Araik görün harada saxlanılıb - ermənilərdən şok versiya

Ötən gün saxlanılaraq Bakıya gətirilən separatçı lider Araik Arutyunyanın necə tutulması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində Araikin Xocalı hava limanında gizlənməsi və məhz burada ələ keçməsi haqda məlumatlar tirajlanır. İddia edilir ki, Azərbaycan təhlükəsizlik qüvvələri Arutyunyanı hava limanının xüsusi hissəsində – gizləndiyi yerdə aşkar edərək saxlayıblar. Onun burada qaçmaq planları qurduğu, lakin son anda ələ keçdiyi qeyd edilir. Separatçının “Laçın” postundan keçməyə çalışarkən tutulması barədə fikirlər də səsləndirilir.

Rusiyanın itkiləri 280 minə yaxınlaşır

Ukrayna müharibənin 588-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 279 890 hərbçi, 4745 ədəd tank, 9026 ədəd zirehli döyüş maşını, 6612 ədəd artilleriya sistemi, 802 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 540 hava hücumundan müdafiə sistemi, 316 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 8962 ədəd avtomobil texnikası, 5121 ədəd PUA, 1530 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 946 xüsusi avadanlıq itirib.

Ankarada partlayış: terrorçunun kimliyi bəlli oldu

Ankarada DİN-in binası yaxınlığında terror aktı törədən şəxsin kimliyi müəyyən edilib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. “DNT testi nəticəsində ikinci terrorçunun PKK terror təşkilatının üzvü Özkan Şahin olduğu müəyyən edilib”, - məlumatda bildirilib. Qeyd edək ki, daha əvvəl terror aktını törədən digər şəxsin PKK üzvü Həsən Oğuz olduğu üzə çıxmışdı.

Bakıda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanıldı

Bakının Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə götürülərək araşdırılıb. Sozcu.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat yayıb. O bildirib ki, Nəsimi RPİ əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb. Onun üzərindən külli miqdarda - 102 qram narkotik vasitə heroin aşkar edilib. Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib. Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Araiki bu azərbaycanlı vəkil müdafiə edəcək

Xankəndidə həbs edilərək Bakıya gətirilən separatçı Araik Arutyunyanın vəkilinin kimliyi məlum olub. Sozcu.az Azinforum.az-a istinadən xəbər verir ki, onun hüquqlarını tanınmış vəkil Alov Səfərəliyev müdafiə edəcək. Alov Səfərəliyev faktı təsdiqləyib: “Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq. Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik!”

Pensiya alanların nəzərinə!

Oktyabrın 6-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub. Bu barədə Sozcu.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

SON DƏQİQƏ! Samvel Şahramanyan SAXLANILDI - Bakıya GƏTİRİLİR

Qarabağdakı ermənilərin prezidenti kimi səlahiyyətləri icra edən Samvel Şahramanyan da saxlanılaraq Bakıya gətirildiyi bildirilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, spiker olsa da, olmasa da, Ukraynaya yardım təsdiqlənəcək

Ağ Ev Konqresin Nümayəndələr Palatasının sədri Kevin Makkarti olsa da, olmasa da, Ukraynaya yeni yardımın təsdiqləyəcəyinə əmindir. Sozcu.az xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. "Biz bilirik ki, Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya əlavə yardımı dəstəkləyir və biz onların bu barədə mövqeyini, o cümlədən spiker Makkartinin bəyanatlarını bilirik və yüksək qiymətləndiririk. Bugünkü çağırışdan da göründüyü kimi, dünya bunu izləyir", - Kirbi deyib. Qeyd edək ki, Makkarti Ukraynaya yardımın əleyhinə çıxış edir.

