Sirri açıram: Qarabağlılarla razılaşmışdıq ki... - Paşinyan

Ermənistan Dağlıq Qarabağın (keçmiş qondarma qurum nəzərdə tutulur – red.) rəhbərliyi ilə əvvəlcədən razılaşaraq, Dağlıq Qarabağın statusu məsələsində səviyyəni aşağı saldı. Lakin sonradan “Dağlıq Qarabağ rəhbərliyi” bu səviyyəni qaldırdı. Sozcu.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 4-də Milli Assambleyanın iclasında deputatların suallarını cavablandırarkən deyib. “Sizə bir sirr açım: Qarabağlı həmkarlarımızla birlikdə səviyyəni aşağı salmağa çalışdıq. Bəs sonra nə oldu? Biz səviyyəni aşağı saldıq, amma “Dağlıq Qarabağ” (keçmiş qondarma qurum – red.) sonra onu qaldırdı. Və mən də bunu sizin təklifinizlə qaldırdım”, - deyə Paşinyan müxalifətə müraciət edib. O əminliklə qeyd edib ki, əgər “Qarabağ rəhbərliyi” əvvəllər əldə edilmiş razılaşmalara və ümumi anlaşmaya əməl etsəydi, o zaman bütün baş verənlərin qarşısını almaq olardı.

ABŞ da təsdiqlədi: Türkiyədə gizli Qarabağ görüşü...

Dövlət Departamenti Azərbaycanın Qarabağda antiterror tədbirlərindən 2 gün əvvəl ABŞ, AB və Rusiya diplomatlarının Türkiyədə görüşməsi barədə mətbuatda dərc olunan məlumatı təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən “Amerikanın səsi”nə verilən açıqlamada bildirilib. “Sentyabrın 17-də İstanbulda keçirilən görüşün məqsədi Qarabağda aktual humanitar ehtiyacların həlli olub. ABŞ mövcud vəziyyətə dərindən qarışmaqda davam edir və tərəflərə Cənubi Qafqazda davamlı sülhün əldə edilməsinə kömək etmək öhdəliyi götürür”, - məlumatda qeyd olunub. Xatırladaq ki, “Politiko” nəşri İstanbulda 17 sentyabrda ABŞ, AB və Rusiyanın Qarabağla bağlı gizli görüş keçirdiyi haqda məlumat yaymışdı.

Sarkis Qalstyan Xankəndiyə komendant təyin edilib?

Bir neçə gündür ki, Ermənistan mediası Sarkis Qalstyan adlı Qarabağ ermənisinin Azərbaycan tərəfindən Xankəndiyə komendant təyin edildiyi barədə xəbər tirajlayır. Bu xəbərlərdə erməni jurnalist Tatul Akopyana istinad olunur. Erməni jurnalist özünün Facebook səhifəsində yazıb ki, “Sarkis Qalstan Xankəndi komendantı təyin olunub”. Amma Azərbaycanın rəsmi qurumları hələ ki xəbərə reaksiya bildirməyib. Modern.az saytının məlumatına görə, “Azadlıq” radiosunun erməni xidməti - “Azatutyun” yayılan informasiyanı araşdırmağa çalışıb. Sarkis Qalstyanın Ermənistandakı qohumları “Azatutyun”a deyiblər ki, o, həqiqətən də arvadı ilə birlikdə Qarabağda qalıb. Qohumlardan biri deyib ki, ötən gecə Qalstyanla söhbət edib və o, azərbaycanlılarla əməkdaşlıq etdiyini və hər hansı vəzifəyə qoyulduğunu inkar edib. Qohumlarının sözlərinə görə, Sarkis Qalstayan İrəvandakı yaxınları ilə Qarabağdakı Rusiya sülhməramlıları vasitəsilə danışıb. Qeyd olunur ki, Sarkis Qalstyan Qarabağ separatçılarının "keçmiş parlamentində deputat" olmuş David Qalstyanın əmisidir. Qondarma “deputat” deyib ki, əmisinin Xankəndinin komendantı təyin olunmasına və azərbaycanlılarla əməkdaşlıq etməsinə dair heç bir məlumatı yoxdur. O deyib ki, əmisini son dəfə sentyabrın 28-dən sonra görüb və həmin vaxt Qarabağdan evakuasiya gedirdi. David Qalstyanın sözlərinə görə, əmisi ona deyib ki, Ermənistana getməyəcək və Qarabağda qalan ermənilərə kömək edəcək. David Qalstyan onu da deyib ki, əmisi uzun illər Dağlıq Qarabağda müxtəlif vəzifələrdə çalışıb, 1990-cı illərdə hərbi əməliyyatlarda iştirak edib, Şuşada "başçı müavini" olub. Daha sonra qondarma “Hərbi vətənpərvərlik və təhsil nazirliyində” orta vəzifədə çalışıb. 

