Ukraynanın müdafiə naziri İSTEFA VERDİ

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa verib. Sozcu.az xəbər verir ki, o, feysbuk səhifəsində bu barədə paylaşım edib. Nazir istefa ərizəsini Ukrayna Ali Radasına təqdim edib. "Ukrayna prezidenti Volodimir Zelenskinin qərarına uyğun olaraq Ukrayna Ali Radasına istefa ərizəsi təqdim etdim. Hesabat verməyə hazıram. Davam edək!", - o yazıb.

Xərçəngin inkişafına səbəb olan iki vitamin açıqlandı

Karolinska Universitetinin (İsveç) alimləri müəyyən ediblər ki, insan bədənində C və E vitaminlərinin çox olması ağciyər xərçənginin inkişafına təkan verə bilər. Sozcu.az report-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri The Journal of Clinical Investigation (JCI) jurnalında dərc olunub. Tədqiqatın müəllifləri antioksidantların gəmiricilərin orqanizminə təsirini öyrəniblər. Antioksidantlar orqanizmdə oksidləşdirici proseslərlə mübarizə aparan molekullardır. Məlumdur ki, C və E vitaminlərinin tərkibində bu maddələrin böyük miqdarı mövcuddur. Məlum olub ki, onların yüksək tərkibi daimi qan tədarükünə ehtiyacı olan şişlər də daxil olmaqla yeni qan damarlarının böyüməsinə səbəb olur. Bu da öz növbəsində qanda olan oksigenlə xərçəngli böyümələri qidalandırır və onlar şişməyə başlayırlar. Tədqiqatçılar siçanlar üzərində daha bir neçə təcrübə aparıblar ki, bu da yalnız nəticələri təsdiqləyib. Məlum olduğu kimi, şişlərin böyümə sürəti antioksidantların dozasının artması ilə birbaşa mütənasibdir. Mütəxəssislərin fikrincə, bu, vitaminlərin həddindən artıq istehlakının təhlükəsindən xəbər verir.

Ağsuda dağlıq ərazidəki yanğın söndürülüb

Ağsu rayonu, Keçdiməz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidəki yanğın tam söndürülüb. Bu barədə Sozcu.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, yanğınsöndürmə işləri mürəkkəb şəraitdə, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilib. Yanğın zamanı ərazidə əsasən, quru ot və kol-kos yanıb. Yanğınsöndürmə işlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, yerli sakinlər də iştirak ediblər.

Azərbaycanlı hakim Fransa – Portuqaliya oyununa təyinat alıb

Azərbaycanlı hakim Hikmət Qafarlı 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində keçiriləcək Fransa – Portuqaliya oyununa təyinat alıb. O, bu gün baş tutacaq qarşılaşmanın birinci hakimi olacaq. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. H.Qafarlıya Mariya Mislovska (Ukrayna) və Çiara Perona (İtaliya) kömək edəcəklər. Hakim-inspektor isə italiyalı Massimo Çumbo olacaq.

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib. Bu barədə Tərtər Rayon Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, bu ilin mayın 4-də Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmlinin öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaqla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmlini kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Sahib Əlizadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.(report) 

İƏT missiyasının üzvü: “Ermənilərin Gəncədə törətdikləri cinayətləri beynəlxalq ictimaiyyətə çatdıracağıq”

“Burada ermənilərin törətdikləri cinayətlərin şahidi olduq”. “Report”un Qərb bürosunun xəbərinə görə, bunu Gəncədə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Muhammad Sulaiman Laval deyib. O bildirib ki, Gəncəyə səfərin əsas məqsədi Ermənistanın törətdiyi müharibə cinayətlərini yerində araşdırmaq, əldə olunan faktlar əsasında hesabat hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaqdır: “Burada uşaqların, mülki şəxslərin həlak olmasından çox təəssüflənirik. Bütün bunları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq”. Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Muhammad Laval Sulaimanın rəhbərlik etdiyi nümayəndə heyəti Gəncə şəhərində səfərdədir. Nümayəndə heyəti dünən işğaldan azad edilmiş Füzuli və Ağdam rayonlarına da səfər ediblər. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsindən ibarətdir.

