Hələbdən sonra növbəti şəhər... - General

Suriya rejiminin bu qədər tez geri çəkilməsi bizi şoka saldı. Sozcu.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Suriyada müxalif general Əhməd Rahal deyib. O bildirib ki, rejim İranın dəstəyi ilə ayaqda qalır: “Bütün Hələbin Hizbullahın nəzarətində olduğunu bilirik və ümid edirik ki, bu əməliyyatlar genişlənərək Əl-Zəhra bölgəsinə doğru irəliləyəcək. Eyni zamanda, əməliyyatın Tel Rifat bölgəsində davam etməsini istəyirik. Çünki o dəhliz YPG qruplaşmasından xilas olunmalıdır. Fikirləşirik ki, Suriyada Əsəd rejimi və Hizbullahın sürətlə süqutu tez bir zamanda YPG-nin xüsusilə Mənbic və Tel Rifat, eyni zamanda ətraf bölgələrdə sürətlə dağılmasına mütləq təsir edəcək. Bundan sonra Suriyada müxalif qüvvələr rahat nəfəs ala bilər. Eyni zamanda Türkiyədəki miqrantlar da asan şəkildə evlərinə qayıda bilərlər”.

Şirvanda körpənin ölüm səbəbi bilindi - YENİLƏNDİ

10:30 Şirvan Şəhər Mərkəzi Xəstəxanasında uşaq ölümü qeydə alınıb. Sozcu.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib. Sabirabad rayonunun Qaragüney kəndində doğulmuş 2 yaşlı uşaq ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. ***** Şirvan Şəhər Mərkəzi Xəstəxanasında vəfat edən 2 yaşlı uşağın ölüm səbəbi açıqlanıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, noyabrın 29-da Sabirabad rayonu, Qarağac kənd sakini 2022-ci il təvəllüdlü uşaq ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib. "Ona dəqiqləşdirilməmiş pnevmoniya, tənəffüs çatışmazlığı, qıcolma diaqnozu təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb", - məlumatda qeyd olunub.

Naxçıvandan Bakıya gedən avtobus qəzaya düşdü - Foto

Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda qəzaya uğrayıb. Sozcu.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Biləsuvar rayon ərazisində baş verib. Naxçıvandan Bakıya gedən avtobus "Kamaz"la toqquşub. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bakıda ağır qəza: ölən var

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Sozcu.az xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu X. Ələkbərov küçəsində qeydə alınıb. Tural Mahmudzadə idarə etdiyi "Ford Transit" markalı avtomobillə 1966-cı il təvəllüdlü Məmməd Səmədovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

BŞİH-də müşavirə: Ərazinizi qardan özünüz təmizləyin!

Paytaxtda qarlı havalara hazırlığın vəziyyəti ilə bağlı Yasamal, Nərimanov və Xəzər rayonlarında müşavirələr keçirilib. Bu barədə Sozcu.az-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib. Qeyd edilib ki, rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı yaradılan qərargahlar, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri qarlı günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalıdırlar. Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət, inventarın (bel, kürək, ling və s.) toplanması, duz ehtiyatı yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal qurumların texnikası ilə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb. Həmçinin rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə çağırış edilib.

Bəzi dərman vasitələri PULSUZ OLACAQ? - AÇIQLAMA

Həkimin ambulator müalicə üçün yazdığı reseptləri, daha dəqiq desək ürək-damar xəstəliyi, həzm və tənəffüs sistemi xəstəliklərinin dərman vasitələrini vətəndaşlar apteklərdən ödənişsiz alacaq. Bütün xərcləri isə İcbari Tibbi Sığorta qarşılayacaq. Sozcu.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova mövzu ilə bağlı İTV-yə danışıb. O bildirib ki, vətəndaşlar ixtisaslı həkim tərəfindən yazılan elektron resept əsasında agentliklə müqavilə imzalanan özəl apteklərə yaxınlaşaraq dərmanlarını əldə edə biləcəklər: “Dərmanların tarifləri, qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir. Eyni təsiredici maddə tərkibli, eyni dozada olan dərman vasitələri apteklərdə müxtəlif qiymətlərə satıla bilər. Xidmətlər zərfində təsiredici maddələri də qeyd olunmaqla hər bir dərman vasitəsinin adı qeyd olunacaq və qarşısında şərti kompensasiya məbləği,yəni sığorta tərəfindən ödənilən məbləğ qeyd olunacaq”. Qeyd edək ki, vətəndaş sığortanın tam qarşılamadığı dərmanı almaq istəsə, sığortanın ödədiyi məbləğlə aptekdəki qiymət arasında müəyyən fərq yaranacaq ki, bu zaman seçim vətəndaşa qalacaq. Aradakı fərqi ödəməklə sığorta hesabına dərmanı əldə etmək olar. Bu imkandan növbəti ildən yararlanmaq mümkündür.

5 ildən bir sertifikasiyadan keçən ESTETİK CƏRRAHLAR necə yoxlanılır?

Son günlər plastik cərrahiyyə, onun yaratdığı fəsadlar cəmiyyətin müzakirə mövzusudur. Əsasən, qadınların üz tutduğu bu cür əməliyyatlar həmişə uğurlu alınmır. Bunun səbəblərindən biri isə cərrahların, həkimlərin qeyri-peşəkarlığıdır. Sosial şəbəkələrdə onlarla uğursuz plastik cərrahiyyə qurbanına rast gəlirik. Onlar ya yenidən daha doğru əməliyyat olunmalarını tələb edir, ya da ödənişlərini geri istəyirlər. Bəziləri isə fakt və sənədlərlə məhkəmələrə üz tuturlar. Mətbuatda yayılan məlumatlara görə, bu cür əməliyyatlardan vəfat edənlər də var. Həmçinin, iddia olunur ki, ölkəmizdə plastik əməliyyat icra edən bir neçə həkim saxta diplomla işləyir. İş o yerə çatıb ki, Milli Məclisdə belə bu mövzuya toxunulub. Deputat Səyyad Salahlı diplomsuz işləyən plastik cərrahlarla bağlı müvafiq qurumlara, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət edib, məsələni diqqətdə saxlamalarını istəyib. Ümumiyyətlə, "diplomsuz həkimlər" ifadəsini yaradan səbəblər hansıdır? Həkimlərin diplomları necə yoxlanılır? Estetik cərrah işləmək üçün hansı ixtisası bitirmək lazımdır və icazə prosesi necədir? Sozcu.az Bizim.media-ya istinadla xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, plastik cərrahiyyə ixtisası ilə məşğul olmaq hüququnu ali təhsilli həkim-plastik cərrahlar əldə edirlər: "Artıq 2011-ci ildən Azərbaycan Tibb Universitetində və Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Plastik cərrahiyyə ixtisası üzrə rezidentura çərçivəsində həkim kadrların hazırlığına başlanılıb. Müvafiq qanuna əsasən, rezidenturada plastik cərrahiyyə ixtisası üzrə təhsilin müddəti beş il müəyyən edilib. Xaricdə təhsil alan və plastik cərrahiyyə üzrə rezidenturanı bitirən həkimlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, öncə Elm və Təhsil Nazirliyində diplomun akademik ekvivalentliyi və Səhiyyə Nazirliyində peşə ekvivalentliyi təsdiq edildikdə praktik cərrahiyə üzrə peşə fəaliyyətlərini davam edə bilərlər. Həmçinin, bu ali təhsilə malik mütəxəssislər praktik tibb fəaliyyəti ilə məşğul olduqlarından beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər". Məlumatda qeyd olunub ki, plastik cərrahların çalışdığı müəssisələrdə müvafiq yoxlamalar aparılır: "Plastik cərrahiyyə üzrə tibb xidməti "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"na (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı) daxil edildiyi üçün bu istiqamətdə fəaliyyət göstərən müəssisələr müvafiq lisenziyaya sahib olmalıdırlar. Plastik cərrahların çalışdığı müəssisələrdə tibbi xidmətin göstərilməsinə nəzarət Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən plan üzrə yoxlamalar, həmçinin daxil olan şikayət və təqdimatlar əsasında digər qurumlarla birlikdə plandankənar yoxlamalar şəklində aparılır. Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Belə ki, təkcə 2023-cü il ərzində aparılan planlı və plandankənar yoxlamalar əsasında müxtəlif müəssisələrdə 22 inzibati cərimə tətbiq olunub. Cari ilin 10 ayı ərzində yoxlamalar zamanı 15 qayda pozuntusu aşkar olunub və bu barədə inzibati tənbeh tədbirləri görülüb". Qurumdan bildirilib ki, pasiyentlərin həkimin sertifikatını tələb etmək hüququ var: "Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən istənilən klinikada çalışan həkim və tibb personalının sənədləri planlı və plandankənar monitorinqlər zamanı yoxlanılır. Əgər planlı yoxlama zamanı hansısa neqativ hal aşkarlanarsa, müvafiq inzibati tədbirlər görülür. Bundan əlavə, hər bir pasiyentin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Əgər həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş AEM-in "bir pəncərə" sistemi, "qaynar xətti" (012) 596-05-20), [email protected] elektron ünvanı və ya pharma.az saytının MÜRACİƏT bölməsi vasitəsi ilə bizə müraciət edə bilər. Bu halda araşdırılma aparılır və lazım gələrsə, plandankənar yoxlama aparılması barədə qərar qəbul edilir".

