Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 88,60 dollara, yüngül neftin bir barreli isə 85,63 dollara satılır.

Ceyhun Bayramov Macarıstana getdi

4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.  XİN-dən Sozcu.az-a verilən məlumata görə, dəfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Nazir Ceyhun Bayramov səfər çərçivəsində, Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcəkdir.

Ukrayna ordusu bu istiqamətlərdə irəlilədi

Ukrayna qoşunları Baxmut yaxınlığındakı Klişiivka kəndinin cənub hissəsini nəzarətə alıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri geolokasiya görüntülərinə əsasən bildiriblər. İnstitutun təhlilçilərinə görə, cənubda Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətindəki Orixivdən 18 km cənub-şərqdə yerləşən Verbove kəndinə doğru irəliləyib. İnstitut həmçinin Ukrayna Silahlı Qüvvələrinin Tavriya Qrupunun komandanı general Aleksandr Tarnavskinin Rusiyanın qüvvə və resurslarının 60%-ni Ukrayna qoşunlarının yardığı birinci müdafiə xəttinin tikintisinə sərf etdiyi barədə açıqlamasına istinad edir. Qeyd edilib ki, növbəti iki xətt o qədər də diqqətlə hazırlanmayıb. Bu istiqamətdə həmçinin mina sahələrinin daha seyrək olduğu da güman edilir.

Rusiyanın itkiləri 265 mini ötdü

Ukrayna müharibənin 558-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 265 120 hərbçi, 4480 ədəd tank, 8663 ədəd zirehli döyüş maşını, 5611 ədəd artilleriya sistemi, 741 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 503 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8149 ədəd avtomobil texnikası, 4481 ədəd PUA, 1447 qanadlı raket, 19 gəmi/qayıq, 847 xüsusi avadanlıq itirib.

“Aztelekom”un binası soyuldu: saxlanılanlar var

"Aztelekom" İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından bir ədəd elektrik generatoru oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Vahid Zairov və Bakı şəhər sakini Rövşən Heydərov saxlanılıblar. İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, qabaqcadan əlbir olaraq Atbulaq kəndi ərazisində yerləşən inzibati binaya dəmir barmaqlıqları qırmaqla qanunsuz daxil olduqlarını, oradan dəyəri 1000 manatdan artıq olan bir ədəd elektrik generatorunu ələ keçirdiklərini və Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlər nəticəsində generatorun satıldığı ünvan da müəyyən edilib və maddi sübut kimi götürülüb.

Yardım TIR-ları 7 gündür Ağdam yolunda gözləyir

Yeddi gündür ki Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır. Sozcu.az xəbər verir ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər. Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.

Ermənilər Kəlbəcəri yenə atəşə tutdu

Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

2 övladı şəhid olan ata vəfat etdi

Vətən müharibəsi şəhidləri Musa və Tural Həsənov qardaşlarının atası Tapdıq Həsənov vəfat edib. Sozcu.az xəbər verir ki, T.Həsənov Mingəçevir şəhərində dünyasını dəyişib. Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Musa şəhid olduqdan bir neçə gün sonra Tural da Suqovuşan istiqamətində şəhid olub.

Azərbaycanda məktəbyaşlı qızlar arasında abort sayı 3 dəfə artıb - ŞOK

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb. Sozcu.az “Ekonominfo”ya istinadla xəbər verir ki, abort etdirən qadınların sayı 2021-ci illə müqayisədə ötən il 23,7% və ya 11 min 122 nəfər artaraq 57 min 999-a yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub. Məlumat üçün bildirək ki, abort etdirənlərin 3,6% və ya 2 080 nəfəri 15-19 yaşlılar olub. Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə təxminən 3 dəfə artıb. Belə ki, əvvəlki ildə 16 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 57-yə yüksəlib. Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort. Son 15 ildə qeydə alınan abortların sayı belədir:

Ağdamda 6 separatçı təcili yardım maşını ilə gəlib hərbçilərimizə atəş açdı - TƏXRİBAT

Bu gün Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazidə yerli quldurların növbəti təxribatının qarşısı alınıb. “Caliber” xəbər verir ki, saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib. Onlar maşından düşüb, hərbçilərimizin ünvanına nalayiq ifadələr səsləndirib, daha sonra mövqelərimizi avtomat silahlardan atəşə tutublar. Xoşbəxtlikdən tərəfimizdən ölən və xəsarət alan olmayıb. Məlumata görə, erməni təxribatının qarşısını almaq üçün tərəfimizdən dərhal lazımi tədbirlər görülüb. Bildirilir ki, Rusiya sülhmərmalıları artıq hadisədən xəbərdardırlar.