Sedadan Xoşqədəmə: “Mənim verilişim səninkinə bənzəməz”

Aparıcı Xoşqədəm Hidayət qızı və əri Doğuş Türkiyənin məşhur sənətçisi Seda Sayanla növbəti dəfə bir araya gəliblər.  Sozcu.az Olay-a istinadla xəbər verir ki, onlar həmin anın görüntülərini sosial şəbəkə hesablarında paylaşıblar.  "Xoşqədəm, mənim verilişim başqadır. Bu veriliş səninkinə bənzəməz", - deyə Seda Sayan yayımladığı videoda qeyd edib.  Azərbaycana sevgilərini göndərən sənətçi Xoşqədəm Hidayətqızından onun üçün dovğa bişirməyi xahiş edib.

Nazirlikdən sərt qərar: 743 müəllim işdən çıxarılır

Xəbər verdiyimiz kimi, 29 avqust tarixində ötən il keçid balını toplaya bilməyən ibtidai sinif müəllimləri üçün təkrar sertifikatlaşdırma imtahanı keçirlib. İmtahanda iştirak edən 1939 müəllimdən 1334 nəfəri keçid balını toplayaraq müsahibə mərhələsinə keçib. 605 nəfər müvafiq keçid balını (30 bal) toplaya bilməyib. Eyni zamanda, 138 müəllim də sertifikatlaşdırma imtahana gəlməyib.  Beləliklə də 743 müəllim sertifikatlaşdırmadan keçməmiş hesab olunub.  yenisabah.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyində Sertifikatlaşdırma Şurasının iclası keçirilib və sertifikatlaşdırmadan keçə bilməyən müəllimlərin məsələsi müzakirə olunub.  “Sertifikatlaşdırma qaydalarına uyğun olaraq, təkrar imtahandan keçməyən müəllimlərlə bağlı əmək qanunvericiliyinin tələblərinə müvafiq addımlar atılacaq”, - Nazirlik bildirib.  Söhbət sözügedən müəllimlərlə bağlanmış əmək müqaviləsinə son verilməsindən gedir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq təkrar sertifikatlaşdırmadan keçməyən işçilərin əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 

Ukrayna 23 “Şahid”i məhv etdi

Rusiya ordusu bu gecə 32 “Şahid” PUA-sı ilə Ukraynaya hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu PUA-ların 23-nü məhv edə bilib.

Güneyli fəal universitetdən qovuldu

Urmiya Universitetində iqtisadiyyat üzrə təhsil alan azərbaycanlı tələbə Nərgiz Fədakarın təhsilini davam etdirməsinə qadağa qoyulub. Sozcu.az xəbər verir ki, bu barədə Tələbə Həmkarlar İttifaqı Şuraları məlumat yayıb. Nərgiz Fədakarın müəllim və tələbələrə qarşı repressiyalara etiraz etdiyi üçün cəzalandırıldığı bildirilib. Qeyd edək ki, 2022-ci ilin sentyabr ayından İranda başlayan etiraz aksiyalarından sonra ictimai fəallıq göstərən və repressiyalara etiraz edən yüzlərlə tələbə universitetlərdən qovulub. Onların bir çoxuna qarşı "hökumətə qarşı təbliğat" ittihamı irəli sürülüb.

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi başlayır

Bu gündən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq. Sozcu.az xəbər verir ki, proses sentyabrın 9-dək davam edəcək. Qeyd edək ki, builki qəbulun nəticələrinə əsasən 51 941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 24 594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27 347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinin qəbul planı 93.94% dolub.

