Paşinyan COP29-a qədər sülh sazişini imzalamağı təklif edir

“Ermənistan Azərbaycanı sülh müqaviləsinin razılaşdırılmış bəndlərini Bakıda keçiriləcək COP29-a qədər imzalamağa dəvət edir”. Sozcu.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də “Sülh naminə liderlik” mövzusunda müzakirələr zamanı deyib. Paşinyan bildirib ki, o və rəhbərlik etdiyi hökumət firavanlıq, sabitlik və sülh naminə münaqişəyə son qoymağa, əməkdaşlığa çevirməyə sadiqdir: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.

Rusiyanın itkiləri 646 mini ötdü

Ukrayna müharibənin 945-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 646 400 hərbçi, 8 815 ədəd tank, 17 304 ədəd zirehli döyüş maşını, 18 549 ədəd artilleriya sistemi, 1 199 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 952 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 328 ədəd helikopter, 25 248 ədəd avtomobil texnikası, 15 879 ədəd PUA, 2 593 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 168 xüsusi avadanlıq itirib.

Bakıda ağır qəza: maşın dərəyə yuvarlandı, 5 nəfər...

Bu gün Bakı şəhərinin Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Bakı.vs-ə istinadla xəbər verir ki, hadisə Lökbatan dairəsinin yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Qəza zamanı avtomobil yoldan çıxaraq yuvarlanıb və yolun kənarına düşüb.

İki şəhidimiz dəfn ediləcək - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq. Sozcu.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Dəfn olunacaq şəhidlərdən biri hərbçi Alıyev Vaqif Sərdar oğlu, digəri isə mülki şəxs Quliyev Mirzəli Müslət oğludur. Sentyabrın 26-sı V.Alıyev Gəncə şəhəri Şəhidlər Xiyabanında, M.Quliyev isə Xocavənd rayonu Qaradağlı kəndinin Şəhidlər Xiyabanında dəfn olunacaqlar.

II kurs tələbəsi vəfat etdi

Bakı Qızlar Universitetinin tələbəsi vəfat edib. Sozcu.az xəbər verir ki, bu barədə “Azərbaycan tələbələri” feysbuk səhifəsi məlumat yayıb. M. Rəsulzadə universitetin Məktəbəqədər təhsil ixtisasının II kurs tələbəsi olub. Onun xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

"Yol vermək olmaz ki, kimlərsə insanları regionlara bölsün"

“Elə məsələlər var ki, maksimum dərəcədə həssas və diqqəıtli omaq lazımdır. Bunlardan biri də azad olunmuş ərazilər və öz doğma yurdlarına dönən həmvətənlərimizlə bağlıdır”.  Bu fikirləri Herbiand.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib. Emin Həsənli qeyd edib ki, ölkəmizin bütövlüyünün, suverenliyinin bərpa olunmasında Azərbaycanın bütün bölgələrindən mərd, igid oğullarımız şəhid olub, sağlamlığını itirib:  “Qarabağ uğrunda savaşda bütün bölgələrimizdən olan oğullar və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri canlarını fəda edib. Azərbaycan xalqının bu məslədə bir yumruq kimi birləşməsi bədxahların gözləmədiyi bir olay idi. Ermənilər də, onlara havadarlıq edənlər də bu birliyi gözləmirdi. Bu dünya üçün bir nümunə idi. Məhz bu birliyin nəticəsi idi ki, biz qalib gəldik. Bu qələbənin daimi olmasının əsas şərtlərindən biri də bu birliyi qoruyub saxlamağımız, Ali Baş komandan ətrafında daima sıx birləşməyimiz ola bilər”. vakansiyalar Hərbi ekspert hesab edir ki, bu birliyə xələl gətirmək mümkün deyil: “Əlbəttə, bu birliyə xələl gətirmək mümkün deyil. Amma bəzi hallarda ortaya atılan müzakirələr insanların ovqatına neqativ təsir edir. Buna görə də bəzi məslələrdə ehtiyatlı davranmaq, həssas olmaq lazımdır”.  Emin Həsənli 30 illik həsrətdən sonra öz doğma yurdlarına qayıdan insanların bu illər ərzində nələr yaşadıqlarını unutmamağı tövsiyə edir: “Məcburi köçkünlər 30 il olmazın əzab-əziyyət qatlaşıb. Mülkiyyət hüququndan məhrum olub. Yataqxana küncündə, heç bir elementar şəraiti olmayan yarımçıq tikililərdə, çadırlarda yaşayıb. Onların bir çoxu, müəyyən müddət təhsil hüququndan məhrum olub, normal səhiyyə xidməti almaq hüququndan məhrum olub. Və ən nəhayət bu ağır şərtlər altında yaşamaq məcburiyyətində qalıblar. İndi dövlət onların pozulmuş hüquqlarını bərpa edir, onları öz doğma yurdlarına qaytarır. Azərbaycan qanunvericiliyində də, dünyanın hər yerində də insanların mülkiyyət hüququ var. Və bu hüquqa hörmətlə yanaşılır. Biz də bu hüquqa hörmətlə yanaşmalıyıq. Bəli, bu həm də mənəvi məslədir. Ona görə də bu məsələlərin müzakirəsində maksimum dərəcədə həssas və ehtiyatlı olmaq lazımdır. Bir zamanlar “qaçqınlar və yerlilər” avantürasını ortaya atanlar indi də doğma yurduna qayıdan insanları digərləri ilə qarşı-qarşıya qoymaq istəyirsə, biz buna qarşı olmalıyıq. Xalqımızın birliyinə xələl gətirəcək belə müzakirələr ancaq Azərbaycanın düşmənlərinin işinə yarıya bilər. Yol vermək olmaz ki, kimlərsə insanları regionlara bölsün. Azərbaycanın hər qarışı hər bir Azərbaycan vətəndaşının, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsinin vətənidir”. 

Qəlblərdə yaşayan Qəhrəman (Ramil Elşən oğlu Quliyev)

44 günlük vətən müharibəsi Azərbaycanın şanlı zəfər tarixidir. Son 200 illik tarixdə ən böyük zəfəri olan qələbə tarixdə əbədi qalacaq. Bu bir həqiqətdir ki, Azərbaycan Silahlı Qüvvələri düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi...  Ordumuz düşməni torpaqlarımızdan qovaraq, ədaləti, beynəlxalq hüququ, xalqımızın milli ləyaqətini bərpa etdi. Bu gün Azərbaycan xalqı müzəffər xalq, qalib dövlət kimi siyasətini diqtə edir. Biz bundan sonra müzəffər xalq və qalib dövlət olaraq əbədi yaşayacağıq. Azərbaycanın zəfər bayrağı daima yüksəklərdə dalğalanacaq.  Bu zəfərdə payı olan və böyük qəhrəmanlıqlara imza atmış bir şəhidimizin keçdiyi döyüş yolundan söhbət açaçmaq istəyirik. Onu tanıyaq: Ramil Elşən oğlu Quliyev 18 fevral 1991-ci ildə Qubadlıda dünyaya göz açmışdı. Məcburi köçkün düşdükdən sonra, 1997-ci ildə Sumqayıt şəhər 14 saylı tam orta məktəbin birinci sinifinə daxil olur. Təhsilini 35 saylı tam orta məktəbdə davam etdirir.  Tam orta təhsilini 2008-ci ildə başa vurub, hərbçi olmaq arzusu ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə üz tutur. O, 2011-ci ildə Kiyevdə “Personalın İdarəetməsinin Regionlararası Akademiyası”nın Menecment fakültəsinə daxil olur, ali təhsilini başa vurub Azərbaycana istedadlı mütəxəssis kimi dönür.  Ramil bilirdi ki, onu vətənində böyük işlər gözləyir. Arzuları çox idi. Onda əsl qəhrəman və vətənpərvər Azərbaycan vətəndaşının əqidəsi cəmlənmiş, ona irsən ötürülmüşdü-ulu babalardan və atadan. Elə bu hiss və istəklə qisas arzularının gerçəkləşəcəyi anı səbirsizliklə gözləyirdi. Ramilin arzusu baş tutur.    2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə gedir, baş atıcı kimi mükəmməl biliyə sahib olur.  2016-cı ildə baş vermiş tarixi Aprel döyüşlərinə qatılır. Cəmi dörd gün davam edən döyüşdə düşmənə elə bir zərbə vuruldu ki, bu hadisə sonralar Azərbaycan əsgərinin iftixar, güc və əzminin ifadəsi kimi tarixdə öz yerini aldı. Lələtəpə yüksəkliyinin alınması ilə nəticələnən bu tarixi döyüş hər kəsin qəlbində məğlubedilməz Azərbaycan əsgərinin obrazını yaratdı. Ramilin də bu döyüşlərdə göstərdiyi sücaət və qəhrəmanlıq döyüş yoldaşlarının və onu tanıyanların qəlbində özünə xüsusi yer tapmışdı.  Dörd günlük Aprel döyüşlərindən sonra qəhrəman və əzmkar əsgər imici qazanan Ramil 2016-cı ildə həqiqi hərbi xidmətini başa vuraraq qəhrəman əsgər olaraq evə qayıdır.  Ancaq bu qayıdış onu yenə də rahat buraxmırdı. Yenidən orduya qayıdıb düşmənə layiqli cavab vermək arzusu ilə baölı narahat idi. Ramin hiss edirdi ki, böyük müharibə başlayacaq və o da bu döyüşlərdə öz sücaətini göstərəcək. Çünki Aprel döyüşlərində böyük döyüş təcrübəsi qazanmışdı.... 26 sentyabr 2020-ci ildə yüz minllərlə könüllü kimi Ramil də Hərbi Komissarlığa müraciət edir.  Xatırladım ki, Ramil hələ 2017-ci ildə ağır yol qəzasında ayaqlarından ağır xəsarət almışdı... Həkimlər digər könüllülər kimi onu da müayinə eləməyə başlayır. Özünü tam sağlam kimi aparır, həkimlərdən xəsarətlərini gizlədə bilir. Beləliklə, Ramil cəbhəyə yollanmağı bacarır və arzuları çin olur.  Xatırlatma:  2-ci Qarabağ müharibəsi başlayanda Ramil üçün çox çətin idi. O seçim qaşısında qalmışdı. Bir yanda xəstə anası, hansı ki, anası onunla nəfəs alırdı, digər tərəfdə isə vətən sevgisi. O, vətəni seçdi. Xəstə anası, atası və bacısı ilə ilə görüşüb döyüşə yollananda gözləri yaşarmışdı.  Anası onun bu gedişinə dözə bilmirdi. Şəhid xəbərini eşidən xəstə anası bu xəbərdən 20 gün sonra, noyabrın 10-da haqq dünyasına qovuşur...     27 sentyabr 44 günlük Vətən müharibəsi başlayır. Ramil də digər döyüşçülər kimi döyüşə atılır.  29 sentaybrda Cəbrayıl istiqamətində döyüşə başlayır. Hadrut döyüşləri isə ən gərgin və xatirələrdə əbədi qalan döyüş olub. Ramil bu döyüşdə cəsur və ən qorxmaz döyüşçü kimi silahdaşları tərəfindən xarakterizə edilir. O, düşmənə aman vermir, verilən tapşırıqları dərhal yerinə yetirirdi. Bu döyüşdə düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilmişdi. Məlumata görə, ağır döyüşlərin birində Ramil canını təhlükəyə ataraq səngər yoldaşını döyüş ərazisindən çıxarmağa müvəffəq olmuşdu.  9 oktyabr 2020-ci ildə düşmən üzərinə hücum başlayır.   Ramil Hadrut uğrunda gedən döyüşlərdə verilən tapşırığı yerinə yetirərkən düşmənin snayper gülləsi ilə vurularaq qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi 12 gün neytral zonada qalır. Ülvi adlı əsgər yoldaşı onu 4 km çiynində daşıyaraq arxa cəbhəyə təhvil vermişdi. Oktyabr ayının 22-si Sumqayıtda Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ali Baş Komandan şəhid-qəhrəmanı təltif etdi Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra Ramil Elşən oğlu Quliyev Füzulinin, Cəbrayılın, Xocavəndin, alınmasına görə, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunmuşdur.  Onun son arzusu qələbə bayrağını Qubadlıya sancmaq idi.  Allah rəhmət eləsin! İndi Azərbaycannın üçrəngli bayrağı vətənimizin hər yerində dalğalanır, dövlət suverenliyi tam bərpa edilib, ruhun şad olsun, ŞƏHİDİM! Subut Mehdiyev “Zəfər Tarixinin Qəhrəmanları” layihəsinin rəhbəri

Sabah yağış yağacaq

Sabah, sentyabrın 23-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Sentyabrın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-17° isti olacaq.

Ceyhun Bayramov ABŞ-a getdi

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında iştirak məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. Bu barədə Sozcu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Baş Assambleyasının 79-cu sessiyasında, o cümlədən bir sıra digər beynəlxalq tədbirlərdə çıxış etməsi, habelə sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində xarici dövlət rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Həbsdəki general Müdafiə Nazirliyindən ən çox oğurlayanlardan birinin ADINI ÇƏKDİ - SENSASİYA

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.  General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.  Musavat.com xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rafail Xələfov iştirak etməyib.  vakansiya Hakim bildirib ki, Nizami Məmmədovun vəkilləri Rafail Xələfovun məhkəmədə təkrar dindirilməsini, ona əlavə sualları yarandığını deyiblər. Buna görə də məhkəmə onun prosesə təkrar çağırılması barədə vəsatəti təmin edib. Hakim deyib ki, Rafail Xələfovun vəkili ilə əlaqə saxlayıblar, vəkil də səhhəti ilə bağlı prosesdə iştirak edə bilmir. Hakim bildirib ki, məhkəməyə təqdim olunan həkim arayışında Rafail Xələfovun COVID-19-a yoluxduğu məlum olub. Həmin arayışda göstərilir ki, Rafai Xələfov sentyabrın 17-də koronavirusa görə test verib və testin nəticəsi pozitiv çıxıb.  Hakim deyib ki, Rafail Xələfovun iştirakı növbəti iclasda təmin ediləcək.  Daha sonra təqsirləndirilən Bayram Bayramovun vəkilinin Müdafiə Nazirliyinə sorğu göndərilməsi barədə vəsatəti müzakirə edilib. Həmin vəsatətdə Bayram Bayramovun çalışdığı hərbi hissədə 2020-ci ilin dekabr ayında Hərbi Səfərbərlik və Çağırış Xidməti tərəfindən çağırılan əsgər və zabitlərə ödənişlərlə bağlı sənədlərin məhkəməyə təqdim olunmasını istəyiblər.  Hakimlər vəsatəti təmin ediblər. Qərar icra olunması üçün Müdafiə Nazirliyinin Hüquq İdarəsinə göndəriləcək.  Müttəhim Cəlal Kazımovun vəkili Əli Adıgözəlov 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə büdcədən ayrılan vəsaitdən kənarlaşma ilə bağlı məhkəmə mühasibatlıq ekspertizasının təyin olunmasını istəyib.  Vəkil deyib ki, Cəlal Kazımov Ali Hərbi Məktəbdə işlədiyi dövrdə büdcədən ayrılan vəsaitdən heç bir kənarlaşma olmayıb: "2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə 423 min 109 manat əlavə yazılıb, bunu müəyyən etmək üçün təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması zəruridir. Vəkil ekspertizasının keçirilməsində Cəlal Kazımovun özünün də iştirak etməsini istəyib.  Məhkəmə vəsatəti qismən təmin edib.  Qərarda göstərilib ki, 2017-2018-ci illərdə Ali Hərbi Məktəbdə olan kənarlaşmanın müəyyən olunması üçün məhkəmə mühasibatlıq ekspertizası təyin olunub. Amma Cəlal Kazımovun ekspertizanın keçirilməsində iştirak etməsi təmin edilməyib.  Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin həbsdə olan maliyyə xidmət rəisi Rəşad Məlikzadənin təkrar dindirilməsini istəyib.  Vəkil deyib ki, iş üzrə ən çox ziyanı olan şəxslərdən biri də Rəşad Məlikzadədir, onun tərəfindən ziyanın ödənilməsinin müəyyən edilməsi ilə bağlı sualları var. Vəkil həmçinin bildirib ki, Rəşad Məlikzadə ilə Rəfail Xələfovun arasında ziddiyyətlər var, bu ziddiyyətlərin araşdırılması üçün suallar yarana bilər.  Məhkəmə bu vəsatəti təmin etməyib.  Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.  Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.  Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.  Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.  Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.  Növbəti proses sentyabrın 27-də davam edəcək. 

Paşinyan Akopyanla birgə ABŞ-a getdi

Ermənistan Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan ABŞ-a işgüzar səfərə yollanıblar. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Paşinyan 27 sentyabra kimi baş tutacaq səfər zamanı Nyu Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edəcək, sessiyanın yüksək səviyyəli seqmentində çıxış edəcək. Paşinyanın BMT Baş katibi Antonio Quterrişlə də görüşü nəzərdə tutulur.

İranda güclü partlayış: 30 ölü, 17 yaralı

11:12 İranın Cənubi Xorasan əyalətinin Tabas şəhərində şaxtada partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat verib. Məlumata görə, partlayış nəticəsində 28 nəfər ölüb, 17 nəfər yaralanıb. Kolivənd 24 nəfərin itkin düşdüyünü bildirib. Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir. *** Saat 9-a (yerli vaxtla) olan məlumata görə, Tabas şəhərində kömür mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Bu sözləri İranın Cənubi Xorasan əyalətinin Böhranların İdarə Olunması şöbəsinin baş direktoru Məhəmməd Əli Axundi deyib.

İngilis nazirin Qarabağ açıqlaması İrəvanı narahat etmədi

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “Substack” platformasında nəşr olunan xarici siyasət bülletenində Azərbaycanla bağlı ədalətli mövqe sərgiləyib. O qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində itirdiyi əraziləri azad etməyi bacarıb. Sozcu.az xəbər verir ki, erməni politoloq Suren Surenyants bunu Qarabağla bağlı Qərb mövqeyinin səmimi şəkildə ifadə olunduğu nadir hallardan biri adlandırıb. O iddia edib ki, bu, Qərbin ermənilərə qarşı olması demək deyil: “Problem Qərbin regionda Rusiyanın təsirini zəiflətməyə yönəlmiş maraqlarıdır”. Onun sözlərinə görə, Lemminin bu açıqlamasına rəsmi İrəvan heç bir reaksiya verməyib: “Ancaq bu sözləri Lavrov desəydi, Ermənistanın məşhur dairələrində hansı hay-küy yaranacağını təsəvvür edin”.

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - YENİLƏNİB

Ağsu Rayonu İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Feyzullayev Sənan Nadir oğlu və Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı Ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun Ağsu rayonu üzrə məsləhətçisi Əsgərov Vüqar Səxavət oğlunun qanunsuz hərəkətləri ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilib. Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vüqar Əsgərov və Sənan Feyzullayevin cinayət əlaqəsinə girərək aidiyyəti dövlət orqanlarının səlahiyyətli vəzifəli şəxslərinin qərarlarına qanunsuz təsir göstərməklə Ağsu rayonu ərazisində yerin təkindən istifadəyə dair icazə verilməsi üçün vətəndaşdan müxtəlif məbləğlərdə pul vəsaiti tələb etmələrinə və almalarına əsaslı şübhələr müəyyən edilib. Toplanmış ilkin sübutlar əsasında Vüqar Əsgərov və Sənan Feyzullayevə Cinayət Məcəlləsinin 312-1.1-ci (nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib. Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması davam etdirilir. 17:39 Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. "Report"un əldə etdiyi xəbərə görə, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın icra hakimiyyətində korrupsiya halları ilə bağlı olduğu bildirilir. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

Sumqayıt-Bakı yolunda zəncirvari qəza: 6 maşın...

Sumqayıt-Bakı şosesinin Abşeron gənclər şəhərciyinin yaxınlığından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Oxu.az-a istinadla zəncirvari qəzada altı avtomobilə ziyan dəyib. Qəzanın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Mətbuat Xidmətindən araşdırmanın nəticəsinə uyğun olaraq açıqlama veriləcəyi bildirilib.

Azərbaycanda bu qış sərt keçəcək? - RƏSMİ AÇIQLAMA

"Azərbaycan ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir". Sozcu.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. O bildirib ki, uzunmüddətli hava məlumatları vermək fərziyə xarakterlidir və qışın necə keçməsi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının Regional iqlim mərkəzlərinin fəsillik proqnozlarına əsasən hazırlanır: vakansiyalar "Amma qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, daha uzun dövrü əhatə edən fəsillik hava proqnozunun dəqiqliyi nisbətən az olur. Biz öz tərəfimizdən payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr ayı üçün ictimaiyyətə rəsmi proqnoz təqdim edəcəyik".

Ağsu İH-də əməliyyat: bir neçə vəzifəli şəxs saxlanıldı - Təcili

Ağsu rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Sozcu.az report-a istinadla xöbər verir ki, hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatın İcra Hakimiyyətində korrupsiya halları ilə bağlı olduğu bildirilir. Əməliyyat nəticəsində bir neçə vəzifəli şəxs saxlanılıb.

"İZ" Müsahibə layihəsi: Əhməd Cavadın nəticəsi Cavad Axundzadə ilə

İZ" müsahibə layihəsinin bu dəfəki qonağı İstiqlal şairi, Azərbaycan Dövlət Himninin müəllifi, repressiya qurbanı Əhməd Cavadın nəticəsi, babasının adını daşıyan Cavad Axundzadədir.  İstiqlal şairi Cavad Məhəmmədəli oğlu Axundzadə 5 may 1892-ci ildə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndinin Mehirli tirəsindən anadan olub. Cavad ilk təhsilini üç il kənddə molla yanında almış, ərəb və fars dillərini dərindən öyrənmişdir. Bu, onun Şəmkirdə aldığı ilk və sonuncu təhsil idi. O, artıq yeddi yaşında olarkən Quranı-Kərimi oxuyur və bir çox surələri əzbərdən deyirdi. Lakin atasının vəfatından sonra anası Yaxşı xanım Cavadı da götürüb Gəncəyə gedir. Cavadın Gəncəyə ilk gəlişi 1906-cı ilə təsadüf edir. Bu tarixə şairin ilk şeirlərindən biri olan, tərcümeyi-hal xarakteri daşıyan, 1908-ci il sentyabrın 9-da yazılmış "Gəldim Gəncəyə" şeirində rast gəlinir. Şairin anası xalça sexində işə düzəlir, Zərrabi küçəsində, keçmişdə Əli Rzayevin mülki kimi tanınan binada mənzil kirayələyir və oğlu Cavadla burada yaşayır. Şəhər bazarında dəmirçi işləyən Cavadın ögey qardaşları Məsim və Qulu bu ailənin yaxın qohumu olan Hüseyn kişinin köməkliyi ilə Cavadı 1906-cı ildə Şah Abbas məscidi nəzdindəki Yelizavetpol (Gəncə) Müsəlman-Ruhani məktəbində oxumağa qoyurlar. Məktəbdə əla qiymətlərlə oxuduğuna görə "Xeyriyyə" cəmiyyəti tərəfindən ona hər ay yeddi dinar qızıl pul məbləğində təqaüd verilir. Orada ona Abdulla Sur, Hüseyn Cavid, İdris Axundzadə (Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin əmisi) kimi tanınmış ziyalılar dərs deyirlər. Türkiyədən Gəncəyə gəlmiş Savad Cavad (türkiyəli Əhməd Cavadın qardaşı) adlı müəllim Cavadın inkişafında böyük rol oynamışdır. Şeirin qayda-qanunlarını demək olar ki, ona S. Cavad öyrətmişdir. Öz qələm təcrübələrinə hələ məktəbli ikən başlayan Ə. Cavad ilk şeirlərilə bəzi müəllimlərinin diqqətini cəlb etmişdi. Şair 1913-cü ildə Gəncədə Qafqaz Şeyxülislamı Məhəmməd Pişnamazzadəyə imtahan verərək "şərəfli türk və fars dilləri müəllimi" adını alır. Gəncədə ilk rəsmi müəllim kimi 1 nömrəli Qız məktəbində pedaqoji fəaliyyətə başlayır. Əhməd Cavad 1914–1917-ci illərdə Acarıstanda kənd-kənd dolaşaraq müxbir kimi fəaliyyət göstərmiş, buradakı ictimai-siyasi durum haqqında "İqbal", "Yeni İqbal", əsasən, "Açıq söz" qəzetlərinə silsilə məqalələr göndərmişdir. Həmin silsilə məqalələrdən biri olan "Acara məktubları" da "Açıq söz" qəzetində 1915-ci ilin 3 noyabr, 14 dekabr, 15 dekabr, 30 dekabr və 1916-cı ilin 25 mart tarixli nömrələrində dərc olunmuşdur. "Acara məktubları" beş silsilə məqalədən ibarət olub, bədii-publisistik üslubdadır. Məktublarda Türkiyə-Gürcüstan-Acarıstan münasibətləri, Azərbaycan nümayəndələrinin fəaliyyəti, Bakının yardımları, Acarıstanın tarixi, təbiəti, xalqın məişəti, adət-ənənələri, Türkiyəyə arxalanması, dil, din, məktəb, maarif və s. məsələlər işıqlandırılır. Acarıstanın ticari-iqtisadi həyatından bəhs edən Cavad hətta buradakı evlərin belə "tamamilə türk tərzi memariyyəsində yapıldığını", acarların geyimlərini "Anadolunun qiyafətinin incə bir şəkli" olduğunu qeyd edir. Əhməd Cavad 1914–1918-ci illərdə Birinci Cahan müharibəsində olarkən Batumda müntəzəm surətdə axşam kurslarında dərs demiş, təzə təşkil olunmuş məktəblərdə "Nümunə dərsi" vermiş, müəllimləri yeni-yeni metodik göstərişlərlə zənginləşdirmişdir. O, şagirdlərin köməyi ilə yerli adamlardan folklor nümunələri, o sıradan bayatılar toplayır, özü də bayatı formasında şeirlər qoşurdu. "İqbal" qəzetinin 1914-cü il 30 aprel tarixli nömrəsində Cavadın "Yeni nəsil İctimai yaralarımız" adlı məqaləsi nəşr olunmuşdur. Bu məqalədə Azərbaycanda məktəbin, müəllimin və şagirdlərin acınacaqlı vəziyyəti öz əksini tapmışdı. "İqbal" qəzetinin 1914-cü il sentyabr nömrələrindən birində Ə. Cavadın "Gəncədən" adlı bir məqaləsi dərc olunmuşdu. Məqalə İsmayıl Mirzə Qaspirinskiyə həsr olunmuşdu. Cavad ömrü boyu Türk ellərini gəzmiş, bir çox yerlərdə məktəb təşkilində, uşaq evlərinin açılmasında böyük fəaliyyət göstərmişdir. Acar elində, Gürcüstanın bəzi kənd və şəhərlərində uşaq evləri və məktəblər açılmasında yaxından iştirak etmişdir. Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi "Çırpınırdın, Qara dəniz" şeiri Türkiyədə ən çox "Yol ver türkün bayrağına" adıyla məşhurdur. Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, bir səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur "Həmidiyyə" zirehli gəmisinin Yunanıstanın "Averof" hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı "Həmidiyyə" zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları "Kazbek" və "Kaqul" adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır, Odessa limanını bombardman edir. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq, 1914-cü ildə həmin şeiri yazmışdır. Şeir Rusiyanın "Kazbek" və "Kaqul" hərbi zirehli gəmisinə meydan oxuyan məşhur "Həmidiyyə" hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdır. Gəminin kapitanı Atatürklə yaxın olmuş, Başbakanlıq və Böyük elçilik vəzifələrində çalışmış admiral Rauf Orbay bu hünərinə görə "Həmidiyyə" qəhrəmanı kimi şöhrətlənmişdir.  Əhməd Cavadın həyatının və yaradıcılığının ən parlaq və məhsuldar dövrü AXC-nin yaranması, inkişafı illərinə təsadüf edir. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışmış, şeir və publisistik yaradıcılığını davam və inkişaf etdirmişdir. O, pedaqoji fəaliyyətinin inkişafına xüsusi fikir vermiş, əsasən müəllimlik etmiş və siyasi fəaliyyətdə bulunmuşdur.  Əhməd Cavad AXC dövründə fəaliyyət göstərən, yeni görüşlü ədib və mühərrirlərin yaratdığı, 100-dən artıq ədibi və şairi öz ətrafında birləşdirən "Yaşıl qələmlər" dərnəyinin üzvü idi. Bu cəmiyyət İstanbuldakı "Türk ocağı"nın Bakıda açılan şöbəsi əsasında yaranmışdı. Azərbaycada bütün işlər əsasən "Yaşıl qələm" ədəbi cəmiyyəti vasitəsilə həyata keçirilirdi. Burada Məhəmməd Əmin Rəsulzadə, Ü. Hacıbəyli, S. Hüseyn, Ö. Faiq, N. Vəzirov, Ə. Haqverdiyev, H. Cavid, M. Hadi, A. Şaiq, C. Cabbarlı ilə birlikdə Ə. Cavad da yaxından iştirak edirdilər. Dərnəyin üzvləri yeni hökumətin dövründə Azərbaycan ədəbiyyatı və incəsənətinin inkişafına çalışırdılar.  Əhməd Cavadın "Gəncədə istiqlal günü" məqaləsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının ilk ildönümünə həsr olunmuşdur. 1919-cu ilin 28 may günündə Gəncədə keçirilən bayram təntənələri haqqında təəssüratdan ibarətdir. Şairin bu dövrdə bir sıra məqalələri də işıq üzü görmüşdür: "Denikin və Gəncə ("Azərbaycan" qəzeti, 4 iyun 1919-cu il)", "Ömər Faiqin başına gələnlər ("Azərbaycan" qəzeti, 3 fevral 1919-cu il"", "Ələkbər bəyin mərasimi-dəfni ("Azərbaycan" qəzeti, 11 aprel 1919-cu il)", "Abbaszadə Mirzə Abbasın yubileyi ("Azərbaycan" qəzeti, 2 iyun 1919-cu il)", "Rövşən Əşrəf bəy ("Azərbaycan" qəzeti, 24 oktyabr 1919-cu il)". 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Əhməd Cavad təyinatla Qusara müəllim göndərilir. O, ailəsilə birlikdə Qusarın Xuluq kəndinə köçərək burada müəllimliyə başlayır. 1920-ci ilin sentyabrından 1922-ci ilin oktyabrına kimi Əhməd Cavad Xuluq kənd məktəbində rus və türk dillərindən dərs verir. Tezliklə həmin məktəbin direktoru vəzifəsi ona tapşırılır. Öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyi barədə Quba Qəza Xalq Maarifi Şöbəsindən verilmiş xasiyyətnamədə məlumat var. O, müəyyən fasilələrlə Quba Xalq Maarif Şöbəsinin müdiri işləyir, həmçinin Azərbaycan Maarif komissarlığının təşkil etdiyi qısa pedaqoji kurslarda mühazirəçi, yoxlama komissiyasının üzvü və başqa vəzifələrdə çalışır. Şair geniş maarifçilik fəaliyyəti göstərməklə yanaşı, eyni zamanda pedaqoq kimi fəaliyyətini davam etdirir. Əhməd Cavad 1922-ci ildə Bakıda Ali Pedaqoji İnstitutunun ədəbiyyat və tarix fakültəsinə qiyabi daxil olur. O, həmçinin ali məktəbdə təhsil aldığı illərdə müəllimlik fəaliyyəti ilə məşğul olmuş, 1924-cü ildə N. Nərimanov adına Pedaqoji Texnikumda türk dili fənnindən dərs demişdir. Bu zaman respublikada buraxılan ilk dərsliklərin və dərs vəsaitlərinin hazırlanmasında öz bilik və bacarığını əsirgəməmişdir. Daha sonra 1927-ci ildə Əzizbəyov adına Azərbaycan Politexnik Universitetində qeyri-azərbaycanlı tələbələr üçün Azərbaycan dilini tədris etmişdir. Şairin 1928-ci ildə Türkiyədə müsavatçıların nəşr etdikləri "İstiqlal məcmuəsi"ndə on altı şeiri işıq üzü gördü. İdeoloji sahədə rəhbər orqanlar, "Qızıl qələmlər" cəmiyyəti, onun fəal üzvləri olan "proletar" şairləri, bir sözlə Ə. Cavadın əleyhdarları vaxtaşırı ona qarşı rəsmi və qeyri-rəsmi çıxışlar edirdilər. Belə bir vaxtda Əli Nazim Moskvada çap olunmuş bir məqaləsində ("Peçat i revolyusiya", N 7, 1929-cu il) şairin Türkiyədə bir neçə şeirinin dərc olunması haqqında məlumat yaydı. Əhməd Cavadın həbsi üçün səbəb axtaran bəzi həmkarları bundan yararlanaraq mətbuatda "İstiqlal məcmuəsi"ndə çap olunan şeirlərinə görə onu ittiham etdilər. Bu işdə "Kommunist" və "Bakinski raboçi" qəzetləri xüsusi fəallıq nümayiş etdirirdilər." Əhməd Cavad yazılarına və siyasi görüşlərinə görə repressiyaya məruz qaldığı dövrə qədər artıq 3 dəfə həbs olunmuşdu. Şair ilk dəfə 1923-cü ildə həbs olunub, bir neçə ay həbsdə saxlanılıb. Cavad Axundzadənin MTN arxivindəki 1923-cü il, PR – 20942 saylı istintaq işindən aydın olur ki, Azərbaycan Fövqəladə Komissiyasının əməliyyat müvəkkili İvan Makarov 1923-cü il dekabr ayının 1-də Müsavat Partiyasının işləri ilə tanış olur və belə qərara gəlir ki, Cavad Axundzadə 1918-ci ildən Müsavat Partiyasının üzvüdür. Şair Batumda olarkən Gəncə şəhərində yaşayan məktəb yoldaşı Abdulla Ağaəli oğlu ona məktub göndərir və bu məktubdan aydın olur ki, Müsavat Partiyasının Gəncə şəhərində yaradılmasının təşkilində Ə. Cavad yaxından iştirak edib. Bundan başqa o, Quba şəhərində müəllim işləyərkən ətrafına müsavatçılar toplamış, mütəmadi olaraq Bakı müsavatçıları ilə əlaqə saxlamışdır. Həmçinin Əhməd Cavad Axundzadə müsavatçı, Məhəmməd Əmin Rəsulzadənin silahdaşlarından biri olan Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsini təşkil etmişdir. Bütün bu deyilənləri nəzərə alaraq əməliyyat müvəkkili İvan Makarov təklif etmişdir ki, Ə. Cavad həbs edilsin və Azərbaycan Fövqəladə Komissiyasının (Az. ÇK) kamerasında ciddi nəzarət altında saxlanılsın. Əhməd Cavad ilk dəfə həbs olunanda Mirzə Bala Məmmədzadənin Türkiyəyə qaçıb getməsində iştirakının olmadığını söyləsə də, 1937-ci ildə həbs olunanda istintaq sorğu-sual materiallarında bu faktı etirak edərək boynuna alır. Bundan sonra Cavad Axundzadənin həbs edilməsi ilə əlaqdər 5 dekabr 1923-cü ildə 446 saylı order imzalanır. Lakin hansısa səbəbdən şair dekabr ayının 5-də yox, noyabr ayının 21-də həbs edilir. Onu ilk dəfə elə həbs olunduğu gün, yəni noyabr ayının 21-də, ikinci dəfə isə noyabrın 26-da dindirirlər. 1937-ci ilin mart ayında Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair müəllimi H. Cavid, tələbəsi M. Müşfiq və həmyerlisi V. Xuluflu ilə eyni vaxtda həbs edilib. 1937-ci ilin 5 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında qurtardı. 1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunmuşdur. Həmin əmlak siyahısında Məhəmməd Əmin Rəsulzadənin, Kautskinin, Buxarinin kitabları, H. Zeynallının, V. Xuluflunun bəzi əsərləri, "Türk sözü" qəzeti, özünün "Dalğa" kitabçası, 3 qeyd dəftərçəsi, 15 müxtəlif məktub, Şükriyyə xanımın qızıl bəzəkləri-yeddi qızıl beşliyi, dostlarının şairə bağışladığı iki ədəd suvenir-xəncəri göstərilir. Əhməd Cavadın 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar, şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necə gəldi yazılmış "Göy göl" şeiri saxlanılıb.  1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxundu. 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam etdi və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələdilər. Cavad bəy sizi İZ müsahibə layihəsində xoş gördük, istiqlal şairi Əhməd Cavadın nəticəsi olaraq "İZ" müsahibə layihəsində sizi görməkdən çox məmnunuq.  — İlk olaraq istərdik özünüz haqqında məlumat verəsiniz. Əhməd Cavadın hansı oğlunun varisisiniz, təhsiliniz ? - Əziz qardaşım Ceyhun bəy, mən Əhməd Cavadın böyük oğlu Aydın Axundzadənin nəvəsiyəm. 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakultəsinin bakalavr pilləsini, 2002-ci ildə magistr pilləsini, daha sonra təhsilimi Milli Elmlər Akademiyasının Fəlsəfə, Hüquq və Siyasi Tədqiqatlar İnstitutunun aspiranturasında davam etdirmişəm. — Keçən səfər Şəmkir ziyarətinizdə Əhməd Cavadın doğulduğu Seyfəlini, Şükriyyə xanımın son illərini keçirdiyi Çinarlı qəsəbəsini müəyyən qədər sizinlə gəzə bildik, Şükriyyə xanımın Seyfəlidəki məzarını ziyarət etdik. Sizində uşaqlığınızın bir qismi bu qeyd olunan yerlərdə keçib. Həmin günlərdən yaddaşınızda nələr qalıb ? Acar bəyzadələri Bejanidze ailəsindən olan Şükriyyə xanım öz gözəlliyi, kübarlığı, alicənablığı ilə seçilirmiş. Tanıdığım yaşlı müəllimlərdən biri deyirdi ki, Şükriyyə xanım Seyfəliyə gəlin gələrkən insanlar onun gözəlliyini ifadə etməklə bağlı deyirmişlər ki, sanki qaranlıq otağa işıq saçır. Amma bu qaranlıqlara işıq saçan qadının həyatını sovet hakimiyyəti o qədər zülmlərə düçar etdi ki, onun ağrı-acılarını sözlərlə ifadə etmək olmaz. Bütün çətinliklərə və məhrumiyyətlərə rəğmən o öz möhkəmliyini və məğrurluğunu qoruya bilmişdi. Bu məğrur qadını sizin yaddaşınızda qalanlarla daha dərindən tanımaq istərdik ? Mən dünyaya gəldiyim gündən Şükriyyə xanımla Bakı şəhərinin 5 mərtəbə kimi tanınan ərazisində yerləşən Şahmat Klubunun binasında yaşamışıq və Şükriyyə xanımın tərbiyəsini almışam, uşaqlıqdan Şükriyyə xanımın tövsiyyələrini dinləyirdim, daha sonra Şükriyyə xanım Şəmkirə köçəndən sonra mən hər yay tətilimi və hətta qış tətilimi Şükriyyə nənəmin yanında keçirirdim. Əlbəttə ki, unudulmaz günləri idi, çox gözəl günlər birlikdə yaşamışıq, Şükriyyə xanım ilk olaraq mənə Əhməd Cavadın şeirlərini öyrədirdi və 13 yaşıma qədər Şükriyyə xanımla birgə yaşamışam, onun yanında olmuşam, hər zaman Şəmkirə gələndə nəyin ki, onun məzarını ziyarət edəndə, hətta evimizin yanından keçərkən, həmin o küçədə Şükriyyə nənəmi xatırlayıram. — Cavad Axundzadə - İstiqlal şairinin həqiqi adını varislərdən bu gün siz daşıyırsınız. Bu adı sizə Şükriyyə xanım verib ?  Bildirmək istəyirəm ki, Cavad adını mənə ulu babam Əhməd Cavadın ömür-gün yoldaşı, ağır taleyini bölüşmüş Şükriyyə xanım verib. Mən bu məsuliyyəti hər ikisinin qarşısında hiss edirəm. Həm ulu babam Əhməd Cavadın, həmdə Şükriyyə xanımın. Çalışmışam hər zaman bu adı doğruldum və ən yüksək zirvələrdən səsləndirim. — Şükriyyə xanım sizlərə Əhməd Cavaddan danışardımı ? Şükriyyə xanım mənə Əhməd Cavaddan danışarkən ilk öncə dediyim kimi yaşadığımız Şahmat Klubu adlanan binada, bizim yaşadığımız blokda qonşuların əksəriyyəti repressiya məruz qalanlar idi və Şükriyyə xanım mən balaca uşaq olarkən hər zaman məni özü ilə götürür və həmin o qonşuları ziyarət edirdi, qonşularda onu ziyarət edirdi. Onlar Əhməd Cavaddan, digər repressiya qurbanlarından danışar, o qanlı illəri yada salardılar. Şükriyyə nənə öncə vurğuladığım kimi Əhməd Cavadın adını mənə verdiyinə görə mənə istiliklə yanaşırdı, mənə nəyin ki, Cavad, Cavadım deyirdi.  — Şükriyyə xanım xaraktercə necə qadın idi, insanlarla ünsiyyət qurması, onlara münasibəti bizim üçün maraqlıdır ? Bu sual üçün təşəkkür edirəm Ceyhun bəy. Şükriyyə xanım özündə mərdliyi, sadiqliyi, sınmaz ruhu və sona qədər mübarizliyi əks etdirirdi. Mənim Şükriyyə xanımla bağlı sadaladığım xüsusiyyətlərə görə o mərdliyin, sadiqliyin, mübarizliyin rəmzi idi. Bu gündə rəmz olaraq davam etməkdədir. Şükriyyə xanımın atdığı addımlar, hərəkətlər, onun özünü aparmaq tərzi, mərdliyi hər kəs üçün nümunə olub və olmalıdır. Şükriyyə xanım sevirdi ətrafına qohumları, tanışları, dostları, qonşuları, digər insanları toplamağı. Hamı toplaşardı onun ətrafına. Əslində Şükriyyə xanım elə bizim birliyimizin səbəbi idi. Bilirsiniz ki, o sürgündə idi, sonra sürgündən qayıtdı və hamımızı ətrafına topladı. İlk öncə Şəmkirdə, daha sonra isə Bakıda. Şükriyyə xanım insana xas ən gözəl xüsusiyyətləri özündə əks etdirirdi. Mən onu nəyin ki, çox istədiyim Şükriyyə nənəm kimi xatirələrimdə yaşadıram, həmdə onu dahi şəxsiyyət kimi hər kəsə nümunə tuturam. Mən çox böyük şərəf duyuram ki, ulu babamın adını mərdlik və sadiqlik rəmzi olan Şükriyyə xanım mənə verib.  — Əhməd Cavad Şəmkirdə doğulsada, fikrən, düşüncə olaraq Gəncədə doğulub, orada formalaşıb. Abdulla Sur, Hüseyn Cavid, Mirzə Abbas Abbaszadə kimi dövrün qabaqcıl müəllimlərindən dərs almışdır. Əhməd Cavadın məfkurəvi həyat xəritəsi, mübarizəsi Gəncədən, bu müəllimlərdən aldığı dərslər əsasında başlamışdır. Bütün ömrü boyu onu izləyən babanızın fikri dünyası, hədəfləri, istəkləri nələr idi ?  Mən həmişə demişəm ki, Əhməd Cavad tək şair yox, həmdə döyüşcü olub. O bir əlində qələm, bir əlində silahla mübarizə aparıb. Bildiyiniz kimi Əhməd Cavad Birinci Dünya Müharibəsi dövründə Osmanlı ordusu sıralarında Balkan əməliyyatlarında iştirak edib, hətta yaralanıb. Daha sonra Türk dünyasının birliyi rəmzinə çevrilmiş "Çırpınırdı Qara Dəniz" şeirini yazıb. Əhməd Cavadın hədəfi böyük Turan, böyük və güclü Türk dünyası və ən əsası əlbəttə ki, bizim müstəqilliyimiz idi. Əhməd Cavad son nəfəsinə qədər Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Əhməd Cavadın imkanı var idi Türkiyə getmək üçün. Təklif edirdilər, dəvət edirdilər, amma Əhməd Cavad son gününə kimi Azərbaycanda qaldı. Onun ən böyük arzusu və istəyi o idi ki, Azərbaycan müstəqil olsun. İnşallah ki, Əhməd Cavadın ruhu şaddır.  — Şeirə, şeiriyyata marağınız necədir ? Babanızın ən çox sevdiyiniz şeiri hansıdır ?  - Marağım çoxdur. Milli, vətən mövzulu şeirləri sevirəm. Babamın ən çox sevdiyim şeiri "Göygöl"-dür.  Əhməd Cavadla bağlı ən böyük arzunuz nədir ?  Çox gözəl sualdır. Hətta deyərdim ki, sevdiyim suallardan biridir. İlk öncə Əhməd Cavadın məzarının aşkar edilməsi, onun təntənə ilə dəfn olunması və biz bilək ki, bizim ulu babamızın məzarı haradadır. Biz həmin yeri ziyarət edə bilək. Bu birinci ən böyük arzumdur. İkinci ən böyük arzum budur ki, Bakı şəhərinin mərkəzində Əhməd Cavadın heykəli ucaldılsın.  Bizimlə söhbətləşdiyiniz üçün sizə təşəkkür edirik ! Müsahibəni aldı: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi 