Tarixən ruslar və ermənilər üz-üzə

“O yerə çatdıracağam ki, Tiflisdəki yeganə erməni Tiflis muzeyində dondurulmuş erməni olacaq!” - Q. Qolitsın Qafqazın mülki işlər üzrə baş rəisi knyaz Qriqori Qolitsının qaldırdığı vəsatət əsasında 1903-cü il iyunun 12-də erməni kilsəsinin əmlakının Rusiyanın Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda bütün erməni kilsələri olmaqla, bütün erməni siyasi təşkilatları çar hökumətinə qarşı sui-qəsdlər və terror aksiyaları həyata keçirməyi qərara aldılar. Həmin qanun erməni kilsələrinin maliyyələşdirdiyi siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə vurduğu üçün erməni terrorizminin genişlənməsinə, anti-rus əhval-ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Tiflisdə Erməni Özünümüdafiə Mərkəzi Komitəsi yaradılmış, həmin komitə 12 iyun tarixli qanunun ləğv edilməsi üçün çar hökumətinə - mütləqiyyətə qarşı bütün mümkün vasitələrlə mübarizə aparacağını bəyan etmişdi. 1905-ci il mayın 11-də gündüz saat 3-də erməni kilsəsinin yaxınlığında, Parapet bağı (indiki Fəvvarələr meydanı) ilə Voronsov (indiki Mirzə İbrahimov) küçəsinin kəsişdiyi yerdə hərəkət edən Bakının general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna ermənilər bomba atırlar. Partlayan bombanın təsirindən Nakaşidze və onun yavəri ölürlər. Partlayışa görə məsuliyyəti “Daşnaksutyun” partiyasının Mərkəzi Komitəsi öz üzərinə götürmüşdü. Həmin il oktyabrın 14-də general Qolitsın Tiflis yaxınlığındakı Kojorskoe şossesində Ermənilərin “Hnçak” sosial-demokrat partiyasının üzvlərinin sui-qəsd cəhdinə uğradı. Terror hadisəsi nəticəsində o, ağır yaralanmışdı. Sözcü.az

Başıqapazlı, üzütüpürcəkli “prezident”...

Tarixi günlərə şahidlik edirik. Yeniyetməlik, gənclik illərimiz odlu-alovlu müharibə dövrünə təsadüf etsə də, taleyimizdən şikayət etməyə haqqımız yoxdur. Son üç ildə köksümüzü qabardan o qədər hadisələr baş verib ki! Oktyabrın 4-ü doğma Cəbrayılımın düşmən tapdağından azad olunduğu gündür. İndi zəngilanlılar öz ata-baba yurdlarının çırağını yandırırlar. Qubadlının simvolu olan Bərgüşad çayı daha kədərli zümzümələr etmir. Kürəyini sıldırım qayalara söykəyən laçınlılar indi qamətlərini şah, başlarını dik tuturlar. Kəlbəcərdə bülbüllər üç ildi düşmən üçün şərqi söyləmirlər. Qoca tarixin həmyaşıdı olan qədim Füzuli yenidən qurulur, erməni barbarlığından yetərincə nəsibini almış Ağdam yaralarını sarıyır, Qarabağın incisi Şuşa bütün dünyaya səs salır... Allahın əsir mələyi - Xocalı indi rahat nəfəs alır. Ağdərədə, Əsgəranda şəhid ruhları bayram edir. Xanın nəvələri öz kəndinə - Xankəndinə qayıdıb. Möhtəşəmsən, Azərbaycan! Bu günlərin dəyərinə dəyər qatan, əhəmiyyətini artıran başqa hadisələr də baş verib. Ard-arda bu qədər şad xəbər aldığımız üçün sənə minnətdaram, Allahım! Şükür, məzlumun ahı yerdə qalmadı, zalım qandallandı. Uzun illərdən bəri Azərbaycana meydan oxuyan üç dılğır - özlərini qondarma "Dağlıq Qarabağ Respublikası"nın "prezidenti" elan etmiş Arkadi Qukasyan, Bako Saakyan və Araik Arutyunyan DTX tərəfindən həbs edilərək Bakıya gətirildi. Əgər məhkəmə prosesi açıq keçirilsə, 10 milyondan çox insanın onların murdar sifətinə tüpürmək şansı olacaq. Mən hər növ qanunsuzluğa qarşı olsam da, müharibədən yetərincə zərər çəkmiş bir azərbaycanlı kimi bu adamların başına yağlı bir qapaz vurmaq hüququmu özümdə saxlayıram. Qoy tarixdə başıqapazlı, üzütüpürcəkli "prezident" kimi qalsınlar... Seymur VERDİZADƏ

