Türkiyədə güclü yağış: Uçuşlar ləğv olundu

Türkiyəyə yağan leysan yağışları və güclü külək nəqliyyatın işində çətinlik yaradıb. Sozcu.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Bildirilib ki, pis hava şəraiti ilə əlaqədar İstanbul, Ankara və Antalyada hava nəqliyyatında fasilələr yaranıb. Türk Hava Yolları İstanbul hava limanından gələn və gedən 38 reysi ləğv edib. Dəniz nəqliyyatı xidmətləri də işini dayandırıb.

İtkin düşən 10 nəfər tapıldı

Noyabrın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Paşinyandan delimitasiya ilə bağlı yeni açıqlama: COP29-dan sonra...

Növbəti görüşdə Ermənistan və Azərbaycan dövlət sərhəd komissiyaları delimitasiya üçün yeni seqment seçəcək. Sozcu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. O xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar qarşılıqlı əsasda sərhədin hansı hissələrində delimitasiyanın davam etdirilməsi ilə bağlı təkliflər vermək barədə razılığa gəliblər. Ermənistan tərəfi öz yanaşmalarını, Azərbaycan tərəfi öz yanaşmalarını təqdim edib. Baş nazir qeyd edib ki, növbəti iclasda prosesin harada davam etdiriləcəyinə qərar veriləcək. “Bildiyiniz kimi, Azərbaycanda beynəlxalq forum keçirilir və mən hesab edirəm ki, ən azı,  COP29-dan sonra bu proseslərin davam edəcəyi anlayışı var”, - deyə baş nazir bildirib. Qeyd edək ki, İrəvan və Bakı avqustun 30-da sərhədlərin delimitasiyası və demarkasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamə imzalayıb. İlk delimitasiya Tavuş bölgəsində təxminən 6 km ərazidə aparıldı.

Neftçalada baş verən qəzada bir ailənin 5 üzvü xəsarət aldı

Neftçala rayonunda minik avtomobili ilə motosiklet toqquşub. Sozcu.az xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə.Sabir küçəsində baş verib. 2005-ci il təvəllüdlü Əliəkbər Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobillə 1960-cı il təvəllüdlü Ağasəf Mirzəyevin sürdüyü motosiklet toqquşub, nəticədə A. Mirzəyev həlak olub. Motosikletdə olan sərnişinlər - Ağasəf Mirzəyevin qızı 1986-cı il təvəllüdlü Günel İbrahimova, onun övladları - 2010-cu il təvəllüdlü Natiq, 2010-cu il təvəllüdlü Yəhya və 2008-ci il təvəllüdlü Ləman isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

“Bizi ot kimi biçirlər” - Rusiya əsgərləri

Rusiya Silahlı Qüvvələrinin 394-cü motoatıcı polkunun 2-ci batalyonunun əsgərləri cəbhədə ağır şəraitdə olduqlarını bildirərək kömək üçün müraciət ediblər. Sozcu.az xəbər verir ki, məlumat teleqram kanallarında yayılıb. Əsgərlərin sözlərinə görə, onlar dəstək və düzgün planlaşdırma olmadan döyüşə göndərilir. Batalyon ağır itkilər verir: əsgərlər “ot kimi biçilir”, pilotsuz uçuş aparatlarının davamlı hücumları isə heç bir fasilə imkanı tanımır. Hərbiçilər təminatın tamamilə çatışmadığını, yaralıların döyüş meydanında köməksiz buraxıldığını vurğulayırlar. Evakuasiya və tibbi yardımın olmaması vəziyyəti daha da ağırlaşdırır. İddia olunur ki, komandirlər təhlükəsiz mövqelərdə qalaraq “Geri addım atmayın!” əmrləri verməyə davam edir və əsgərləri ölümə məhkum edirlər./Müsavat

70 kq qızılla tutulan diplomat bu səfirlikdə işləyir - Bakıya gətirildi

Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb. Özünü azərbaycanlı diplomat kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub. Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

İlk səfərini Türkiyəyə edəcək

NATO-nun baş katibi Mark Rutte Türkiyəyə səfər edəcək. Sozcu.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb. O, vəzifəyə gəldikdən sonra Ankaraya ilk səfərində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Gülərlə görüşəcək. Baş katib Türkiyənin müdafiə sənayesinin nümayəndələri ilə də görüşəcək və "Türk Aerokosmik Sənayesi" şirkətinə baş çəkəcək.

Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq - Starmer

İsrail Baş naziri Benyamin Netanyahu Böyük Britaniyaya daxil olarsa, həbs olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Baş naziri Keyr Starmerin Ofisi məlumat yayıb. “Böyük Britaniya hər zaman milli və beynəlxalq hüquqda müəyyən edilmiş hüquqi öhdəliklərinə əməl edəcək”, - ofisdən verilən açıqlamada bildirilib. Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.

Azərbaycanlı hərbçi 2 ay əvvəl həlak olubmuş - nəşi tapıldı

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub. Sozcu.az qafqazinfo.az-a istinadən xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib. Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb. Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

Zelenskiyə yeni silahlar vəd olunur: ABŞ "Patriot" sistemlərini gücləndirə bilər

Ukrayna ABŞ ilə qitələrarası ballistik raketləri (ICBM) zərərsizləşdirməyə qadir olan müasir silahların təmin olunması məsələsini müzakirə edir. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı hərbi mənbələrə istinadən məlumat yayıb. Məlumatda bildirilir ki, müzakirələr həm də "Patriot" zenit-raket komplekslərinin modernləşdirilməsi üzərində fokuslanır. Mənbələrin sözlərinə görə, bu, Ukraynanın müdafiə imkanlarını daha da gücləndirəcək və Rusiyanın müharibədə tətbiq edə biləcəyi yeni təhlükələrə qarşı effektiv cavab olacaq. Hər iki tərəf arasında bu istiqamətdə əməkdaşlıq detalları və mümkün vaxt qrafiki hələ açıqlanmayıb.

Qazaxın 4 kəndində yeni sərhəd zastavaları tikiləcək

Qazaxın işğaldan azad olunan 4 kəndində gələn il yeni zastavalar tikiləcək. Sozcu.az apa-ya istinadla xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov deyib. Onun sözlərinə görə, hazırda Xeyrimli kəndində müvəqqəti zastava qurulub: "Gələn il Xeyrimli, Aşağı Əskipara, Bağanis Ayrım və Qızılhacılı kəndlərinin inşasına başlanılacaq. Bu zaman orada yeni zastavalar tikiləcək".

Sabah da tam iş günüdür

Nazirlər Kabinetinin iş və istirahət günlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul etmişdi. Sozcu.az xəbər verir ki, iş və istirahət günlərinin ardıcıllığının qorunması məqsədi ilə 2024-cü ilin 12 və 13 noyabr iş günləri, müvafiq olaraq 16 və 23 noyabr tarixləri ilə əvəz edilmişdi. 13 noyabr iş günü 23 noyabr şənbə günü ilə əvəz edildiyindən sabah iş günü hesab olunur. 

