İZ" müsahibə layihəsinin bu dəfəki qonağı İstiqlal şairi, Azərbaycan Dövlət Himninin müəllifi, repressiya qurbanı Əhməd Cavadın nəticəsi, babasının adını daşıyan Cavad Axundzadədir.
İstiqlal şairi Cavad Məhəmmədəli oğlu Axundzadə 5 may 1892-ci ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndinin Mehirli tirəsindən anadan olub. Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən deyirdi. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə gedir. Cavadın Gəncəyə ilk gəlişi 1906-cı ilə təsadüf edir. Bu tarixə şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılmış "Gəldim Gəncəyə" şeirində rast gəlinir. Şairin anası xalça sexində işə düzəlir, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyir və oğlu Cavadla burada yaşayır. Şəhər bazarında dəmirçi işləyən Cavadın ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani məktəbində oxumağa qoyurlar. Məktəbdə əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi) kimi tanınmış ziyalılar dərs deyirlər. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad (türkiyəli Əhməd Cavadın qardaşı) adlı müəllim Cavadın inkişafında böyük rol oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona S. Cavad öyrətmişdir. Öz qələm təcrübələrinə hələ məktəbli ikən başlayan Ə. Cavad ilk şeirlərilə bəzi müəllimlərinin diqqətini cəlb etmişdi.
Şair 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır.
Əhməd Cavad 1914–1917-ci illərdə Acarıstanda kənd-kənd dolaşaraq müxbir kimi fəaliyyət göstərmiş, buradakı ictimai-siyasi durum haqqında "İqbal", "Yeni İqbal", əsasən, "Açıq söz" qəzetlərinə silsilə məqalələr göndərmişdir. Həmin silsilə məqalələrdən biri olan "Acara məktubları" da "Açıq söz" qəzetində 1915-ci ilin 3 noyabr, 14 dekabr, 15 dekabr, 30 dekabr və 1916-cı ilin 25 mart tarixli nömrələrində dərc olunmuşdur. "Acara məktubları" beş silsilə məqalədən ibarət olub, bədii-publisistik üslubdadır. Məktublarda Türkiyə-Gürcüstan-Acarıstan münasibətləri, Azərbaycan nümayəndələrinin fəaliyyəti, Bakının yardımları, Acarıstanın tarixi, təbiəti, xalqın məişəti, adət-ənənələri, Türkiyəyə arxalanması, dil, din, məktəb, maarif və s. məsələlər işıqlandırılır. Acarıstanın ticari-iqtisadi həyatından bəhs edən Cavad hətta buradakı evlərin belə "tamamilə türk tərzi memariyyəsində yapıldığını", acarların geyimlərini "Anadolunun qiyafətinin incə bir şəkli" olduğunu qeyd edir.
Əhməd Cavad 1914–1918-ci illərdə Birinci Cahan müharibəsində olarkən Batumda müntəzəm surətdə axşam kurslarında dərs demiş, təzə təşkil olunmuş məktəblərdə "Nümunə dərsi" vermiş, müəllimləri yeni-yeni metodik göstərişlərlə zənginləşdirmişdir. O, şagirdlərin köməyi ilə yerli adamlardan folklor nümunələri, o sıradan bayatılar toplayır, özü də bayatı formasında şeirlər qoşurdu. "İqbal" qəzetinin 1914-cü il 30 aprel tarixli nömrəsində Cavadın "Yeni nəsil İctimai yaralarımız" adlı məqaləsi nəşr olunmuşdur. Bu məqalədə Azərbaycanda məktəbin, müəllimin və şagirdlərin acınacaqlı vəziyyəti öz əksini tapmışdı. "İqbal" qəzetinin 1914-cü il sentyabr nömrələrindən birində Ə. Cavadın "Gəncədən" adlı bir məqaləsi dərc olunmuşdu. Məqalə İsmayıl Mirzə Qaspirinskiyə həsr olunmuşdu. Cavad ömrü boyu Türk ellərini gəzmiş, bir çox yerlərdə məktəb təşkilində, uşaq evlərinin açılmasında böyük fəaliyyət göstərmişdir. Acar elində, Gürcüstanın bəzi kənd və şəhərlərində uşaq evləri və məktəblər açılmasında yaxından iştirak etmişdir.
Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi "Çırpınırdın, Qara dəniz" şeiri Türkiyədə ən çox "Yol ver türkün bayrağına" adıyla məşhurdur. Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, bir səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur "Həmidiyyə" zirehli gəmisinin Yunanıstanın "Averof" hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı "Həmidiyyə" zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları "Kazbek" və "Kaqul" adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır, Odessa limanını bombardman edir. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ildə həmin şeiri yazmışdır. Şeir Rusiyanın "Kazbek" və "Kaqul" hərbi zirehli gəmisinə meydan oxuyan məşhur "Həmidiyyə" hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdır. Gəminin kapitanı Atatürklə yaxın olmuş, Başbakanlıq və Böyük elçilik vəzifələrində çalışmış admiral Rauf Orbay bu hünərinə görə "Həmidiyyə" qəhrəmanı kimi şöhrətlənmişdir.
Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü AXC-nin yaranması, inkişafı illərinə təsadüf edir. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışmış, şeir və publisistik yaradıcılığını davam və inkişaf etdirmişdir. O, pedaqoji fəaliyyətinin inkişafına xüsusi fikir vermiş, əsasən müəllimlik etmiş və siyasi fəaliyyətdə bulunmuşdur.
Əhməd Cavad AXC dövründə fəaliyyət göstərən, yeni görüşlü ədib və mühərrirlərin yaratdığı, 100-dən artıq ədibi və şairi öz ətrafında birləşdirən "Yaşıl qələmlər" dərnəyinin üzvü idi. Bu cəmiyyət İstanbuldakı "Türk ocağı"nın Bakıda açılan şöbəsi əsasında yaranmışdı. Azərbaycada bütün işlər əsasən "Yaşıl qələm" ədəbi cəmiyyəti vasitəsilə həyata keçirilirdi. Burada Məhəmməd Əmin Rəsulzadə, Ü. Hacıbəyli, S. Hüseyn, Ö. Faiq, N. Vəzirov, Ə. Haqverdiyev, H. Cavid, M. Hadi, A. Şaiq, C. Cabbarlı ilə birlikdə Ə. Cavad da yaxından iştirak edirdilər. Dərnəyin üzvləri yeni hökumətin dövründə Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına çalışırdılar.
Əhməd Cavadın "Gəncədə istiqlal günü" məqaləsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ilk ildönümünə həsr olunmuşdur. 1919-cu ilin 28 may günündə Gəncədə keçirilən bayram təntənələri haqqında təəssüratdan ibarətdir. Şairin bu dövrdə bir sıra məqalələri də işıq üzü görmüşdür: "Denikin və Gəncə ("Azərbaycan" qəzeti, 4 iyun 1919-cu il)", "Ömər Faiqin başına gələnlər ("Azərbaycan" qəzeti, 3 fevral 1919-cu il"", "Ələkbər bəyin mərasimi-dəfni ("Azərbaycan" qəzeti, 11 aprel 1919-cu il)", "Abbaszadə Mirzə Abbasın yubileyi ("Azərbaycan" qəzeti, 2 iyun 1919-cu il)", "Rövşən Əşrəf bəy ("Azərbaycan" qəzeti, 24 oktyabr 1919-cu il)".
1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir. O, ailəsilə birlikdə Qusarın Xuluq kəndinə köçərək burada müəllimliyə başlayır. 1920-ci ilin sentyabrından 1922-ci ilin oktyabrına kimi Əhməd Cavad Xuluq kənd məktəbində rus və türk dillərindən dərs verir. Tezliklə həmin məktəbin direktoru vəzifəsi ona tapşırılır. Öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyi barədə Quba Qəza Xalq Maarifi Şöbəsindən verilmiş xasiyyətnamədə məlumat var. O, müəyyən fasilələrlə Quba Xalq Maarif Şöbəsinin müdiri işləyir, həmçinin Azərbaycan Maarif komissarlığının təşkil etdiyi qısa pedaqoji kurslarda mühazirəçi, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə çalışır. Şair geniş maarifçilik fəaliyyəti göstərməklə yanaşı, eyni zamanda pedaqoq kimi fəaliyyətini davam etdirir.
Əhməd Cavad 1922-ci ildə Bakıda Ali Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə qiyabi daxil olur. O, həmçinin ali məktəbdə təhsil aldığı illərdə müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1924-cü ildə N. Nərimanov adına Pedaqoji Texnikumda türk dili fənnindən dərs demişdir. Bu zaman respublikada buraxılan ilk dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında öz bilik və bacarığını əsirgəməmişdir. Daha sonra 1927-ci ildə Əzizbəyov adına Azərbaycan Politexnik Universitetində qeyri-azərbaycanlı tələbələr üçün Azərbaycan dilini tədris etmişdir.
Şairin 1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri "İstiqlal məcmuəsi"ndə on altı şeiri işıq üzü gördü. İdeoloji sahədə rəhbər orqanlar, "Qızıl qələmlər" cəmiyyəti, onun fəal üzvləri olan "proletar" şairləri, bir sözlə Ə. Cavadın əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edirdilər. Belə bir vaxtda Əli Nazim Moskvada çap olunmuş bir məqaləsində ("Peçat i revolyusiya", N 7, 1929-cu il) şairin Türkiyədə bir neçə şeirinin dərc olunması haqqında məlumat yaydı. Əhməd Cavadın həbsi üçün səbəb axtaran bəzi həmkarları bundan yararlanaraq mətbuatda "İstiqlal məcmuəsi"ndə çap olunan şeirlərinə görə onu ittiham etdilər. Bu işdə "Kommunist" və "Bakinski raboçi" qəzetləri xüsusi fəallıq nümayiş etdirirdilər."
Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Cavad Axundzadənin MTN arxivindəki 1923-cü il, PR – 20942 saylı istintaq işindən aydın olur ki, Azərbaycan Fövqəladə Komissiyasının əməliyyat müvəkkili İvan Makarov 1923-cü il dekabr ayının 1-də Müsavat Partiyasının işləri ilə tanış olur və belə qərara gəlir ki, Cavad Axundzadə 1918-ci ildən Müsavat Partiyasının üzvüdür. Şair Batumda olarkən Gəncə şəhərində yaşayan məktəb yoldaşı Abdulla Ağaəli oğlu ona məktub göndərir və bu məktubdan aydın olur ki, Müsavat Partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində Ə. Cavad yaxından iştirak edib. Bundan başqa o, Quba şəhərində müəllim işləyərkən ətrafına müsavatçılar toplamış, mütəmadi olaraq Bakı müsavatçıları ilə əlaqə saxlamışdır. Həmçinin Əhməd Cavad Axundzadə müsavatçı, Məhəmməd Əmin Rəsulzadənin silahdaşlarından biri olan Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsini təşkil etmişdir. Bütün bu deyilənləri nəzərə alaraq əməliyyat müvəkkili İvan Makarov təklif etmişdir ki, Ə. Cavad həbs edilsin və Azərbaycan Fövqəladə Komissiyasının (Az. ÇK) kamerasında ciddi nəzarət altında saxlanılsın. Əhməd Cavad ilk dəfə həbs olunanda Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsində iştirakının olmadığını söyləsə də, 1937-ci ildə həbs olunanda istintaq sorğu-sual materiallarında bu faktı etirak edərək boynuna alır.
Bundan sonra Cavad Axundzadənin həbs edilməsi ilə əlaqdər 5 dekabr 1923-cü ildə 446 saylı order imzalanır. Lakin hansısa səbəbdən şair dekabr ayının 5-də yox, noyabr ayının 21-də həbs edilir. Onu ilk dəfə elə həbs olunduğu gün, yəni noyabr ayının 21-də, ikinci dəfə isə noyabrın 26-da dindirirlər.
1937-ci ilin mart ayında Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair müəllimi H. Cavid, tələbəsi M. Müşfiq və həmyerlisi V. Xuluflu ilə eyni vaxtda həbs edilib. 1937-ci ilin 5 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtardı.
1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunmuşdur. Həmin əmlak siyahısında Məhəmməd Əmin Rəsulzadənin, Kautskinin, Buxarinin kitabları, H. Zeynallının, V. Xuluflunun bəzi əsərləri, "Türk sözü" qəzeti, özünün "Dalğa" kitabçası, 3 qeyd dəftərçəsi, 15 müxtəlif məktub, Şükriyyə xanımın qızıl bəzəkləri-yeddi qızıl beşliyi, dostlarının şairə bağışladığı iki ədəd suvenir-xəncəri göstərilir. Əhməd Cavadın 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar, şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necə gəldi yazılmış "Göy göl" şeiri saxlanılıb.
1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxundu. 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam etdi və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələdilər.
Cavad bəy sizi İZ müsahibə layihəsində xoş gördük, istiqlal şairi Əhməd Cavadın nəticəsi olaraq "İZ" müsahibə layihəsində sizi görməkdən çox məmnunuq.
