Azərbaycanlı iş adamının avtomobili yandırıldı

Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində iş adamı Alazir Rzayevin avtomobili yandırılıb. Sozcu.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın “TV Pirveli” telekanalı məlumat yayıb. Məlumata əsasən, ötən gecə iş adamının həyətində saxladığı maşının üzərinə benzin tökülərək od vurulub. Avtomobil yanaraq, yararsız hala düşüb. A.Rzayev ona qarşı hücumun təşkilində kriminal avtoritet Elmuraz Məmmədovu ittiham edib. Muğanlı sakinlərinin sözlərinə görə, E.Məmmədov artıq iki ildir kənddə reketçiliklə məşğul olur. Onlar iddia edirlər ki, kriminal avtoritetin göstərişləri əsasında sakinlərə hədə-qorxu gəlinir, pul tələb edilir. Faktla bağlı istintaq tədbirləri həyata keçirilir.

"Yelo Bank" Qarabağ qazisinin evini əlindən alır - Foto

“Yelo Bank” evimi əlimdən almaq istəyir. Bank 2008-ci ildə manatla verdiyi krediti indi dollarla tələb edir”. Sozcu.az xəbər verir ki, bu barədə Birinci Qarabağ müharibəsi qazisi, 3-cü qrup əlil Mustafa Hacıbəyli sosial media hesabında paylaşım edib. Qazi bildiirb ki, bir zamanlar “Nikoyl Bank” kimi fəaliyyət göstərən bu bank öz korlanmış reputasiyasından yaxa qurtarmaq üçün 3 dəfə adını dəyişib, amma əməlləri, müştərilərinə soyğunçu münasibəti dəyişməyib: Bankın sahibi rusiyalı oliqarx Vahid Ələkbərov olub. 2022-ci ildə Rusiyanın bir sıra oliqarxları ilə yanaşı, Vahid Ələkbərova qarşı da sanksiyalar tətbiq edildikdən sonra bankın səhmləri Marina Kulişova adlı bir bank işçisinin adına rəsmiləşib. 2005-ci ildən 2017-ci ilə qədər “Nikoil Bank”ın İdarə Heyətinin sədri olmuş Vasili Xamaza bankdan 20 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunub və bu səbəbdən Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. 2018-ci ilin sentyabr ayında o, Moskva şəhərində həbs edilib. 2008-ci ildə yaxın dostum və tələbə yoldaşım Azər Səlimov çətin problemlərlə üzləşmişdi və bu problemləri həll etmək üçün kredit götürməli oldu. O vaxt məndən xahiş etdi ki, onun evinin kupçası olmadığı üçün mənim evimin girov qoyulmasına razılıq verim. “Nikoyl Bank”ın öz təklifi ilə formal ipoteka rəsmiləşdirildi və mən dostumu vəziyyətdən çıxarmaq üçün evimin girov qoyulmasına razılıq verdim”. Mustafa Hacıbəylinin sözlərinə görə, Azər Səlimov bankdan 33 540 manat kredit götürüb, faizlər də daxil olmaqla, ümumilikdə 58 355 manat qaytarıb, ödənilən məbləğ, götürülən məbləğdən 24 815 AZN artıq olsa da, bank saxta cədvəl tərtib edərək yenə 40 min dollar tələb edir: “İpoteka müqaviləsi manatladır. Bankın tərtib etdiyi ödəniş tapşırığı manatladır. Pul manatla verilib. Pul verilərkən yazılan qəbz də manatladır. Amma bank “40 min dollar” deyir. Halbuki ipoteka müqaviləsindən qabaq dollar ilə kredit müqaviləsi imzalansa da, həmin müqavilə icra olunmayıb. O zaman bank məzənnə hansı tərəfə də dəyişsə, bundan bəhrələnmək üçün iki müqavilə tərtib edib. Amma dollar ilə müqavilənin icrasına dair məhkəməyə heç bir sənəd təqdim edə bilməyib. “Yelo bank” bu tələblə Suraxanı Rayon Məhkəməsinə müraciət edib. Suraxanı Rayon Məhkəməsi iş üzrə üç dəfə məhkəmə-mühasibatlıq ekspertizası təyin edib. Ekspertiza rəyləri borcun manatla olduğunu təsdiqləsə də, bank “dirəniş” göstərərək işin yenidən ekspertizaya qaytarılmasına, sonda iddianın təmin edilməsinə nail olub. Müştərilərinin qanına susamış bankın “dirənişi” o qədər güclü olmuşdu ki, hakim Leyla Talıbova apellyasiya şikayətinin verilməsinə məhəl qoymadan mənzilimin açıq hərraca çıxarılması haqda qətnaməni icraya yönəltmişdi. Böyük bir stress yaşadım və vəkilin ərizələrindən sonra hərrac dayandırıldı. Mən Qarabağ qazisi, 3-cü qrup əliləm. Dövlətdən nə ev, nə maşın almışam. Öz halal pulumla 21 il əvvəl aldığım, təmirini hələ də tam başa çatdıra bilmədiyim evi əlimdən almaq istəyirlər. Ona görə hər kəsdən bu məsələdə ictimai dəstək istəyirəm”.

Polis “Neftçi” - “Qarabağ” oyunundan əvvəl 4 nəfəri saxlayıb

Ötən gün paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən “Neftçi”-“Qarabağ” oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib. (apa.az)

Nazirlik əməkdaşı özünü güllələdi - YENİLƏNDİ

Beyləqanda odlu silahdan atəş açaraq intihar edən şəxs barədə bəzi təfərrüatlar məlum olub. M.Bayramov Bakı şəhərində yaşayırmış. O, Beyləqana qardaşının evinə qonaq gəlibmiş. Ailəli olub, iki övladı var. Qeyd edək ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb. *** 16:08 Beyləqanda güllələnmə hadisəsi baş verib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, rayon sakini, 1988-ci il təvəllüdlü Murad Bayramov odlu silahdan atəş açaraq özünü öldürüb. İntihar edən şəxsin Kənd Təsərrüfatı Nazirliyində çalışdığı bildirilir. Fakt araşdırılır.

Azərbaycanda daha bir uşaq qızdırmadan öldü

Azərbaycanda daha bir azyaşlı qızdırma və tənəffüs çatışmazlığından ölüb. Hadisə Saatlı rayonu, Dədə Qorqud kəndində qeydə alınıb. Kənd sakini, 2024-cü il təvəllüdlü Raul Röyal oğlu Gülüşov yaşadığı evdə vəfat edib. İlkin məlumata görə, körpə qızdırma və tənəffüs çatışmazlığından dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır./Lent.az

Zelenski sabah Türkiyəyə gedir

Ukrayna Prezidenti Volodimir Zelenski sabah Türkiyəyə rəsmi səfərə gələcək. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib. Səfər çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü nəzərdə tutulub.

Bu ölkədəki səfirliyimiz 13 ildən sonra bərpa edildi

Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki Səfirliyinin fəaliyyətini bərpa edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, artıq bu məqsədlə Səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb. "Azərbaycan Respublikası beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir. Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması və siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə Səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcəkdir", - məlumatda qeyd olunub.

Azər Qasımov vəzifəsindən azad edildi

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi vəzifəsindən azad olunub. Sozcu.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Britaniya Ukraynaya qoşun yeritməyə hazırdır – Starmer

Böyük Britaniya istənilən sülh sazişinin icrasına nəzarət etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır. Sozcu.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Keyr Starmer deyib. “Bunu düşünməmiş demirəm. Britaniya hərbi personalı üçün potensial təhlükə ilə bağlı çox dərin məsuliyyət hiss edirəm. Ukraynanın təhlükəsizliyinin təmin edilməsində istənilən rol bütün Avropanın təhlükəsizliyini gücləndirməyə kömək edəcək”, - o bildirib. Starmer qeyd edib ki, London Ukraynadakı hərbi münaqişənin həlli prosesində unikal rol oynaya və Avropa ilə ABŞ arasında körpü ola bilər: “Qarşıdakı bu həlledici günlər qitəmizin gələcək təhlükəsizliyini müəyyən edəcək. Sülh güc üzərindən gəlir. Amma bunun əksi də doğrudur. Zəiflik müharibəyə aparır”.

Ailədaxili zorakılıq: Azərbaycanda 58 kişi arvadından kötək yeyib

Ötən il Azərbaycanda 58 kişi gender əsaslı zorakılığa məruz qalıb. Sozcu.az report-a istinadla xəbər verir ki, bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb. 2024-cü ilin yanvar-dekabr aylarında 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib. Onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib: "Bundan başqa, 137 evli, 140 subay, 53 boşanmış şəxsin Dövlət Komitəsinə müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80-i 36-55, 28 nəfəri isə 56+ yaş aralığında olan şəxslərdir".

Müəllim evində ölü tapıldı

Göyçayda qadın evində ölü tapılıb. Sozcu.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə Göyçay şəhəri, H.Əliyev prospektində qeydə alınıb. Həmin ünvanda yaşayan 1960-cı il təvəllüdlü Göyçay şəhər 3 saylı tam orta məktəbdə müəllim işləyən Məhəbbət Əlihüseyn qızı Rəsulovanın meyiti aşkar edilib. M.Rəsulovanın ailə üzvlərinin verdiyi məlumata görə, o, uzun müddətdir oğlu ilə birlikdə həmin ünvanda yaşayıb. Son zamanlar səhhətində problemlər yaranıb.

Gənc ana doğuşdan sonra öldü

Azərbaycanda gənc ana doğuşdan sonra ölüb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə fevralın 15-i Şəkidə qeydə alınıb. Belə ki, Şəki Regional Perinatal Mərkəzində Zunud kənd sakini 1998-ci il təvəllüdlü Nigar Kərəm qızı Qarayeva doğuşdan sonra ölüb. Faktla bağlı araşdırma aparılır.

İsrail NATO-da deyil, ancaq onu qoruyursunuz - Zelenski

Müttəfiqlərindən təhlükəsizlik zəmanəti olaraq, Kiyevin çoxlu sayda raketlərə, güclü orduya, Avropa Birliyinə qoşulmasına və İsrailin əldə etdiyi kimi, müdafiə sazişlərinə ehtiyacı var. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Biz bunun necə işlədiyini həqiqətən bilmirik, lakin İran İsrailə hücum edəndə ABŞ, Fransa, Böyük Britaniya və başqaları İsrail xalqını qorumağa başladılar. İsrail NATO-da deyil. Bu o deməkdir ki, o, ABŞ, Fransa, İngiltərə və digər müttəfiqlərdən xüsusi təhlükəsizlik zəmanətlərinə malikdir. Düşünürəm ki, buna həqiqətən ehtiyacımız var”, - Zelenski bildirib.

Bakıda ağır qəza: ata və azyaşlı qızı öldü - Yenilənib

08:26 Bakıda iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, qəza paytaxtın Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Ramil Saleh oğlu Məmmədov idarə etdiyi “BYD” markalı maşınla hərəkətdə olan zaman “Jeely” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində ölüb. Həyat yoldaşı isə aqonal vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Hazırda qadının vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı araşdırma aparılır. *** Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 16-da saat 23:30 radələrində H.Əliyev prospekti, Bakı Olimpiya İdman kompleksinin yaxınlığından yol-nəqliyyat hadisəsi səbəbilə çağırış daxil olub. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcil tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın cinsli - təxminən 2 yaşında) həkiməqədər ölüm faktı qeydə alınıb. 36 yaşlı şəxs (kişi cinsli) isə Sabunçu Tibb Mərkəzinə təxliyə olunarkən təcili tibbi yardım avtomobilində vəfat edib. Xəsarət alan digər şəxs (qadın cinsli) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Açıq kəllə-beyin travması, başın ağır dərəcəli əziyi, başın təpə nahiyəsinin əzilmiş yarası, burun-qulaq qanaxması, sol bazunun sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib. Hazırda müalicəsi Cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.

Putin bunu etsə, hücuma məruz qalacaq - Rutte

Rusiya Prezidenti Vladimir Putin NATO-nun bir kvadrat kilometrinə belə hücuma cəsarət edə bilməz, çünki ölkəsi dərhal genişmiqyaslı hücuma məruz qalacaq. Sozcu.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte deyib. “Putin hesab edirsə ki, ölkəsi üçün əhəmiyyətsiz risk hesabına NATO-nun bir kvadrat kilometrinə belə hücum edə bilər, yanılır. Bu baş versə, Rusiya NATO-nun güclü zərbəsi ilə üz-üzə qalacaq. Putin bunu bilir”, – Rutte Zelenskinin Rusiyanın NATO üzvlərinə hücumla bağlı kəşfiyyat məlumatları olması barədə açıqlamasını şərh edərkən vurğulayıb. Bununla belə Rutte alyansın 4-5 il ərzində mühüm qərarlar qəbul etməyəcəyi halda ciddi çətinliklərlə üzləşəcəyini bildirib.

Göyçədə ZİL qayalara çırpıldı və aşdı: erməni hərbçilər…

Ermənistanın Göyçə mahalında “Zil 131” markalı yük maşını yolun hərəkət hissəsindən çıxaraq qayalara çırpılıb və aşıb. Sozcu.az Globalinfo.az-a istinadən xəbər verir ki, qəza nəticəsində yük maşınının sürücüsü hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb. Əraziyə yaxınlıqdakı hərbi hissənin yüksək rütbəli və vəzifəli hərbçiləri gəlib. Qeyd edək ki, ölən və yaralanan şəxslərin hərbçi olduğu bildirilir.