Avropa nüvə təhlükəsi ilə üz-üzədir - Ukraynadan AÇIQLAMA

Son bir neçə gündür Rusiyanın Ukrayna paytaxtına kütləvi raket zərbələri gözləntisinə görə diplomatik korpusların əməkdaşları təhlükəsizlik səbəbindən sığınacaqlara göndərilir. Ötən gün səhərdən etibarən isə ABŞ-ın Kiyevdəki səfirliyi Rusiyanın ciddi hava hücumu ilə bağlı diplomatik korpusa xəbərdarlıq edib. Ehtiyat tədbiri olaraq, səfirliyin bağlanacağını bildiriblər. Səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı dərhal sığınmağa hazır olmağı tövsiyə edib. ABŞ-dan sonra İspaniya ilə Yunanıstanın da Kiyevdəki səfirlikləri təhlükəsizlik təhdidlərini nəzərə alaraq, fəaliyyətlərini dayandırdıqlarını bəyan ediblər.  Günün ikinci yarısından etibarən isə digər səfirliklər, eyni zamanda Azərbaycanın Ukraynadakı diplomatik korpusu da çağırış edib. Qeyd edilib ki, təhlükəsizlik risklərinin artması ilə bağlı yayılmış məlumatları nəzərə alaraq 21-22 noyabr tarixlərində konsulluq qəbulu aparılmayacaq. Ukrayna Xarici İşlər Nazirliyi Kiyevdəki bir neçə səfirliyin bağlanmasını “əlavə məlumat axını” adlandırıb. "Biz hesab edirik ki, tərəfdaşların 1001-ci gündə də əvvəlki min gündə olduğu kimi reaksiya verməsi düzgün olardı", - açıqlamada bildirilir. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi isə bəyan edib ki, Ukrayna şəhərlərinə “xüsusilə kütləvi” raket və bomba hücumları ilə bağlı sosial şəbəkələrdə və Baş Kəşfiyyat İdarəsinin adından messencerlərdə yayılan xəbərlər saxtadır. Ukraynalı politoloq Oleq Starikov Modern.az-a açıqlamasında qeyd edib ki, Rusiyanın yeni silahlardan istifadə edəcəyi xəbəri müharibə üçün "soyuq effekt" yaratmaq üçün ola bilər: “RS-26 "Rubej" raketinin istifadəsi ilə bağlı sual hələ də müəmmalıdır. Əgər bu raket həqiqətən də bizim üçün təhlükə yaradırsa, bizim daha güclü müdafiə sistemlərinə ehtiyacım var. Daha güclü sistemlər üçün amerikalılara müraciət etməmiz lazım gələ bilər. Orta mənzilli raketlərə qarşı durmaq üçün bizə "THAAD" kimi sistemlər lazımdır ki, bundan amerikalılar bu yaxınlarda İsraili müdafiə etmək üçün istifadə edirdilər. Əgər Rusiya bu silahdan istifadə edərsə, bizim daha çox imkana sahib olmağımız lazımdır.  Bilmək lazımdır ki, RS-26 “Rubej” raketi yaxşı işlənmiş Rusiya layihəsidir və sınaqdan uğurla keçib. Rusiyanın qiymətləndirmələrinə görə, hələ 2018-ci ildə yerləşdirilməyə hazır olub. Bununla belə, Kremlin təhlükəli silahları yerləşdirilməsi Avropanın yarısının Rusiyanın nüvə təhlükəsi altına düşməsi deməkdir. Belə bir məqamda müttəfiqlərin, eyni zamanda Ukraynanın üzərinə böyük vəzifə düşür. Bu təhlükəni aradan qaldırmaq üçün birlikdə işləmək lazım gələcək".

Bu evlərin sənədləşdirilməsi mümkün deyil

“Bu gün Bakı və Abşeron ərazisində yüzlərlə ev yüksək gərginlikli elektrik xətlərinin altında yerləşir. Bu səbəbdən də həmin evləri sənədləşdirmək mümkün deyil. Məlum olduğu kimi, artıq həmin hava xətləri yeraltı kabellərlə əvəzlənir. Məsələn, Laçında bütün elektrik xətləri yeraltı çəkilib. Deməli, yüksəkgərginlikli xətlərin yeraltı aparılması mümkündür və bu təcrübədən istifadə edilir". Bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bakupost.az -a bildirib. O qeyd edib ki, gələcəkdə Bakı və Abşeron ərzisində yüksək gərginlikli xətlərin keçdiyi ərazilərdə onların yeraltı xətlərlə əvəzlənməsiə mümkündür: "Bundan sonra sözügedən elektrik xətlərinin altında yerləşən evlərin sahibləri mənzillərinin sənəd problemini həll edə bilərlər. Düzdür, tikililərin olduğu ərazilərdə bu əvəzlənməi bir qədər çətin işdir. Amma buna gedilməlidir. Çünki nə qədər ki yüksək gərginlikli xətlər var, onun altındakı tikililərin sənədləşdirilməsi mümkün deyil".

1003-cü gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1003-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 728 300 hərbçi, 9 399 ədəd tank, 19 156 ədəd zirehli döyüş maşını, 20 736 ədəd artilleriya sistemi, 1 254 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 29 777 ədəd avtomobil texnikası, 19 260 ədəd PUA, 2 764 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 675 xüsusi avadanlıq itirib.

Özündən 8 yaş böyük arvadını bıçaqladı

Lənkəranda ər və arvad arasında başlayan mübahisə qanla bitib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, 1973-cü il təvəllüdlü Sarvan Tahirov 1965-ci il təvəllüdlü həyat yoldaşı Rəsmiyyə Hüseynovanı bıçaqlayıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Sarvan Tahirov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Bitkoindən növbəti rekord: 99 min dolları ötdü

Bitkoin kriptovalyutasının qiyməti 99 min dollardan yuxarı qalxaraq öz tarixi rekordunu yeniləyib. Sozcu.az xəbər verir ki, Bakı vaxtı ilə 07:17-də “Binance” platformasında bitkoinin dəyəri 99,136 min dollara, 07:33-də isə 98,598 min dollara çatıb. Kriptovalyutanın bahalaşmasına səbəb kimi ABŞ-ın yeni seçilən Prezidenti Donald Trampın vədləri, geosiyasi böhranlar zamanı bitkoin və steyblkoinlərin potensial müdafiə aktivi kimi qəbul edilməsi göstərilir.

Gəncədə ər və arvad bıçaqlandı, biri öldü

Gəncə şəhərində iki nəfər mübahisə zəminində bıçaqlanıb. Sozcu.az Report-a istinadən xəbər verir ki, bıçaq xəsarəti alan 1968-ci il təvəllüdlü Ulduz Elburus qızı Hüseynova müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun həyat yoldaşı 1969-cu il təvəllüdlü E.Hüseynov da bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib. Şəxsi münasibətlər zəminində hadisəni törətməkdə şübhəli bilinən bıçaqlananların qohumu, 1982-ci il təvəllüdlü Rəşad Abbasov isə polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Rusiya "dəhşət" saça bilməz: bir raket 50 milyon dollaradır

Rusiya Dneprə qitələrarası ballistik raketlə zərbə vurdu, lakin rusların belə silahları çox az olduğu üçün bunun tez-tez təkrarlanması mümkün deyil. Sozcu.az xəbər veri ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko deyib. “Düşünmürəm ki, Rusiya “dəhşət” saçacaq. Ona görə ki, Rusiyada raket yüzlərlədir, qitələrarası ballistik raket isə onlarladır. Ballistik raketin birinin qiyməti 50 milyon dollar civarındadır”, - deyə o bildirib.

Zelenski təcili müraciət yaydı: Başdanxarab qonşumuz...

Bu gün yeni bir Rusiya raketi atıldı. Bütün xüsusiyyətləri – sürət və yüksəklik baxımından – qitələrarası ballistik raketlərə uyğun gəlir. Hazırda ekspertiza prosesi davam edir. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski təcili müraciətində deyib. "Bu gün başdanxarab qonşumuz bir daha göstərdi ki, o, əslində kimdir. O, insan ləyaqətinə, azadlığa və ümumilikdə insanların həyatına necə hörmətsizlik etdiyini nümayiş etdirdi. Eyni zamanda, necə qorxduğunu da sübut etdi. O qədər qorxur ki, artıq yeni raketlərdən istifadə edir və dünya boyu silah axtarır: gah İranda, gah da Şimali Koreyada... Aydındır ki, Putin Ukraynanı poliqon kimi istifadə edir. O, normal həyatın onun yaxınlığında mövcudluğundan, insanların sadəcə ləyaqətli yaşamasından və ölkənin müstəqil olmaq haqqına sahib olmasından qorxur”. Qeyd edək ki, bu gün səhər tezdən Rusiya qitəlararası ballistik raketlərlə Dneprə ağır zərbələr endirib.