— İlk olaraq istərdik özünüz haqqında məlumat verəsiniz. Əhməd Cavadın hansı oğlunun varisisiniz, təhsiliniz ?
- Əziz qardaşım Ceyhun bəy, mən Əhməd Cavadın böyük oğlu Aydın Axundzadənin nəvəsiyəm. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinin bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini, daha sonra təhsilimi Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunun aspiranturasında davam etdirmişəm.
— Keçən səfər Şəmkir ziyarətinizdə Əhməd Cavadın doğulduğu Seyfəlini, Şükriyyə xanımın son illərini keçirdiyi Çinarlı qəsəbəsini müəyyən qədər sizinlə gəzə bildik, Şükriyyə xanımın Seyfəlidəki məzarını ziyarət etdik. Sizində uşaqlığınızın bir qismi bu qeyd olunan yerlərdə keçib. Həmin günlərdən yaddaşınızda nələr qalıb ? Acar bəyzadələri Bejanidze ailəsindən olan Şükriyyə xanım öz gözəlliyi, kübarlığı, alicənablığı ilə seçilirmiş. Tanıdığım yaşlı müəllimlərdən biri deyirdi ki, Şükriyyə xanım Seyfəliyə gəlin gələrkən insanlar onun gözəlliyini ifadə etməklə bağlı deyirmişlər ki, sanki qaranlıq otağa işıq saçır. Amma bu qaranlıqlara işıq saçan qadının həyatını sovet hakimiyyəti o qədər zülmlərə düçar etdi ki, onun ağrı-acılarını sözlərlə ifadə etmək olmaz. Bütün çətinliklərə və məhrumiyyətlərə rəğmən o öz möhkəmliyini və məğrurluğunu qoruya bilmişdi. Bu məğrur qadını sizin yaddaşınızda qalanlarla daha dərindən tanımaq istərdik ?
Mən dünyaya gəldiyim gündən Şükriyyə xanımla Bakı şəhərinin 5 mərtəbə kimi tanınan ərazisində yerləşən Şahmat Klubunun binasında yaşamışıq və Şükriyyə xanımın tərbiyəsini almışam, uşaqlıqdan Şükriyyə xanımın tövsiyyələrini dinləyirdim, daha sonra Şükriyyə xanım Şəmkirə köçəndən sonra mən hər yay tətilimi və hətta qış tətilimi Şükriyyə nənəmin yanında keçirirdim. Əlbəttə ki, unudulmaz günləri idi, çox gözəl günlər birlikdə yaşamışıq, Şükriyyə xanım ilk olaraq mənə Əhməd Cavadın şeirlərini öyrədirdi və 13 yaşıma qədər Şükriyyə xanımla birgə yaşamışam, onun yanında olmuşam, hər zaman Şəmkirə gələndə nəyin ki, onun məzarını ziyarət edəndə, hətta evimizin yanından keçərkən, həmin o küçədə Şükriyyə nənəmi xatırlayıram.
— Cavad Axundzadə - İstiqlal şairinin həqiqi adını varislərdən bu gün siz daşıyırsınız. Bu adı sizə Şükriyyə xanım verib ?
Bildirmək istəyirəm ki, Cavad adını mənə ulu babam Əhməd Cavadın ömür-gün yoldaşı, ağır taleyini bölüşmüş Şükriyyə xanım verib. Mən bu məsuliyyəti hər ikisinin qarşısında hiss edirəm. Həm ulu babam Əhməd Cavadın, həmdə Şükriyyə xanımın. Çalışmışam hər zaman bu adı doğruldum və ən yüksək zirvələrdən səsləndirim.
— Şükriyyə xanım sizlərə Əhməd Cavaddan danışardımı ?
Şükriyyə xanım mənə Əhməd Cavaddan danışarkən ilk öncə dediyim kimi yaşadığımız Şahmat Klubu adlanan binada, bizim yaşadığımız blokda qonşuların əksəriyyəti repressiya məruz qalanlar idi və Şükriyyə xanım mən balaca uşaq olarkən hər zaman məni özü ilə götürür və həmin o qonşuları ziyarət edirdi, qonşularda onu ziyarət edirdi. Onlar Əhməd Cavaddan, digər repressiya qurbanlarından danışar, o qanlı illəri yada salardılar. Şükriyyə nənə öncə vurğuladığım kimi Əhməd Cavadın adını mənə verdiyinə görə mənə istiliklə yanaşırdı, mənə nəyin ki, Cavad, Cavadım deyirdi.
