İranda yeni növ narkotikdən istifadə kəskin artdı

İranda, xüsusən, yeniyetmələr və gənclər arasında yeni növ narkotik maddə olan “Keptaqon” həblərinin istifadəsi geniş yayılıb. Sozcu.az xəbər verir ki, bu barədə Narkotiklərlə Mübarizə Polisinin keçmiş rəisi Məhəmməd Məsud Zahidian açıqlama verib. İrandan olan mənbələr bildiriblər ki, etiraz aksiyalarını yatırmaq üçün göndərilən məmurlara qəddarlaşmaları və daha da aqressivləşmələri üçün “Keptaqon” verilir.

İrandan 29 kq narkotik gətirilməsinin qarşısı alındı

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 29 kiloqram 455 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avqust ayının 20-də saat 12:15-də Yardımlı rayonu, Ləzran kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 5 kiloqram 15 qram narkotik vasitə (2 kq 430 qram marixuana, 2 kq 585 qram tiryək) və saat 13:10-da Cəlilabad rayonu, Edişə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 24 kiloqram 440 qram narkotik vasitə (13 kq 760 qram marixuana, 7 kq 870 qram heroin, 1 kq 815 qram tiryək, 995 qram metamfetamin) aşkar olunaraq götürülüb. Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Sosial müavinət alanların nəzərinə!

Avqustun 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Ödənişlər Fond tərəfindən ödəniləcək.

Şəmkirdə həmkəndlilər arasında dava: bir nəfər bıçaqlandı

Şəmkirdə həmkəndlilər arasında dava olub, bir nəfər bıçaqlanıb. Sozcu.az xəbər verir ki, hadisə Mahmudlu kəndində qeydə alınıb. Şəmkir rayon sakini, 1968-ci il təvəllüdlü F.Alıyev mübahisə zəminində bıçaqlanıb. O, bir neçə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Onun həmkəndlisi, 1992-ci il təvəllüdlü Ü.Paşayev hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Ukrayna kəşfiyyatı: Rus aerodromlarına hücumlar...

Ukrayna Baş Kəşfiyyat İdarəsi tərəfindən koordinasiya edilən gizli qruplar iki aerodromda rus bombardmançı təyyarələrinə PUA-larla zərbələr endiriblər. Sozcu.az xəbər verir ki, bu barədə Baş Kəşfiyyat İdarəsindəki mənbə NV-yə danışıb. Mənbənin sözlərinə görə, son bir neçə gündə diversiya qrupları aralarında strateji bombardmançılar da olmaqla 5 rus təyyarəsini sıradan çıxarıblar. Belə ki, avqustun 19-da Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən agentlər Novqorod vilayətindəki “Soltsı” hərbi aerodromuna hücum ediblər. Rusiyanın 1 ədəd Tu-22M3 bombardmançısı və daha iki təyyarəsi məhv edilib. Mənbə bildirib ki, avqustun 21-də də Kaluqa vilayətindəki Şaykovka aerodromuna edilən hücum zamanı daha iki rus bombardmançısı ciddi zədələnib. Qeyd edək ki, Novqorod vilayətinə hücum zamanı Tu-22M3 borbardmançıların birinin məhv edildiyi, digərinin ciddi zədələndiyi haqda ötən gün məlumat yayılmışdı.

ABŞ-dan ukraynalı pilotlarla bağlı açıqlama

Əgər avropalı tərəfdaşlar çatdıra bilməsələr, ABŞ ukraynalı pilotlara təlim keçməyə hazırdır. Sozcu.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Sabrina Sinqx deyib. “Avropada təlim proqramları dolu olarsa, biz pilot təlimlərinə açığıq. Hazırlıqlara Danimarka və Niderland rəhbərlik edir. Əgər onların Ukraynanın göndərdiyi qədər pilot yetişdirmək imkanları yoxdursa, biz ABŞ-da təlim keçməkdə kömək edəcəyik”, - məlumatda qeyd olunub. Sinqx həmçinin bildirib ki, ukraynalı pilotlar həm də ingilis dili proqramını keçməlidirlər.

Düşmən təxribata cəhd etdi, Ordumuz dərhal dayandırdı!

Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Bundan başqa, avqustun 22-si saat 06:15-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bərdədə ermənilərlə görüş gözlənilir

Yaxın günlərdə Azərbaycanın hökumət nümayəndələri ilə Qarabağın erməni icması arasında Bərdədə görüş keçirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, görüş zamanı Ağdam-Xankəndi yolunun açılması məsələsi müzakirə olunacaq.

Rusiyanın itkiləri 259 minə yaxınlaşır

Ukrayna müharibənin 545-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 258 340 hərbçi, 4362 ədəd tank, 8476 ədəd zirehli döyüş maşını, 5295 ədəd artilleriya sistemi, 721 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 491 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7722 ədəd avtomobil texnikası, 4312 ədəd PUA, 1406 qanadlı raket, 18 gəmi/qayıq, 797 xüsusi avadanlıq itirib.

Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Aparatının İqti̇sadi̇yyat şöbəsi̇nin müdiri Zahid Qənbərov vəzifəsindən azad edilib. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə muxtar respublikanın Baş naziri Səbuhi Məmmədov əmr imzalayıb. Əmrə əsasən, o, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində işə qəbul olduğu üçün vəzifədən azad olunub.

Neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 84,33 dollara, yüngül neftin bir barreli isə 80,72 dollara satılır.

Əbülfəz Elçibəyin vəfatından 23 il ötür - Anım günü

Bu gün milli azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının mərhum prezidenti (1992-1993) Əbülfəz Elçibəyin anım günüdür. Sozcu.az xatırladır ki, Ə.Elçibəy 1938-ci il iyunun 24-də Ordubad rayonunun Kələki kəndində anadan olub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz Elçibəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək, 1965-ci ildə ADU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. Ə.Elçibəy 80-ci illərin sonlarında Azərbaycanda başlayan milli azadlıq hərəkatının rəhbərlərindən, Azərbaycan Xalq Cəbhəsinin qurucularından biri olub. 1992-ci ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Ə.Elçibəy 1 il sonra Gəncə hadisələri ilə əlaqədar paytaxtı tərk edərək, Kələki kəndinə gedib. Daha sonra siyasi fəaliyyətini Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi davam etdirib. Xərçəng xəstəliyindən əziyyət çəkən Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Fəxri xiyabanda dəfn olunub.

Ana özünü bıçağın qarşısına verdi - DƏHŞƏTLİ hadisənin TƏFƏRRÜATLARI

Şabran rayonunun Mollakamallı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb. Kənd sakinləri 1967-ci il təvəllüdlü Səadət Kərimova və qızı 1992-ci il təvəllüdlü Sədaqət Kərimova bıçaqlanıb. Sədaqət Kərimova bıçaqla özünə qəsd etmək istəyib. Hadisə zamanı ona müdaxilə etmək istəyən anası, Səadət Kərimova və qızı bıçaq yaraları alıb. Hər iki şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri qənaətbəxşdir. Lent.az-ın yerli sakinlərdən aldığı məlumata görə, Sədaqət Kərimova ailəsindən boşanıb və psixoloji problemləri var.

DSMF-nin 986 minə ofis icarəyə götürdüyü xanım sahibkar kimdir?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) qurumun maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis icarəyə götürür.  Sozcu.az xəbər verir ki, bununla bağlı DSMF fərdi sahibkar Hüseynova Almaz Hacı qızı ilə müqavilə imzalayıb. Qurum ofis üçün 36 aya 986 040 AZN icarə haqqı ödəyəcək. Bu halda bir ay üçün icarə haqqı 27 390 AZN-ə düşür.  DSMF ötən il Almaz Hüseynovadan 9 ay müddətinə icarəyə ofis götürüb. Bu müddət üçün icarə haqqı 240 702 AZN təşkil edib. Məlum olur ki, ötən illə müqayisə də icarədar icarə haqqını 645 AZN artırıb.  Almaz Hüseynova barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.qaynarinfo)

Ukraynanın zərbələri Rusiyada panikaya səbəb oldu

Ukrayna Silahlı Qüvvələrinin rus qoşunlarının arxa cəbhəsinə endirdiyi zərbələr Rusiyanın informasiya məkanında narazılıq və narahatlıq yaradır. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitunun hesabatında qeyd olunub. “Ukrayna ordusunun zərbələri Rusiyada hərbi komandanlığın tənqidinə səbəb olur. Bu cür hücumlar Ukraynadakı rus qoşunlarının əhval-ruhiyyəsini əhəmiyyətli dərəcədə pisləşdirir və bu, rusların müdafiəsinin ümumi sabitliyinə təhlükə yarada bilər”, - hesabatda bildirilib.

ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror törədib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Terror Qurbanlarının Xatirəsini Anma Günü ilə bağlı "X" hesabında paylaşım edib. Sozcu.az xəbər verir ki. paylaşımda deyilir ki, erməni terrorunun qurbanı təkcə Azərbaycan deyil. “Məlumdur ki, terroru dövlət səviyyəsində dəstəkləyən ölkə olan Ermənistanın terror təşkilatları, o cümlədən ASALA dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədib. Erməni terror təşkilatları Azərbaycana qarşı ərazi iddialarının ardınca 1980-ci illərdən başlayaraq Azərbaycanın mülki əhalisini hədəfə alıblar. Azərbaycanın mülki əhalisinə qarşı ictimai avtobusların və metro qatarlarının partladılması daxil olmaqla 30-a yaxın irimiqyaslı terror aktı törədilib. Bu gün biz erməni terrorunun günahsız qurbanlarının xatirələrini ehtiramla yad edirik”, - XİN-dən bildirilib.

İranlı millət vəkili türkləri təhqir etdi

İranın Sumee-Səra şəhərinin parlamentdəki nümayəndəsi Seyid Kazım Delxoş Əbatəri azərbaycanlıları təhqir edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Belə ki, o, insanlarla görüşü zamanı fars dilində telefonla danışarkən “Bunlar türklərdir, heç nə anlamırlar”, - deyərək, həyasızcasına Azərbaycan türklərini aşağılayıb.

KİV: Ukrayna kaset sursatlar sayəsində əks-hücum əməliyyatlarında daha çox uğur qazana bilir

Ukrayna ABŞ-dən aldığı kaset sursatlar sayəsində əks-hücum əməliyyatlarında daha çox uğur qazana bilir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “Vaşinqton Post” nəşri yazıb. Bildirilib ki, kasetli bombalar sayəsində Ukrayna Silahlı Qüvvələri düşmənin hücumlarını dayandıra bildi: “Bu silahlar Ukraynanın əks-hücumu üçün də faydalı oldu”. Qeyd olunub ki, kasetli sursatlar Rusiyanın irəliləməsinin qarşısını alır: “Ukrayna bu silahlardan xüsusilə Rusiya qüvvələrinin gizləndiyi sıx meşələri bombalamaq, zirehli maşınları məhv etmək üçün istifadə edir”. Xatırladaq ki, Ukrayna bu ilin iyulun 20-də kasetli sursatlardan istifadə etməyə başlayıb. 2010-cu ildə kasetli sursatlar haqqında konvensiya qüvvəyə minib. O, tərəflər və ya imzalayan 123 dövlətdə onların istifadəsini, istehsalını və yığılmasını qadağan edir. 123 ölkə sənədi ratifikasiya edib. Rusiya, ABŞ və Ukrayna bu siyahıya daxil deyil.

KİV: “Təhlükəsizlik qüvvələri Putindən Şoyqu və Gerasimovun istefaya göndərilməsini tələb edir”

Rusiya təhlükəsizlik qüvvələri Prezident Vladimir Putindən müdafiə naziri, ordu generalı Sergey Şoyqunu və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovu istefaya göndərməyi tələb edir. Bu barədə “Blomberg” Rusiya elitasındakı mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, məqsəd ölkədə tam səfərbərliyin elan edilməsidir. Qeyd olunub ki, Rusiya elitasındakı müəyyən təbəqə V.Putinin “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin iyun ayındakı silahlı qiyam cəhdinə zəif cavab verməsindən narahat olub: “İndi tam səfərbərlik üçün Şoyqu və Gerasimovun istefası tələb olunur. Təhlükəsizlik qüvvələri daha aqressiv müharibəyə, o cümlədən tammiqyaslı səfərbərliyə və hərbi vəziyyətə keçidin bir hissəsi kimi Şoyqunu başqası ilə əvəz etmək istəyirlər”. Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Bu ilin iyun ayından Ukrayna ordusu cəbhə xəttində əks-hücum əməliyyatları həyata keçirir. Qeyd edək ki, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.