Əliyevlə Paşinyanın görüşü dəqiq deyil, Mişel çalışır

Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel oktyabrın 5-də İspaniyanın Qranada şəhərində keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderləri arasında hələ də görüş təşkil etməyə çalışır. Sozcu.az xəbər verir ki, bu barədə AB-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə jurnalistlərə bildirib. “İndi görüş haqqında danışmaq tezdir. Sabah axşama qədər aydın olacaq”, - diplomat jurnalistlərin sualına cavabında deyib. Diplomatın sözlərinə görə, AB Bakı-İrəvan münasibətlərinin normallaşmasında irəliləyişə nail olmaq üçün Ermənistan, Azərbaycan, o cümlədən Fransa, Almaniya və Avropa Şurasının iştirakı ilə “2+3” formatında görüş təşkil etmək istəyir.

Arayiki ömürlük həbs gözləyir

Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş "rəhbəri" Arayik Arutyunyan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, digər separatçılarla birgə Bakıya gətirilib. Sozcu.az xəbər verir ki, Arayik Arutunyan İkinci Qarabağ müharibəsi zamanı Gəncə şəhərinin onun əmri ilə vurulduğunu etiraf etmişdi. Oktyabrın 4-də Araik Arutyunyan öz sosial şəbəkə hesabından Gəncə terrorunun məsuliyyətini öz üzərinə götürdüyünü elan edib. Terror aktı nəticəsində 26 dinc sakin qətlə yetirilib, 175 nəfər isə xəsarət alıb.  Faktla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanıb və Araik Arutyunyan barəsində axtarış elan edilib. Arayik Arutunyanın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.1, 116.0.6, 116.0.7, 116.0.8-1 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 117.2 (Silahlı münaqişə zamanı cinayətkar əmr vermə), 120.2.1, 120.2.4, 120.2.12 (Qəsdən adam öldürmə), 186.3 (Əmlakı qəsdən məhv etmə), 214.2.1, 214.2.3 (Terrorçuluq), 218.3 (Cinayətkar birlik (təşkilat) yaratma), 279.3-cü (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Cinayət Məcəlləsinə əsasən o, ömürlük həbs edilə bilər.

"Artıq Bakı Köçəryan və Sarkisyanın həbsini tələb edə bilər" - Natali Aleksanyan

“Ermənistan nəhayət ki, Roma Statutunu ratifikasiya etdi. İndi məsələ həll olundu. Artıq Azərbaycan Robert Köçəryan və Serj Sarkisyanın həbsini tələb edə bilər. Buna inanılmaz dərəcədə sevinirəm”. Bu sözləri erməni bloger Natali Aleksanyan deyib. O bidirib ki, Ermənistan bu qaniçən soyğunçulardan qurtula bilmədiyi üçün onların işləri ilə Azərbaycanın məşğul olması daha yaxşıdır. “İndi onlardan qurtulmaq üçün yaxşı fürsətdir. Nəhayət, mənim ən böyük arzum gerçəkləşəcək və bu ikisi Bakı həbsxanasında çürüyəcək”, – deyə erməni bloger əlavə edib.

SON DƏQİQƏ! Araik Arutyunyan saxlanıldı, Bakıya gətirilir

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları Qarabağda separatçıların keçmiş “prezidenti” Araik Arutyunyanı saxlayıblar.  Hazırda o Bakıya gətirilir. Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun” partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Bakıya gətirilib.

