"Əgər Rusiya bizim hamımızı məhv edərsə, Putin NATO ölkələrinin birinə hücum edəcək və siz öz övladlarınızı müharibəyə göndərməli olacaqsınız..."
"Siz iradənizi, güclü mövqeyinizi və öz demokratiyanızı itirməməlisiniz..."
Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı törətdiyi tammiqyaslı müharibə ən yaxşı ukraynalıları, ən yaxşı qəhrəmanlarımızı, ən yaxşı kişilərimizi, qadınlarımızı, uşaqlarımızı əlimizdən alır.
Sozcu.az xəbər verir ki, bu barədə o, "NBC News" telekanalına müsahibəsində deyib.
"Biz öz azadlığımızı bu yaramaz və lənətə gəlmiş (Zelenski ingiliscə söyüş mənasını verən "fucking" ifadəsini işlədib) terrorçuya verən deyilik (Rusiya prezidenti Vladimir Putin nəzərdə tutulur). Vəssalam! Biz məhz buna görə döyüşürük", - dövlət başçısı deyib.
Zelenski qeyd edib ki, onun "gücü və enerjisi çoxdur" və o, "özünü çox güclü hiss edir".
"Amma bu o demək deyil ki, biz ömrü boyu döyüşməliyik, çünki bunun bədəli çox yüksəkdir", - prezident əlavə edib.
Zelenski öz müsahibəsində həmçinin ABŞ-ın Ukraynaya hərbi yardımı ilə bağlı kəskin fikirlər söyləyib.
O, ABŞ Konqresinə "iradəsini, güclü mövqeyini və öz demokratiyasını itirməməyə" çağırış edib.
Prezident Zelenski ABŞ Konqresinə Ukraynaya hərbi yardımı saxlamağa çağırış edərək müvafiq qərarın qəbul edilməsini əngəlləyən qanunvericilərə bəyan edib ki, bunun alternativi Rusiyanın NATO ölkələrinin birinə hücumu olacaq, bu da Amerika əsgərlərinin cəlb edilməsilə nəticələnəcək.
"Əgər Rusiya bizim hamımızı öldürərsə, o, NATO ölkələrinə hücum edəcək və siz öz oğul və qızlarınızı müharibəyə göndərməli olacaqsınız. Bağışlayın, amma bunun bədəli yüksək olacaq", - Zelenski bəyan edib.
Ukrayna lideri Konqresə "iradəsini, güclü mövqeyini və öz demokratiyasını itirməməyə" çağırış edib.
O, Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi üzrə səylərinin dalana dirənməsi barədə iddiaları təkzib edib.
Zelenski istənilən sülh danışıqlarının Rusiya qoşunlarının çıxarılmasını tələb etdiyi barədə öz möhkəm mövqeyini təsdiq edib.
"Bəli, insanlar yorulub. Lakin bütövlükdə bizim insanlarımız ilk günlərdə olduğu kimi müdafiə olunmağa hazırdır", - o, bəyan edib.
Zelenski qeyd edib ki, Ukraynaya hərbi yardımın göstərilməsi Vaşinqtonda skeptisizm dalğası ilə üzləşib və respublikaçı qanunvericilər arasında ixtilaflar törədib.
ABŞ-dan Ukaynaya hərbi yardım - bəlli olanlar
Xatırladaq ki, Ağ evin mətbuat katibi Karin Jan-Pyer bəyan edib ki, Pentaqon Ukraynaya hərbi yardım paketinin həcmini azaltmağa məcburdur, çünki əvvəllər ayrılan pullar tükənməkdədir, Konqres isə indiyədək yeni çoxmilyardlı yardım proqramını qəbul edə bilməyib.
O, qeyd edib ki, ABŞ Konqresində Kiyevin müdafiə ehtiyaclarının bundan sonra da maliyyələşdirilməsi ilə bağlı dalan vəziyyətinə görə ABŞ Ukraynaya hərbi yardım paketini daha az həcmdə göndərməyə başlayıb.