B-52 Rusiya sərhədində bomba atdı - Nə baş verir?

Amerikanın B-52H Stratofortress strateji bombardmançı təyyarələri Rusiya Federasiyasının Kalininqrad vilayəti yaxınlığındakı Kudgel hərbi bazasında təlim-bombardman baş tutub. Sozcu.az xəbər verir ki, bu barədə NATO Birgə Hava Komandanlığı məlumat yayıb. Əməliyyat italyan və alman qırıcıları ilə koordinasiyada həyata keçirilib. Təlim altı kilometr yüksəklikdən lazerlə idarə olunan bombaların atılmasını ehtiva edib. Qeyd edək ki, noyabrın əvvəlində ABŞ Britaniyadakı Mildenhall Hərbi Hava Qüvvələri bazasına dörd B-52H Stratofortress strateji bombardmançısını yerləşdirib. Sonuncu dəfə onlar Finlandiya, İsveç, Şimal dənizi və Litva üzərindən bir sıra uçuşlar həyata keçiriblər.

Abxaziya rus işğalından qurtulur, təhlükə var - Mişa

Suxumidəki nümayişlər Gürcüstanın qalan hissəsi üçün nümunədir, lakin onların öz riskləri də var. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Abxaziyada baş verən proseslər haqda sosial şəbəkə hesabında qeyd edib. “Abxazlar Rusiyanın müstəmləkəçilik qanununu əngəlləməklə bütün Gürcüstanın işini gördülər. Bununla belə, abxazların qələbəsində bir təhlükə var: onlar öz uğurlu mübarizəsi ilə Qərbin rəğbətini qazanacaqlar və bu, bizi Gürcüstanın qalan hissəsində mübarizəmizi qələbəyə aparmağa məcbur edir. Əks halda, demokratik dünyanın Gürcüstandan üz döndərib abxaziyalara rəğbətini yönəltməsi təhlükəsi var və bu, bizə geri çəkilmək şansı qoymur”, - Saakaşvili bildirib. Qeyd edək ki, Abxaziyada Suxumi və Moskva arasında mübahisəli investisiya sazişinin ləğvi tələbi ilə başlayan etirazlar davam edir. Noyabrın 15-də keçirilən aksiya zamanı etirazçılar hökumət binaları kompleksini ələ keçiriblər və “prezident” Bjaniyanın istefasını tələb edirlər. Aslan Bjaniya isə Suxumidən qaçaraq, doğulduğu Tamış kəndinə sığınıb.

Netanyahu: İranın nüvə proqramına zərbə vurduq!

İsrailin ötən ay İrana hücumu onun müdafiə və raket istehsal imkanlarını sarsıdıb və nüvə proqramının bəzi hissələrinə zərbə vurub. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu Knessetdəki çıxışı zamanı bildirib. "Onların (İranın - red.) nüvə proqramının bu hücum nəticəsində zədələnmiş xüsusi bir komponenti var. Bu, heç kimə sirr deyil”, – baş nazir vurğulayıb. Eyni zamanda o əlavə edib ki, İranın nüvə silahına gedən yolu bağlanmayıb. Qeyd edək ki, İsrail İrana 26 oktyabrda hava hücumu həyata keçirib.

İtaliya da Ukraynaya raket icazəsi verir?

Kiyevin silahlardan istifadəsinə dair mövqeyimiz dəyişmir, onlar yalnız Ukrayna ərazisində istifadə oluna bilər. Sozcu.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib. Tajani həmçinin ruslar, çinlilər, hindlilər və braziliyalıların iştirakı ilə sülh konfransının keçirilməsi üçün çıxış edib: “Ümid edirəm ki, Pekin Moskvaya bu mənasız müharibənin dayandırılmalı olduğunu başa düşməkdə müsbət rol oynaya bilər. Təbii ki, Şimali Koreya əsgərlərinin orada olması yaxşı hal deyil”. Qeyd edək ki, ABŞ, Fransa və Britaniyanın Ukraynaya təqdim etdikləri raketlərlə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verdiyi barədə məlumat yayılıb.

