun (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı – red.) geri qaytarılması, Laçın və Kəlbəcərin isə Ermənistanla Qarabağın dağlıq hissəsi arasında bir plasdarm kimi həmişəlik qalması idi. Kreml bunu istəyirdi. Putin bu gün nə deyirsə-desin, bütün dövrlərdə Rusiya tərəfi Azərbaycanın ərazi bütövlüyünü tanımayıb, o cümlədən Qarabağ da daxil olmaqla Laçın və Kəlbəcərin Ermənistana verilməsini nəzərdə tutan mövqeyi müdafiə ediblər. Onlar faktiki olaraq, Azərbaycanın parçalanması planının başında durublar. Çox şükür ki, bu plan alt-üst oldu və baş tutmadı”. Analitikin fikrincə, bu gün erməni siyasi rəhbərliyi ilə Rusiya arasında bir polemika var: “Rusiya içi yana-yana gah xarici işlər naziri Sergey Lavrovun, gah nazirlik sözçüsü Mariya Zaxarovanın, gah da prezident Vladimir Putinin dilindən deyir ki, Dağlıq Qarabağın Azərbaycana verilməsində Rusiyanın günahı yoxdur, bunu erməni siyasi rəhbərliyi təsdiqləyib. Onlar bu açıqlamalar isə ərazi bütövlüyümüzə şübhə yeri qoyur və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına əlahiddə bir formada çalışırlar”. “O ki qaldı Putinin “etnik təmizləmə” ilə bağlı açıqlamasında, bu məsələdə də ruslar açıq-aşkar ermənipərəst mövqe tuturlar. Ruslar bölgədə qalmaq üçün min-bir bəhanə axtarırlar deyə, bölgədə etnik təmizləmənin baş verəcəyi ilə bağlı hədyanlar söyləyirlər. Azərbaycan tərəfi ermənilərin bu bölgədə yaşamasına, onlar üçün hər cür şəraitin yaradılmasına tərəfdardır və bunu əməl etməyə də hazırdır. Rusiyanın yenidən qıcıqlandırma siyasəti yürütməsi, olmayan hadisələrə rəng qataraq, onu başqa bir formada təqdim etməyə çalışması açıq-aşkar təxribatdan başqa bir şey deyil. Bu nöqteyi-nəzərdən, Rusiyanın bölgədə destruktiv rol oynadığına zərrə qədər şübhə yeri qalmır”, – əlavə edib. Politoloq əmindir ki, V. Putin indidən rus sülhməramlılarının bölgədən çıxmamağı üçün hələ ki nəzəri məsələləri irəli sürür: “Putin hələlik uydurma faktları gündəliyə sırıyır və guya rus əsgərinin bölgədə olması əmin-amanlıq, qarşıdurmadan yayınmaq, xüsusilə də ermənilərin etnik təmizlənməsinin qarşısının alınmasını bir zərurət kimi ortaya çıxarır. Rusiya bu gün proseslərdən narahatdır, çünki işğalçı, imperialist bir ölkədir. Rusiya bundan sonra da bölgənin və bizim başımızı hələ çox ağrıdacaq”.

Putinin Paşinyana şərti:"..."Qarabağ Azərbaycan ərazisidir” bəyanatından imtina et!”…

