Yevlaxda erməni icmasını təmsil edənlər kimdir? – Şok isimlər

Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı bu gün aparılan danışıqlara Qarabağın erməni icmasından kimlərin gəldiyi bəlli olub. Sozcu.az xəbər verir ki, Qarabağın erməni icmasını danışıqlarda qondarma deputat David Melkumyan və Areq Avakyan təmsil edir. Onlarla danışıqları Qarabağ bölgəsinin erməni sakinləri ilə əlaqələr üzrə məsul şəxs, parlamentin deputatı Ramin Məmmədov aparır. Bu fakt olduqca ilgincdir. Belə ki, Azərbaycan qondarma qurumun “icra strukturunda” təmsil olunan heç kimlə danışmaq niyyətində deyil – yəni Şahramanyan və onun dəstəsi ilə. Danışıqlar yalnız əli azərbaycanlıların qanına batmayan və hərbi xuntada “vəzifə tutmayan” şəxslərlə aparılır.

PA: Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sabah Yevlaxda görüş keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası açıqlama yayıb.

MN qoşunlara müvafiq tapşırıq verib - Eyvazov

Bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən qoşunlara müvafiq tapşırıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan Silahlı Qüvvələri tapşırıqları icra edir.

Separatçılar təslim oldu, döyüş dayandı: şərtlər - MN

Lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da aşağıdakı şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub: 1. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. 2. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. 3. Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

Düşmənin 90-dan artıq döyüş mövqeyi nəzarətə götürüldü

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov sentyabrın 20-də Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib.

Azərbaycan Ordusu sürətlə irəliləyir - Beqlaryan

Azərbaycan Ordusunun dünən başlatdığı antiterror tədbirləri nəticəsində separatçı-terrorçular sürətlə zərərsizləşdirilir. Sozcu.az xəbər verir ki, bu barədə erməni terrorçu dəstəsinin sabiq “ombudsmanı” Artak Beqlaryan da yazıb. O bildirib ki, Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə irəliləyişi və uğurları inkişaf edir: “Zaman bizim əleyhimizə işləyir, çünki heç bir beynəlxalq aktorun, o cümlədən Rusiya və Amerika tərəfinin prosesi dayandırmaq istəmədiyi göz qabağındadır. Rusiya Federasiyası, ABŞ və Aİ-nin “artsax xalqını” tabe etmək üçün Azərbaycan gündəmini tam dəstəkləməsi mənim üçün mübahisəsizdir. Belə çətin geosiyasi vəziyyətdə və belə son dərəcə qeyri-bərabər müharibədə qəhrəman oğlanlarımız, sadəcə olaraq, canları bahasına ciddi nəticə əldə edə bilmirlər. Biz tamamilə mühasirədə və tək qaldıq, hətta Ermənistan da bu mübarizədə bizi tərk etdi”. Beqlaryan qeyd edib ki, belə bir mətn yazmaq onun üçün “çətin” olsa da, həqiqəti söyləməyə məcburdur: “Hər bir mübarizənin görünən perspektivi olmalıdır, xüsusən də minlərlə insan həyatı bahasına başa gəlirsə”. O, müqavimətin heç bir perspektivi olmadığını bildirərək, mübarizəni dayandırmağa səsləyib. Eyni zamanda, ona “vətənpərvərlik dərsi” keçmək istəyənlərin mümkünlüyünə işarə edərək, bu iddiaları rədd edib və reallığı qəbullanmağa çağırıb.

Vardanyandan ŞOK AÇIQLAMA: "120 min sakin ..."

"Qondarma Dağlıq Qarabağ Respublikası"nın keçmiş dövlət naziri Ruben Vardanyan da Qarabağdakı son durumla bağlı açıqlamalar verib. Sozcu.az xəbər verir ki, Vardanyan Ermənistan, Rusiya və Azərbaycanın təcili iclas keçirməli olduğunu bildirib. "Dağlıq Qarabağın 120 min sakini gedərsə, Ermənistanda ciddi qaçqın böhranı yarana bilər", -deyə Ruben Vardanyan bildirib.