19 yaşlı tələbə qəfil vəfat etdi

Qubada tələbə qəfil dünyasını dəyişib. Sozcu.az xəbər verir ki, hadisə rayonun Rustov kəndində baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi 19 yaşlı Ləman Osmanova dünən yaşadığı evdə ürəktutmadan vəfat edib. Faktla bağlı araşdırma aparılır.qafqazinfo)

"Raketlər özləri öz sözlərini deyəcək"

Raketlər özləri öz sözlərini deyəcəklər. Bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski ABŞ, Böyük Britaniya və Fransanın Rusiya ərazisini uzaqmənzilli raketlərdən istifadə etməklə vurmaqla bağlı icazəsini şərh edərkən deyib. "Ukraynaya dair "Qələbə planım"da əsas məqam ordumuzu uzaqmənzilli silahlarla təmin etmək idi. Bu gün mətbuat bizim o raketlərdən istifadəyə icazə aldığımızı yazıb. Amma zərbələri sözlə vurmurlar, belə şeylər elan olunmur. Raketlər özləri öz sözlərini deyəcəklər. Mütləq!", - deyə o bildirib.

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarı bu qədər ARTIRILIR

Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artırılır. Sozcu.az xəbər verir ki, bu, barədə Hesablama Palatasının 2025-ci il üçün dövlət büdcəsinə dair rəyində bildirlib. Məsələ bu gün Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin müzakirəsinə çıxarılıb. Belə ki, yeni büdcə layihəsində 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat müəyyən edilir. Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu 270 manat məbləğində müəyyən olunmuşdu. Qeyd edək ki, yaşayış minimumu öz növbəsində ehtiyac meyarı əsasında müəyyən edilir. Yeni büdcə layihəsində 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində müəyyən edilir. Xatırladaq ki, 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. Ehtiyac meyarı ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə müəyyənləşdirilir.

Azərbaycanda minimum pensiya məbləği DƏYİŞMƏYƏCƏK

Azərbaycanda gələn il minimum pensiya məbləği dəyişməyəcək. Sozcu.az xəbər verir ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum pensiya məbləğinin 280 manat olacağı qeyd olunub. Bildirilir ki, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycanda bu il də minimum pensiyanın məbləği 280 manat olub. Ancaq 280 manat pensiya alanlar indeksasiya ilə 280 manatdan çox pensiya alacaqlar.

Azərbaycanda minimum maaş bu qədər olacaq

Gələn il Azərbaycanda minimum maaş 400 manat olacaq. Sozcu.az xəbər verir ki, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb. Bu, 2024-cü illə müqayisədə 55 manat, yaxud 15,9 faiz çoxdur. 2024-cü ildə minimum əmək haqqı 345 manat olub.

Yaxın günlərdə Rusiyaya güclü zərbə endiriləcək!

Yaxın günlərdə ABŞ-ın uzaqmənzilli raketləri ilə Rusiya ərazisinə zərbələr endirilə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Planlaşdırılan hücumların təfərrüatı açıqlanmayıb. Qeyd edək ki, “Nyu York Tayms” ABŞ Prezidenti Co Baydenin ATACMS taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verdiyi barədə məlumat yayıb.

Rusiya vurulacaq - Mask təsdiqlədi

Amerikalı milyarder İlon Mask Ukraynaya Rusiya Federasiyasının dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verilməsi ilə bağlı məlumatı dolayı yolla təsdiqləyib. Sozcu.az xəbər verir ki, bununla bağlı o, X səhifəsində yazıb. Şərhə əsasən, Mask bu qərarın əleyhinədir.

Rusiya mediası: Moskvaya qədər vurulacaq

ABŞ, Fransa və Böyük Britaniyanın təqdim etdikləri uzaqmənzilli raketlərdən istifadə ilə Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməsinə icazə verməsindən sonra rus mediası araşdırma aparıb. Sozcu.az xəbər verir ki, Rusiya mediası sözügedən ölkələrin Ukraynaya təqdim etdikləri uzaqmənzilli raketlərin uçuş məsafəsi və çata biləcəyi ərazilərin xəritəsini hazırlayıb.