“Qarşıda Qranada görüşü də gözlənilir. Bu görüşədək Azərbaycanı hərbi təxribata çəkmək üçün Qarabağda və dövlət sərhədində gərginlik yaradan addımların atılması gözləniləndir. Odur ki, strateji təmkin siyasəti bizim üçün vacib xəttdir…” Putin yalnız indi deyil, hələ keçən il Praqa görüşündə Almata deklarasiyasını qəbul edən Ermənistan baş nazirini Valday diskusiya klubunda hədəfə alaraq, onu Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdiyinə görə şantaj etmişdi. O dərəcədə ki, keçən il oktyabrın 31-də Soçidə keçirilən görüşdən sonra altı ay danışıqlara fasilə verildi. Dünən Vladivostokda keçirilən tədbirdə bir daha bu məsələyə münasibət bildirən Rusiya prezidenti faktiki olaraq Qarabağın Azərbaycanın ərazisi olduğunu elan etmiş Paşinyanı qınadı. Putinin dediklərinə diqqət edək: “Əgər Ermənistan Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa, biz nədən danışırıq? Bütün problemin əsas açar hissəsini, yəni, Qarabağın statusunu Ermənistan özü müəyyən edib. Bütün problem də budur”. Putinə sual vermək lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfdən tanınması ( hələ şifahi bəyanatla) niyə Rusiya üçün, şəxsən Putin üçün problemdir? Hərçənd cavabını çoxdan bilirik…  Elə həmin mətbuat konfransında Putin Paşinyanla münasibətlərində problem olmadığını dildə desə də, qonşuları ilə normal münasibətlər yaratmağa çalışan Paşinyanı hakimiyyətdən devirib, rusiyayönümlü bir ermənini Ermənistanın başına gətirməklə Qarabağ münaqişəsini uzun müddətə dondurmaq niyyətindədir. Yaxşı xatırlayırıq ki, 44 günlük müharibəyədək Qərb də, Rusiya da Azərbaycana təzyiq edir və “mövcud reallıqla barışmağı” məsləhət görürdülər. İndi Putin köhnə varianta qayıtmaq üçün Ermənistanda hakimiyyəti dəyişdirməyi və yeni hakimiyyətin “Dağlıq Qarabağa müstəqillik” tələbi ilə çıxışını əsas götürüb, “yeni reallıq” kimi Azərbaycan qarşısında qoymağı planlaşdırır. Və yaxud, bu plan baş tutmadıqda “B” planına keçsin. Yəni, hazırda Putin Paşinyana təzyiq edir ki, “Qarabağ Azərbaycanın tərkib hissəsidir” bəyanatından açıq şəkildə imtina etsin və Ermənistan baş naziri bunu guya son zamanlar Azərbaycanın qeyri-konstruktiv mövqeyi ilə izah etmiş olsun. Dünənki çıxış göstərdi ki, Putin artıq paralel olaraq ikinci planına da start verib. Mövqeyini tez-tez dəyişən Paşinyanın belə bir bəyanat səsləndirməsi də istisna deyil və Azərbaycan buna hazır olmalıdır… Putinin Vladivostokdakı çıxışı həm də Rusiyanın əsil sifətini göstərdi. Putin Laçın və Kəlbəcər də daxil olmaqla keçmiş Dağlıq Qarabağın Ermənistana təklif edildiyini və bunu Ermənistanın qəbul etmədiyini təəssüf hissi ilə vurğulayıb məyusluğunu etiraf etdi. Bu o deməkdir ki, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazisini erməniyə peşkəş etmək siyasəti hələ Putinin planında qalır. Bu siyasətin gizlin tərəfləri qalmayıb. Üç ilə yaxındır ki, Qarabağa gələn Rusiya hərbi kontingenti sülh naminə heç nə yaratmayıb. Azərbaycanın humanitar yük maşınlarının da Ağdam yolundan keçməsinə şərait yaratmayan Rusiyanın məqsədinin sülh deyil, məhz qarşıdurmanı daha da gərginləşdirməkdir…  Alınan məlumatlara görə, Azərbaycan-Ermənistan danışıqları tezliklə Vaşinqton müstəvisində davam edəcək. Avropa İttifaqının səmərəsiz fəaliyyəti və onun Borrel kimi rəsmilərinin yanlış bəyanatları ortada olduğundan, görünür, Vaşinqton artıq Brüssel görüşlərinə ciddi yanaşmamağı qərara alıb. Təbii, Vaşinqton süddən çıxan ağ qaşıq deyil, amma ABŞ-ın hədəfi Rusiyanı Cənubi Qafqazdan çıxarmaqdır və bu istiqamətdə istədiyinə nail omaq üçün iki ölkə arasında tezliklə sülh müqaviləsinin imzalanmasını və Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılmasını şərt hesab edir. Qarşıda Qranada görüşü də gözlənilir. Bu görüşədək Azərbaycanı hərbi təxribata çəkmək üçün Qarabağda və dövlət sərhədində gərginlik yaradan addımların atılması gözləniləndir. Odur ki, strateji təmkin siyasəti bizim üçün vacib xəttdir…  Amma, bu o demək deyil ki, Azərbaycan baş verənlərə zəruri cavablar verməsin, əksinə, Azərbaycan bu günlərdə yeni qanuni tələblərlə çıxış edərsə, Laçın yolu ilə bağlı hələ də qalmaqda olan gərginliyi müəyyən qədər səngidə bilər. Bu məqsədlə Laçın yoluna tətbiq olunan bəzi məhdudiyyətlərin aradan qaldırılması üçün şərt olaraq 10 noyabr bəyanatına əsasən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etmək mümkün variantlardan biridir… Əlbəttə, bölgədə gedən proseslərə Ukrayna müharibəsinin ciddi təsiri var və perspektivdə də gözlənilir. Burada Rusiyanın uğursuzluğu bizim maraqlarımıza uyğundur. Amma, heç kəs zəmanət vermir ki, mütləq Rusiya məğlub olacaq. Ona görə də Putinin Qarabağla əlaqədar planlarını alt-üst etmək üçün zamanı dəyərləndirməli və Türkiyə ilə koordinasiyalı siyasət yürüdüb, 2025-ci ildə Rusiyanın Qarabağdan çıxarılmasını qarantiyaya almaq lazımdır. Çətindir, amma mümkündür… (moderator) İlham İsmayıl

“Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək...”

“Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək...” Gürcüstanın keçmiş Prezidenti və Odessa Regional Dövlət Administrasiyasının keçmiş rəhbəri Mixail Saakaşvili Ukraynanın hazırda atəşkəsə razılaşacağı halda nə baş verəcəyini proqnozlaşdırıb. O, hesab edir ki, belə olduğu təqdirdə bir-iki ildən sonra Rusiya Ukraynanı məhv edəcək və başqa dövlətlərin ərazisində müharibələrə başlayacaq. Sozcu.az xəbər verir ki, Saakaşvili bu barədə “Ukrainskaya pravda”da təqdim etdiyi köşə yazısında yazıb. Saakaşvili hesab edir ki, Rusiyanın Ukraynaya hücumu kollektiv Qərbə qarşı müharibədir və hələlik bunu yalnız ukraynalılar yaşayır. Lakin siyasətçinin fikrincə, əgər rəsmi Kiyev indi atəşkəsə razılaşarsa, onda bir-iki ildən sonra Ukrayna çökəcək və Putin yeni müharibələrə başlayacaq. "Ukrayna indi atəşkəs elan etsə, nə olacaq? Nə olacaq ki, bir-iki ildən sonra o, mütləq çökəcək və Putin mütləq Polşanı və Baltikyanı ölkələri işğal edəcək. O, yol boyu faktiki olaraq heç bir xüsusi səy göstərilmədən Gürcüstan və Moldovanı da udacaq” , – Gürcüstanın eks-prezidenti belə deyib. Saakaşvili onu da əlavə edib ki, Ukrayna öz qurbanları bahasına indi Avropaya öz həyat tərzini qoruyub saxlamağa kömək edir. O qeyd edib ki, indi Zelenskini tərəfdaşlara qarşı sərt davranışda ittiham edənlər dərk etməlidirlər ki, məhz ənənəvi diplomatiya indi baş verənlərə gətirib çıxarıb. Siyasətçi proqnozlaşdırır ki, Rusiya üzərində qələbədən sonra Ukrayna hamının hesablaşmalı olacağı super gücə çevriləcək. "Və siz hələ də hazır olmalısınız ki, bu qələbədən sonra Ukrayna bütün regionun - Mərkəzi Asiyadan tutmuş Atlantikaya qədər super gücünə çevriləcək. Mən bu barədə 2005-ci ildə danışdım, ancaq onda heç kim məni ciddi qəbul etmədi. Zelenski, demək olar ki, instinktiv olaraq bu müharibənin əsas fabulasını hiss etdi və eyni zamanda Ukraynanı və bütün müttəfiqlərini və tərəfdaşlarını düzgün nəticəyə aparır. Və Qərb artıq bu qatardan atlana bilməyəcək”,- deyə  Saakaşvili vurğulayıb. Xatırladaq ki, Saakaşvili ukraynalı uşaqlara kömək etmək təşəbbüsü ilə çıxış edir.