"Seçkilərdə Kamala Xarris qalib gələrsə, Netanyahu Qəzzadakı soyqırımı dayandıracaq...”

“Trampın qalib gələcəyi halda bu münaqişənin miqyası bir qədər də böyüyə bilər. Hətta İordan çayının  Qərb sahilinə, yəni Fələstin muxtariyyəti mövcud olduğu Ramallaha da keçə bilər...” “İsrail baş naziri Benyamin Netanyahunun Qəzzada Fələstin xalqına qarşı apardığı soyqırımı, etnik təmizləmə siyasəti mənə elə gəlir ki, ABŞ-dəki prezident seçkilərindən sonra bitəcək.  Təbii ki, Donald Tramp qalib gəlməzsə... Trampın qalib gələcəyi halda bu münaqişənin miqyası bir qədər də böyüyə bilər. Hətta İordan çayının  Qərb sahilinə, yəni Fələstin muxtariyyəti mövcud olduğu Ramallaha da keçə bilər. Çünki Trampın bu istiqamətdə, Yaxın Şərq istiqamətindəki siyasəti ifrat dərəcədə birqütblüdür”. Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-a açıqlamasında “Sizcə, İsrail baş naziri Benyamin Netanyahunun Qəzzaya, Fələstin xalqına qarşı bir ilə yaxındır apardığı, artıq 40 mindən çox insanın qətliamı ilə müşayiət olunan soyqırımı hansı halda dayana bilər?” sualını cavablandırarkən dilə gətirib. “Yox, əgər seçkilərdə demokratlar, yəni Kamala Xarris qalib gələrsə, Netanyahu nəinki bunu dayandırmağa, hətta hakimiyyətdən getməyə məcbur ola bilər. Amma istənilən halda ABŞ-nin də bu işdə iştirakı olacaqdır. Çünki görünən budur ki, hələ İsraildəki etirazlar Netanyahunun hakimiyyətdən getməsi üçün yetərli deyil”, - deyə davamında analitik bildirib.

Zurabişvili "xarici agentlər" qanununa görə 5 gün əvvəl hökm oxunan aktivisti ƏFV ETDİ

Gürcüstan prezidenti Salome Zurabişvili may ayında Tiflisdə xarici agentlər haqqında qanuna etirazlar zamanı iğtişaşlar törətməkdə təqsirli bilinən 34 yaşlı fəal Giorgi Şanidzeni əfv edib. Sozcu.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Şanidze gecə həbsxanadan çıxıb. Aktivist jurnalistlərə deyib ki, o, siyasi səbəblərə görə məhkum edilib. Şanidze Gürcüstan parlamentinin yaxınlığındakı videokameranı zədələməkdə ittiham olunaraq saxlanılıb. Daha sonra ona başqa ittihamlar da irəli sürülüb. Sentyabrın 16-da məhkəmə Şanidzeni 4 il müddətinə azadlıqdan məhrum edib. Fəal daha əvvəl Rusiyanın genişmiqyaslı işğalından qısa müddət sonra Ukraynaya könüllü kimi getməsi ilə tanınırdı. 2022-ci ilin yayında Qara dənizdə işğaldan azad edilmiş İlan adasında Ukrayna bayrağının qaldırılmasını dronla lentə alan o idi - bu, Rusiya-Ukrayna müharibəsinin əsas simvollarından biridir. Şanidze Kiyev Patriarxlığının Ukrayna Pravoslav Kilsəsinin “Ukraynaya fədakarlığa və məhəbbətə görə” medalı ilə təltif edilib.

Ukraynaya gizli icazə verilir: Rusiya vurulacaq!

Ukrayna yaxın həftələrdə Rusiya ərazisinə raket atmaq üçün gizli icazə ala bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Tayms” mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, Böyük Britaniya və ABŞ icazə verməyə hazırlaşır, lakin onlar bunu yalnız ilk raketlər buraxıldıqdan sonra rəsmi şəkildə elan etmək istəyirlər. Belə ki, mənbələr ABŞ-ın ilk növbədə Ukrayna Prezidenti Vladimir Zelenskinin müharibə planını görmək istədiyini bildirib. Yekun qərar gələn həftə BMT Baş Assambleyasında təsdiqlənə bilər. Qeyd edək ki, Zelenski bir neçə aydır ki, Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etmək üçün icazə istəyir.

Bu rayonlara yağış yağdı

Sentyabrın 21-i saat 9:00-a olan məlumata əsasən bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuzda 6 mm, Ordubadda 5 mm, Göygöl, Sədərək, Şərurda 3 mm, Gədəbəy, Gəncə, Şəki, Göyçay, Qobustan, Tərtər, Bərdə, Yevlax, Astara, Lənkəran, Naftalan, Şəmkir, Daşkəsən, Sabirabad, Cəfərxan, Naxçıvanda 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, Naxçıvan MR-da 22, Aran rayonlarında 28, dağlıq rayonlarda 12 dərəcəyədək isti qeydə alınıb.

Türkiyədə mafiya liderinin 32 adamı saxlanıldı

Türkiyədə Antalya başda olmaqla, ümumilikdə 6 bölgədə keçirilən Quyu-27 əməliyyatı çərçivəsində mafiya lideri Beratcan Gökdəmirin dəstəsinə aid 32 nəfər şübhəli şəxs qismində saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb. Hazırda həbsdə olan B.Gökdəmirin mütəşəkkil cinayət təşkilatına qarşı təşkil edilən əməliyyat nəticəsində 23 ədəd sənədsiz tapança, 2 ədəd sənədsiz tüfəng, müxtəlif miqdarda narkotik vasitə və külli miqdarda pul ələ keçirilib. Cinayətkar təşkilatın üzvlərinin iş adamlarına qarşı hücum, əmlaka ziyan vurma və hədələmə cinayətləri törətdikləri müəyyən edilib.

Türkiyəli məşhur müğənni səhnədə öldü

Tanınmış türkiyəli müğənni Mətin Arolat səhnədə vəfat edib. Sozcu.az xəbər verir ki, 52 yaşındakı ifaçı mahnı oxuyarkən qəfil halı pisləşib. Ona ürək masajı edilsə də, heç bir xeyri olmayıb. İfaçı təcili yardım maşınına mindirilərək xəstəxanaya aparılıb. Xəstəxanada müğənninin vəfat etdiyi açıqlanıb.