Separatçılar şokda: Bu xəbər təsdiqini tapsa… – Xəritə

Erməni mediası bir sıra ərazilərdə Azərbaycan Ordusunun irəliləməsi barədə xəbərlər yayır.  Sozcu.az xəbər verir ki, bu barədə artıq geniş müzakirə də başladıblar. Bildirirlər ki, Azərbaycanın Çərəkdar və Qızqala kəndləri ilə yanaşı Sərsəng su anbarı yaxınlığındakı Heyvalı kəndini də nəzarətə götürməsi xəbəri təsdiqlənsə, bu ciddi nəticələrə səbəb olacaq: “Əgər bu xəbər təsdiqini taparsa, Ağdərə mühasirədə qalacaq, Xankəndi və təchizat yolları isə bağlanmış olacaq”. Erməni KİV həmçinin Azərbaycan Ordusunun bir neçə istiqamət üzrə Ağdərə ərazisində separatçıların müdafiə xəttini yardığını yazıb. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi 60-dan çox mövqenin nəzarətə götürüldüyünü açıqlayıb.Globalinfo)

Neft yenidən ucuzlaşdı

Dünya birjalarında neft yenidən ucuzlaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 93,43 dollara, yüngül neftin bir barreli isə 90,38 dollara satılır.

İlham Əliyev: "Separatçılar silahı yerə qoyduğu halda antiterror tədbirləri dayandırılacaq"

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı reinteqrasiya məsələlərini müzakirə etmək üçün Azərbaycan Prezidentinin Administrasiyası tərəfindən ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin nümayəndələrinin bir neçə dəfə dialoqa dəvət olunduğu, lakin onların bundan imtina etdiyi, bununla belə lokal xarakterli antiterror tədbirlərinin davam etdiyi vaxtda onların bir daha dialoqa dəvətin edildiyi diqqətə çatdırıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı silahın yerə qoyulduğu və tərksilah olunduğu halda antiterror tədbirlərinin dayandırılacağını deyib. Amerikalı diplomat yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, atəşkəsin əldə olunmasına çağırıb və Bakı ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri arasında birbaşa dialoqun Vaşinqton tərəfindən dəstəkləndiyini bildirib.

Ermənistan birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsi - Video

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus növbəti artilleriya qurğularının zərərsizləşdirilməsinin görüntülərini ictimailəşdirib. Sozcu.az Müdafiə Nazirliyinin paylaşdığı videonu təqdim edir:

Ordumuz zərbə PUA-larından istifadə etmir? - MN

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən zərbə PUA-larının tətbiq edilməsi ilə bağlı yayılan məlumatlar növbəti dezinformasiyadır. Bu barədə Sozcu.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd olunub.

Ermənilər son itkilərini açıqladılar: 27 ölü, 200 yaralı

Erməni separatçılarının yaydığı məlumata görə saat 22:30-a qədər 27 erməni  terrorçusu məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Xankəndi morqundan İnsan Hüquqları Müdafiə İdarəsinə məlumat verilib. İdarə iddia edir ki, yaralıların sayı 200 nəfəri ötüb. Qeyd olunur ki,hələlik əlaqə qurulmadığından Xocalı rayonu və Xocavənddəki  tibb müəssisələri bu rəqəmlərə daxil deyil.

Xocavənd şəhərinin qondarma "mer"i öldürüldü

Erməni teleqram kanallarında Xocavənd şəhərinin qondarma "mer"i Aznavur Saryanın ölməsi barədə xəbərlər yayılıb.  Sozcu.az xəbər verir ki, onun Azərbaycan Silahlı Qüvvələri tərəfindən öldürüldüyü bildirilir. (musavat.com)

Bu xəbərə inanmayın - Düşmən təxribatıdır! - FOTO

Bakıda yerləşən məktəblərdə mina olması, təhsil müəssisələrində, universitet, uşaq bağçaları, məktəblərdə terror aktları olacağı barədə yayılan xəbərlər dezinformasiyadır.  Sozcu.az xəbər verir ki, ️sosial şəbəkələrdə yayılan bu məlumatlar, düşmənin bu tip ucuz yollara əl atması qorxu yaratmağa çalışmaqdan başqa bir şey deyil. 

"Haydı, gəlin Yevlaxa, axı siz ora gələn yolu yaxşı tanıyırsız"

Artıq 12 saatdan çoxdur ki, müzəffər Azərbaycan ordusu ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi üçün lokal antiterror əməliyyatlarına başlayıb. Bu günü çoxdan gözləyirdik. Amma mən əminəm ki, gözləyən tək biz deyildik, elə hayların özü də əmin idilər ki, Azərbaycan 44 günlük II Qarabağ savaşının zəfərini yarımçıq qoymayacaq. Suda batan saman çöpündən yapışar misali xarici ölkələrdən kömək gözləyən ermənilərin artıq həqiqətin gerçək üzü ilə burun-buruna olduqları gündür 19 sentyabr... Vaxtı ilə erməni rejissor Arşak Zakaryan Qarabağın həmin vaxt işğal olunmuş ərazisində istiqamət göstəricisinin yanında dayanaraq belə sərsəmləyirdi: “Bilirsiniz, bunu niyə saxlamışıq. Ona görə ki, siz biləsiniz: əgər bir də bizi “öz torpaqlarımızdan” (?) çıxarmaq istəsəniz Bakıya kimi necə gedəcəyimizi bilirik." Özləri gəlməsə də, hərbi texnikalarının bir hissəsini gətirib Bakıya dənizqırağı parka yığdıq. Yığdıq ki, dərs ola, ağıllanalar, olmadı... Gözlədik ki, anlayalar, dərk edələr, dünyanın gedişatına ayaq uyduralar, məhv olmayalar, amma o da olmadı. Mərhəmət etdik, nazları ilə oynadıq. Un göndərdik, su verdik, qaz verdik... Amma yox, bunlar belə ağıllanmayacaq... Axı bunların çoxu terrorçudur, silahlı yaraqlıdır, muzdludur. Bunlara lazım olan Hindistandan gəlir, İrandan gəlir. Bunlar neyləyir unu, suyu, qazı, bunlara silah lazımdı, mina lazımdı... Lazımdı ki, torpağa basdırıb dinc azərbaycanlıları qətlə yetirələr. Neçə aydır "humanitar yardım" şousuna başları qarışdı, farsa, fransıza o qədər ümid oldu ki, Azərbaycanın xəbərdarlıqlarına məhəl qoymadı. Öz çirkin əməllərinə davam etdilər. Yollara mina döşədilər, Azərbaycan polislərini, mülki vətəndaşlarımızı qətlə yetirdilər. Nəticədə nə oldu? Azərbaycan ordusu erməni oyununa son verməyə qərar verdi.  Bəli, indi sizin üçün bu son şansdı. Bu torpaqda yaşamaq istəyirsinizsə, silahı yerə qoyaraq Azərbaycanın konstitusiyasını qəbul edib, qanunlarına əməl etməlisiniz. Əks halda... Əks halda Azərbaycan ordusu Hz.Əlininin qılıncı Zülfüqar misali təpənizə enəcəkdir. Azərbaycan şərtlərini çox gözlətmədən açıqladı. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış etdi: "Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir". Haydı, gəlin Yevlaxa, danışaq. Bəli, Yevlaxa... siz axı Yevlaxa gələn yolu yaxşı tanıyırsız. Baxın, sizi Bakıya çağırmırıq, yenə sizi düşünürük, elə Yevlaxa gəlsəniz bəsdir.  Yoxsa Yevlaxa gəlməyədəmi cürətiniz çatmaz. Bəllidir ki, görüşün təşəbbüskarı heç bir halda üçüncü ölkə deyil. Xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının məlum təklifinin məntiqinə uyğundur. İndidən özünü "media orqanı" hesab edən bir sıra erməni mətbuatı bu görüşün baş tutmayacağı ilə bağlı bir sıra söyləntilər çıxarıb. Ancaq hərkəsə bəllidir ki, regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər. 27 sentyabrı 2 il idi ki, anım günü kimi qeyd edirdik, bu il 27 sentyabrı həm də Zəfər günü kimi qeyd edə bilərik. Ordumuz bu günə qədər hansı arzumuzu gözümüzdə qoyub ki, bu arzumuz da çin olmaya... Olacaq əlbəttə, o gün uzaqda deyil. Allah ordumuzu qorusun!(moderator) Hüseyn Ələsgərov (Zülfüqaroğlu)

Azərbaycan Qarabağ ermənilərini girov saxlayan xuntadan azad etmək niyyətindədir - Hikmət Hacıyev

Azərbaycanın niyyəti Qarabağın erməni sakinlərini girov olduqları xunta və marionet rejimdən azad etməkdir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Al Jazeera” telekanalına müsahibəsində söyləyib. “Azərbaycanın məqsədi hərbi infrastrukturun tərksilah edilməsi, eləcə də Azərbaycan ərazilərində yaradılmış qeyri-qanuni siyasi sistemin ləğv edilməsidir. Bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi, iqtisadi və sosial həyatına sülh yolu ilə reinteqrasiyasına daha çox imkan verəcəkdir”, - Hacıyev bildirib. Azərbaycan Prezidentinin köməkçisi təəssüflə qeyd edib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata baxmayaraq, erməni qüvvələri ölkənin suveren ərazilərində qalmaqda davam edir: “Onlar Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqda davam edirlər. Azərbaycan birbaşa dialoq aparmaq üçün Qarabağ ermənilərinin nümayəndəsini Bakıya və digər bölgələrə dəvət edib. Lakin onlar “boz zona” statusunu saxlamaqda davam edirlər ki, bu da Azərbaycanın təhlükəsizliyinə birbaşa meydan oxumaqdır”. O həmçinin qeyd edib ki, erməni qüvvələri Azərbaycan ərazisinə də milyonlarla mina qoyub və minalamaqla dinc əhaliyə qarşı təxribat törətməkdə davam edir. Belə bir təxribat nəticəsində mülki şəxslər və polis əməkdaşları da daxil olmaqla altı nəfər həlak olub. Bununla əlaqədar olaraq, Azərbaycan Qarabağ bölgəsində qanunsuz hərbi strukturların zərərsizləşdirilməsi üçün lokal xarakterli antiterror tədbirlərinə başlayıb. Onun sözlərinə görə, Azərbaycan əhalisinin təhlükəsizliyinin təmin edilməsi məsələsi də var. “Azərbaycan heç bir halda mülki əhalini hədəfə almır.Yüksəkdəqiqlikli silahlardan istifadə etməklə həyata keçirilən tədbirlər çərçivəsində erməni qüvvələrinin birləşmələrinin mövqeləri, onların uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi obyektləri sıradan çıxarılıb”. Hacıyev vurğulayıb ki, terrorçular Qarabağda dinc əhalidən qalxan kimi istifadə edir və mülki obyektlərin yanında bilərəkdən hərbi obyektlər quraşdırırlar. “Buna görə də biz yerlərdəki mülki əhalini hərbi obyektlərdən uzaq durmağa və erməni qüvvələrinin birləşmələrinə dəstək verməməyə çağırdıq”, - o əlavə edib.

Erməni ordusuna aid artilleriya qurğusu məhv edildi - Video

Ermənistan silahlı qüvvələri birləşmələrinə məxsus növbəti artilleriya qurğusu sərrast atəşlə məhv edilib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

"Karabakh Telecom"un baza stansiyası vurulmalıdır! - Koordinatlar paylaşıldı - FOTO

Hazırda Xankəndidəki separatçıların yeganə kommunikasiyası" Karabakh Telecom"un mobil rabitəsi və mobil internetidir. Sozcu.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib. Onun sözlərinə görə, qondarma "Artsax Hökuməti", qanunsuz erməni hərbi birləşmələri bu qanunsuz telekommunikasiya operatorundan hərbi məqsədlər üçün istifadə edirlər: "Həmçinin orada yaşayan ermənilər də bu anda bütün dünyaya dezinformasiyanı və montaj edilmiş şəkilləri, videoları məhz bu mobil operator üzərindən yayırlar. Bizim hökumətimiz Bakıda və regionlarda hərbi vəziyyət, fövqəladə vəziyyət elan olunmasa da, sosial mediada və internetdə bəzi məhdudlaşmalar aparıb. Biz antiterror tədbirləri çərçivəsində olan bu addımları anlaşıqla qarşılayırıq və indiki anda doğru hesab edirik. Amma daha doğru olardı ki, oxşar addımlar, dezinformasiyanın qarşısının alınması istiqamətində tədbirlər bütün Azərbaycan ərazisində reallaşmış olaydı. Yeri gəlmişkən, hazırda İrəvanda Hökumət evi qarşısında etiraz aksiyası keçirənlərin əsas informasiya mənbəyi də "Karabakh Telecom"dur. Odur ki, Xankəndi və ətraf ərazilərdə " "Karabakh Telecom" infrastrukturunun da, oradakı internet və sosial medianın da antiterror tədbirləri çərçivəsinə salınması doğru və məntiqli olardı. Əminəm ki, bizim təhlükəsizlik xidmətlərində bu koordinatlar var".

İrəvanda çaxnaşma: Polislə etirazçılar toqquşdu - 34 yaralı var

Ermənistan hökumətinin binası qarşısında polislə etirazçılar arasında yaşanan toqquşma zamanı 34 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralananlardan 16-sının polis, qalanlarının mülki şəxs olduğu bildirilir. Yaralılardan biri deputatdır. Polis bir çox aksiya iştirakçısını həbs edib.

Ermənistanın Qarabağdakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib

Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağdakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına dağıdıcı atəş zərbələri endirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Mülki ermənilər bu kəndlərimizi tərk etdi

Xocalının Pirlər, Xanabad, Əsgəranın Ağbulaq, Naxçıvanlı, Xocavəndin Cütcü və Ağdərənin Canyataq kəndlərindən mülki erməni əhalisi təxliyə edilib. Sozcu.az xəbər verir ki, bu barədə qondarma rejimin “Ombudsmanı” məlumat yayıb. Qeyd edək ki, Canyataq kəndi 1992-ci ilə qədər Ağdərəyə aid olub. Həmin ilin oktyabrın 13-dən isə Tərtər rayonunun inzibati tərkibinə daxil edilib. Xatırladaq ki, Azərbaycan tərəfindən əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb.

Xankəndi atəşə tutulur? - MN

Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır. Sozcu.az xəbər verir ki, bu barədə Nazirliyin açıqlamasında bildirilib. "Yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - açıqlamada bildirilir.

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edildi - KİV

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib. Sozcu.az xəbər verir ki, bu barədə TASS-a dünya təşkilatındakı mənbə məlumat verib. “Görüş cümə axşamı baş tutmalıdır", - adı çəkilməyən mənbə agentliyə deyib. Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir. Agentlik xatırladıb ki, bu günlərdə BMT-də BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir, ona görə də bir neçə nümayəndə heyətinin rəhbəri iclasda iştirak edə bilər./Report

Ordumuz müdafiə xəttini yardı - Hikmət Hacıyev

Azərbaycan Ordusu Qarabağ bölgəsinin bir neçə yerində qanunsuz erməni qüvvələrinin müdafiə xəttini yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlayıb. Hacıyevın sözlərinə görə, Bakı yalnız tərksilah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur. “Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, - Prezidentin köməkçisi vurğulayıb. Onun sözlərinə görə, Bakı antiterror əməliyyatları ilə strateji hədəfinə - öz ərazisi üzərində suverenliyini təmin etməyə - nail olacağına inanır.

60-dan çox döyüş mövqeyi nəzarətimizə keçdi

Ermənistan silahlı qüvvələri birləşmələrinin 60-dan çox döyüş mövqeyi Azərbaycan Ordusunun nəzarətinə keçib. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib. Xatırladaq ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır.

Pentaqondan Ermənistandakı təlimlə bağlı AÇIQLAMA

ABŞ Ermənistanla birgə hərbi təlimləri davam etdirəcək və planlaşdırıldığı kimi başa çatdıracaq. Sozcu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. "Ermənistanla birgə təlimimiz taktiki səviyyədə yeni əlaqələrin qurulması və sülhməramlı əməliyyatlar üçün qarşılıqlı fəaliyyətin artırılması məqsədlərinə nail oldu. Onlar planlaşdırıldığı kimi sabah yekunlaşacaq", - məlumatda qeyd olunur.

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət etdi

Baş Prokurorluq media nümayəndələri və sosial şəbəkə istifadəçilərinə müraciət edib. Sozcu.az xəbər verir ki, qurum rerrorçuluğa qarşı mübarizə ilə bağlı məlumatların verilməsi qaydasını diqqətə çatdırıb. Qeyd olunub ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna əsasən terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir. Aşağıdakı məlumatların yayılmasına yol verilmir: 1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında; 2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında; 3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında; 4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında. Terror aktları, eləcə də terror əleyinə əməliyyatlarla bağlı yayılması qadağan edilən məlumatın internet informasiya ehtiyatında yerləşdirilməsi inzibati xəta hesab edilir (İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi) və fiziki şəxslər beş 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər min manatdan 1500 manat məbləğdə inzibati cərimə edilir, yaxud 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Hərbçilərin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir - Anar Eyvazov

Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərinə cəlb olunan Silahlı Qüvvələrimizin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Sozcu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən brifinqdə deyib. O, bildirib ki, Azərbaycan Ordusunun bütün növ təminatı da yüksək səviyyədədir.

Ermənilərin top qurğusu məhv edildi - Video

Azərbaycanın mülki infrastrukturunu hədəfə alan top qurğusu məhv edilib. Sozcu.az xəbər verir ki, Müdafiə Nazirliyi mülki infrastrukturumuzu hədəfə alan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus top qurğusunun məhv edilməsi anının görüntülərini yayıb. Görüntüləri təqdim edirik:

Qanunsuz rejim özünü buraxmalıdır - Administrasiya

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər. Sozcu.az xəbər verir ki, bu barədə administrasiyanın məlumatında deyilir. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.