Ukrayna bu ərazidə “boz zona"nı ələ keçirdi

Ukrayna ordusu Avdeyevka-Donetsk xəttində məhdud hücum əməliyyatlarını davam etdirərək irəliləyiş əldə edib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, Ukrayna qüvvələri Donetskin qərbində, Nevelskoye yaxınlığında “boz zona”nı ələ keçirib: “Ruslar Avdeyevka-Donetsk xəttində hücum əməliyyatlarını davam etdirsələr də, uğursuz alınıb. Bununla yanaşı, rus qoşunu Kupyansk-Svatovo-Kremennoy xəttinə qurudan zərbələr endirib, bir qədər irəliləyib. Geolokasiya görüntülərindən görünür ki, ruslar Kremennoydan 22 km şimal-qərbdə Makeyevkadan bir qədər şərqə doğru irəliləyiblər”.

Xankəndidə ələ keçirilən Araik Bakıya belə gətirildi - Video

Araik Arutyunyan cinayət məsuliyyətinə cəlb edilib. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri birgə məlumat yayıb. Qeyd olunub ki, Azərbaycanın Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Azərbaycan Baş Prokurorluğu və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Arutyunyan Araik Vladimiri tərəfindən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi münaqişədə və hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Bundan başqa, Araik Arutyunyan tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin formalaşdırılmasına və fəaliyyətinin təşkilinə, cinayətkar birlik halında həmin birləşmələrin silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika və əsgəri ləvazimatla təchizinə, bunlardan istifadə hazırlığı üzrə təlimlərin təşkil edilməsinə, eləcə də qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə əsaslı şübhələr müəyyən olunmuşdur. İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin, Araik Arutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikasının ərazilərinin davamlı şəkildə minalanması, cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Azərbaycan Respublikasının Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Araik Arutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir. Cari il oktyabrın 3-də Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilmişdir. Hazırda Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rəisi: İran qəti şəkildə Zəngəzur dəhlizinə qarşıdır

NATO qüvvələrinin Cənubi Qafqaz regionunda olması İran üçün qəbuledilməzdir. Sozcu.az xəbər verir ki, bu sözləri İslam Prezidenti İbrahim Rəisi Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüşündə deyib. “Zəngəzur dəhlizi NATO qüvvələrinin Cənubi Qafqazda mövcudluğu üçün əsas olacaq ki, bu da region ölkələrinin milli təhlükəsizliyinə təhdid yaradır. İslam Respublikası buna qəti şəkildə qarşı çıxır”, - Rəisi bildirib.

Türkiyəli nazir: “Zəngəzur dəhlizi İrandan keçə bilər”

“Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında iştirakdan imtina edərsə, dəhliz İrandan keçə bilər”. Bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “TRT” telekanalına müsahibəsində deyib. “Vacib sual Zəngəzur dəhlizinin Ermənistandan keçib-keçməyəcəyidir. Dəhliz real coğrafi şərait nöqteyi-nəzərindən keçdiyi ərazilərin hər hansı biri üçün faydalı olacaq. Düşünürük ki, Ermənistan bu məsələyə siyasi vasitəçilik etmədən qiymət verəcək. Əks halda, alternativ dəhlizin İran sərhədlərindən keçməsi olacaq”, - deyə o qeyd edib. Nazir qeyd edib ki, dəhlizin bəzi hissələri istisna olmaqla, Zəngəzur marşrutu artıq böyük miqyasda hazırdır: “Bakıdan Xankəndi şəhərinə gedən marşrut var. Bundan sonra Türkiyə şirkətinin Ermənistanla sərhədə qədər apardığı işlər gəlir. Naxçıvanda 110 km-ə yaxın marşrut var və orada yolların bir az salınmasına ehtiyac var. Bundan sonra marşrut Qarsa gedəcək. Türkiyə ərazisində 224 km yol olacaq”. Onun sözlərinə görə, yaxın vaxtlarda Naxçıvan ərazisində işlərə başlanacaq: “Və bir ay ərzində Türkiyə marşrutun bir hissəsinin öz ərazisində tikintisi üçün tender keçirəcək”.