Ermənilər səngərlərdən qaçır - VİDEO

Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı antiterror tədbirləri davam edir. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi qarşı tərəfin səngərdən qaçmasına dair görüntürlər yayıb. Həmin görüntüləri təqdim edirik:

Xankəndiyə atəş açılmayıb – MN

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən yenidən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik. Bir daha bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alır və sıradan çıxarır”, – məlumatda vurğulanır.

Separatçılar təcili iclas keçirdi – Bakının təklifinə cavab gəldi

“Azərbaycanın şərtləri əsasında danışıqlar masasına oturmağa hazırlaşırıq”. Sozcu.az xəbər verir ki, bunu separatçıların rəhbəri Samvel Şahramanyan deyib. O, qondarma rejimin digər nümayəndələri ilə görüş keçirərək Qarabağdakı hazırkı vəziyyəti müzakirə edib. Separatçıların “iclasında” qondarma rejimin keçmiş lideri Araik Arutyunyan da iştirak edib. Qeyd edək ki, bu, separatçıların vaxt qazanmaq üçün yaydıqları məlumat də ola bilər. Xatırladaq ki, rəsmi Bakı Qarabağdakı ermənilərin nümayəndələrini Yevlaxda danışıqlara dəvət edib.

Ağdərə haqda yayılmış bu xəbər yalandır – MN

Ermənistan mətbuatında guya Silahlı Qüvvələrimizin Ağdərə yaşayış məntəqəsini atəşə tutması barədə yayılan məlumatların heç bir real əsası yoxdur, tamamilə yalandır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. “Qarşı tərəfin yaydığı növbəti dezinformasiya xarakterli məlumatı qəti surətdə təkzib edirik”, – nazirlikdən qeyd olunub.

Separatçılar şokda: Bu xəbər təsdiqini tapsa… – Xəritə

Erməni mediası bir sıra ərazilərdə Azərbaycan Ordusunun irəliləməsi barədə xəbərlər yayır.  Sozcu.az xəbər verir ki, bu barədə artıq geniş müzakirə də başladıblar. Bildirirlər ki, Azərbaycanın Çərəkdar və Qızqala kəndləri ilə yanaşı Sərsəng su anbarı yaxınlığındakı Heyvalı kəndini də nəzarətə götürməsi xəbəri təsdiqlənsə, bu ciddi nəticələrə səbəb olacaq: “Əgər bu xəbər təsdiqini taparsa, Ağdərə mühasirədə qalacaq, Xankəndi və təchizat yolları isə bağlanmış olacaq”. Erməni KİV həmçinin Azərbaycan Ordusunun bir neçə istiqamət üzrə Ağdərə ərazisində separatçıların müdafiə xəttini yardığını yazıb. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 60-dan çox mövqenin nəzarətə götürüldüyünü açıqlayıb.Globalinfo)

Neft yenidən ucuzlaşdı

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 93,43 dollara, yüngül neftin bir barreli isə 90,38 dollara satılır.

İlham Əliyev: "Separatçılar silahı yerə qoyduğu halda antiterror tədbirləri dayandırılacaq"

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Amerikalı diplomat yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Vaşinqton tərəfindən dəstəkləndiyini bildirib.

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - Video

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsinin görüntülərini ictimailəşdirib. Sozcu.az Müdafiə Nazirliyinin paylaşdığı videonu təqdim edir:

Ordumuz zərbə PUA-larından istifadə etmir? - MN

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən zərbə PUA-larının tətbiq edilməsi ilə bağlı yayılan məlumatlar növbəti dezinformasiyadır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.

Ermənilər son itkilərini açıqladılar: 27 ölü, 200 yaralı

Erməni separatçılarının yaydığı məlumata görə saat 22:30-a qədər 27 erməni  terrorçusu məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Xankəndi morqundan İnsan Hüquqları Müdafiə İdarəsinə məlumat verilib. İdarə iddia edir ki, yaralıların sayı 200 nəfəri ötüb. Qeyd olunur ki,hələlik əlaqə qurulmadığından Xocalı rayonu və Xocavənddəki  tibb müəssisələri bu rəqəmlərə daxil deyil.

Xocavənd şəhərinin qondarma "mer"i öldürüldü

Erməni teleqram kanallarında Xocavənd şəhərinin qondarma "mer"i Aznavur Saryanın ölməsi barədə xəbərlər yayılıb.  Sozcu.az xəbər verir ki, onun Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürüldüyü bildirilir. (musavat.com)

Bu xəbərə inanmayın - Düşmən təxribatıdır! - FOTO

Bakıda yerləşən məktəblərdə mina olması, təhsil müəssisələrində, universitet, uşaq bağçaları, məktəblərdə terror aktları olacağı barədə yayılan xəbərlər dezinformasiyadır.  Sozcu.az xəbər verir ki, ️sosial şəbəkələrdə yayılan bu məlumatlar, düşmənin bu tip ucuz yollara əl atması qorxu yaratmağa çalışmaqdan başqa bir şey deyil. 

"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız"

Artıq 12 saatdan çoxdur ki, müzəffər Azərbaycan ordusu ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi üçün lokal antiterror əməliyyatlarına başlayıb. Bu günü çoxdan gözləyirdik. Amma mən əminəm ki, gözləyən tək biz deyildik, elə hayların özü də əmin idilər ki, Azərbaycan 44 günlük II Qarabağ savaşının zəfərini yarımçıq qoymayacaq. Suda batan saman çöpündən yapışar misali xarici ölkələrdən kömək gözləyən ermənilərin artıq həqiqətin gerçək üzü ilə burun-buruna olduqları gündür 19 sentyabr... Vaxtı ilə erməni rejissor Arşak Zakaryan Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq belə sərsəmləyirdi: “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” (?) çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik." Özləri gəlməsə də, hərbi texnikalarının bir hissəsini gətirib Bakıya dənizqırağı parka yığdıq. Yığdıq ki, dərs ola, ağıllanalar, olmadı... Gözlədik ki, anlayalar, dərk edələr, dünyanın gedişatına ayaq uyduralar, məhv olmayalar, amma o da olmadı. Mərhəmət etdik, nazları ilə oynadıq. Un göndərdik, su verdik, qaz verdik... Amma yox, bunlar belə ağıllanmayacaq... Axı bunların çoxu terrorçudur, silahlı yaraqlıdır, muzdludur. Bunlara lazım olan Hindistandan gəlir, İrandan gəlir. Bunlar neyləyir unu, suyu, qazı, bunlara silah lazımdı, mina lazımdı... Lazımdı ki, torpağa basdırıb dinc azərbaycanlıları qətlə yetirələr. Neçə aydır "humanitar yardım" şousuna başları qarışdı, farsa, fransıza o qədər ümid oldu ki, Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymadı. Öz çirkin əməllərinə davam etdilər. Yollara mina döşədilər, Azərbaycan polislərini, mülki vətəndaşlarımızı qətlə yetirdilər. Nəticədə nə oldu? Azərbaycan ordusu erməni oyununa son verməyə qərar verdi.  Bəli, indi sizin üçün bu son şansdı. Bu torpaqda yaşamaq istəyirsinizsə, silahı yerə qoyaraq Azərbaycanın konstitusiyasını qəbul edib, qanunlarına əməl etməlisiniz. Əks halda... Əks halda Azərbaycan ordusu Hz.Əlininin qılıncı Zülfüqar misali təpənizə enəcəkdir. Azərbaycan şərtlərini çox gözlətmədən açıqladı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış etdi: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir". Haydı, gəlin Yevlaxa, danışaq. Bəli, Yevlaxa... siz axı Yevlaxa gələn yolu yaxşı tanıyırsız. Baxın, sizi Bakıya çağırmırıq, yenə sizi düşünürük, elə Yevlaxa gəlsəniz bəsdir.  Yoxsa Yevlaxa gəlməyədəmi cürətiniz çatmaz. Bəllidir ki, görüşün təşəbbüskarı heç bir halda üçüncü ölkə deyil. Xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının məlum təklifinin məntiqinə uyğundur. İndidən özünü "media orqanı" hesab edən bir sıra erməni mətbuatı bu görüşün baş tutmayacağı ilə bağlı bir sıra söyləntilər çıxarıb. Ancaq hərkəsə bəllidir ki, regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər. 27 sentyabrı 2 il idi ki, anım günü kimi qeyd edirdik, bu il 27 sentyabrı həm də Zəfər günü kimi qeyd edə bilərik. Ordumuz bu günə qədər hansı arzumuzu gözümüzdə qoyub ki, bu arzumuz da çin olmaya... Olacaq əlbəttə, o gün uzaqda deyil. Allah ordumuzu qorusun!(moderator) Hüseyn Ələsgərov (Zülfüqaroğlu)