Həmidə Xanım Cavanşirin çap olunmayan məktubu

 Sozcu.az saytı Kulis.az-a istinadən yazıçı-publisist Mehriban Vəzirin tərcümə etdiyi   Həmidə Xanım Cavanşirin çap olunmayan məktubunu təqdim edir. Həmidə Xanım yazır: "İlk Türk satirik jurnalı "Molla Nəsrəddin"in 30 illiyi münasibəti ilə Əziz Şərifin yazdığı və "Literaturnıy Azerbaycan" dərgisinin 7-8-ci nömrələrində dərc etdirdiyi məqalədə rəhmətlik Məmmədquluzadənin xatirəsini incidən bir səhv vardır. Əziz Şərif jurnalın 1910-cu ildəki durumunu, nəşrinin beşinci ilini təsvir edir və 53-cü səhifədə yazır ki, guya Məmmədquluzadə “zəngin dul qadınla sərfəli nikaha girdikdən sonra” jurnaldan soyumuşdu və s. bu kimi fikirlər… Mən mərhumun dul xanımı olaraq Mirzə Cəlilin xatirəsini müdafiə etməyi özümə borc bilirəm və rəhmətliyin tərcümeyi halına qeyri-müəyyənlik gətirən bu ədalətsiz fikrə etiraz edirəm. Mirzə Cəlil Şərifin yazdığı kimi 1910-cu ildə deyil, 1907-ci il, iyunun 15-də ailə qurub. Şərif elə həmin 53-cü səhifədə, yuxarıda yazır: "Təkcə Rusiyada deyil, eləcə də İranda, Türkiyədə, Misirdə, daha sonra Hindistanda böyük şöhrət tapmış jurnalın üçüncü və dördüncü illəri "Molla Nəsrəddin"in çiçəklənmə dövrü idi." Müəllifin bu sözləri öz qeydlərini kökündən təkzib edir, belə ki, o, jurnalın 1908-1909-cu illərini çiçəklənmə dövrü hesab edir, sonra da deyir ki, zəngin dul qadınla sərfəli izdivac onu jurnaldan soyutdu. Bu fikirlər açıq görünən ziddiyətlərlə doludur. Mərhum ərimi yaxşı tanıyanlar təsdiq edər ki, o, evlilikdə fayda güdməyi bacaran və bundan ötrü öz sevimli övladı saydığı jurnalı atacaq bir adam deyildi. 1907-ci ildə bizim diyarda qorxunc çəyirtkə hücumu oldu, aclıq, vəba və erməni-türk qırğınlarının gətirdiyi digər fəlakətlər Qarabağı bürüdü. Həmin dövrdə Məmmədquluzadənin Tiflisə köçmək ideyası mənə cazibəli göründü. Mən onun təklifi ilə razılaşıb Qarabağdakı bütün təsərrüfat işlərimi ləğv etdim. Biz Mirzə Cəlilin Tiflisdəki Davıdov 24 ünvanlı evinə köçdük. O vaxt Mirzə Cəlilin jurnal işləri çox gözəl gedirdi. Onun himayəsində büyük bir ailə vardı. Mən və mənim birinci ərimdən olan iki övladım da onun hesabına dolanırdıq. Mirzə Cəlilin 1910-cu ildə bütün gücünü jurnala verə bilməməsinin və nisbətən uzaqlaşmasının səbəbi aşağıdaklarla izah olunur: M.Cəlilin rəhmətlik qardaşı - məşhur İran inqilabçısı (o, yazıçı Ordubadinin "Dumanlı Təbriz" əsərində xatırlanır) Mirzə Ələkbər İrəvan türməsində yatırdı. 