Ermənistanla sülh sazişi bağlamaq istəyirik - Əmirbəyov

Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanmasını istəyir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “Radio J” radio kanalına müsahibəsində deyib. Elçin Əmirbəyov Azərbaycan tərəfindən Qarabağda həyata keçirilən lokal xarakterli anti-terror tədbirləri barədə məlumat verib. Bildirib ki, anti-terror tədbirlərində məqsəd legitim hərbi hədəfləri yox etmək idi: “Bu, bizim suveren ərazimizdə olan Ermənistan silahlı qüvvələrinə aid qoşuna qarşı idi. Üç il idi Ermənistan öz üzərinə bu məsələ ilə əlaqədar öhdəlik götürmüşdü ki, qoşunlarını bizim ərazimizdən çıxarsın. Amma o, bundan imtina edirdi. Üstəlik onların son iki həftədəki təxribatları bizim çoxsaylı hərbçimizin və mülki şəxslərimizin həlak olmasına səbəb olmuşdu. Ona görə də bu, bizim reaksiyamız, cavabımız idi. Hədəfimiz qəti surətdə mülki şəxslər deyildi. Yenə deyirəm, hədəfimiz legitim hərbi hədəflər idi”. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi bildirib ki, hazırda qeyri-qanuni separatçı qurum təslim olub: "Onlar özləri öz qeyri-qanuni strukturlarının buraxıldığını elan ediblər. “Hazırda biz erməni icmasının təmsilçiləri ilə dialoq aparırıq. Onlarla artıq 3 görüş keçirilib. Onlarla erməni əhalisinin Azərbaycana reinteqrasiya məsələləri müzakirə edilib”. İşğaldan azad olunan ərazilərə BMT missiyasının səfər etdiyini xatırladan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi diqqətə çatdırıb ki, həmin missiyanın tərkibində müxtəlif xarici KİV-lərin təmsilçiləri də olub. “Onlar təsdiq ediblər ki, orada bir neçə yüz insan qalıb... Onların geri qayıtması üçün Azərbaycan hökumətinin səylərini də gözdən qaçırmamaq lazımdır. Hazırda ermənilər bu ərazidə qalmaq istəməyiblər. Üç on illik ərzində bu ərazilərin Ermənistan tərəfindən işğalı öz izini buraxıb. Xatırladım ki, BMT də bu işğalı qınamışdı. İndi isə lazımdır ki, bir çıxış yolu tapılsın, birgəyaşayış təmin olunsun. Həm azərbaycanlılar, həm də ermənilər üçün.”, - E.Əmirbəyov əlavə edib.

Qarabağdakı rejimin iki "prezidenti", parlament sədri və "daşnak" lideri qandallanıb, Bakıya gətirildi - FOTOLAR

Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007) və Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib. Musavat.com çoxsaylı mənbələrə dayanaraq bu məlumatı yayır. İctimaiyyətə bu xoş xəbəri verməklə bərabər, inanırıq ki, bu şəxslər illərlə törətdikləri və rəhbərlik etdikləri cinayət əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Nəhayət, Kəlbəcərdəki məbədimizdə qalan erməni keşişlər də çıxıb getdi...

Din xadimləri Qarabağın dağlıq hissəsini axırıncı tərk edənlər arasında olub. Sozcu.az xəbər verir ki, Ermənistanın Üçmiədzin şəhərində yerləşən erməni apostol kilsəsinin ana taxtından Panorama.am-ın müxbirinə çatdırılan məlumatda  belə deyilir. Məlumata görə, artıq Qarabağdakı bütün erməni ruhanilər, o cümlədən Kəlbəcər rayonu ərazisində Rusiya “sülhməramlı”larının nəzarətində olan qədim Azərbaycan türklərinin  xristian dövrünə aid Xudavəng monastır kompleksinin qondarma keşişləri də Ermənistana gediblər. Qeyd edilir ki, dünən, oktyabrın 1-də Xankəndindəki kafedral erməni kilsəsində sonuncu liturgiya mərasimi keçirilib. Xatırladaq ki, 2020-ci ilin 44 günlük savaşından sonra Rusiyanın vasitəçiliyi ilə gəlinmiş razılığa əsasən Kəlbəcərdəki Xudavəng məbədində erməni keşişlər fəaliyyətini davam etdirirdi.

Azərbaycan onların Qarabağdan çıxmasına icazə vermir - ŞOK İDDİA

Azərbaycan Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan və Samvel Şahramyanın Qarabağı tərk etməsinə icazə vermir. Sozcu.az xəbər verir ki, bu iddia Ermənistanın “Hraparak” qəzeti tərəfindən ortaya atılıb. Saytın mənbələrinin məlumatına görə, hazırda onların Qarabağdan çıxarılması ilə bağlı fəal danışıqlar aparılır.

Qarabağda partizan mübarizəsinə hazırlaşan erməni qızlar - Yeni görüntülər

"VoMa" qruplaşmasının təlimindən yeni görüntülər yayılıb. Milli.Az bildirir ki, fotolarda qızların və uşaqlara təlim keçilməsi əks olunub. Qeyd edək ki, PKK-nın erməni qolu olan "VoMa" qruplaşması Qarabağda partizan mübarizəsinə başlayacaqlarını bildirib. Onlar erməni uşaqlarına təlimlər keçir. Adı ilk dəfə 2020-ci ildə 2-ci Qarabağ müharibəsi zamanı eşidilən "VoMa"nı erməni əsilli Rusiya vətəndaşı Vladimir Vartanov idarə edir. Onlar PKK və YPG ilə birlikdə hərəkət edəcəklər.

Saakyan və Qukasyanın həbs xəbəri yayıldı

Azərbaycan tezliklə Bako Saakyan və Arkadi Qukasyanın Həkəri körpüsündə həbs olunduğunu elan edəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri mənbələrinə əsasən məlumat yayıb. Məlumata görə, onların həbsi ilə bağlı görüntülər də təqdim olunacaq. İddia edilib ki, içərisində separatçı qurumun “daxili işlər və milli təhlükəsizlik nazirləri”nin olduğu avtomobil buraxılsa da, Saakyan və Qukasyan saxlanılıb.

“Artıq heç bir sülhməramlı missiyasına ehtiyac yoxdur”

"Sentyabrın 28-də qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını bəyan etdi. Bundan əvvəl isə separatçı qurum silahları və hərbi texnikanı Azərbaycana təhvil verməyə başlamışdı və ardınca xunta rejiminin liderləri həbs olunaraq Azərbaycan hüquq mühafizə orqanlarına təhvil verilib. Siyasi təhlilçilər “DQR”in süqutunu Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi qiymətləndirirlər və Azərbaycan tarixinin ən ağrılı səhifələrindən biri qapandığını bildirir." Sozcu.az xəbər verir ki, bu sözləri musavat.com-a Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib. O bildirib ki, “DQR”-in özünü buraxmasını münaqişənin bitməsi kimi dəyərləndirmək olar: “Ancaq Rusiya sülhməramlılarının hələ bölgədə olması sonrakı proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmağa imkan vermir. Rusiya sülhməramlılarının mandadı 2025-ci ildə bitir. Mandatın taleyi ilə bağlı hələ ki, nə Rusiya, nə də Azərbaycan rəsmiləri öz mövqeyini açıqlayıb. Yalnız Türkiyə lideri Rəcəb Təyyub Ərdoğan bununla bağlı qəti mövqe ortaya qoyub və güman edilir ki, rəsmi Bakının da istəyi bu yöndədir”. S.Əsədli bölgədə rus sülhməramlılarının varlığının proseslərə müsbət təsir göstərmədiyinin şahidi olduğumuza da diqqət çəkib: “10 noyabr sazişindən keçən 3 il ərzində erməni separatçılarının bütün hərbi təxribatlarının, terror aktlarının arxasında məhz rus sülhməramlıları dururdu. Bu müddətdə Azərbaycan səbir və təmkin nümayiş etdirdi, lakin ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri aktivləşib, Azərbaycan hərbçilərinə, hətta sivil insanlara qarşı terror aktı həyata keçirirdi. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları dövlətimizin qətiyyətinin göstəricisi idi. İndi Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi həyata keçirilir. Bir sözlə, separatçıların mövcud olduğu boz zonada Azərbaycanın konstitusion quruluşunu bərpa etmək üçün tədbirlərə start verildi. Azərbaycan vətəndaşlığımızı qəbul edən erməni kökənli şəxslərin də təhlükəsizliyini təmin etmək gücündədir. Antiterror tədbirləri zamanı mülki vətəndaşların zərər görməməsi və Qarabağı tərk edən ermənilərə münasibətdə hər kəs bunun şahidi olub. Belə olan halda hansısa sülhməramlı missiyasına ehtiyac qalmır”.

Ermənistan Parlamenti BCM-yə üzvülüyü ratifikasiya edib

Ermənistan parlamenti Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyünü təsdiqləyib. İrəvanın BCM-də iştirakı Moskvanın çoxdan etiraz etdiyi məsələdir. Ermənistan parlamenti BCM-yə üzvlük təklifini 22 əleyhinə 60 səslə qəbul edib. Rusiya Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmasını “son dərəcə düşməncəsinə” hərəkət kimi qiymətləndirir. Vladimir Putin həbs qərarı ilə bu yaxınlarda Cənubi Afrikada keçirilən BRİKS sammitində iştirak etməyib. Ermənistanın BCM-ə üzv olması o deməkdir ki, Putin də bu ölkəyə gedə bilməz. Sözcü.az

Separatçı rəhbərlərlə əlaqə itib

Qarabağda özünü buraxmış separatçı-terrorçu dəstənin keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanla əlaqə itib. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-lərindəki məlumatlarda qeyd edilib. Bildirilir ki, həmin şəxslərin hazırda harada olduğu bəlli deyil. Onların hələ də Qarabağda olub-olmaması və ya Ermənistana getməsi ilə bağlı rəsmi mənbələr susur. Nə Azərbaycan, nə də Ermənistan rəsmiləri hələ ki separatçıların keçmiş rəhbərləri barədə məsələyə raeaksiya verib.

“Rusiya Ermənistanla müharibəyə hazırlaşır: bəs nə vaxt başlayacaq?..”