Azərbaycan Qarabağ ermənilərini girov saxlayan xuntadan azad etmək niyyətindədir - Hikmət Hacıyev

Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində söyləyib. “Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir. Bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına sülh yolu ilə reinteqrasiyasına daha çox imkan verəcəkdir”, - Hacıyev bildirib. Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, erməni qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir: “Onlar Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqda davam edirlər. Azərbaycan birbaşa dialoq aparmaq üçün Qarabağ ermənilərinin nümayəndəsini Bakıya və digər bölgələrə dəvət edib. Lakin onlar “boz zona” statusunu saxlamaqda davam edirlər ki, bu da Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqdır”. O həmçinin qeyd edib ki, erməni qüvvələri Azərbaycan ərazisinə də milyonlarla mina qoyub və minalamaqla dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir. Belə bir təxribat nəticəsində mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar olaraq, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Onun sözlərinə görə, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələsi də var. “Azərbaycan heç bir halda mülki əhalini hədəfə almır.Yüksəkdəqiqlikli silahlardan istifadə etməklə həyata keçirilən tədbirlər çərçivəsində erməni qüvvələrinin birləşmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri sıradan çıxarılıb”. Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar. “Buna görə də biz yerlərdəki mülki əhalini hərbi obyektlərdən uzaq durmağa və erməni qüvvələrinin birləşmələrinə dəstək verməməyə çağırdıq”, - o əlavə edib.

Erməni ordusuna aid artilleriya qurğusu məhv edildi - Video

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus növbəti artilleriya qurğusu sərrast atəşlə məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Karabakh Telecom"un baza stansiyası vurulmalıdır! - Koordinatlar paylaşıldı - FOTO

Hazırda Xankəndidəki separatçıların yeganə kommunikasiyası" Karabakh Telecom"un mobil rabitəsi və mobil internetidir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, qondarma "Artsax Hökuməti", qanunsuz erməni hərbi birləşmələri bu qanunsuz telekommunikasiya operatorundan hərbi məqsədlər üçün istifadə edirlər: "Həmçinin orada yaşayan ermənilər də bu anda bütün dünyaya dezinformasiyanı və montaj edilmiş şəkilləri, videoları məhz bu mobil operator üzərindən yayırlar. Bizim hökumətimiz Bakıda və regionlarda hərbi vəziyyət, fövqəladə vəziyyət elan olunmasa da, sosial mediada və internetdə bəzi məhdudlaşmalar aparıb. Biz antiterror tədbirləri çərçivəsində olan bu addımları anlaşıqla qarşılayırıq və indiki anda doğru hesab edirik. Amma daha doğru olardı ki, oxşar addımlar, dezinformasiyanın qarşısının alınması istiqamətində tədbirlər bütün Azərbaycan ərazisində reallaşmış olaydı. Yeri gəlmişkən, hazırda İrəvanda Hökumət evi qarşısında etiraz aksiyası keçirənlərin əsas informasiya mənbəyi də "Karabakh Telecom"dur. Odur ki, Xankəndi və ətraf ərazilərdə " "Karabakh Telecom" infrastrukturunun da, oradakı internet və sosial medianın da antiterror tədbirləri çərçivəsinə salınması doğru və məntiqli olardı. Əminəm ki, bizim təhlükəsizlik xidmətlərində bu koordinatlar var".

İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - 34 yaralı var

Ermənistan hökumətinin binası qarşısında polislə etirazçılar arasında yaşanan toqquşma zamanı 34 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralananlardan 16-sının polis, qalanlarının mülki şəxs olduğu bildirilir. Yaralılardan biri deputatdır. Polis bir çox aksiya iştirakçısını həbs edib.