Qukasyan meyitlərdən qızılı buna görə toplamışdı

Ermənilərin 80-ci illərin əvvələrindən Azərbaycana qarşı hazırlanan işğal proqramında “Krunk” (Durna) adlanan bir terror təşkilatının aktiv iştirakı olub. Bu təşkilat 1988-ci il martın 24-də SSRİ Ali Sovetinin qərarı ilə buraxıldı. Buna baxmayaraq, təşkilat bu gün də fəaliyyət göstərir. Sozcu.az xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Qarabağın keçmiş separatçı dəstəsinin keçmiş başçılarından olan və hazırda həbs edilərək Bakıya gətirilən Arkadi Qukasyanın terror fəaliyyəti haqda qeyd edib. Alim xatırladıb ki, “Krunk” təşkilatından daha separatçı, təxribatçı “Qarabağ komitəsi” də vardı: “Bu komitənin əsas məqsədi keçmiş Dağlıq Qarabağ vilayətini Ermənistana birləşdirmək idi. Bu komitə Dağlıq Qarabağın Ermənistana ilhaqına dair bir sıra planlar hazırlayırdı. Təşkilatın üzvlərinə bu şəxslər də daxil idi: Ermənistan ordusunun qurucusu Vazgen Sərkisyan, Şuşada doğulmuş, Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, sonradan Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan, Xankəndidə doğulmuş, Ermənistanın prezidenti olmuş Serj Sərkisyan, keçmiş “dqr”in keçmiş “prezidenti” Arkadi Qukasyan, Xankəndidə doğulmuş, ifrat erməni millətçilərindən, ideoloq Zori Balayan”. Alimin sözlərinə görə, Sumqayıtda baş verən hadisələrin də ssenaristləri onlar idi: “1988-ci ildə, hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində evin yandırılması və azərbaycanlı dinc sakinlərin bir neçəsinin yaralanması ilə nəticələnən təxribat aksiyası konkret olaraq Robert Köçəryan, Serj Sərkisyan, Arkadi Qukasyanın təşkliatçılığı və bilavasitə rəhbərliyi altında törədilmişdi. Qarabağda azərbaycanlı və rus zabitlərin və dövlət rəsmilərinin olduğu 20 noyabr Qarakənd üzərindəki helikopter faciəsini də törədən məhz bu təşkilat idi. Qukasyan uzun zaman jurnalist olub. Hadisələr başlanan gündən varlanmağın yolunu tapan Qukasyan terror fəaliyyətinə başlayıb. 1957-ci ildə Xankəndi şəhərində anadan olduğu yazılır. Lakin o, Xocalı rayonunun ən cənubunda yerləşən, ermənilərin “Moşxmaat” adlandırdğı Quşçubaba (orijinal Quşi-baba) kəndində anadan olub. Məhz ilk dəfə bu qatilin amansız hərəkətləri haqda məlumatı Quşçubaba və Mədətkənd döyüşləri zamanı aldıq. Arkadi Qukasyan və Zori Balayan birlikdə Xocalıda soyqırım törədən 366-cı alayın komandiri Zarviqorov Yuri Yuryeviç ilə danışıqlar aparıb. Razılaşmadan sonra Arkadi Qukasyan erməniləri toplayaraq bildirib: “366-cı alayın bütün şəxsi heyəti və texnikası ilə razılaşdıq. Amma bu, bizə çox baha başa gəldi. Əmr belədir: evlərdən, meyitlərin üstündən çıxan pulun-qızılın hamısı bir yerə toplanmalıdır. Döyüş planı da alayın qərargahında hazırlanacaq. Hücum “Sumqayıt hadisələri”nin ildönümü günü başlanacaq”. Xocalı, Meşəli, Kosalar kəndində amansız soyqırımın iştirakçılarından biri da Qukasyan idi. Qukasyan törətdiyi vəhşliliklərə görə Montenin, Köçəryanın, Sərkisyanın, Balasanyanın, Saakyanın və digərlərinin rəğbətini qazanır və bundan sonra onun karyerası yüksəlir. Yeri gəlmişkən: Onun İrəvanda Sərkisiyanın villası ilə yanaşı böyük villası olduğu deyilir, çünki bu iki qatil döyüş meydanında birlikdə yerli dinc sakinlərə qarşı qətllər törətmişlər. Sərkisyanın prezident olduğu dövrdə hər yay tətilini birgə keçiriblər. PKK düşərgəsində hərbi təlimlər alan Qukasyan onları Ermənistanla əməkdaşlıq etməyə sövq edir. Ermənistan xaricdən dəstək almaq üçün Laçın ərazilərində kürd vilayətinin yaradılması ideyası ilə çıxış edib. Bununla da ermənilər PKK terror təşkilatının dəstəyini qazanıb. 1992-ci ildə Robert Köçəryan, Serj Sərkisyan və Arkadi Qukasyanın təşəbbüsü və Dünya Erməni Terror Təşkilatlarının dəstəyi ilə Livan, İraq və Suriyadan keçmiş Dağlıq Qarabağa gətirilən kürd könüllülərdən təşkil edilən bir batalyon Azərbaycana qarşı döyüşürdü. Qarabulaq və Dəmirçilər döyüşləri zamanı qarşısına çıxan dinc sakinləri zirehli maşında əzib keçən Qukasyanın Qarabağın digər rayonlarında qanlı əməllərə imza atması məlumdur. Füzuli rayon sakini Validə Cəfər qızı İbrahimova yazdığı izahatında göstərmişdir ki, R.Köçəryan və A.Qukasyan həqiqətən qaniçən, vətəndaşlarımızı güllələyən cani və cinayətkarlardır. V.İbrahimova bu alçaqları öz gözləri ilə görən bir insan kimi xahiş və tələb edir ki, onlar haqqında beynəlxalq aləmdə lazımi ölçü götürsünlər”.