"Heç bir fəlakət, dağıntılara səbəb olan zəlzələ gözlənilmir” - Qurban Yetirmişli

Ötən gün qeydə alınan yeraltı təkanlar təxminən 5 bal gücündə olub. Bu, dağıdıcı və ya fəlakət hadisə deyil. Normal standartlara uyğun inşa edilən binalar, evlər hətta 10 bal gücündə zəlzələyə də davamlı olmalıdır. Sozcu.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, evləri, binaları standartlara uyğun tikmirlər, ona görə də yüngül yeraltı təkanlarda belə divarlarda çatlar yaranır: “Kürdəmirdə və digər yerlərdə bəzi evlərdə çatlar olub. Bu normaldır, köhnə evlər, köhnə binalardır. Evin bər-bəzəyinə çoxlu pul tökürlər, fundamentinə diqqət etmirlər. O çatlar da olmalıdır. Ümumiyyətlə, yeraltı təkanlar 5-6 bal gücündə heç bir çatlara səbəb olmur. Əgər bina inşa ediləndə tikinti materialları, konstruktiv elementlərə düzgün riayət edilirsə, binalarda təxminən 10 bala qədər heç bir dağıntı ola bilməz. Seysmik ərazilər olduğu üçün zəlzələlər olacaq. Yüngül dalğalar yenə olacaq, gözlənilir. Amma heç bir fəlakət, dağıntılara səbəb olan zəlzələ gözlənilmir”.

Türkiyədə zəlzələ baş verdi

Türkiyənin İzmir vilayətinin Quşadası bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib. Sozcu.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Dağıntı və tələfat barədə məlumat yoxdur.

Neft həftəyə bu qiymətlə başladı

Dünya birjalarında neft bahalaşmaqda davam edir. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 88,60 dollara, yüngül neftin bir barreli isə 85,63 dollara satılır.

Ceyhun Bayramov Macarıstana getdi

4 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.  XİN-dən Sozcu.az-a verilən məlumata görə, dəfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, nazir Ceyhun Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur. Nazir Ceyhun Bayramov səfər çərçivəsində, Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcəkdir.

Ukrayna ordusu bu istiqamətlərdə irəlilədi

Ukrayna qoşunları Baxmut yaxınlığındakı Klişiivka kəndinin cənub hissəsini nəzarətə alıb. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun analitikləri geolokasiya görüntülərinə əsasən bildiriblər. İnstitutun təhlilçilərinə görə, cənubda Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətindəki Orixivdən 18 km cənub-şərqdə yerləşən Verbove kəndinə doğru irəliləyib. İnstitut həmçinin Ukrayna Silahlı Qüvvələrinin Tavriya Qrupunun komandanı general Aleksandr Tarnavskinin Rusiyanın qüvvə və resurslarının 60%-ni Ukrayna qoşunlarının yardığı birinci müdafiə xəttinin tikintisinə sərf etdiyi barədə açıqlamasına istinad edir. Qeyd edilib ki, növbəti iki xətt o qədər də diqqətlə hazırlanmayıb. Bu istiqamətdə həmçinin mina sahələrinin daha seyrək olduğu da güman edilir.

Rusiyanın itkiləri 265 mini ötdü

Ukrayna müharibənin 558-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 265 120 hərbçi, 4480 ədəd tank, 8663 ədəd zirehli döyüş maşını, 5611 ədəd artilleriya sistemi, 741 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 503 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8149 ədəd avtomobil texnikası, 4481 ədəd PUA, 1447 qanadlı raket, 19 gəmi/qayıq, 847 xüsusi avadanlıq itirib.

“Aztelekom”un binası soyuldu: saxlanılanlar var

"Aztelekom" İstehsalat Birliyinin Hacıqabul Telekommunikasiya Qovşağının Atbulaq kəndi ərazisində yerləşən inzibati binasından bir ədəd elektrik generatoru oğurlanıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Bildirilib ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini Vahid Zairov və Bakı şəhər sakini Rövşən Heydərov saxlanılıblar. İlkin dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edərək, qabaqcadan əlbir olaraq Atbulaq kəndi ərazisində yerləşən inzibati binaya dəmir barmaqlıqları qırmaqla qanunsuz daxil olduqlarını, oradan dəyəri 1000 manatdan artıq olan bir ədəd elektrik generatorunu ələ keçirdiklərini və Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər. Polis əməkdaşları tərəfindən davam etdirilən tədbirlər nəticəsində generatorun satıldığı ünvan da müəyyən edilib və maddi sübut kimi götürülüb.