Şəhidimizin atası vəfat etdi

Vətən müharibəsi şəhidi, XTQ-nin giziri Siyahim Dəmirovun atası vəfat edib. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əlizamin Dəmirov Beyləqan rayonunda dünyasını dəyişib. Uzunsürən xəstəlik səbəbindən həyatını itirən Ə.Dəmirov rayondakı “Cərciz Peyğəmbər” ziyarətgahında torpağa tapşırılıb. Qeyd edək ki, Siyahim Dəmirov 1990-cı il sentyabrın 13-də Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 2020-ci ilin oktyabrın 29-u Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. “Cərciz Peyğəmbər” ziyarətgahında dəfn edilib. Ölümündən sonra “Qarabağ” ordeni və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, həmçinin “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Fidandan Ermənistan və Azərbaycana çağırış: bu tarixi fürsəti qaçırmayın!

Cənubi Qafqazda sülh bu gün həmişəkindən daha yaxındır. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Böyük Millət Məclisindəki çıxışı zamanı bildirib. O, Ermənistan və Azərbaycanı bu tarixi fürsəti əldən verməməyə çağırıb. “Biz Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədə saxlayırıq və bir çox beynəlxalq problemlərin həlli üçün birgə səylər göstəririk. Biz Ermənistanın sülh və sabitlik seçimini alqışlayırıq və hər iki ölkəni bu tarixi fürsəti əldən verməməyə çağırırıq”. Fidan xatırladıb ki, uzun fasilədən sonra tərəflər ilk dəfə İstanbulda vasitəçi və üçüncü şəxslər olmadan görüş keçirib. “Oktyabr ayında İstanbulda keçirilən 3+3 platforması görüşündə bütün regional məsələləri müzakirə etdik. Cənubi Qafqaza sülh və sabitliyin gəlişi ilə təkcə humanitar məsələlər həll edilməyəcək, həm də ticarət, qarşılıqlı fəaliyyət və inkişaf üçün şərait yaranacaq”, - deyə nazir fikrini yekunlaşdırıb.

Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silir

Səlahiyyət müddəti başa çatmaqda olan ABŞ prezidenti Co Bayden Ukraynanın 4,65 milyard dollarlıq borcunu silmək planları barədə Konqresi məlumatlandırıb. Sozcu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumatda qeyd edilib ki, yeni seçilmiş prezident Donald Tramp vəzifəyə başlamazdan əvvəl Kiyevə dəstək üçün son addım olacaq. Bildirilib ki, 4,65 milyard dollarlıq borc Kiyevin apreldə Konqresin təsdiqlədiyi 60 milyard dollarlıq əlavə maliyyə paketi çərçivəsində aldığı ümumi 9 milyard dollar borcun bir hissəsidir. ABŞ Senatı Ukraynanın 4,65 milyard dollarlıq dövlət borcunun bir hissəsinin silinməsinə qarşı qətnaməni müzakirə etməkdən imtina edib. Rədd edilən qətnamənin müəllifi ABŞ prezidenti Co Bayden administrasiyasının Rusiya və Ukraynaya münasibətdə mövqeyini dəfələrlə tənqid edən Kentukki ştatından olan respublikaçı Rend Poldur. O, həmçinin Kiyevə yardımın kəsilməsini müdafiə edib. 61 senator qətnamənin əleyhinə, 37 senator isə lehinə olub.

Azərbaycanda iki qurum LƏĞV EDİLDİ

Prezident İlham Əliyev Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Sərəncam imzalayıb. Sozcu.az xəbər verir ki, sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. "Azərbaycan Dövlət Tərcümə Mərkəzi" publik hüquqi şəxs ləğv edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi" publik hüquqi şəxsin ləğv edilməsi ilə bağlı on gün müddətində zəruri tədbirlər görsün; 2.2. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin tərcümə və dövlət dilinin tətbiqi sahəsində funksiyalarının aidiyyəti dövlət orqanlarına (qurumlarına) ötürülməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. bu Sərəncamın 1-ci hissəsi və 2.1-ci bəndi nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.4. bu Sərəncamın 1-ci hissəsində və 2.1-ci bəndində nəzərdə tutulan publik hüquqi şəxslərin ləğvi ilə əlaqədar onların istifadəsində olan dövlət əmlakı ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.