“Aydındır ki, Rusiyanın Ermənistanla bağlı “B” planı var, əgər yaxın gələcəkdə Ermənistan daxilində sabitliyi poza bilməsə və qanuni seçilmiş, demokratik hakimiyyətin devrilməsinə nail ola bilməsə...” “Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun 20-ci illik toplantısı çərçivəsində növbəti əxlaqsız bəyanatla çıxış edib. İrəliyə baxaraq qeyd edirəm ki, uzun müddətdir heç kim ondan başqa heç nə gözləmir. Beləliklə, biz indi bütün dünyanın gözü qarşısında artsaxın(Qarabağın dağlıq hissəsi- S.L.) yerli əhalisinin etnik təmizləməsində(guya-S.L.) Rusiyanın günahının yeni sübutlarını qeydə alırıq”. Moderator.az əməkdaşının təqdim etdiyi “ArmenianReport”-un analitiki Razmik Akopcanyanın “Rusiya Ermənistanla müharibəyə hazırlaşır:  nə vaxt başlayacaq?..” başlıqlı yazısının tərcüməsində belə deyilir. Azərbaycan və Türkiyəyə qarşı bəzi hədyanlarını nəzərə almasaq, material Ermənistanın nisbətən sağlam düşünən dairələrinin Rusiya imperiyasına qarşı gerçək münasibətini əks etdirir. Yazının qalan hissəsini müəyyən ixtisarlarla nəzərinizə çatdırırıq: “...“Biz azərbaycanlı həmkarlarımız və qonşularımızla Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın, ermənilərin və azərbaycanlıların ümumi həyatının bərpası üçün şərait yaratmaq üçün çalışırıq. Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır, onlar bunun üçün səy göstərəcəklər”, - "TASS" rusiyalı nazirdən sitat gətirir. "Lavrovun bəyanatında doğru olan yeganə şey “azərbaycanlı həmkarlar” ifadəsi olub!- yazan erməni jurnalist iddia edir ki, guya Rusiya Azərbaycan və Türkiyə ilə birlikdə Qarabağın dağlıq hissəsindəki hayklara qarşı “etnik təmizləmə” layihəsi həyata keçirib...  “Və ümumiyyətlə, Rusiyanın Arbitr rolunu oynamaq istəyi şoka salır. Dünyadakı nüfuzu ilə o, artıq Troya Atı roluna belə uyğun gəlmir. Bundan əlavə, Rusiyanın öz müttəfiqlərini qoruya bilmədiyi hər kəs üçün danılmaz və aşkar həqiqətə çevrilib. Azərbaycan-Türkiyə tandemi artsaxla bağlı planlarını həyata keçirərək bunu Rusiya üçün biabırçı aşkarlıqla nümayiş etdirdi... İndi də Qazaxıstan Rusiyaya qarşı sanksiyalar rejiminə əməl edəcəyini bəyan edir. Bu haqda Berlində bu ölkənin prezidenti Qasım-Jomart Tokayev Almaniya kansleri Olaf Şoltsla danışıqlardan sonra bəhs edib. Bundan sonra Gömrük İttifaqı, Aİİ və KTMT-nin nəyi təmsil edəcəyini “senzura”dan keçəcək sözlər də tapmaq çətindir... Bu arada Bakıda Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin  gəmi və hərbi heyətinin iştirakı ilə “Xəzri-2023” birgə taktiki təlimləri keçirilir. Onların mənası daha aydındır”- yazan analitik bunu Türk birliyinin möhkəmləndirilməsi istiqamətində daha bir addım kimi dəyərləndirir. “Rusiya Xəzərdə də öz təsirini itirir. Qara dəniz üzərində tam nəzarəti itirdiyini nəzərə alsaq, bu, Türkiyənin təsirinin artması ilə bağlı çox konkret siqnaldır. Amma Kreml çarəsizcə özünü bunu görmürmüş kimi göstərməyə çalışır. Orada Ermənistanla hesablaşmağa çalışırlar. Ənənəvi cılız, ucuz maneralarla... Moskva ölkəmizə iqtisadi təzyiq göstərməyə başlayıb. Hələlik bu, erməni konyakının Rusiya Federasiyasına ixracına süni maneələrin yaradılması yolu ilə həyata keçirilir. Bu, ixracatımız üçün çox həssas məqamdır... 2022-ci ildə Rusiya bazarına ixrac edilən erməni şərabının payı 78,8%-ə yüksəlib. İndi də yüksək keyfiyyəti ilə tanınan erməni konyakı Rusiya müfəttişləri arasında ağrılı şübhələrə səbəb olub... Bir məşhur Kreml təbliğatçısının dediyi kimi: “Təsadüf? Düşünmə!". Üstəlik, xatırlayırıq ki, Rusiya Gürcüstana təzyiq göstərmək üçün Mixail Saakaşvili prezident olarkən eyni təsir tədbirlərindən istifadə edirdi. Gürcüstan şərabının və Borjomi mineral suyunun Rusiya Federasiyasına idxalına qadağa 2008-ci ilin avqustunda hərbi münaqişədən əvvəl qoyulmuşdu... Bəli, siz məni düzgün başa düşdünüz. Mən iddia edirəm ki, Rusiya yaxın gələcəkdə Ermənistan daxilində vəziyyəti sabitliyi poza bilməsə və qanuni yolla seçilmiş, demokratik hökumətin devrilməsinə nail ola bilməsə, Ermənistan üçün “B” planı var. Bu, Kremlin günbəgün yox, saatbasaat uduzduğu Cənubi Qafqaz regionunu əldə saxlamaq cəhdi olacaq. Deməli, hamımız demokratik dünyadan dəstək tələb edərək həyəcan təbili çalmalıyıq”,- deyə sonda erməni analitik vurğulayır.