Kəskin soyuqlar gəlir: Dekabrda Azərbaycanda hava necə olacaq?

Bu il dekabr ayında havanın orta aylıq temperaturun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Dekabr ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3-8 dərəcə isti, gündüzlər 8-12 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-34 mm). Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 0-3 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7 dərəcə şaxta, dağlıq ərazilərdə 9-11 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm). Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 4-8 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm). Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 8-13 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm). Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 1-4 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm). Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüzlər 5-10 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-48 mm). Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu gecə 2-7 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 3 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 19-32 mm) gözlənilir. Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədək şaxta, dağlarda 4-9 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).

Qrafiklə su verilişi nə vaxt bitəcək? - AÇIQLAMA

Uzun illərdir ki, Bakının bəzi ərazilərində, xüsusən də köhnə tikili binalara içməli su fasilələrlə verilir. Paytaxtın əksər rayonlarında axşam saat  9-10-dan sonra su olmur və səhər 07-07:30-da su verilişi bərpa edilir. Odur ki, bir çoxu mənzillərdə hidrofor və digər cihazlardan istifadə etməklə, problemi qismən aradan qaldırmağa çalışır. Yeganə çıxış yolu isə su çənlərindən istifadədir. Paytaxtda suyun fasilələrlə verilməsi nə ilə bağlıdır? Önümüzdəki illərdə bu problemin aradan qaldırılması ehtimalı varmı? Mövzu ilə bağlı "Yeni Sabah"a danışan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin Vətəndaş müracitlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Musaoğlu bildirib ki, hazırda ölkənin su ehtiyatlarına uyğun şəkildə işlər görülməkdədir: “Suyun fasilələrlə verilməsi qrafikə uyğun həyata keçirilir. Sukanal idarələri suyun verilməsini qrafik üzrə tənzimləyirlər. Bununla bağlı ölkənin su ehtiyatlarına uyğun şəkildə işlər icra olunur”.

Zurabişvili Avropadan kömək istədi

Gürcüstandakı vəziyyətlə bağlı Avropa paytaxtlarından sərt reaksiya gözləyirəm. Sozcu.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili sosial şəbəkələrdə yazıb. “Səhər saat 6:30-a olan məlumata görə, Tiflisin mərkəzində etiraz və repressiyalar hələ də davam edir. Hədəflər jurnalistlər və siyasi liderlərdir”, - o bildirib. Qeyd edək ki, ötən gün Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və qrantlardan imtina etdiyini bildirib. Bunun ardınca müxalifət Tiflisdə geniş aksiyalara başlayıb. Aksiyaya Prezident Zurabişvili də qatılıb və ölkədə konstitusion çevriliş baş verdiyini iddia edib.

1010-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1010-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 738 660 hərbçi, 9 458 ədəd tank, 19 339 ədəd zirehli döyüş maşını, 20 886 ədəd artilleriya sistemi, 1 255 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1006 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 272 ədəd avtomobil texnikası, 19 750 ədəd PUA, 2 851 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 700 xüsusi avadanlıq itirib.

Sumqayıtda pəncərədən yıxılan şəxs xəstəxanada öldü

Sumqayıtda 5 gün əvvəl pəncərədən yıxılan 29 yaşlı şəxs xəstəxanada ölüb. Sozcu.az xəbər verir ki, 1995-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Kənan Hüseynli bədbəxt hadisədən sonra şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılmışdı. Faktla bağlı araşdırma aparılır.

51 yaşlı müəllim sirkə içərək intihar etdi

Sədərək rayonunda 51 yaşlı müəllim sirkə içərək intihar edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sədərək kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Həsənov Yusif Rahim oğlu yaşadığı evdə sirkə içərək intihar edib. Faktla bağlı Sədərək rayon Prokurorluğunda araşdırma aparılır.

Niderland Ukraynaya “Patriot” silahı verdi

Niderlandın müdafiə naziri Ruben Brekelmans ölkəsinin Ukraynaya “Patriot” zenit-raket sistemləri tədarük etdiyini bildirib. Sozcu.az-ın məlumatına görə, bu barədə BBC-nin məlumatında qeyd edilib. “Hava reydləri davam etdiyi üçün ukraynalıları sərt qış gözləyir. Buna görə də biz onları üç “Patriot” buraxıcısı ilə təmin etdik”, - Brekelmans bildirib.

Tiflisdə gərginlik artır: Zurabişvili aksiyaya qoşuldu - Canlı

Tiflisin Rustaveli prospektində, Gürcüstan parlamentinin binası yaxınlığında etiraz aksiyası davam edir. Sozcu.az xəbər verir ki, aksiyaya minlərlə şəxsin qatıldığı məlum olub. Mitinq iştirakçıları Gürcü Arzusunun bugünkü – AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir və hökumətin nəhayət, ölkənin Avropa kursundan əl çəkdiyini bildirirlər. Onların fikrincə, Gürcüstanın Avropa seçimi xilas edilməlidir. Gürcüstan mətbuatı aksiyaya Gürcüstan Prezidenti Salome Zurabişvilinin də qoşulduğunu yazıb. Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb. Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə Gürcü Arzusunun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb.

Zurabişvilidən şok çağırış: Qanuni şəxs mənəm, etiraza qalxın!

Bu gün bu ölkədə yeganə qanuni institut mənəm, bu ölkənin yeganə qanuni nümayəndəsiyəm, cəmiyyətimiz adından dünyaya danışmaq hüququna malik olan yeganə insanam. Mən bunu edəcəm və sona qədər burada, sizin və ictimaiyyətin yanında olacağam. Sozcu.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili xalqa təcili müraciətində deyib. Gürcüstan prezidenti “divandan qalxmağa və təslim olmamağa” çağırıb: “Televizor qarşısında oturanlara, ona baxmayanlara müraciət edirəm: ümidinizi itirməyin, heç kimə cəsarət edib bugünkü etirazı öldürməyə imkan verməyin. Dözümsüzlük, itaətsizlik və müqavimət - siz sona qədər sadiq olduğunuz kimi mən də buna sona qədər sadiq olacağam”. Zurabişvili ayrıca polis, ordu, AB ölkələrinin səfirləri və Gürcüstan diplomatik korpusuna da müraciət edib. Qeyd edək ki, bu gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin AB-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını və Avropanın qrantlarından imtina etdiyini açıqlayıb. Bu xəbərin ardınca Zurabişvili AB-nin Gürcüstandakı diplomatik nümayəndəlikləri ilə təcili görüş keçirib. Müxalifət isə Gürcü Arzusunun baş ofisinin və parlament binasının önündə aksiyaya başlayıb.

Qar yağacaq, leysan olacaq - XƏBƏRDARLIQ

Noyabrın 29-u günün birinci yarısında Quba-Qusar zonasında, 30-da isə Lənkəran-Astara zonasının bəzi yerlərində arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Sozcu.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeronda müşahidə olunan hava şəraiti açıqlandı

28 noyabr tarixində səhər saatlarından etibarən Bakıda və Abşeron yarımadasında fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi ərazilərində yağıntılar leysan xarakterli və qısamüddətlidir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə payız fəslində yağıntılar adətən laylı-yağış buludlarından düşür və bu buludların üfüqi ölçüsü böyük olduğu üçün daha geniş ərazini əhatə edir. Lakin topa-yağış buludları da müşahidə edilir ki, bu zaman buludların üfüqi ölçüləri kiçik olduğundan daha məhdud ərazini əhatə edən lokal xarakterli yağıntılar yaranır. Son günlər Bakıda və Abşeron yarımadasında fasilələrlə müşahidə olunan yağıntılar da lokal xarakterlidir. “Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi noyabrın 28-də Bakı və Abşeron yarımadasının bəzi ərazilərində fasilələrlə qısamüddətli, bəzi ərazilərində isə arabir leysan xarakterli yağış müşahidə olunub. Hazırda saat 16:00-a olan məlumata əsasən Bakıda və Abşeron yarımadasında arabir yağıntılı hava şəraiti müşahidə olunur. Günorta saatlarında qısa müddətə fasilə olsa da, hazırda yağıntılar davam edir və bəzi ərazilərdə leysan xarakterlidir”.

Sülhə güclə nail olacağıq - Trampın xüsusi elçisi

Donald Tramp administrasiyasında Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə namizəd olan Keyt Kelloq ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın sözlərini təkrarlayaraq “sülhü güc vasitəsilə” təmin edəcəyinə söz verib. Sozcu.az xəbər verir ki, Kelloq bu barədə "X"-də bildirib. "Mən Prezident Donald Trampın Ukrayna və Rusiya üzrə köməkçisi və xüsusi elçisi kimi xidmət etməkdən şərəf duyuram. Prezident Trampla işləməkdən xoşbəxtəm Güc vasitəsilə sülhü təmin etmək və Amerikanın maraqlarını inkişaf etdirmək üçün yorulmadan çalışmağı səbirsizliklə gözləyirəm", - deyə o yazıb. Respublikaçılar komandasının sözçüsü Kerolayn Livitt daha əvvəl bildirmişdi ki, Tramp Ağ Evə qayıtdıqdan sonra “sülhü güc vasitəsilə sülhü bərpa edəcək”. 1981-1989-cu illərdə ABŞ lideri olan Reyqan xarici siyasət prioritetlərini təsvir etmək üçün “güc vasitəsilə sülh” anlayışından istifadə edib. Siyasətçi iddia edirdi ki, “güc balansı illüziyadır, sülhü güc vasitəsilə axtarmaq lazımdır".

Xəzərdə zəlzələ oldu

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Xəzər dənizində 3.6 maqnitudalı zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. SUPER40 endirim kodu - Sən sifariş edənə qədər bəlkə də bu məhsullar tükənəcək! Yeraltı təkanlar 21 km dərinlikdə, yerli vaxtla 16:31-də qeydə alınıb.

“Sənədsiz həyət evlərinə amnistiya verilməsi gözlənilir”