Xəzərdə nə baş verir? - Al-qırmızıya boyandı - Foto

Mangistau əyalətinin ekologiya departamentinin mütəxəssisləri Xəzər dənizinin qırmızı rəngə boyanması ilə əlaqədar suda kimyəvi maddələrin və neft məhsullarının mövcudluğunu yoxlayıblar. Sozcu.az xəbər verir ki, analizin nəticələrinə əsasən suyu çirkləndirən maddələr aşkar edilməyib. Mangistau əyalətinin ekologiya departamenti şöbəsinin sədri Kaysar Nadirbekin sözlərinə görə, suya qırmızı və tünd qəhvəyi rəng verən yosunlardır. “Qar yağdığından bu hadisə daha aydın görünüb. Yosunlar dayaz sularda, xüsusən də bizim sahilboyu ərazilərdə bitir. Onların toplandığı yerlərdə isə su rəngini dəyişir. Bu təbii hadisə barədə məlumatlı olsaq da, suyun vəziyyətini yoxlamalıyıq”, - Kaysar Nadirbek bildirib. Qeyd edək ki, Xəzər dənizinin al-qırmızı rəngə boyanması Qazaxıstanın Aktau şəhərinin sakinlərinin diqqətini çəkib./Axar.az

Kurskda rusların texnika kolonu darmadağın edildi

Ukrayna ordusu Kursk vilayətində Rusiyanın 155-ci briqadasının zirehli texnika kolonunu darmadağın edib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Kursk vilayətinin Nikolski qəsəbəsində keçmiş SSRİ bayraqları ilə bəzədilmiş zirehli texnikalara dronlarla zərbələr endirilib. Rusiya hərbi müxbirləri həmin istiqamətə 10-dan çox tankın göndərildiyini bildiriblər.

Goranboyda qayınata gəlinə qumbara atdı

Goranboyda qumbara partlayıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb. Qarasüleymanlı kəndində yaşayan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlu gəlini 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı ilə ailə münaqişəsi zəminində mübahisə edib və ona doğru əl qumbarasını atıb. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirib, vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır. Zakir İsmayılov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

Qəzzada ölənlərin son sayı AÇIQLANDI

Qəzza sektorunda dağıntılar altından daha 25 nəfərin meyiti çıxarılıb. Sozcu.az xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Bununla da Qəzzada ölənlərin sayı 48 264 nəfərə çatıb. Son 48 saatda xəstəxanalara 12 yaralı gətirilib. Bununla da Qəzzada yaralananların sayı 111 688 nəfərə çatıb. Qeyd edilib ki, hələ də dağıntılar altında və yollarda çoxlu sayda zərərçəkmişlər var.Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.

Hazırda bu ərazidə tıxac var - SƏBƏB

Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində, "Çermet" körpüsünün üzərində və Nəsimi rayonu, Alı Mustafayev küçəsi, körpünün üzərində təmir işləri aparılır. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Braziliyada təyyarə qəzası - Ölənlər var

Braziliyanın cənub-şərqində, San-Paulo ştatında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub. Sozcu.az yerli G1 telekanalına istinadən məlumat verir ki, hadisə Kuadra şəhərində baş verib. Səmaya qalxandan bir müddət sonra təyyarə qamışlıq sahəyə düşüb, nəticədə göyərtəsində olan 77 yaşlı kişi və 74 yaşlı qadın həlak olub. Qeyd olunur ki, təyyarə yerli mülki aviasiya xidmətində qeydiyyatda olub, müvafiq yoxlamadan keçib və saz vəziyyətdə olub. Qəzanın səbəbləri araşdırma nəticəsində müəyyən ediləcək.

Rusiyanın ŞOK itkiləri

Ukrayna müharibənin 1089-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 858 390 hərbçi, 10 073 ədəd tank, 21 011 ədəd zirehli döyüş maşını, 23 185 ədəd artilleriya sistemi, 1 283 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1067 hava hücumundan müdafiə sistemi, 370 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 37 456 ədəd avtomobil texnikası, 25 377 ədəd PUA, 3063 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 749 xüsusi avadanlıq itirib.

Ucarda 14 avtomobil toqquşdu: ölü və yaralılar var

10:18 Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ucar rayonu, Qulubənd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Sozcu.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ucar rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 14 ədəd avtomobilin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və vətəndaşlar deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər tərəfindən dörd nəfər xilas edilib, həyatını itirmiş bir nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.