1910-cu ilin avqustunda M.Cəlil belə bir bildiriş aldı ki, qardaşı İrəvan vilayət məhkəməsində mühakimə ediləcək və onu edam cəzası, ən yaxşı halda isə katorqa gözləyir. Bu xəbər onu sarsıtdı və xəstə saldı. Jurnalı yoldaşına tapşırıb məsləhət və kömək istəmək üçün mənim yanıma gəlməli oldu. Mən ona məsləhət gördüm ki, təcili İrəvana getsin. İşi iki ən yaxşı vəkilə versin (münsif vəkil Məlik-Ağamalov) və bu işi gələn ilə qədər təxirə saldırmağa çalışsın. Biz pul tapdıq və Mirzə Cəlil İrəvana yola düşdü. Beləliklə, o, qardaşının mühakimə işinin 1911-ci ilin mayına qədər təxirə salınmasına nail oldu. Lakin Mirzə Cəlil evə xəstə qayıtdı, o, işias (Oturaq sinirinin nevriti - red) olmuşdu. Üç aya yaxın xəstə yatdı, yalnız dekabrın axırına bir az yaxşılaşdı və jurnalın nəşri üçün Tiflisə yola düşdü. 1911-ci ildə isə əvvəlcə rəhmətlik şair Sabir xəstələndi, sonra may ayında mən azarladım (qan zəhərlənməsi və iki ciddi əməliyyat keçirdim), düz beş ay ölüm-dirim yatağında qaldım. Həm mənim, həm iki körpə övladımızın, həm də bu böyük ailənin bütün qayğıları Mirzə Cəlilin çiyninə yüklənmişdi. 1911-ci ilin mayında qardaşını azad etdirmək üçün ikinci dəfə İrəvana məhkəməyə getməyi Mirzə Cəlili tamamilə əldən salmışdı, o, jurnalın işlərindən müvəqqəti olaraq uzaq düşmüşdü. Nəzərə almaq lazımdır ki, "Molla Nəsrəddin" jurnalı nəşrinin ikinci, üçüncü, dördüncü illərində yüksək din xadimlərini, dini, alimənsəb zümrəni, kapitalistləri və bu kimi digərlərini tənqid edir, sataşırdı. Bu üzdən hər tərəfdən jurnalı boykot etdilər və xarici ölkələrə - İrana və Türkiyəyə göndərməyi yasaqladılar. Jurnalın tirajı elə bir həddə endi ki, hətta xərci borcunu ödəmədi. M. Cəlil borca girməyə məcbur oldu. Bu səbəbdən mən büyük ailəmizi dolandırmaq üçün kəndə qayıdıb təsərrüfat işlərimi davam etdirməli oldum. Ömər Faiqin jurnaldan qazancı yox idi, ailəsini saxlamaq üçün pul qazanmalı idi. Bu səbəbdən müvəqqəti olaraq jurnaldan uzaqlaşıb kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Lakin tez-tez M.Cəlillə məktublaşır, yazı üçün ona mövzu verirdi. Bu hadisələrin bütün təfərrüatı haqqında mən öz xatirələrimdə yazmışam. Həmin xatirələri, M.Cəlilin mənə yazdığı məktubları ilə birlikdə "Azfan"a (Elmlər Akademiyası Azərbaycan filialı) vermişəm. O məktublarda Mirzə Cəlil jurnalın həmin illərdə düşdüyü ağır maddi vəziyyəti ətraflı təsvir edir. Həmidə X. Məmmədquluzadə Noyabr, 1936 ________ - Əlbəttə, 1936-cı ildə, repressiyaların ağır vaxtında Əziz Şərifin Mirzə Cəlilə qarşı belə bir ittiham irəli sürməsi, "zəngin dul qadınla sərfəli izdivac edib, jurnalı unutdun" deməsi, 5 il əvvəl ölmüş Mirzə Cəlil üçün deyil, daha çox Həmidə xanım və övladları üçün təhlükəli idi. - Həmidə xanımın bu məktubunu redaksiya çap etmədi. - Məktub ilk dəfə çap olunur. - Demək olar ki, Mirzə Cəlilin əlinin altında böyümüş Əziz Şərifin ustadına bu münasibəti çox maraqlıdır. fotoları Tural Hüseyn rəngləyib

Bakının qalmaqallı Baş planı: Tıxacdan xilas varmı?

Baş plan layihəsi 2040-ci ilə qədər olan dövrü əhatə edir.  Ümumiyyətlə, Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.  "Bakının Baş Planı 2040-cı ilə qədər nəzərdə tutulsa da, bir neçə ildən bir real dəyişikliklər nəzərə alınmaqla ona yenidən baxıla və sənəd dəqiqləşdirilə bilər". Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. O, həmçinin qeyd edib ki, Baş plana uyğun olaraq bu ilin əvvəlindən paytaxtda transformasiya layihələri icra edilir: "İctimai nəqliyyatın hərəkəti, piyadalar üçün daha rahat mühitin yaradılması və digər məsələlər Baş Plana uyğun olaraq hər il təşkil ediləcək".  Qeyd edək ki, Bakının Baş planı artıq təsdiq edilib, lakin mövcud şəraitə uyğun olaraq sənəddə müəyyən dəyişikliklər həyata keçirmək mümkün olacaqmı?  Memar Cahid Həsənov "Cümhuriyət” qəzetinə bildirib ki, mövcud təsdiq olunmuş Baş planda infrastruktur nəzərə alınıb:  "Ancaq Baş planda bütün detallar öz əksini tapmır. Yəni, planda ümumi şəhərin ərazisində hansı massivlərin salınması, yaşayış binalarının tikilməsi, yolların salınması öz əksini tapır.  Lakin, məsələn, bir iş adamı gəlib dənizin sahilində otellər kompleksi üçün yer götürürsə, orada yolun çəkilməsi üçün plana əlavələr, yeni baxışlar ola bilər. Yəni, qanun layihələri yazılır və tələb artdıqca qanunlarda müəyyən dəyişikliklər olursa, o kontekstdə də memarlıq və şəhərsalmada, şəhərin Baş planında əlavələr ola bilir”. Həmsöhbətimiz bildirib ki, Baş plan növbəti 30 il üçün nəzərdə tutulub: “O ki qaldı paytaxtda transformasiya layihələrinin icrasına, məsələn, Baş planda şose yol salınması var. O yolun eni, növbəti dövr üçün əhali artımı nəzərdə tutulub. Artıq o şose yol 4 sıradırsa, onun 1 sırasının ictimai nəqliyyata verilməsi Baş plana dəlalət eləmir. Yəni, əlaqədar təşkilatlar təklif verirlər ki, 4 sıra şosedə sıxlıq var, tədricən də sıxlıq olacaq. Ona görə də onun 1 sırasını ictimai nəqliyyata verirlər. Belə qaydalar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və digər qurumlarla razılaşdıqdan sonra icra olunur”.  Ekspertin sözlərinə görə, Baş planın hazırlanmasında xarici mütəxəssislər də iştirak etmişdi:  “Memarlar tərəfindən irad yox, təkliflər irəli sürülüb.  Müzakirələr çox gedib. İctimai müzakirəyə də təqdim olunur.  Bunlar ancaq texniki işlərdir. Məsələn, bu gün elə bir əraziyə şose nəzərdə tutular ki, orada 5 ildən sonra şəhərcik salınacaq. Onu sıravi adam bilmir ki, ona da irad bildirsin. Ümumilikdə Baş plandan yaxşı nəticələr gözləyirik. Bakının sıxlığına təsir edəcək. Hələ görüləsi çox işlər var. Yeni metro xətlərinin, stansiyaların çəkilməsi nəzərdə tutulur. Yeraltı nəqliyyatın inkişaf etdirilməsi yerüstü nəqliyyatda sıxlığın azalmasına gətirib çıxaracaq. Baş Planda bunlar hamısı nəzərə alınıb".

Zelenski Trampı öz tərəfinə çəkə bilər: "kozır"ı var

Ukraynanın Rusiya ilə müharibəyə son qoymaq üçün danışıqlarda Donald Trampı öz tərəfinə çəkmək üçün "kozır"ı var. Sozcu.az xəbər verir ki, bu barədə "Velt" nəşri yazıb. Bildirilir ki, bu "kozır" Vladimir Zelenskinin əvvəllər müttəfiqlərə təqdim etdiyi Qələbə planında mövcud idi. Bu məqam ictimaiyyətdən gizli saxlanılıb. Nəşr qeyd edir ki, Kiyevdə insanlar Trampın müharibəni bitirmək üçün hələ də elan olunmamış strategiyasının qeyri-müəyyən perspektivləri ilə bağlı çox əsəbidirlər. Prezident Vladimir Zelenski indi bütün gücü ilə mövqeyini yaxşılaşdırmağa çalışır ki, onların Kiyevə sırımağa çalışacaqları hər şeylə razılaşmasın. Kiyev indi Trampla mümkün qədər tez “randevu almaq” istəyir: "Zelenski ilə Trampın hələ sentyabr ayında Nyu Yorkda keçirilən görüşdə Qələbə planının əvvəllər məlum olmayan hissəsini müzakirə etdiyi iddia edilir. Bu bənd nəzərdə tutur ki, gələcəkdə kimin Ukraynaya "yatırım edəcəyinə" Tramp qərar verə bilər. "Hər kəs ola bilər - yalnız Çin istisnadır", - ideya belədir. Bunun arxasında dayanan məntiq Pekini qiymətli resurslara çıxış əldə etməməsi üçün Ukrayna ilə bağlı planlar qurmaqdan çəkindirməkdir", - nəşr bildirib.

Birinci xanım Maskı təhqir etdi: Rədd ol!

Braziliyanın birinci xanımı Rozangela da Silva amerikalı milyarder İlon Maskı təhqir edib. Sozcu.az xəbər verir ki, bu barədə G1 portalı məlumat yayıb. Portalın məlumatına görə, birinci xanım Rio-de-Janeyroda G20 sammiti ərəfəsində keçirilən tədbirdə sosial şəbəkələrin tənzimlənməsinin zəruriliyini müdafiə edən çıxış edərkən kənardan gəmi fitinə oxşayan səsə təəccüblənib: “Fikrimcə bu, Maskdır. Mən hətta səndən qorxmuram. Rədd ol İlon Mask”. Mask isə özünün X səhifəsində birinci xanımın çıxışına LOL smayliki ilə cavab verib.

Ömər aşırımına güclü qar yağdı

Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin “Ömər aşırımı” adlanan ərazisi ağ örpəyə bürünüb. Sozcu.az xəbər verir ki, dünəndən Qərb bölgəsində müşahidə edilən küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub. Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır. Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdədir.

İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də ABŞ Nümayəndələr Palatasının üzvü Avqust Pflügerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Sozcu.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Sabahın hava proqnozu açıqlandı

Noyabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti gün ərzində əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Sabah Tiflisdə etiraz aksiyası olacaq

Gürcüstan müxalifəti noyabrın 17-də, bazar günü axşam saatlarında Tiflisdə parlament binası yaxınlığında etiraz aksiyası keçirməyi planlaşdırır. Sozcu.az xəbər verir ki, müvafiq bəyanatla “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili çıxış edib. Bu gün səhər saatlarında isə müxalifət və tərəfdarları Tsereteli prospektinə yürüş ediblər. Gürcüstan Daxili İşlər Nazirliyi 3 vətəndaşın saxlandığını bildirir.

Əhalinin NƏZƏRİNƏ: Bu məhsullar bahalaşdı

2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin oktyabr ayına nisbətən 103,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,6 faiz, qeyri-qida məhsulları üzrə 102,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,8 faiz təşkil edib. Sozcu.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,7 faiz təşkil edib. 2024-cü ilin oktyabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 100,6 faiz olub. Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, xamanın, qatığın, pendirin, kərə yağının, yumurtanın, üzümün, ağ kələmin, pomidorun, şirin bibərin, badımcanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, ucuzlaşma isə unun, qarabaşaq yarmasının, makaron məmulatlarının, marqarinin, qarğıdalı yağının, limonun, naringinin, almanın, heyvanın, narın, kivinin, xiyarın, göy lobyanın, balqabağın, şəkər tozunun qiymətlərində müşahidə olunmuşdur. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin oktyabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 101,5 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma xalçaların, inşaat materiallarının, zərgərlik məmulatlarının qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 2024-cü ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 103,6 faiz təşkil edib. Oktyabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən mənzillərin kirayə haqlarının, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin, ucuzlaşma isə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Beynəlxalq Banka 272 min manat maliyyə sanksiyası tətbiq edildi

Bank sistemində izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunla (Qanun) yanaşı, Mərkəzi Bankın “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” Qaydası (Qayda) ilə tənzimlənir.  “Yeni Sabah”ın məlumatına görə Mərkəzi Bankın bu haqda açıqlamasında bildirilir ki, bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə Mərkəzi Bankda olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər. 15.10.2024 - 14.11.2024-cü il tarixlərini əhatə edən saxlama dövründə “Azərbaycan Beynəlxalq Bankı” ASC manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bank tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı 272 343.69 manat (iki yüz yetmiş iki min üç yüz qırx üç manat altmış doqquz qəpik) məbləğində maliyyə sanksiyası tətbiq olunub.

Qubadlıda şirkət əməkdaşı faciəvi şəkildə öldü

Qubadlı rayonunda fəhlə bədbəxt hadisə nəticəsində ölüb. Sozcu.az "Report"a istinadən xəbər verir ki, Qubadlıda təmir-tikinti şirkətlərindən birində çalışan 48 yaşlı Sabir Kərimov hündürlükdən yıxılaraq dünyasını dəyişib. Onun meyiti sakini olduğu Biləsuvar rayonuna gətirilib.

İranda əsgər polkovniki güllələdi

İranın Kirman əyalətinin Rəfsəncan şəhərində SEPAH polkovniki Məhəmmədrza Bəyazipur həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Rəsmi məlumatlarda polkovnikin atış poliqonunda hadisə nəticəsində öldüyü bildirilib. Qeyri-rəsmi məlumatlarda isə Bəyazipurun sıravi əsgər tərəfindən güllələndiyi qeyd olunub.