Elçin Əmirbəyov: “Ermənistanla sülh danışıqlarını dərhal bərpa etmək lazımdır”

“Azərbaycan və Ermənistan dərhal sülh danışıqlarını bərpa etməlidir”. Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran və Hudson İnstitutunun baş elmi işçisi Lyuk Koffinin suallarını cavablandırarkən deyib. “Dərhal sülh danışıqlarını, sərhədlərin delimitasiyası məsələsi ilə bağlı müzakirələri bərpa etməliyik və əlbəttə ki, kommunikasiyaların bərpasını müzakirə etməliyik. Bunlar sülh prosesinin üç əsas istiqamətidir və onların böyük perspektivləri var”, - o bildirib. E.Əmirbəyovun sözlərinə görə, Qarabağdakı qeyri-qanuni rejimin ləğvi regionda daha geniş sülhə gedən əsas maneəni aradan qaldırıb. O, Azərbaycanın bu yolda daha bir maneəni – öz suveren ərazisində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğunu aradan qaldırdığını da vurğulayıb. Prezidentin nümayəndəsi qeyd edib ki, Azərbaycan Qarabağ regionunun erməni sakinləri ilə fəal dialoq aparır və reinteqrasiya planları Qarabağ ermənilərinin sosial, iqtisadi, siyasi, mədəni və dini hüquqlarını həyata keçirə biləcəkləri müxtəlif sahələri əhatə edir.

Türk ordusu 22 hədəfi məhv etdi

İraqın şimalında PKK və ona bağlı terror təşkilatlarının hədəflərinə növbəti zərbələr endirilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində terrorçuların hədəflərinə zərbələr endirilib. Məlumatda 22 hədəfin məhv edildiyi bildirilib.

Bakı Zəngəzur dəhlizini tələb edə bilməz - İran

İran Azərbaycanın Ermənistanın ərazisini işğal etməsinə dözməyəcək. Sozcu.az xəbər verir ki, bunu İranın Xarici Əlaqələr Strateji Şurasının sədri Kamal Xərazi yerli mediaya müsahibəsində deyib. “Biz region ölkələri arasında mövcud sərhədlərin saxlanmasını vurğulayırıq. Artıq Zəngəzur dəhlizinin açılmasının heç bir əsası yoxdur. Zəngəzur dəhlizi Azərbaycanla Naxçıvanı, Laçın dəhlizi isə Qarabağla Ermənistanı birləşdirmək üçün idi. Qarabağ Azərbaycanın nəzarətinə keçdiyi və Laçın dəhlizinə ehtiyac qalmadığı üçün artıq Azərbaycanın Zəngəzur dəhlizini tələb etməyinin heç bir əsası yoxdur”, - Xərazi deyib. Xarici Əlaqələr Strateji Şurasının sədri Azərbaycanı təhdid və işğal yolu ilə Ermənistandan dəhliz almağa çalışmaqda ittiham edib.axar)

Gəncədə adına küçə saxlanılan Ayna Sultanovaya rəğbət və ehtiramın səbəbi nədir ?

Əgər sual olunsa ki, Gəncədə ən çox kim türk qanı axıdıb və bunun qarşılığında mükafatlandırılıb ?  Heç şübhəsiz ki, məlumatlı tarixçilər Həmid Sultanovun adını çəkəcək.  Sovet tarixində bolşevik, görkəmli inqilabçı, Azərbaycan SSR-nin ilk Daxili İşlər Komissarı kimi tanıdılan Həmid Sultanov Gəncə şəhərində minlərlə günahsız insanın amansızca qətlə yetirilməsində, işgəncələrə məruz qalmasında məsul şəxslərin başında gələnlərdən biri idi.  Genetik bağlılığı ilə hətta ruslara xidmət etmiş Nəsib Sultana bağlı olan Həmid Sultanovun Gəncəyə qarşı nifrətinin səbəbini anlamaq heçdə çətin olmamalıdır. Vaxtı ilə bu "görkəmli inqilabçının" Tovuz şəhərinin mərkəzində bir büstü qoyulmuşdu və son illərə qədər həmin büst öz mövcudluğunu qorumaqda idi. Görünür ki, şəhər rəhbərliyini kimsə başa salıb ki, bu adam heykəli qoyulmağa yox, yıxılmağa layiq olanlardan biridir. Əməllərinə layiq mükafatını ərmağan ediblər. Artıq onun heykəli orada yoxdur.  1920-ci il aprel işğalı zamanı onun oynadığı rolu yazmış olduğu məqalələrindən oxumaq yetərlidir. Yazmış olduğu "Müsavat hakimiyyətinin son dəqiqələri" adlı xatirələrində qeyd edir ki - " Parlaman təxminən gecə saat 11-12-də dağıldı. Biz Bünyadzadə Dadaşı və başqa yoldaşları həbsxanadan azad etdik və Azərbaycan İnqilab və Bakı İnqilab Komitəsi heyətini elan etdik. Gecə ikən bütün şəhərdə qızıl bayraqlar asıldı. Şəhər əhalisi axşam Müsavat bayraqlarını( 3 rəngli Azərbaycan bayrağı) asaraq yatdıqları halda, 28 apreldə səhər durarkən qızıl inqilab bayrağı gördü: Gecə, bütün qəzalarda inqilab komitələrinin təşkili haqqında qəza təşkilatlarına təklif verildi. Səhər zirehli qatarla Mikoyan və Musabəyov( həyat yoldaşı Ayna Sultanovanın qardaşı) yoldaşlar Bakıya gəldilər. Qızıl Ordu isə iki gündən sonra gəldi". Elə bu yazısından onun əsl kimliyini anlamaq bəs edir.  Həmid Sultanov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı olaraq 1920-ci il Gəncə üsyanının yatırılmasında xidmətlərinə görə "Qırmızı bayraq" ordeni ilə mükafatlandırılıb. Azərbaycandan bu ordeni alan ilk şəxsdir.  Ayna Sultanova isə Həmid Sultanovun həyat yoldaşı, digər bolşevik Qəzənfər Musabəyovun isə bacısıdır. Mahiyyət olaraq nə həyat yoldaşından, nədə ki, qardaşından fərqli olmayıb. İlk inqilabçı qadın kimi təqdim olunan Ayna Sultanova öz həyat yoldaşı və qardaşı kimi Stepan Şaumyanın silahdaşlarından biri idi və eyni maraqlardan çıxış edirdi. Heç şübhəsiz ki, 1918-ci il mart qırğınları zərrə qədər narahat etmədiyi adamlardan biri Gəncədə bu gün adına küçə olan, hətta küçənin başında, şəhərin görkəmli yerində xatirə lövhəsi qorunan Ayna Sultanova idi.  Ən maraqlısı isə budur ki, Ayna Sultanovanın xatirə lövhəsi Gəncədə Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökümətinin fəaliyyət göstərdiyi binaya tərəf baxır. Belə bir yerdə Nəsib bəyin, Fətəli Xanın, Həsən bəyin adına küçə olması doğru deyilmi ?  Ayna Sultanovaya aidiyyatı olmayan şəhərdə, Gəncə üsyanının, istiqlal şəhidlərinin qanı ilə yoğrulmuş bu məkanda onun adına küçənin saxlanılması çox utancvericidir.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

Paşinyan bu halda istefa verəcək - Özü açıqladı

Ermənistanın bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğum təqdirdə istefa verə bilərəm. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. “Bütün analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq”, - baş nazir əlavə edib.

"Putinə siqnal": ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır

"Kreml nahaq yerə Ukraynaya qarşı müharibədə Qərbin yardımının dayandırılacağına ümid edir..." "Ukraynanın arxasında 50-dən çox ölkədən ibarət çox güclü beynəlxalq koalisiya dayanıb..." "Co Bayden administrasiyası Ukraynaya tələb olunan qədər yardım etmək niyyətindədir..." ABŞ-da Ukraynaya yardım daxil edilməyən müvəqqəti büdcənin qalmaqallı qəbulundan sonra Ağ ev yaxın zamanlarda Ukraynaya yeni hərbi yardım paketinin ayrılması barədə elan edəcək. Sozcu.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibi Karin Jan-Pyer brifinqdə məlumat verib. Onun sözlərinə görə, yeni yardım paketi Amerikanın Rusiya təcavüzünə müqavimət göstərən "cəsur ukraynalılara" münasibətdə öz öhdəliklərinə sadiq qalmasını təsdiq etməlidir. Həmçinin bu, Qərbin Ukraynaya yardımının dayandırılacağına ümid edən Kremlə bir siqnal olmalıdır. "Bu da bizim Putinə siqnalımız! Prezident Co Bayden 50-dən çox ölkədən ibarət koalisiya yaradıb. O, Ukraynaya dəstək üçün yardım tədqim edib... Biz Rusiyanın Ukraynaya hərbi müdaxiləsini pisləmək üçün 140-dan artıq ölkəni birləşdirmişik... Ukraynanın arxasında güclü, çox güclü beynəlxalq koalisiya dayanıb. Əgər Putin düşünür ki, bizdən çox tab gətirə bilər, o, yanılır", - Jan-Pyer bəyan edib. Həmçinin Ağ evin spikeri əmin edib ki, müvəqqəti büdcənin xüsusiyyətlərinə rəğmən, Konqresdə Kiyevə yardıma ikipartiyalı dəstək saxlanılır. Onun sözlərinə görə, hazırkı administrasiya Ukraynaya "tələb olunan qədər" yardım etmək niyyətindədir. ABŞ-ın Ukraynaya yardımı nəzərdə tutmayan müvəqqəti büdcəsi Xəbər verildiyi kimi, ötən şənbə ABŞ Konqresi ölkənin 45 günlük müvəqqəti büdcəsini təsdiq edib, çünki qanunvericilər tam büdcə barədə razılığa gəlməyib.  Müvəqqəti büdcədə Ukraynaya dəstək üçün xərclər nəzərdə tutulmayıb, çünki respublikaçı deputatların bir hissəsi qəti şəkildə müqavimət göstərib. "Bloomberg" nəşrinin məlumatına görə, bu vəziyyət Ukraynanın digər tərəfdaşlarını əsaslı şəkildə əsəbiləşdirib, onlar ehtiyat edir ki, ABŞ təcridə qərq ola və Ukraynaya yardımı dayandıra bilər. Yeri gəlmişkən, Avropa siyasətçiləri əmindir ki, onlar Ukraynaya hətta ABŞ olmadan da yardım etməyə hazırdır. Bu barədə Böyük Britaniyanın müdafiə naziri bəyan edib.

Paşinyan: "Mən bu sənədi imzalamağa hazıram"

“Çox konstruktiv və nikbin idik, çünki mühüm sənədi imzalamaq şansının olduğuna inanırdıq”. Sozcu.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Nikol Paşinyan deyib. “Heyətimizin Qranada səfərini heç kim ləğv etməyib. Orada görüşlər keçirib, mövqelərimizi daha ətraflı təqdim etməyə çalışacağıq. Ümid edirik ki, masa üzərində olan konseptual sənəd lazımi anda imzalanacaq. Mən bu sənədi imzalamağa hazıram. Təəssüf edirəm ki, sabah bu mühüm qərarın qəbul olunduğunu elan etmək imkanım olmayacaq”, – deyə Baş nazir qeyd edib.

Fuad Muradov həbs olundu

Oktyabrın 4-də "Milli Fədai Hərəkatı"nın təsisçilərdən biri Fuad Muradov həbs olunub. Ona  qarşı hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.  Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Hüquq-mühafizə orqanlarındakı mənbələr məlumatı təsdiqləyiblər. Qeyd edək ki, Muradov vaxtaşırı müxalifət nümayəndələrini və hakimiyyətin digər tənqidçilərini təhdid edirdi. Fuad Muradovun vəkililə əlaqə saxlamaq mümkün olmayıb./Turan 

Heç birinin cəsarəti çatmadı ki, başlarına silah dirəyib özlərini öldürsünlər

Fikir verdiz, heç birinin cəsarəti çatmadı ki, başlarına silah dirəyib özlərini öldürsünlər.  Qadın-uşaq qatillərinin biri belə əlinə silah alıb döyüşmədi. Toyuq kimi, hinlərdə, padvallarda gizləndikləri yerdə tutuldular.  Çünki öz davalarına inanmırdılar. Haqsız olduqlarını bilirdilər.  Özlərindən sonra nə bir hekayə, nə bir mif qoya bilmədilər. Yaratdıqları kukla "Artsax" nağılı çox rüsvayçı şəkildə də bitdi. İlkin Rüstəmzadə, İctimai fəal