Elçibəyin ailəsinə ağır itki üz verib

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu vəfat edib. Sozcu.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Ayturan Alimurad oğlu Əliyev uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhumun qardaşı Hürrü Əliyev bildirib ki,  Ayturan Əliyev ağ ciyər xərçəngindən əziyyət çəkib.

Ukrayna müharibəni Rusiya ərazisinə keçirir - Yeni mərhələ

Ukraynanın müdafiə sənayesi görünməmiş şəkildə sürətlə inkişaf edir. Bu, Kiyevə cəbhə xəttindən xeyli kənarda zərbələr endirməyə imkan verir. Sozcu.az xəbər verir ki, bu barədə CNN-də yayılan məqalədə bildirilib. Qeyd olunub ki, Ukrayna hücum təyyarələri, dəniz dronlarının istehsalını inkişaf etdirir, həmçinin özünün uzaqmənzilli raketlərinin istehsalına başlayır. Rusiya ərazisinə kütləvi dron hücumlarından bəhs edilən məqalədə müharibənin yeni mərhələsinin başlandığı vurğulanıb: "Ukraynanın müharibəni Rusiya ərazisinə keçirtmək istəyinin artması yeni mərhələnin ən dramatik sübutudur. Hava və dəniz pilotsuz təyyarələri, sirli yeni raketlər və komando bölmələri bütün alətlər dəstinin bir hissəsidir. Hədəflər arasında Rusiya aerodromları, hava hücumundan müdafiə sistemləri və gəmilər var. Ukraynanın münaqişəni genişləndirmək üçün çoxlu səbəbləri var".

Paşinyan: Sülhməramlılar missiyasını yerinə yetirmir

Rusiya sülhməramlıları üçtərəfli bəyannamənin bəndinə uyğun olaraq missiyanı yerinə yetirmirlər. Sozcu.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan “La Repubblica” qəzetinə müsahibəsində deyib. "Mən faktiki olaraq "Rusiyanın sülhməramlı qüvvələri üçtərəfli bəyannamədə onlara həvalə edilmiş missiyanı yerinə yetirmirlər" ifadəsi ilə razılaşmaqdan başqa, buna qiymət verə bilmərəm. Əslində Rusiya sülhməramlılarının Qarabağda olmasının əsas məqsədlərindən biri vətəndaş cəmiyyətinin, mülki əhalinin təhlükəsizliyidir. Bu halda təhlükəsizlik, o cümlədən sərbəst hərəkət hüququ təmin olunmur və bu, həqiqətən həyəcanverici bir faktdır".

Rusiyanın itkiləri 265 minə yaxınlaşır

Ukrayna müharibənin 557-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 264 660 hərbçi, 4476 ədəd tank, 8649 ədəd zirehli döyüş maşını, 5582 ədəd artilleriya sistemi, 739 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 502 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8102 ədəd avtomobil texnikası, 4444 ədəd PUA, 1447 qanadlı raket, 18 gəmi/qayıq, 841 xüsusi avadanlıq itirib.

Rus artilleriyası cənub cəbhəsindən geri çəkilir

Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatlarını davam etdirib və sentyabrın 2-də irəliləyib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. Hesabatda rusiyalı blogerlərə istinad olunub və bildirilib ki, rus qoşunları Rabotino kəndinin cənub kənarından daha geriyə, dəqiqləşdirilməmiş mövqelərə çəkiliblər. “Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində bəzi ərazilərdə Rusiyanın birinci müdafiə xəttini yarıb, lakin Rusiyanın əlavə beton istehkamları və sıx minalanmış sahələr səbəbindən vəziyyət çətin olaraq qalır. Rusiya qüvvələri Ukraynanın minatəmizləmə səylərini əngəlləmək üçün mina sahələrinə tez alışan maddələr ataraq onları dronlardan atılan qumbaraatanlarla yandırır”, - məlumatda bildirilib. Eyni zamanda, Estoniya Müdafiə Qüvvələrinin kəşfiyyat mərkəzinin komandiri, polkovnik Marqo Qrosberq bildirib ki, Ukraynanın artilleriya imkanları Rusiya ilə bərabər, hətta daha yaxşıdır və onlar rusların artilleriya bölmələrini cəbhə xəttindən uzaqlaşdıraraq sıxışdıra biliblər. Qrosberq həmçinin bildirib ki, Ukrayna qüvvələri iyul ayından etibarən Rusiya əks-batareyasına ciddi ziyan vurmağa nail olub. İnstitutun analitikləri də qeyd ediblər ki, iyulun ortalarından bəri rusiyalı mənbələr Rusiyanın, xüsusən də Ukraynanın cənubunda əks-batayera imkanlarının olmaması ilə bağlı narahatlıqlarını bildiriblər.

Putinin “taleyi” bu dəfə İrəvanda həll olunur...

"Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklər ehtiva edir...” Ermənistan hökuməti, nəhayət ki, Beynəlxalq Cinayət Məhkəməsinin(BCM) Roma Əsasnaməsini dünən uzun müzakirələrdən sonra parlamentin ratifikasiyası üçün göndərib. Sozcu.az xəbər verir ki, bu haqda məlumat yayıb. “Xatırladaq ki, mart ayında Ermənistanın Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutunun Konstitusiyamıza uyğun olması barədə qərar qəbul edib. Bir həftə əvvəl Beynəlxalq Haaqa Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib, yəni Ermənistan bu sazişi qeyd-şərtsiz ratifikasiya etsə, Putin Ermənistana gələndən dərhal sonra onu saxlayıb beynəlxalq məhkəməyə təhvil verməyə borclu olacaq. Sazişin ratifikasiyası üçün, əldə etdiyimiz məlumata görə, adi müqavilə layihələrində olduğu kimi, sadə proseduru nəzərdə tutur. Bu o deməkdir ki, parlament fraksiyaları iki həftə ərzində Putinlə bağlı müddəa ilə bağlı qeyd-şərt də daxil olmaqla, təkliflər verə bilər və bundan sonra layihə 3 həftə ərzində müvafiq komissiyalarda müzakirə olunaraq, gündəliyə salınacaq. Yeri gəlmişkən, "Vətənadaş sazişi” partiyasının adekvat hissəsində Putinlə bağlı müddəa ilə bağlı qeyd-şərt qoyulacağına ümid edirlər, əks halda bunun Ermənistan üçün təhlükəli nəticələri olacaq, çünki Rusiya Federasiyasının rəsmi dairələri bunu gizlətmirlər. Qəzet yazır ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası Ermənistan və Rusiya arasında müttəfiqlik münasibətləri üçün risklər ehtiva edir”- xəbərdə belə deyilir.

“Təəssüf ki, bu günü separatçılara Xankəndində nəinki 2022-də, indi də bayram kimi yaşatdıq...”

“Kənar perspektivlərə ümidlənmək geridönməz problemlərə gətirib çıxara bilər...” “Perspektivdə daha kimlər “humanitar yük” şəllənib Laçın yoluna gələcək?..”  Qarabağda son üç ayda, xüsusilə də son günlərdə baş verənlər ilk baxışda belə təsəvvür yaradır ki, Ermənistan bu müddətdə Azərbaycana qarşı beynəlxalq diplomatik təzyiqləri ilə, dünən isə hərbi əməliyyatla təşəbbüsü əlində saxlamağa çalışır və biz də bu təzyiqlərə, təxribatlara  cavab verməklə, yəni müdafiə olunmaqla məşğuluq. Bu gün Paris meri, sabah Los- Anjeles meri, o birisi gün də dünyaya səpələnmiş ermənilərin səsini seçkilərdə qazanmaq istəyən hansısa ölkənin prezidentliyə namizədi “humanitar yük” şəllənib Laçın yoluna gələcək, bizi qınağa tuş edəcək, biz də təkzib verməklə məşğul olacağıq. Zamanı uzadan erməniyə də bu lazım deyilmi? Bu gün sentyabrın 2-də Xankəndindəkilər qondarma “müstəqillik gününü” qeyd etsinlər, o birisi ilə də hazırlıq görsünlər. Nəticədə ən yaxın əsas vəzifələr- erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması, azərbaycanlı qaçqınların keçmiş Dağlıq Qarabağdakı yurdlarına qaytarılması.., gündəmdə deyil. Bu vəziyyət qalib dövlət üçün paradoksal situasiya deyilmi?..  İki il əvvəl, 2021-ci ilin sentyabrın 1-də, yəni separatçıların 44 günlük müharibədən təzə çıxıb, 2 sentyabr qondarma “müstəqilik gününün 30 illiyini” yas kimi qeyd etdiyi ərəfədə yazdığım yazının son abzasının təəssüf ki, hələ də aktual olduğunu qeyd etməyə məcburam: ” Yubiley təbriklərində həm İrəvan rəsmiləri, həm separatçı rejimin üzvləri birmənalı olaraq müstəqillik uğrunda mübarizənin davam etdiyini səsləndiriblər. Təbliğat olduğu anlaşılandır, amma reallıq da odur ki,  o yerlərdə hələ bizim  nəzarətimiz yoxdur və nə vaxt olacağı barədə rəsmi mövqe səslənməyib. İndi təsəvvür edin ki, qarşıdakı bir il ərzində heç nə dəyişmir, müharibədən sonra 10 aydır hansı proses gedibsə, daha bir il də davam edəcək. O zaman 2022- ci ilin 2 sentyabrına yasdan çıxmış erməninin Xankəndində təntənəli bayram tədbirinə hazırlaşdığının şahidi ola bilərik. Belə bir ildönümü düşmənə yaşatmamalıyıq”. Təəssüf ki, nəinki 2022-ci ildə, indi də separatçılara bu günü Xankəndində “bayram” kimi yaşatdıq. Əlbəttə, gün bütün siyasi xaos və iqtisadi məhrumiyyətlərlə düşmən üçün acınacaqlıdır, amma biz də istədiyimizə hələ çatmamışıq və ən əsası, aydın perspektivi təsəvvür etmədiyi üçün cəmiyyətimiz narahatdır.  Erməninin torpaq iddiasından imtina etmədiyi müharibə bitən gündən məlumdur və biz işimizi, siyasətimizi bu iddiaya görə müəyyənləşdirib zamanın uzanmasına imkan verməməliydik. İndi də gec deyil...  Rusiya hərbi kontingenti ən azı 2030-cu ilədək Azərbaycan ərazisində qalmağı planlaşdırır və hiss olunur ki, 2025-ci ilin noyabrına kimi indiyədək apardığı siyasəti – sülh müqaviləsinin imzalanmasına imkan verməməyi, Qarabağdan erməni silahlı qüvvələri çıxarmamağı, azərbaycanlı qaçqınların qayıdışına şərait yaratmamağı davam etdirməkdə qərarlıdır. Yəni, mövcud status kvonu dondurmaq və yalnız 2025-dən sonra, guya birgəyaşayış prosesinin tədricən başladılması və iki toplum arasında təhlükəsizliyi təmin etməyin zərurət olduğunu elan edib, qeyri-müəyyən müddətə Qarabağda qalmasını əsaslandırmaq siyasəti. Paralel olaraq status məsələsini də gündəmdə saxlayıb Azərbaycan dövlət nəzarətinin yaranmasını da bu faktora bağlayıb, başqa bir mərhələnin müzakirəsi kimi təqdim etmək. Təbii ki, belə olanda zaman 2030-u da aşacaq. Bu Rusiyanın planı, həm də problemidir. Ukrayna müharibəsi və Qərbin təzyiqi bu planın reallaşmasında böyük əngəldir. Bunun Qarabağ probleminə birbaşa təsiri olmasa da, dolayı amil olaraq qalır, amma məsələnin həllinin ən əsas oyunçusu yenə də özümüzük. Kənar perspektivlərə ümidlənmək geridönməz problemlərə gətirib çıxara bilər...  Biz bu planın qarşısını almalı, onun reallaşmasına imkan verməməliyik. Əks halda, bu gün yaşadığımız “rəngarəng” erməni təxribatları ilə, Fransa, İran müdaxilələri ilə tez-tez rastlaşmalı olacağıq. Bu rəngarəngliyə Arutunyanın istefasını və Xankəndində rejimin faktiki olaraq keçmiş rəhbərlərin və Vardanyanın əlinə keçdiyini də əlavə etməliyik. Əslində, Azərbaycan üçün istər Arutunyanın yerinə Köçəryanın, istərsə də Paşinyanın yerinə Sərkisyanın keçməsinin heç bir fərqi yoxdur. Biz maraqlarımızın tələbi nədirsə. onu həyata keçirməliyik. Maraqlarımızın əsasında isə bu gün Xankəndində fəaliyyət göstərən separatçı rejimin fəaliyyətinə son vermək, dövlət nəzarətimizi Qarabağın qalan hissəsində də bərpa etmək dayanır. Ermənistan isə Hindistan, Fransa, İran, Rusiya silahları ilə ordunu gücləndirdiyini gizlətmir və revanşist planlarını həyata keçirmək üçün əlverişli beynəlxalq şəraitin yaranması anını gözləyir. Hətta dünənki təxribat zamanı bizim üç hərbiçimizin yaralanmasını uğur kimi təqdim edirlər. Düşmənin ən kiçik siyasi və hərbi uğur qazanmasına imkan vermək olmaz...  Deyilənlər bədbinlik əlamətləri deyil, bizi gözləyən mümkün gərginliklər haqqında qabaqcadan informasiya verib, zaman itirmədən düşmənin və havadarlarının planlarını bəri başdan zərərsizləşdirmək və aradan qaldırmaq məqsədilə zəruri tədbirlərin görülməsini diqqətə çatdırmaqdır... moderator) İlham İsmayıl