— Şükriyyə xanım xaraktercə necə qadın idi, insanlarla ünsiyyət qurması, onlara münasibəti bizim üçün maraqlıdır ?
Bu sual üçün təşəkkür edirəm Ceyhun bəy. Şükriyyə xanım özündə mərdliyi, sadiqliyi, sınmaz ruhu və sona qədər mübarizliyi əks etdirirdi. Mənim Şükriyyə xanımla bağlı sadaladığım xüsusiyyətlərə görə o mərdliyin, sadiqliyin, mübarizliyin rəmzi idi. Bu gündə rəmz olaraq davam etməkdədir. Şükriyyə xanımın atdığı addımlar, hərəkətlər, onun özünü aparmaq tərzi, mərdliyi hər kəs üçün nümunə olub və olmalıdır. Şükriyyə xanım sevirdi ətrafına qohumları, tanışları, dostları, qonşuları, digər insanları toplamağı. Hamı toplaşardı onun ətrafına. Əslində Şükriyyə xanım elə bizim birliyimizin səbəbi idi. Bilirsiniz ki, o sürgündə idi, sonra sürgündən qayıtdı və hamımızı ətrafına topladı. İlk öncə Şəmkirdə, daha sonra isə Bakıda. Şükriyyə xanım insana xas ən gözəl xüsusiyyətləri özündə əks etdirirdi. Mən onu nəyin ki, çox istədiyim Şükriyyə nənəm kimi xatirələrimdə yaşadıram, həmdə onu dahi şəxsiyyət kimi hər kəsə nümunə tuturam. Mən çox böyük şərəf duyuram ki, ulu babamın adını mərdlik və sadiqlik rəmzi olan Şükriyyə xanım mənə verib.
— Əhməd Cavad Şəmkirdə doğulsada, fikrən, düşüncə olaraq Gəncədə doğulub, orada formalaşıb. Abdulla Sur, Hüseyn Cavid, Mirzə Abbas Abbaszadə kimi dövrün qabaqcıl müəllimlərindən dərs almışdır. Əhməd Cavadın məfkurəvi həyat xəritəsi, mübarizəsi Gəncədən, bu müəllimlərdən aldığı dərslər əsasında başlamışdır. Bütün ömrü boyu onu izləyən babanızın fikri dünyası, hədəfləri, istəkləri nələr idi ?
Mən həmişə demişəm ki, Əhməd Cavad tək şair yox, həmdə döyüşcü olub. O bir əlində qələm, bir əlində silahla mübarizə aparıb. Bildiyiniz kimi Əhməd Cavad Birinci Dünya Müharibəsi dövründə Osmanlı ordusu sıralarında Balkan əməliyyatlarında iştirak edib, hətta yaralanıb. Daha sonra Türk dünyasının birliyi rəmzinə çevrilmiş "Çırpınırdı Qara Dəniz" şeirini yazıb. Əhməd Cavadın hədəfi böyük Turan, böyük və güclü Türk dünyası və ən əsası əlbəttə ki, bizim müstəqilliyimiz idi. Əhməd Cavad son nəfəsinə qədər Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Əhməd Cavadın imkanı var idi Türkiyə getmək üçün. Təklif edirdilər, dəvət edirdilər, amma Əhməd Cavad son gününə kimi Azərbaycanda qaldı. Onun ən böyük arzusu və istəyi o idi ki, Azərbaycan müstəqil olsun. İnşallah ki, Əhməd Cavadın ruhu şaddır.
— Şeirə, şeiriyyata marağınız necədir ? Babanızın ən çox sevdiyiniz şeiri hansıdır ?
- Marağım çoxdur. Milli, vətən mövzulu şeirləri sevirəm. Babamın ən çox sevdiyim şeiri "Göygöl"-dür.
Əhməd Cavadla bağlı ən böyük arzunuz nədir ?
Çox gözəl sualdır. Hətta deyərdim ki, sevdiyim suallardan biridir. İlk öncə Əhməd Cavadın məzarının aşkar edilməsi, onun təntənə ilə dəfn olunması və biz bilək ki, bizim ulu babamızın məzarı haradadır. Biz həmin yeri ziyarət edə bilək. Bu birinci ən böyük arzumdur. İkinci ən böyük arzum budur ki, Bakı şəhərinin mərkəzində Əhməd Cavadın heykəli ucaldılsın.
Bizimlə söhbətləşdiyiniz üçün sizə təşəkkür edirik !
Müsahibəni aldı: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi