Qriqoryan yenə Hindistana gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Hindistana işgüzar səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə TŞ-nin mətbuat xidəməti məlumat yayıb. Avqustun 28-də baş tutacaq səfər zamanı Qriqoryan Hindistan Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Acit Dovalla görüşəcək. Qeyd edək ki, Qriqoryan ötən ilin noyabrında da Hindistana səfər etmişdi. Xatırladaq ki, Hindistanla Ermənistan arasında hərbi əməkdaşlıq sürətlə inkişaf edir, Dehli İrəvana haubitsalar da daxil olmaqla, bir sıra silahlar satır.

Bayramov və Mirzoyan arasında növbəti görüş... - XİN

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün nə vaxt olacağı ilə bağlı hələlik məlumat yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, Bakı və İrəvan arasında sülh danışıqları istiqamətində proses davam edir: “Hazırda proses davam edir. Xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Xədicə Labiblə birgə keçirdiyi mətbuat konfransında da bu məsələyə toxunub. Yeni görüşlər barədə isə hazırda məlumat yoxdur”, - A.Hacızadə vurğulayıb. XİN rəsmisi Ermənistanın sülh sazişi ilə bağlı Azərbaycana yeni təkliflər verdiyini təsdiqləyib. Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü iyulun 25-də Moskvada baş tutub. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 24-də hökumətin iclasında deyib ki, Ermənistan Azərbaycana sülh sazişinin imzalanması ilə bağlı yeni təkliflər verib.

İranda dəhşətli xəstəlik: 2 nəfər öldü

İranda 60 nəfər Krım-Konqo qızdırmasına yoluxub ki, onlardan 2-si həyatını itirib. Sozcu.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, təhlükəli xəstəliyə yoluxanlardan 9-u Ərdəbil əyalətindəndir. Ərdəbil Tibb Elmləri Universitetinin rektor müavini Məhəmməd Cəfərzadə xəstəliklə bağlı vətəndaşlara xəbərdarlıq edib. “Krım-Konqo qızdırması olduqca öldürücüdür və onun yayılma, yoluxdurma gücü digər xəstəliklərdən, hətta koronadan da yüksəkdir”, - o bildirib.

Rusiyanın itkiləri 260 minə yaxınlaşır

Ukrayna müharibənin 548-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 259 630 hərbçi, 4378 ədəd tank, 8521 ədəd zirehli döyüş maşını, 5361 ədəd artilleriya sistemi, 724 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 495 hava hücumundan müdafiə sistemi, 315 ədəd hərbi təyyarə, 316 ədəd helikopter, 7790 ədəd avtomobil texnikası, 4356 ədəd PUA, 1409 qanadlı raket, 18 gəmi/qayıq, 802 xüsusi avadanlıq itirib.

Naxçıvanda iki vəzifəli şəxs işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri və Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifədən azad olunub. Sozcu.az xəbər verir ki, müvafiq əmrlərə əsasən, Tahir Məmmədli muxtar respublikanın Gənclər və İdman Nazirliyinin Aparat rəhbəri vəzifəsindən, Xəyal Qurbanov isə Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. Bundan əlavə, yeni əmrlə Tahir Məmmədli Naxçıvan şəhər Gənclər və İdman İdarəsinin rəisi təyin edilib.

Donald Tramp həbs olundu

Donald Tramp ABŞ tarixində rəsmi olaraq həbs edilən ilk eks-prezident oldu. Sozcu.az xəbər verir ki, bu barədə yerli KİV məlumat verib. Məlumata görə, prosedur Atlanta şəhərinin həbsxanasında baş tutub. Fulton dairəsinin rayon prokurorluğu onu Corciyada seçkiyə müdaxilədə ittiham edib. Qeyd edək ki, Donald Tramp şəxsi təyyarəsi ilə Nyu Cersiden Atlantaya yollanıb, sonra polis müşayiəti ilə həbsxanaya gedib, həbs zamanı onun barmaq izi və fotoşəkli çəkilib. 20 dəqiqədən sonra o, 200 min dollar müqabilində azad edilib.

Ukraynada yaralanan azərbaycanlı vəfat etdi

Bir neçə ay öncə Baxmut istiqamətində gedən döyüşlərdə yaralanan soydaşımız Zahir Rəhimov xəstəxanada vəfat edib. Sozcu.az xəbər verir ki, bununla bağlı onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb. O, əslən Qazax rayonunun Çaylı kəndindəndir. Mərhum bu günlərdə Ukrayna SQ tərəfindən təltif olunmuşdu.

Ata və qızını maşın vurdu: biri öldü

Gəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib. Sozcu.az Report-a istinadən xəbər verir ki, Gəncə şəhəri Atabəylər prospektində sürücü Füzuli Kərimov idarə etdiyi minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub. Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Ukrayna ordusu bu istiqamətdə irəliləyir

Ukrayna ordusu Zaporojye vilayətinin qərbindəki Robotino bölgəsində rusların ikinci müdafiə xəttinə yaxınlaşaraq hücumu daha da genişləndirib. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı hesabatda qeyd olunub. “Geolokasiya məlumatlarından da bəlli olur ki, Ukrayna qoşunları Verbovodan qərbə və Robotinodan cənuba doğru Rusiyanın müdafiə xəttinə doğru irəliləyir”, - hesabatda qeyd olunub.

Separatçılar şərt irəli sürdü - Əməliyyat qaçılmazdır

Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb. Sozcu.az Publika.az-a istinadən xəbər verir ki, separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb. “Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”, - separatçı deyib. Separatçı bildirib ki, Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər. Beləliklə, separatçılar Bakıya qarşı meydan oxuyurlar. Azərbaycan öz suveren ərazisində istədiyini etmək haqqına sahibdir, Ağdam marşrutunun təklif edilməsi də Qarabağdakı mülki ermənilərin problemlərinin həlli məqsədi daşıyır. Mülki erməniləri girov saxlayan separatçıların bu mövqeyi, xüsusilə şərtlər irəli sürməsi isə Azərbaycana müharibə elan etmək kimi də qəbul edilə bilər və bu vəziyyətdə onlara qarşı praktiki addımların atılması qaçılmaz olacaq.

Magistral kəmərdə qəza: bu şəhərdə su olmayacaq

Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar bu gün Xırdalan şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Məlumata görə, hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər görülür.

Neft bahalaşdı

Dünya birjalarında neft bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neftin bir barreli 83,65 dollara, yüngül neftin bir barreli isə 79,34 dollara satılır.

Kəlbəcərdə maşın dərəyə aşdı: Türkiyə vətəndaşları öldü

Kəlbəcərdə avtomobil dərəyə aşıb, 2 Türkiyə vətəndaşı ölüb, xəsarət alan var. Sozcu.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Ömər aşırımı hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mitsubişi" markalı minik maşını anidən idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb. Hadisə zamanı şirkət əməkdaşları olan Türkiyə vətəndaşları - 1977-ci il təvəllüdlü İ.Cörgülüoğlu, 1995-ci il təvəllüdlü S.Çelik ölüb, 1993-cü il təvəllüdlü M.Okumuş isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Zelenski Priqojinin ölümündən danışdı: “Hamı kimin əli ilə olduğunu bilir”

Ukrayna Prezidenti Volodimir Zelenski “Vaqner PMC” şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin vurulması və onun ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Sozcu.az UNIAN-a istinadla xəbər verir ki, dövlət başçısı Ukraynanın bu hadisələrdə əli olmadığını deyib. “Ukrayna təyyarələrlə bağlı dünya ölkələrinə müraciət edəndə biz bunu nəzərdə tutmamışdıq... baxmayaraq ki, bu, müəyyən mənada mütləq kömək edəcək. “Hamı bunun kimin əli ilə hayata keçirildiyini bilir”, - Zelenski bildirib. Xatırladaq ki, avqustun 23-ü axşam saatlarında Rusiya Federasiyasının Tver vilayətində Priqojinə məxsus təyyarə qəzaya uğrayıb. Priqojinin özü də daxil olmaqla, təyyarənin göyərtəsində ümumilikdə 10 nəfər olub və hamısı ölüb.

“Ermənilər təkcə Hadruta yox, həm də Goranboy və Göygölə qayıtmalıdır” - Paşinyan

Ermənistandan Qarabağa göndərilmiş 400 ton humanitar yük hələ də Laçın dəhlizinin girişində qalıb və Qarabağda humanitar vəziyyət gərgin olaraq qalır. Sozcu.az xəbər verir ki, bunu avqustun 24-də Ermənistanın baş naziri Nikol Paşinyan hökumət müşavirəsində deyib. O əlavə edib ki, buna baxmayaraq müalicəyə ehtiyacı olan və bəzi başqa şəxslərin Qırmızı Xaç və Rusiya sülhməramlıları vasitəsilə Laçın dəhlizi ilə “müəyyən hərəkəti” başlanıb. Nikol Paşinyan bunu da deyib ki, ona çatdırılan etibarlı məlumatlara görə Laçın dəhlizinin birtərəfli açılmasına dair planlar hazırlanır. Baş nazirin sözlərinə görə “Azərbaycan adamların Qarabağdan çıxışına icazə verilməsi və Qarabağa girişin qadağan edilməsi kimi layihənin üzərində işləyir”. Paşinyan iddia edib ki, Laçın dəhlizinin ötən dekabrdan bəri bağlanmasına görə hazırda Qarabağın 5 min sakini Ermənistandadır.  Paşinyan bir daha iddia edib ki, Bakının bəyanatın 7-ci bəndini yerinə yetirməməsindən məqsəd Qarabağın ermənilərdən təmizlənməsidir. Sözü gedən sənədin 7-ci bəndinə deyilir ki, “daxili köçkünlər və qaçqınlar BMT Qaçqınlarla İş üzrə Ali Komissarlığının nəzarəti altında Qarabağa və ətraf rayonlara qaytarılmalıdır”. Paşinyan bu barədə deyib: “Bu o deməkdir ki, təkcə Hadrut, Mardakert (Ağdərə-red), Martuni (Xocavənd-red) rayonlarının bir sıra kəndlərindən olan ermənilər deyil, həm də Getaşendən (Göygöl rayonunun Çaykənd kəndi-red), Martunaşendən (Göygöl rayonunun Qarabulaq kəndi-red), Şaumyandan (hazırda Goranboy rayonunun tərkibindədir-red) və başqa rayonlardan olan ermənilər ləyaqətli və təhlükəsiz şəkildə öz evlərinə qayıtmaq imkanına malik olmalıdırlar”. Paşinyan bildirib ki, Yerevan Bakıya sülh müqaviləsi ilə bağlı yeni təkliflər verib. O təkliflərin detallarını açmayıb.

Bayramov Labiblə Zəngəzur dəhlizindən danışdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Belçikanın xarici işlər naziri Xədicə Labib Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə ediblər. Sozcu.az xəbər verir ki, bunu C.Bayramov avqustun 24-də Bakıda X.Labiblə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, görüş zamanı Şərq-Qərb Orta dəhlizi və onun artan rolu barədə danışıblar. C.Bayramov Zəngəzur dəhlizinin də Şərq-Qərb dəhlizinin yeni bir qolu kimi əhəmiyyətini belçikalı nazirin diqqətinə çatdırıb.

Jurnalist Cəmil Məmmədli həbs edildi

Bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə şimal bölgəsində fəaliyyət göstərən araşdırmaçı jurnalist Cəmil Məmmədliyə açılan cinayət işləri üzrə hazırlıq iclası keçirilib. Sozcu.az xəbər verir ki, məhkəmə jurnalistin həbs olunması barədə qərar çıxarıb. C.Məmmədliyə qarşı, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Jurnalist şimal bölgəsinin icra strukturlarının rəhbərləri tərəfindən şərləndiyini bildirir.

Bu rayonlar qazsız qaldı

Sumqayıt şəhərinin, həmçinin Xızı və Siyəzən rayonlarının təbii qazla təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə Sozcu.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, "Sumqayıt-Yaşma" magistral qaz xətti traktor qazma işləri aparan zaman zədələndiyi üçün təchizat bu gün saat 10:10-dan dayandırılıb. Hazırda təmir-bərpa işləri aparılır.

Prezident ermənipərəstliyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Belçikanın xarici işlər naziri Hadca Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib. Belçika XİN rəhbəri regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək. Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunur, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır. Ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək. Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur. Belçikanın xarici işlər naziri Hadca Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma “erməni soyqırımı” abidəsini də ziyarət edən Hadca Labib bu ölkənin xarici işlər naziri və Baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.

Dost Ukraynanın Müstəqillik Günü qutlu olsun! - Türkiyə XİN-dən PAYLAŞIM

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanı Müstəqillik Günü ilə bağlı təbrik edib. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in X-dəki rəsmi səhifəsində paylaşım edilib. "Dost Ukraynanın Müstəqillik Günü qutlu olsun!", - paylaşımda deyilir.

Ukrayna kəşfiyyatının rəhbəri: “Krımın istənilən nöqtəsinə zərbə endirə bilərik”

“İşğal altındakı Krım yarımadasının istənilən nöqtəsinə zərbə endirə bilərik”. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. O, Krımdakı əhalini yarımadadan çıxmağa çağırıb: “Onlar Krımdan çıxmalıdır. Yarımadada qalanlar isə kəşfiyyat orqanlarımıza kömək etməlidir”. Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.

“Bütün bu “şou”lar erməni xarakterinin ifadəsidir; ona aldanmaq olmaz...”

“Azərbaycanı şərləmək, bağlı olmadığı problemlərin içərisinə daxil etmək və erməni ideolojisinin anti-bəşəri  imkanlarından məqamı gələndə yararlanmaq xəstəliyi üzə çıxır...” “44 günlük müharibədə hər cəhətdən məğlub olmuş erməni psixologiyasında yenilənmələr edilməsi əvəzinə, onların davranışlarının daha da aqressiv xarakter alması erməni düşüncə sisteminin mayasından qaynaqlanır.” Azərbaycan-erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün başqanı, ermənişünas alim Qafar Çaxmaqlı bu fikri Moderator.az əməkdaşının “Artıq bir aya yaxındır ki, Ermənistan-Azərbaycan sərhədindəki Qarabağdakı haylara “humanitar yardım” şousu düyününü yaradan əsasən erməni hiyləgərliyidir, yoxsa Rusiyanın, yaxud Qərbin bölgəni nəzarətə almaq üçün taktiki gedişləri?” sualını cavablandırarkən ifadə edib. “Azərbaycanı şərləmək, bağlı olmadığı problemlərin içərisinə daxil etmək və erməni ideolojisinin anti-bəşəri  imkanlarından məqamı gələndə yararlanmaq xəstəliyi üzə çıxır. Həm regionda, Ermənistan-Azərbaycan sərhədində,  Yuxarı Qarabağın haylar məskunlaşdırılmış hissəsində, həm də beynəlxalq meydanda edilən bütün bu “şou”lar erməni xarakterinin ifadəsidir; ona aldanmaq və ya hər hansı güzəştə getmək olmaz”,- deyə açıqlamasının davamında ermənişünas alim vurğulayıb.

Astarada tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Astarada tanışını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu barədə  rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, 1969-cu il təvəllüdlü Eynəli Əzizovun qəsdən öldürülməsi faktı ilə bağlı Astara rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb. İstintaqla Astara rayon sakini Aslan Şüvünəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı Eynəli Əzizovu rayonun Şümrüd kəndində yerləşən meşəlik ərazidə balta ilə xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aslan Şüvünəliyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Paşinyan: Sülh müqaviləsi ilə bağlı təkliflərimizi Bakıya təqdim etmişik

"İrəvan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə yeni təkliflər paketini Bakıya təqdim edib".  Sozcu.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib.