Xəbər verdiyimiz kimi, yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub.
Məlumata görə, zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.
Maraqlıdır, Azərbaycanda hansı istiqamətlər zəlzələ ilə bağlı risk zonası hesab edilə bilər? Yeni zəlzələnin ehtimalı varmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən seysmoloq Ənvər Əliyev Azərbaycanda zəlzələlərin olmasını normal hal kimi dəyərləndirib. Ekspert risk zonası hesab edilən ərzilərin adlarını da çəkib:
“Cavan dağəmələgəlmə zonalarında, Talış dağlarında zəlzələlərin olması labüddür. Azərbaycanın ərazisi başdan-ayağa zəlzələ zonasında yerləşir. Orta və aşağı ballı zəlzələlər Azərbaycan ərazisində olub, olur və olacaq. 4 baldan aşağı olan zəlzələlər seysmoloji cihazlarla qeydə alına bilər. Belə zəlzələrdə isə dağıntılar olmur, ümumiyyətlə dağıntı olmadığı halda zəlzələnin qorxusu yoxdur. Azərbaycanda Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintilərə mövcud seysmoloji xəritə əsasında icazə verməlidir.
Yaponiyada 9 ballıq zəlzələdə heç bir dağıntı olmur, insanlar narahatlıq keçirmir. Nə üçün 5 ballıq zəlzələdən qorxmalıyıq? Əksər hallarda keyfiyyətsiz, ucuz tikinti məhsullarından istifadə edib ev, obyekt və s. tikirlər, sonra həmin tikili başlarına uçanda zəlzələni səbəbkar çıxarırlar. Bizdəki məsuliyyətsizlik problemlər yarada bilər, zəlzələlər yox. Biz dünyanın 3 ən aktiv dağəmələgəlmə prosesi olan zonada yaşayırıq. Burada zəlzələnin olması planetin qanunauyğuluğudur. Baş verə biləcək zəlzələnin zamanı, gücü haqqında isə dəqiq, elmi fikir demək olmaz, bu, mümkün deyil”.
Mütəxəssisin sözlərinə görə, tikinti qaydalarına düzgün əməl edilsə, zəlzələ qorxusu da aradan qalxmış olar:
“Azərbaycanda cavan dağlıq ərazilərdə zəlzələlərin olması normaldır və gözləniləndir. Yaxşı haldır ki, son zəlzələ 5 bal gücündə olub. Bu, yerin daxilindəki gərginliyinin hissə-hissə üzə çıxma faktıdır. Böyük maqnitudalı, yüksək ballı zəlzələnin olacağı ilə bağlı qorxuya düşmək lazım deyil. Sadəcə olaraq, tikinti sənayesində 8-9 ballıq zəlzələyə davamlı tikililər ərsəyə gətirmək lazımdır, çünki Azərbaycan risk zonasındadır”.