Müharibədə bir ayağını itirmiş qazi: “Evə, işə ehtiyacım var”

Hazırda çətinliklər, sıxıntılar, problemlər içində olan qazilərimizdən biri də şəkili Polad Əmir oğlu Mədənidir. O Polad Mədəni ki, xüsusi təyinatlı kimi ömrünün 10 ilini hərbdə keçirib. O Polad Mədəni ki, İkinci Vətən Müharibəsində 16 erməni faşistini cəhənnəmə göndərib. O Polad Mədəni ki, Füzuli şəhəri işğaldan azad olunan gün ölümlərdən dönüb, Vətən yolunda bir ayağını itirib. O Polad Mədəni ki, səkkiz medallı və bir ordenlidir. O Polad Mədəni ki, başdan-ayağa Vətən sevdalısıdır, birinci qrup Qarabağ əlili olmasına baxmayaraq, bu gün də Ali Baş Komandanın bir əmrinə hazırdır.  Polad 1989-cu ilin may ayının 30-da Şəki şəhərində sadə bir ailədə dünyaya gəlib. Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyidir. 1996-2005-ci illərdə Şəki şəhərində yerləşən Rəşid bəy Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə 9 illik təhsil alib. 2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda yerləşən “N”saylı hərbi hissədə qulluq edib. Həqiqi hərbi xidmətini, əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinin yanına dönüb və cəmi bir ildən sonra - 2010-cu ildən isə həyatını yenidən hərb sənəti ilə bağlayıb. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin KOBRA Dəstəsində fəaliyyətə başlayıb, snayperçi olub.  2013-cü ilin fevral ayının 11-də atasını itirib. 2016-cı ildə ailə həyatı qurub. Umud və Pınar adlı iki övlad atasıdır.  Qeyd etdiyimiz kimi, Polad bir hərbçi, bir xüsusi təyinatlı, bir Vətən sevdalısı kimi 44 günlük İkinci Vətən Müharibəsində iştirak edib. 20 günlük şərəfli döyüş yolu keçib, Kəlbəcər, Cəbrayıl, Füzuli, Qubadlı, Hadrut istiqamətlərində döyüşüb, düşmənə sözün əsl mənasında qan uddurub, 16 erməni hərbçisini öldürüb. Oktyabr ayının 16-da isə Füzuli şəhərində minamyot atəşinin partlaması nəticəsində ağır yaralanıb. 52 gün Daxili İşlər Nazirliyinin hospitalında yatıb, ağır müalicə və müayinələrdən keçib, əməliyyat olunub, sağ ayağını tamamilə itirib. Sonradan səhhəti ilə əlaqədar Daxili Qoşunlardan təxris olunub, birinci qrup əlillik dərəcəsi alıb.  İstər müharibədən öncə, istərsə də müharibədən sonra medallarla -“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı, o cümlədən, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubalının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Polad hazırda Bakı şəhərində, özünə məxsus olmayan bir evdə yaşayır. Minik maşını ilə təmin olunsa da, hələ də nə Bakı şəhərində, nə Şəki şəhərində evlə, mənzillə təmin edilib.Onun eyni zamanda, digər həllini gözləyən problemləri var. Ancaq təəssüflər olsun ki, aidiyyatı qurumlar, o cümlədən Şəki şəhər İcra Hakimiyyəti tərəfindən bu istiqamətdə hansısa bir addım atılmır.  Polad Mədəninin dediklərindən:  “Mən birinci qrup müharibə, Qarabağ əliliyəm. Bir ayağımı itirmişəm. Əgər lazım gəlsə, bu vəziyyətimdə belə yenidən Vətənimin müdafiəsinə, Ali Baş Komandanın bir əmrinə hazıram. 10 ilin Xüsusi Təyinatlısı olmuşam. Heç zaman da fikirləşməmişəm ki, gedib döyüşüm, yaralanım, sonra da dövlətdən nəsə istəyim, alım. Bu Vətən yolunda təmənnasız şəkildə döyüşmüşəm, vuruşmuşam, yaralanmışam, əlil olmuşam, canım Vətənimə, dövlətimə qurban. Amma mən də insanam, ailəliyəm, iki övladım var. Onlara baxmaq, dolandırmaq lazımdır. Bu günə kimi nə Bakı şəhərində, nə də Şəki şəhərində evlə, mənzillə təmin olunmuşam. Ailəmlə Bakıda tanış bir adamın evində yaşayıram. Axı, nə vaxtacan?! Heç bir yerdə də işləmirəm. İstəyirəm ki, təsərrüfatla məşğul olum, buna da kömək edən, şərait yaradan yoxdur. Bizim məmurlar, səlahiyyət sahibləri nə üçündür, nəyə baxırlar? Niyə vəzifə borclarını yerinə yetirmirlər? Bizlərlə, qazilərlə maraqlanmaq, bizlərə, qazilərə kömək etmək onların borcudur. Ancaq təəssüflər olsun ki, çox zaman bunun əksini görürük…”  A.Zeynalov  Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Ukraynanı vuran sualtı qayıq məhv edildi