"Ukrayna artıq Rusiyanın 1500 km dərinliyindəki hədəfləri vura bilir..."-RƏSMİ

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi qeyd edib ki, Ukrayna yalnız düşmənin zavodları və ya hərbi istehsal obyekləri ilə maraqlanır... Ukrayna artıq Rusiyanın 1500 kilometr dərinliyində yerləşən hədəfləri vurmağa qadirdir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna radiosunun efirində Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov danışıb. "Rusiya Federasiyası ərazisində istifadə olunan silahların vətəndaşlığı Ukraynadır. Müəyyən müddət ərzində işlənmiş iki sahə var - bu, 2020-ci ildə təsdiqlənmiş öz Ukraynalı silahlarımızı və raketlərimizi yaratmaq üçün raket proqramı və çoxlu sayda özəl şirkətləri cəlb etməklə bu gün ölkəmizdə çox güclü şəkildə yerləşdirilən pilotsuz uçuş aparatlarının istifadəsi”, - deyə Danilov bildirib. Danilov qeyd edib ki, “bütün bunlar nəticə verəcək”, çünki Ukrayna qoşunları artıq 700, hətta 1000-1500 km-dəki hədəfləri vura bilir. "Biz ya zavodlara, ya da hərbi istehsal obyektlərinə - uşaqlarımızı öldürən komponentlərə hücum edirik. Biz buna son qoymalıyıq", - deyə Danilov yekunlaşdırıb.

Ermənilərin PUA-nın idarəetmə stansiyası məhv edildi

Sentyabrın 2-si səhər saatlarında Azərbaycan Ordusunun Şahbuz və Kəlbəcər rayonları istiqamətində yerləşən mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) səyyar yerüstü idarəetmə stansiyası məhv edilib. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, bu stansiyadan Ordumuzun müxtəlif istiqamətlərdə yerləşən mövqeləri üzərində kəşfiyyat aparan və zərbə endirən PUA-ların idarə olunması üçün istifadə olunurdu.

Ordumuz minaatanlardan atəşə tutuldu

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub. Müdafiə Nazirliyindən Sozcu.az-a bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Sərhəd toqquşması: ermənilərin itkilərinin sayı artdı - Rəsmi

11:19 Ermənistan Müdafiə Nazirliyi sərhəddə baş verən toqquşmada iki əsgərinin öldüyünü təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Nazirlik daha bir əsgərinin yaralandığını bildirib. Daha təfərrüatlı məlumatın az sonra yayılacağı bildirilib. Qeyd edək ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib. Nəticədə 3 hərbçimiz yaralanıb. Ordumuz cavab tədbirləri görür. *** Ermənistan MN ölən hərbçilərinin sayının 4-ə qalxdığını açıqlayıb. Daha bir əsgərin isə yaralandığı bildirilib. *** Ermənistan ölən hərbçilərinin adlarını açıqlayıb. Onlar Andranik Arşakoviç Antonyan, Arsen Aleksandroviç Mkrtiçyan, Vaçaqan Saroeviç Vardanyan və Narek Karenoviç Poqosyandır.

Ağır döyüşlər gedir, xeyli ölümüz var - Sevyandan şok etiraf

Bir neçə dəqiqə əvvəl mənə xəbər verdilər ki, Vardenis və Sotk istiqamətində şiddətli döyüşlər gedir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə keçmiş erməni döyüşçü Aşot Sevyan danışıb. “Vardenis yaxınlığında çox vacib bir yüksəklik var, indi düşmənin niyyəti həmin yüksəkliyi ələ keçirməkdir. Əgər o yüksəkliyi tuta bilsələr, o zaman ümumiyyətlə Vardenis və Sotku unutmalıyıq. Bizim çoxlu ölən və yaralımız var. Ancaq bizim uşaqlar hələ də müqavimət göstərməyə çalışırlar. Düşmənin planları arasında Göyçə gölünün şərq sahilindəki hakim yüksəklikləri tutmaq var. Onlar bu barədə 44 günlük müharibə vaxtı demişdilər ki, özlərinin tarixi torpaqlarına gələcəklər”, – deyə o bildirib.

Kəlbəcərdə atışma davam edir - Rəsmi

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür.

Vəziyyət gərginləşir: ermənilər əlavə döyüş texnikası cəmləşdirir

Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir. Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır. "Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - nazirlikdən qeyd olunub.