Rus artilleriyası cənub cəbhəsindən geri çəkilir

Ukrayna qüvvələri Zaporojye vilayətinin qərbində əks-hücum əməliyyatlarını davam etdirib və sentyabrın 2-də irəliləyib.

Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub.

Hesabatda rusiyalı blogerlərə istinad olunub və bildirilib ki, rus qoşunları Rabotino kəndinin cənub kənarından daha geriyə, dəqiqləşdirilməmiş mövqelərə çəkiliblər.

“Ukrayna Silahlı Qüvvələri Zaporojye istiqamətində bəzi ərazilərdə Rusiyanın birinci müdafiə xəttini yarıb, lakin Rusiyanın əlavə beton istehkamları və sıx minalanmış sahələr səbəbindən vəziyyət çətin olaraq qalır. Rusiya qüvvələri Ukraynanın minatəmizləmə səylərini əngəlləmək üçün mina sahələrinə tez alışan maddələr ataraq onları dronlardan atılan qumbaraatanlarla yandırır”, - məlumatda bildirilib.

Eyni zamanda, Estoniya Müdafiə Qüvvələrinin kəşfiyyat mərkəzinin komandiri, polkovnik Marqo Qrosberq bildirib ki, Ukraynanın artilleriya imkanları Rusiya ilə bərabər, hətta daha yaxşıdır və onlar rusların artilleriya bölmələrini cəbhə xəttindən uzaqlaşdıraraq sıxışdıra biliblər.

Qrosberq həmçinin bildirib ki, Ukrayna qüvvələri iyul ayından etibarən Rusiya əks-batareyasına ciddi ziyan vurmağa nail olub.

İnstitutun analitikləri də qeyd ediblər ki, iyulun ortalarından bəri rusiyalı mənbələr Rusiyanın, xüsusən də Ukraynanın cənubunda əks-batayera imkanlarının olmaması ilə bağlı narahatlıqlarını bildiriblər.

Share on Facebook