2024-cü ilin ilk 2 rübündə torpaq sahələri və həyət evlərinə olan maraq kəskin sürətdə azalıb. Çıxarışı olmayan torpaqlarda tikilən əmlaka kommunal xətlərin çəkilməsi ilə bağlı tətbiq olunan qadağa və fərdi yaşayış evlərinin bəzilərində tətbiq edilən söküntü alıcıları baha da olsa, çıxarışlı əmlaklar almağa sövq edib.  Bu tendensiya növbəti ildə də davam edəcəkmi?  Mövzu ilə bağlı "Yeni Sabah"a danışan əmlak ekspert Anar Nəsirov bildirib ki, sənədsiz əmlakla bağlı nəzərdə tutulan onlayn portal fəaliyyətə başlasa, sözügedən vəziyyət dəyişə bilər: “Həyət evlərinin və torpağın qiymətlərinə təsir edən keçən ildən qüvvəyə minən qanun olub. Artıq alıcıların sənədsiz torpaqlara marağı xeyli azalıb. Çıxarışı olmayan həyət evləri və torpaqların qiyməti olduqca ucuzlaşıb. Lakin əksinə, çıxarışlı əmlakın dəyərində bahalaşma özünü göstərir.  Əvvəlki tələb o zaman artar ki, həyət evlərinin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulan onlayn platforma istifadəyə verilsin və sənədləşdirməyə başlanılsın. Yaxın vaxtlarda sənədsiz həyət evlərinə amnistiya verilməsi gözləniləndir. Düşünürəm ki, bundan sonra vətəndaşlar daha çox torpağa üstünlük verəcəklər”.  Ekspert qeyd edib ki, hazırda alıcıların bir çoxu məcburən mənzil almalı olurlar: “Bazarda əmlak qiymətləri od tutub yanır. Bu da o deməkdir ki, insanlar daha çox sənədli evlərə üstünlük verir. Vətəndaş bilsə ki, 2-3 sot sənədli torpaq alıb sonra isə yavaş-yavaş onu tikə biləcək, torpaq almağa daha çox üstünlük verər. İnsanlar çarəsizlikdən mənzil alır. Alıcıların 90-95 faizi məcburdur bina evlərinə üstünlük versin. Əgər sənədsiz həyət evlərinin qeydiyyata alınması prosesi başlansa və torpaqlara da çıxarış verilsə, alıcıların ən az 60 faizi torpaq sahələrinə yönələcək”.

Suraxanıda 13 yaşlı oğlan itkin düşdü

Bakı şəhəri Suraxanı rayonunda 13 yaşlı oğlan itkin düşüb. Sozcu.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Kənan Ataşov yaşadığı evdən çıxaraq geri dönməyib. Faktla bağlı Sabunçu RPŞ-də araşdırılma aparılır.

Tovuzda həlak olan hərbçilərimiz bu rayonlardandır

Dünən axşam saatlarında Bakı-Qazax magistral yolunun Tovuzdan keçən hissəsində baş vermiş ağır qəzada həlak olan hərbçilər bu gün dəfn ediləcək. Sozcu.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan Ordusunun baş giziri Qurbanov Ruslan Əhliman oğlu Ağstafanın Aşağı Göyçəli, Alıyev Qabil Qaybalı oğlu Qazaxın Alpout, Əhmədov Qələndər Mail oğlu Ağstafanın Kolxəlfəli, Mehdiyev Turan Cavad oğlu Qazaxın Dəmirçilər kəndində dəfn olunacaq. Əliyev Bəhlul Aydın oğlu isə Qazax şəhərində torpağa tapşırılacaq. Bildirilir ki, qəzada həlak olan hərbçilər Kəlbəcərdə xidmət edirmiş. Onlar xidmət etdikləri yerdən yaşadıqları rayona qayıdarkən dəhşətli hadisə baş verib. Qeyd edək ki, “Mercedes” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində 6 nəfər həyatını itirib. “VAZ”da olan 5 hərbçinin hamısı, digər avtomobildə olan mülki şəxs Elmar Həsənov hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 13 yaşlı Z.Həsənov isə ağır bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

1009-cu gün: Rusiyanın itkiləri yeniləndi

Ukrayna müharibənin 1009-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 736 630 hərbçi, 9 450 ədəd tank, 19 306 ədəd zirehli döyüş maşını, 20 852 ədəd artilleriya sistemi, 1 255 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1004 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 329 ədəd helikopter, 30 186 ədəd avtomobil texnikası, 19 661 ədəd PUA, 2 765 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 697 xüsusi avadanlıq itirib.