Yardım TIR-ları 7 gündür Ağdam yolunda gözləyir

Yeddi gündür ki Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır. Sozcu.az xəbər verir ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər. Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb. Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər. Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir. Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.

Ermənilər Kəlbəcəri yenə atəşə tutdu

Sentyabrın 4-ü saat 07:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

2 övladı şəhid olan ata vəfat etdi

Vətən müharibəsi şəhidləri Musa və Tural Həsənov qardaşlarının atası Tapdıq Həsənov vəfat edib. Sozcu.az xəbər verir ki, T.Həsənov Mingəçevir şəhərində dünyasını dəyişib. Qeyd edək ki, 2020-ci ildə 44 günlük müharibə zamanı Musa şəhid olduqdan bir neçə gün sonra Tural da Suqovuşan istiqamətində şəhid olub.

Azərbaycanda məktəbyaşlı qızlar arasında abort sayı 3 dəfə artıb - ŞOK

Son bir ildə Azərbaycanda abort etdirən qadınların sayı kəskin artıb. Sozcu.az “Ekonominfo”ya istinadla xəbər verir ki, abort etdirən qadınların sayı 2021-ci illə müqayisədə ötən il 23,7% və ya 11 min 122 nəfər artaraq 57 min 999-a yüksəlib. Bu, indiyə kimi Azərbaycanda qeydə alınan ən yüksək göstərici olub. Məlumat üçün bildirək ki, abort etdirənlərin 3,6% və ya 2 080 nəfəri 15-19 yaşlılar olub. Məktəbyaşlı qızlar arasında (15-17 yaş) abort etdirənlərin sayı isə son bir ildə təxminən 3 dəfə artıb. Belə ki, əvvəlki ildə 16 məktəbyaşlı qız abort etdirmişdisə, ötən il bu göstərici 57-yə yüksəlib. Onu da bildirək ki, məktəbyaşlı qızlar arasında abortların sayı ən yüksək səviyyəyə 2010-cu ildə çatıb – 158 abort. Son 15 ildə qeydə alınan abortların sayı belədir:

Ağdamda 6 separatçı təcili yardım maşını ilə gəlib hərbçilərimizə atəş açdı - TƏXRİBAT

Bu gün Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan ərazidə yerli quldurların növbəti təxribatının qarşısı alınıb. “Caliber” xəbər verir ki, saat 14:00 radələrində mülki geyimli 6 silahlı şəxs təcili tibbi yardım maşını ilə Ağdam rayonunun Papravənd kəndi istiqamətində Azərbaycan ordusunun mövqeləri ilə üzbəüz Ermənistan silahlı qüvvələrinin mövqelərinə gəlib. Onlar maşından düşüb, hərbçilərimizin ünvanına nalayiq ifadələr səsləndirib, daha sonra mövqelərimizi avtomat silahlardan atəşə tutublar. Xoşbəxtlikdən tərəfimizdən ölən və xəsarət alan olmayıb. Məlumata görə, erməni təxribatının qarşısını almaq üçün tərəfimizdən dərhal lazımi tədbirlər görülüb. Bildirilir ki, Rusiya sülhmərmalıları artıq hadisədən xəbərdardırlar.

Elçibəyin ailəsinə ağır itki üz verib

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin qardaşı oğlu vəfat edib. Sozcu.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Ayturan Alimurad oğlu Əliyev uzun sürən ağır xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhumun qardaşı Hürrü Əliyev bildirib ki,  Ayturan Əliyev ağ ciyər xərçəngindən əziyyət çəkib.