Prokuror BSU-nun sabiq şöbə müdirinə 8 il cəza istədi

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə yekunlaşmaq üzrədir. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı təqsirləndirilən Dürdanə Əliyevanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini, eyni zamanda zərərçəkmişlərə dəyən ziyanın ödənilməsini istəyib. Proses sentyabrın 8-də davam etdiriləcək. Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent D.Əliyeva barəsində araşdırma aparılıb. D.Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

“Dönərxanalar insan tərinin, milçək yumurtalarının insanlara satıldığı bir yerdir – “AQTA-nın rəhbərliyi “hə, hə” dedi, amma heç bir iş görmədi”

Vay o günə ki, yay ayında könlünə dönər düşə, ya da cibindəki pul dönər almağa çata. Belədirsə, dönərxanaya gedərkən yanınızda sərinkeş, ya da dəsmal aparmağı unutmayın. Çünki əks halda restoranlarda qaynar soba başında dönər hazırlayanların bol “tər”avətli dönərləri iştahınıza bir az duz qatacaq. Bu halla qarşılaşan xeyli sayda vətəndaşın sosial şəbəkələrdəki şikayətlərindən də aydın olur ki, sahibkarlar o öz işçilərini qızmar istidə kondisionersiz dönərxanada istismar edirlər. Yay aylarında çörək pulu qazanmaq üçün bu işə möhtac qalanların əziyyətini heç kim yerə vurmaq istəməz. Müzakirələr zamanı isə bildirilib ki, dönər hazırlayanların əlacları olsa, 1 saat belə isti soba başında, bu cür ağır şərtlərdə işləməzlər, lakin sahibkarlarla yanaşı, restoran əməkdaşları da işlərinə qarşı məsuliyyətli olmalıdırlar. Heç kim başqasının “alın təri”nə qarışmış dönəri yemək istəməz... Şikayətlər sırasında dönər hazırlayanların əlcəkdən istifadə etməmələri də gündəmə gətirilib. Bütün bu müzakirələrin fonunda isə ən çox Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tənqid olunub. Məsələ ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da deyib ki, dönərxanalar Azərbaycanda çox ciddi problemlərdən biridir.  Eyyub Hüseynov: “İcra Hakimiyyətinin göstərişi mağaza sahibinin hüququnun  pozulmasıdır” – VİDEO – Yeni Çağ Media “Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində 2 il İctimai Şuranın üzvü oldum. Dəfələrlə bu problemlərin həll edilməsi üçün məsələ qaldırdım, alternativləri də göstərdim. Lakin AQTA-nın rəhbərliyi “hə, hə” dedi, amma heç bir iş görmədi. Bəli, dönərxanalar insan tərinin, milçək yumurtalarının insanlara satıldığı bir yerdir. Burada dönərlərin keyfiyyəti məsələsi, əlbəttə, daim sual altındadır. Çox təəssüf ki, AQTA iş görəndə yalnız radikal, yəni “bağlama” işi görür. Biz biznes qurumlarının bağlanmasının qətiyyən tərəfdarı deyilik. İstehlakçıların seçim hüquqları mövcud olmalıdır. Sadəcə, gərək AQTA onların standartlara uyğunlaşdırılması üçün iş görsün, lazım olanda müəyyən dövlət vəsaitləri cəlb olunsun ki, onlar standartlara uyğun fəaliyyət göstərsinlər”, - sədr deyib. E.Hüseynov bildirib ki, tələbin təklifi üstələdiyi yerlər ənənəvi olmayan at, eşşək ətinin, murdar ətlərin satıldığı yerlərdir: “Dönərxanalar da belə yerlərdir. Dəfələrlə murdar olmuş heyvan ətlərini Bakıya gətirən şəbəkə ifşa olunub. Bu məsələdə ən uğurlu işi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi görür. Onlar təkcə cərimə edib buraxmırlar. Həbs də həyata keçirirlər. Lakin Azərbaycan məhkəmələri qısa müddətdə DİN-in həbs etdiyi insanlara bəraət verir, buraxır, onlar da yenidən bu işlə məşğul olurlar. Dönərxanalar konkret standartlara uyğun olmalıdır. Əslində dönərxanalara getsək, görəcəyik ki, çoxlu kağızlar asılıb. Guya bu dönər hansısa müəssisədən alınıb. Lakin heç kim sübut edə bilməz ki, orada hazırlanan dönər kağızı verən müəssisəyə aiddir, yoxsa yox. Bir kağız asırlar, istehlakçı tələb edəndə onu göstərirlər. Bu sahədə ciddi dönüş aparılmalıdır. Düşünürəm ki, insanların qısaömürlü olmasının, apteklərdə, həkimlərdə növbədə durmasının ciddi səbəblərindən biri məhz pis qidalanmağımızdır”. E.Hüseynovun sözlərinə görə, Azərbaycanda zəhərlənmələrin sayı gizlədilir: “Statistika, təxminən, ümumdünya göstəricisi ilə 700 dəfə az göstərilir. Ümumdünya göstəricisinə baxsaq, yer üzündə 1 il içində hər 10 adamdan biri zəhərlənir. Bu hesabla Azərbaycanda 1 ildə 1 milyona qədər zəhərlənmə qeydə alınmalıdır. Lakin biz AQTA-nın saytında baxsaq, görəcəyik ki, ortaya 700 dəfə gizlədilmiş bir rəqəm çıxır. Eləcə də zəhərlənmələrdən ölənlərin sayı. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Ümümdünya Səhiyyə Təşkilatının siyahısında uzunömürlülüyə görə 198 ölkə arasında 115-ci yerdədir, Banqladeşdən, Şri-Lankadan və digər 3-cü dünya ölkələrindən çox-çox geridə qalır. Dahi Hipokrat deyib ki, nə yeyiriksə, oyuq. Deməli, ömrümüz ona görə qısadır ki, çox təhlükəli mal yeyirik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əgər öz varlığını sübut etmək istəyirsə, buyursun, Ümumdünya Səhiyyə Təşkilatının siyahısında lupa qoyub Azərbaycanın vəziyyətinə diqqətlə baxsın”.

Röya Ayxanın lüks villası - FOTO

Xalq artisti Röya Ayxan yeni fotoları ilə diqqət çəkib. Bizim.Media xəbər verir ki, Mərdəkandakı lüks villasında istirahət edən sənətçi hovuz kənarında başında qara şlyapa və əynində sarı rəngli çimərlik geyimində şəkillər çəkdirib. Röya fit və ideal bədən quruluşu eyni zamanda günəşlənmiş dəri rəngi ilə göz oxşayıb. Estrada ulduzu cazibədar fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, hər yay xarici ölkəyə tətilə gedən Röya Ayxan bu mövsüm istirahətini təxirə salıb. Buna səbəb müğənninin sentyabrın 1-2-3-də Konqres Mərkəzdə verəcəyi konsertlə əlaqədardır. Belə ki, Röya iyul ayından başlayaraq musiqili gecəsinin məşqlərinə başlayıb.

Vardanyan Arayiki hədələdi: “Cavab verəcəksən!”

Qondarma rejimin “rəhbəri” Araik Arutyunyan və sabiq “dövlət naziri” Ruben Vardanyan arasında münasibətlər gərginləşməkdədir.  Sozcu.az “Hraparak”a istinadla xəbər verir ki, bu barədə R. Vardanyan videomüraciətində bildirib. “Siz ancaq pulun və vəzifənin hər şeyi idarə edə biləcəyinə inanırsınız. Araik, yanılırsınız. Həftənin əvvəlində istefa verəcəyinizi deyirdiniz. Deyirdiniz ki, artıq qərarınızı vermisiniz deyə, sizi istefaya inandırmağa ehtiyac yoxdur.  Başqalarına isə təzyiq altında olduğunuzu və vəzifədən getmək istəmədiyinizi dediniz. Siz hər dəfə fərqli insanlara fərqli şeylər deyirsiniz və bu qəbuledilməzdir. Siz bizim bir yumruqda birləşməyimizi istəmirsiniz. Siz “dövlət qurumları”nı məhv edirsiniz. Son 30 ildə fərqli insanların qurduğu “dövləti” məhv edirsiniz. Sizin bunu etməyə haqqınız yoxdur. Etdiklərinizə görə “Artsax xalqına” cavab verməli olacaqsınız. Mən onların yanında dayanacağam!” 

İmamoğlu gözlənilən təhlükə ilə bağlı istanbullulara səsləndi

İstanbul meri Əkrəm İmamoğlu quraqlıq təhlükəsi ilə əlaqədar Türkiyə metropolunun sakinlərini suya qənaət etməyə çağırıb.  Sozcu.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb:  “Bütün vətəndaşları su sərfiyyatı və qənaətlə bağlı daha diqqətli olmağa çağırıram. İstanbulun su anbarlarında su ehtiyatı normanın 32,38%-nə qədər azalıb ki, bu da son 9 ilin ən aşağı göstəricisidir”. Bələdiyyə sədrinin verdiyi hava proqnozlarına görə, bu həftə İstanbulda orta temperatur 30 dərəcəni keçəcək. Bundan əvvəl şəhər rəhbərliyi yerli su anbarlarında suyun iki aya kifayət edəcəyini açıqlamışdı.