Ukraynanın Sevastopol limanına endirdiyi raket zərbələrinin detalları açıqlanıb. Sozcu.az xəbər verir ki, Rusiya mətbuatı zərbə nəticəsində bir desant gəmisi və bir sualtı qayığın ciddi zədələndiyini bildirib. Məlumata görə, zərbə nəticəsində buxtada olan “Rostov-Don” dizel-elektrik sualtı qayığı və “Minsk” böyük desant gəmisi yanıb. Bildirlib ki, ruslar “Rostov-Don” sualtı qayığından Ukrayna şəhərlərinə raket zərbələrində istifadə edirdilər.

Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək - Arif Hacılı

Putin Dağlıq Qarabağın tam olaraq, üstəlik Laçın və Kəlbəcərin dəhliz kimi Ermənistana verilməsi planının baş tutmamasına görə məyusluğunu gizlətmir.  Azərbaycanın ərazi bütövlüyünü  tanıdığı üçün Paşinyana qarşı qəzəbini açıq ifadə edir.  Bununla belə Putini Azərbaycanın dostu kimi təbliğ edən soydaşlarımız da var.  Özünü l Pyotrun ardıcılı kimi təqdim etməyə çalışan Putin Rusiyanın Pyotrun çarlığı dövründə başlayan və 1828-ci ildə Azərbaycan ərazilərində erməni vilayətinin yaradılması ilə nəticələnən siyasətini yalnız Paşinyanla münasibətlərə görə dəyişdirməyəcək.  Putin Ermənistan-Azərbaycan münaqişəsinin bitməməsi üçün əlindən gələni edəcək və onu yalnız Ukrayna cəbhəsində ağır məğlubiyyət durdura bilər. Arif Hacılı, Müsavat Partiyasının başqanı 

Rus politoloq SƏRSƏMLƏDİ: "Qarabağ Azərbaycanın NATO-ya gedən yolunda əsas maneədir"

“Qarabağ Azərbaycanın NATO-ya gedən yolunda əsas maneədir”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunun rusiyalı politoloq Fyodor Voytolovski İrəvanda keçirilən dəyirmi masa zamanı deyib. Onun sözlərinə görə, bu, Alyansın Cənubi Qafqaz ölkələrini, xüsusən də Gürcüstan və Azərbaycanı fəal şəkildə inteqrasiya etməyə çalışması fonunda baş verir: “Türkiyə Birləşmiş Ştatlara sadiq qalaraq, Azərbaycanı gələcəkdə NATO-nun bir hissəsi kimi görmək məqsədi ilə mümkün qədər sıx əməkdaşlıq üçün tam kart-blanşa malikdir. Bunun üçün Bakıya Ermənistanla ərazi mübahisələrini həll etmək lazımdır. Bu, Azərbaycanın xeyrinə həll olunarsa, ölkənin Alyansa daha dərindən inteqrasiyası üçün imkanlar açacaq”. Görünən odur ki, rusiyalı politoloqu bu səpgidə danışmağa vadar edən erməni lobbisinin pullarıdır. Görəsən, Fyodor Voytolovski Ermənistanla ABŞ arasında hərbi təlimlərdən niyə danışmır. Məgər öz suveren hüquqlarını bərpa etmək istəyən bir ölkənin hüquqi hərəkətlərini siyasiləşdirmək ideyası ermənilərin və ya rus şovinistlərinin hansı məqsədinə yarayacaq?!konkret