Qarabağdakı xuntanın sonuncu “prezident”i Ermənistandadır?..-FOTO

Qarabağda külləri sovrulan separatçı-terrorçu rejimin sonuncu qondarma “prezident”i Samvel Şahramanyanın artıq Ermənistanda olması haqda informasiyalar yayılıb. Sozcu.az xəbər verir ki, “Hraparak”ın yazdığına görə, bu haqda məlumatı özü Ermənistanda olan gorbagor separatçı kriminal xuntanın qanunsuz “parlament”inin deputatı David Qalstyan paylaşıb. Yayılan fotonun da İrəvanda çəkildiyi iddia olunur... Qeyd edək ki, eyni nəşrin səhər saatlarında yaydığı məlumatda  Samvel Şahramanyanın Azərbaycan tərəfindən saxlanıldığı bildirilirdi.

İlham Əliyev görüşdən niyə imtina etdi? - Şok təfərrüat

Xəbər verdiyimiz kimi, Azərbaycan lideri İlham Əliyev İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin növbəti iclasına qatılmaqdan imtina edib. Sozcu.az xəbər verir ki, Qranadada Ermənistan Baş naziri Nikol Paşinyan, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolt və AB Şurası Prezidenti Şarl Mişellə görüş gözlənilirdi. Hələ ötən gün AB-dən verilən açıqlamada görüşün dəqiqləşmədiyi, Şarl Mişelin tərəflərlə görüşün təşkili üçün danışıqları davam etdirdiyi, nəticənin bu gün bəlli olacağı açıqlanmışdı. Bu gün isə Prezident İlham Əliyevin görüşdən imtina etdiyi üzə çıxdı. Görüşdən imtinanın səbəbi nədir? Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, xüsusilə Fransa və Almaniya buna qarşı olub və onların israrı qəbul edilib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) antiazərbaycan ab-havası formalaşdığı şübhəsizdir. Xüsusilə Fransa və Almaniyanın Azərbaycana qarşı tutduğu son mövqe, o cümlədən Fransa XİN başçısının hazırda İrəvanda səfərdə olması və ölkəmizə qarşı ədalətsiz, regionda münasibətləri gərginləşdirməyə xidmət edən açıqlamaları görüşü mümkünsüz edib. Fransa XİN başçısının Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi, silah-sursat veriləcəyi haqda bəyanatı, AB Şurasının Prezidenti Şarl Mişelin belə dünən Azərbaycanı ittiham edən açıqlaması görüşün müqəddəratına təsir edib. Qeyd edək ki, Azərbaycan regiona müzakirələrdə region ölkələrinin, xüsusilə Türkiyənin iştirakında israrlıdır. Azərbaycanın bu mövqeyi region ölkələrinin maraqlarına tam cavab verir. çünki qeyri-region ölkələrinin bölgəyə hərbi-siyasi yerləşmə cəhdlərini artırması Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə yanaşı, destabilizasiya yaradır. Xatırladaq ki, Azərbaycan 2020-ci ilin 10 noyabr qələbəsindən sonra regional məsələlərin həlli üçün “3+3” formatını təklif edib. Hazırda İran da qəti şəkildə bu formatın tərəfdarı olduğunu Ermənistana bəyan edib. Təsadüfi deyil ki, İranda səfərdə olan Ermənistan TŞ katibi Armen Qriqoryana qeyri-region ölkələrinin regiona müdaxiləsinin yolverilməzliyi barədə xəbərdarlıq edilib və “3+3” formatlı platformanın vacibliyi vurğulanıb.axar

İlham Əliyev Qranada görüşündən imtina etdi

Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ), Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya (Qranada şəhərinə) getməkdən imtina edib. Sozcu.az Trend-ə istinadən xəbər verir ki, buna səbəb Fransanın destruktiv mövqeyi, eləcə də Paris və Berlinin Türkiyənin toplantıda iştirakı ilə bağlı fikir ayrılığıdır.

Arayik Arutyunyanın saxlanma anı – FOTO

Qarabağda qondarma rejimin “prezidenti” olmuş Arayik Arutyunyan ötən gün saxlanılaraq Bakıya gətirilib. “Qafqazinfo” Arayik Arutyunyanın saxlanılma anından foto əldə edib. Həmin fotoları təqdim edirik:

Dövlət Departamenti: Qarabağda Rusiya sülhməramlılarının olmasından narahatıq

"ABŞ davamlı sülhə nail olmaq üçün Azərbaycan və Ermənistan rəhbərliyi ilə ən yüksək səviyyədə qarşılıqlı əlaqədə rol oynamağa davam edəcək". Sozcu.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel deyib. “Biz Ermənistanın suverenliyinə və müstəqilliyinə hörmət edirik və təbii ki, onun qanunvericilik proseslərinə münasibət bildirməyi Ermənistan hökumətinin ixtiyarına buraxacağıq. Biz hər bir ölkənin BCM-yə qoşulmaq hüququna hörmət edirik”, - o bildirib. Dövlət Departamentinin sözçüsü Qarabağda uzunmüddətli müstəqil beynəlxalq monitorinq missiyasına çağırışını təkrarlayıb. Qarabağda Rusiya sülhməramlılarının olmasını şərh edən Patel qeyd edib ki, o, mövzu ilə bağlı spekulyasiya etmək istəmir: “Əlbəttə, belə bir mövcudluq hələ də narahatlıq doğurur. Lakin Birləşmiş Ştatlar bu məsələdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcək". Onun sözlərinə görə, Vaşinqton BMT nümayəndəsinin missiyanın səfərindən sonra Qarabağdakı vəziyyətlə bağlı bəyanatlarını yüksək qiymətləndirir: “Lakin bu, ABŞ-ın bu məsələyə baxışını dəyişmir. Biz hətta BMT-nin səfəri fonunda belə inanmağa davam edirik ki, Qarabağda uzunmüddətli müstəqil beynəlxalq müşahidə missiyasının yaradılmasına güclü istək və ehtiyac var. Bunun şəffaflığı təmin edəcəyini düşünürük".

Köçəryan və Sarqsyan da əməliyyatla gətirilə bilərlər -ŞOK AÇIQLAMA

"Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın qandallanması, ümumilikdə əli qana batan erməni cinayətkarların cəzalandırılması bir neçə aspektdən tarixi əhəmiyyət kəsb edir. Bu separatçılardan biri, yaxud hamısı Ermənistana keçə bilsəydi, “mühacir lider” olacaqdılar" Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, erməni separatizminin məhv edilməsindən sonra “başçılarının” Bakıya gətirilməsi qondarma “artsax” ideyasına vurulan zərbə, eləcə də Azərbaycana qarşı separatizm meyllərinin üzləşəcəyi taleyin nümayiş etdirilməsidir: "Şahramanyanın bəlkə də amnistiya şansı ola bilər, lakin o, məğlub olmuş şəxs kimi qəbul edilməyəcək. Bakı Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törədənlərin cəzasız qalmayacağını praktiki olaraq göstərir. Əli qana batan erməni cinayətkarlara qarşı barışmaz mövqeyi ilə XXI əsrdə İsrail təcrübəsini təkrarlayır: yəhudi soyqırımına görə nasistlər sona qədər təqib edildi, cəzalandırıldı, bu gün rəsmi Bakı azərbaycanlılara qarşı soyqırımı törədən şəxsləri bir-bir cəzalandırır". Ekspertin fikrincə, bütün bu olanlardan sonra bir gün Robert Köçaryan və Serj Sarqsyan üçün “Eyxman əməliyyatı”nın keçirilə biləcəyinə şübhə ilə yanaşmamalıyıq: "Hazırda baş verənlər Vətən müharibəsinin komponentlərindən olan "cəza əməliyyatı"nın davamıdır".

Bakı Qalstyana vəzifə verib?

Azərbaycanın Sərkis Qalstyanı Xankəndidə patrul zabiti təyin etməsi barədə dünən yayılan məlumat doğru deyil. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. Nəşr bildirib ki, Qalstyan qondarma “parlament”in deputatı David Qalstyanın əmisidir və separatçıların “təhsil nazirliyi”ndə işləyib. Araik Arutyunyanının “seçkiqabağı kampaniyası” zamanı Şuşa və Kərkicahandakı “qərargahlar”da “məsul” şəxs olub. Separatçıların keçmiş “prezident”i Bako Saakyanın onun “xaç atası” olduğu bildirilir. Saytın mənbələri bildirib ki, Qalstyan sentyabrın 28-də Samvel Şahramanyanın “əmri” ilə “prezident administrasiyası” rəhbərinin müavini təyin olunub. Qondarma “arsax”ın özünü buraxmasından sonra isə Qalstyan oradakı ən yüksək statuslu “məmur” olub. Qohumlarına bildirib ki, Azərbaycan hökuməti ona heç nə tapşırmayıb, o, sadəcə qondarma qurum özünü buraxana qədər “aparat rəhbərinin müavini” vəzifələrini icra edir.